www.aliildirimoglu.az

Həqiqətən “daşları yığmaq vaxtıdı”

Son 20 ildə bu qədər maraqla oxudugum ikinci bir kitabın adını deməkdə çətinlik çəkərəm. Söhbət “Daş yağan gün” romanından gedir. Yazıçı Əli İldırımoğlunun əsərləri həmişə maraqla oxunub. Onun “Zorən jurnalist”, “Közərən ocaqlar”, “Mənim rəncbər atam”, “Aqibət”, “Qarlı gecələr” romanları, eləcə də bu silsilədən olan povest və hekayələri zaman-zaman məndə dərin maraq doğurub, kütləvi oxucu rəğbəti qazanıb. Adını çəkdiyimiz romanlarda da qoyulan məsələlər, yazıçının hədəf seçdiyi problemlər bir-birinə oxşar olsalar da, həm də tamamilə fərqli dünyaları bir-birinə qovuşduran bədii sənət nümunələridir. Ümumiyyətlə, yazıçı Əli İldırımoğlu sözü və sənəti sonadək qoruya bilən sənətkarlardandır. Söz, sənət qorunduqca  insanın ömrü də uzanır. Ömrü uzadan yazıçıların, şairlərin adı sıralansaydı, yəqin ki, o sırada Əli İldırımoğlunun adı öncüllər cərgəsində olardı.
“Daş yağan gün” romanını gün ərzində oxuyub qurtardım. Kitab haqqında təəssuratlarımı isti-isti yazsaydım daha yaxşı olardı. Ancaq üstündən neçə gün keçəndən sonra yaza bildim. Əlbəttə, dərhal əsərə münasibət bildirmək imkanım olsaydı hisslərim daha təbii görünərdi. Bir də ki, hər hansı əsəri oxuyub qurtardıqdan sonra üstündən müəyyən bir müddət keçir və əsərdəki hadisələrin gedişatını unutmalı olursan. Yadında qalan yalnız əsərdən aldığın bədii zövqü ifadə edə biləcək hisslər və düşüncələr olur.
“Daş yağan gün” romanını ədəbi təhlilə çəkmək fikrim yoxdur. Onsuz da əsər bədii cəhətdən gözəldir və oxuyan hər kəsi daxilən səfərbər etmək gücündədir. Onu da deyim ki, əsəri dəyərləndirmək üçün  ön sözdə qeyd olunduğu kimi, kitabdan uzun-uzadı sitatlar gətirib onu oxucuya yenidən təqdim etməyə lüzum yoxdur. Fəqət, bəzən əsərdən müəyyən iqtibaslara da söykənməsən, fikrinə aydınlıq gətirə bilmirsən. Ən səmimisi odur ki, oxuduğun hər hansı bədii əsərin sənə nə verdiyini izah edə biləsən. Bu “izah etmək” də müəyyən çərçivədə olmamalı, hər hansı həcmi, qədəri nəzərə alınmalıdır. Ola bilər ki, sən fikrini bir abzasla diqqətə çatdırasan, ola bilər ki, təəssuratın daha geniş olsun. Açığı, “Daş yağan gün” romanından yaddaşıma yazılanların bir adı var desəm, həqiqəti demiş olaram. O həqiqətin adı ağrıdır. İndi mən o ağrıların bəzi məqamlarına qısa da olsa aydınlıq gətirmək istəyirəm.
Məlumdur ki, ermənilər türklərə, o cümlədən azəri millətinə  qarşı həmişə kin-küdurətli olublar. Fürsət düşən kimi xəyanətkarlıqla öz məkrli niyyətlərini  həyata keçiriblər. Bu gün olduğu kimi, XX əsrin əvvəllərində də bu xain, xəyanətkar varlıqlar, insan qanına susamış erməni cəlladları neçə-neçə Azərbaycan kəndini yer üzündən silmişlər. İndi o kəndlərin, o obaların, o oymaqların tarixdə quruca adı qalıb. Yazıçı Əli İldırımoğlu da erməni vandalizminə tuş gəlmiş dədə-baba yurdu olan Həsənli kəndinin taleyini  bu günün oxucusuna böyük ürək ağrısı ilə çatdırır. Hadisələr yazıçının qələmində olduqca canlı və təbii boyalarla işlənmişdir. Hətta o qədər ki, özünü həmin hadisələrin içində hiss edirsən. Sanki əsərin qəhrəmanı Nəcəf və ona həmişə pasiban olan, dərdinə şərik çıxan o balaca ağıllı uşaqla bir yerdəsən. Nəcəf kimdir? Nəcəf ermənilər tərəfindən ata-anası, yaxın qohum-əqrəbalarının bir çoxu  qətlə yetirilmiş yetim bir uşaqdır. Nəcəfin əmisi o qanlı illərdə onu bələkdə ikən öz beşiyindən götürüb qaçırdaraq erməni gülləsindən, neçə-neçə hamilə qadının qarnını yırtmış erməni süngüsündən xilas edib. Beləcə Nəcəf əmisinin himayədarlığında böyüməli olub. Ən faciəli tərəfi isə Nəcəfin körpə ikən valideynlərini itirməsi də deyil. Nəcəfin başqa bir faciəsi onda başlayır ki, o, nadan əmisinin himayəsində olur. Yaxşı bir xalq misalı var: “Heç kafər də başqasının ümidinə qalmasın”. Nəcəf böyüdükcə, ağlı kəsdikcə əmisi etdiyi yaxşılığı hey onun başına qaxır:  “Səni mən xilas etdim.Yoxsa indi sümüklərin də torpaq altda çürümüşdü”. Bunları Nəcəfə ona görə tez-tez xatırladır ki, bu tifil uşağa  daha çox zülm versin. Hər dəfə də əmisinin zülmünə etiraz etmək istəyəndə, yenidən əmisinin “xeyirxahlığı” Nəcəfin başına ağır bir zərbə kimi dəyir...
Romanda erməni təcavüzünü, erməni işğalını ədəbiyyatın dili ilə beyinlərə yeritmək əsas məqsəd kimi güdülsə də, yazıçı ən müxtəlif mənzərələrdə insan psixologiyasının dərinliklərinə enərək insanın hər üzünü bütün əlvanlığı ilə ortaya qoymaqdan ötəri böyük istedadla qələm işlədir. Ən xeyirxah insanın belə qəflətən dönüb namərdcəsinə atdığı addımlar da yazıçının dəqiq müşahidələri kimi ortaya çıxır. Əsərin əsas keyfiyyətlərindən biri də tərəkəmə, elat dünyasının mənəvi zənginliyini, sözübütövlüyünü diqqətə çatdırmaqdır. Yazıçı elat dünyasını əlvan boyalarla işləyərək ən incə detallarına kimi əsər boyu obrazların daxili dünyasında göstərib. O cümlədən əmisinin sürüsünü otaran, bu sürünü yaylağa, qışlağa aparan Nəcəf obrazı da sədaqətli bir obraz kimi oxuduğumuz bu əsərdən bizə yadigar qalır. O, ulusuna, kəndinə-kəsəyinə, öz işinə-gücünə sədaqətlidir. Yalan danışmağı sevmir, riyakar deyil, ona tapşırılan işin öhdəsindən ləyaqətlə gəlməyi bacarır. Nəcəfin bu dünyada yeganə bir simsarı var ki, o da əsərdə ağıllı bir uşaq kimi təqdim olunub. Adsız-filansız, sadəcə elə uşaq kimi. Ancaq əsəri oxuduqca düşünürsən ki, Nəcəfin taleyinə acıyan bu ağıllı uşaq, elə yazıçının özüdür. Kitabın sonuncu səhifəsinə kimi bu zəkalı uşağın kimliyi barədə düşüncələrdən, davranışından yaxa qurtara bilmirsən. Və nə yaxşı ki, son səhifələrdə tam əmin olursan ki, elə həqiqətən də o uşaq “Daş yağan gün” romanının müəllifi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi ağsaqqal yazıçımız Əli İldırımoğludur.
Təsirli səhnələrdən biri də, Nəcəfin dostu olan həmin o ağıllı uşağın yaddaşında yaşayan qədim Həsənli kəndinin - ermənilərin altını üstünə çevirdiyi, viran qoyduğu o oymağın xəlvət bir dərədə çağlayan bulağın başında palçıq və gildən maketini düzəltməsidir. Uşaq təsəvvüründə canlandırdığı kəndin məscidini də, dəyirmanını da, məktəbini də  gildən, palçıqdan  yoğurub yapır. Ən maraqlısı isə palçıq və gildən bu kəndi amansız erməni hücumlarından qorumaq üçün əsgərlər də düzəldir. Və bu əsgərləri öz düşüncəsinə uyğun strateji nöqtələrdə yerləşdirir. Əsərdə bu mənzərəni təsvir edən səhnələri oxuduqca insanın tarixi yaddaşı oyanır. Təkcə bu gündən dünənə, yaxud bir əsr o yana boylanan tarixi yaddaşdan söhbət getmir. Minillikləri oyadan yaddaşı silkələyir yazıçı. Və bu fonda oxucu bütün varlığı ilə, bütün hissiyyatı ilə düşüncələr aləminə qapılaraq haqqı nahaqdan zərgər dəqiqliyi ilə seçib ayırmağa çalışır. Oxucu beynində yeni işıq doğulur. Həmin işıq tarixi həqiqətin yolunu göstərir. Bax budur sənətin gücü, bax budur həqiqi yazıçıya ilham verən oxucu dəyəri. Etiraf edim ki, əsərdən aldığım təəssuratları dilə gətirdikcə qələmimin çox zəif olduğunu hiss edirəm. Çünki başa düşürəm ki, yazıçının mənə danışdıqlarını həmin duyğu ilə, həmin sənət ehtirası ilə mən öz oxucuma danışa bilmirəm...
Əlbəttə, mənim ifadələrim çox soyuq görünə bilər. Ancaq əsəri oxuduğum anlarda bu soyuq görünən ifadələri yaradan hisslər çox qaynar idi. Ən azı biz də böyük faciənin - erməni işğalının, erməni təcavüzünün qurbanlarıyıq. Doğma torpaqlarımız yağı əlindədir. Bu gün Azərbaycanda Nəcəf kimi yüzlərlə acı taleli uşaq və yeniyetmə  var. Ata-anasından zorla məhrum olmuş, bütün doğmalarını itirmiş belə yetimlərlə məmləkətimiz doludur. Neçə il bundan qabaq bir tədbirdə tribunaya qalxan bir uşaq öz ədaləti uğrunda sanki döyüşə çıxmışdı. Onun gözləri kor idi. O uşaq qalxdığı tribunadan ürək yanğısı ilə bir şeir oxudu və sonda üz tutdu salonda əyləşənlərə. “Mənim gözlərimi verin” - dedi. Ermənilərin əbədi şikəst etdiyi, işgəncələrə məruz qoyduğu o qızcığazın məşum tələbləri qarşısında kim duruş gətirə bilərdi? Və heç kəs də o uşağın gözünün işığını qaytarmaq gücündə deyildi. Göydən daş niyə yağmasın?! Yazıçı niyə əsərin adını daş yağan gün qoymasın? Qədim müdriklər daşlar haqqında deyilmiş bu ifadəni iki anlamda işlədərmişlər. Bir daşların yağmaq vaxtı, bir də daşları yığmaq vaxtı. Çox maraqlıdır, daş nə vaxt yağır, ya da göydən başımıza tökülən o daşlar bəs nə vaxt yığılır. Zənnimcə ipin bir ucunda yerə-göyə sığmayan haqsızlıq, o biri ucunda haqsızlığa etiraz dolu qəzəbli baxışlar düyünlənib. Daşları yığmaq vaxtı çatıbsa  bu iki tərəf kəllə-kəlləyə gəlməlidir. Haqlı haqsızın qanını tökməlidir. Haqsızın qanı müqəddəs deyil axı. İnsanın qüdrəti çatarsa o qanın üstündən tapdayıb keçməlidir. Hərçənd ki, İslam aləmində ən mənfur düşmənə belə güzəşt yeri qoyulub. Böyük İslam Peyğəmbəri - “düşməninizlə də yaxşı rəftar edin, əsirlərə toxunmayın, onları yedirdin, içirdin, özünüzün rahat evinizdə onlara da sığınacaq verin” deyə buyursa da şər əbədi olaraq bədxahdır və bu bədxahlıq xeyirxahlıqla heç bir zaman barışmayıb, barışmayacaq da. Xeyir nə qədər humanistlik göstərsə də əvəzində şər o qədər zalımlıq göstərib. Azərbaycanın çox gənc filosoflarından birinin bu məqamla səsləşən yaxşı fikri yadımdadır. “Şər arxayındır ki, xeyir həmişə humanistdir”. Belə çıxır ki, xeyirə qarşı həmişə təcavüz etmək olar. Ona xəyanət etmək üçün  fürsəti əslində xeyirxah qüvvələr özləri yaradır. Və yazıçının da gücü orasındadır ki, əsərdə bu məsələni kifayət qədər qabardıb. Bu bir ideya kimi əsərin bütünlüklə canına yeridilib. Ancaq yenə də əsər faciə ilə bitir. Əsərin qəhrəmanının ölümü mənim üçün faciə deyil. Faciə odur ki, taleyini axıra qədər izlədiyimiz Nəcəf sonda yenə də aldanır. Özü də kimə - yenə də erməniyə. Dəfələrlə erməni xəyanəti görmüş, hətta yaşadığı acı taleyi də ona ömür payı kimi bəxş etmiş erməniyə inanmaq hissləri Nəcəfi son anda da güdaza verir. Müəllif bir daha bizə xatırlatmaq istəyir ki, tarix boyu məkrli düşmən bizi hiyləgərliklə aldadaraq vətənimizi bölük-bölük edib. Torpaqlarımızda daş üstə daş qoymayıblar. Minilliklər yadigarı olan tarixi abidələrin, türk dünyasının əzəmətini təsdiq edən maddi mədəniyyət nümunələrinin izini-tozunu da itirməyə çalışaraq istədiklərinə də nail olublar. Məqsəd isə həmişə eyni olub. Hər bir həmlədə yeni-yeni Azərbaycan torpaqlarını qəsb etmək, yeni-yeni Azərbaycan kəndlərini yandırmaq, talamaq, soydaşlarımıza divan tutmaq və s.
Azərbaycan ədəbiyyatında erməni obrazları tarixən çox işlənib. Əli İldırımoğlunun oxuduğum bu əsərindəki erməni obrazları isə tamam fərqli müstəvidə oxucuya təqdim olunub. Əsərdəki erməni obrazları riyakar düşmənin əsl mənəvi simasına sözün həqiqi mənasında güzgü tuta bilir. Ermənilərin xalq qəhrəmanı kimi tanıtdırmaq istədikləri qaniçən Andranikin adaşı olan obrazı müəllif son dərəcə dəqiq detallarla, erməni xislətinə uyğun həqiqi boyalarla oxucuya çatdıra bilib. Əsərin bir yerində Andranik demokratik təbiətli bir gürcü ziyalısı ilə qarşılaşır. Onların söhbətindən oxucuya bir çox mətləblər aydın olur:
“...Andranik gördü ki, kupe yoldaşı tamam başqa əqidəli adamdır. Bildiyini dədəsinə də verən deyil.  Onu fikrindən döndərmək olmaz. Odur ki, düz Eduardın gözlərinin içinə baxaraq rişxəndlə:

Nə bilirsən, de gəlsin, siz kəndini yandırdığımız müsəlmanlar kimi yaman qərəzli danışırsınız. Buyurun, eşidirəm, - dedi. – Ancaq rica edirəm, əndazəni aşıb təhqirə keçməyəsiniz. Bəri başdan onu da deyim ki, bu cür uydurma sözlərlə məni yolumdan döndərə biləcəyinizi ağlınıza belə gətirməyin və açığını deyim ki, gürcü olmağınıza, ermənilərlə qohumluğunuza, müqəddəs xaça etiqad etməyinizə qəti şübhəm var. Tam əminəm ki, damarlarınızdan türk qanı axır. Xaçpərəstlikdən uzaq bir adamsınız. Yoxsa şərəfli adını daşıdığım yüzlərlə Azərbaycan kəndini alt-üst eləyən əfsanəvi qəhrəman barədə bu cür zəhlətökən ibarələr uydurmazdınız.

Hörmətli Andranik! Mənim yol yoldaşım, din qardaşım, siz tarixi həqiqəti, təkzibolunmaz obyektiv gerçəkliyi təhqirlə qarışdırırsınız. Mən isə sizin xoşunuza gəlib-gəlməməsindən asılı olmayaraq tarixi faktlara əsaslanıb olanı deyirəm. Və xahiş edirəm, mənim xaçpərəstliyimə şəkk-şübhəniz olmasın. Sizin başa düşdüyünüz kimi dinimi, vicdanımı dansaydım, şan-şöhrətim yerə-göyə sığmazdı. Elə xaça, dinimə, insanlığıma sadiq olduğum üçün bu günə qalmışam. Əslində din elə vicdan deməkdir. Ancaq haqq-ədalətin tərəfində dayandığıma görə bu dəqiqələrdə çörək kəsdiyim kupe yoldaşımın da məndən zəhləsi gedir və onun əlində əlac olsaydı, müsəlmanlara atdığı güllənin birini də buradaca mənim başıma çaxardı. – Eduard Çiburdanidze bunları deyib daha da hiddətləndi:

Sizin qəhrəman hesab etdiyiniz Andranik əvvəl “Qnçaq”, sonra “Daşnaksütün”  partiyasına daxil olub. Bir dəstə erməni fanatikini başına yığıb türklərə arxadan zərbə endirib. Bilirsinizmi, türklərdən daha çox kürdlər onun silahlı dəstəsinə divan tutub. Sərrast nişan almaq məharətinə malik olan kürd qadınları erməni xəyanətkarlarına qarşı fədakarlıqla vuruşublar. Beləliklə, Andranik Türkiyədə erməniləri qırğına verib və rüsvayçı hərəkətini hiss edən kimi tez sivişib aradan çıxıb. Bir çox ölkəlri gəzib-dolaşandan sonra Bolqarıstanda peyda olub. Bu dəfə Bolqarıstan vətəndaşlığını qəbul edib və Birinci Dünya müharibəsində türklərə qarşı vuruşan Bolqar ordusunda xidmət etməyə başlayıb. Doğulduğu torpağın insanlarına qarşı məkrli fitnə-fəsadlar törədib. Bolqarların arşını əyiləndə ordan əkilib. Bu dəfə Türkiyəyə qarşı müharibə elan edən ruslara qoşulub. 1917-ci ildə rus ordusunda fərarilik, hərc-mərclik başlayan kimi, orada da duruş gətirməyib və fürsəti fövta vermədən Ermənistana üz tutub. Minlərlə ermənini tovlayıb ordu düzəldib. Sonra azərbaycanlılara qarşı hücuma başlayıb, yüzlərlə Azərbaycan kəndini məhv eyləyib. Mənim elmi işim Qafqaz xalqlarının tarixi ilə əlaqəli olduğu üçün bir çox dəhşətli faktlar tapıb üzə çıxarmışam. Zəngəzur qəza rəisinin 11 dekabr 1918-ci il tarixli 185 nömrəli teleqramında göstərilir ki, Andranikin qonşu müsəlman kəndlərinə hücumu başlayıb. Onlar qadına, kişiyə, qocaya, cavana baxmır, hamısını vəhşicəsinə qətlə yetirir, meyitlərini eybəcər hala salırlar...”.
Yazıçının yaratdığı Andranik obrazı da bizim tanıdığımız tarixi Andranikin varisidir, onun qədər kəmfürsət, onun qədər alçaq və onun qədər rəzildir. Andranikin rəzilliyini üzə çıxarmaq üçün müəllif yaratdığı bu obrazı əsər boyu müxtəlif hadisələrlə, o cümlədən təmiz qəlbli, saf əqidəli azərbaycanlılarla qarşılaşdırır. Nəticədə ayrı-ayrı xalqların görkəmli nümayəndələri tərəfindən yamanlanan əsl erməni siması gözlərimizdə canlanır. Bir sözlə, Əli İldırımoğlu “Daş yağan gün” romanını qələmə almaqla bir çox istəklərinə nail olub. Türk xalqlarının tarixi taleyinə işıq tutub, tərəkəmə, elat dünyasının ləyaqət dolu, bənzərsiz aləmini bir daha bədii ədəbiyyat səhifəsinə gətirib, erməni zülmünü tarixi detallarla incələyib, həmçinin kitabda cəm olmuş obrazların simasında bənzərsiz insan mənzərələri yaratmaqla ədəbiyyatımızı bir qədər də zənginləşdirib.
Burada bir məqamı da vurğulamaq istəyirəm. Kitaba yazıçı-publisist Yaşarın “Ön söz” kimi yazdığı “Daşları yığmaq vaxtıdır” başlıqlı məqaləsi bu kitabın özü qədər sevgi ilə oxunur. Və adama elə gəlir ki, məqalə müəllifinin bədii təfəkkürü ilə sözügedən əsəri qələmə alan yazıçının təfəkkürü bir-birinə çox yaxındır. Əli İldırımoğlu bu məsələdə də yanılmayıb. Sanki əsərdəki uğurlu bədii tapıntıları kimi məhz ön sözü kimin yazacağını da uğurla tapıb. Məncə başqası bunu yaza bilməzdi. Yazsa da “Daş yağan gün”ün önlüyü olmazdı. Yazıçı-publisist Yaşarın öz  məqaləsinə verdiyi ad da daş yağan günə bir qalxan, bir sipər kimi tapılıb. Daşları yığmaq vaxtıdır – deyir yazıçı. Mən isə bu daşları ermənilərin başına vurmaq vaxtıdır deyərək fikrimi bitirirəm.
Mətləbi uzatmamaq üçün burada fikrimi tamamlayıb, yazımın axırına nöqtə qoymaq istədim.  Lakin əsərdəki bir məqamdan yan keçməyi bacarmadım. Onu qeyd etməyə bilmərəm. Nəcəfin kiçik yaşlı dostu dağın döşündəki qoyun sürüsünə yaxınlaşanda çoban itləri kənardan onun qaraltısını alıb üstünə hücum çəkirlər. Lakin gələnin uşaq olduğunu görən kimi peşman olubmuş kimi geri çəkilib, hərəsi bir tərəfdə şöngüyür. Özünü təngnəfəs yetirən Nəcəf itlərə çəmkirib, dostuna ürək-dirək verir:

Qorxma! Qorxma! – deyir. – Bu itlər qadına, uşağa toxunmaz. Kənddə də  qadına, uşağa dəyib-dolaşan iti saxlamazlar, aparıb azdırarlar.  Əsil it heç vaxt arvadı, uşağı qapmır...                                                                                                                         

Əsərdəki  bu epizodu təkrar-təkrar oxudum. Düzü, fikir məni götürdü. Əlimi üzümə qoyub xəyallandım. Televiziya ekranlarında  tez-tez nümayiş etdirilən  Xocalı hadisələrini bir anlığa xatırladım. Ağbirçək nənələrin, hamilə qadınların, körpə-körpə oğlan və qızların, təzəcə ayaq tutub yeriyən uşaqların vəhşicəsinə qətlə yetirildiyi və bu azmış kimi, bu günahsız insanların üz-gözünün eybəcər hala salındığı kinolenti kimi gəlib dayandı gözümün qarşısında. Bir də ki, Ermənistanın keçmiş  prezidenti Robert Koçaryanın Avropa Şurasının tribunasından gur bir səslə: - Xocalı qırğınının təşkilatçısı, iştirakçısı olmağımla fəxr edirəm, - dediyi həyasız, namərd sözlər qulağımda cingildədi. Nəcəfin şüursuz köpəklərinin qadına, uşağa toxunmaması, yer üzünün əşrəfi sayılan şüurlu insanın erməni əxlaqsızlığı, erməni vəhşiliyi... Xəyal dünyamda qarşı-qarşıya dayanan bu iki varlığın, şüurlu və şüursuz canlının yaratdığı acı təəssürat məni hələ də tərk etmir. Vəhşi köpək!! Şüurlu insan!! Erməni ziyalısı!!  Çoban itləri!!
Bütün bunlara baxmayaraq, yazıçı Əli İldırımoğlu əsərində haqqı nahaqqa vermir, erməni cəlladları ilə erməni xalqını qarışdırmır. Yazıçı öz ədalət mizan-tərəzisinə sadiq qalaraq, düzü düz, əyrini əyri kimi təqdim edir. Sadə ermənilərin  çobanı da, əkinçisi də müsəlman  qonşuları ilə mülayim davranır. Yusif  Vəzir Çəmənzəminlinin  “Qan içində” romanında deyildiyi kimi, erməni xalqında günah yoxdur, aranı qarışdıran bədnam erməni məlikləridir. Böyük Vətən müharibəsində də deyilirdi ki, biz alman xalqına qarşı yox, alman faşizminə qarşı vuruşuruq. Bu kitabda da yazıçı şərə-böhtana uymur, həmin əndazəni gözləyir... Qonşu millətlər arasında ədavət toxumu səpən, qırğınlar törədən, şəhər  və kəndləri viran qoyan  androniklərin, Robert  koçaryanların, Serj sarkisyanların, ohanyanların, mikoyanların, şaumyanların, bir sözlə, Yusif Vəzir Çəmənzəminlinin təbirincə desək, erməni məliklərinin, erməni daşnaklarının məkrli, riyakar, hiyləgər, qeyri-insani sifətləri real  faktlarla, obyektiv gerçəkliklə üzə çıxarılır və ifşa olunur. Yazıçı uzaqgörənliklə bir də onu anlatmaq istəyir ki, Androniklərin sayı artdıqca, Ermənistan kiçilməyə məhkumdur və belə bir rəzil  yolun sonu uçurumdur. Andronikin bədxah tör-töküntüləri  ya anlamır, ya da ki, anlayıb dərk edə bilmirlər ki,  onların  Qarabağı qopartmaq  xülyası ilə etdikləri canfəşanlıq, əvvəl-axır bütün Ermənistanın itirilməsinə gətirib çıxaracaq. “Daş yağan gün” əsərini diqqətlə oxuyub saf-çürük edən hər bir oxucuda belə bir  
qəti inamın yarana biləcəyinə şübhəm yoxdur . Bu gün Ermənistanda gedən məlum proseslər də tarixi baxımdan belə bir fikri əyani şəkildə təsdiq edir.

Fariz Çobanoğlu,
yazıçı-publisist.

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com