www.aliildirimoglu.az

“Yazım, yazmayım” arasında

REALLIQ VƏ MÜBARİZLİK MÖVQEYİNDƏN

Böyük rus şairi A.Blok deyir: “Kədər artıq olanda gülür, sevinc artıq olanda ağlayır”. Görünür, felyeton yaradıcılığının kökünü də bu məntiqdə axtarmaq lazımdır. Qaldı ki, ədəbi forma və jurnalistika janrı kimi satiranın ən döyüşkən nümunələrindən olan felyetonun formalaşmasına, o, dünya praktikasında son əsrlərin məhsuludur. Deyək ki, ilk təcrübədə bu, inqilabi pafosun əks-sədası kimi, pamflet şəklində üzə çıxmışdı. Maratın, Baböfün Böyük Fransa inqilabının beşiyi başında dayanan, onun düşmənlərini qam-çılayan alovlu, publisist ruhlu, dərin siyasi məzmunlu pamfletləri inqilabi, tribun jurnalistikanın bu gün də təqdir olunan nümunələrindəndir. Sırf ictimai mündəricə ilə mayalanmış felyeton janrı da məhz elə həmin dövrlərdən sosial bəlaları qamçılaya-qamçılaya, nöqsanlara gülə-gülə sivilizasiyanın keşiyində dayanmışdır. Ən nəhayət, Azərbaycan jurnalistikası və təbir caizsə, şərq jurnalistikası (unutmamalıyıq ki, Yaxın Şərqdə ilk qəzet olan “Əkinçi” də, ilk teatr da Azərbaycanda qeydə alınıb) Mirzə Cəlil qələmində və “Molla Nəsrəddin” ənənələrində formalaşdı. Bu dövr, həqiqətən, Azərbaycan üçün inqilabi ruhun doğuluşu, milli mənliyin oyanışı, vətəndaşlıq duyğularının formalaşdığı mərhələ idi. Belə bir dövrdə ədəbiyyatdan daha çox jurnalistika – gündəlik, cari ideya silahı ön cəbhəyə keçirdi. Forma axtarışları ilə yanaşı, dünya dərkinin məzmunu da yeniləşirdi. Lirikanın, maarifçi-didaktik dünya dərkinin yerini satira, özü də ən kəskin satira tuturdu.

XX əsr Azərbaycan mühitinin ovqatına satira çox yaraşır. Millət özünü dərk etmək üçün nöqsanlarını görməyi bacarmalıdır. Görmək hələ azdır, həm də gördüyünə gülə bilməlisən. Yəni nöqsanın nöqsanlığını qəbul eləmək üçün onun gülünclüyünü dərk etməlisən. Bu tarixi missiyanı Mirzə Cəlil, Sabir və mollanəsrəddinçilər öz üzərilərinə götürüb, şərəflə icra etdilər.

Mirzə Cəlil qələmi ilə Azərbaycan jurnalistikasına yeni janr kimi daxil olmuş felyeton sovet hakimiyyəti illərində müəyyən tarixi mərhələlərdən keçib, yeni forma və məzmunda təzahür etdi. Cəsarətlə deyə bilərik ki, Sabirin, Cəlil Məmmədquluzadənin, sonralar bədii nəsrdə Sabit Rəhmanın satirik yazı ənənələrinə sadiq qalıb, onu Əvəz Sadıq prinsipiallığı ilə inkişaf etdirən felyetonçular sırasında istedadlı jurnalist Əli İldırımoğlunun da rolu və xidməti az deyil.

Mirzə Cəlildən sonra satirik jurnalistikamızda sanki bir boşluq, fasilə yarandı. Bu ənənələr ədəbiyyatın özündə də xeyli dərəcədə səngidi. Sabit Rəhmanın və bəzi başqa yazıçıların əsərlərinin nümunəsində gördüklərimiz istisna edilərsə, bu dövrdə tam bir tərənnüm ədəbiyyatı və bunun davamı kimi tərənnüm jurnalistikası ilə rastlaşırıq. Burada qeyri-adilik axtarmağa da dəyməz. Sovet hakimiyyətinin ilk illərində təzəliyin, yeni quruluşun ideal nəşəsi hamını təpədən-dırnağa bürümüşdü. Hamı beş-on ilə ideal bir cəmiy-yətdə, kommunizmdə yaşamaq həvəsi ilə çırpınırdı. Belə bir dövrdə nöqsan axtarmaq, irad tutmaq, tənqid etmək bütünlükdə cəmiyyətin sosial-siyasi ovqatına yad idi. Bu mənada Sovet dövlətinin uşaqlıq və gənclik şövqü söndükcə, cəmiyyətdə yeni sosial-siyasi ab-hava yaranırdı. Bu da öz növbə-sində yeni ədəbi əhval-ruhiyyəni şərtləndirirdi. Beləcə, bədii ədəbiyyatda və jurnalistikada da analitik, tənqidi və son anda satirik nümunələr meydana çıxmağa başladı. Felyeton yenə də öncül qəzet janrlarından birinə çevrildi. İş o yerə çatdı ki, satirik təmayüllü jurnal – “Kirpi” nəşrə başladı. Beləliklə, XX əsrin 40–50-ci illərində felyeton və felyetonçuluq yeni məzmunda təzahür etdi. O dövrün görkəmli felyetonçusu olan Əvəz Sadığın timsalında həmin boşluq dolduruldu.

İllər bir-birini əvəz etdikcə yeni nəsillər yeni ədəbi ovqatla qələmə sarılır və yeni qüvvələr formalaşırdı. Əvəz Sadıqdan sonra felyeton sahəsində qələmini sınayanlar heç də az deyildi. Amma çoxları bəzən təsadüfən felye-tona girişir, bəzən ötəri həvəslə bu işdən yapışır, bəziləri də dəb xatirinə bir-iki satirik nümunə ilə kifayətlənib, kursu dəyişirdilər. Əvəz Sadıqdan sonra da Azərbaycan jurnalistikasının satirik ənənələrinə bir laqeydlik hiss olundu. Belə bir mərhələdə mətbuat aləmində yüksək bədii siqləti, şirin təhkiyəsi, duzlu məzmunu ilə yeni tipli felyetonlar oxucuların diqqətini çəkdi. Bu yazılar artıq yaddaşlara hopmuşdu: Əli İldırımoğlu. Bu günün yarıməsrlik zaman məsafəsindən həmin o illərə boylananda nə görürük? Onlarca felyeto-nun duzlu-məzəli qatları, kəskin sosial pafoslu layları arasında yuva qurmuş hədsiz zəhmət, yuxusuz gecələr, yumoristik istedad, Mirzə Cəlil ləyaqəti və dönməzliyi, sənətinə məhəbbət və sadiqlik.

Biz Azərbaycan jurnalistikasında felyetonun inkişaf mərhələlərini izlədikdə belə bir nəticəyə gəlmiş oluruq ki, Azərbaycan jurnalistikasında Əli İldırımoğlu satirik janrın və felyetonçuluğun keşiyində ayıq-sayıq dayanaraq, təxminən yarıməsrlik yaradıcılığı dövründə öz parlaq ədəbi obrazı ilə bu boşluğu doldurmuşdur. Bizə etiraz edib deyənlər də tapılar ki, bəs Əli İldırımoğlu ilə yanaşı, satirik jurnalistikanın nümunələrini yaradanların fəa-liyyətinə bu fikirlə kölgə salmırıqmı? Məsələ burasındadır ki, ədəbiyyatda hə-vəskar və peşəkarlıq terminləri var. Jurnalistlərdən eləsi tapılmaz ki, haçansa felyeton yazmamış olsun. Bir var ötəri həvəs, bir də var ömrün, yaradıcılığın başdan-başa nəyəsə həsr olunması. Bu baxımdan Əli İldırımoğlu yaradıcı ömrünü, əsasən, felyetonnəvisliyə həsr etmiş və bu sahədə müvəffəqiyyətlər, yaradıcılıq uğurları qazanmış, orijinal ədəbi dəst-xətt qoymuşdur.

El arasında yaxşı deyirlər ki, ağlayanın dərdi birdirsə, güləninki min birdir. Bəs felyetonçunun gülüşü? Felyetonçu öz dərdinə, fərdi uğursuzluqlarına deyil, xalqın dərdinə gülə-gülə ağlayır, onun min bir dərdi felyetonlarında ictimai həyat lövhələrinə çevrilir. Ona görə də yaxşı felyetonla yaxşı hekayə arasında sədd çəkmək çətindir. Mətbuatımızın əzabkeş ağsaqqalı Əli İldırım-oğlunun felyetonları barədə ayrı-ayrı vaxtlarda rəy söyləyən Qulu Xəlilov, Təhsin Mütəllibov, Bayram Bayramov, Əfqan Əsgərov, Əmir Mustafayev, Sadıq Şükürov, Hüseyn Razi və başqaları da məhz bu qənaətə gəlmişlər. Onlar tamamilə doğru deyirlər ki, cəsur, təmiz, həssas və istedadlı felyetonçu müasirlərimizin gündəlik qayğılarından tutmuş, inkişafımıza mane olan hər cür neqativ hallara qarşı mətbuatın misilsiz qüdrətindən, özünün müqəddəs jurnalistik missiyasından prinsipiallıqla, vətəndaş qeyrəti ilə hamının ürək sözünün, istəklərinin, təkidlərinin ifadəsi üçün istifadə etmiş olsun.

Əli İldırımoğlunun oxuculara təqdim olunan “Telepat” adlı kitabına onun müxtəlif dövrlərdə yazılmış felyetonları daxil edilmişdir. Bu əsərlər ictimai məzmunu, bədii-publisistik ruhu, satirik-yumoristik siqləti baxımından fel-yetonun klassik nümunələri ilə müqayisə oluna bilər.

Bədii sözün yaranması fərdi subyektiv və ictimai-sosial məzmun daşıyır. Və təbii ki, yazılan əsər də qələm əhlinin özünə bənzəyir – bədii pafosundan tutmuş psixoloji əlvanlığınadək. Ədəbi nümunələr, həm də konkret dövrün, zamanın məhsuludur. Jurnalistin dünya dərki, sosial məsələlərə münasibəti, eyni zamanda onun yaratdığı nümunənin uğurları üçün açar olur. Yaradıcı adamın ilkin müvəffəqiyyəti detal və hadisələrə münasibətində üzə çıxır. Adi adamın görüb dərk etmədiyi hadisələrdə ilk sərf-nəzərdə əlvan məna axtarışı son anda ədəbi nümunələrlə yekunlaşır. Bu keyfiyyət felyetonçu üçün xüsusilə səciyyəvidir. İti nəzər, çevik intellekt, həssas duyum felyetonçuya həyat həqiqətlərini saf-çürük etməkdə müstəsna dərəcədə lazımdır. Və hər şeydən öncə felyetonçu gülməyi bacarmalıdır. Gülmək üçün, tənqid eləmək üçün isə gərək yüksək elitar mədəniyyətə, zəngin mənəviyyata, saf vicdana malik olasan. Gülən adam güldüyündən, tənqid etdiyindən qat-qat yüksəkdə dayanmalıdır. Belə keyfiyyətlər, əslində, Əli İldırımoğlu şəxsiyyətini təyin eləyən xüsusiyyətlərdir.

Əli İldırımoğlunu şəxsən tanıyanlar yaxşı bilirlər ki, o, incə yumor hissinə malik adamdır. Həyatdakı hər bir şeyin – dağın, daşın, ağacın, çiçəyin sanki dilini bilir. Bir çoxlarının saatlarla göz yetirib, heç bir şey sezmədiyi əşyaları, hadisələri son dərəcə çevik bir təfəkkürlə mənalandırır. Xalq dilinə bütün incəlikləri ilə bələdliyi də bu işdə ona kömək edir. Onun dolğun və məzmunlu felyetonları məhz bu qaynaqdan bəhrələnir.

“Qapı açıldı”, “Bünövrəsi əyri”, “Çox qəribə”, “Soyuducu və süd”, “Söz veririk”, “Kəbin kağızı”, “Qara çanta” və başqa felyetonlarda bu keyfiyyətlər bədii şəkildə üzə çıxır. Sənətkarlıq baxımından bitkin hekayə təsiri bağışlayan bu felyetonların ictimai məzmunu, sosial mündəricəsi ilə forma əlvanlığı bir-birini tamamlayır. Bunların sırasında “Telepat” felyetonunu, xüsusilə qeyd etmək olar. Bu sanki “Ölülər”in felyeton variantıdır. Mədəniyyət evinə ürək-ləri oxuyan telepatın gəlişini eşidəndə rayonun bir çox iqtidar sahiblərinin ürəyi düşür və iç üzlərinin açılacağından qorxub, “xub, sən də get fikirləş” təriqilə aradan çıxırlar. Amma bunların iç üzü telepat tərəfindən açılmasa da, müəllif tərəfindən ifşa edilir.

Felyetonçuluq müasir jurnalistikamız üçün heç də kütləvi yaradıcılıq janrı hesab oluna bilməz. Deyək ki, məqalə, reportaj, müsahibə və s. janrlarında bol-bol çıxış eləyən bəzi jurnalistlərimiz felyeton qarşısında acizlik çəkirlər. Məsələ burasındadır ki, felyeton jurnalistikanın daha çox bədii ədəbiyyat fak-toru ilə yüklənmiş formasıdır. Yəni öz müstəqil süjeti, daxili bədii strukturu, poetik-publisistik intonasiyası, obrazları olan bir sənət nümunəsidir. Bu da, təbii ki, gündəlik informasiya vasitəsi, çevik məlumat mənbəyi hesab edilən qəzetçilikdə heç də asan məsələ deyil. Gərək kəmiyyətlə yanaşı, yüksək keyfiyyətə də nail olasan. Əli İldırımoğlu bu janrların hər ikisində qələmini sınamış, gözəl, kamil nümunələr yaratmışdır (görünür, qələmə aldığı povest və romanların qaynağını da məhz burada axtarmaq lazımdır).

Qeyd etdik ki, felyeton bitkin bədii nümunədir. Lakin azmı olub ki, adicə məqalənin, yaxud tənqidi korrespondensiyaların da felyeton qrifi ilə dərc edilməsinin şahidi olaq? Əli müəllimin felyetonları bu baxımdan xüsusi tədqiqat tələb edən nümunələrdir. Onun qələmə aldığı felyetonlar içərisində bir-birini təkrarlayan süjetlərə, obrazlara, dialoqlara və başqa bədii-publisis-tik, satirik və ironik formalara rast gəlmək olmaz. Eyni mövzuda yazılmış bir neçə felyetonun hər birinin orijinal süjeti, forması, daxili strukturu, dialoq sistemi, obrazlar qalereyası vardır. Felyetonların bədii quruluşundan, sü - jetindən tutmuş, tiplərin fərdi özünəməxsusluğuna, davranışına, həyat tərzinədək hər şey rəngarəng və özünəməxsusdur. Bu mənada Əli İldırım-oğlunun qələmə aldığı həyat səhnələri, qəhrəmanları, məişət lövhələri zəngin, polifonikdir. Çox vaxt həmin əsərlər lakonik və gözlənilməz sonluqlu bitkin novellanı xatırladır. Bu da qələmə alınan nümunələrin bədii-estetik dəyərini artırır.

Felyetonların sənətkarlıq keyfiyyətlərindən söz açanda, ilk növbədə onların süjet müxtəlifliyini, xalq təfəkkürü üstündə köklənmiş bədii və obrazlı dilini qeyd etməmək olmaz. Dialoqlar hər bir fərdin daxili aləminin açılması üçün sanki açardır. Mənfi tiplər isə özlərini daha çox öz dilləri ilə ifşa edirlər. Onların hər biri öz danışığı ilə öz şəklini çəkir. Sokrat demişkən: “Danış, səni görüm”. Əli İldırımoğlunun satira yaradıcılığında bu bədii vasitədən geniş istifadə olunur.

Əli İldırımoğlunun felyetonlarındakı konkret ünvanlar ümumiləşmə səviy-yəsinə görə müəyyən sosial təbəqələrin mahiyyətli cizgilərinin təcəssümünə çevrilir, xarakter səviyyəsinə yüksəlir, hər bir obraz, əslində, müəyyən aspektdən, yenidən cəmiyyət həyatının ziddiyyət və bəlalarını, mənəvi böh-ranlarını işıqlandırır və bütün bunların mənzərəsini yaradır.

Hər felyetonda ayrı-ayrı fərd kimi boy göstərən obrazlar son anda eyni nöqtədə ümumi milli xarakter kimi birləşəndə artıq bitkin bir qalereya təşkil edirlər. Müəllif tərəfindən onların adlarının ümumiləşdirilməsi də müəyyən satirik məqsədə xidmət edir. Məsələn, Miriş Mirkişiyev, Məstəli Məstanov, Zeyqəmov, Halay Hanbalov, Bəbir Aslanlı və s. Bu adlarla qəhrəmanın icti-mai mənşəyini, sosial mövqeyini də təyin etmək çətin deyil. Ümumiyyətlə, Əli İldırımoğlu yaradıcılığında belə incə detallarla rəsm edilmiş satirik lövhələrə çox rast gəlmək olar.

Bəzən jurnalistlər mövzu qıtlığından şikayətlənir və bir çox hallarda bunun səbəbini ezamiyyətlərdə az olmaları ilə izah edirlər. “Ağcaqanad” yazısı göstərir ki, hər addımımız mövzudur. Onun sosial bəla olduğunu dərk etmək, başlıcası isə qələmə almaq üçün yazıçı fəhmi lazımdır. Bu yazıda Əli İldırımoğlunu düşündürən, narahat edən uşaqdan-böyüyə minlərlə adamın yuxusuz gecələridir. Ümumiyyətlə, jurnalistin qələmə aldığı mövzu zərrə qədər də olsa, təmsil etdiyi xalqın arzu və ehtiyaclarını ifadə etmirsə, o, ucuz, yüngül və mənasızdır. Neçə il bundan əvvəl gecələr taxtabitilərin, birələrin, sübh çağı isə “Starı veş” deyib qışqıranların Bakı əhalisinin yuxusuna haram qatmasına “Molla Nəsrəddin” biganə qalmırdı. Bax, elə “Ağcaqanad” da Əli İldırımoğlu qələminin “Molla Nəsrəddin” ənənələrinə sədaqətinin timsalıdır: “Papa, qulağım getdi”, “Mama, üzümü dişlədi”...Müəllif körpə haraylarına biganə qalmağı özünə rəva bilmir. Onu satirik lövhələrlə car çəkir və Bakının iqtidar sahiblərini bu müşkül məsələyə əncam çəkməyə çağırır.

Bəzən vəzifə sahiblərinin səhərdən gecə yarısınadək kabinetdə oturması kənardan baxanlara elə təsir bağışlayır ki, onlar ailələrinin dərd-sərini belə unudub, xalqın əzab yükünü çəkirlər. Ancaq qapı açılanda başqa bir mənzərənin şahidi olursan: kabinetdə eyş-işrətdir... (“Qapı açıldı”)

Azmı görmüşük ki, təzə işə keçən rayon başçısı özünü gözə soxmaq üçün siftə-siftə pəncərələrin sınan şüşələrini saldırır. Nəzərə çarpan yerlərdə beş-on bəzək ağacı əkdirir (o da bitə-bitməyə). Küçələrə bir-iki maşın asfalt saldırır, hətta tovuz quşu gətirdir və s. Sonra bu yenilikləri görünməmiş möcüzə kimi mədh etməyə başlayır. Beləliklə də, yaratdığı tərif pərdəsi arxasında var-dövlət hərisliyindən tutmuş, məişət pozğunluğuna qədər min cür fitnə-fəsadlara əl atmaqdan usanmır (“Tərif pərdəsi”).

Bütün bunlar adi detallar, əhvalatlar deyil, son dərəcə ciddi sosial bəla-lardır. Belələri Əli İldırımoğlu qələmindən yayınmır. “Soyuducu və süd”, “Qar... yoxsa qarğıdalı”, “Çoban məftillər”, “Yazmışıq...” müəllifin respub-lika təsərrüfatlarının elmi-texniki tərəqqidən nə qədər uzaq düşdüyünə acı istehzasıdır.

Əli İldırımoğlunun oçerklərinin qəhrəmanları sadə əmək adamları, felyetonlarında isə əsas hədəf özündən müştəbehlərdir. Əli müəllim zəiflərin tərəfində dayandığı təqdirdə, özünü güclü hesab edir. Xalq yazıçısı Bayram Bayramovun sözləri ilə desək, “Əlini felyetonçu kimi fərqləndirən budur ki, onun qəhrəmanları xırda-xuruşlar, əlsiz-ayaqsızlar deyil, məhz “böyüklər” – prokurorlar, katiblər, rəislər, nazirlərdir. Hər birinin də famili, ünvanı da məlum-məşhurdur. Felyetonçuluqda, təəssüf ki, “ölüyə bir güllə sıxmaq” dəbdədir. Lakin Əli bədii gülləsini özünü çox möhkəm, mötəbər hiss elə-yənlərin sinəsinə sıxır. Və əli əsla əsmir. Atəşi sərrast dəyir.

Felyetonların əksəriyyətini bədii həllinə, məzmun və formasına görə janrın yaxşı nümunələri hesab etmək olar. “Lent kəsilmədi”də məktəb tikintilərin-dəki qüsurlardan bəhs olunur. Burada felyeton dövlət bankı direktorunun tənqidi ilə başlanır. Bank məktəb tikintisi üçün ayrılan vəsaitin öz təyinatı üzrə xərclənməsinin yeganə nəzarətçisi olduğu halda, ayrılan vəsaitin kənar məqsədlərə sərf olunmasına yol verib. Əks-təqdirdə bank müdiri feyzyab ola bilməzdi: “Əl əli yuyar, əl də üzü”. Müəllif də öz yazısında dönə-dönə çey-nənmiş dayaz fikirlərdən yan keçib, daha dərinə gedərək, məhz məsələnin görünməyən, ağla gəlməyən ən ağrılı tərəfini üzə çıxarıb, hədəfə çevirib.

Əli İldırımoğlu xasiyyətcə ürəyiyumşaq, kövrək adamdır. Bəs necə olur ki, bu cür sərt yazılarla çıxış edir?! Onun müsahibələrindən birində bu suala aydın cavab tapmaq olur: “Düzü, felyeton yazıb birinin qəlbinə toxunanda ürəyim ağrıyır. Ancaq təsəllim odur ki, bir neçə nəfəri narazı salsam da, minlərlə adamın mənafeyinə xidmət edirəm”.

Felyeton qələm əhlinin yaşadığı mühitdə, əhatə olunduğu cəmiyyətdə baş verən mənfiliklərə qarşı vətən, vətəndaşlıq təəssübkeşliyindən irəli gələn kəskin etirazdır. Felyeton yazıldığı dövrün ictimai-siyasi, sosial inkişafına əngəl olan maneələrin dəf olunmasına yönəldilən sərrast, kəsərli ideya silahıdır. Əli İldırımoğlunun felyetonları da bu keyfiyyətlərlə zəngindir. Bu yazıların sətirləri arasında oyanmış əxlaq, üsyan etmiş vətəndaşlıq ruhu döyünür.

Felyeton obyekti məlum olan satirik hekayədir. Onu yazmaq çox vaxt aparır, gərgin zəhmət tələb edir. Bu sahədə az-çox səriştəsi olan və həm də qələminə hörmət etmək istəyən hər bir jurnalist gərək belə bir janrda çıxış etməyin məlum əzablarından çəkinməyi özünə rəva bilməsin. Yenicə təşəkkül tapmış müstəqil Azərbaycan dövlətçiliyinin inkişaf sürətinə təkan verə bi-ləcək bu cür yazılara ədəbiyyatımız çox möhtacdır. Lakin təəssüf ki, cəmiy-yətdə tüğyan edən haqsızlıqları, özbaşınalıqları və digər neqativ halları qamçılayıb aradan qaldırmaq sahəsində böyük xidmətləri olan felyeton janrı son illər mətbuat səhnəsindən çıxmaq üzrədir. Bu həyəcan siqnalını bütün jurnalistlər eşitməlidir.

Yazıçının, jurnalistin yazıb-yaratdığı göz qabağındadır. Onu sözlə nə artırmaq olar, nə də ki, azaltmaq. Son yarım əsr ərzində respublika mətbua-tında sanballı felyetonlarla çıxış edən üç-dörd nəfərin arasında Əli İldırım-oğlu imzası aydın görünür. Onun respublika mətbuatında yüzdən çox felyeton dərc etdirməsi bunun əyani təsdiqidir.

Əli İldırımoğlu qələm əhlidir. Özü də qələminə hörmət edən jurnalistlər-dəndir. Odur ki, ömrü boyu yaza-yaza – uğurlardan danışanda da, nöqsanları tənqid edəndə də bir məqsədə, müqəddəslik axtarışına xidmət etmişdir.

Qurani-Kərimin İbrahim surəsində deyilir: “Kökü yerə möhkəm işləyən, budaqları göyə ucalan bir ağac kimidir gözəl kəlam. Vaxtı çatanda da rəbbinin iznilə meyvə verər o ağac”. Bax, Əli İldırımoğlu kəlamı da belə bir köklü-köməcli, qollu-budaqlı bar verən ağacdır. Əli müəllimin məqalələri, oçerkləri, felyetonları, povestləri, romanları zaman-zaman insanların qəlbini xilas edir, ömür yoluna işıq salır, onların milli mənlik hissini, vətəndaşlıq duyğularını oyadır, bəşər övladını müqəddəs amallara səsləyir.

Əhəd Muxtar,
şair, tərcüməçi

1994-cü il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com