www.aliildirimoglu.az

“Həmin adam”la üz-üzə

HƏYATDAN GƏLƏN SƏSLƏR

Tutduğu vəzifədən sui-istifadə edən, çalışdığı kollektivdə quru rəsmiyyət xatirinə qəsdən gərginlik yaradan, adamları incidən, get-gələ salan, adi nəzakət qaydalarını belə gözləməyən “həmin adam” kimdir? Vilayət qəze-tində redaktor vəzifəsində çalışan Mirzə Kəpəzli. “Həmin adamlar” – yəni Mirzə Kəpəzlilər, Muxtar Mehdizadələr, Məşədi Cəfərzadələr, Eldərd Mər-danlılar, Xanlar Həmidbəyovlar, Dilavər Dərbəndlilər – bir sözlə, yazıçı-jur-nalist Əli İldırımoğlunun “Həmin adam” romanında ifşa olunan bürokratlar, həmyerlilər, qohumbazlar, işbazlar tanıdığımız adamlardır, necə deyərlər, cəmiyyətimizin üzdəniraq üzvləridir.

Əli İldırımoğlu təbiətən kəndə-kəsəyə, torpağa, elə-obaya bağlı adamdır. O, sənətinə qəlbən bağlı əsl müxbir ehtirası ilə dağdan vurub arandan çıxır, qələminin gücü, kəsəri ilə duzlu-məzəli felyetonlar, oçerklər, zarisovkalar, reportajlar yazır, haqqın, düzlüyün keşiyində cəfakeş kimi dayanır. Bəlkə də, elə bu zəhmətkeşlik, həyatın dibinə nüfuz eləmək bacarığı, müxtəlif sənət sahibləri ilə görüşlər onu zəruri bir ehtiyaca – roman yazmağa sövq edib. Özü də jurnalistlərin həyatından.

“Həmin adam” romanının ən böyük məziyyəti onun hadisələrlə, əhva-latlarla zəngin olmağındadır. Bu zənginlik, bu çoxluq pərakəndəlik, səliqə-sizlik yaratmayıb. Ən adi epizodların arasında bağlılıq var. Bütün bunlar romana tamlıq, bütövlük verib. Müəllif heç bir obrazın taleyinə biganə qalmır. Vilayət qəzetinin redaksiyasında adi işdə çalışan Cəvahir də, uzaq dağ kəndlərinin birində ömrünü-gününü təsərrüfata bağlayan el ağsaqqalı Əbiş də sadə adamların ümumiləşdirilmiş tipik surətləridir.

Qeyd etdiyimiz kimi “Həmin adam” romanında əsas surət Mirzə Kəpəz-lidir. Bütün hadisələr onun ətrafında cərəyan edir. Kəpəzli yaltaq, ikiüzlü, xudbin, məsul vəzifə hesabına şan-şöhrətə qalxmış, əlindən pislikdən başqa heç nə gəlməyən müasir “çinovnikdir”. Ancaq özü kimi adamları sevir, kollektivində çalışan istedadlı, işgüzar, savadlı işçiləri gözü götürmür. Hər vasitə ilə onları nəzərdən salmağa səy göstərir. Və beləliklə, redaksiyadakı sağlam ab-havanı boğur. O, çirkin əməllərini həyata keçirmək üçün idarədə dedi-qodu salır, ara qarışdırır, hər cür alçaqlığa əl atır. Guya, redaksiyada onun əlaltılarından başqa, heç kimin əməlli-başlı jurnalist səriştəsi yoxdur. Bütün bunlar vicdanlı, çörəyi daşdan çıxaran müxbirlər arasında narazılıq salır. Kimisi idarə başçısının bu özbaşınalığına, liberallığına dözür, susmaqla kifayətlənir. Kimisi də həyatını qurban verir (Nazim Sadıqzadənin ölümü), sağlamlığını itirir (Atababa Qocayevin xəstələnməsi).

Müəllif Kəpəzlinin xarakterini, savadsızlığını göstərmək üçün müxtəlif detallara əl atır. Bu mənada onun təcrübəli jurnalist Hüseyn Yusifli ilə dialoqu maraqlıdır.

Hüseyn Yusifli Kəpəzliyə yenicə çapdan çıxmış kitabını bağışlamaq istəyir. O, avtoqraf yazıb kitabı təqdim edəndə redaktor duruxur: “Bu nədir?” – deyə soruşur. “Son kitabımdır, oxuyarsınız”, – deyə həmkarına bildirir. Mir-zə Кəpəzli: “Oxumağa macal var? Yerindən qalxan kitab yazır, şeir uydurur. Hamısı da cəfəngiyyat”. Hüseyn Yusifli səbir edib dillənmir. Sonra Cəlil Məmmədquluzadəyə həsr olunmuş qəzet səhifəsini redaktorun qarşısına qoyur. Kəpəzli ulu sənətkarın şəklinə kinayə ilə baxır: – “Elə yazıçılardan biri də budur də, Cəlil Məmmədquluzadə! Bilmirəm nəyə görə onun tərifini bir belə göylərə qaldırırlar? Axı о nə yazıb-yaradıb? Bir “Danabaş kəndinin əhvalatı”dır, bir də ki, о, “Poçt qutusu”dur, nədir?!” Hüseyn Yusifli cavabında deyir: “Yox, yoldaş Kəpəzli, Cəlil Məmmədquluzadənin bir “Zırrama” hekayəsi də var”.

Torpaq haqqında məşhur bir el sözündə yaxşı deyilir: “Öldür məni, dirildim səni”. Yəni qolunu çırmala, işə giriş, torpağı şumla, ək, becər, о da əvəzində barı-bəhrəsi, min bir nemətilə sənin üzünü ağartsın. Bu mənada torpağa məhəbbət hissi, övlad sevgisi “Həmin adam” romanında hər sətirbaşı oxucunu saxlayır, onu əməlli-başlı düşünməyə məcbur edir. Yazıçı bədii priyomların, incə detalların vasitəsilə müxtəlif eyhamlar vurur: axı fakt faktdır, niyə də gizlədək. İllər boyu torpaqdan torpaq kimi istifadə olunmayıb. Bəzi təsərrüfat rəhbərləri plana, öhdəliyə uymuş, bol məhsul götürmək xatirinə torpağı müxtəlif gübrələrlə zəhərləmişlər. Bunun acı nəticələri hamımıza bəllidir. Bəzi rayonlarımızda əkin sahələri yararsız hala düşüb. “Diplomlu nadanlar” təsərrüfatları bildikləri kimi idarə edir, adamların taleləri ilə oynayırlar. Bəzən özünün həyətyanı sahəsini belə, qaydaya sala bilməyənlərə kolxoz sədri kimi vəzifələr tapşırılır (raykom katibi Məhəmməd Sadıqzadə ilə kolxoz sədrinin görüş səhnəsini yadınıza salın) və bu insanların təsərrüfatsızlığı o işə böyük zərbə vurur.

Romanın dili xalq ifadələri, atalar sözləri, zərb məsəllərlə zəngindir. Əgər müəllif müəyyən bir mənzərənin və yaxud kənd lövhəsinin təsvirində daha çox lirik ricətlərdən istifadə edirsə, dialoqları, əsasən, canlı danışıq dili üzərində qurur. Ona görə roman qəhrəmanlarının söhbətləri olduqca təbii alınıb.

Romanda bir maraqlı obraz da var. Bu, əslində insan obrazı deyil. Zaman, Vaxt, Məkan obrazıdır. Kim hansı günahı işlədir-işlətsin, kim necə qəbahət edir-etsin, fərqi yoxdu, bir gün hamının gözü qabağında etiraf səsini ucaltmalıdır. Öz axarı ilə gedən Zaman heç kimə “gözün üstə qaşın var” demir. Doğrudan da, bir gün etiraf günü çatır. Mərkəzdən ideoloji işlə bağlı yoxlama komissiyası gəlir. Bu komissiya hər şeyi doğru-dürüst öyrənir, işə ədalətlə baxır. Bürokrat qəzet redaktoru işdən azad olunur. Onun çıxarılmağı bir çox başqa tilsimləri də qırır. Deməli, romanın finalında “həmin adamların” əksəriyyəti suda üzən saman çöpünə dönürlər.

Əli İldırımoğlunun “Həmin adam” romanı jurnalistlərin həyatından yazılan yeganə əsər olmasa da, real hadisələrin bədii təcəssümünə, müşahi-dələrin dolğunluğuna və zənginliyinə görə başqa yazıçıların bu mövzuda yazdıqlarından fərqlənir. Filologiya elmləri doktoru, respublika Dövlət mükafatı laureatı Qasım Qasımzadə kitaba gözəl ön söz yazıb. Bu kiçik qeydlərimizi həmin ön sözdən gətirdiyimiz bir cümlə ilə tamamlamaq istə-yirik: “Həmin adam” Əli İldırımoğlunun – təcrübəli bir mətbuat işçisinin öz gənc həmkarlarına ibrətamiz sözüdür, tövsiyəsidir.

Ağacəfər Həsənli,
şair-jurnalist

“Sovet kəndi” qəzeti, 11 iyun 1988-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com