www.aliildirimoglu.az

Zorən jurnalist”in etirafı

ŞƏRİN BALTASI NƏ QƏDƏR İTİ OLSA DA, XEYİRİN BUDAĞINI KƏSƏ BİLMƏZ

Qəzetlərdən birində Əli İldırımoğlunun “Zorən jurnalist” romanından iri bir parça dərc olunmuşdu. Oxumuşdum və əsərin kitab şəklində nəşr edilə-cəyi günü gözləyirdim. Əvvəla, ona görə ki, roman jurnalistlərin həyatına həsr olunmuşdur, mən isə ömrümün qırx ilini jurnalistika aləmində, qəzetçilik dünyasında keçirmişəm, onun sevincini də görmüşəm, məşəqqətini də, şiri-nini də dadmışam, acısını da. İkincisi, ona görə ki, müəllifi – Əli İldırımoğ-lunu əllinci illərin ortalarından tanıyıram. Uzun müddət eyni redaksiyada işləmişik – o, qəzetin xüsusi müxbiri kimi respublikanın müxtəlif bölgələ-rində fəaliyyət göstərib, mən isə redaktor müavini kimi Bakıda, redaksiya aparatında. Bəzi mövzuları birgə araşdırmışıq, ikilikdə məqalələr də yaz-mışıq, qəzetdə qoşa imzalarla çıxış da etmişik.

Göründüyü kimi, “Zorən jurnalist”i mənim köhnə həmkarım yazdığına görə, əsər qəzetçilərin amallarına və əməllərinə həsr olunduğuna görə, onun barəsində öz rəyimi bildirməyim tamamilə təbiidir.

Lakin bu “qısa giriş”dən sonra da mən qeydlərimə əsərin qəhrəmanı olan jurnalist Nazim İlhamdan deyil, onun atası Allahverən kişidən, bu sadə insa-nın əməyə, insanlara, ilk növbədə, övladına münasibətindən başlamaq istəyi-rəm. O, uşaqlıq çağlarında anasını itirmiş Nazimə həm ana olub, həm də ata. Ata-övlad münasibətlərində oxucunu riqqətə gətirən heyrətamiz məsumluq və sərtlik hökm sürür. Ata övladına halallığı və əməksevərliyi, qətiyyətliyi və dönməzliyi öz əməlləri ilə aşılayır. Oğul onda ancaq pak keyfiyyətlər görür, yaşa dolduqca, bu keyfiyyətlərdən bəhrələnir, qayğıkeş və prinsipial insan kimi yetkinləşir.

Əlbəttə, mən romanın məzmununu nəql etməyəcəyəm. Qısaca deyirəm ki, Nazim orta təhsil alandan sonra pedaqoji institutu bitirir, kənddə müəllimliyə başlayır. Tezliklə böyük hörmət qazanır, onu xalq maarif şöbəsinə inspektor göndərirlər, daha sonra isə az qala zorla rayon qəzetinə məsul katib vəzifəsinə təyin edirlər. Beləliklə, Nazim “zorən jurnalist” olur, həyatının yeni, deyərdim ki, fərəhli və iztirablı mərhələsi başlanır. Başı olmazın bəlalar çəksə də, məs-ləkindən dönmür, çünki həmişə gözlərinin qabağında atası durur – heç kimin qarşısında əyilməyən, heç kəsdən minnət götürməyən Allahverən kişi.

Adamda belə bir təsəvvür yaranır ki, çoxdan bəri müstəqil həyata qədəm qoymuş Nazim hər dəfə çətinə düşəndə, həlledici qərar qəbul etmək istəyəndə xəyalən atası ilə görüşür, ondan kömək istəyir, məsləhət alır.

Müəllif öz qəhrəmanının bütün hərəkətləri, davranışı, həyat tərzi ilə oxu-cularına, xüsusilə gənclərə təlqin etməyə çalışır ki, böyük sözü, ata məsləhəti qanundur, ona əməl eləsən arzularına çatacaqsan, yüksələcəksən.

Romanın bir epizodunu misal gətirim: “Allahverənin qardaşı arvadı Fatma da eşitmişdi ki, Nazimin evlənmək meyli var. Bir gözəl-göyçək həkim qızı gözaltı eləyib, amma Allahverən bu işə qol qoymaq istəmir. Ona görə də...

bu barədə öz sözünü deyir. Səndən nə gizlədim, ay oğlum... düzü odur ki, atanın istədiyin qızdan ağlı bir şey kəsmir... Kişi qız tərəfdən nə eşidibsə, deyir yüz il bir qazanda qaynasaq da, onlarnan qarışa bilmərik...”

Vəssalam! Nazim atasının və ana kimi sevdiyi əmisi arvadı Fatmanın söz-lərinə: – Mənim bir qibləm varsa, o da sizsiniz... O ki qaldı qıza, qızıl parça-sı da olsa, siz narazılıq etdiyinizə görə bu gündən üstündən qələm çəkdim, – deyə cavab verib niyyətindən dönür, onların tövsiyəsinə əməl edərək, başqa bir qızla evlənir, xoşbəxt həyat qurur.

Bəziləri bunu köhnəlik, patriarxalıq kimi qiymətləndirə bilərlər. Amma gəlin görək, bu “köhnəlik” sayəsində nə qədər möhkəm ailə yaranıb, evlənmək məsələ-sində gənclərin “tam müstəqilliyi” isə necə bədbəxtliklərlə nəticələnib? Şübhəsiz birmənalı rəy söyləmək qətiyyən düzgün olmaz – ailənin xoşbəxtliyi digər çox mü-hüm amillərdən də asılıdır. Kiçik yazımla bu barədə mübahisə açmağın yeri deyil, lakin real həyat hadisələrinə, statistik məlumata söykənsək, çox mətləb üzə çıxar...

Daha bir “köhnəlik əlaməti”. İnstitutun kitabxanaçısı Rəziyyə tələbə Na-zimi sevir, amma söhbət tezliklə ona ərə getmək üzərinə gəlib çıxanda, öz məhəbbətini boğur, çünki atasının gözləri tutulub, anası əldən düşüb. Bu qız həyatının mənasını onlara xidmət etməkdə görür, ona ürəyini açan Nazimə “yox” cavabı verir. Romanın axırlarına yaxın öyrənirik ki, Rəziyyə bütün cavanlığını ataya, anaya həsr edib, sonralar ailə həyatı qura bilməyib.

Yenə də ata-ana və övlad münasibəti!..

Mən bu əhvalatı son dərəcə qısa şəkildə, həm də quru kəlmələrlə danışdım. Əli İldırımoğlu isə Rəziyyə obrazını əlvan boyalarla, incə cizgilərlə paklıq, sadiqlik zirvəsinə qaldırmışdır. Onun Nazimlə söhbətlərinin təsvir olunduğu səhnələr hafizəmizdə möhkəm həkk olunur, sözləri uzun müddət qulaqları-mızda səslənir. Təəccüblü deyil ki, Nazim evlənsə də, oğul-uşaq sahibi olsa da, Rəziyyəni ömrü boyu unuda bilmir.

Nazimin yeniyetməlik dövründə rastlaşdığı daha bir nəfər haqqında danış-mağa dəyər – qaçaq Mürsəl haqqında. Epizodik obrazdır, hadisələrin gedişinə əslində heç bir təsir göstərmir. Buna baxmayaraq, qaçaq Mürsəl romandakı digər obrazların çoxundan yüksəkdə durur.

...Onlar rayon mərkəzindən kəndə qayıdırdılar – şikəst Qaraş, qoca Xıdırlı, cavan gəlin Mənzər və yeniyetmə Nazim. Hava qaralmışdı. Qəflətən qarşı-larına qaçaq çıxdı: “Tərpənməyin! Qatırın yükünü açın! Nəyiniz varsa, qoyun ortalığa!”

Müdhiş bir mənzərə. Nazim sarsılır. Axı quldurlar, qaçaqlar haqda çox eşidib, çox kitab oxuyub. Amma getdikcə aydınlaşır ki, qaçaq Mürsəl qaniçən adam deyil. Qızının namusuna təcavüz edənlərin azadlıqda gəzmələrinə dözməyərək onları öldürüb, sonra da dağlara çəkilib.

O, öz əsirlərini incitmədi, Mənzərin malına toxunmadı, “Kişi qadını soy-maz”, – dedi. Sonra özü ilə bir qədər azuqə götürüb, gecənin qaranlığında gözdən itdi.

Mürsəlin danışıq tərzi, müharibənin gedişi ilə maraqlanması, kəndə nə qədər qara kağız gəldiyini soruşması, namus qurbanı olduğuna görə öz əsirlərindən az qala üzr istəməsi, Əli İldırımoğlunun qələmi, təhkiyəçilik bacarığı oxucu qəlbini kövrəldir, onlarda bu bədbəxt insana böyük rəğbət hissi doğurur.

Təkrar edirəm, qaçağın hücumu, söhbəti əsərin ən təsirli səhnələrindən, Mürsəlin özü isə ən güclü obrazlardan biridir. Buna görə də sonralar qoca bir polkovnikin vaxtilə Bakıdan, Təhlükəsizlik Komitəsindən tapşırıq alıb, qaçaq Mürsəli aldatmasından, onun qılığına girib bu mərd adamı hiyləgərliklə öldürməsindən iftixarla danışması və Nazim İlhamın da polkovnikin bu əməlini yüksək qiymətləndirməsi ilə heç cür razılaşa bilmirəm. Əli İldırım-oğlunun məsləkdaşı olan qəhrəmanı Nazim, mənim zənnimcə, buna qətiyyən dözməzdi, digər yerlərdə, hətta ən yüksək dairələrdə olduğu kimi, burada da öz sözünü şax deyərdi...

Kitabı oxuduqca, apardığım qeydlərə baxıram. Bir nəfərin adı tez-tez təkrar olunur – raykomun birinci katibi Nadir Xələfoviç Nəsrullayevin. Mənə elə gəlir ki, onu çox görmüşəm. Həm də bir rayonda yox, bir neçə rayonda. Özlərini kiçik padşahlar sayırdılar. Bəlağətlə danışmağı, ülvi paklıqdan, yüksək ideyalardan dəm vurmağı xoşlayırdılar. Yaşca, sifətcə fərqlənsələr də, onları ümumi cəhətlər birləşdirirdi – yuxarılarda yaltaqlıq, aşağılarda ötkəm-lik, intriqabazlıq, rüşvətxorluq, yalançılıq, riyakarlıq...

Əli İldırımoğlu qəzetin müxbiri işləyərkən, respublikanın ayrı-ayrı böl-gələrində belə bədnam rayon başçılarının nalayiq əməllərinin dəfələrlə şa-hidi olmuşdu. İndi öz romanında onların ümumiləşdirilmiş obrazını yarat– mışdır.

Rayon qəzetində yenicə işləməyə başlasa da, ədalət və düzlük uğrunda mübarizəyə atılmış Nazim İlhamla intriqa ustası Nadir Nəsrullayevin üz-üzə gəlməsi zəruri idi.

İxtilaf bir məqalədən başlandı – Nazim yazdı, Nadir bəyənmədi. Əslində isə sonrakı hadisələrdən məlum olduğu kimi, məsələ bir yazıda, ümumiy-yətlə, qəzetin tənqidi çıxışlarında deyildi, mübarizə əqidələr, məsləklər, xarakterlər, əməllər arasında gedirdi. Yaxın keçmişimizin tarixindən yaxşı məlumdur ki, bu mübarizədə çox adam azacıq zəiflik göstərəndə, məhv edilib, yaxud ləkələnib, sıradan çıxarılıb.

Ancaq xoşbəxtlikdən Nazim İlham kimiləri olub və onlar bütün çətinlik-lərə mərdliklə sinə gəriblər, geri çəkilməyiblər, nəticədə qalib gəliblər. Na-zimin redaktorlarından birinin dediyi kimi, şərin baltası nə qədər iti olsa da, xeyirin budağını kəsə bilməz. Kəsmədi də! Nazimə kömək edən şəxslər tapıldı. Onların arasında məsul işçi Süleyman Xəlil oğlu xüsusilə seçilir. Süleymanın apardığı yoxlama göstərir ki, Nazim İlham haqlıdır, onun buraxdığı qəzetin tənqidi çıxışları, özünün kəskin məqalələri xalqın fikrini ifadə edir, deməli, düzdür!

Təbiidir ki, nəticə etibarilə hər kəs öz əməlinə layiq payını alır – Nazim İlham respublika qəzetinin iri bölgədə xüsusi müxbiri təyin edilir, Nadir Nəsrullayev isə hələlik öz yerində saxlanılsa da, sonralar daha ağır cinayət törətdiyinə görə həbsxanaya salınır. Təsəvvür edin ki, Nazim qəzetin işi ilə əlaqədar həbsxanada olanda, orada Nəsrullayevlə rastlaşır. Ağır səhnədir – keçmiş raykom katibi müxbirdən xahiş edir ki, onun başqa şəhərdəki dus-taqxanaya keçirilməsinə kömək göstərsin və Nazim bu xahişlə əlaqədar ola-raq qanun çərçivəsində hüquq mühafizə orqanları qarşısında məsələ qaldırır. Əsərdə Nazim İlhamın müxbirlik fəaliyyəti geniş işıqlandırılmış, ayrı-ayrı qəzet materiallarının yazılması, dərc olunması ilə bağlı hadisələr məharətlə qələmə alınmışdır.

Bir məsələ üzərində də qısaca dayanmaq istərdim. Əli İldırımoğlu diqqətli müşahidəçidir, açıq-aydın hiss olunur ki, müxtəlif vaxtlarda rastlaşdığı adam-ların xarakterlərini, şahidi olduğu hadisələri dərindən, hərtərəfli araşdırıb və əsərini bu müşahidələr əsasında yazıb. Əsərdə öz əksini tapmış bu müşahi-dələr, təsvir olunan hadisələr, bəlkə də, iki romana kifayət edərdi. Romanın sonluğundan görünür ki, müəllif onun ikinci hissəsini yazacaq. Arzu edərdim ki, tezliklə romanın ikinci hissəsini də görək.

Əli İldırımoğlu mübariz müxbir olub, bu romanda məhz özü kimi mübariz jurnalistin mənalı həyat yolunu qələmə alıb.

Kitabı oxuyun. Peşman olmayacaqsınız, çünki orada həyatımızı görəcək-siniz, pak insanlarla rastlaşacaqsınız, onlarla birlikdə sevinəcək, dərd çəkə-cək, əlavə edərdim ki, mübarizə aparacaq, qalib gəlməyə çalışacaqsınız.

Mən əsəri tənqidçi kimi təhlil etmədim, çünki qarşıma başqa məqsəd qoymuşdum – oxucuların diqqətini “Zorən jurnalist” romanına cəlb etmək istəyirdim.

Bədii təhlil isə ədəbiyyatçıların işidir. Məsələn, istedadlı şair Vahid Əziz Əli İldırımoğluya həsr etdiyi oynaq, duzlu yazısında bildirir: “Dostuma bir borcum var. “Zorən jurnalist”i oxudum. Söz vermişdim ki, dərdləşək əsəri barədə. İmkan olmayıb hələ”.

Yəqin ki, imkan tapılacaq və biz romanın bədii məziyyətləri barədə dəyərli bir məqalə oxuyacağıq.

Rəfail Nağıyev,
əməkdar jurnalist
1997-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com