www.aliildirimoglu.az

“Silinməz izlər”lə

YADDAŞIN SİLİNMƏZ İZLƏRİ

Əli İldırımoğlu imzasının nüfuzu qələm adamlarına, oxuculara yaxşı məlumdur. Bu imza özünə hörmət, oxucuya hörmət əxlaqına söykənir. Yeri gəlmişkən, qeyd edək ki, cavan jurnalistlərimizdə bəzən yazı səriştəsi çatış-mır. Məhz Əli İldırımoğlu imzasından, onun saysız-hesabsız məqalələrindən gənclərimiz qələm əxlaqını, tənqid əxlaqını, tərbiyə normalarını, ölçü-biçini öyrənməlidirlər və öyrənirlər.

Bütün yaradıcılığı boyu, necə deyərlər, qətrə-qətrə jurnalist adına hörmət qazandıran, bu adı ucalardan uca tutan Əli İldırımoğlunun oçerkləri real mühitimizdəki yaxın dövrümüzün yaddaşı, müasir həmsöhbətlərimiz, keç-diyimiz yola tökülən yarpaq izləridir. Bu oçerklər ayrı-ayrı illərin töhfəsidir. Müxtəlif peşə sahiblərinin xarakterik cizgiləri, müxtəlif insan taleləri, təqdim edilən konkret fərdlərin dolğun, əhatəli obrazı oxucu ilə səmimi dialoq yaradır, onu müəyyən zaman-məkan çərçivəsinə, dünyasına çəkib aparır.

Oçerklər, əsasən, sadə adamlardan, onların ətraf mühit, həyat və iş barədə dü-şüncələrindən, dünyaya və insanlara təmənnasız, saf, təmiz münasibətlərindən, halal ömürlərindən söhbət açır. Mündəricə cəhətdən müxtəlif olan oçerkləri bir-birinə bağlayan möhkəm daxili bağlar var. Bu oçerklərin qəhrəmanları Əli İldırımoğlu qələminin seçib-sonaladığı el adamlarıdır. Və xalqın aparıcı, mənəvi-əxlaqi keyfiyyətlərini özündə birləşdirən, onu yaşadan hörmət-izzət yiyələridir.

Çoban Sultanağanın (“Sultanağa”) pıçıldadığı həqiqətlər bizi torpağı sevməyə səsləyir: “Bu çöllər məktəbim, kitablar da müəllimim olub”. Süvar nənənin nəsihəti (“Süvar nənənin ümid işığı”) isə boş qalmış yuvalara, yiyə-siz, kimsəsiz dərd yerlərini abad etməyə çağırır: “Məni dərd alıb ki, belə getsə Pirvahid dünya üzündən silinəcək, oğul, – deyir. – Bir qeyrətli kişi tapılmır ki, irəli çıxıb bu kəndə sahiblik eləsin, kəndin gedənlərini qaytarsın”.

Hər bir oçerkin özünəməxsus xüsusiyyətləri olduğu kimi, hər birinin də təlqin etdiyi ideyalar var. Bu ideyalar ata-babaların bizə miras qoyub getdiyi, bizim yaşamağa borclu olduğumuz yüksək, yalnız xalqımıza xas olan ulu, ədəbi-əzəli əxlaqi ideyalardır. Hər bir qəhrəmanın simasında belə yüksək əxlaqi ucalıqları dönə-dönə məxsusi qələmiylə təqdim edən Əli İldırımoğlu elə bil zamanın gərdişində, hər şeyin tez-tez dəyişdiyi günlərdə yaddaşımızı oyatmağa, itirməməyə çağırır, bizə özümüzü, kökümüzü tanıdır.

Belə bir ədəbi-publisistik ovqat, sosial-mənəvi əhval-ruhiyyə Əli İldı-rımoğlu qələmindən çıxmış oçerklərin, demək olar ki, hamısı üçün xarak-terikdir. “Süvar nənənin ümid işığı”, “Qarabağın çiçəkləri”, “Məğrur baxışlar”, “Elin mərdi olsa...”, “Qayğı göstər, uğur qazan”, “Dostluq kara gəlir”, “Büllur bulaq”, “Aygünlünün çiçəkləri”, “El qızları” və başqa onlarla oçerk bu mənada yaşadığımız dövrün, mühitin, təmasda olduğumuz insan-ların, soydaşlarımızın, yaxın keçmişimizin bədii-publisistik salnaməsidir. Bu əsərlər daha çox nə ilə səciyyəvidir? Hansı mənəvi-estetik kamilliklərilə yaddaqalandır? Hər şeydən öncə, həyat hadisələrinin real, obrazlı, yerli-yataqlı təqdimatıyla. Əli İldırımoğlu real, həyati lövhələri son dərəcə dəqiq və iti jurnalist müşahidələrilə arayıb açır, onu bədii təfəkkürün süzgəcindən keçirir, oxucusuna tam kamil bir ədəbi-publisistik nümunə təqdim edir.

Həyatın özü qədər şirin, canlı və təravətli təhkiyə üslubu, zəngin, lokanik dil və üslub, qəhrəmanların zahiri və daxili portretində bir-birini tamamlayan harmoniya, mənəvi və estetik kamillik oçerklərin özəyini, mayasını təşkil edir ki, bu da onu oxucunun sevimlisinə çevirir.

Jurnalistika ilə məşğul olanlar bu sənətin nə dərəcədə çətin və məsuliyyətli olduğunu yaxşı dərk edirlər. Xüsusən geniş profilli publisistika, jurnalistika-nın bədii janrı sayılan oçerk və felyeton yaradıcılığı həssas münasibət tələb edir. Janrın səciyyəvi keyfiyyəti kimi oçerk və felyetonda bədiiliklə konkret-lik, dəqiqlik, faktiki materiala sadiqlik incə formada əriş-arğac kimi qovuşmalıdır. Belə olmayanda həmin nümunə ya həddən artıq təmtəraqlı, dırnaqarası bədiilikdən ibarət olub cümləpərdazlığa çevriləcək, nəticədə di-letant söz yığını alınacaq, yaxud da ki, həqiqət bədiilikdən uzaq, quru, sxe-matik, hətta sxolastik fakt yığımından başqa bir şey olmayacaqdır. Bədii yaradıcılıqda – hekayə, povest yaradıcılığında bu məqsədlə ədəbi imkanlar çoxdur, bədii forma və üsullar zəngindir. Ən adicə sözün sətiraltı mənası üçün ədəbi səma və bədii yaradıcılıq üfüqləri genişdir. Oçerkdə, publisistikada bu genişlik faktik və real həyat hadisələrinin sərt çərçivələri həddindədir. Əli İldırımoğlu yaradıcılığında isə bu sərhədlər o dərəcədə plastik ustalıqla qovuşur ki, bədiiliyin harada başladığını, harada qurtardığını faktiki, yaxud real həyat hadisələrinin bədiiliyin sərhədlərinə necə yaxınlaşdığını, yaxud ona qovuşduğunu bəzən həssas oxucu da hiss etmir.

Əli İldırımoğlu novator-jurnalist, novator-yazıçıdır. Xüsusən publisis-tikaya, oçerk və felyeton yaradıcılığına gətirdiyi yeniliklər onun Azərbaycan mətbuatı qarşısında böyük xidmətlərini səciyyələndirir. Əli müəllim oçerk və felyeton janrında müəyyən dövrlərdə formalaşmış stereotipləri cəsarətlə dağıtmış, bu janrlara yeni ab-hava gətirmişdir. Oçerk yaradıcılığına hekayə, yaxud kiçik povest kimi yanaşan və bütün nümunələrini yaradan müəllif fel-yetonu da quru sarkazmdan, şit gülüş və laqqırtıdan uzaqlaşdırmağa çalışmış, yazdığı silsilə felyetonlarla janrın yeni nümunələrini yaratmışdır. Bu oçerk və felyetonların hər biri özünəməxsus süjetə, bədii arxitektonikaya, struktura, obrazlar qalereyasına, kamil qəhrəmanlara, xarakterlərə malik bitkin ədəbi-publisistik nümunələrdir. Əli İldırımoğlu bu əsərlərin hər birinin üzərində zərgər dəqiqliyi ilə işləmiş, forma və məzmun kamilliyinə nail olmuşdur. Yaradıcılığı boyu 500-dən çox oçerk qələmə almış publisist üçün bunun nə qədər çətin və əzablı iş olduğu göz önündədir. Yaradıcılıqda, xüsusən oçerk yaradıcılığında bu şəkildə özünü təkrar etməmək, yeknəsəqlik yaratmadan hər dəfə yeni obrazlı yanaşma üsulu tapmaq heç də hər jurnalistə, hər sənət-kara nəsib olan keyfiyyət deyil. Bu əsərlərin yaranmasının zaman məsafəsini nəzərə alanda, yəni 40–50 illik yaradıcılıq dövründə müəllifin oçerklərdə özünü təkrar etməməsi heyrət doğurur. Oçerklərə hər dəfə orijinal sərlövhə seçməyin özü belə böyük istedad, fəhm, yazıçı intuisiyası və məsuliyyət tələb edir. Əli İldırımoğlu yaradıcılığı boyu bütün bunlara sədaqətini sübut etmişdir.

Əli İldırımoğlunun oçerklərinin poetikası, sənətkarlıq xüsusiyyətləri haqqında danışarkən bir məsələni qeyd-şərtsiz nəzərə çarpdırmaq gərəkdir: bütün oçerkləri oxuyan səbirli və həssas oxucu görəcəkdir ki, əsər tam, bütöv təsiri bağışlayır. Müəllif oçerklərin hamısında əvvəlcə müəyyən psixoloji hazırlıq görür, oxucunu təqdim edəcəyi aləmə birdən-birə aparmır, onu daxilən hazırlayır. O, Əli İldırımoğlu qəhrəmanları ilə çoxdanın doğması kimi qaynayıb-qarışır. Müəllif isə “pərdə arxasında” qalır, görünür, bu da yazıçı-publisist Əli İldırımoğlu qələminin ustalığına dəlalət edir. Qəh-rəmanların psixoloji anlarının, keçirdiyi hiss və həyəcanların açılması üçün zərgər dəqiqliyi ilə seçilmiş ayrı-ayrı ifadələr, ölçülü-biçili sözlər, konkret ovqatı əyaniləşdirən təşbehlər bütövlükdə oçerkləri monotonluqdan uzaq-laşdırır.

Kitabda toplanan əsərlərin poetikasından söz açanda yazıçının dili, üslubu, obrazlı deyim tərzi üzərində xüsusi dayanmaq lazımdır. Ədəbiyyatın, yazı sənətinin gücü, vüsəti yazıçının dilindədir. Bu poetik fakt Əli İldırımoğlu yaradıcılığının ən işıqlı cəhətlərindəndir. Əli müəllimin dili Azərbaycan folk-lor dilinin pozulmaz, silinməz, həmişəcavan ənənələrindən bəhrələnir. Hər ifadəsi, hər sözü, hər cümləsi obrazlı düşüncə tərzinin məhsulu olan yazıçının dili sanki xalq ensiklopediyasıdır. Bu fakt doğma dilimizin yad ünsürlər tərəfindən intensiv şəkildə təcavüzə məruz qaldığı, xüsusən bu gün son dərəcə önəmli və vacibdir. Əli müəllimin əsərləri bu gün sanki bizə öz dil-imizi öyrədən dərslikdir. Azərbaycan dilinin şirinliyi, şəhd-şəkəri bu əsərlərin sətirləri arasından süzülür. Əli müəllim çoxlarının unutduğu, yaddan çıxardığı ifadələri, kəlmələri yenidən həyata qaytarır, onları yaddaşımızın canlı atribu-tuna çevirir. Demək olar ki, Əli İldırımoğlu yaradıcılığının poetikasının da elə başlıca atributu dildir, bizim doğma Azərbaycan dili.

Qeyd etmişdik ki, Əli İldırımoğlunun oçerkləri müxtəlif illərin məh-suludur. Buna görə də həm də təbiidir ki, oçerk yazılan ilin izi açıq-aydın görünür. Oxucunun bu oçerklərə müasir tələblərlə yanaşması onun tarixi konkret zaman-məkan kontekstindən qavrayıb qiymətləndirməsinə, bizcə, mane olmamalıdır.

İndi oçerkin az qala unudulduğu, yazılmadığı bir vaxtda “Silinməz izlər” adlı oçerklər toplusunun işıq üzü görməsi də təsadüfi deyil və Əli İldırımoğlu elə bil müasir jurnalistlərimizi qiymətli, nurlu adamları görməyə, onların obrazını yaratmağa çağırır. Bir həqiqətdir ki, zamanın müxtəlif kəsiklərində insanın fəaliyyəti, dünyabaxışı, mənəvi-əxlaqi dəyərlər, onlara münasibət də müxtəlif olur. Əli İldırımoğlu qəhrəmanları da, onların əhatə olunduğu mühit də həmin vaxt kəsiyinin yetirmələridir.

Böyük filosof Sokrat deyərdi: “Danış, səni görüm...” Kitabda toplanmış əsərləri oxuduqca, hər şeydən öncə, müəllifin özünü görür, onun şəxsiyyəti, mənəviyyatı, əxlaqı barədə təsəvvürlərimiz bitkinləşir. Əslində, bu əsərlərin baş qəhrəmanı Əli İldırımoğlunun özüdür. Çünki ədəbi material, hər şeydən öncə, yazıçı şəxsiyyətinin tərcümanıdır. Bu sətirlərin arasında da bizim hamımızın yaxşı tanıdığı, hörmət etdiyi əzəmətli Əli İldırımoğlu imzası, onun ləyaqətli, vüqarlı siması, bütöv, yenilməz şəxsiyyəti, təmiz ədəbi vicdanı boy göstərir.

Loğman Rəşidzadə, yazıçı-publisist

2 oktyabr 1997-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com