www.aliildirimoglu.az

“Dərd” yükü

“ƏLDƏ İTİ QILINC VARINSA ƏGƏR...”

Tolstoy yazırdı ki, hətta zülmkara qarşı zülm etməyin özü də zülmkarlıqdı. Bu fikir Şillerin “Qaçaqlar”ında da bir daha əyani şəkildə təsdiq olunur. Əsərin qəh-rəmanı insanlara, cəmiyyətə xoşbəxtlik gətirmək üçün sonda üz tutduğu, güvən-diyi bir çox etiqaddan və qılıncdan imtina edir, zora qarşı zor işlətməkdən usanır.

Nizaminin “Xəmsə”sindən gələn ən böyük ideya “ədalətli şah” axtarışı yox, insan xoşbəxtliyi ideyası idi ki, bu da “cəmiyyət xoşbəxt olmasa, insan da xoşbəxt ola bilməz” prinsipindən ibarət idi.

Nizami Gəncəvi müdrikliyi qılıncı qandan ayırıb ədaləti bərpa etdi:
Əldə iti qılınc varınsa əgər,
Bu, qan axıtmağa dəlildir məgər?
Xoşbəxtlik uğrunda mübarizə həm də onu qoruyub saxlamağı bacarmağı da vacib saydı.

“İti qılınc” çox vaxt “iti qələmə” çevrildi. Ürəyində həqiqət olan adamlar insanlara xoşbəxtlik, cəmiyyətə xoşbəxtlik gətirmək üçün qılınc yerinə qələmlərini itilədilər və ömür-gün şamı közərənə qədər gözlərinin işığını, ürəklərinin yağını əritdilər, dünyaya meydan oxuyan şərə, şeytana, zülmə qarşı haqq davasına qalxdılar. Hansı cəmiyyətdə, hansı dövrdə yaşamaqlarından asılı olmayaraq, insanlara, cəmiyyətə xoşbəxtlik gətirmək istəyənlər haqqa, həqiqətə, xalqa sadiq qaldılar və xalqın taleyində heykəlləşdilər.

Belə “iti qələm” sahiblərindən biri də Əli müəllimdir. Əli İldırımoğlu daim özünə, sözünə, qələminə sadiq olduğu kimi, xalqa, haqqa sadiq olmağa çalışıb. Əlinə qələm aldığı gündən əzəmətli dağlar oğlu əzəmətli sözə bulaq sərinliyi, çeşmə saflığı, dağ havası gətirməyə can atıb. Neçə-neçə məqalə və oçerklərin-də adamları yaşamağa ruhlandırıb, yaratmağa həvəsləndirib.

Ürəkağrısıyla “Dərd”i yazdı Əli İldırımoğlu, “Çinarlı”nı əbədiləşdirdi, “Ya-zım, yazmayım” satirik hekayələrini, “Həmin adam” romanını qələmə aldı, “yüz gün kotanı işləyincə, bir gün bəxti işləyənlərə” qarşı öz sözünü dedi.

“Nazir və vəzir” povesti, “Qoca macgəl”, “Müharibə çörəyi”, “Saf adam” oxu-cular tərəfindən rəğbətlə qarşılandı. Əli İldırımoğlu sözdən-sözə, məqalədən-məqaləyə, hekayədən-hekayəyə keçdikcə, ömrünün yaş mərhələlərini aşıb ötdükcə bircə həqiqət zirvəsinə çatdı, o da qələmin axtarıb tapdığı, qayalara həkk edirmiş kimi yazdığı – söz, sözün varlığı, sözün kəsəri, sözün təsəllisi idi.

Ömrün söz ömrü qədər uzun olsun, Əli müəllim!

Teymur Çələbi, jurnalist
“İcmal” qəzeti, yanvar, 1997-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com