www.aliildirimoglu.az

FELYETONLAR

BAŞ ÜSTƏ

Tikinti işlərinə yarıtmaz başçılıq edirsiniz!

- Doğrudur.

- İkinci dəfədir ki, sizə töhmət və şiddətli töhmət verilir!

- Bəli.

- Belə işləmək olmaz.

- Düz buyurursunuz.

- Nəticə çıxarmaq lazımdır!

- Baş üstə!

Respublika Baş Meliorasiya və Su Qurğuları Tikinti İdarəsinin kollegiya iclası qurtardı. Mil kanal və su tikinti trestinin rəisi Sərxan Səxavətli idarənin pilləkənlərindən qalib idmançı əhvali-ruhiyyəsi ilə enirdi. Müsahib­lə­rindən biri ona yanaşaraq:

- Sərxan Səftəroviç, - dedi, - malades! Əla cavablar verdiniz!

Sərxan Səxavətli istehza ilə gülümsünüb, özündən razı halda bayaqdan bəri onu gözləyən "Volqa" maşınına tərəf yönəldi...

Sərxan Səxavətlinin təbirincə cavab nə qədər lakonik olsa, bir o qədər yaxşıdır. Məsələn, "bəli", "baş üstə", "düzdür", "doğrudur", "razıyam"... Dilimizin qram­­­mati­ka­sında bəzən bu qısa sözlər bir cümləni əvəz edir. Həm də qısa, xoşagəlimli və ən başlıcası isə canqurtaran.

Mayın güllü-çiçəkli günlərində, tikinti işlərinin əlverişli çağlarında Bərbərzadə trestə varid oldu:

- Bakıdakı baş idarənin əmri ilə sizin Dağlı rayonunun tikinti idarəsinə rəis gəlmişəm.

Trestin rəisi, partkomu, mühəndisi, kadr şöbəsinin müdiri qaldılar mat-məəttəl. Matdım-matdım baxdılar bir-birlərinin üzlərinə. İstədilər dillənib desinlər ki, ay yoldaş Bərbərzadə, indiyə kimi işlədiyin inşaat təşkilatlarının heç birini yarıtmamısan, hamısını qoymusan böyrü üstə. Hələ arada bəd əməllərinə görə müttəhimlər kürsüsündə də əyləşmisən. Səndən trestə yar olmaz. Ancaq heç biri yerindən qımıldanıb bu ağır sükutu pozmağa cəsarət etmədi. Fikirləşdilər ki, belə incə məsələlərdə gərək bir qədər ayıq-sayıq olub, tükü tükdən seçəsən. Bu adamın rəislik səriştəsi olmasa da, görünür, kürəyində kiminsə əli var. Özü də adi yox, mötəbər, nüfuzlu bir əl. Əgər biz bu məsələyə etiraz edib "qəmiş" qoysaq, həmin əl də yumulub, yumurlanıb olar ağır bir yumruq və düşər bizim başımıza. Odur ki, "olmaz" kəlməsinin qulağından ustufca yapışıb, qoymalıyıq bir kənara və "buyurun", "bəli", "baş üstə" deməliyik...

Əlqərəz, idarənin möhürü, ştampı, iri-xırda açarları bəzəkli bir xonçaya qoyulub, təntənə ilə Bərbərzadəyə təqdim edildi. Trestin başçıları şirinlik üçün hərəsi xonçadan bir konfet götürdü. Amma bir neçə aydan sonra trest ayılıb gördü ki, ey dadi-bidad, Dağlı rayonundakı tikinti idarəsi qırx arşın quyunun dibinə düşüb. Bu dəfə böyük rəislər xırda rəislərin haqqındakı əmrlərinə düzəliş verib, Bərbərzadənin stulunda Danilbəyovu əyləşdirdilər. Eyni yolun yolçuları, bir yuvanın quşları. İdarə yağışdan çıxıb, yağmura düşdü. Bir vaxt rayon xalq məhkəməsinin "müttəhim Danilbəyov" dediyi bu adamın qarşısında hamı təzim edir, "bəli", "baş üstə" deyirdi.

- Buyurun, başda əyləşin, yoldaş Danilbəyov.

- Düz buyurursunuz, yoldaş Danilbəyov.

- Sizdən olmaz, yoldaş Danilbəyov...

Sərxan Səxavətli papağını qabağına qoyub fikirləşir ki, belə qəliz məsələləri açıb-ağartmaq olmaz. Bir də axı mənim nə işimə qalıb? Sirkə nə qədər tünd olsa, öz qabını partladar. Dəymə mənə, dəyməyim sənə. "Bəli", "baş üstə!". Məşədi İbad demişkən: o olmasın, bu olsun. Bərbərzadə olmasın, Danilbəyov olsun. Son dörd ildə bizim bu trestdə beş rəis dəyişilib. Amma bu həlim xasiyyətimə görə mənə gözün üstə qaşın var deyən olmayıb. Əksinə, bir az da irəli çəkiblər. Baş mühəndis idim, bir ilə yaxındır ki, rəisi əvəz edirəm. Bu il çalışıb "bəli", "baş üstə"lərin faizini qaldırsam, lap daimi rəis olaram. Sonra oğul istəyirəm dursun qabağımda. Lap trestin bütün traktorlarını da qoşsalar, məni stolumdan ayıra bilməzlər. Bircə bu şoğərib telefon zənglərini susdura bilmirəm. Bir deyil, iki deyil. Canlı məxluq olsaydı dil tapardım və ya bir qulaqburması verib, səsini kəsərdim. Səhərdən axşamacan bildirçin balası kimi cəh-cəh vururlar.

Ağ telefonun cingiltisi onu səksəndirib daxili düşüncələrindən ayırdı:

- Sərxan Səftəroviç, planda nəzərdə tutulduğuna və sizin ərz etdiyinizə görə bildir sudartan qurğuların guppultusu Zəngilan düzlərini lərzəyə gətirməli idi. Buradakı zavallı qırqovullar və kəkliklər də pırıldayıb, dağların ətəyinə çəkilməli idi. Bərgüşad çayının suyu da dəmyə üzümlüklərimizi sirab etməli idi. Amma ötən beşillikdə suvarma qurğularının tikintisi planı vur-tut əlli faiz ödəndi. Bu il də quraşdırma işləri belə getsə... Nə qırqovullar yerindən tərpənəcək və nə də ki, kəkliklər ürküşəcək. Trestin tikintiyə güclü bir təkanı lazımdır.

- Baş üstə, baş üstə, baş üstə!

Rayon başçıları da aldıqları bu xoş cavablardan məmnun olub, ona minnətdarlıqlarını bildirirlər.

Ağ telefon susan kimi, yaşıl telefon haray-həşir salır. Bu dəfə Bərgüşad üzümçülərinin giley-güzarı başlanır:

- Trestin ləng tərpənişi işimizi əngələ salır, bu müşkül məsələyə bir əncam.

- Baş üstə, baş üstə!!!

Riyazi hesablamalar aparıb, bütün bu "bəli", "baş üstə"ləri tikinti trestinin əhatə etdiyi idarələrin gördüyü işin üstünə gələndə, acınacaqlı bir nəticə alınır. Məlum olur ki, trest ötən beşillikdə planı ödəməyib, həm də nə çox, nə az, beş milyon manatlıqdan artıq tikinti-quraşdırma işi kəsirdə qalıb.

Xeyirsiz "baş üstə"lər və xoşagəlməz kəm-kəsirlər. Bu barədə başladığımız söhbəti davam etdirməyə dəyər və həm də çox vacibdir. Əgər əlimizə qələm alıb, qabağımıza kağız qoyub "Mil" və "Muğan" sovxoz­la­rındakı soyuducu anbarların kəm-kəsirindən söhbət açsaq, oxucular soruşa bilər: təqsir hansı idarədədir? Günahkar kimdir? Buna cavab vermək asan deyil. Çünki bu yarımçıq tikintilər neçə trest, neçə idarə, neçə rəis, neçə inşaatçı üzü görüb. Onları arayıb axtarmaqdan ötrü gərək azı on il geriyə qayıdaq, toz-torpaq içində itib-batan, saralıb-solan arxiv sənədlərini qurdalayaq və köhnə söhbətləri yenidən təzələyək.

Düzdür, bəzi müğənnilər xoş bir avazla oxuyub deyirlər ki, "ötən sözü çəkmə üzə, olan olub, keçən keçib". Ancaq belə bir ciddi söhbəti təzələməmək olmaz!

- Sovxozların hər birində min ton üzüm tutan soyuducu tiksək, hamı bizə əhsən deyər. "Ağ qızıl"dan dağlar yaradan Mil pambıqçılarını il boyu təzə üzümlə bol-bol təmin edərik. Kolxoz bazarlarında dükanlar açarıq. Möhtəkirləri sıxışdırarıq. Təsərrüfatların da hər biri ildə milyon manata yaxın qazanc götürər.

- Afərin!

Rayon və təsərrüfat başçılarının belə bir xoş avazı hər yerdə təqdirlə qarşılandı. Onları ilk dəfə üzümçülük və şərabçılıq komitəsi təbrik etdi. Layihə sənədləri tərtib edildi. Hər birinin yarım milyon manat smeta dəyəri olan soyuducu anbarların bünövrəsi qoyuldu. Nəhayət, divar işi qurtardı, binaların üstü örtüldü. Soyu­ducuların daxili avadanlıqlarını quraşdırmaq məsələsinə gələndə işlər yenə düşdü düyünə. Yardımçı təşkilatlara göstəriş verildi ki, quraşdırma işləri qalsın gələn ilə. Yaxşı deyiblər ki, əldən qalan əlli il qalar və ya qalan işə qar yağar. Düz on ildir ki, anbarların üstünə qar da yağır, dolu da düşür. Ancaq içərisinə bircə gilə də olsun üzüm düşmür. Boş binalarda yayda dana-buzov kölgələnir, qışda da sahibsiz itlər daldalanır.

Elə ki, qızıl payız gəldi, ağlı-qaralı salxımlar üzüm plantasiyalarında bərq vurdu, soyuducular yada düşür, ehtiraslar coşur. Bakıya məktublar, teleqramlar kəpənək kimi uçmağa başlayır. Telefon zəngləri ara vermir. Sovxoz direktorları soyuducu barədə tez-tez rayon başçılarını narahat edirlər. Rayon başçıları da baş podratçı təşkilatların yaxasından yapışırlar. Baş podratçı idarələrin rəisləri də respublika baş tikinti və xüsusi quraşdırma idarəsinin başında əyləşib, çox vəd verib, az iş görən ixtiyar sahiblərini dilə tutub yalvarırlar:

- Az-maz quraşdırma işi qalır, əlimizi ətəyinizdən üzməyin. Dərdimizə bir əlac!

- Baş üstə!

Cavablar məqbul, görüşlər səmimi, söhbətlər şirin, nəticəsi isə acı... Cəmi-cümlətanı ikicə aylıq quraşdırma işi on iki ildir ki, çək-çevirə düşüb. Bir mətləb hasil olmur ki, olmur. Məktəblilərin dərs kitabındakı "Turp" nağılı kimi. Nəvə nənədən, nənə babadan, baba turpdan. Nə qədər dartırlar, dartırlar...

Bu cür dartmalardan sonra tikintisi başa çatan və təntənə ilə təhvil verilən bəzi sənaye obyektlərində də başqa əmmalar aşkara çıxır. Elə götürək müasir istehsal texnologiyası olan şərab zavodlarını və onların tullantısı məsələsini. Buna hərə bir cür yanaşır. Yəni hər kəs öz ağlının arşını ilə ölçüb-biçir. Bir rayonda şərab zavodlarının tullantıları qram-qram toplanıb müvafiq aqreqatlarda üyüdülür və yem kimi mal-qaraya verilir. Başqa rayonda isə maşın-maşın daşınıb, dərələrə tökülür. Cecəni gündüzlər qarğa-quzğun dimdikləyir, gecələr tülkü-çaqqal eşələyir. Ətrafa da turşumuş üfunət yayılır. Fermalarda da yem qıtlığından heyvanlar duz yalayır. "Əhsən" belə təsərrüfatçılara!

Zəngilan üzümçüləri də bu sahədə hələ təcrübəsiz olduqlarından qalıblar çaşbaş. Bilmirlər kimin yolu ilə getsinlər. Düzdür, qonşu qonşuya baxar deyiblər... Zəngilanlıların da nisbətən yaxın qonşusu Füzulidir. Amma mal-qarası üçün qapı-qapı yem axtarıb öz əlində, ovcunda olan on min tonlarla yemi çöllü-biyabana tökən qonşudan nümunə götürmək qəbahətdir. Neçə-neçə zavod tikdirəsən, yanında bir cecə üyüdən aqreqat olmaya?!

Bu barədə Zəngilan üzümçülərini də qınamaq olmaz. Özlərində yox, qonşularında da görməyiblər. Nə bilsinlər ki, zavodun yanında bir aqreqat da qurub yem hasil etmək lazımdır? Odur ki, gec də olsa indi ayılıb düşüblər əl-ayağa. Rayon aqrar istehsalat birliyinin baş direktoru neçə ildir ki, üzümçülük və şərabçılıq komitəsi sədrinin əsaslı tikinti üzrə müavininə yazılı və şifahi qaydada müraciət edir:

- Sovxozumuzda ilk dəfə olaraq tikilən şərab zavodunda tullantı emalı sexi hələ də hazır deyil. Quraşdırma işləri tamam-kamal başa çatmayıb. Yüz tonlarla cecə çaylara axıdılır. Onsuz da yem istehsalı sahəsində imkanlarımız məhduddur. Bizim bu ağır dərdimizə yüngülcə bir çarə...

- Baş üstə!

Ancaq Qubadlıda bu cür "baş üstə"lərə daha inam qalmayıb. Çünki göz gördüyünə inanar. Buradakı qəsəbə və kəndlərdə tikilən yeni məktəb binalarının istilik sisteminin işlədiyini görən olmayıb. Rayon partiya və icraiyyə komitələri bu barədə Maarif Nazirliyinə və başqa əlaqədar təşkilatlara hey yazırlar. Ancaq nə fayda... Alınan "bəli", "baş üstə" cavabları qışda istilik sistemlərini dondurur, təzə məktəb binalarının ikinci, üçüncü mərtəbələrindəki kömür və odun peçlərinin acı tüstüsünü rayonun təmiz səmasına yayır və adamların gözlərini acışdırır.

Amma insafən, elə görüb-götürmüş idarə başçıları var ki, "baş üstə" deməyə tələsmir. Məsələn, bəzi rayonlarda tütünçülər şikayətlənirlər ki, məhsuldarlığı ilbəil artırırıq. Di gəl ki, qurutmağa talvar, yığmağa anbar, daşıyıb təhvil verməyə nəqliyyat çatışmır. Onlar bu barədə məsələ qaldırdıqca, tütün fermentasiya zavodunun direktoru ilə "Azərtütünsənaye" Birliyinin rəisi tələsik "bəli", "baş üstə", - demirlər. Aldıqları şikayət məktublarına gözucu nəzər saldıqdan sonra qabaqlarında buğlanan pürrəng çaya təzə lumu salıb, ağızlarına da bir nanəcövhərli konfet qoyurlar. Səbirlə çayı içib qurtardıqdan sonra filtrli siqaretlərini tüstülədə-tüstülədə pəncərəyə yaxınlaşırlar. Ətrafın xoş mənzərəsini nəşə ilə seyr edə-edə düşünüb-daşınırlar. Aradan bir neçə ay keçəndən sonra qısaca olaraq deyirlər:

- Baxarıq, fikirləşərik, bir tədbir görərik...

Ancaq yüz fikir bir borcu ödəmir.

Elə biz də bu barədə fikirləşirdik. Qapı açıldı, redaksiyamızın müxbir postuna saçlarına təzəcə dən düşmüş bir nəfər daxil oldu. Tanış çıxdıq, vaxtı ilə bir yerdə işləmişik, dostluğumuz da olub. O gördüyü, eşitdiyi, şahidi olduğu və başına gələn bu cür qəribə-qəribə əhvalatlardan yanıqlı-yanıqlı danışdı. Sinəsini boşaldandan sonra nəfəsini dərib müraciətlə:

- Bir xahişim var, - dedi.

- Buyurun.

- Əşşi, qələm əhlisən, bu yalandan "bəli", "başüstə", "baxarıq", "fikirləşərik", "tədbir görərik" deyib baş girləyən vədəbazlar haqqında tutarlı bir felyeton yaz, qoy onlara əməlli-başlı dərs olsun!

Köhnə dostumun sözünü yerə salmadım və dedim:

- Baş üstə!!!

 

 1981-ci il

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com