www.aliildirimoglu.az

OÇERKLƏR

EL QIZLARI

Ramiyə dünənki söz-söhbətdən sonra özünə gələ bilmirdi. Gecəni də narahat yatmışdı. Sübhün şəfəqləri söküləndə mal-qaranı ağıldan çıxarıb naxıra qoşdu. Qəərdə dayanıb gül-çiçəklə rayihə­lən­miş doğma kəndinin qərq olduğu yaşıllıqların, qalın meşələrlə örtülmüş ətraf təpələrin seyrinə daldı və yenə də evə döndü. Yeddi övlad böyüdüb boya-başa çat­dıran Qızxanım xala hələ də yuxudan oyanmamışdı. Ramiyə anasının çalın-çarpaz qırışlar düşmüş nurani çöhrəsinə riqqətlə nəzər salıb öz-özünə pıçıldadı:

- Mane olmayım, onun yuxusuz gecələri azmı olub?!

Ramiyə dərindən köks ötürüb, yataq otağının qapısını ehtiyatla örtdü. Həyət-bacanı səliqə-sahmana salıb, evi yır-yığış eləyib, sonra da tələm-tələsik bir stəkan çay içdi. Ramiyə onu təhdid edən qarmaqarışıq fikirlərdən yaxa qurtara bilmirdi. O, iş paltarını qıs-qıvraq geyinib, çevik bir hərəkətlə ağacın dibinə san­cıl­mış beli götürüb yola düzəldi. Kəndin ortasındakı bulağı dövrəyə alan qız-gəlinə ədəb-ərkanla salam verib, addımlarını bir az da yeyinlətdi. Kəndin ağbirçəyi Minayə xala müdrik baxışları ilə Ramiyənin çevik tərpənişinə fəxrlə nəzər salıb, məmnunluqla:

- Ət yeyən quş, elə dimdiyindən bildirər - dedi. - Qızxanımın bu ortancıl qızını bir-iki dəfə də tərəvəz becərəndə görmüşəm. Elə bil od parçasıdır. O, kəndin aralarında axşamacan veyil-veyil gəzib, gündə də ora-bura yazıb, - mənə vəzifə ver! - deyən başıpapaqlılar var e, elələrinin yüzünə dəyər…

Ramiyə haylı-küylü Ləgər kəndindən xeyli aralanmışdı. İrəlidəki aşırımı arxada qoyub düz arxac yerinə tərəf gedirdi. Qətiyyətli addımlarla. Vaxtı ilə bu yerlər vəhşi heyvanların məskən saldığı kol-kosluqdan başqa bir şey deyildi. Düzənliyin qurtardığı kiçik təpələrin arasında ilin bahar fəsli mal-qara saxlanardı. Atası Nizaməddinin o vaxt dedikləri Ramiyənin bugünkü kimi yadındadır:

- Yönlü bir örüş deyil ki, mal, qoyun otarasan, meşə də deyil ki, odun-ocağından…

Nizaməddin arxac yerinin torpağından bir ovuc götürüb əlində sıxdı, ovuşdurub qoxladı. Təcrübəli aqronom təəssüflə başını buladı: -Heç insafdırmı ki, bu cür qızıl kimi torpaqlar kol-kosun altında qalsın!

ndin görüb-götürmüş əkinçiləri də Nizaməddinin fikrinə şərik çıxdılar. Bu söz-söhbət təsərrüfat başçılarını elə bil qış yuxusundan ayıltdı. Bir qaldı yuxarıların razılığı. Bəli, o vaxt belə idi, daşı-daş üstünə qoymaq, arxın, bərənin yerini dəyişmək üçün yuxarıların bir barmaq razılıq kağızı gərək idi. Əks təqdirdə…

Əlqərəz, çox get-gəldən, yazı-pozudan sonra rəylər eyniləşdi. Hamı kənd aqronomu Nizaməddinin sözünün üstünə gəldi, arxac yerində traktorlar nərə çəkib, cəngəlliklərin altını üstünə çevirdi. Yüz hektarlarla sahə dərindən şumlandı. Torpağın sinəsində alma tinglərinin ilk cərgəsi görünəndə Nizaməddinin bağbanlara necə dəlil-dəlalət etdiyi Ramiyənin yadından hələ də çıxmır:

- Bu simerenko, rozmarin, boykin sortları ki var, Qusarın iqlimi, torpağı üçün çox sərfəlidir. Ələlxüsus da ki, simerenko. Bu sort uzunömürlüdü, məhsuldarlığına da söz yoxdur. Meyvəsi də ki, yaxşı saxlansa, Novruz bayramından da bir ay o tərəfə qalandı. Əsl bu yerin almasıdır. Bu şərtlə ki, gərək gözün üstündə ola. Bağı ki, unutdun heç… Atalar nahaq yerə deməyib ki, bağa baxarsan bağ olar…

Onda Ramiyə atasının dediklərini bircə-bircə yığışdırır, uşaq şıltaqlığı ilə sevinir, təcrübəli bağbanlara qoşulub ting gətirir, bel götürüb çalalar qazırdı… Ata qızına hərdənbir gözağartması verib - uşaqsan, uşaq işinə qarış, ting salmaq sənin  xörəyin deyil, - desə də, Ramiyə əmilərə, xalalara köməyini əsirgəmirdi…

Ağaclar böyüyüb qol-qanad atdıqca, Ramiyə də boya-buxuna dolurdu. O, dərslərindən, ev işlərindən macal tapanda atasının yanına düşüb bağları dolaşırdı. Bir dəfə çiçək toplayanda əlinə sarı tikan batdı. Ramiyə ufuldadı. Ata gülümsündü və:

- Həyat belədir, qızım - dedi. - Çəyi də var, tikanı da. Elə adamları da. Çalış ki, ətir saçan ol, barmaq sancan yox. Elə əməl işlət ki, tanıyıb-bilənlər səni sevsinlər, tay söyməsinlər…

O vaxtdan arxac yerlərindəki bu bağlar Ramiyə üçün ata abidəsi olub. Ona atasının yoxluğunu, bax, bu barlı-bəhərli bağlar unutdurur. Hər dəfə bu yerlərə güzar salanda ilk tinglərin cərgələndiyi anları xatırlayır, atası ilə aralarında olan nəsihətamiz söz-söhbətləri yaşayır. Bəzən hissiyata qapılır, kövrəlir də. İndi rayondan gələnlərin birdən-birə: - Bu ağacları qırın! Məhsuldarlığı aşağıdır! Başqa sort əkin! - demələri Ramiyəyə bərk əsər eləmişdi.

Ramiyə vaxtı ilə atasının əkdiyi həmin sahələri nisgilli baxışları ilə nəzərdən keçirdi. Ağacların orta sıxlığını yoxlayıb aqrotexniki hesablamalar apardı. Görüb-götürmüş bağbanlarla hərtərəfli söhbət etdi. Onların müdrik kəlamlarını dinlədi. Bağlarda becərmənin təşkilindən hali oldu… Ramiyə arxac yerindəki bağların sökülüb, ağacların başqa bir sortla əvəz olunması fikrinə etiraz edəndə sovxoz direktorunun da, baş aqronomun da cavabı eyni oldu:

- Göstəriş belədi! Bir də ki, nə simerenko, nə rozmarin?! Hektardan on doqquz sentner məhsul verən sort bizə gərək deyil. Günü sabahdan traktorları salıb, hamısını kökündən çıxarmaq lazımdır…

Bu yerlər Ramiyə üçün təkcə bağ yox, həm də ata təsəllisi idi. Bu abidəni uçurmaq… Ramiyə bu dərdi çəkə bilmirdi. Onun etiraz səsi rayon təşkilatlarına qədər gedib çıxdı. Sovxoz başçıları bir tərəfə oldu, Ramiyə bir tərəfə. O, axır ki, dediyinə nail oldu:

- Sizə sübut edəcəyəm - dedi…

Rəfiqələri ilə əl-ələ verib arxac yerini icarə podratına götürdü. Bağların seyrəkliyini aradan qaldırdı. Becərmələr vaxtında, vədəsində getdi. Ağaclar bitki xəstəliklərindən, zərərvericilərdən qorundu.

Ləgər qızıl payızın əlvan rənglərindən don geyi­nən­də Ramiyə qolunu çırmayıb becərdiyi bağların barını-bəhrəsini dərdi. Şadxanım, Rima, Məsmə ilə çiyin-çiyinə. Hektarın məhsuldarlığı birdən-birə on doq­quz sentnerdən əlli üç sentnerə çatdı. Arxac yerin­dəki bağların sökülməsi barədəki fikirlər, bax, beləcə alt-üst oldu. Ancaq belə bir nəticə gənc bağbanı heç də qane etmir. Ramiyə deyir ki, üç-dörd ilə gərək bağların hər hektara görə məhsuldarlığını iki-üç dəfə artıraq. Bu, xoş niyyət, nəcib arzu həm də Ramiyənin atasının əkinçilik ənənələrinə olan sədaqətinin təcəssümüdür.

Ramiyə təkcə üzv olduğu əmək kollektivinin öncülü, qabaqcılı yox, həm də elinin, obasının canıyananı,təəssübkeşidir. Təsərrüfat işlərindən macal tapdıqca maşına əyləşib rayon mərkəzinə yollanır. Neçə-neçə qayğılarla, arzularla. Rayon Sovetinn işçiləri ilə qabaq-qəər əyləşir. Kəndin görülüb-görüləcək işlərini dönə-dönə götür-qoy eləyir. Tikinti təşkilatlarının başçılarını ayağa qaldırır…

Budur, rayon mərkəzində keçirilən yığıncaqlarda hər dəfə gənc bir qızın həyəcanlı səsi eşidilir. Onun adı çəkiləndə salondakıların arasında xəfif pıçıltı gəzir:

- Halal olsun beləsinə! Çox diribaş qızdır! El dərdi çəkən, bax, belə olar, Ramiyə kimi.

Ramiyə Səfərova təsərrüfat məsələlərindən qısaca danışdıqdan sonra elinin təəssübkeşi kimi kənddə sosial problemlərin həlli üzərində dayanır. Əlaqədar idarə və təşkilatlara iradını bildirir, konkret təkliflər irəli sürür…

Bu günlərdə Rayon Sovetinin sədri söhbət əsnasında barmağını bir-bir qatlayaraq:

- Yoldaş Səfərova, - dedi - bax rayon mərkəzindən kəndə asfalt yol dedin, çəkdirdik, məktəb məsələsi qoymuşdun, tikdik, məət xidməti binasından ötrü idarədə oturmağa qoymurdun, istifadəyə verdik, təzə mağaza binasını həll etdik…

Ramiyə bu barədə sədrə razılığını bildirib, yenə də qayğılı görkəm aldı. Onun təmkinli baxışlarında Ləgər camaatının neçə-neçə arzularını oxuyurduq.

Bir neçə gün bundan qabağın söhbətidir. Qaş qaralanda qapıbir qonşusu Məhəmmədlə, onun həyat yoldaşı Pirzə ilə üz-üzə gəldi. Günortadan başlayan qar təzə kəsmişdi. Qışın şaxtası adamın iliyinələyirdi. Pirzə Ramiyəni görəndə dərdi tərpəndi. O, soyuqdan əlini ovuşdura-ovuşdura:

- Ay qonşu, - dedi, - səndən nə gizlədim, o Neft daşlarında işləyən oğlumdan neçə gündür nigaranam. Abbası deyirəm, dayna. Gecə də qarışıq yuxular görmüşəm. Sovxozun idarəsinə getdim ki, görüm telefonla danışa bilərəmmi?! Oğlumdan bir hal-əhval tutum…  İki saat əlləşdim. Dedilər liniya xarabdı.

Pirzə xala çiyinlərini ümidsiz çəkərək əlavə etdi:

- Əlac nədir, ay qızım, Məhəmmədə deyirəm, səhəri birtəhər açaq, gedib Qusardan danışarıq. Şəhər telefonlarıynan danışmaq asan olur…

Təkcə telefon məsələsi olsa, nə dərd idi?! Neçə gün bundan qabaq Gülxanımın giley-güzarı da Ramiyəyə bir nisgil olmuşdu:

- Ramiyə, qızım, özgəsi deyilsən. Sən də ol o doqquz uşağımın biri. Dərdim tərpənib, deyirəm. Fermada sağıcı yox idi getdim. Hər inəkdən də iki min kiloqramdan çox süd sağdım. Direktor deyir yaxşı işlə, ferma müdiri plan tələb eləyir, zootexnik gileylənir ki, tövləni yaxşı saxlamırsınız… ay başına dönüm, bu doqquz uşağın öhdəsindən gəlim, yoxsa inəklərə baxım. Kənddə bir bağça yoxdur ki, o balacaların qolundan yapışalar, mənim də əl-qolum açıla.

Qayğılar… Qayğılar… Ramiyə bütün bu deyilənləri sadəcə olaraq dinləmir, onu ürəyinə salır, qəlbində araşdırır. Kəndin fəalı, avanqardı kimi. Kəndin ehtiyacları onun sosial proqramına çevrilir.

sadüfi deyil ki, Qusar rayonundakı Miçurin adına sovxozun fəhlə və qulluqçuları SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputatlığa kimin namizədliyini irəli sürmək məsələsini götür-qoy edəndəqabaqcıl fəhlə Səməd Cəfərov ayağa qalxıb Ramiyə Səfərovanın adını çəkdi. Dərin ehtiramla, qəti inamla, böyük ümidlə. Bu təkcə Səmədin yox, bütün Ləgər camaa­tının ürəyindən keçən bir istək idi.

İndi Ramiyə sevincli, qayğılı günlər keçirir. Deyir ki, gərək bu il kənddə uşaq bağçası tikilsin. Gülxanımlar arzusuna çatsın. Avtomat-telefon stansiyası qurulsun. Adamlar yaxın-uzaq şəhərlərlə telefon əlaqəsi saxlamaq üçün əziyyət çəkməsinlər. Küçələrə asfalt döşənsin, hamam istifadəyə verilsin…

Ramiyənin proqramında neçə-neçə bu cür xoş məramlar, xeyirxah tədbirlər vardır. Onun qətiyyətli söz-söhbətini, ağıllı mülahizələrini dinlədikcə, kənd qızının ona etimad göstərən seçicilərin layiqli qayğıkeşi olacağına inanırdıq.

Qusarda Ramiyə tək deyil. Bu qədirbilən el-obanın neçə-neçə mərd qızı var. Kimin ağlına gələrdi ki, ömrünü yayda Şah dağının çiçəkli yaxasında, qışda Şirvanın boz düzlərində, ağlı-qaralı sürülərin arxasında keçirən çoban Poladın fəhlə övladı Bilfurəyə bu gün sovxozun əmək kollektivi etimad göstərib, onu ali xalq hakimiyyətinə deputatlığa namizəd göstərəcəklər. Əmək meydanına cəmi-cümlətanı dörd il bundan qabaq atılıb. Di gəl ki, bağ becərəndə, tərəvəz yetiş-dirəndə, əmək cıdırına çıxanda hamını geridə qoyur. Sovxozda kənd təsərrüfatı işlərini yeni, mütərəqqi üsullarla qurmağın məqamı gələndə əvvəl-əvvəl çoxları tərəddüd edib, geri çəkildi. Onda ilk dəfə Bilfurənin cəsarətli səsi eşidildi:

- İcarə podratına bizim kollektivi yazın - dedi.

Onun üzv olduğu briqadanın başçısı Əhmədxan Muradov yenilikçi qızın hünərinə heyran qaldı və onun dediyinin üstündə də möhkəmcə dayandı… Nəticəsi də pis olmadı. Aylar ötüb, il başa çatanda icarə podratçılarının əldə etdiyi iqtisadi səmərə qonşu briqadalara nisbətən üç-dörd dəfə artıq oldu. Briqadada yenidənqurmanın ilk səbəbkarı, qoçaq Bilfurəyə hamı: -əhsən! - dedi.

Bir məsələ onu çox düşündürür, narahat edir. İki min hektara yaxın bağ, taxıl, tərəvəz əkini sahəsi, min başa yaxın mal-qarası olan bir təsərrüfat iqtisadi cəhətdən niyə geridə qalsın? Bir belə işlək adamlar var, güclü də texnika. Bir belə gücün müqabilində torpağın məhsuldarlığını artırmaq olmazmı?! Əlbəttə, düşünüb-daşınmaqla iş bitmir. Bu cür suallara cavab tapmaq lazımdır. Bilfurə bu barədəartıq konkret nəticələrə gəlib. Təsərrüfat başçıları qarşısında məsələni qəti qoyub, birinci meliorasiya işlərini yoluna qoymaq lazımdır. Gədəzeyxur kəndinin yaxınlığından axan suyun qabağını kəsib iri göl yaratmaq lazımdır. Qusarçay-Cağarcibir kanalı əsaslı surətdə yenidən qurulmalıdır və sair. Əlbəttə, meliorasiya məsələsi deputatlığa namizədin proqramında tutulan və bu gün-sabah həllini tapacaq onlarla tədbirlərdən biridir. Onun sosial sahədəki amalları daha böyükdür…

Aydın fevral səhəridir. Qubanın səmasındakı bir parça boz bulud da nazlana-nazlana Şah dağın qarlı zirvələrinə doğru çəkilirdi. Dünəndən bəri adamlar arasında xoş bir səda dolaşırdı: - Xalq deputatlığına Quba milli ərazi seçki dairəsindən deputatlığa nami-zədlərlə seçicilərin görüşü olacaq. Rayon mədəniyyət evi səliqə-sahmana salınırdı… Seçicilərin səbirsizliklə gözlədikləri an çatdı. Salona toplaşanların qarşısında iki nəfər gənc dayanmışdı. Ramiyə Səfərova, Bilfurə Şirinova. Qusarın qoçaqları. Ötən ilki seçkilərdən fərqli olaraq, indi adamların söz-söhbətində bir sərbəstlik vardı. Seçicilər arasında aşkarlığın, demokratiyanın ab-havası aydınca nəzərə çarpırdı. Deputatlığa namizədlərin kimliyi, onların əmək fəaliyyəti, irəli sürdükləri proqramlar, vəkillərin çıxışları ətrafında açıq, cəsarətli diskussiyalar başlandı. Hərə öz fikrini bildirdi, ürək sözünü dedi… deputatlığa namizədlərlə seçicilərin səmimi, işgüzar görüşü Quba və Qusar bədii özfəaliyyət kollektivlərinin şən mahnıları ilə başa çatdı…

 

11 mart 1988-ci il

"Kommunist" qəzeti

Qusar



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com