www.aliildirimoglu.az

OÇERKLƏR

EL YOLUNDA

Vyaçeslav Kovalenko sahə rəisinin yorğun simasına qayğılı nəzər salıb, sonra oturmaq üçün ona yer göstərdi. İsmayıllı dağlarında yolçə­kənlərin yanına sifarişçi gedib, Şahlar Heydərova:

- Sizi təcili Bakıya çağırırlar, - deyəndə sahə rəisinin ürəyinə nə isə dammışdı. O, Vyaçeslav Fyodoroviçdən diqqətini ayırmadan öz-özünə: - Yəqin yenə də çətin iş çıxıb - deyə düşünür və idarə rəisinin deyəcəyi sözü, verəcəyi məsləhəti nigarançılıqla gözləyirdi. Kovalenkonun Şahlara ilk sualı belə oldu:

- Qəzeti oxumusanmı? "Dağ dərdi" - və əlavə etdi: - Rayon rəhbərliyi məsələ qaldırıb, respublika hökuməti tərəfindən sərəncam hazırlanıb…

İxtisaslaşdırılmış partlayış idarəsinin rəisi Vyaçes­lav Kovalenko sözünə fasilə verib yerindən qalxdı və ka­binetinin aşağı küncündə qoyulmuş geniş stola ya­xın­laşdı. Stolun üstünə sərilmiş nazik kağızın üzərindəki təxmini layihəni işarə edərək: - Qubada olmusan? - deyə soruşdu. Şahlar Heydərov: - Bəli! - dedi və qəddini layihəyə tərəf əyib buradakı şərti işarələri, çəkiləcək yolun təxmini istiqamətini nəzərdən keçirdi.

- Əfsanələr diyarı Xınalığa getmək üçün dəniz səthindən iki min altı yüz metr hündür olan dağların qarlı zirvəsini aşmaq lazımdır. Rayon mərkəzindən Xınalığa gedən bu altmış kilometrlik məsafəni avtomaşınla iki-üç saata güclə qət etmək olur. Mənzil başına çatınca yolçular necə də narahat hisslər keçirir. Onları da qınamalı deyil. Məgər bu aşırımlarda maşın qəzaları az olub?! Qışda kəndlə kənar yerlərin əlaqəsi hərtərəfli kəsilir. Hələ XI əsrdə Bağdadda təhsil alıb, Buxarada yaşayıb-yaradan, hüquq və fəlsəfə elmlərinin bilicisi İbn-Həkim Əl-Xinaluqi və XV əsr tarixçisi Məhəmməd Xinaluqi kimi görkəmli şəxsiyyətlərin adı ilə bağlı olan bu kəndin yol məsələsi o vaxtdan Xınalıq camaatının arzusunda yaşayan, lakin bu günə kimi həllini tapmayan müşkül bir problem kimi qalır.

Vyaçeslav Kovalenko ilə Şahlar Heydərov bu barədə çox götür-qoydan sonra işıq ucu tapılmış kimi gülümsündülər. Onların fikirli baxışları duruldu. Yol sərrafları əsrlərdən bəri açılmayan tilsimləri qırıb öz mühəndis düşüncələrini enişli-yoxuşlu cığırlarında  Qudyalçayın sərt sahillərinə çıxdılar…

Ulularımız demişkən, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Vaxtı itirmədən elə sabahısı Quba dağlarına, sıx meşələrlə örtülmüş təpələrə, yalçın qayalara meydan oxuyan Qudyalçayın indiyəkimi insan ayağı düşməyən kənarlarına güzar salmaq lazım idi. Şahlar tərəddüd etmədən öz razılığını bildirdi.

Lakin Vyaçeslav Fyodoroviç xasiyyətinə yaxşı bələd olduğu adamın baxışlarından hiss etdi ki, onun nə isə deyəcəyi bir söz var. Həmin anda Şahların dodaqları pıçıldadı: - Gərək Məhərrəmi də… - Elə Vyaçeslav Kovalenko da ondan bu kəlməni gözləyirdi. Onların hər ikisi güldü. Vyaçeslav Kovalenko sifətinə rəsmi ifadə verərək: - Etiraz etmirəm, - dedi. - Məhərrəmi də özünlə götür. Bilirəm onsuz işin aşmır. - İdarə rəisinin qaşları birdən-birə düyünləndi: - Unutmayın ki, ağır işdir, - dedi və fikirli-fikirli Şahlar Heydərovun əlini sıxıb bu çətin səfərdə ona ürək-dirək verib uğurlar arzuladı.

…Dağın ətəyinə çatanda seyrək meşələrin arasında uyuyan Küsnətqazmanın bir-birindən aralı tikilmiş bir və ikimərtəbəli qırmızı taxtapuşlu evləri görünürdü. Qızıl payızın əlvan rəngləri kiçik dağ kəndinə özgə yaraşıq verirdi. Bacalardan dikələn tüstü bu bakirə diyarın təmiz səmasını, saf ab-havasını korlamaq istəmirmiş kimi aşağıdakı dərələrə doğru çəkilir və getdikcə seyrəlib, əriyib yox olurdu. Qudyalçayın sağ sahili boyunca yuxarı dağlara doğru burulan enişli-yoxuşlu, dolaylı-yollar, bax, buradaca qurtarır. Kəşfiyyat dəstəsinin üzvləri kəndlə üzbəüz dayanan "Minarə"dən yuxarı qalxa bilmədilər. Dağ silsiləsindən qopub Qudyalçayın üstündə dikələn bu əlçatmaz qaya öz görkəmi ilə nəhəng insan heykəlini xatırladır. Qubalıların "Minarə" adlandırdığı bu daş abidə canlı məxluq kimi hüznlü görünür. Onun qeyri-adi görkəmində sanki həzin kədər dolaşır. Kim bilir, bəlkə də daşlaşmış insandır?! Bəlkə nisgili var?! O da insan niyyətli, insan arzuludu və yol dərdi çəkməkdən beləcə qəddi əyilib, boynu bükülübdü… Bu əfsanəvi aləm Layihə İnstitutunun əməkdaşlarını sehrləmişdi. Onlar yuxarıdakı təpənin üstünə dikəlib xüsusi cihazlarını çəkiləcək yolun istiqamətinə tuşladılar, dərənin dərinliyinə tərəf boylandılar və sonra ümidsizliklə: - Buradan yol çəkmək müşkül məsələdir, - dedilər. - İşin çətinliyi bir yana qalsın, böyük xərc tələb edir. Xınalığın əvvəlki yoluna əl gəzdirmək bundan min dəfə sərfəlidir…

Hamı sükuta daldı, Şahlar dillənmirdi, gözaltı Məhərrəmə baxırdı. Məhərrəm layihəçilərin ikibaşlı, tərəddüdlü sözlərini eşitmək istəmirmiş kimi yönünü əks tərəfə çevirmişdi. Burada keçilməz dağlarla insanlar rəqib kimi qabaq-qəər dayanmışdı. Onları dövrəyə alan Küsnətqazma camaatı sanki başlanacaq döyüş səhnəsinin tamaşasına gəlmişdilər. "Minarə" isə əsla dillənmirdi, şahidi olduğuəsrlərin dərd yükünü çəkirmiş kimi lal-dinməz dayanmışdı. Sanki o da Məhərrəmin nə deyəcəyini gözləyirdi. Bura toplaşanların qulağı çalmışdı ki, ən sərt qayalar da Məhərrəmdən çəkinir, onun cəsarətiqarşısında dağlar da acizdir. Məhərrəm çallanmış qalın qaşlarını aşağı sallayıb nə isə düşündü və heç kəsə baxmadan cibindən bir papiros çıxarıb alışdırdı. O, papirosun tüstüsünü bircə kərə sinəsinə çəkib yaşına uymayan cəldliklə ayağa qalxdı. Yol barədə qəbul olunacaq qərarı səbirsizliklə gözləyən Küsnətqazmalılara üzünü tutaraq:

- Buralara kim yaxşı bələddir?! - deyib "Minarə"dən yuxarıdakı kol basmış darısqal dərəni göstərdi. Kəndin sayılanı Seyidbaba kişi mərd addımlarla irəli çıxdı… Onlar dağın Qudyalçayın sahilinəsallanan sıldırımından keçib, qalın meşələrin ənginliklərində gözdən itdilər. Sanki bir göz qırpımında qeyb oldular. Hamıdan çox Seyidbaba kişinin Həcər timsallı ömür-gün yoldaşı Telli xala intizar çəkirdi. Çox keçmədi ki, bələdçi ilə yol ustası qalib döyüşçü kimi nikbin əhval-ruhiyyə ilə geri döndülər. Telli xalanın çöhrəsi duruldu. Elə bil gəncliyini yaşayırdı. Seyidbabanı birinci dəfə görürdü. Usta Məhərrəm alnının dərin qırışlarında purçumlanan təri silərək Şahlara tərəf yönəldi: - Bircə ölümə çarə yoxdur, oğul, - dedi. - Bizim əlimizdə buralardan yol çəkmək nədi ki?!

Sahə rəisi ilə yol ustasının bir-birinə zillənən aydın baxışlarında ümid qığılcımı şölələndi. Elə bil bayaqdan miskin görünən "Minarə" də əsrlərlə keşiyini çəkdiyi Küsnətqazmanın camaatı kimi sevinib vəcdə gəldi. Qarşıdakı zirvədən qalxan dağ qartalı da bu keçilməz yerlərdən yol çəkilişini duyubmuş kimi, səmada rəvan qanad çalıb qıy vurdu.

Xeyli götür-qoydan sonra partlayış idarəsinin nümayəndələri ilə layihəçilərin fikri eyniləşdi. Yol çəkilməlidir! Bəli, rayon mərkəzi ilə Xınalıq arasındakı yol yay-qış ağ çalması əskik olmayan hündür dağ-lardan yox, Qudyalçayın əsrarəngiz sahillərindən keçəcək. Yolun rəvan olacağı öz yerində, məsafəsi də iyirmi üç kilometr qısalacaqdır. Qərinələrdən bəri yol sarıdan çətinliklərə düçar olan Qımılqazma, Küsnətqazma, Qırız, Dəhnə, ətrafdakı Cek, Qalaxudat, Əlik, Haput, Yergüc, Yerfi, Söhüb, Rük Adur, Qarxun, Buduq, Zeyid kəndinin adamları da birdəfəlik əzab-əziyyətdən xilas olacaqlar.

Vyaçeslav Kovalenko məsələnin uğurlu həllini eşidəndə xeyli yüngülləşdi, qəlbində qeyri-adi rahatlıq hiss etdi. Vyaçeslav Fyodoroviç bu barədə Məhərrəmə ürəkdən təşəkkürünü bildirdi vəŞahların əlini minnətdarlıqla sıxdı.

Şah dağın ətəklərində havalar gündə neçə təbə düşür. Səma tez-tez tutulub, açılır. Partlayış dəstəsi Küsnətqazmaya varid olanda göy qübbəsi tərtəmiz idi. Cürbəcür meyvələr, sarı, qırmızı, çəhrayı yarpaqlar payız günəşinin ilıq şəfəqləri altında bərq vururdu. Şahlar Heydərov qayalara doğru irəliləyən yolçəkənlərin önündə addımlayırdı. İnamla, cəsarətlə. Sinəsində də orden. Atası Bayram kişi həmişə ona dəlil-dəlalət edib, deyərdi: - Oğul, harda işləsən, çalış bizim bu Ağdam mahalına, Güllücə kəndinə yaxşı sədan gəlsin. Övladlarımın xoş sorağını eşidəndə gümrahlaşıram, elə bil təzə ömür qazanıram…

Şahların ilk səsi-sorağı Qazaxıstandan gəldi. Teymur-Tay yollarından. El-obasına da baş ucalığı ilə qayıtdı. Valideynləri ona: - Haqq-sayımızı yerə vurmadın, halal olsun, - dedilər. - İndi də iyirmi ildən artıqdır ki, Respublika İxtisaslaşdırılmış Partlayış İdarəsində çalışır. Canla-başla. İdarənin ilk əlaçı inşaatçısı kimi şərəfli ada layiq. Usta Məhərrəmlə çiyin-çiyinə. Ata-oğul, böyük-kiçik ehtiramı ilə. Məhərrəm Vahabov yetmişi bu idarədə haqlayıb. Düzdür, neçə ildir ki, təqaüdə çıxıb. Lakin nə idarə onsuz keçinir, nə də ki, Məhərrəm usta kollektivdən ayrıla bilir. Vyaçeslav Fyodoroviç hərdən onun könlünü alıb dilə tutur: - Məhərrəm usta, - deyir - rəislik, müdirlik öz yerində. Kollektivə ağsaqqal, ağıllı yol göstərən də lazımdı ya yox?! - Dərin sözdü! Elə ona görə də Məhərrəm onun xətir-hörmətini həmişə əziz tutan həmkarlarından ayrıla bilmir. Harda bir çətinlik olsa… Belə məqamlarda Şahlar Məhərrəm ustaya bel bağlayır.

Sahə rəisi ilə usta Məhərrəm kənddən aralıdakı, ortasına örkəm gəlməyən palıdın dibində dayanıb yuxarıda başlanacaq ilk partlayışı gözlədikcə səyyar xəyal onları neçə il bundan əvvələ qaytarırdı. Dağ-larda, dərələrdə, qayalıqlarda saldıqları və keçdikləri yollara. Ordubaddan-Gənzəyə, Şahbuzdan-Qarakolluya-Biçənəyə, Göy göldən-Maral gölə, Şamaxıdan-Göylərə-Pirquluya çəkilən yolları. Yardımlının, Lerikin, Lənkəranın sərt aşırımlarında nə qədər izlər qo-yublar. Bu silinməz, unudulmaz izlər əlaçı inşaatçı ilə təcrübəli ustanın igidlik dastanına yazılan qızıl sətirlərdir.

Birdən dağ silkələndi, irəlidəki qayalar lərzəyə gəldi, iri daşlar göyə sovruldu. Kənarda məğrur görkəm alan Məhərrəm kişi istehza ilə gülümsünərək: - İşə başlamamış hərə bir qulp qoyurdu - dedi. İndi görək bu qayalar qabağımızda necə duruş gətirir?! - O vəcdlə əlavə etdi: - Yəni Bisütun dağından da çətindi?! Fərhadın külüngünün qabağında dayanmırdı. - Usta şagirdlərini fəxrlə süzərək Ramiz Əlihüseynovla Nüsrəddin Sədiyevi işarə etdi: - Bunların hərəsi elə bir Fərhaddı. Neçə-neçə qayaları əridiblər.

Qırız dəhnəyə çatanda yolçəkənlər bir neçə kilometr məsafəni tutan sal qranit qaya ilə üzləşdilər. İş bir qədər çətinləşdi, çünki partlayıcı maddə qoymaq üçün girəvə yeri yox idi. Şahların ovqatı təlx oldu. Məhərrəmin isə halına təfavüt eləmirdi. O bu cür sınaq-lardan çox çıxıb. İsmayıllıdan Lahıca çəkilən yol da bu cür qayalara dirənmişdi. Məhərrəm onun öhdəsindən məharətlə gəldi. Qırız Dəhnəqayaları təcrübəli ustanın qabağında nədi ki?! Məhərrəm çox ölçüb-biçəndən sonra arxa tərəfki meşələrdən dolaylanıb qayanın quşqonmazına çıxdı. Özü ilə götürdüyü kəndirin bir ucunu ağaca, bir ucunu ortasına bağladı. Əlində külüng məşhur alpinistlər kimi qayanın sinəsi ilə aşağı endi. Müxtəlif səmtlərdə yoxlamalar apardı. Məhərrəm kəndirlə düz on yeddi dəfə partlayış yerinə endi. İnsan nələrə qadir imiş?! Kim inanardı ki, bu uçurumlar alt-üst olar. Partlayış qurtaran kimi Həşim Manaflı ilə Sahib Bayramovun güclü buldozerləri nərə çəkib yolun səmtini iri daşlardan təmizlədilər.

Yolsalanlar müvəqqəti qalmaq üçün birinci gün Küsnətqazmanın kənarındakı düzdə çadır qurmaq istəyəndə kəndin ağsaqqalı Seyidbaba kişi onları məzəmmət elədi:

- Evə nə gəlib, ay oğul? - dedi. - Bax, o kasıb komam sizə peşkəşdi. Qonaq tanımayan evi, heç Allah da tanımaz. Bu gündən otaqlarımın biri sizindir. Özü də təzə tikdirmişəm. Yolu çəkib qurtarana kimi qalın. Tapdığımız tikəni də yarı bölərik… Telli xala gülərüzlə otaqların birini boşaldıb qonaqları yerbəyer elədi: - Nə qədər burdasınız, gözüm üstə yeriniz var, - dedi. - Ağlınız Bakıya, Şəkiyə getməsin, bura Şahdağının ətəyidir haa! Qarı var! Çovğunu var! Kişi düz deyir! Heç razı olarıqmı çadırda qalasınız?!

Neçə gündür ki, Seyidbaba ilə Telli xala qonaqların üstündə yarpaq kimi əsirlər. Şahlarla Məhərrəm də Küsnətqazmanın bu mehriban adamlarına isnişiblər. Seyidbaba da ailəlikcə onlara qoşulub. Gündüzlər bir yerdə yol çəkir, bir süfrədə çörək kəsir, axşam bir binada baş-başa verirlər.

Qubanın sayılıb-seçilən el adamları da bu xeyirxah işdən kənarda durmurlar. Hacı Ələkbərov əmək və  müharibə veteranıdır, Amil Heydərov zavod direktorudur, Tahir Sultanov iqtisadçıdır, Ağalar Xəlilov həkimdir, Qədir Paşayev icrakom üzvüdür… Onlar şəhərdə yaşayıb-işləsələr də, yeri düşdükcə gül-çiçəklə, sor-sovqatla yolsalanlara baş çəkir, bu çətin səfərdə onlara uğurlar arzulayır, xeyir-dua verirlər.

Şahlarla usta Məhərrəm qalib dəstəsi irəlilədikcə qarşıdakı dağlar, qayalar geri çəkilir. Artıq Küsnətqazma ilə daş "Minarə" arxada qalıb. Dünən adamların qədəm basa bilmədiyi yerlərdən indi maşın keçir. Biz dərənin boğazına çatanda təzə yolun həndəvərindən nərmənazik bayatılar süzülüb Qudyalçayın nəğməsinə qarışır və dalğa-dalğa vələs, fıstıq, qızılağac meşələrinə yayılırdı. Ayaq saxladıq. Qırız Dəhnənin qızları idi. Gövhər, Naibə, Səyyad… Həmişə kənardan bu yerlərə həsədlə baxırdılar. İndi yol açılıb, meşələrin meyvəsini dərirlər, yolçəkənlərə də pay tuturlar. Burada həsrətlərin necə qovuşduğunun şahidi olurduq. İnsan, çay, meşə, torpaq, yol həsrəti. Sanki Qudyalçay da qırız Dəhnə qızları kimi təzə yola boylandıqca sevincini öz hay-harayında büruzə verirdi. Yol haqqında çox deyilib. Biz birini dönə-dönə təkrar etmək istəyirik. Yol, həm də sevinc imiş. Biz bunu rastlaşdığımız Küsnətqazma, Qırız Dəhnə adamları­nın nikbin baxışlarında oxuyurduq. Bu sevinc təzə yo­lun yolçuları olacaq bütün qubalıların təbəssümündə dolaşır…

 

13 noyabr 1987-ci il

"Kommunist" qəzeti

Quba



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com