www.aliildirimoglu.az

“Qarlı gecələr”in işığında...

ÖMÜR DƏ BİR NƏĞMƏDİR

Uzun müddət dövri mətbuatda çalışmış yazıçı-publisist, respublikanın əməkdar jurnalisti, “Qızıl qələm”, “Əbdürrəhim bəy Haqverdiyev”, “Ustad jurnalist”, “Ali Araz” mükafatları laureatı Əli İldırımoğlu, eyni zamanda bir çox ədəbi-bədii əsərlərin – yüzlərlə povest, hekayə, oçerk və felyetonların müəllifidir. Onun “Mayaklar”, “Yazım, yazmayım”, “Çinarlı”, “Dərd”, “Telepat”, “Silinməz izlər”, “Közərən sətirlər” adlı yazıları, “Həmin adam”, “Zorən jurnalist”, “Mənim rəncbər atam” romanları geniş oxucu auditoriyası tərəfindən maraq və rəğbətlə qarşılanmışdır.

Yazıçının bu günlərdə işıq üzü görmüş “Qarlı gecələr” adlı sanballı romanı oxuculara daha bir gözəl töhfəsidir. Müəllif özü bu əsər barədə belə yazır: “XXI əsrin astanasında ahıllıq dünyamı dolaşdım. Sakit, səssiz, aramla...

Eşitdiklərimdən, gördüklərimdən, üzləşdiklərimdən arzumca məmnunluq duymadım. Qəlbimin həssaslığını əzabverici hislər çulğaladı. Geri dönüb yarıməsrlik yol qət etdim. Uzaq düşmüş gəncliyimi arayıb-axtardım. Müəl-limliyimin son ilinə baş vurdum. Qələmimdə “Qarlı gecələr” sətirləndi...” Romanda təsvir edilən həyat lövhələri, önə çəkilən mənəvi-psixoloji prob-lemlər, xüsusən gənc nəslin təlim-tərbiyəsində, yetişməsində müəllimin, ailənin rolu cəmiyyət üçün həmişə aktualdır.

“Qarlı gecələr” avtobioqrafik romandır. Müəllifin gənclik xatirələri ruhun-da köklənmişdir. Əsərin qəhrəmanı – 22 yaşlı tarix müəllimi gənc müəllim-lərin ümumiləşdirilmiş surətidir. O, internat məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunur. Lakin iş yerində onu heç də gülər üzlə qarşılamırlar. Daha doğrusu, üzünə gülüb, arxasınca ayağının altını qazırlar. Amma mübarizə tez başlanır. O, ilk gündən işə həvəslə girişir və mahiyyət etibarilə qalib gəlir. Müəllif onun öz peşəsinə vurğunluğunu, özünə qarşı tələbkarlığını inandırıcı şəkildə təsvir edir. Lakin baş qəhrəmanı qətiyyən ideallaşdırmır. Onu əsər boyu həyatın neçə-neçə çətin sınaqlarından keçirir. Belə ağır sınaqlardan biri soyuq, qarlı qış gecəsi baş verir. Romanın qəhrəmanı üzləşdiyi çətinlikdən çıxmaq üçün müxtəlif yollar arayır. İlk olaraq atasını gözünün qabağına gətirir. Çünki ümidi bircə ona qalır... “Atam məni darda qoymaz”, – deyir. Düşünür ki, atası “son anda maldan-qoyundan, gəbə-kilimdən satıb altı min düzəldər. İnternatın borcunu ödəyib direktorun töhmət-tənəsindən qurtararam”. Lakin həmin andaca bu fikirdən vaz keçir.

Özü özünü danlamağa başlayır, “Adam ataya nə vaxtacan yük olar?!” – deyə düşünür. Bu səhnələr о qədər canlı, о qədər təsirlidir ki, həyəcansız oxumaq mümkün olmur və müəllifin sənətkarlığına heyran qalırsan. Yazıçı insan talelərinə son dərəcə həssas münasibət bəsləyir, belə məqamlarda o, bədii təsir vasitələrindən məharətlə, yüksək sənətkarlıqla istifadə edir, belə ki, əsəri oxuyub bitirdikdən sonra uzun müddət obrazların taleyi oxucunu dərindən-dərinə düşünməyə vadar edir. Romanda təsvir edilən hadisələr son dərəcə real və təbiidir. Burada lüzumsuz sözə rast gəlmirsən.

Təsvirlər bədii cəhətdən güclüdür və qəhrəmanların xarakterini açmağa kömək edir. Vətən torpağının, doğma yurdun hətta viran qalmış hər qarışının insan üçün nə qədər əziz və doğma olduğu “Qarlı gecələr”də daha qabarıq şəkildə öz əksini tapıb: “...Düzə çıxanda əsrarəngiz bir mənzərə ilə üzləşdim. Getdiyim yolun kənarı ağ, qırmızı, çəhrayı, sarı, göyümtül çiçəklərlə haşi-yələnmişdi. Göz işlədikcə yaşıl çöllər uzanıb gedirdi. Sağ tərəfdə tər çiçəkli yaşıl yoncalıqlar, yenicə sünbül bağlayan taxıl zəmiləri dalğalanırdı.

Sanki dünyanın bütün quşları bu yerlərin tamaşasına gəlmişdi. Onların cürbəcür dildə oxuduğu nəğmələr bir-birinə qarışıb bahar simfoniyası kimi kimsəsiz çöllərə yayılırdı. Deyilənə görə bir vaxt yalnız insanların yaşadığı ən xoş dəqiqələr onlara ömür sayılırmış. Mən bu anları ömrümün həmin xoş dəqiqələri hesab edirdim. Ancaq qəlbimin dərinliklərində bir nigarançılıq da dolaşırdı. Çünki nə sevinc, nə da ki kədər uzun sürmür. Mən ilıq və ətirli yaz havasında, səmənd atın belində, bu yaşıllıqlar diyarında irəliləyib, quşların səsini dinlədikcə özümü necə də xoşbəxt hesab edirdim. Lakin hərdən ürə-yimə damırdı ki, bunun bir çıxacağı ola bilər. Ümumiyyətlə, tam qayğısız olanda narahat hislər keçirirəm. Qayğısızlıq məndə qorxu şübhələri yaradır. Və mənə elə gəlir ki, insan hərtərəfli yarısa, müvazinətini itirər və sakit həyat sürə bilməz. Və bəzən ağlıma gələn başıma gəlirdi. Bu təbiət mənzərəsindən izahı çətin olan dərin bir zövq alsam da, ağlıma gələn qaraltılar məni tərk etmirdi”.

Kitaba “Ömür həsrəti” adlı son dərəcə maraqlı, müfəssəl və sanballı ön sözü yazmış Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə qeyd edir ki, “Qarlı gecə-lər” insan iradəsinin yenilməzliyi, şəxsiyyətin özünütəsdiqi haqqında birnə-fəsə yazılmış təravətli romandır... Roman böyük həyat materialına əsaslanır. Bu, sadəcə müşahidənin məhsulu olan material deyil. Bu, yaşanılmış həyatın faktlarıdır. Əli İldırımoğlunun “Qarlı gecələr”i yaşanılmış həyatın bədii təcəssümüdür. Bu əsərdə xatirə və həqiqət qoşa qanad kimi əsərin hüsnünü-üslubunu müəyyənləşdirir. Düşünürəm ki, əlavə şərhə ehtiyac yoxdur və bu kiçik qeydlərimi Əli İldırımoğlunun öz sözlərilə tamamlamaq istəyirəm: “Qarlı gecələr”dən sonra bahar gəlir. Kimin neçənci baharıdır bilmirəm. Onu bilirəm ki, mənim yetmiş yeddinci baharımdı. Ömrümün müdriklik, həssas-lıq, kövrəklik, gərəkli-gərəksiz çağları. Çoxum gedib azım qalsa da, gənclik, yaşayıb-yaratmaq ehtirasım sönməyib. Qəlbimdə, düşüncələrimdə, arzula-rımda dolaşan neçə-neçə əsər qələmimin intizarındadır. Və ona görə də Tanrı əlini üstümdən çəkmir. Ötən əsrin əvvəllərindən qolumdan yapışıb zaval-lardan hifz edə-edə yeni əsrə gətirib çıxardıb. Şükür! Yaradanımdan gileyli deyiləm.

Zahid Balayev

“Respublika” qəzeti, 26 avqust 2004-cü il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com