www.aliildirimoglu.az

Müsahibələr, söhbətlər

İŞĞAL: XƏYANƏTİN ANATOMİYASI

Bir neçə gündən sonra Azərbaycanımızın dilbər guşələrindən biri olan Qubadlının işğal günü yad ediləcək. Vaxt vardı, yalnız təqvimin al qırmızı günlərini – bayramlarını qeyd edərdik. Dost-tanışlar, qohum-əqrabalar bir-birini təbrik edərdilər. Nə yazıq ki, XX əsrin son onilliyi xalqımıza müxtəlif sürprizlərlə birlikdə belə “qara gün”lər də bəxş etdi. Və bu günlərin də biri qubadlılıların taleyinə yazıldı. Təxribat və xəyanət nəticəsində torpağı yadların əlinə keçən cəsur və igid bir el-obanın taleyinə biganəlik qəlbində Vətən, torpaq məhəbbəti bəsləyən hər bir kəsi sarsıtdı.

Xəyanətin miqyası geniş, yarası çox dərin idi. Doğma torpaqdan didərgin düşmüşləri nələr gözləyirdi. İlan mələyən aranın susuz çölləri, uçuq, sınıq-sallaq qamış çadır “şəhərcikləri”, aclıq, səfalət, xəstəlik, rəzalət... İndi o qara tarixdən düz 8 il keçir. Qəhrəman Nəbinin, igid Həcər xanımın vüqarlı övladları yenə üzü o dağlara sarı boylanır. Xoş, qayğısız keçən keçmişini an-maqla yanaşı, gələcəyini də göz önünə gətirir. Torpağın ətrini duyur, vətən nisgili, vətən həsrəti bu ətrin, rayihənin içində əriyir. Ürəklərdəki ümid qığılcımı bu insanların son istinad nöqtəsidir.

Tanınmış jurnalist, nasir, el ağsaqqalı, uzun müddət “Kommunist” qəzeti-nin xüsusi müxbiri işləmiş əslən Qubadlıdan olan görkəmli ziyalı Əli İldırım-oğlu ilə söhbətimiz də onun doğulub boya-başa çatdığı bu torpağın erməni quldurları tərəfindən işğal olunmasının ildönümünə təsadüf edirdi. Əli müəllimin Qubadlının işğalı ilə bağlı düşüncələrinin oxucularınız üçün də maraqlı olduğunu güman edirik.

– Əli müəllim, düz səkkiz il bundan əvvəl alınmaz qala hesab etdiyi-miz, Nəbilər, Həcərlər yurdu Qubadlı erməni qəsbkarları tərəfindən işğal olundu. Sizcə, bu qədər döyüşən, qəhrəmanlıqlar göstərən rayonun işğalı nə ilə bağlı idi? İşğal baş tutmaya bilərdimi?

– Əvvəla, deyim ki, “həm Qubadlı, həm də digər rayonlar niyə işğal olun-du?” sualının cavabı bu günə kimi tam aydınlaşdırılmayıb və işğalın təqsir-karları da hələ cəzalandırılmayıb. Onu deyim ki, mənim doğulub boya-başa çatdığım Əliquluuşağı kəndi Qubadlı rayonunun Ermənistanla sərhədində yerləşir. O vaxtlar mən Qubada işləsəm də o kəndlə müntəzəm əlaqə saxlayır-dım. Yeri gəlmişkən, yaxşı olardı ki, bir rubrika açaydınız. “Sən kəndin üçün nə etmisən”. İndi “Vətən, Vətən” deyib yaxa yırtan adamlardan soruşmaq lazımdır ki, o qanlı-qadalı müharibə illərində sən Vətən üçün nə iş görmüsən?! Mənim Şiraslan adlı 90 yaşında bir əmioğlum var. Sumqayıtda məskunlaşıb. O söyləyir ki, o vaxt kənddə 12 nəfər sovet əsgəri vardı. Ümumiyyətlə, o vaxt-lar müxtəlif rayonlarda hərbi hissələr yerləşirdi. Elə Qubadlının özündə də hərbi hissə vardı. Kəndi həmin 12 nəfər əsgər qoruyurdu. İçində ruslarla yanaşı, qazax, özbək də vardı. Kəndin sakini Fərman kişinin evini də onlara vermiş-dilər. Şiraslan söyləyir ki, kənd camaatı onlara qaynayıb qarışmırdı. Tut arağından, qoyundan, keçidən, toyuqdan nə olsa əsgərlərə verərdik. Bu, o vaxt-lar idi ki, onda hələ sovet hərbi hissələri Azərbaycanda idi. O hərbi hissələr ola-ola ermənilər bu torpağa girişə bilməzdi. Bizim başımızda oturan başçıların başıboşluğunun ucbatından onları buradan tələm-tələsik çıxartdılar, daha doğrusu, qovdular. Mən demirəm ki, rus ordusu həmişəlik burada qalaydı. Hələlik bizim vəziyyətimiz elə idi ki, biz onların gücündən istifadə etməli idik...

Hə, həmin Şiraslan kişi deyir ki, əsgərlər günlərin birində gəlib doluşdular bizim həyətə. Dedim, nə olub?! Dedilər ki, Şiraslan kişi, Ermənistanın yolunu bizə göstər, qaçıb canımızı qurtaraq! Öyrəndik ki, bir dəstə cəbhəçi gəlib bun-ların texnikasını, silahını əllərindən alıb. Sonradan 2 hərbi maşın gəlib əsgərlərin silah-sursatını, texnikasını cəbhəçilərdən yığıb apardı. Ölkə başsız idi məgər? Başçı var idi. Ancaq başsız başçı idi. Yenə bir misal deyim: mən Ağdamda işləyirdim. Ağdamı tanıyanlar bilirlər ki, şəhərin girəcəyində “Uzun-dərə” adlanan yer var. Bayırdan dəmir məftillərlə hasara alınmışdı. Əsgərlər keşik çəkirdilər. Bir dəfə mən bu sahədən başı çıxan bir mütəxəssisdən burada nə olduğunu soruşdum. Sən demə, yerin altı silah anbarı imiş. Dedilər ki, sovet hökuməti gələcəkdə Şərqdə başlanacağı ehtimal olunan müharibəyə lazım olan bütün silah və texnikanı bu anbarda yerləşdirib. Ermənistanla 10 il müharibə aparılsa da, bu anbardakı silah-sursat ehtiyatı bəs edərdi. Ancaq elə ki, sovet qoşunları çıxarıldı, cəbhəçilər buradakı silah-sursatı, texnikanı söküb dağıtdı-lar. İnkubator Quşçuluq İdarəsinin rəisi Abdurəhman Şirinov mənə danışırdı ki, Ağcabədidən, Füzulidən, Bərdədən maşınla, at-eşşəklə gəlib bu silahı dartıb apardılar. Çoxu gizli yolla erməniyə satıldı. Yenə də Abdurəhman söyləyirdi ki, raketlərdə qızıldan hissələr varmış, onu söküb ora-bura satırdılar.

Napoleonun bir sözü var, deyir: “Ən böyük əxlaqsızlıq bacarmadığın işi boynuna götürməkdir”. Ölkə əxlaqsızların əlində idi. Napoleonun belə bir sözü də var ki, sərkərdəsi şir olan yüz qoyun, sərkərdəsi qoyun olan yüz şirə qalib gələr. Bizim bugünkü faciəmiz bir də onunla əlaqədardır ki, döyüşkən, cəngavər, qorxmaz oğullarımız qoyun başçılar əlində girinc qalmışdı. Həmin səhvlərin müəllifləri gönü suya verəndən sonra indi ortalığa çıxıb utanmaz-utanmaz “Vətən, Vətən” deyib qışqırır və Qarabağın azad olunmasının yol-larını diqtə edirlər. Müşfiq demişkən, adamın üzündə həya gərəkdir.

– O vaxtlar doğma kəndiniz üçün, onun müdafiəsi üçün bir kömək göstərə bildinizmi?

– Düzdür o vaxtlar Qubada yaşasam da, rayonun, xüsusən strateji bir nöqtə sayılan Əliquluuşağı kəndinin taleyi ilə gündəlik, müntəzəm surətdə maraqla-nırdım. Kəndin müdafiəsinin təşkili, silah alınması, texnika ilə təchiz olunması üçün, tanıdığım, tanımadığım adamlara müraciət edirdim. Kəndin kolxoz sədri Maşallah Abdullayev mənim bibim nəvəsidir. Özü də çox qoçaq oğlandı. Bir gün gəlib mənə dedi ki, əmi, bu erməniləri çaşdırmaq üçün istəyirik ting əkək, kömək elə. Qubadan 1000 ədəd ting alıb verdim Maşallaha. Gətirib kəndə bağ-bağat saldılar. Bir gün də yanıma gəlib dedi ki, əmi vəziyyət ağırdır. Ermənilər kəndin texnikasını, kotanını, kombaynını aparıblar, kömək lazımdır. O vaxtlar Arif Rəhimzadə Prezident Aparatında işləyirdi. Ona müraciət etdim. Arif müəl-lim o kənd üçün dövlətdən 100 min manat pul ayırıb göndərdi. Kəndə kotan, traktor verdi. Onu da qeyd edim ki, Arif müəllim çox təmiz, pak, ideal bir adamdır. Sonra Baş nazirin müavini mərhum Tofiq Əzizova müraciət etdim. O da kəndə 1–2 traktor, texnika göndərdi. Bir gün xəbər gəldi ki, ermənilər kəndin yolunu nəzarət altında saxlayırlar. Hətta Hüseyn adlı bir nəfərin oğlunu da öldürmüşdülər. Kəndə yol çəkdirmək lazım idi. İndi Baş nazirin birinci müavini işləyən Abbas Abbasov o vaxtlar Abşeron rayonunda birinci katib işləyirdi. Məsələni ona danışdım. Sağ olsun, məni eşitdi. Onun köməkliyi ilə kəndin cənub tərəfindən yol çəkildi ki, camaat rahat, təhlükəsiz gedib-gələ bilsin. Yenə bir gün Maşallah mənə bildirdi ki, ermənilər kəndin dəyirmanını dağıdıblar. Abbas müəllimin köməyi ilə kənddə yeni dəyirman tikdik. Kəndin çörəklə təchizatı məsələsində çətinliklər var idi. Məsələdən hali olan kimi “Azərittifaqın” idarə heyətinin o vaxtkı sədri Zakir Abdullayevə müraciət etdim. Zakir müəllimin köməkliyi sayəsində kənddə çörək sexi tikildi. Bir dəfə də Yanacaq Komitəsinin sədr müavini Zakir Məmmədov mənə zəng vurdu. Bildirdi ki, Qubadlıdan olan bir qrup ziyalı kabinetimə yığışıb, Sizin də gəlmə-yiniz məsləhətdir. Gəlib gördüm ki, Qubadlı bankının müdiri Qurultay (Ağada-daşın oğlu), Qaradağ Təchizat İdarəsinin rəisi Şahsuvar, APİ-dən (Azərbaycan Dövlət Pedaqoji Universiteteti – Red.) bir kafedra müdiri, rayon DTK-sından bir nəfər, təxminən 8–10 nəfər şəxs Zakir Məmmədovun kabinetində yığışıblar.

Məlum oldu ki, silah-sursat almaq üçün vəsait toplayırlar. Ən çox pul verən Şahsuvarov oldu. Min manat verdi. 500 verən də, 200 verən də oldu. Mən də uşaqlarımı bir yerə yığıb məsləhətləşdim. 5000 manat toplayıb verdim. Kəndin yuxarı körpüsünü ermənilər kəsmişdilər. Aşağıda körpü salmaq məqsədilə Sumqayıtdan körpü tikintisi üçün lazım olan material göndərdik. Qarabağa Yardım Cəmiyyətinin sədri mərhum Bayram Bayramovdan bir yük maşını alıb kəndə verdik. Di gəl ki, bibioğlu danışır ki, bizə “Vuruşun!” demirdilər. Deyirdilər ki, sizi Xocalının gününə salacaqlar, çıxın, ermənilər sizi qıracaqlar.

Bu da camaatın əl-qolunu yanına salır, onun döyüş ruhunu zəiflədir, qələbəyə olan inamını qırır, qəlbinə şübhə, qorxu toxumu səpirdi. O zamanlar bütün bunlar barədə “Döyüşən kənd” adlı böyük bir yazı ilə çıxış etmişdim. Hətta Qubadlının icra hakimiyyəti başçısına göstəriş verilibmiş ki, camaatı köçürsün. Bunu mənə rəhmətlik Cəlal Bərgüşad danışmışdı. Guya, Qafana atmaq üçün silah gətirilib. Camaatın təhlükəsizliyini təmin etmək məqsədilə ərazi əhalidən boşaldılmalıdır. Sonra yenidən qayıdıb gələrlər. Prezident Aparatından bir rəhbər işçi gəlib bunu başçıya deyirmiş. Ancaq camaat döyüşürdü. Ermənistandan Karen və onun quldur dəstəsini ələ keçirmişdilər. Sonra onun meyitini Qarabağa dəyişmək üçün göndərdilər. Qubadlıya cəmi 4 tank girmişdi ki, ikicə nəfərlə onların qarşısını almaq olardı.

– Sizcə, bu rayonların, xüsusən Qubadlının işğalı xəyanət idi, yoxsa şəxsi ambisiyaların nəticəsi?

– Tək-tək adamlar müəyyən mövqe tutmaqdan ötrü bu Vətənə, bu xalqa xəyanət etdilər. Ömründə möhür görməyən adamın prezident olması xəyanət deyildi, bəs nə idi? Quş tüfəngi ilə bir güllə atmayan adamın Müdafiə naziri olması xəyanət deyildi, bəs nə idi? Kabinet görməyən adamın Nazirlər Kabi-netinə başçılıq etməsi xəyanət deyildi, bəs nə idi? Adi milisionerin Daxili İşlər naziri olması xəyanət deyildi, bəs nə idi?

Yadımdadır, Quba rayonuna öz işini dərindən bilən, savadlı, səriştəli bir nəfər – Əhməd Əhmədzadə rəhbərlik edirdi. Cəbhəçilər hakimiyyətə gələn kimi onu çıxarıb yerinə bir coğrafiya müəllimini qoydular. Hər il 110 min ton meyvə verən rayonda həmin il 13 min ton meyvə tədarük edildi. Bu xə-yanət deyildi, bəs nə idi? Mənim bir qonşum var idi. Bədən tərbiyəsi müəl-limi idi, Cəbhəyə yeni daxil olmuşdu. Yerə-göyə sığmırdı. Deyirdi, məni bazarkom qoyacaqlar, onunçün cəbhəçi olmuşam. Füzuli kimi bir rayona qavalçalanı başçı qoymuşdular. Zəngilanda xətir-hörmət qazanmış Tofiq Mehdiyevin yerinə isə təsadüfi bir adamı başçı təyin etmişdilər...

Allah əvvəl adamın ağlını alır, sonra canını. Sapı özümüzdən olanlar həmin rayonları ağıllılardan mərhum elədilər. El-oba başsız qaldı. Erməni işğalçıları da bu fürsətdən istifadə etdi.

– Əli müəllim, indi o vaxtlardan xeyli müddət keçir. Çox sular axıb-durulub. İşğal olunmuş ərazilərdən, doğma yurd-yuvalarından ayrı düşən insanları doğma ev-eşiklərinə necə qaytarmaq olar? Problemin sülh, yoxsa müharibə yolu ilə həlli barədə nə düşünürsünüz?

– Bizim respublikada məsləhət verən çoxdur. Elə adamlar var ki, ailəsinə başçılıq edə bilmir, dövlət məsələlərindən danışır, millətə başçılıq etmək iddiasındadır. Deyirlər, bir padşahın dəniz kənarında iqamətgahı varmış. Bir gün baxıb görür ki, dənizdən beş barmaq qalxıb. Fikirləşir ki, bu nə barmaq-lardır elə... Gülləyə, top-tüfəngə tutur, barmaqlar çəkilmir. Bəhlul Danəndə qarğı atını çapa-çapa o yerdən keçirmiş. O, iki barmaq göstərən kimi bar-maqlar çəkilib gedir. Padşah məəttəl qalır ki, biz top-tüfənglə beş barmağa bir şey edə bilmədik. Ancaq Bəhlul Danəndə iki barmaq göstərən kimi beş bar-maq çəkilib getdi. Səbəbini Bəhluldan soruşurlar. Danəndə deyir ki, beş bar-maq demək istəyir ki, bu dünyada beş adamın fikri bir olsa, onlara top-tüfəng batmaz. Mən dedim ki, qələt eləmə, elə iki adamın da sözü bir olsa, heç kəsin gücü çatmaz. Bizdə birlik yoxdu. Vəzifə, mövqe, stol hərisliyi Vətən, torpaq, namus, qeyrət təəssübkeşliyindən qat-qat üstündür. Ördək, balıq, xərçəng vəziyyəti yaranıb. Hərə bir tərəfdən çəkir. Müharibə üçün topumuz, topxa-namız var, milli birliyimiz, qeyrətimiz yoxdu. Di gəl ki, hamı bu olmayan şeydən dəm vurur, çoxu da boğazdan yuxarı, gəlişi gözəl sözlərlə. Bizə ibarəli kəlamlar yox, Vətən qeyrətilə cilalanmış saf əməl lazımdı, əks təqdirdə...

Müharibə eləmək üçün gərək iqtidarın iki qüvvəsi ola. Bir qüvvə ermə-nilərlə, digər qüvvə daxildə dişi qana batan vəzifəpərəstlərlə döyüşə. Arxadan zərbə vuranlara qarşı hazır olmaq gərəkdir. Müharibə aparmaq asan məsələ deyil. O məqamları biz keçirmişik, əldən vermişik. Ona görə də bu məsələdə xeyli ehtiyatlı olmalıyıq.

Ancaq bununla belə, mən optimistəm. İnanıram ki, gec-tez biz şəhidləri-mizin qanı ilə suvarılan o müqəddəs torpaqlara dönəcəyik. Babalarımızın narahat ruhları yalnız ondan sonra rahatlıq tapacaq, bizi bağışlayacaqdır.

A.Rəhimov
“Açıq fikir” qəzeti, 28 avqust–3 sentyabr 2001-ci il

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com