www.aliildirimoglu.az

Müsahibələr, söhbətlər

“BİR DƏ HƏYATA GƏLSƏM, YENƏ DƏ JURNALİST OLARDIM”

Jurnalistikamızın ağsaqqallarından biri, ömrünün-gününün böyük bir hissəsini mətbuatımızın inkişafına həsr etmiş, kəsərli qələmi ilə nüfuz qazanmış, sevimli yazıçımız Əli İldırımoğlu ilə musahibə aparmaq, xüsusilə gənc jurnalistlərdən böyük məsuliyyət tələb edir. Əli müəllimlə söhbətimizdə məsuliyyət amilinə onun geniş yer ayırdığını görüb qənaətimizin təsadüfi olmadığını dəqiqləşdirdik. Yüzlərlə məqalə, oçerk, felyeton, hekayə, roman müəllifi olan Əli İldırımoğluya sualla müraciət edərkən ehtiyatlı olmağımızın vacibliyini də anlayırdıq. Ancaq söhbət əsnasında onu da gördük ki, Əli müəllim məsuliyyət, tələbkarlıq, peşəkarlıq meyarlarına nə qədər böyük önəm versə də, bir o qədər də sadə insandır. Jurnalistikada uzun və maraqlı bir yol keçmiş Əli İldırımoğludan mətbuatımızın bu gününə dair fikirlərini öyrənmək olduqca dəyərlidir. Söhbətimizə o vaxtkı və mövcud mətbuat arasında paralellər gətirməklə başladıq. Əli müəllim dedi:

– Mənə bu sualı tez-tez verirlər. Təəssüf ki, indiki jurnalistlər arasında o vaxtkı mətbuatı, jurnalistikanı qamçılayanlar var. Əvvəla onu deyim ki, bizim vaxtımızda qəzetdə gedən adi hərf səhvi böyük söz-söhbətə səbəb olurdu. Biz hər bir yazıçıya yüksək məsuliyyət hissi ilə yanaşırdıq, insanların, ictimaiyyətin problemə fikrini öyrənirdik. Əvvəlcədən götür-qoy edirdik ki, yazdığımız yazı ictimaiyyət tərəfindən necə qarşılanacaq. Digər tərəfdən bu yazı nəyə xidmət edəcək?

Bizim dövrün jurnalistlərində bir operativlik, yüksək məsuliyyət hissi, el-obaya, torpağa qayğı var idi. Tez-tez dördüncü hakimiyyətdən danışırlar. Hə-min dördüncü hakimiyyət elə o vaxt mövcud idi. Hardasa bir sahə geri qalırdı, yaxud yol çəkilirdi – mətbuat orada idi. Məsələn, belə bir felyeton yazmış-dım: “Dağ dərdi”. Yəni yol yoxdur, dağın böyük dərdi var. Bir dəfə fotoqrafla gedirdik. Gördüm ki, evin üstündə ağac bitib. Evin gözəl arxitekturasına xələl gətirir, tez gəlib “Damda ağac” yazısını yazdım.

Düzdür, bəlkə də, qələmi iti olan jurnalistlər indi o vaxtkından çoxdur. Am-ma bu gün mətbuatımız öz məcrasına düşməyib. Mövcud mətbuatın qarşı-sında duran ən mühüm məsələ əldə etdiyimiz demokratiyanı cilalamaqdır, inkişaf etdirmək, müstəqilliyimizi qorumaqdır. Müharibə şəraitindəyik, gərək cəbhənin xeyirxahları qəzet səhifəsindən düşməsin. Baxıram bəzi müxalifət qəzetlərinə, harada nailiyyətimiz olur, üzərinə kölgə salırlar, kiçik nöqsan olsa, şişirdirlər. Ümumiyyətlə, o dövrün mətbuatına bəzən iradlar tuturlar. Ancaq o vaxt görkəmli jurnalistlərimiz yetişib və onların təcrübəsindən istifadə etmək lazımdır. Düzdür, o dövrdə də müəyyən çətinliklər mövcud idi. Görürdün ki, kimsə götürüb sənin haqqında bir “anonimka” yazıb. Amma məsuliyyət hissimiz güclü idi. Elə olurdu ki, redaktor hansısa problem barədə yazmaq tapşırığını verirdi, ancaq özünün vəziyyət barədə xəbəri yox idi. O problemə qəzet səhifəsində toxunsaydıq, camaat yaxşı baxmazdı. Ona görə də araşdırırdıq və nəticəni əvvəlcədən gördüyümüz kimi yazmırdıq. İndi bəzi qəzetlərdə elə məqalələr yazırlar ki, ondan ancaq ermənilər sevinir. Belə olmaz axı, özü də birlikdən, həmrəylikdən danışırıq. Tutaq ki, iqtidarın nöq-sanı var, nöqsansız iş olmaz. Axı onun yaxşı işləri də var! Bu yaxınlarda Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin II qurultayı oldu və Prezident İlham Əliyev orada iştirak etdi. Bu, böyük hadisədir, əhval-ruhiy-yəni, soydaşlarımıza münasibəti dəyişən olaydır. Oxuyuram bir qəzeti, yazır-lar ki, Rusiyanın “Kommersant” qəzeti qurultaya ironiya ilə yanaşıb. “Kom-mersant”ın da redaktor müavini ermənidir. İndiki jurnalistlər dərinə getmirlər, təhlil aparmırlar. Bir var ümumi qanun. Bir də var vicdani qanun. Jurnalist həm də yüksək intellektual səviyyə, mütaliə, vicdan, mədəniyyət, nəzakət, ismət, haqq, ədalət deməkdir. Açırsan qəzeti, yeni dəb düşüb: yalnız hörmətli adamı hörmətdən salmaq yolu ilə ad-san sahibi olmaq istəyirlər. Bu, çox ucuz yoldur. Müxalifət qəzetlərində elələri var ki, onların bir felyetonunu, oçerkini oxumamışam, elə adi məqalə yazırlar. Di gəl ki, bunları qaldırırlar göyə, dünya ictimaiyyəti, hüquq müdafiə təşkilatları qarışır işə, “məşhurlaşırlar”.

Bir məqama da toxunum. Köhnə mətbuatda felyeton, oçerk, hekayə janrı var idi. “Kommunist” qəzetində ən çox oçerk, felyeton, hekayə yazan mən olmuşam. İndi o janrı bərpa etmək, onu öyrənmək əvəzinə köhnə mətbuata ağız büzürlər. Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə ənənəsi itib. Hələ məqalə yazmaq jurnalist olmaq demək deyil.

– Siz məsuliyyət məsələsinə toxundunuz. Bu meyarın jurnalistikamız-da sanki qəhətə çəkilməsinin səbəblərini nədə görürsünüz?

– Başlı-başınalıqda. Senzuranın əleyhinəyəm, ondan ən çox əziyyət çəkən mən olmuşam. Rayon qəzetinin redaktoru işləyəndə bir qlavlitimiz var idi, məni təngə gətirmişdi. Amma görürəm ki, Azərbaycan mətbuatının mövcud səviyyəsi nəzarətin olmasını tələb edir. Məsələn, mən Füzuli rayonundan bir felyeton yazdım, orada bir qadını müdafiə edirdim, onu incitmişdilər, ona qarşı ədalətsizlik etmişdilər. Fikirləşdim ki, yazıda onun adını çəksəm, inciyər, gəldim Sumqayıta, onu tapıb gətirdim milis şöbəsinə. Onunla söhbət etdim, sual verdim ki, səndən yazı yazmaq istəyirəm, buna necə baxırsan? Dedi yaxşı olar, qəzet mənə sahib çıxar. Dedim adını çəkim, yoxsa çəkmə-yim. İstəmədi, dedi ki, adımı çəkməyin, gələcəyim var. Ancaq indiki gənc jurnalistlər olsaydı, onun adını çoxdan çəkmişdilər, heç Sumqayıta da get-məzdilər. İnsanların hissiyatına toxunmaq olmaz.

Açırsan qəzetləri, filan məmur buradan gəldi, digəri ora getdi. Axı elə bil bunların işi-peşəsi yoxdur, sataşırlar, sonra da özlərini “dahi” sayırlar. Yalanın kəsəri olmur. Belə məqalələri yazanda faktın mahiyyətini araşdırmaq, təhqi-qat aparmaq, faktları öyrənmək lazımdır. Gərək jurnalist, ilk növbədə özünə hörmət etsin.

– Yəqin razılaşarsınız ki, bu gün mətbuatda peşəkarlıq problemi də var...

– Bilirsiniz, həm müxalifət, həm də iqtidar mətbuatında yaxşı qələmi olan jurnalistlər var. Amma onları istiqamətləndirən yoxdur. Vaxt var idi, qəzetə abunə olurduq, amma poçtalyonu gözləmirdik, adam göndərirdik ki, tez alıb gətirsin. Oxuyurdum qəzeti, həqiqət var idi. İndi baxırsan, əsəbiləşirsən. Ermənini sevindirən, düşmənin çırağına yağ tökən yazılar baş alıb gedir. Harada bir işıq var, onu söndürmək istəyirlər. Mən buna yaxşı baxmıram.

Şübhəsiz ki, bu, həm də peşəkarlığın yetərincə olmamasından irəli gəlir.

– Belə bir fikir də var ki, qəzetlərin çoxluğu qəzetin, müxbirin nü-fuzuna zərbə vuran amillərdən biridir.

– İndi çıxan qəzetlərin hamısının birlikdə tirajı, o vaxt mənim əməkdaşı olduğum “Kommunist” qəzetinin tirajı qədər deyil. O vaxt qəzet 600 min tirajla çıxırdı. Bu problem jurnalistlərin, qəzet sahiblərinin səviyyəsi, əxlaqı, savadı ilə bağlıdır. Onda mətbuata düşmək çətin məsələ idi, bilirdin ki, səhv yazsan, səni işdən götürərlər. Bu isə faciə idi. Amma indi nöqsan görürsən, lakin harada yazasan? Hansı təsiri olacaq? Qəzeti belələri nüfuzdan salıblar.

Jurnalistin məqaləsi duyulmalıdır. Jurnalistika söz sənətidir, gərək onun sənətkarı olasan. Əsl jurnalist olmaq üçün gərək peşənə, vəzifənə hörmət edəsən, gecə-gündüz alışasan, gözlərin qıyılmalı, qəddin əyilməli, əsəblərin gərilməlidir. Jurnalistika mübarizə deməkdir. Jurnalist seçilməlidir. Onun yazılarının bədii səviyyəsi olmalıdır.

– Əli müəllim, dediniz ki, mətbuatımız hələ məcrasına düşməyib. Sizcə, mətbuat indi hara gedir?

– Ola bilsin ki, keçid dövrüdür, mətbuat çalxalanıb, durulacaq, “yazı yaz, ayranı ayran” olacaq. Mən gələcəyə nikbinliklə baxıram. Amma eşidirəm jur-nalist müttəhim kürsüsündə oturub. Bizim dövrdə belə şey olmurdu. Mən bir dəfə olsun yazdıqlarıma görə özümə qarşı nalayiq hərəkət görməmişəm. Niyə? Çünki tənqid etdiyim adam nöqsanını və mənim də həmin naqisliyi tənqid etməyə borclu olduğumu anlayıb. Ancaq fikirləşmirdi ki, bu jurnalistin mənimlə qərəzçiliyi var. İnanın ki, mən çox vaxt xoşum gəlmədiyi adamdan yazı yazmamışam. Qəzetə hörmət etmək lazımdır. Bizim evdə əməkdaşı olduğum qəzetə əşya, ərzaq bükməyiblər. Mənim xoşum gəlmir, axı mən bu qəzetin əməkdaşıyam.

Jurnalist gec yetişən peşədir. Bəzən deyirlər ki, başqa peşədən jurnalis-tikaya gəlirlər. Mən buna belə baxmıram. Məsələn, Çingiz Aytmatov baytar, Çexov həkim idi. Jurnalist gərək çoxlu kitab oxusun, mütaliə etsin.

– Dediniz ki, ixtisasca jurnalist deyilsiniz. Mətbuata necə oldu ki, gəldiniz?

– Mətbuata öz arzumla gəlməmişəm. “Zorən jurnalist” kitabımda bu barədə yazmışam. Məni Rayon Partiya Komitəsi məcbur etdi. Mətbuata get-mək üçün xahiş edirdilər, mən getməmək üçün xahiş edirdim. Hətta buna görə partiya üzvlüyünə namizədliyimi iki il gözləmişəm, halbuki sınaq müddəti bir il idi. Açığını deyim, heç yazanda da birinci məktubum redak-torun xoşuna gəlmədi. Allah-taala buyurur ki, bəndəmə iki göz, əl, ayaq, düşüncə, ağıl-kamal vermişəm, o, hər şeyə qadirdir. Yüksək məsuliyyət hissi və ağır zəhmət – bunlar gərək birləşsin. Birləşməsə, çətin olacaq. Jurnalistika fakültəsini bitirmək hələ jurnalist olmaq deyil. Jurnalist olmağın şərtləri çox-dur. Onu da deyim ki, xüsusi müxbirlərin məsuliyyəti şöbə müdirindən də çoxdur. Rayonlarda qəzeti təmsil edən xüsusi müxbirlərdir. Onun yazılarını oxuyur, onu müşahidə edirlər, savadına, biliyinə, davranışına, səviyyəsinə qiymət verirlər.

– Jurnalistikada böyük bir yol keçdiniz...

– Mən peşman deyiləm. Hətta deyim ki, yenidən həyata gəlsəm, yenə də jurnalist olardım. İndi də yazıb-yaradıram. İnanın ki, axşam yazıram, səhər durub yenidən oxuyuram, təhlil edirəm, fikirləşirəm ki, yazdıqlarımı oxuyub nə düşünəcəklər. İstər jurnalist ol, istər başqa peşə sahibi: gərək insan özünü görə bilsin, özü-özünü sevməyi bacarsın, özündən həzz ala bilsin. Mənim hansısa bir səhvim olsa, sonra ondan əzab çəkirəm. İndi də belədir, 40 il bun-dan qabaq da belə olub.

– O vaxtkı dövrün mətbuatının müsbət cəhətlərindən danışdınız, mənfi cəhətlərindən necə? Hansı problemlərlə qarşılaşırdınız?

– Bilirsiniz, bizdə elə xüsusi müxbirlər olub ki, ömrü boyu onu yoxla-mayıblar. Amma məni nə qədər yoxlayıblar?! Üç dəfə Naxçıvanda, beş-altı dəfə Ağdamda olanda yoxlayıblar. Çünki təsir əks təsirə bərabərdir. Yazırdım, onların da əlinə bir şey keçmirdi, başlayırdılar “anonimka” yazmağa. Mərkəzi Komitədə də o qədər boş-bekar adam var idi ki, tez yığışıb komissiya təşkil edirdilər, yoxlayırdılar. Ağdamda evimdə kiçik təmir işi aparmışdım, üç dəfə yoxladılar. Bəzən elə olurdu ki, yazdığımız bir tənqidə görə üç dəfə ondan artıq izahat tələb olunurdu. İntəhası, işimizi elə qururduq ki, bizə zaval olmasın.

– Əli müəllim, bir vaxtlar Sizin işlədiyiniz rayonlar indi erməni işğa-lındadır. Yəqin ki, xatirinizdə ermənilərin məkrli niyyətlərinə dair hələ o vaxtlar müşahidə etdiyiniz xeyli hadisələr var...

– Mənim kəndim işğaldadır. Bütün əsərlərimdə erməni xislətini qırmızı xətlə göstərmişəm. Düşməni məhv etmək üçün gərək ona nifrət edəsən. Bu nöqsandır ki, mətbuatda ölkə rəhbərliyini nüfuzdan salmaq istəyənlər var. Amma Böyük Vətən müharibəsində qələbəni təmin edən başlıca amil xalqın rəhbərliyə inamı idi.

Mən 1956-cı ildə Naxçıvanda olanda Mehridən Ordubad rayonunu yoxlamağa gəlmişdilər. Muxtar respublikanın Kənd Təsərrüfatı nazirinin müavini Minas Markarov idi. Ordubadın ikinci katibi də erməni idi. Biz günorta yemək yeyirdik, onlar Mehridən erməni musiqiçilərini də gətirmiş-dilər. Birdən Markarov musiqiçinin qulağına nə isə dedi və onlar qəmli bir musiqi çalmağa başladılar. Mənə sual verdi ki, bilirsiniz, bu musiqi necə adlanır? Dedi ki, buna biz “krunk” deyirik, o vaxtlar bunu çalmağa icazə ver-mirdi Stalin. Tutub adamı dama basardı. Soruşdum ki, bu musiqinin mənası nədir? Deməli, mənası təqribən beləydi ki, göydən uçan durnalar, xəbər verin, türklərin qırdıqları ermənilərdən kim sağ qalıb, onların başına nə gəlib... Yəni bunlar hələ o vaxtdan hazırlaşırdılar.

1964–1965-ci illərdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsə-ləsi qalxdı və onlar imza toplamağa başladılar. Biz isə təəssüf ki, barışdırıcı mövqe tuturduq, geri çəkilirdik, vaxtında tədbir görmək lazım idi. Onların da ayağı yer alırdı. Rayonumuzun mərkəzində bir erməni ilə azərbaycanlı dalaşırdı, hamı yığılıb özümüzünkünü danlayırdı. Amma qonşu Ermənistan rayonunda hamısı tökülüb azərbaycanlını döyürdü. Biz isə bir-birimizi didirik. Yusif Vəzir Çəmənzəminli hələ o vaxt “Qan içində” romanında
bunları yazırdı...

– Əli müəllim, fəaliyyətinizdə jurnalistika ilə yazıçılığı necə bir araya gətirdiniz?

– Jurnalistika ilə yazıçılıq elə bir ailənin üzvləridir. Jurnalistika ədəbiyyata gedən bir yoldur, körpüdür. Oçerk, felyeton, hekayə də bədii əsərlərdir. Gərək oxuyasan, çalışasan, özünə hörmət edəsən. Biz mövzularımızı kəndlərdə, obada, eldə, ağsaqqallarımız arasında axtarırdıq. Bəziləri də var idi ki, “İzves-tiya”nı, “Pravda”nı vərəqləyib mövzu tapır, bizim vəziyyətə uyğunlaşdırıb, başlıqlarını dəyişib məqalə yazırdılar. Əsl jurnalistin yolu elə ədəbiyyata gedən yoldur.

İndi, məncə, bir hərc-mərclik var. O vaxt mən kitab yazırdım, görkəmli yazıçılar onu oxuyub rəy verirdilər və yalnız bundan sonra nəşriyyat kitabı çap eləyirdi. Mənim ilk “Həmin adam” romanımı altı ay saxladılar, üzərində işlətdilər. Günümüzdə isə istedadlılardan çox imkanlılar kitab nəşr etdirirlər. Ona görə də oxucular oxumurlar, onları kitabdan bezdirən belə müəlliflərdir, kim nə istəyir yazır.

“Mənim rəncbər atam” adlı kitabda yazmışam. Atam böyük dərrakə sahi-bi, mötəbər insan, namuslu, qeyrətli idi. Torpaqdan, təbiətdən, çöldən, çəmən-dən yoğrulmuşdu. İndi baxıram ki, alimlərimiz, savadlılarımız, akademiklə-rimiz var. Onların səviyyəsinə də baxıram, atamın savadına da. “Mənim rəncbər atam” kitabım bax belə ərsəyə gəlib. Deyirlər insan əməyinin stimulu onun gələcək sevincidir. O vaxt kitab yazırdım, onu 30–40 min tirajla çap edirdilər. Qonorar göndərirdilər. İndi o imkan yoxdur. Mənə deyirlər ki, vaxt keçib, neynirsən yazıb, kimə lazımdır? Ancaq mən indi də çalışıram, yazıram. Hazırda “Aqibət” romanının üzərində işləyirəm. Ədəbiyyatda yazıçıya gərək vəhy gələ. O, insanın mənəvi bətnindən doğulmalıdır. Kitablarım çıxandan sonra satışa qoymuram. Özü də yazdıqlarımı əvvəlcədən 5–6 səriştəli yazıçı-ya, jurnalistə oxuduram, onların rəyini, fikrini öyrənirəm. İnsan özünə qarşı tənqidi yanaşmağı bacarmalıdır. Kitablarımı özüm üçün yazıram, bilirəm ki, vaxt gələcək, onlar özünə oxucu tapacaq.

Rüstəm Qaraxanlı
“Azərbaycan” qəzeti, 2004-cü il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com