www.aliildirimoglu.az

HEKAYƏLƏR

GENERAL  XOLİNDƏN

ŞOFER QURBANA 

Poçtalyon darvazaya yanaşıb zəngin düyməsini bas­dı. Qapı açıldı. Ev sahibi Qurbanovun sua­le­dici nəzərləri poçtalyonun sifətində gəzdi. Poçtalyon çiynindən asılmış iri çantasından üzərində "Naxçıvan şəhəri. Lenin küçəsi, 4 nömrəli ev. Qurban Qurbanova" - söz­lə­ri yazılmış zərfi çıxarıb ona verdi.

General Xolindən! Veniamin Aleksandroviç Xolin­dən! Qurban gözlərinə inanmırmış kimi tez zərfi açdı. Bəli, məktub vaxtı ilə şoferi olduğu general Veniamin Aleksandroviç Xolindən idi. Qurban gözlərinin yaşını poçtalyondan gizlətməyə çalışaraq, başını yana çevirdi və geriyə döndü. O, darvaza qapısını örtüb məktuba ye­nidən diqqətlə baxdı. Qurbanın kirpiklərindən qopub muncuq kimi yanaqlarından diyirlənən yaş əlindəki məktubun sətirləri üzərinə düşərək illərdən bəri həsrətini çəkdiyi cəbhə dostunun qələmindən süzülən mürək­kəbə qarışdı.

Xəyal Qurbanı qanadına alıb 1942-ci ilin may günlərinə, Volqoqradın yaxınlıqlarına, sakit Donun məx­mər sahillərinə apardı...

Don çayının sahilində alçaq təpənin ətəyi. Qarşıda isə düşmən qüvvələri. İki sıldırım yamac arasına sıxılan çay burada ensiz və dərindir. Çay çox yerdə kolluq içə­ri­sin­dən baş qaldıran cökə ağaclarının çiçəkləri, uca palıd, şam ağaclarının qol-budaqları arasında gözdən itir. Yalnız suyun zəif şırıltısı, bir də ki, qəflətən pırıldayan ördəklər çayın axınını büruzə verirdi. Burada düşmənin mövqeyi həm hücum, həm də müdafiə üçün daha münasib idi. Onlar sıx meşələrlə örtülmüş təpə­lə­rin arasında asanlıqla gizlənir və bizə doğru sərrast atəş aça bilirdilər.

Alman faşistlərinin hücumu gözlənilirdi. Ancaq on­la­rın hansı cinahdan irəliləyəcəklərini bilən yox idi. Kəş­fiyyatçılardan da hələ bir xəbər gəlməmişdi. Odur ki, müşahidə nöqtəsi üçün əlverişli olan irəlidəki qalın meşəyə daxil olmaq lazımdı. Bu isə çox çətin idi. Dü­şər­gə ilə meşə arasındakı yarım kilometrlik yer açıq­lıq­dı. Düşmənin snayperləri buradan keçməyə aman ver­mir­dilər. Veniamin Aleksandroviç çox nara­hat­dı. Nə­ha­yət, o, qəti qərara gəldi. Həmin açıqlığa işa­rə ilə şo­fer Qurban Qurbanova dedi:

- Mütləq buradan keçməliyik, yoxsa...

- Mən hazır!

- Ancaq maşının hərəkəti düşmən gülləsindən sürətli olmasa...

- Buna əmin ola bilərsiniz, yoldaş komandir!

Qurban əlverişli bir istiqamət seçib cəld maşının sükanı arxasında oturdu və öz komandirini ani olaraq açıqlıqdan keçirdi. Xolin həyəcanla Qurbanın alnından öpdü. Onlar meşənin dərinliklərinə irəlilədilər. Düş­mən güllələri ağacların budaqlarına dəyir, qayalıqlarda əks-səda verirdi. Düşmənin hücum isti­qa­mət­ləri mü­əy­yən edildi. Əks-zərbə üçün bütün tədbirlər görüldü...

Düşərgəyə zülmət çökən kimi düşmən mərmilərinin zəhmli uğultusu eşidildi. Cökə ağaclarının ətirsaçan çi­çək­ləri, yaşıl budaqlar, göy çəmənlər od tutub yanma­ğa başladı. Bu parlaq alovların işığında Dona tökülən quldur dəstələri aydın görünürdü. Düşmənin ordusu bizimkilərə cavab verə bilməyəcəyini hiss edib, məta­nə­tini itirməyə başladı. Xolinin dəstəsi daha da coş­ğun­laşırdı. Faşistlər ruhdan düşmüşdülər. Veniamin Alek­sandroviçin qalibanə səsi eşidildikcə təkcə Qurban deyil, düşmənə qarşı çiyin-çiyinə vuruşan rus, gürcü, er­mə­ni, özbək, azərbaycanlı döyüşçülər əvvəlki ümidsiz­liklərindən əl çəkirdilər. Quduzların özünü itirmiş qo­şun hissələri artıq pərən-pərən salınmışdı.

...Yeraltı daldanacaqlarda bayaqdan bəri başı döyüş hazırlığına qarışdığından yemək vaxtı yaddan çıxmış Xolin bərk acmışdı. Ancaq o süfrədəki çörəyə, bir az da suda bişirilmiş kartof ilə kolbasaya əl uzatmır, Qurbanı gözləyirdi. Bilirdi ki, Qurban maşına əl gəzdirməsə, onun hissələrini bir-bir yoxlayıb yerbəyer eləməsə, sahmana salmasa, geri qayıdan deyil. Xolin isə heç vaxt Qur­bansız çörək yeməz. Axı o, Qurbanla olmağa adət etmişdir. Nəhayət, torpaq "evciyin" darıs­qal və yön­dəm­siz qapısı açıldı. Qurban içəri daxil oldu. Xolin bir ata nəvazişi ilə əlini onun çiyninə qoyub yanında əy­ləş­dir­di və sonra da sözarası soruşdu:

- Qurban, təzə məktub almısanmı? Naxçıvandan nə yazırlar, uşaqlar necədir?

- Bir nigarançılıq yoxdur, uşaqların hamısının sizə salamı vardır, ancaq ağlamaqdan anamın gözləri... Bir də ki, bu barədə anamı qınamıram. Axı, onun yeganə oğluyam.

Xolin:

- Bəs mən sənə qardaş deyiləm? - deyə ona etiraz etdi:

- Siz mənə qardaşdan da artıqsınız, hamı bilir ki, siz olmasaydınız, indi görən mən harada...

Keşikçi əsgərin səsi eşidildi. Səyyar sahə poçtal­yonu Xolin və Qurban üçün bağlama gətirmişdi. Hər iki bağlama açıldı. Moskvadan Xolinin arvadı Anto­nina Qriqoryevnanın göndərdiyi bağlamada Qurbanın payı ayrıca qoyulmuşdu. Naxçıvandan gələn bağlamada bir cüt əl dəsmalı vardı. Hər iki dəsmalın bir kün­cün­də Xolin, o biri küncündə isə Qurban sözləri yazıl­mış­dı. İçərisində bir cüt corab, qoz ləpəsi və alana olan ağ torbanın üzərində Qurbanın anası - Xanım xalanın dilin­dən qopan bu sözlər yazılmışdı: "Naxçıvandan oğ­lum Xolinə ana sovqatı".

...Gecədir, hamı şirin yuxuya getmişdir. Qurban isə maşının sükanı arxasında mürgüləyirdi. Onun üzünə əl fənərinin işığı düşür. Xolinin mehriban və qayğıkeş səsi eşidilir:

- Qurban, yatmısan? Yerin soyuq deyil ki?

- Narahat olmayın, hər şey öz qaydasındadır.

Xolin onun üşüdüyünü hiss edib sırıqlısını Qurbanın üstünə saldı. Qurban isə:

- Axı, yoldaş Xolin, bir belə xəcalətlik olmaz, - deyə ona nəzakətlə etirazını bildirdi.

- Axı xəstələnə bilərsən, onda Xanım anaya nə cavab verə bilərəm.

...1943-cü ilin baharı. Kalinin vilayətində, Volqa sa­hi­lində səhərə yaxın havanın soyuğu güclənirdi. Ətraf dağların qarlı zirvələri günəşin ilk şüaları ilə qızarmağa başlamışdı, lakin dərin zülmətlərə qərq olmuş yaxınlıqdakı kənd düşmənin yandırdığı ağ və qırmızı taxtapuşlu binalardan qalxan alovla işıqlanırdı. Atışma sa­kit­ləşmirdi. Xolin də, Qurban da bərk yaralanmış, yo­ru­lub taqətdən düşmüşdülər. Qəlpələrin zədələdiyi ma­şın isə daha kara gəlmirdi. Qurbanın başında sayıqlama zamanı olduğu kimi fikirlər bir-birinə qarışırdı. "Veni­amin Aleksandroviç, ölümdən çox düşmənin əli­nə keçə biləcəyimizdən qorxuram" - deyə Qurban Xo­linə qısıldı. Xolin Qurbana ürək-dirək verib, yavaş-ya­vaş sürünür, Qurbanı da sürüyüb aparırdı. Lakin qabaq ba­taq­lıq idi. Buradan keçmək üçün onlar çox əlləşdilər, taqətdən düşüb huşlarını itirdilər. Onları kiçik leytenant Pyotr İzmestiyev və starşina Hüseyn Bağırov xilas edib, tibb məntəqəsinə gətirdilər.

* * *

Yaman günün ömrü az, dostluğu isə əbədi və sarsılmaz olur. Budur, həmin dəhşətli günlərdən otuz il ke­çir. Müharibə qurtarmışdır. Moskvalı general Venia­min Aleksandroviç Xolinlə naxçıvanlı avtomobil nəq­liy­­yatı idarəsinin şoferi Qurban Qurbanovun dostluğu getdikcə möhkəmlənir. Onların bir-birlərinə gön­dər­dik­ləri teleqramların, məktubların, bağlamaların ardı-arası kəsilmir.

...Budur, general Xolin növbəti məzuniyyətə çıx­mış­dır, həkimlər Xolinə kurort müalicəsinə getməyi məslə­hət görürlər. O isə başqa fikrə düşmüşdür. Xolin arvadı Antonina Qriqoryevnaya deyir:

- Naxçıvana getsəm, Qurbanla görüşsəm, məzu­niy­yə­timi onunla ailə üzvləri arasında keçirsəm, kurortdan da, müalicədən də yaxşı olar.

- Ağıllı fikirdir, - deyə Antonina ərinin sözünə haqq verir.

Qatar Naxçıvan dəmiryol vağzalına yan alır. Per­ron­da general Xolinlə şofer Qurbanın baxışları rastlaşır:

- Yoldaş general, sizi öpmək olarmı?!

Xolin cavab vermək əvəzinə Qurbanı bağrına basır. Dostların qolları bir-birinin boynuna sarılır. Generalla şoferin görüşü buraya toplaşanların hamısını heyrətə gətirir, yüzlərlə sərnişin onları dövrəyə alır. Qurban yaxınlıqdakı təzə "Volqa"ya işarə edərək:

- Veniamin Aleksandroviç, əyləşin, gedək, - deyir.

- Bəs, siz avtobusda işləmirsiniz?

- Bəli, avtobusda işləyirəm.

- Avtobusun buradadırmı?

- Bəli, burdadır, ancaq bir az köhnə...

- Sizin sürdüyünüz avtobusda yol getmək, mənə "Volqa"da oturmaqdan daha xoşdur.

Avtobus adamla doludur. Qurban vağzalla şəhər ara­sındakı avtobus dayanacaqlarına çatdıqca maşını sax­la­yır. Lakin heç kəs bu mehriban dostların qeyri-adi söhbətlərindən ayrılıb avtobusdan düşmək istəmir. Nəhayət, onlar evə çatırlar. Abdulla kişi çoxdan bəslədiyi erkəyi yolunu gözlədiyi ikinci oğlunun qabağında yerə vurur. Xolin əvvəlcə təəccüblənir, Abdulla kişi onu qucaqlayaraq:

- Oğlum, bu bizdə dədə-baba adətidir, əziz qonağın qabağında qurban kəsirlər.

Qurbanın uşaqları çoxdan bəri adını eşidib, üzünü görmədikləri əmilərini dövrəyə alırlar.

Xolin çamadanı açaraq:

- Görün, Antonina xalanız sizə nə göndərmişdir? - deyə hədiyyələri bir-bir onlara verir. Bu məktəbli çantası ilə içindəki yun şal Cəlalətindir, bu ipək parça Minayə üçündür. Səmayə, bu paltarı gey görək, sənə necə yaraşır? Yarımpaltoların biri Fəxrəddinin, biri də Aydınındır. İsgəndərlə Abdullanın hərəsinə bir məktəbli kostyumu...

Dostların görüşü bayram şənliyinə, toy təntənəsinə çevrilmişdi. Qonşular da, küçədə oynaşan uşaqlar da iftixarla "Qurbanın cəbhə dostu general Xolin gəlib" - deyə şənlik edirdilər. Məhəbbət, etibar, sədaqət, min­nət­darlıq kimi ən incə hisslər Xolinlə Qurbanın ürə­yin­də birləşib onların hər ikisinin simasına gözəl bir ifadə vermişdi. Lakin Xolinin parlayan gözləri nə isə yenə də onunla görüşməyə gələnlərin arasında intizarla gəzirdi. Qurban xasiyyətinə yaxşı bələd olduğu dostunda daxili bir nigarançılıq hiss edib narahat olur və bunun səbəbini soruşur:

- Veniamin Aleksandroviç, darıxan kimi görü­nür­sü­nüz? Olmaya Moskva yadınıza düşdü?

Xolin gülümsündü və sonra da ciddi bir vəziyyət aldı:

- Qurban, xatirindədirmi, Kalinin vilayətində hər iki­miz yaralanarkən səni Pyotr İzmestiyev, məni isə Hü­seyn Bağırov çiyninə alıb bataqlıqdan keçirdi və hə­kim məntəqəsinə çatdırdılar. Onda mənə demişdin ki, Hüseyn Bağırov naxçıvanlıdır. Gözüm onu gəzir.

- Bəli, Hüseyn Bağırov Şahbuz baytar məntəqə­sin­də feldşer işləyir.

- Ona, uşaqlarına baş çəkmək pis olmaz, - deyə ge­ne­­­ralın bayaqkı nigarançılığı ikinci bir sevinclə əvəz edildi.

General Xolin Hüseynlə görüşüb qayıdır. Ancaq ye­nə də onu rahat buraxmırlar. Qurban general Xolini onu qonaq dəvət etməyə gələnlərlə bir-bir tanış edir:

- Bu, xalam Səkinədir, o, yaxın dostum Əlidir. Culfadan səni deyib gəlib, bu, yeznəmiz Hüseynqu­lu­dur... Getməsən, bir parça çörəklərini kəsməsən, bir stə­kan çaylarını içməsən, inciyərlər.

Xolin isə:

- Qurban, indi sən generalsan, mən də saldat, hara desən...

Xolin başda əyləşmişdi. Süfrənin başında. Hüseyn­qulu ilə qayınanası Səkinə xalanın sevinci yerə-göyə sığ­mırdı. Səkinə xala demişkən, qonaq ev sahibinin gülüdür. Qonaq olanda elə bil evin divarları da gülür. Xolin özünü bu qonaqsevər adamların arasında necə də şən, necə də nikbin aparırdı. O, hərdənbir zarafatyana:

- Antonina İvanovna razı olsaydı, elə buradaca qalardım, Naxçıvanda, - deyirdi.

Mehriban insanlar, unudulmaz və şirin xatirələr... Gecəyarıdan xeyli keçmişdi. Xolin Səkinə xalaya, onun yeznəsi Hüseynquluya minnətdarlığını bildirdi. Qurban qohumlarına dil-ağız elədi. Onlar ev sahibləri ilə xudahafizləşdilər.

Bədirlənmiş ayın parlaq ziyası küçə boyu cər­gə­lə­nən İliç lampalarının şəfəqlərinə qarışaraq dörd bir tərə­fi gündüzlər olduğu kimi işıqlandırırdı. Şəhər sakit Arazın şirin laylasında yuxuya dalmışdı. Üz-üzə da­ya­nan Ordubad və Ararat dağlarının qarlı zirvələri aydın gö­rünürdü. Edilağa gölünün bəyaz suları işıldayırdı. Yaşıllıqlarla haşiyələnən geniş küçənin sakitliyini yalnız onların şən söz-söhbəti pozurdu. Birdən Veniamin Aleksandroviç ayaq saxlayıb Qurbana tərəf yönəldi:

- Həyat yoldaşının qoluna gir, - dedi. - Mən də ar­xa­nızca gəlirəm.

Qurban bunu adicə bir zarafat hesab edib yüngülcə gülümsündü. Veniamin Aleksandroviç isə ona təkid etdi.

Qurban şoferi olduğu keçmiş komandirinə hörmət və nəzakət mənasında Veniamin Aleksandroviçə eti­razını bildirdi. General Xolin ciddi bir görkəm alaraq:

- İndi sənə əmr edirəm! - dedi.

Hamı çaşbaş qalmışdı. Qurban əsgəri borcunu ye­rinə yetirirmiş kimi həyat yoldaşının qolundan yapışdı. Ər-arvad bir neçə metr irəli çıxdılar. Veniamin Alek­san­droviç nəyi isə xatırlayırmış kimi onların arxasınca heyranlıqla baxır və sanki bundan həzz alırdı. Bir qə­dər getdikdən sonra Xolin addımlarını yeyinlədib Qur­bana çatdı və əlini mehribanlıqla onun çiyninə qoydu. Veniamin Aleksandroviç qəlbində saxladığı bu nisgili Qurbana ilk dəfə buradaca açdı:

- Yadındadırmı, Qurban, - dedi. - Ağır müharibə illə­rində səninlə bir neçə günlüyə Moskvaya qayıtmış­dım. Axşam gəzməyə çıxmışdıq. Mən Antonina İva­nov­nanın qoluna girmişdim. Sən arxamızca tək-tənha gəlirdin. Söz yox ki, bizə həsrətlə baxırdın. Öz həyat yoldaşını düşünürdün. O vaxt bu, ürəyimdə bir nisgil oldu. Düşünürdüm: "Qurbanla həyat yoldaşının bir gün qol-qola girib getdiklərini görsəydim..." Bax, həmin gün gəlib çatıb. İndi əsl məqam idi. Əhdim yerini aldı.

Hamı gülüşdü. Hamı kədərləndi. Xanım xala sevin­cindən qəhərləndi...

Görüşlərin, səmimi söhbətlərin, mehriban baxış­la­rın ardı-arası kəsilmir. İki səmimi dost, dar günün qardaşları bir-birindən doymaq bilmirlər. Nəhayət, ayrılıq günü gəlib çatır. Bu, Qurban və onun ailəsi üçün ağır olsa da, general yola düşməyə hazırlaşır.

Yenə də dəmiryol stansiyası. Keçmiş cəbhə dostları, yeni tanışlar öz əziz qonaqlarını yola salmaq üçün stansiyaya toplaşmışdılar. Xolin Qurbanı bağrına basıb:

- Gedirəm, ancaq ürəyim, qəlbim sizin ailədə, Abdulla əminin, Xanım xalanın yanında qalır, - deyir.

Qatar tərpənir. Dostlar qatar gözdən itənədək bir-birlərindən nəzərlərini çəkmirlər.

...Gunlər keçir. Budur, qoltuğunda bağlama, çantasında məktub və teleqram olan poçtalyon Lenin küçəsindəki 4 nömrəli evə doğru irəliləyir və rast gəldiyi qonşulara fərəhlə:

- General Xolindəndir, - deyir. - Şofer Qurbana...

 

1983-cü il

 



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com