www.aliildirimoglu.az

OÇERKLƏR

OT BASMIŞ CIĞIRLAR

Çalın-çarpaz yollarında neçə-neçə yük və sərnişin qatarları, rəngbərəng avtomaşın və avtobuslar şütüyən Giləzi qəsəbəsindən aralanıb, Xızı və Altıağac istiqamətində yuxarıya doğru dikəldikcə bayaqkı hay-küy arxada qalıb yox olur və iyun günəşinin qızmar şəfəqləri altında mürgü vuran səssiz-səmirsiz, otsuz-ələfsiz çılpaq düzlərlə üzləşirdik. Hər­dən uzaqlarda, lap uzaqlarda zirvəsi görünən və çiçəkli çəmənləri, buz bulaqları insan hənirtisinə həsrət qalan qocaman dağlar sanki bizə tərəf boylanıb gedib-gə­lən­lərini, ona vəfasız çıxıb, həndəvərindən didərgin düşənlərini axtarırdı. Dolaylarda irəlilədikcə üz-üzədayanan alçaq və qəlbi təpələrin görkəmi dəyişir, yol kənarına sərilən ətəklərdə neçə-neçə rənglər bərq vururdu. Sarı, ağ, çəhrayı, göyümtül…  Torpağın biri-bi­ri­­nə qarışan əlvan rəngləri. Elə bil Səttar Bəhlul-za-dənin fırçasından min bir məna kəsb edən sirli, sehrli tabloların ecazkar aləminə düş-müşdük. Bəzən xəyal-lanır, bu rənglərin çalarlarından bir nisgil də duyur-duq. Axı, bu axar-baxarlı dərə-təpələr nə vaxtsa elini, obasını itirib. Neçə-neçə kəndi-kəsəyi yoxa çıxarıb. Bu çal-çağırlı yerlərdə indi nə bir səs var, nə də bir səmir. Bircə Giləzi çayı həyatın keşmə-keşlərinə tab gətirib, etibarlı çıxıb, məcrasını dəyişməyib. Yenə də həzin-həzin pıçıldayır, gecə-gündüz zümzüməsi kəsilməyir. Kim bilir nə deyir, nə danışır, kimdən şikayətlənir?! Bəlkə də bu sısqa, bəzən sərin, bəzən ilıq sular nakam Müşfiqin göz açdığı kəndin yoxluğuna yas tutan, bu qədimdən qədim dərə-təpələrin göz yaşıdır?! Gövdəsi pıtıqlaşmış tənha bir ağac, yerlə yeksan olan divar daşları göründükcə, bu yerlərdə boya-başa çatan müsahibim həmin səmtə işarə edir və deyirdi:

- Kənd yeridir. O, Şıxlar kəndidir. Bu, Səyyad kəndi… İndi yoxdur. Yalnız adı qalıb. Yolunu ot basıb, cığırları itib-batır.

Ağır dərddir! Buna heç dağ da dözməz. Bu cür sözləri çox eşitmişdik. Elə gözümüzlə də gördük. Dağ dözümü, dağ dözümsüzlüyü nə imiş! Bəyəhmədyurdu kəndi ilə üzbəüz dayanan və qalın meşələrlə örtülmüş dağın quzey tərəfi parçalanıb, yerindən oynayıb. Deyirlər ki, dağ sürüşüb. Yaşı doxsanı haqlayan Aybala kişi gümrah baxışları ilə ətrafa nisgilli nəzər salıb:

- Yox! - dedi, - oğul. - Dağ sürüşməyib. Dərd əlindən bu günə düşüb. Bir də ki, kənd kəndliyini itirəndən sonra dağ da dağlığında qalmayıb.

Müdrik qoca ilə xeyli söhbət etdik. Haqlı sözə nə deyəsən? Qoç igidlərinin hay-harayı, köhlən atların kişnərtisi o dağlarda əks-səda doğururdu. İndi necə deyərlər, lələ köçüb yurdu qalıb. Nə kənd var, nə kəndli. Dağlar kimsəsizləşib, tənhalığa tab gətirmir. Niyə gözdən uzaq, könüldən iraq olub, axırda da dağılıb, bu kökə düşüb kəndlər?!

Söhbətin bu yerində Aybala kişinin nurani çöhrəsi kədərli ifadə aldı:

-Oğul, hamı kənd-kənd deyir. Hərənin də ağzından bir avaz gəlir. Çoxu da heç düz demir. Kənddən xəbəri olan da danışır, olmayan da. O illər bugünkü kimi yadımdadır. Vur-tut bir inək saxlamağa icazə verirdilər, onun da südünü, yağını əlimizdən alır-dılar. Qarnından çıxan bir balasının da başına çatı salıb, məcburiyyət qarşısında ət tədarükünə aparırdıq. Keçimizin qəzili, qoyunumuzun yunu, toyuğumuzun da yumurtası bizim deyildi. Kolxozunkunu da o tərəfdən aparırdılar. O cür talançılıq harada görünmüşdü? Ərsə çatıb külfət sahibi olmaq istəyən cavanlara da göz verib, işıq vermirdilər. Günümüz göy əskiyədüyülmüşdü. Nə gizlədim, deyirlər aşkarlıqdır, qoy düzünü deyək. Yaz əkinçi, qış dilənçi. Yol narahat, dolanmağa da midarə yox. Kəndli başına nə çarə qılsın?! Elə biri də mən. Əlacımız bircə ona qaldı ki, baş alıb şəhərlərə gedək…

Aybala kişi duruxdu, nə isə fikirləşdi. Sonra nisgilli baxışlarıyla bizi süzüb:

- El arasında bir misal var, - dedi. - Dindirmə dəmirçini, dərd alıbdır içini. Dərdimiz böyükdür, yazıb-pozan olsa, bir kitab bağlanar.

Müdrik qocanın baxışları onu dövrəyə alan cavanlara, bir də ki, tikilməkdə olan dəyirmana sataşanda elə bil onun dərin qırışlarla haşiyələnmiş iri gözlərinə nur çiləndi. Belə demək mümkündürsə, bu, dağ kəndlərinin dərdi-səri, Ermənistandan yurd-yuvasını tərk edib gələn köçkünlərin qayğısı, ifadə olunan əməli tədbirlərin işığıydı. Bu işıqda neçə-neçə arzular, istəklər indi öz yerini alıb, nisgillər durulur. Aybala da əlli il bundan qabaq tərk etdiyi doğma Əmbizlər kəndinə bu işıqda qayıdıb. Köhnə dəyirmançıdır. O incəlmiş damarlı əlini bəyaz bığında gəzdirərək:

- Kənd xaraba qaldı, dəyirmanlarımız dağıldı. Biz də hərəmiz bir tərəfə baş alıb getdik - dedi. - İndi görürəm ki, kəndə fikir verilir, bütün Bakı, Sumqayıt, Abşeron camaatı ayağa qalxıb, hamı ellikcəgün-güzəranımızın yaxşılaşmasına çalışır, mənim də ürəyimə təpər, qoluma güc-qüvvət gəlir. Bu sinnimdə bax bu cavanlara "dərs" keçirəm.

O gülümsünərək iş icraçısı Bəhramı, palçıq qarışdıran Balakişini, divar hörən Mübarizi işarə edərək:

- Onlara dəyirman "dərsi" keçirəm - dedi. - Məndən sonra bu cavanlara dəyirman daşını, çax-çaxı, püsttəvərəni, novu, ardı, dənliyi, pəri… kim öyrədəcək? Məktəbdə də başa salan yox. Düşünürəm ki, qoy sənətimi bu cavanlara qoyub gedim. Bu Ata çayın üstündəki Xələnc dəyirmanı adla deyilirdi. Ard unundan elə fətir bişirirdim ki… Sonra tərk oldu. İndi təzədən tikirik. Yanında da təndiri olacaq. Buradan ötən yolçulara isti çörək satılacaq. Su dəyirmanı unundan bişirilən çörəyin dadı-tamı başqadır. Sağlıq olsun, yolunuz bir də buraya düşənədək dəyirman da işləyəcək, təndirimiz də alovlanacaq. Ata çayının üstündə dörd belə dəyirman olub. İndi yeri də bilinmir. Söz vermişəm, gərək tikək.

Aybala dəyirman barədə danışıb, iki dağın arasında çağlayan Ata çayının nəğməsini dinlədikcə gümrahlaşır, sanki gənclik çağlarını yaşayırdı. Axı, o bu gün arzusuna çatıb. Altıağac-Xızı zonasını inkişaf etdirmək, həm də Ermənistandan köçüb müvəqqəti olaraq Bakı, Sumqayıt və Abşeronda yaşayan azərbaycanlı köçkünləri həmin ərazidə yerləşdirmək barədəki müvafiq qərardan sonra elə gün olmaz ki, bu yerlərə  məsul təsərrüfat işçiləri, inşaatçı-quraşdırıcı dəstələri güzar salmasın və yolüstü Aybala kişidən hal-əhval tutmasın.

Bu dağlar diyarını dolaşdıqca kəndə göstərilən köməyin günbəgün gücləndiyinin, köçkünlərə necə dərin qayğı göstərildiyinin şahidi olurduq. Respublika Dövlət  Yanacaq Komitəsinin əsaslı tikinti idarəsinin rəisi Xızı və Altıağacdan gündə neçə dəfə komitənin baş-çısına tərtib edilmiş sxemə, müəyyən olunmuş qrafikə necə əməl edildiyi barədə telefonla operativ məlumat verir. Bəli, qəbul olunmuş qərara uyğun olaraq kəndlərin qazlaşması komitənin bir nömrəli vəzifəsinə çevrilib. Ayrılmış tikinti-quraşdırma dəstəsinin ixtiyarında lazım olan qədər maşın-mexanizm var. Mazdok - Altıağac - Ağsu magistral qaz kəmərindən qol ayırıb avtomatik tənzimləyici stansiya tikilməsi işi vaxtından xeyli əvvəl başa çatıb. Artıq Altıağacda mavi alov şölələnir.  Evlərə qaz kəməri çəkilişi mütəşəkkil qaydada davam edir. Bu qaz tənzimləyici stansiyadan ətrafdakı yaxın-uzaq kəndlərə neçə-neçə xətlər şaxələnəcəkdir. Rayon İcraiyyə Komitəsinin sədri minnətdarlıqla:

- Kaş bütün idarə və müəssisələr işə Yanacaq Komitəsi kimi canı-dildən girişəydi - dedi.

Doğrudan da, belədir. Budur, sıldırım yamacdakı dolaylardan pəhləvan cüssəli bir gənc enir. Firudin Müslümovdur. Dağ yolunda traktoru necə məharətlə idarə edir?! Sübhün şəfəqləri söküləndən qaş qaralanadək qaz boruları daşıyır. Quraşdırıcıların bir an belə bekar qalmasına imkan vermir.

Azərittifaqın reklam və istehsalat kombinatının direktoru və onun başçılıq etdiyi inşaatçılarla tez-tez rastlaşırdıq. Bu kollektivin gücü ilə Giləzi dəmir yolunun kənarındakı satış bazasının genişləndirilib yenidən qurulması başa çatdırılmaq üzrədir.

Satış bazasının həndəvərinə nəzər salırıq. Nə yoxdur?! Hazır qapı, pəncərə, sement, mişar daşı… Azərittifaq sədrinin tikinti üzrə müavini və əsaslı tikinti idarəsinin rəisi dedi ki, bütün bu inşaat materialları Altıağac - Xızı zonasında yaşayanlara, birinci növbədə köçkünlərə satılmaq üçündür. Sonra əlavə etdi: - Az vaxt içərisində on iki kənddə mağaza, iki kənddə çörək bişirən sex, dörd kənddəictimai iaşə obyekti tikilib istifadəyə veriləcəkdir. Qayğı cəmiyyətinin vəsaiti hesabına köçkünlər üçün neçə-neçə bağ evi quraşdırılacaqdır. - Xızı kəndinə daxil olanda, burada təzə tikilmiş ixtisaslaşdırılmış inşaat materialları mağazası təhvil verilirdi. Azərittifaqın nümayəndəsi bildirdi ki, bu zonadakı kəndlərdə tikilən bütün ticarət, ictimai iaşə obyektlərinin hamısında ilk növbədə köçkünlərin işləməsi nəzərdətutulmuşdur. Yaxşı məramdır.

… Günəş üfüqdəki buludları al rəngə boyayıb, dağların arxasına çəkilirdi. Tüfəng qaravuldan düşürdü. Çoban Ağababa qoyun yatağının qabağında süfrə açmışdı. Həyat yoldaşı Bəklə xanım qonaqlara çay-çörək tədarükü görürdü. Qonaq deyəndə, Sumqayıt Elektrik Şəbəkələri  İdarəsinin işçilərindən Əzizbala və İslamı, Ceyranbatan Yol Tikintisi İdarəsinin buldozerçisi Ağaşirini, ekskavatorçu Şahbalanı nəzərdə tuturuq. Qarabulaq kəndinə yol və işıq xətti çəkirlər. Axşamı da buradaca salıblar. Yemək-içmək, yorğan-döşək tədarükləri olmadığı üçün çoban Ağababaya qonaq olublar. Yaxşı deyiblər ki, yoruldun, özünü karvana yetir, acdın çobana. Biz də bir tərəfdən əyləşib onların boğazına şərik olduq. Qonaq qonağı istəməz, ev yiyəsi hər ikisini. Lakin çoban qəlbi geniş olar. Qonaqlar artdıqca Ağababanın sevinci yerə-göyə sığmırdı. Deyirdi ki, qonaq tanımayan qapını heç Allah da tanımaz. Qonaqsız ev nəyə gərəkdir? Heç bir köpüyə də dəyməz. Çoban Ağababa bir də onu dedi ki, yol çəkmək, kəndlərə işıq paylamaq, savab işdir. Qonaq-larım savab iş görürlər. Evim-eşiyim belə xoşniyyət adamlara peşkəşdir.

Bir sözlə, vaxtilə atılıb, unudulmuş Qarabulaq kəndinin iqtisadi-sosial şəraiti indi-indi yada düşür. Çoban süfrəsini dövrəyə alan pəhləvan cüssəli oğlanların qadir əlləri ilə kəndin yolu düzəlir, işığı çəkilir. Bu qayğının səs-sorağını eşidənlər doğma yurd-yuvalarına üz tuturlar.

Bir gün əvvəlin sözüdür. Rayon İcraiyyə Komitəsinə əlində müvafiq sənədlər olan pirani bir qoca daxil oldu. Gülbala Əliməmmədzadə adlı. - Qarabulaqdanam, - dedi. - İnturist mehmanxanasında təlimatçı işləyirəm. Qırx ildən çox olar kəndi tərk etmişəm. Dədə yurdumu yağı görsə, qan ağlayar. Baxımsızlıqdan kor qalıb. İndi eşidən də ki, kənddə dor-dolanışıq yaxşılaşıb mən də doğma el-obama qayıtmaq istəyirəm. Bu da mənim ərizəm… Bir kasa qatıqdan ötrü dükan-bazara nə qədər ayaq döymək olar. Niyə sürü ilə mal-qaram, əkin-biçinim olmasın?

Əlbəttə, bu yeganə fakt deyil. Kənddə yaşayıb-yaradan əkinçi, heyvandar ata-babasının müqəddəs ruhuna ehtiram göstərib, şəhərdən kəndinə dönən neçə-neçə Gülbala qeyrətli adamlarla rastlaşırdıq.

Altıağac kəndinin qurtaracağındakı kartof əkini sahəsində üç nəfər mübahisə edirdi. Rza kişi, onun həyat yoldaşı Nənəxanım, bir də ki, səkkiz yaşlı Samirə. Baba, nənə, nəvə. Baba onların mübahisəsi ilə maraqlandığımızı hiss edib gülümsündü və bizə tərəf yönələrək:

- Nə gizlədim, - dedi. - Neçə ildir bu kənddən çıxıb Volodarski adına fabrikdə işə girmişəm. Hərdən də bu komaya baş çəkirdim. Ancaq qala bilmirdim. Necə də qalaydım?! Qaz yox, içməli su yox, yollar bərbad… Çox şükür, indi hamısı var. Bir vaxt atamın ətəyindən tutub, - şəhərə gedək, deyirdim. İndi Samirə əlimdən tutub bizi kəndə dartır. Bir ay olar gəlmişik. Kartof əkirik. Evin uçub-sökülənini düzəldirik. Arvad da deyir ki, ayağımı burdan o tərəfə qoymaram. İndi bura həm şəhərdir, həm də kənd.

Doğrudan da belədir. Respublika hökumətinin qərarından sonra kənd də dəyişib, vaxtilə buradan baş alıb gedənlərin fikri də. Kənd bir də ona görə dəyişib ki, rəhbərliyi səriştəli, görüb-götürmüş adama tapşırılıb. Bəfədar Muradova. Onu çoxdan tanıyıram. Müdrik, səriştəli işçidir. Qabaq da sovxoz direktoru işləyirdi. Gözümçıxdıya saldılar, rayondan baş alıb getdi. Siyəzəndə xırda bir işə girdi. Nədi-nədi raykom katibinin bir sözünü iki eləyib. Mətləbdən kənara çıxsam da, yeri gəlmişkən deməliyəm ki, bəzi raykom katibləri özlərini rayonun Allahı kimi aparır. Belə allahların da sözünün qabağına söz demək olar?! Bəfədar da düz, lakin raykom katibinin xoşuna gəlməyən söz işlədib. Böyük xəta olub. Neçə il onun bəlasını çəkib. Təkcə Bəfədarmı?! Xeyr! Əli Əliyev, Novruz Dünyamalıyev vəonlarca başqaları da onun kimi. Buraxılmış həmin səhvlər sonradan-sonraya düzəldilib. El-oba üçün gərəkli, karagələn, təcrübəli kadrlar axtarılıb, araşdırılıb, tapılıb, layiq və lazım olduqları vəzifələrdə yerləşdirilib. Biri də Bəfədar Muradov. O, cəmi bir neçə aydır ki, Altıağac sovxozunda direktor işləyir. Bu az müddətdə gör nə qədər tədbirlər həyata keçirilib. Kəndə on kilometrlərlə məsafədən su və qaz kəməri çəkilib, yeni sosial obyektlərin tikintisinə başlanıb. Fermada süd sağımı dörd dəfə artıb. Kənddə Ermənistandan qovulmuş otuz köçkün ailəsi yerləşdirilib. Onlar yerli camaatla qaynayıb-qovuşublar. Bir neçəsinin adını hörmətlə çəkdilər. Sovxoz da belələrinə qayğısını, köməyini əsirgəmir. Direktor dedi ki, köç-künlərin köməyi ilə kartof əkinini ötən ilə nisbətən bu il beş hektardan yetmiş hektara çatdırmışıq.

Əlbəttə, xoş əhval yaradan bu cür faktları artırmaq da olar. Onu da əlavə edək ki, bu gün Rayon İcraiyyə Komitəsi Altıağac - Xızı zonasındakı kəndlərin iqtisadi-sosial problemlərinin həllini, köçkünlərin yerləşdirilməsini tezləşdirib, təmin edən operativ qərargaha çevrilib. Yuxarıda qeyd etdiyimiz faktlar nə qədər sevindirici olsa da, rayonun başçıları narahatdırlar, narazıdırlar. Belə bir narahatçılığa əsas da var. Bəzi idarə və müəssisələrin başçıları bu sahədə görüb-görəcəyi işlərin vaxtında, vədəsində başa çatdırılma-sına tələsmirlər. Onu nəzərə almırlar ki, dağda yayın ömrü qısadır. Bu yerlərin yağışlı-qarlı günləri yaxınlaşır. Belə bir iradı birinci növbədə "Avtoyol" Tikinti Birliyinə aid etmək olar. Fikrimizə haqq verən bir fakt: Gün günorta yerinə qalxıb. Giləzidən Xızı - Altıağaca doğru qıvrılan avtomaşın yolunun başlanğıcında altı topa asfalt tökülüb. Yayan yoxdur. Yolbasan maşın yolun kənarında hərəkətsiz dayanıb. Tökülmüş asfaltı yaymaq üçün maşın lazımdır, yoxdur.

Əlbəttə, "Avtonəqliyyattikinti" Birliyinin buradakı işlərin təşkilinə laqeyd münasibət göstərdiyinə dair bu yeganə fakt deyil… Onu da deyək ki, yağı yağ üstünə töküb yarmanı yavan qoymazlar. Giləzidən Xızı - Altıağaca gedən yolun xeyli hissəsi onsuz da asfaltdır. Asfalt üstünə asfalt tökməyin nə mənası. Bu yolların əsaslı surətdə düzəldilməsinə gəldikdə o sonrakı işdir. Əvvəlcə torpaq, çala-çuxur, yağış yağanda avtomaşınların gediş-gəlişi müşkül olan yollardan başlamaq lazımdır.

Altıağac - Yarımca kəndlərində köçkünlərə ev tik­mək üçün otuz hektara yaxın sahə ayrılıb. Burada tiki­lə­cək evlərin layihələşdirilməsi "Cənubaqrarsənayela­yihə" İnstitutuna həvalə olunub. Ancaq layihəyox, iş get­mir. Səbəbi? Rayonun baş memarı bizim bu sualı­mıza cavab verməyi rəva bilmirmiş kimi istehza ilə gü­lüm­sündü və: - Sovxoz direktoru ilə layihəçilərin sözü düz gəlmir. Layihəçilər küsüb, iş dayanıb. - Əlbəttə, bu cür fakt fərəh yox, acıdan da acı təəssüf doğurur.

Köçkünlər dedi ki, saxsıya verə-verə elə misin haqqı çıxır. Düzdür, taxta evlər yaxşıdır. Lakin ona çox aludəçilik göstərmək lazım deyil. Bizə torpaq ayrılıb, vaxtında inşaat materialları verilsə, bir tərəfdən də öz çiynimizi söykəyib, daş evlər tikərik.

Xızı və Altıağac dağlarında xoş bir təbəssüm, şənlik nəzərə çarpırdı. Sakinləri didərgin düşən kəndlər tarixin mənhus qanunları ilə daldığı ağır sükutdan indi-indi ayılıb dirçəlir, itib-batmış şöhrətini tapır, on illərlə çəkdiyi həsrətə qovuşurdu. Ot basmış yollarda təzə-təzə izlər görünürdü… Sözsüz ki, respublika təşkilatlarının düşünüb, daşınıb, hazırlayıb bu gün həyata keçirdiyi tədbirlərin işığında. Vətəndaş təəssübkeşliyi olan hər kəs həmin tədbirlər proqramında müəyyən olunmuş vəzifəsinə dərin məsuliyyət hissilə əməl edib, bu işığın daha da güclənib nurlanması üçün mümkün köməyini, imkanınıəsirgəməməlidir.

1991-ci il

Xızı-Altıağac



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com