www.aliildirimoglu.az

“Aqibət”in acısı

HƏYATIN ÖZÜ QƏDƏR HƏYATİ NƏSR

Əli İldırımoğlunun ilk dəfə “525-ci qəzet”in səhifələrində dərc edilən, sonra isə kitab halında oxucuların ixtiyarına verilən “Aqibət” romanı bu günlərdə nəfis tərtibatda rusdilli auditoriyanın müzakirəsinə təqdim olunub.

Son dövr yaradıcılığında müstəsna olaraq yalnız roman janrına müraciət edən Əli İldırımoğlu bu fundamental əsərləri ilə öz şəxsi taleyinin timsalında bütöv bir dövrün, doğulduğu məkanın, həyatı boyu gördüklərinin üzərinə işıq tutur. Romanı nəsrin ən mürəkkəb və ağır janrı kimi qəbul ediriksə, deməli, bu gün həyatının müdriklik çağını yaşayan nasirin də özünüifadə kimi məhz bu ədəbi xətti seçməsi təbiidir. Əli İldırımoğlu əllaməçilikdən, süni bər-bəzəkdən, ədəbi hoqqabazlıqlardan uzaq, həyatın özü qədər həyati nəsriylə oxucusuna insanilik hissi təlqin edir.

Əli İldırımoğlu nəsrinin bir özəlliyi də onun təxəyyülünün yaratdığı aləmdə obrazların təkcə insanlardan ibarət olması deyil, daşların, dağların, meşələrin, çayların da ayrı-ayrılıqda müəllifin həyatıyla birbaşa təmasda olan canlı obrazlar kimi çıxış etməsidir. Əbəs deyil ki, hətta müəllif bir vaxtlar birlikdə ömür yaşadığı o canlı insanlardan çox, o cansız təbiətin xiflətini çəkir. Çünki Əli İldırımoğlu nəsrində təbiətlə insan bir-biriylə ətlə-dırnaq kimi vəhdətdədi, onları ayrı-ayrılıqda təsəvvür etmək mümkün deyil.

Son vaxtlar Əli İldırımoğlu nəsri ölkəmizin hüdudlarını aşaraq Türkiyədə, Rumıniyada, İranda da özünə geniş oxucu auditoriyası qazanıb. Həmin ölkələrdə Əli İldırımoğlunun tərcümə edilərək dərc olunan romanlarına böyük maraq müşahidə olunur. Lap bu günlərdə isə yazıçının “Aqibət” romanı rus dilinə tərcümə olunaraq oxucuların ixtiyarına verilib. Əli İldırımoğlu nəsrinin “kökə söykənən, koloritli, zəngin, hardasa tərcümə üçün necə deyərlər, çətin ələ gələn dilini nəzərə alsaq, tam əminliklə deyə bilərik ki, Rövşən Qafarov “Aqibət” romanını ruscaya çox ustalıq və peşəkarlıqla çevirərək ortaya mükəmməl bir tərcümə qoya bilib. İnanırıq ki, “Aqibət” tez bir zamanda özünün rusdilli oxucularını da taparaq geniş diskussiyalar mövzusuna çevriləcək.

Əli İldırımoğlu bu gün yaşının bu ahıl və müdriklik çağında da yaşadığı dolğun və mənalı ömrünə görə layiq olduğu rahatlıqdan könüllü imtina edərək yenə əzabı, ağrıları seçir. Bəli, Əli İldırımoğlu bu gün də həmişəki kimi, necə deyərlər, iş başındadı, hətta əvvəlkindən də məhsuldar çalışır. O, bu gün çoxları haqq dünyasında olan obrazlarının son ümid yeridi. Həmin insanların çoxu indi yalnız Əli İldırımoğlunun yaddaşında diridi. Və yazıçının üzərində o insanların həyatını yekunlaşdırmaq kimi bir missiya dayanır.

Allah amanında!

Gündüz
“525-ci qəzet”, 3 mart 2007-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com