www.aliildirimoglu.az

“Yazım, yazmayım” arasında

HƏYATIN ÖZ SƏSİ

Nəşriyyatlarımız püxtələşmiş, fəaliyyəti və yaradıcılığı ilə irəliləyişə təkan verən, həyatı və onun əsl problemlərini duyub üzə çıxaran jurnalistlərin – ürəkli, istedadlı qələm sahiblərinin yazılarını küll halında dərc eləməklə xeyirli iş görürlər. Bu yazılar həyatın öz səsi, öz mənzərəsidir, tərəqqi yolunda can əsirgəməyən, çətinlikləri hesaba gəlməyən işlərdə gecəli-gündüzlü əllə-şən həyat adamlarının tərcümeyi-halının, ömrünün, gününün bir parçasıdır. Jurnalist qələmi ilə bir balaca rənglənmiş mühitin, varlığın öz əksidir. Jur-nalistin iti, qayğılı, tələbkar müşahidəsinin, yaradıcılığının törəməsidir. Bizim təcrübəli, səriştəli jurnalistlərimizdən olan, otuzillik fəaliyyətində öz nəfəsi, istedadı ilə seçilən Əli İldırımoğlunun qələm məhsulu da bir sıra cəhətdən mənalıdır və diqqətəlayiqdir.

Əli respublikanın təkcə rayonlarına deyil, bəlkə, bütün el-obasına bələddir. Hər bir ərazinin, el-obanın mühitini, xüsusiyyətini, təsərrüfat-tərəqqi meyil-lərini, məhəlli xüsusiyyətini yaxşı öyrənmişdir. Əhatəli həyati məlumata ma-likdir. Hər ilin, bəlkə də, hər ayın, günün qarşıya qoyduğu vəzifələr ona aydındır. Əlbəttə, bilmək, dərinliyi, genişliyi ilə öyrənmək, xalqla həmnəfəs olmaq çox mühüm amildir.

Lakin gördüyünü, bildiyini, məqsədi, qayəni duymaq və duyğulardan keçirmək yaradıcılıq işidir. Bu işi qələmlə başa çatdırmaq istedad və fəhm tələb edir. Bunlarsız bədii məna hasil eləmək çətindir. Biliklə yazmaq olar, amma yaratmaq istedad işidir. Əli İldırımoğlu cəsarətli, bilikli, məsələlərin mahiyyətini, əhəmiyyətini və aktuallığını yaxşı və vaxtında dərk eləyən jur-nalistdir. Onun qələmindən çıxan məqalələr, oçerklər, nəhayət, hekayələr, felyetonlar maraqlıdır, ibrətamizdir. Əlinin bədii yaradıcılığa meyili güclüdür, duyğuları, müşahidələri zəngindir. Həyatı bilməyən, ondan uzaq düşən, mövzunu göylərdə, xəyalatda axtaran, cavan qələm sahiblərinə məsləhət görürəm ki, təcrübəli, qələmli jurnalistləri, o cümlədən Əli İldırımoğlunun yazılarını oxusunlar, oradakı həyat materialını, həyatın öz parçalarını, öz problem və istəklərini görsünlər, bəhrələnsinlər. Bu əsərlər onları həyata səsləyər, mehribanlaşdırar, nəyi harada axtarmağın yol göstəricisi olar.

Həyata, xalqa, ellərimizə, milli və ümumxalq istəklərimizə az-çox bələd olsam da, Əlinin oçerklərində, hekayə və felyetonlarında qoyulan, əsasən, bədii-yaradıcı keyfiyyətlə üzə çıxarılan mənaların bir qismi mənə təzə göründü, həmin problemlər ətrafında düşünməli oldum. “Qədim torpaq”, “Poçtalyon”, “El anası” və qeyri oçerklər oxucuda bədii duyğular əmələ gə-tirir. Müəllif ağır zəhmət və fədakarlıq bahasına yaradan, quran adamları bədii obrazlar səviyyəsinə qaldırıb sevdirir. Dostluqdan yazmaq, ilk növbədə yara-dıcının özündən dostluq səmimiyyəti, dostluğun mahiyyətini aşkarlaşdırmaq məharəti istəyir. Əlinin dostluq mövzusunda yazdığı oçerklər səmimi hislərin məhsulu olduğu üçün səmimi də duyğular doğurur, təsirləndirir. Əli çalışır ki, bu mövzuda yazılanları təkrar etməsin, öz müşahidəsini, gördüklərini ümumiləşdirsin, bədii materiala çevirsin. “General Xoldindən şofer Qurbana”, “Desna sahillərində” yaxşı, təzə duyğularla yazılmış maraqlı oçerklərdir.

Qeyd etmək xoşdur ki, yollardan, bulaqlardan başlamış qüdrət, vüqar rəmzi olan dağlarımıza qədər təbiətə Əlidə intəhasız məhəbbət var. Adi yazı-sında da bu heyranlıq, bu qürur hissi onu tərk etmir. Hətta bəzən təbiət təsvirləri, bu heyranlıq, yazılarda öz yerinə kifayət qədər uyuşmasa da, var-lığın bir lövhəsi kimi təsəvvür yaradır və xatirədə qalır.

Əlinin oçerk yazmağa meyili güclüdür. Həm də yaradıcılığın bu sahəsində jurnalistliklə yazıçılıq “rəqabət” aparır. O yerdə ki, ümumi mətləbləri, ümumi hisləri konkret problemlər və adamlar mühitində ümumiləşdirməyə gedir, yəni qoyduğu məsələnin mahiyyətini ümumiləşdirmək üçün bədii vasitələr-dən yerli-yerində istifadə edir, onun yazıları oçerklikdən çıxıb, ədəbi yaradı-cılıqla birləşir.

Əli İldırımoğlunun bundan əvvəlki kitabları, xüsusilə dövri mətbuatda çap olunan maraqlı, kəsərli, qüvvətli felyetonları daha çox oxunur və rəğbətlə qarşılanır. Felyeton bədii yaradıcılıq sahəsi olsa da, ən çox konkret həyat ma-terialına, dəqiqliyə əsaslanır. Qələm sahibindən, ilk növbədə cəsarət, fərasət, həm də dəyanət tələb edir. “Böyük” adamlardan yazılan felyetonların qarşı-sında “böyük-böyük” sədlər dayanır. Əlini felyetonçu kimi fərqləndirən bu-dur ki, onun qəhrəmanları xırda-xuruşlar, əlsiz-ayaqsızlar deyil, məhz “böyüklər” – prokurorlar, müstəntiqlər, katiblər, sədrlərdir. Hər birinin də fa-mili də, ünvanı da məlum-məşhurdur. Felyetonçuluqda, təəssüf ki, “ölüyə bir güllə sıxmaq” dəbdədir. Lakin Əli bədii gülləsini özünü çox möhkəm, mötə-bər hiss eləyənlərin sinəsinə sıxır və əsla əli əsmir, atəşi sərrast dəyir. Bu kitabda verilən “Ax, bu rəislər... rəislər!..”, “Nə bağ gördük, nə də bağban”, “Yarməmmədin yuxusu”, ələlxüsus “Prokurorun qərarı” həm bədii həllinə, məzmun və formasına görə, həm də “güclü qüvvələrə” cəsarətli atəş açması ilə maraqlıdır. Bunlar janrın yaxşı nümunələridir.

Əli ara-sıra hekayələr də yazır. Dəqiq müşahidəsi olan jurnalistin bədii nəsrə meyil etməyi təbii haldır və oxuduğumuz hekayələrindən məlum olur ki, müəllifin bu meyili özünü doğruldur.

Əli, əsasən, yumoristik, satirik hekayələr yazır. Mövzusu gördüyü, seçdiyi adamların həyatından, fəaliyyətindəndir. Müəllif dostcasına gülməyin (“Xalis bal”), qəzəblənib qəhr eləməyin (“Bir qulac kəndir”) bədii vasitələrindən ustalıqla istifadə edir. Hekayələrin məzmunu, qayəsi maraqlıdır, oxunaqlıdır, bir də ona görə ki, hər biri həyatdan təhrif edilməmiş şəkildə alınmışdır və bədii səviyyəyə qaldırılmışdır. Əlbəttə, yumor, xüsusilə satira çox yığcamlıq, iti göz və iti söz tələb edir.

“Tərk edilmiş yuvalar” adlı hekayə bir az xatirə şəklində, bir az lirik, bir qədər də ciddi axarla gedir, çox ibrətamiz və mənalıdır. Müəllif burada yuva dağıtmağın necə unudulmaz fəlakətə çevrildiyinin təsirli təsvirini vermişdir. Uşaqlıqda edilən səhvin, günahın uzun bir ömrə çəkilməz dərd yükü oldu-ğuna oxucusunu inandıran bu hekayədə həm qəzəbli, həm də qəhərli hislər güclüdür.

Bayram Bayramov, xalq yazıçısı

1984-cü il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com