www.aliildirimoglu.az

“Aqibət”in acısı

KÖKƏ, MƏRDLİYƏ, SAFLIĞA ÇAĞIRIŞ

Yaradıcılıq dünyasının hamıya məlum olan həqiqəti budur: yaxşı əsər, hər şeydən əvvəl, istedadla zəhmətin birgə məhsuludur. Burada, necə deyərlər, kimin payı nə qədərdir sualı ritorik səsləndiyi qədər də qeyri-səmimidir. Ən azı ona görə ki, istedadsız zəhmət heç nə yarada bilmədiyi kimi, zəhmətsiz istedad da qanadsız quş kimidir. Xoşbəxt о sənətkardır ki, yaradıcılıq adlanan sirli-soraqlı və əsrarəngiz səmanın ənginliklərini də bu qoşa qanadla süzür. Bu gün istisnasız olaraq deyə bilərik ki, belə qüdrətli sənətkarlarımızdan biri də son illər öz fundamental romanları ilə ədəbi ictimaiyyətimizi, geniş oxucu kütləsini sevindirən Əli İldırımoğludur.

Əli İldırımoğlunu oxuculara xüsusi təqdim etməyə qətiyyən ehtiyac yox-dur. O, 50 ildən artıq respublikanın bir nömrəli qəzetində çalışmış, yüzlərlə oçerk, felyeton, publisistika nümunəsi yazmış, xüsusi müxbir kimi çətin və mə-suliyyətli bir sahəyə möhürünü vurmuş, bu sahədə öz məktəbini yaratmışdır.

Hekayə, povest və romanlar isə bir yazıçı kimi Əli İldırımoğlu istedadının yeni tərəfini aşkara çıxardı, onun bitkin xarakter, geniş mənzərə bacarığını göstərdi. Ədalət naminə deyək ki, tədricən yazıçı Əli İldırımoğlu jurnalist Əli İldırımoğlunu üstələdi. Yeri gəlmişkən, Əli müəllimin son illər çap olunmuş romanlarını bir daha yada salmaq yerinə düşərdi: “Közərən sətirlər”, “Həmin adam”, “Zorən jurnalist”, “Mənim rəncbər atam”, “Qarlı gecələr” və nəhayət, “Aqibət”. Bu romanlar bayaq dediyimiz ədəbi-estetik prinsiplərə tam cavab verir: yüksək bədiilik, genişlik, koloritli dil və üslub. Yuxusuz gecələr, əzablı, həm də şirin yaradıcılıq zəhməti milli-mənəvi dəyərlərimizə, keçmişimizə, babalarımıza, mərdliyə, kişiliyə, halallığa çağırış və bütün bu ali keyfiyyətlərin saxlanmasına, göz bəbəyi kimi qorunmasına, müqəddəs bir əmanət kimi gələcək nəsillərə ötürülməsinə xidmət etmişdir.

Əli İldırımoğlu yaradıcılığı, xüsusən son romanları ilə yaxından tanış olan-lar üçün bir məsələ tamamilə aydındır: əsərdən-əsərə müəllifin narahatçılığı artır. Görünür, ona görədir ki, səsini daha bərkdən qaldırır, sözün əsl məna-sında həyəcan təbili çalır, məni, səni, onu, bütün insanları mənəvi zənginliyə, kamilliyə çağırır. Bu nigarançılıq isə heç də əbəs deyil.

...Əli müəllimin əlvan təsviri ilə gözlərimiz qarşısında uca dağlara sığınmış füsunkar Qalaça adlı dağ kəndi canlanır. Bu kəndin saf suyu, havası kimi, mərd övladları da var. Ancaq XX əsrin 30-cu illəri bu uzaq dağ kəndinə də öz toxumlarını səpdi. Bu toxumlar cücərdikcə kəndin ab-havası da dəyişir, yalan, saxtakarlıq, ikiüzlülük ayaq tutub yeriyir. Dünənə qədər öz təmizliyi, əsli-kökü ilə fəxr edən insanlar asanlıqla vəzifə, ad-san üçün bu burulğana düşür. Naqislik, nakişilik, nankorluq insanların qəlbində, düşüncəsində er-roziya yaratmaqla bərabər, ana dediyimiz təbiəti də yoxsullaşdırır. Çayları-mızın suyu azalır, ağaclar quruyur, meşələr seyrəlir... Müəllif bu yoxsullaşmanı, təbəddülatı ayrı-ayrı etirazların timsalında, konkret hadisə və epizodlarla canlandırır, maraqlı, yaddaqalan və ibrətamiz süjet xətti qurur, hadisələri vahid məcrada, bitkin kompozisiyada əlvan boyalarla təsvir edir. Romanı vərəqlədikcə gözlərimiz qarşısında müxtəlif əqidəli və taleli insanlarla tanış oluruq – Höcət Cahangir, Lovğa Səftər, Kar Bağır, Sücəddin, Qənirə...

Romanın ana xətti – leytmotivi bir vaxtlar Cəyən düzünə bolluq, bərəkət gətirən Dəlmə arxının quruması və Höcət Cahangirin bu arxa yenidən su gətirmək istəyi ilə bağlıdır. Əslən Zabux tayfasından olan Höcət Cahangir Dəlmə arxının qurumasına, miskin görkəminə dözə bilmir. Çınqıllı təpənin altından keçən arxı daş-qayadan, şax-şəvəldən təmizləmək istəyir və bütün əhvalatlar da bundan sonra başlanır.

Həssas oxucu dərhal anlayır ki, Dəlmə arxı, əslində, müəllifin ustalıqla tapdığı ədəbi priyomdur. Müəllifin demək istədiyi həqiqət daha geniş və daha böyükdür: ulu babalarımızın bizə miras qoyub getdikləri mənəvi əmanətlərin tədricən azalması, sovulması, hətta yoxa çıxması. Müqəddəsliyimiz, mərdliyimiz, kişiliyimiz, koroğluluğumuz, nəbiliyimiz... Bir sözlə, pas atmış qılıncımız, itmiş yaddaşımız, unudulmuş milli-mənəvi dəyərlərimiz. Bütün bunlar bir yazıçı kimi Əli İldırımoğlunu daim düşündürür, narahat edir...

Əli İldırımoğlunun son romanlarını təhlil edərkən öz-özünə təsəlli də tapırsan: nə yaxşı ki, xalqımızın belə müqəddəs adət-ənənələrini gözəl bilən, onları öz əsərlərində xüsusi bir məhəbbət və vurğunluqla təsvir edən, bu-günkü gəncliyimizin əbədi yaddaşına yazmağa çalışan qeyrətli qələm sahib-ləri var. Bugünkü oxucular Əli İldırımoğlunun əsərlərindən mənəvi təsəlli alır, sanki alışıb yanan ürəyinə su kimi səpir, dincəlir, sakitləşir, zənginləşir...

Bəlkə də, Əli İldırımoğlunun bu səpkili əsərlərinin belə qüvvətli və təsirli çıxması, həm də onunla bağlıdır ki, müəllif о günləri də görüb, bu günləri də...
Bu təzada, uçuruma, mənəvi yoxsulluğa sanki üsyan edir...

Höcət Cahangirin başına Dəlmə arxının üstündə çox müsibətlər gəlir. Lakin о dediyindən dönmür, tüpürdüyünü yalamır, bunu namusuna sığışdıra bilmir. Nəhayət, nahaq, şər və böhtan ayaq tutur, yeriyir, Höcət Cahangiri tutur, onu Sibirə sürgün edirlər. Ancaq Dəlmə arxının həsrəti bununla qurtarmır. İndi də bu istək, yanğı Cahangirin oğlunu rahat buraxmır. О da atası kimi bel, külüng götürüb Dəlmə arxını bərpa edir. Və oxucu bu məqamlarda müəllifə təkrar-təkrar minnətdarlıq edir – nə yaxşı ki, Əli müəllim əsərini belə bir sonluqla yekunlaşdırır. Deməli, heç də hər şey tamam itirilməyib. Deməli, xalqımızın müqəddəs milli-mənəvi dəyərləri yaşayır, inkişaf edir, zənginləşir...

Əli İldırımoğlu bu əsərində də əvvəlki romanlarındakı təhkiyə üslubuna sadiqdir: təsvir olunan hadisələr, obrazlar təbiətlə, meşələrlə, dağlarla, çay-larla həmahəngdir – onların düşdüyü vəziyyəti, sevinc və sarsıntıları daha dərindən qavramağa kömək edir, hadisələrə psixoloji dərinlik, təsirlilik, həssaslıq gətirir. Bu cəhətdən Lovğa Səftərlə kəhər atın son ayrılığı olduqca dərin və ibrətamizdir.

Lovğa Səftər öz namussuz hərəkətlərini pərdələmək üçün namərd bir yol tutur. Həmişə ona sədaqətlə qulluq etmiş kəhəri döyməyə başlayır. Guya, üst-başının cırılması, üz-gözünün qanaması kəhərin günahından baş verib, guya, at hürküb onu yıxıb. Halbuki Lovğa Səftər Qənirənin namusuna sataşmaq istərkən bu vəziyyətə düşmüşdür. Bununla bərabər, о, izi azdırmaq üçün kəhəri döyməkdən əl çəkmir.

Nəhayət, at sanki nahaqdan döyüldüyünü hiss edir. Ona görə də dözə bilmir, sıyrılıb sahibinin əlindən çıxır, özünü çaya atır, Dəvəbatırana düşür. Belə namərd adama qulluq etməkdənsə ölməyi üstün tutur: “О, indiyədək insanların bu qədər qəddar, insafsız olduğunu hiss etməmişdi. İndi onu heç bir günahı olmadan şallağın altına salıb qəddarcasına döyən sahibinə də, arxasınca düşüb onu ram etmək istəyənlərə də amansız bir nifrətlə baxırdı. Kəhər at insanların bu cür rəhmsiz olduğunu bilməzdi. İndi о, ölməyə razıydı, bir daha insanların əlinə düşməyə yox. Kəhərin dili olsaydı, var gücü ilə qışqırıb car çəkərdi ki, ey insanlar, siz yer üzünün əşrəfi olduğunuz qədər də amansız, Allahsız məxluqsunuz. Günahsızlara divan tutmaqdan usanmırsınız. Sizin bu cür riyakar, bədxah olduğunuzu əvvəlcədən bilsəydim, Allaha üz tutub yalvarardım ki, məni yaratmasın. Yaratsa da, yalan, böhtan, paxıl, bir-birinə qənim kəsilən belə bir məxluqa tuş eləməsin. Onda insan ayağı dəyməyən vəhşi çöllərdə sakit həyat sürüb, azad yaşayardım”.

Əli müəllimin romanın adını “Aqibət” adlandırması da olduqca yerində və ibrətamizdir: insanların – bu qoca dünyada yaxşı, yaxud yaman əməlləri

ilə yaşayıb köçən insanların aqibəti, taleyi, sabahı. Elə bil ki, müəllif öz oxucularını belə bir müdrik və fəlsəfi sual ətrafında düşünməyə çağırır – insan bu dünyadan nə aparır? Bizdən sonra nə qalır? Əlbəttə, yaxşı, yaxud pis əməllər, başqa sözlə desək, hər kəsin layiq olduğu tarixi aqibət.

Əli İldırımoğlu yeni əsərində də öz yaradıcılıq kredosuna sadiq qalmışdır: saf, elə ilk sətirlərdən oxucunu ələ alan intizarlı süjet xətti, yığcam kom-pozisiya, bütün xarakterlər, gözəl, təkrarsız təbiət təsvirləri, aydın dil, əlvan üslub...

Əli müəllim yeni romanı – “Aqibət” əsəri ilə ədəbi ictimaiyyəti, geniş oxucu kütləsini, dostlarını, ardıcıllarını bir daha sevindirdi. Təkcə ona görə yox ki, ömrünün səksəninci ilini arxada qoyan tanınmış sənətkarımız bu gün də gənclik şövqü və həvəsi ilə yazıb yaratmaqdadır. Əli İldırımoğlunun yaradıcılıq enerjisinə və ehtirasına qibtə etməmək mümkün deyil. О, həm də romançılıq ənənələrini zənginləşdirməkdə davam edir. Bu baxımdan əsərə geniş ön söz yazmış filologiya elmləri namizədi Qurban Bayramovun aşağıdakı fikirləri ilə tamamilə şərikik: “Əli İldırımoğlu epik yaradıcılığı ilə Azərbaycan romançılığının zəngin ənənəsindən güc alıb, yaradıcı şəkildə faydalanıb, həmçinin mövzu, kompozisiya cəhətdən fərqli, orijinal yazıçı mövqeyi ilə bu ənənəni zənginləşdirib, yeni dövr Azərbaycan romançılığı mərhələsində öz ləyaqətli və layiqli mövqeyini müəyyənləşdirib, cəsarətlə həmin romançılar pleyadasında layiqli yerini tuta bilib”.

Ziyəddin Sultanov, yazıçı-jurnalist

“Xalq qəzeti”, 26 mart 2006-cı il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com