www.aliildirimoglu.az

Yazıçının obrazlı dili

Əli İldırımoğlunun yaradıcılığı barə qeydlər 

Əli İldırımoğlunun əsərlərini, haqqında yazılanları mətbuatdan oxumuşdum, lakin onun şəxsiyyətinin, simasının canlı şahidi olmamışdım. Xoş bir təsadüf nəticəsində Əli İldırımoğlu ilə yaxından tanış oldum, ünsiyyət qurdum. Əbəs yerə deməyiblər ki, insan ünsiyyətdə olarkən tanınır. Məhz mənəvi-əxlaqi dəyərləri, ali keyfiyyətləri yüksək olan nurlu insanlarla təmasda olanda adam böyük bir aydınlığa qovuşur.

Əli müəllim söhbət əsnasında dedi ki, mən Allah adamıyam, Allahın sevdiyi bəndəsiyəm, Allahımdan çox raziyam, elə ona görə də səni mənim rastıma çıxartdı. Xeyli sevindim. Çünki mən, Əli müəllimin çoxdandır axtarışında olduğu bir işin həll edilməsində iştirak etdim və bugünlərdə onu başa çatdırdım. Bu Əli İldırımoğlunun fəaliyyət və yaradıcılığının internet məkanında işıqlandırılması idi. İlk andan işə həvəslə yanaşdım. Çox adamlarla işləmək imkanım olub, hər dəfə belə nəticə əldə etmək asan olmayıb. Əli müəllim dəqiq insandır. Hətta o qədər dəqiqdir ki, qarşısındakı nə edirsə etsin, onunla ayaqlaşa bilmir. Mən bunun canlı şahidi oldum.

Təsir altına asanlıqla düşən insan deyiləm, amma Əli İldırımoğlunu tanıyandan, onunla ünsiyyət qurandan, əsərlərini oxuyandan sonra gorürəm ki, mən Əli İldırımoğlunun təsiri altına düşə-düşə həyatı yenidən dərk etmişəm. Hətta bu fikirləri, “Əli İldırımoğlundan əvvəl mən, Əli İldırımoğlundan sonra mən” kimi başlıq altına almaq fikrinə də düşürəm. Səmimi insanla öz aranda çoxlu bənzərliklər aşkar edirsən, səmimiyyətdən kənarda bu mümkün deyil. Mən Əli İldırımoğlu ilə həyatımın müəyyən anlarında bənzərliklər də tapdım. Hər dəfə daxilimdə özüm özümlə danışanda, özüm özümlə üz-üzə qalanda bu duyğularımı yazıya köçürməyə cəhd etmişəm. İndi Əli İldırımoğlunun qələmindən çıxan sətirləri oxuyanda, həmən o daxilimdə öz-özümlə danışdığım cümlələr, dil və üslub yadıma düşür. Əli müəllimin əsərlərini oxuduqca sanki insan daxilən yenilənir, mənəvi və ədəbi stimul alır.

İlk görüşümüzdən sonra onun əsərləri ilə tanışlığa hekayələrindən başladım. Oxuduqca duyğularımı qələmə almaq istəyi oyandı məndə. Yavaş-yavaş hiss edirdim ki, yazı üslubum Əli İldırımoğlunun üslubuna bənzəməyə başlayır. Artıq yazılarımı uzun-uzadı mürəkkəb cümlələrlə dərin göstərməyə çalışmıram. Qısa, sadə yazıram, hamı asanlıqla başa düşsün.

Dediyim kimi, oxumağa hekayələrdən başladım. Diqqətimi ilk cəlb edən “Bütöv adam” oldu. Bir nəfəsdə oxuyub başa çatdırdım. Şahidi oldum ki, həqiqətən də bu əsərlər, Əli İldırımoğlunun bir əsrə yaxın həyatından parçalardır. Bu əsərləri oxuduqca Əli İldırımoğlunu daha yaxşı tanıyır, onun uzun, keşməkeşli həyatına səyahət edirsən. Bu məni həm həyəcanlandırır, həm də həvəsləndirir.

Əli müəllimdən soruşmuşdum ki, hansı əsərinizi məsləhət görürsünüz oxuyum. “Aqibət”i, demişdi. Mən isə sadəcə bir hekayəni başa vurduqdan sonra özlüyümdə qərarım o oldu ki, bütün əsərlərini sətirbəsətir oxuyum.

“Bütöv adam” hekayəsi quruluş və insan münasibətlərini o qədər aydın və təbii əks etdirir ki, bir anlıq o dövrdə yaşayırsan. Elə indi yaşadığımız zamanla da müqayisə edirsən, oxşarlıqların şahidi olursan.

Oxumağa təsadüfən bu hekayədən başlamağımın məntiqi çalarları var imiş. Gözəl və yerində bir təsadüf oldu. Çünki Əli İldırımoğlu respublika mətbuatında başa vurduğu 40 illik yaradıcılıq yolundan bu hekayədə bəhs edir. Bilin ki, Əli İldırımoğlu yaradıcılığına ön söz oldu bu hekayə mənim üçün.

Əli İldırımoğlu yazır: “O vaxtlar birinci katiblər yerlərdə özlərini kiçik padşahlar kimi aparırdılar və onların kəsdiyi başın sorğu-sualı yox idi. Ona görə də mənim təzədən öz vəzifəmə bərpa olunmağım raykom katiblərinə ağır gəlirdi, bunu özlərinə heç vəchlə sığışdıra bilmirdilər”. Bu sətirlər indiki dövrümüz ilə nə qədər ayaqlaşır, yəqin ki, oxucuya əlavə izahat verməyə gərək yoxdur.

Yazıçının əsərlərində daim ictimai-siyasi mühiti tənqid, haqsızlıqlarla mücadilə notları duyulur. Bunlar heç biri təxəyyül məhsulu deyil. Gerçəkliyin real mübarizəsi, real döyüş meydanıdır. Əli İldırımoğlu döyüş meydanında cəsur sərkərdə tək iti qələmini bu haqsızlıqlara qarşı qoyurdu.

Əli İldırımoğlu qarşılaşdığı haqsızlıqlar haqqında danışanda nəticə olaraq bu ifadəni işlədirdi: “Oturdum bir felyeton yazdım.” Bununla o zəifin, gücsüzün, kimsəsizin, haqqı tapdananın tərəfində dururdu, onların hüquqlarının bərpasına nail olurdu. Bu cür qələbələr onun hər bir yazısında iz qoyub, inanıram ki, hələ də müasir dövrümüz üçün ibrət dərsi olmaqdadır.

Nəhəng, dərin çaylar sakit axır, səsi çıxmır, amma xırda, dayaz çayların yanında ağız deyəni qulaq eşitmir. “Kitablarımın ən məsuliyyət hiss eləyən oxucusu elə özüməm”. “Bir dəfə bir yazıçının ilk dəfə əsərini müzakirəyə qoymuşdular, bu ərəfədə bu yazıçı çox narahat idi. Dedim niyə narahatsan? Dedi ki, “bilmirəm ki, oxucular bu əsəri necə qarşılayacaqdır?”. Müzakirə başa çatdı, fasilə olanda hər kəsin alqış səsləri bürüdü zalı. Mən isə buna yanaşdım soruşdum ki, “sən bu nigarançılıqdan çıxdınmı? Görürsən camaat necə alqışladı!?”. Dedi: “Əli müəllim, mən əsərimin qiymətini bu camaatın çapanlarında (alqışlarında) yox, camaatın pıçıltılarında axtarıram. Düz sözü belə pıçıltılarda deyirlər”.

Azərbaycan xalqının yaxşı tanıdığı, ürəkdən sevdiyi görkəmli yazıçı-publisist Əli İldırımoğlu “Zorən jurnalist”, “Aqibət”, “Mənim rəncbər atam” “Qarlı gecələr”, “Közərən sətirlər”, “Həmin adam” və s. romanları ərsəyə gətirmişdir.

Məlumdur ki, bədii dil obrazlı dildir. Obrazlı təfəkkür sahibi olan yazıçı bizi əhatə edən varlığı obrazlı şəkildə ifadə edir. Bədii informasiyanın öz təbiəti, özünəməxsusluğu mövcuddur. Əli İldırımoğlu bu informasiyanı verəndə maksimum yığcamlığı və yaxud minimum vasitələrlə fikrin maksimal ifadəsini əsas götürür. O, əsas fikri bədii-emosional, orijinal, təkrarsız formada ifadə edir. Bu məqamda onun bədii təfəkkürü özünəməxsus dil vasitələri ilə dünyanın (təsvir etdiyi yerin, adamların və s.) obrazlı təsvirini verir ki, bu cəhəti nəzərə almadan onun romanlarının və digər əsərlərinin mahiyyətini, bədii dilinin spesifikasını aşkarlamaq qeyri-mümkündür. Bu mənada bir sitat yerinə düşür: “Ə.İldırımoğlu cəmiyyətdə dağlar kimi uca görünən saytal bir kişidir. O, qələmini özünə dayaq edib xalqın haradan gəlib hara getdiyini düşünür” (Nizaməddin Şəmsizadə).

Əli İldırımoğlunun nəsr dili və üslubu mənə bu cəhətdən çox ləzzət verdi. On cildlik əsərlərini nəzərdən keçirdim, onun barəsində yazılmış əsərləri mütaliə etdim. Əli müəllimin nəsrinin dili və üslubundan bəhs edən xüsusi bir yazıya rast gəlmədim. Mənə elə gəlir ki, nəsr estetikasının təməli birbaşa dilin zəngin imkanları əsasında qurulur. Qızın gözəlliyi gözündən bilindiyi kimi, nəsrin gözəlliyi də onun dilindən, üslubundan, ifadə manerasından hiss edilir, duyulur.Təbii haldır ki, bədii yaradıcılığın forma, dil və üslub kimi komponentləri mündəricə ilə sıx münasibətdə dərk edilib mənalandırıldığı üçün nəsr dili də ədəbi prosesin inkişafında aparıcı meyillərdən birinə çevrilmişdir.

Fikrim Əli İldırımoğlunun romanlarının dil və üslubunu araşdırmaqdır. Özü də geniş planda. Öncə, “Seçilmiş əsərlər”inə daxil olan “Zorən jurnalist” romanının dili haqqında. Diqqətimi bu romana ön söz yazmış və yazısını “Həyat dərsliyi” adlandırmış professor Ə.Həşimovun aşağıdakı fikirləri cəlb etdi: “Romanın dili xüsusi qeydə layiqdir. Məlum həqiqətdir ki, dil fikrin qabığından daha çox mayasıdır, mahiyyətidir, çox böyük ideya və xalq hikməti xəzinəsidir. Əli İldırımoğlunun bədii dili, leksik xəzinəsi öz yükünü məhz canlı xalq dilinin qaynaqlarından, ən incə ifadə vasitələrindən tutmuşdur. Xalq ruhundan süzülüb gələn bu dil ədibin dəst-xəttində müasir intellektual məntiqi-linqvistik ştrixlərlə daha da zənginləşərək yeni bədii-leksik fakt kimi meydana çıxmışdır”.

Söhbətlərindən də yəqin etdim ki, Əli müəllim xalqının, el-obasının dili ilə çox bağlıdır. Dil ilə iş onun bilavasitə istehsalatıdır. Yazıçının, ümumiyyətlə, mövcud olan yaradıcı təfəkkürünün müəyyən qismi dil yaradıcılığına, dil quruculuğuna sərf olunur. Sənətkarın bu ikinci yaradıcılığı (yəni dil yaradıcılığı) dilin müxtəlif qatlarında spesifik şəkildə üzə çıxır (T.Hacıyev). Bu bədii düşüncə sahibinin dilə sevgisi intəhasızdır. Əsərləri ilə tanış olandan sonra fikrimdə yanılmadığımı bir daha yəqin etdim.

Cəmiyyət həyatının elə bir sahəsi, elə bir fəaliyyət dairəsi yoxdur ki, onun tədqiqində dil faktlarından bu və ya digər dərəcədə istifadə edilməsin. Dilin bədii təfəkkürlə, xüsusilə söz sənəti ilə əlaqələri daha mürəkkəb və çoxşaxəlidir. Dil və bədii ədəbiyyat inkişafın müxtəlif mərhələlərində bir-birini istiqamətləndirmişlər; onların başlıca xüsusiyyətləri qarşılıqlı əlaqə və təsirlə müəyyənləşmişdir.

Romandakı obrazların xarakter proyeksiyası məhz belə bir dilin işığında çəkilmişdir. Hər obrazın dili onun birbaşa daxili aləmindən, sosial mənşəyindən, işindən, peşəsindən soraq verir. Bir sözlə, Əli İldırımoğlu ecazkar bədii dilin köməyilə kamil bir rəssam kimi unudulmaz obrazlar silsiləsi yaratmağa nail olmuşdur. Onun əsərlərində partiya işçisinin öz üslubi-linqvistik tərzi, jurnalistin öz leksik imkanları, kənd adamlarının isə idiom və məcazlarla dolu danışıq tərzi vardır. Müəllifin dili bu polifoniyada öz biçimində boy atır. “Dağdan aşmış gün kimiyəm”, “Elə bil uşaq üzü əlləyir”, “Yas düşəndə hərə öz dərdinə ağlayır”, “Yuxa qulağı sulama”, “Ərim ər olsun, kol dibi evim” və s. Roman başdan-başa belə obrazlı, məntiqli ifadələrlə doludur.

Belə bir qənaətə gəlmək olur ki, Əli İldırımoğlu təsvir etdiyi bədii hadisələrə həqiqi sənət ölçüləri, prinsipləri ilə yanaşmışdır. Bu yanaşma öncə dil amilindən asılıdır. O, uzunmüddətli təcrübəsində mükəmməl dil və üslub vərdişlərinə yiyələnmişdir. Ona görə də Azərbaycan nəsrində özünü  görkəmli söz ustadı kimi təsdiq  etmişdir.

“Zorən jurnalist”in elə birinci cümləsi sintaktik paralelizm ilə başlanır. Bu bir üslubi fiqurdur. Bu fiqur, bir-birinin ardınca gələn cümlələrin eyni sintaktik və intonasiya quruluşuna malik olması, yəni sözlərin deyil, bütövlükdə sintaktik modelin təkrarıdır. Bu cür paralel konstruksiyalar vasitəsilə fikir daha təsirli, emosional şəkildə ifadə olunur. Əli İldırımoğlunun nəsrində isə bu, həm də müəyyən ritm və axıcılıq yaradan vasitə kimi çıxış edir.: “Allahverən kişinin fikri hacalanmışdı. Demisini sakit-sakit tüstülədib, aranı dağa daşıyırdı, dağı arana”. Təbii-emosional təkrar (aranı dağa daşıyırdı, dağı arana) həmin cümlədə paralelizm hadisəsini doğurmuşdur. Yazıçının uğuru bu paralelizmi bir qədər struktur cəhətdən dəyişməsidir. Çünki ifadə el arasında “aranı dağa aparırdı, dağı arana” şəklində təcəssüm tapmışdır. Belə sintaktik paralelizm mətnin komponentlərini uğurla əlaqələndirmişdir.

Sonra gələn cümlələrdə (Mən də ki, dağdan aşmış gün kimiyəm, bu gün varam, sabah yox. Yurdu kor qoymaq olmaz. Bir tüstü çıxaranım lazımdı) ekspressiv sintaksisi təmin edən cümlə, fikir biçimləri, bu biçimlərin sferasında toplanan məna tutumu nə qədər cəlbedicidir. “Dağdan aşmış gün kimiyəm”, tabusu, artıq ömrünü başa vurmaq anlamındadır; yurdu kor qoymaq olmaz- yurdu başsız qoymaq olmaz; bir tüstü çıxaranım lazımdı- evi saxlayan övladım lazımdı.

Bu, eldən gələn obrazlı və dərin mənalı konstruksiyaların, istər-istəməz, sinonimliyi meydana çıxır. Belə sinonimliyə sintaktik sinonimlik deyilir. Eyni məna qarşılaşdırılan paralel cümlələrdə əks olunur.

Təsəvvür edin, atanın övlada məhəbbəti (yəni Allahverənin Nazimə sevgisi) “dağ boyda kişi onun üstündə payız yarpağı kimi əsirdi” bənzətmə-müqayisəsində ifadə olunur. Oğurluq anlamı – “Günün günorta çağı balalı inəyimizi gönnədilər, gördüm deyən olmadı” cümləsindəki “gönnədilər” sözündə ehtiva olunub.

Romanlarında yazıçı obrazı bütün çılpaqlığı ilə oxucuya tanıdır: “Orta boyu, enli kürəyi, məğrur görkəmi, zəhmli baxışları, sallaq sifəti olan Cahangir öz bildiyini dədəsinə də verən deyildi. Ağlına ki, bir şey yerləşdi, qurtardı getdi. Bütün kənd yığılsa da, faydası yoxdu, onu başdan çıxarıb, yolundan döndərmək mümkün deyildi. Bu xasiyyətinə görə də hamı ona Höcət Cahangir deyirdi” (“Aqibət” romanından).

Yazıçı dilinin leksikası həyatiliyi, milliliyi ilə seçilir: həndəvər, həvirləmə, gənəşmə, eymənmə, mərəy, vəl, ağnağız, heşan, ağzı yelli, vərəvurd, ərəmlik, mayıf, madar, zımrıq, parç, isdahat və s.

Dialektizmlərdən yerində istifadə edib: Bu heyndə, qədeş, pörşələnmək, cantaraq, azaylanmaq, dəj  və s.

Yazıçı troplardan məqsədəuyğun istifadə edib: “…Neft tullantılarının orda-burda əmələ gətirdiyi gölməçələr istidən buxarlanıb çılpaq təpələrin arasına qısılan qədim qəsəbənin kəsif havasını daha da ağırlaşdırırdı. Nazim elə bil kənddən on il bundan qabaq ayrılmışdı. – Bıy, az, bir vaxt hamı Allahverənin gədəsini tərifləyirdi. Bəs onda nə təhər oldu ki, kağız-kuğuzunu qoltuğuna verib, üzüqara qız kimi evə qaytardılar?!”

Ə.İldırımoğlu hər bir personajı öz dilində danışdırır: “ – Qədeş, gəl kişi kimi danışaq! – Bura bax, ə, malçişka!”

Ə.İldırımoğlunun özünəməxsus aforizmləri və istifadə etdiyi atalar sözləri süjet xətti boyunca mövzunu müşayiət edir. Filologiya elmləri namizədi Səadət İldırımzadə bunları “Mənim rəncbər atam” romanının sütunları sayır: “Biliyi olmayanın axırı yoxdur”, “Yüz dost azdır, bir düşmən çox!”, “Tamah pis şeydir, dünya malına uyma” və s.

Aforizmlər vasitəsi ilə müəllif “Zorən jurnalist”inin bədii dilini  bəzəmişdir: …balıq dəryada böyüyər, ev buzovundan öküz olmaz; fikrini sona qədər əsaslandırmaq üçün Allahverən “Daş, düşdüyü yerdə ağır olar” aforizmini işlədir…qadın ədəbini artırırsa, ailəsini düşünür, bəzəyini artırırsa, başqasını. Hansı kitabdasa oxumuşdum ki, sevginin cəzasından böyük dərd, ona xidmət emək nəşəsindən yüksək xoşbəxtlik yoxdur. Bu sözün nə demək olduğunu indi-indi dərk edirəm… iki şahanı bəyənməyən, ortalığa abbası qoyar! Nazim kitabxanada ona rişxəndlə söz atan boşboğazlara növbəti müsabiqədə sübut etmək istəyirdi ki, görsünlər papaq altında necə oğlanlar var. Sonuncu fikri kəndimizdə babam haqqında eşitmişdim. Deyirlər, Soltanlının məşhur bir aliminin toyunda mənim şəhərə gələn babama da söz verirlər. Babam oxumamış adam olsa da, elə bir tost deyir ki, kəndin məşhur kimyaçı alimi, professor Allahverdi Verdizadə  üzünü camaata tutaraq, “papaq altda kişilər varmış”, – bilməmişik.

Atalar sözü və məsəllər bədii dili gözəlləşdirir: Nə itirərəm, gedərəm, tutar qatıq, tutmaz ayran; Yaxşı deyiblər ki, haca gedən gəldi, saca gedən gəlmədi. Kəndimizdə belə bir söz var – ərim ər olsun, kol dibi evim; – oğul, varın verən utanmaz; – utananın oğlu olmaz; – igidin adını eşit, özünü görmə! – ot kökü üstə bitər.

Romanda təzadlı hadisələr qəhrəmanların həyatı, dünyagörüşü ilə culğalaşır: “Sevgi necə də acı, necə də şirin olurmuş! Nazim rəng verib, rəng aldı”.

Maraqlıdır ki, kənd həyatını olduqca gözəl, cazibədar təsvir edən Əli İldırımoğlu etnoqrafik lövhələri də ustalıqla yaradır: “Bizim boyaqxanada cövhər işləmir. İpi dədə-baba qaydasında boyayırıq. Qaratikan, gəvən kökü, mal sidiyi, tut qabı, nə bilim, boyaq otu, qarağac qabığı, nar gazalı… hökumət cövhərindən boyanan ipin gəbəsindən, kilimindən, seçimindən, palazından bir şey çıxmaz!”

Nəsr dilinə xas olan ən ümdə keyfiyyətləri Əli İldırımoğlunun hekayə, povest və romanlarında tapmaq olur. Doğrudur, onda dövrünün yazıçıları ilə ümumilik təşkil edən ifadə vasitələri ilə də rastlaşırıq, lakin bu nəsrdə fərdi ifadə vasitələri daha çoxdur, zəngindir. Bu ümumiliyi, fərqliliyi, əlbəttə, gələcək tədqiqatçılar müəyyənləşdirə bilər.

Əli İldırımoğlunun nəsrində, sözün həqiqi mənasında, linqvistik materiallar həddən artıq çoxdur. Əli müəllim bu “materialları” cəmiyyətə çatdıra bilib. Onun nəsr dili və üslubunun spesifikliyini əlbəttə, həmin “materiallar” daha yaxşı üzə çıxara bilir.

Əli İldırımoğlunun nəsrinin dil amili xalq dilinə söykənir. Yazıçı düşüncələrini ifadə edəndə, obraz və personajların xarakterini yaradanda dilə son dərəcə önəm verir.

Əli İldırımoğlu dilinə nəzarət edən ədibdir, dilin qanunlarını mükəmməl şəkildə mənimsəyib. Məhz həm də buna görə onun “Zorən jurnalist” romanı ədəbi hadisəyə çevrilmişdir.

Sintaktik biçimlər sintaktik qanunların məcrasına sığır, cümlə modelləri oxucunu öz ardınca çəkib aparır:- “Mən hüquq elminin yox, ona maddi məqsədlər zəminində sahib olmaq istəyənlərin çirkin niyyətlərinin əleyhinəyəm-dedi.- Etiraf etməsən də, cavabından o nəticə çıxır ki, bu arzu sənin şöhrətpərəstliyindən, var-dövlət toplamaq, cah-calal içində yaşamaq amalından irəli gəlir. Ancaq unutma ki, baş verən faciələr, bütün fitnə-fəsadlar, peşmançılıqlar ən çox harın həyat tərzi sürmək ehtirasından törəyir. Lazım olduğundan artıq sərvət əldə etmək hərisliyi mütləq bədbəxçilik doğurur. Bu mənada hüquq fakültəsinə daxil ola bilməməyinə qətiyyən təəssüflənməzdim. Bəziləri güman edirlər ki, yalnız varlılar həyatda şan-şöhrət sahibi olurlar. Axmaq fikirdi. Mən isə əksini düşünürəm. Uatt, Franklin, Faradey, Qaliley, Kerler…kimi dahilər yoxsul ailələrdən çıxıblar. Kübar həyata can atmağın məni əsla açmır… Bir də ki, o cür yolun yolçularının qazandığı hörmət də, şöhrət də sabun köpüyü kimi bir şeydir”.

Xalqdan gələn ifadələr Ə.İldırımoğlunun nəsr dilinə əlvanlıq gətirir: “Allahverən əmi də, kəndçi babadır, səhərdən-axşamacan iynə ilə gor qazır. Onun bir heylə mağduru hardadır?”. “Çünki onların çörək ağacı cinayət və cinayətkarlardır. Bu mənhus ağacın barından bəhrələnənlər fəxrlə öyünüb özlərini xoşbəxtlərin xoşbəxti sayırlar”.

Mən “çörək ağacı”, “kəndçi baba”, “iynə ilə gor qazmaq”, “mağdur” ifadələrini  uşaqikən babamdan (o da rəncbər idi) eşitmişdim. “Mənhus ağac” ifadəsi isə, mənə elə gəlir ki, Əli müəllimin özünündür. Bu bardan bəhrələnənlər çoxdur. Əli müəllim obrazın dili ilə deyir ki, “oxuduqlarımla gördüklərimin arasında uçurumun dərinlikləri məni dəhşətə gətirir”. Həqiqətən də, həyatda yalan baş alıb gedir.

Əli İldırımoğlu insanla təbiət arasında assosiasiya yaradanda qurulmuş mətnin ekspressivliyi bir daha yüksəlir: “Allahverən əlik ayağından gödək sapı olan, toxunma şallağını havada tovladıqca, Qəmər at boynunu gərib, dağın sinəsindəki dolaylarda kəklik kimi səkirdi. Baş-başa verən çılpaq qaylalar, əks tərəfdəki meşələr, dərənin dibində hay-harayla baş alıb gedən dağ çayı, Qəmər atın yorğa yerişi onu təbə gətirirdi”.

Əli İldırımoğlunun “Zorən jurnalist”inin təhkiyə və obraz-personaj dilində xalq dilinin  sərbəstliyi və təbii-dağınıq nizamı ilə ədəbi normativlik xüsusi olaraq əlaqəyə girir. Kəndin məişətinə yaxından bələdlik Əli müəllimin başlıca cəhətlərindəndir ki, hər misrası, hər mətni adamı heyran qoyur. Məişət koloriti, kənd-kəsək motivi sanki dilə hoparaq təsirli lövhələri canlandırır.

Frazeoloji məkan  Əli müəllimin yaradıcılığında genişlənir, şaxələnir, vüsət alır. Əli müəllim xalqda mövcud olanı yeniləyir, təzə formada təqdim edir. Müəyyən bədii şəraitdə konkretləşdirir, improvizasiya edir.  O, frazeoloji mühitə də xalq dili zəmində yanaşır. Frazeoloji seçimlərdə ciddiyyət var: “dəryada gəmisi batmış”, “eyninə qaraltı gəlmək”, “gözünün ağı-qarası”, “dünyanın qaruş-quruş vaxtı”, “dağ boyda kişi”, “yolun ağı”, “buz baltası”, “atcıl adam”, “səsinin yoğun yeri”, “dəyintili söz-söhbət”, “qəlbindən daş kimi asılmaq”, “gözdən tük qapmaq”, “xəmirləri haramla yoğurulmaq”, “uşaq üzü əlləmək”, “kəndə dadanmaq”, “ağzını yoxlamaq”, “sözü büküb palazın altına qoymaq”, “haqq dünya, nahaq dünya”, “qənimət adam”, “günün duran vaxtı”, “yayın cırhacırı”, “kənd uşağı”, “qara qayğı”, “ifallı adam”, “dılğır bir kənd”, “yuxa qulağı sulamaq”, “gecənin qara kəfəni”, “başını girləmək”, “ilan dili çıxarmaq”, “gözəllik ədəbdir, gül camal deyil”, “xalxınkı birdir, amma pirdir”, “qonşu qızı gəmirçəkli olar”, “indi kəsək daşdan ağırdır”, “oldu it dəymiş ayran”, “arvad almaq asandır, ər olmaq çətin” və s.

O, yeni sözü morfoloji yolla da yaradır:  “Daşıqçı” sözünə bu romanda ilk dəfə rast gəldim. Daşımaq felindən yaranmışdır. Uğurlu sözdür: “Daşıqçılar şəhərə dönmədən, birbaşa kəndə yollandılar”. “Yolağa” sözü biz tərəflərdə də işlənir: “Allahverən kərəntisini götürdüyü yerdə Nazim qəfil yolağadan içəri girdi”.

Yazıçı, “ağ təpə”, “sarı təpə” və s. toponimləri üslubi məqamda işlətməyi də bacarır. Fəttah xəyalən o illərə qayıdır, həsrətli baxışları ilə Çiçəklinin axar-baxarını seyr edir, Həsənalı gölünü, Balaban təpəni, Ağca yazını, Qiblə daşını, Gəlin kahasını, Yazı bulağını gözünün qabağına gətirib, qarğı tütəyilə baş-başa verən qayaların lal sükutunu pozur və qəhərlənirdi…

“Zorən jurnalist”də müəllif özü toponim yarada bilib. Məsələn, Azərbaycanda hamı bilir ki, Çayqovuşan rayonu yoxdur. “Rektor qaşlarını çatıb maraqla soruşdu?- Hansı rayondansan? – Çayqovuşan rayonundan”.

Dövrə, zamana, cəmiyyətdəki qayda-qanunlara qarşı daxili narazılığı romanda əsas yerlərdən birini tutur. Sovet dövrünün imtahan sistemindəki özbaşınalıq, biliklərin düzgün qiymətləndirilməməsi haqlı olaraq ifşa olunur.

Təbiət təsvirləri obrazların əhvali-ruhiyyəsi ilə çulğalaşır, oxucuda əsərə qarşı marağı daha da artırır: “İsti meh, ara-bərəsində hacıleyləklər dolaşan çəltik zəmilərini sakit-sakit dalğalandırırdı. Çayın sahillərindəki bülövlənmiş daşlardan qoru sönməmiş təndirin ağzı kimi od qalxırdı”.

Ekspressiv sintaksisin imkanlarından bacarıqla istifadə etmişdir. O, cümlələri parsellərə bölmüş, qoşulma konstruksiyalardan maksimum bəhrələnmişdir: “Bu sirr Nazimin və Rəziyyənin hərdən rastlaşan lal baxışlarında sezilirdi. Bir də ki, hərtərəfli yarımış xoşbəxt şəhər qızıynan, sevgi dünyasının zənginliklərinə baş vurmaq üçün hələ qanadı bərkiməyən Çiçəkli qartalının xəfif təcəssümündə”.

Yazıçı belə üslubi fiqurun köməyi ilə nitqin dinamikliyi və lakonikliyini əldə edə bilmişdir. Ümumiləşdirmə nəticəsində qısa, lakonik strukturların yaranması dildə qənaət prinsipindən irəli gəlir.

Əli İldırımoğlunun dili, üslubu, istifadə etdiyi bədii-leksik, leksik-informatik vasitələr, bütövlükdə dil faktı son dərəcə ciddi elmi tədqiqatların mövzusudur. Əli müəllim itib-batan, unudulan, dil fondumuzdan silinib getməkdə olan sözlərə, ifadələrə, söz birləşmələrinə, cümlələrə özünəməxsus nəfəs, poetik özgürlük verir, eyni zamanda onları yeni biçimdə, yeni estetik və məntiqi mündəricədə təqdim edir. Onun ədəbiyyatımıza gətirdiyi atalar sözləri, idiomlar, xalqımızın    psixologiyasını, ümumiyyətlə insan təbiətinin zəngin, dərin qatlarını yaradan frazeoloji birləşmələr, qanadlı sözlər təkcə dilçi alimlərimiz üçün deyil, eyni zamanda əlinə yenicə qələm almış və bədii yaradıcılıq adlı ünvana üz tutmuş gənclərimiz üçün tədqiqat mənbəyi olmalıdır. Gənclərimiz, gənc qələm sahiblərimiz, çox istərdim ki, Əli müəllimin yaradıcılıq əhatəsində böyüsün, onun isti, həlim, doğma və munis aurasında nəfəs alıb formalaşsın. Çox istərdim, bu gün elm adına daha çox manipulyasiya ilə məşğul olan ali təhsil ocaqlarımızda, universitetlərimizdə Əli müəllimin əsərləri (xüsusən dili, üslubu) ayrıca bir kurs kimi tədris edilsin. Bu Azərbaycan dilinin öyrənilməsi, təbliği, dilimizin sehrinin, magiyasının, cazibə qüvvəsinin aşkarlanmasında böyük rol oynaya bilər. Ən nəhayət (özüm də daxil) dilçi alimlərimizə yönəlik demək istəyirəm ki, Əli müəllimin yaradıcılığına müraciət edin, dönə-dönə müraciət edin, onu tədqiqat obyektinə çevirin, inanın ki, Azərbaycan dilini yenidən kəşf edəcəksiniz, dil haqqında elmi araşdırmalarınız zəngiləşəcək, tədqiqatlarınıza, araşdırmalarınıza yeni elmi və estetik təravət gələcək, bu qüdrətli dilin necə zərif, zəngin olduğuna bir daha şahidlik edəcəksiniz.

30.06.2012.

Cahid İsmayıloğlu,
filologiya üzrə fəlsəfə doktoru
www.cahidismayiloglu.com

Mənbə: 525.az

“525-ci qəzet” 10 iyul 2012-ci il, çərşənbə axşamı № 120 (3676); ardı: “525-ci qəzet” 11 iyul 2012-ci il, çərşənbə axşamı № 121 (3676).

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com