www.aliildirimoglu.az

Portretdən cizgilər ...

ÜRƏK ADAMI

Xalqımızın dərin məhəbbətini qazanmış, Azərbaycanın Əməkdar jurnalisti Əli İldırımoğlu ürək adamıdır. Biz Əli İldırımoğlu ilə 40 ildən artıqdır ki, dostluq-qardaşlıq edirik. Bu illərdə mən Əli İldırımoğlunu gecəli-gündüzlü tər axıdan, ömrünü zəhmətlə əridən, adamların əllərinin qabarına məlhəm qoyan, onlara mənəvi-insani kömək göstərən, zəhmət adamlarının dərdinə qalan və onların könlünü ürəklə alan fədakar, görkəmli jurnalist, mehriban, qayğıkeş insan kimi tanımışam.

Mənalı, kişi kimi ömür sürmək, öz zəhmətilə qurduğu həyatdan zövq alaraq yaşamaq bu keyfiyyətə malik olan hər kəsin haqqıdır.
Əli İldırımoğlu belə əməl sahiblərindəndir.

Əziz dostum Əli mehriban insan, sədaqətli dost, qayğıkeş ailə başçısıdır. Əlinin ömür-gün dostu Şəfiqə xanım bütün ömrünü ərinə, uşaqlarına həsr edib. Özləri kimi mehriban, ləyaqətli 5 övlad böyüdüb cəmiyyətə qoşmuşlar, ev-eşik ediblər, nəvə-nəticə sahibləridirlər.

Əli və Şəfiqə xanım elə bunun üçün də böyük ehtirama layiq insanlardır. Öz xalqına bütün varlığı ilə bağlanan, onun arzu və istəkləri, ümid və
dərdləri ilə yaşayan şəxsiyyətlər yaşadıqca ucalırlar.

Əli İldırımoğlu heç bir vaxt tək özü üçün yaşamamışdır. O, başqalarının sevincinə və kədərinə şərik olmuş, başqalarının həyat yollarında irəliləməsinə kömək etmiş, xalq səadəti üçün əlindən gələni əsirgəməmişdir.

Əli İldırımoğlu 50 ildən artıq mərkəzi mətbuat orqanlarında xüsusi müxbir kimi fəaliyyət göstərdiyi illərdə saysız-hesabsız məqalələr, felyetonlar, hekayələr yazmışdır. 1995-ci ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən çap olunmuş “Zorən jurnalist” romanı geniş xalq kütləsinin böyük rəğbətini, məhəbbətini qazanmışdır.

Əziz qardaşım Əli!

Allah öz istəkli bəndələrinin hamısına kaş sənin kimi dost bəxş edəydi. Çox yaşa, gözəl insan, ürək adamı!

Süleyman Ələsgərov

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com