www.aliildirimoglu.az

BƏRGÜŞADA SÖZÜM VAR...

Dünyaya göz açdığım Əliquluuşağı kəndinin kənarından bir çay keçir. Bərgüşad adlı. Uzaq-uzaq dağlardan-dərələrdən, yallardan-yamaclardan damcı-damcı, sısqa-sısqa, gilə-gilə, ovuc-ovuc süzülüb bir məcrada qovuşur, gur axınla ümmanlara doğru baş alıb gedir. Daşlara çırpılır, çilik-çilik olur, kükrəyib şahə qalxır, gah bulanır, gah durulur, lakin məcrasından kənara çıxmır Bərgüşad. Həzin nəğmələri ilə qəlbləri ehtizaza gətirən, neçə-neçə elə-obaya, kəndə-kəsəyə xoş ovqat, xeyir-bərəkət bəxş edən Bərgüşad. Gəncliyimdə qənşər bir yerdə dayanıb, uşaq heyranlığı ilə tamaşa etdiyim, ahıllığımda yuxularımın qanadlarında hər gecə görüşünə getdiyim, dəli bir həsrətlə dalğalarını qollarım arasına alıb dərinliklərinə baş vurduğum, duruluğunda durulub, dincəlib, rahatlıq tapdığım Bərgüşad.

Taleyimizdə bir oxşarlıq var bu aşıb-daşan çayla. Qələmimdən süzülən qara mürəkkəb ağ kağızlarda asanlıqla sətirlənməyib. Bu kitabdan əks-sədası gələn saysız-hesabsız məqalələr, oçerklər, felyetonlar, hekayələr, povestlər, qalın-qalın romanlar ərsə yetənə qədər qələmimin yolu heç də rəvan olmayıb. Bərgüşad kimi başı daşdan-daşa dəyib, sərt küləklərə, müxalif rüzgarlara, bəd niyyətlərə məruz qalıb. Lakin sarsılmayıb qələmim, səmtini dəyişməyib sətirlərim. Yalana, yanlışa uymayıb, bayağı hay-küylər-dən, məddahlardan, məddahlıqdan uzaq olub, Tanrının müqəddəs qanunla - rına, vicdanımın paklığına xilaf çıxmayıb qələmim.

Bərgüşadın yaşı neçədir, bilinmir. Min ildir, milyon ildir, səhih xəbər verən yoxdur. Qələmimin ömrü isə... Bərgüşadın yanında nədir ki?.. Əsri başa vura, vurmaya. Lakin mürəkkəbi tükənməkdə olsa da, sətirlər cıdırında yorulmaq bilmədən, büdrəmədən gedir. Ömrün yaxınlaşmaqda olan qürub anlarına doğru...

Bərgüşada nə var ki?.. Yaranışından neçə yerdə bənd qurub bəndə sal-salar da, qələmim kimi başı daşdan-daşa dəysə də, ona təfavütü yoxdur. Dünya binnət olandan gecə-gündüz çağlayır, dağlardan-daşlardan gilə-gilə, ovuc-ovuc süzülüb gələn saf, sərin suları öz maviliyinə qatıb dərin-dərin dəryalara ərməğan edir.

Məni təhdid edən bir arzum, bir diləyim var. Üzümü ulu göylərə tutub deyirəm: Tezliklə erməni əsirliyindən xilas olasan, Bərgüşad! Məcrandan kənara çıxmayasan, suyun qurumasın, yolun rəvan olsun. Cahıllığımın sevinci, ahıllığımın qəmi, kədəri Bərgüşad. Yazıb-pozduğum bəyaz kağızlar kimi sahillərində qalan izimi, sözümü, həsrətli baxışlarımı əmanət saxla. Əsirlikdən zillət çəkən kəndimə, dağlarımıza, daşlarımıza həmişə həyan ol! Qışda suların buz bağlayanda, qərib ellərdən quşların qonaq gələndə, baharda sahillərin əlvan gül-çiçəklərlə bəzənəndə gecə-gündüz həsrətini çəkən bu qələm əhlini də yad et, Bərgüşad. Bir də ki, yoxluğumda yazdıqlarımı bu kitabda yozanların güzarı o tərəflərə düşsə, həzin nəğmələrinlə onların da könlünü şad et, Bərgüşad!..

Əli İldırımoğlu 25.01.2011

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com