“Zorən jurnalist”in etirafı
EL MƏHƏBBƏTİNİN GÜCÜ
Bizim zəmanəmizdə qəzetə işə gələn gəncin qulağına oxuyardılar ki, bu peşə “Katorqa müsibətlidir” və qəzetin “birgünlük” ömrü var. Bu mənada “Zorən jurnalist” romanı qəzetçi əzabını gerçək təhkiyə edir. Publisistikanın bütün janrlarında qələm işlətmiş Əli müəllim bal arısı işi görüb: Min bir zəhmətlə topladığı şirəni elinin yaxşı insanlarının kamilləşməsinə, gümrah-laşmasına sərf edib, özü isə belə bir şərəfli işə qulluq etdiyindən zövq alıb və alır...
Mən o qəzetçi əzabını heç vaxt yaddan çıxmayan ilk məhəbbət həzzinə bənzədərdim. Məhz bu peşəyə qulluq edərkən o, Azərbaycanı diyar-diyar gəzib, həyatın dibində yaşayanlarla da, cürbəcür rütbə sahibləri ilə də canlı təmasda olub. Bəlkə heç özü də hiss eləmədən “birgünlük” ömrü olan işlə xalqının etnik tarixini yazıb. İndi isə bütün bunlar böyük ədəbiyyata köçüb. Bəs necə oldu ki, o, ahıl vaxtında məhsuldar yaradıcılığın bir pilləsindən daha möhtəşəm mərtəbəsinə irəliləmək fikrinə düşdü? “Zorən jurnalist” romanına yazdığı bələdçi sözünə söykənək: “Taleyin hökmü ilə ədəbi-bədii yaradıcılı-ğın çətindən-çətin cığırlarına çıxdım, mənsub olduğum millətin adət-ənənə-lərinin bir qismini, üzləşdiyim insanların mərdini, namərdini təxəyyül, təfəkkür dünyamın süzgəcindən keçirdim. Söz səltənətinin bitib-tükənməyən sətirləri aynasında real gerçəkliyə söykənən tablolar yaratdım”.
Müəlliflə tam şərikəm. Publisistikadan böyük yaradıcılığa – romançılığa keçən yazıçılarımızın bədii tərcümeyi-halı belə olmuşdur.
Ancaq elə bu məqamda onu da deməyə lüzum görürəm ki, qəzetçilikdə (sovet dönəmində) xalq həyatından kifayət qədər müşahidə əxz etmiş yazıçılar zəmanənin bütün gerçəkliklərini yazılarına gətirə bilməmişlər. Səbəb? İllət odur ki, Əli müəllimin o xoşbəxtliyidir ki, onun ahıl vaxtı olsa da, xalqının min illər arzusu ilə yaşadığı tam azadlığa qovuşduğu günlərdə yaşamaq ona müyəssər olmuşdur. Əli müəllim mənimlə razılaşar ki, Azər-baycanın istiqlal qazanması, sivil həyat yoluna çıxa bilmək imkanları ona aqibətli xoş ovqat, tükənməz ilham bəxş etmişdir və publisistdə “birgünlük-ləri” xalqın şəcərə tarixinə salmaq qətiyyəti yaratmışdır. İstiqlal mühiti, zaman-məkan uyarılığı yaranması ona qol-qanad vermişdir və qəlbindən aşıb-daşan el məhəbbəti romanlara çökmüşdür.
Bir haşiyə. Dahi İtaliya şairi Aligieri Dante 9 yaşında ikən yaşıdı olan bir qıza vurulur. “Yeni həyat”, “İlahi komediya” kimi əsərlərin dahi yazarı etiraf edir ki, onun sonrakı bütün yaradıcılığı bu sevgidən ilham almışdır.
Deməli, Əli İldırımoğlunun kiçik yaşlarından ətrafındakılara – insanlara, dağa-qayaya, ata, quşlara olan məhəbbəti nüvə halından əndazəsiz bir qüv-vəyə çevrilmişdir, ahıl yaşında on bir iri, sanballı, oxunaqlı roman seriyaları bu məhəbbətin bəhrəsidir!
Bizim heç birimiz ən çox xoşladığımız qızılgülün butasının pardaqlanma anını müşahidə edə bilməməyimizdən təəssüf hissi keçiririk. Ancaq bax, səksən yaşımı yaşadığım ərəfədə publisist dostumun böyük ədəbiyyata necə addım atdığının şahidi olmuşam. Nə xoşdur!
Bizim münasibətlərimiz, əzəllər mənim hər yazısını maraqla oxuyub “Azərbaycan gəncləri” qəzetinin əməkdaşlarına nümunə kimi təqdim etdiyim Əli müəllimlə şəxsi tanışlığım nisbətən son vaxtlara təsadüf edir.
Mənim qəribə taleyim altmış yaşında ikən məni yenidən qəzet həyatına gətirdi. Namərd qonşuların xəyanəti, milli azadlıq hərəkatının coşmağa baş-ladığı mürəkkəb dövrdə mənim “Kommunist” qəzetinə redaktor olmağımı lazım bildilər.
Baş qəzetin Quba zonası üzrə xüsusi müxbiri işləyən Əli müəllimlə şəxsi münasibətlərimiz də elə o dövrdən başladı. Mən təqaüdə çıxandan sonra da haqqımda qayğılandı. Bir gün zəng vurdu ki, yenicə yazdığım romanımı sənə göstərmək istəyirəm. Gəldi, görüşdük, söhbətləşdik. Sözün açığı, səhhətimdə problemlər olduğundan ona söylədim ki, yəqin ki, hələ 2–3 ay oxumaq mənim üçün çətin olacaq. Ancaq o gedəndən sonra maraq məni götürdü, əlyazma-sını qarşıma qoydum və sonra romanı nə vaxt oxuyub qurtardığımı bilmədim. Və bir həftədən sonra onunla görüşəndə romana heyranlığımı bildirdim...
Və məndə əminlik yarandı ki, vulkan püskürəcək. Budur, on bir roman masamın üstündədir. Bax, mənim üçün bu – qızılgül butasının pardaqlanma-sını müşahidə etmək qədər xoşdur.
Bax, həqiqi məhəbbət belə füsunkar gücə malikdir.
Bütün varlığı ilə xalqını sevən romançı Əli İldırımoğlu “yaşın nə fərqi var” həqiqətini böyük bir epopeya yaratmaqla sübut etdi. Və etiraf edirəm ki, Əli müəllimin bu yaradıcılıq iradəsi, əzmi mənə də təsirsiz qalmadı, ən iri ömürnamə-romanımı səksən yaşımda yazıb çap etdirdim. Və inanıram ki, bu romanlar onu oxuyan oxucularımızın ürəklərində milli məhəbbət ruhunu inkişaf etdirəcəkdir.
Bu silsilə romanlar yazı əhli olub-olmamasından asılı olmayaraq hər bir azərbaycanlıya belə bir vacib fikri aşılayacaq ki, həyatımızı rəngarəng, məzmunlu – bəzəkli edən bütün varlıqları – insanı da, başqa canlıları da dərin məhəbbətlə sevmək, onları qorumaq gərəkdir. Bu cəhətdən haqqında danışdı-ğımız romanlar qamus-ensiklopedik bilik xəzinəsidir!
Azərbaycan dilinin zənginliklərinə aşna olmaq üçün bu kitablar zəngin dərslikdir. Bu mücrüdən faydalanmaq lazımdır, əziz oxucular!
Cəmil Əlibəyov
12 yanvar 2011-ci i
|