www.aliildirimoglu.az

“Yazım, yazmayım” arasında

SÜNGÜLƏNƏN TÜFEYLİLƏR

“Yazım, yazmayım” jurnalist Əli İldırımoğlunun “Yazıçı” nəşriyyatı tərəfindən buraxılmış bu kitabında müəllifin maraqla oxunan felyetonları toplanmışdır. Bu felyetonların məzmunu, kompozisiyası və süjeti sübut edir ki, Əli İldırımoğluda bu janra xas olan hadisəni seçmək və qələmə almaq qabiliyyəti güclüdür. İfşa obyektinə çevirdiyi tiplərin xarakteristikasının necə ustalıqla yazıldığı, müəllifin yaxşı bir psixoloq olduğunu söyləməyə haqq verir. Bu felyetonların səciyyəvi cəhəti bir də ondan ibarətdir ki, mövzular həyatın müxtəlif sahələrindən götürülsə də, atəş bir hədəfə dəyir. “Yun Hatəm” və “Baş üstə” felyetonlarında olduğu kimi. Bu yazılarda süngünün tuşlandığı nöqtə – tüfeylilər və riyakarlardır. “Lent kəsilmədi” və “Fit səsi” ilə açılan bu kitabda “fit” rəmzi məna daşıyır. Əli İldırımoğlu Kalan Kələn-tərli, Şalan Şamxalov, Zalan Zamanov (“Fit səsi”), Mahir Murtuzov və Qulam Qələndərov (“Qərəz və mərəz”) kimi böhtançıları fitə basır və hər yerdə özünün jurnalist prinsipiallığını bildirir. Qubadlıdan başlamış Ağdaş, Zəngilan, Füzuli, Naxçıvana kimi hər yanda bu fitin səsi eşidilir. Turaclı kəndində Məlik Muxtarovu (“Sınıq saz”) bu fitin səsi dingildədir, Xuduş Xuduyev, Nayıb Nadanov, Məhiyyəddin Məmişov oğurladıqları öküzlərin kababını yeməyə hazırlaşarkən (“Öküz kababı”) milis işçiləri tərəfindən yaxalanırlar. “Bataqlıq”, “Butulka Kazım”, “Dil pəhləvanları”, “Xasiyyət və xasiyyətnamə”, “Qovluq”, “Yordu bu yollar bizi” və sair felyetonlarında Əli İldırımoğlu cəmiyyətin inkişafını ləngitməyə can atanları, nəfslərinə qurban gedən vəzifəli və vəzifəsizləri, mühasibləri, kolxoz və sovxoz rəhbərlərini, adlarından xəcalət çəkib özgələrinin adından anonim yazanları, xoşbəxtlik-lərini başqalarının bədbəxtliyi üzərində quranları, cığırını müəyyənləşdirə bilməyən, lakin tərbiyə ocaqlarında əxlaqdan dərs deyənləri, haram pulla arvadlarına lama, layka, dublyonka alan, üzdə dostunu alqışlayıb əlaltından quyu qazan saxtakarları, canı-qanı rüşvət olan kişicikləri ictimaiyyətin gözü qarşısında zibil yeşiyinə doldurur. Bax, belələri haqqında Əli İldırımoğlu deyir: “Yazım, yazmayım” Lakin o, sualın cavabını gözləmir, gördüklərini yazır. Partiya tapşırığını yüksək mənəviyyatlı bir yazar kimi yerinə yetirir. Onun felyetonlarında şirin yumor, duzlu danışıq, mənalı eyham, axıcı təhkiyə bürokratların, fırıldaqçıların, süründürməçilərin, yerlipərəstlərin, vəzifə düşkünlərinin, lovğaların simasızlıqlarını güzgü kimi göstərir, cəmiyyətin bu tör-töküntülərini fitə basır. Səs inzibati idarələrə çatır. Bu zaman o, müstəqim ifşa üsulundan istifadə edir. Müəllif hadisəyə özünün birbaşa münasibətini bu ifşa üsulundan bəhrələnməklə bildirir. O, müzür tipləri ifşa edərkən bəzən qeyri-müstəqim ifşadan da istifadə edir. Lakin Əli İldırımoğlu bu üsula o zaman əl atır ki, antipod günahkar olmadığını iddia edir.

“Günahsız müqəssir” felyetonunda oxucu maraqlı hadisə ilə qarşılaşır. Müttəhim kürsüsündə torpaq oğrusu kimi ittiham olunan Qulamov Qulam Qulamhəsən oğlu cinayət işindən kənarda qalmışdı. Bu, kimin günahıdır? Əlbəttə, ilk istintaq aparan şəxsin. Çünki bu proses uzun müddət günahsız bir insanın mənəvi iztirabına səbəb olmuşdur. Bəs bu vəziyyəti yaradan cəza alacaqdırmı? Əli İldırımoğlu bu məsələni əlaqədar təşkilatların öhdəsinə buraxır. Lakin belə bir dəyişiklik xəfif təbəssüm yaradır. “Xaricən belə görünən bu təbəssüm daxilən satirik səviyyəyə qalxdığını hiss etdirir”.

Belə hadisələr bir və bir neçə şəxs üçün deyil, hamı üçün gərəkli və ibrətlidir. Həmişətəzə felyetondur. Belə felyetonlarda partiya prinsipiallığını qəlbində əqidəyə çevirən bir jurnalistin iti baxışları, nöqsanlara qarşı barış-mazlığı nəzərə çarpır. “Bülbül cəh-cəhinə bənzər siqnalı” olan “Jiquli”nin sahibi Felik Fərəcullayev (“Kiçik müdir”), quşçuluq fermasının 500 toyuğunu çıxdaş eləyən Kərəm Kərəmov (“Kefqom Kərəm”), “Səhər” kolxozunun mühasibi Alış Göyüşov (“Əmanət və zəmanətçilər”), “Muğanlı” təsərrüfatı-nın mühasibi “Siyasət Səftərlinin kəndiri ilə quyuya düşmək istəməyən” kolxoz sədri Yavər Yardımlı (“Yavər yaxşı oğlandı”), müdriklik donuna girib ağır gəzib, ağır dolanan, üzdə təmizlikdən, düzlükdən danışan Vartazar Va-hanyan (“Vartazarın cibi”), partiyanın kadr siyasətini pozan, zəlzələ hadisə-lərini öyrənən stansiyanın müdiri, bu sahədə heç bir elmi-praktik anlayışı olmayan Gəniş Göyüşov (“Arvadın şübhəsi, ərin hiyləsi”) kimi natəmiz tiplər konkret həyati faktlar əsasında damğalanmışdır.

Müəllif “Qəssabın sərgüzəşti” felyetonunda yeddi uşağını atan, qızı Vira-nədən üç yaş kiçik olan Qızyetəri alan Qulamovu ifşa edirsə, “Cəncəl Cəmi”də ali təhsilli ziyalının ailəsində törətdiyi vicdansızlığı diqqət mər-kəzinə çəkir. Müqayisə aparmağı isə oxucunun üzərinə atır. Cəmi uşaqlıqda cəncəl olduğu kimi, böyüyüb ali təhsil aldıqdan sonra da ailəsində cəncəl olur, yenidən eşqə düşür. Göründüyü kimi, Cəmi qəssab Qulamdan daha çox nifrətə layiq tipdir.

“Yazım, yazmayım” və “Yazma, başın ağrıyar” felyetonları isə elə bil biri digərindən məsləhət almaq üçün yazılmışdır. “Yazma, başın ağrıyar”, – deyib canıyananlıq edənlərin ciddi hədəyə oxşayan bu məsləhətini İldırımoğlu qəbul etmir. Başının ağrımasından qorxmur. O bilir ki, çoxlarının başının ağrımasındansa, elə bircə adamın başı ağrısa, bu cəmiyyətə xidmətdir, ictimai borcdur.

Ümumiyyətlə, Əli İldırımoğlunun yazılarında həyatımızın kəm-kəsirinə bir güzgü tutmaq həqiqəti yaşayır. Bu həqiqət ibrət götürməyə imkan verir. Ağlın süzgəcinə gəlib çatan bu ibrət zəka sahibini təmizliyə çağırır. Təmizlər və natəmizlər qarşılaşır. Əli İldırımoğlu təmizliyin arxasında dayanır və bütün qüvvəsi ilə onu müdafiə edir. Fəal vətəndaşlıq onun prinsipiallığını təsdiqlə-yir. Bütün bacarığını, düşüncəsini qələminə verir. Mənəvi-əxlaqi tərbiyə probleminə xüsusi diqqət yetirir... Yazmaya bilmir, yazır...

Sadıq Şükürov,
Gəncə Dövlət Pedaqoji İnstitutunun dosenti

1982-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com