www.aliildirimoglu.az

FELYETONLAR

AH, BU RƏİSLƏR, RƏİSLƏR!

Fikir məni götürmüşdü. Bilmirdim haradan başlayım. Nədən yazım və necə yazım? Əlbəttə, gərək dövrün nəbzini tutasan, qələmə aldığın mövzu günün tələbləri ilə səsləşə. Bu barədə xəyala dalmışdım, küçə boyu asta-asta var-gəl edirdim. Şəhər rabitə idarəsinin qarşısından keçəndə gördüm yola bir zərf düşüb. Əvvəlcə buna əhəmiyyət vermədim və ötüb keçmək istədim. Ancaq qərarımı dəyişdim. Öz-özümə düşündüm ki, zərfi gö­türüm və yaxınlıqdakı poçt qutularının birinə salım. Bunun özü də bir xeyirxah işdi. İtən zərf sahibinə çatar. Bəli, əyilib zərfi götürdüm. Zərfin üzərində heç bir ünvan və ya indeks nömrəsi yazılmamışdı. - Eybi yoxdur, - dedim. - Açıb məktubu oxuyum, bəlkə sahibi bəlli oldu. Belə də etdim…

Müəllifin dəst-xəttindən xoşum gəldi. Hərflər sətirlərə muncuq kimi düzülmüşdü. İnsafla danışsaq, imla, inşa səhvi görmədim. Nöqtə, vergül, nida, sual işarələri yerbəyerində idi. Məktuba belə bir başlıq da qoyulmuşdu: Ah! Bu rəislər, rəislər!..

Marağım daha da artdı. Başladım məktubu diqqətlə oxumağa:

- Hörmətli redaksiya! Gənc jurnalistəm. Yaradıcılıq yoluna yenicə qədəm qoymuşam. Özüm də rayon mər­kəzində yaşayıram. Yazıb-yaratmağa böyük həvəsim var. Vəziyyəti olduğu kimi qələmə alıram. Əgər yazımın əyər-əskiyi olsa, üzürlü hesab edin. Qəzetinizi oxuyanda gördüm ki, salxımlar şirələnib, üzüm yığımına başlanıb, bağlarda qızğın iş gedir. Mən də dəftər-qələmimi götürüb, özümü verdim üzümçülərin yanına. Əvvəlcə "Bakı fəhləsi" sovxozundan başladım. Tənəklərdən sal­lanan ağlı-qaralı salxımlara baxanda qəlbim riqqətə gəldi. - Yetişdirənlərin əlləri var olsun, - dedim. Müba­liğəsiz desəm, məftillər üzümün ağırlığına tab gətir­mirdi, dəmir ayaqlar yanı üstə əyilmişdi. Bir neçə gilə­sini qoparıb ağzıma qoydum. Şirəsi barmaqlarımı bir-birinə yapışdırdı. Bağbanlar dedi ki, bu salxımlar çoxdan dərilməli idi, di gəl ki… Vəcdə gəlib cib dəftərçəmi çıxartdım, əlimə qələm aldım və yazdım:

- Məhsul yetişib, yığım gecikir…

Briqadir Hüseynalı ilk cümləmə gözucu nəzər sa­landa, mis çöhrəsinə acı bir təbəssüm qondu və istehza ilə gülümsünərək:

- Bacıoğlu, üzüm bir ovuc qovurğa deyil, cibimə yığam, - dedi. - Təkcə bizim briqadanın planı min tondur. Amma çox verəcəyik. Tutaq ki, bir belə məhsulu yığdıq, bəs hara təhvil verək, hara?!

- Necə yəni hara, məntəqəyə.

Briqadir kinayə ilə:

- Bacıoğlu, - dedi. - Deyəsən, dünyadan xəbərin yoxdur. Bu il rayonumuzda üzüm aşıb-daşır. Ancaq mən­təqələr hələ qəbula hazır deyil, bildin?!

Briqadiri dilə tutub səbəbini öyrənmək istədim. Dedi, get trestdən soruş. Düz sözə nə demək olar. Yüz dərənin başını bir tap kəsər. Mən də yollandım rayonun üzümçülük-şərabçılıq trestinə. Əvvəl rəisin kabinetini açmağa cəsarət etmədim. Əlbəttə, ağzında "rəis" deyirsən. Düşündüm ki, belə bir ağır məqamda Qasım Qazıyevin qanı qara olar və hövsələsinin tünd vaxtı məni yaxşı qarşılamaz. Xeyli gözlədim. Ölçüb-biçdim, götür-qoy etdim. Nəhayət, cəsarətimi səfərbərliyə alıb diz­lə­rim titrəyə-titrəyə, qapını ehmalca açdım. Gözlədiyimin əksini gördüm. Trestin rəisi Qasım Qazıyev altında yumşaq kreslo, qabağında limonlu çay, konfet, mü­rəbbə… Yaşıl, göy, qırmızı telefonlar da ki bildirçin kimi cəh-cəh vurur. Rəis də dəstəyin birini götürüb, birini qoyur. Kefi kök, damağı çağ. Gözlərimə inanmadım. Briqadirin dərdinə bax, rəisin kefinə. Onunla birtəhər dil tapdım. Sorğu-suala başladıq:

- Hə, - dedi, - bizim bu trestə nə qədər tərif desən, ya­ra­şar. Çünki buna layiqik. Yeddi min ton planımızdır, on min ton öhdəliyimiz. Amma iyirmi min tona söz yoxdur.

- Bəs qəbula hazırlıq, məntəqələr?

Rəis armudu stəkandakı pürrəng çaydan bir qurtum içib, sakit-sakit:

- Qəliz sual verirsən. Bu məsələ bir qədər müşküldür, - dedi. - İnşaatçıların üzü qara olsun. Tikilməkdə olan dörd qəbul məntəqəsinin heç birində quraşdırma işləri tamam-kamal başa çatmayıb, - Qasım Qazıyev çiyin­lə­rini çəkib, əlavə etdi: - Burada trestin nə günahı?

Öz-özümə güldüm… Ancaq sözü uzadıb, məsələni ağartmadım. Çünki necə deyərlər, pir mənimdir, kəra­mətinə bələdəm. Rəisi uzaqdan da olsa tanıyıram. Özü də yarıtmaz, bivec bir işçi kimi. Amma bəli, baş üstə demək­də ona çatan olmaz. Rəisin təbirincə, bu, hər han­sı vəziyyətdən çıxmaq üçün ən yaxşı yoldur. Görünür, elə bu xasiyyətinə görə də…

Əlqərəz, tikinti, mexanizm, transportyor, məntəqə, qəbul məsələlərində trest yaxasını çəkib durur kənarda, nöqsanları da yoğurub-yapır Qədimin üstünə. Burada Qədimin familiyasını və iş yerini yazmasan da olar. Onsuz da rayonda məşhurdur. Özü də kef əhli kimi. Bir vaxt ona kommunxoz Qədim deyirdilər. Kommunxozu quyunun dibinə saldığı üçün bu ləqəbi də üstündən götürdülər. Son bir neçə il ərzində yeddi tikinti idarəsi dəyişib, hamısını da öz ərizəsinə görə. Onun əməlləri qüsurlu olsa da, əmək kitabçası tərtəmizdir. Odur ki, rəislikdən aşağı enmir. İndi də vəziyyəti pis deyil. Əlbəttə, onun şəxsi kefini deyirəm. Başçılıq etdiyi tikinti idarəsinə gəldikdə, gərək dəsmal götürüb ağlayasan. Plan dolmur, iş irəliləmir. Mən də elə qələmimi tuşlayıb qoydum, bax, bu faktın üstünə. Soruşdum ki, ay yoldaş Qədim Qədimov, gücün çatmayan daşdan niyə yapışırsan? Nə üçün qəbul məntəqələrinin tikintisini bu vəziyyətə salıb, üzümçülərin gözünü yolda, qəlbini intizarda qoymusan?! Mexanizmlər səliqə-sahmanda deyil, transportyorlar bərbad haldadır. Üzüm çənləri yerinə qoyulmayıb. Bu qərəzdir, yoxsa mərəz?!

Qədim Qədimov da bu müşkül məsələdə özünü doğruluğa çıxartmaq üçün əl atıb tutur Bakıdakı sovxoz-şərab tikinti trestinin rəisi Ağa Ağazadənin, Gəncədəki mexanikləşdirilmiş dəstənin rəisi Gəncalı Gəncalıyevin ətəyindən. Açır sandığı, tökür pambığı. Sinəsini boşaldıb deyir:

- Ağa Ağazadə bürokrat adamdır. İnşaat üçün vaxtında avadanlıq vermir. Ehtiyat hissələri göndərmir. Avtokranımız yoxdur. Panel daşıyan maşın tapmırıq. Ağa Ağazadənin qəribə mərəzi var. O, malı böləndə ehtiyacı yox, şəxsi münasibəti nəzərə alır, müştərinin kimliyini axtarır. Gəncalı Gəncalıyev də ki, həmçinin. Əslinə baxsan, elə onların hər ikisi bir yuvanın quşudur. Gəncəbasara gedib-gəlməkdən yorulmuşuq. Şərab çənləri rənglənmir, quraşdırma işləri başlı-başına buraxılıb…

Ah, bu rəislər, rəislər!.. Dördü də dil pəhləvanı. İş görmək əvəzinə söz güləşdirirlər.

Kələfin ucundan yapışıb, nöqsanları doğuran səbəblərin izinə düşəndə, gedib çıxdım respublika Üzümçülük və Şərabçılıq Komitəsinin tikinti üzrə sədr müavini Eyvaz Eyvazoviçin və layihələşdirmə sahəsinin rəisi Matvey Akulovun kabinetinə. Amma qapılarını açmadım, bu barədə bircə kəlmə də danışmadım. Bunun xeyri də yox idi. Məndən qabaq çox deyiblər, çox danışıblar, nəticəsi olmayıb. İndi onların adını çəksəm, deyəcəklər ki, bu gənc jurnalist təcrübəsiz olduğuna görə bir ağca minib, min birini yırğalayır. Bəli, yırğalamaq istəyirəm ki, bu trestlər, rəislər bir balaca hərəkətə gəlsin, üzümçülərin əzab-əziyyətlə yetişdirdikləri məhsul qalıb xarab olmasın. Atalar deyib ki, qalan işə qar yağar. Belə getsə, üzüm plantasiya­la­rındakı ağlı-qaralı, şirin-şəkər salxımların üstünə qar da düşəcək, şaxta da. Bu qədər…

Məktubu oxuyub qurtardım. Özü də diqqətlə. Heyf ki, imza qoyulmamışdı. Görünür, müəllifi rəislərdən ehtiyat edib. Əlbəttə, ağzında rəis deyirsən! Fikirləşib ki, gəmidə oturub gəmiçi ilə çəkişmək olmaz. Bütün bunları açıb ağartsam, kişilərin şəstinə toxunar. Hərəsinin də arxasında mötəbər bir əl.

Xülasə, ortada mən qazandım. Necə deyərlər yoğurmadım, yapmadım, hazırca kökə tapdım. Mən də yazmadım, pozmadım, hazır məktub tapdım. Məqalənin altında öz imzamı, zərfin üstündə də redaksiyamızın ünvanını yazdım. Məktuba da belə bir başlıq qoydum:

Ah! Bu rəislər, rəislər!..

 

1975-ci il

 

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com