www.aliildirimoglu.az

OÇERKLƏR

BAĞBANIN TÖHFƏSİ

Mövlan sübh tezdən evdən çıxdı. Kəndin üzərinə qalın duman çökmüşdü. Göz-gözü görmürdü. Tək-tük sulu qar da atırdı. O, həyətdə ayaq saxlayıb, nə isə tərəddüd etdi. Öz-özünə düşündü: "Rayondakılar deməzlər ki, sovxozun direktoru var, partkomu var, Kənd Soveti var, onlar dura-dura, sənə nə düşüb? Bağbansan, qaxıl otur yerində. Bu, sənlik məsələ deyil".

Kişinin gözü bağçasındakı qollu-budaqlı alma ağacına sataşanda tutuldu. Sovxoz bağları salınanda aqronom demişdi ki, bu ting bitməz. Kənara atmışdı. Həmin tingi Mövlan gətirib qapısında əkmişdi. İndi böyük ağac olub. Axırıncı il yüz kiloqramdan çox alma gətirib. Eyni vaxtda salınan sovxoz bağlarında isə hər ağac on-on beş kiloqram bar vermir. İldə bircə dəfə yarı-yarımçıq su içən ağacdan, bundan artıq nə göz-ləmək olar?!

Mövlanın fikri qətiləşdi: "Yox, - dedi, - gərək rayon­dakılarla özüm üzbəüz danışam. Görüm axı, bu su məsələsi niyə düyünə düşüb?! Özcə qulaqlarımla eşit­məsəm, inanmaram. Qərar çıxarmaq, məktub yazmaq, plan cızmaq, Qaraçayın qabağına bənd atmaq… Ona­can bağ quruyub əldən çıxar. Hələlik Cağacuğa tökülən dağ sularını gətirməliyik. Həm yaxın, həm tez başa gələr".

Nügədini yarıya bölən asfalt yolun kənarındakı dayanacaqda Mövlan avtobusa əyləşib rayon mərkəzinə yollandı. Rayon İcraiyyə Komitəsinə başqa şikayətçilər də gəlmişdi. Onlar bir-bir sözlərini dedilər: - Qonşumla yola getmirəm… Mənə yüngül vəzifə… və s. - Axırda Mövlan Baharovu dinlədilər. O, ayağa qalxıb çəkinəəkinə irəli yeridi. Alnının qırışlarında tər puçurlandı. Uca qamətini irəli əyib:

- Məni bura gəlməyə vadar eləyən o bağların vəziyyəti, bir də ki, elin tənəsidir, - dedi və iri əllərini göstərdi: - Bax, bu barmaqlarımla əkib-becərdiyim bağlar bir ovuc su dərdindən əldən gedir. Kənddəki-lərə çox demişəm, rayondan gələnlərə də neçə dəfə ağız açmışam. Gördüm bunlardan kar aşmır. Fikirləşdim ki, bizim bu hökumət qapısına da üz tutum…

Onun dediklərini kağıza ayrıca qeyd etdilər. Günü sabahdan bu məsələnin araşdırılacağına söz verdilər. Elə bil Mövlan kişiyə dünyanı bağışladılar. Üstündən ağır yük götürüldü. Mərd çöhrəsi duruldu. Pirani baxışlarında ümid qığılcımı şölələndi.

Mövlan Baharov ömrünün müdrik çağlarını yaşayır. Yetmişi bu il tamamlayır, üzümüzə gələn qızıl payızda. Rayon mərkəzinə gəlib idarə qapısını açdığı ikinci kərədir. Bir dəfə də Rayon Hərbi Komissar­lı-ğına ayaq basıb. Qırx altı il bundan qabaq. Vətənin ağır günlərində, müharibə vaxtı. Sinəsini  irəli verib: "Mən də gedirəm, - deyib. - Kişi olan kəs belə məqam­da kənarda dayanmasın. Dar gündə dada yetsin".

Nügədi camaatı yaxşı bilir ki, Mövlan ürəkli, cəsarətli adamdır. Ancaq səhərdən axşamacan bağ-bağatda işlətdiyi dəhrəsini, baltasını, belini, yabasını damın qaranlıq küncünə qoyanda kövrəldi. Ona canlı məxluq, yaxın həmdəm kimi görünən iş alətlərini həyat yoldaşı Aynaxanıma göstərərək:

- Gözün üstdə olsun, - dedi. - Uşaqlara tapşır ki, dəyib-dolaşmasınlar, yaman günün ömrü az olar.

Tale ona yar oldu: üç ildən sonra qayıtdı - döyüş meydanında ağ çalmalı Şah dağın yaşıl ətəklərində uyuyan doğma kəndinə. Alnıaçıq, başı uca. Belinin, dəhrəsinin cingiltisi yenə də bağçalara, bağlara yayıldı. Bağlar da sevindi, bağban da. Bu yerlərin nəğməkar quşları da vəcdə gəldi: budaqdan-budağa qondu, səs-səsə verdi. Sarıköynək bülbüllər gətirdiyi barın-bəhrənin ağırlığına tablaşmadığından başını aşağı dikən ağ, qırmızı yaylıqlı ağaclara: "Gözünüz aydın, bağban gəlib!" - dedilər.

Neçə il bundan qabaq Qubada meyvəçiliyi inkişaf etdirmək imkanları araşdırıldı. Bağçılığın intensiv yolla genişləndirilməsi barədə tədbirlər müəyyən edildi. Nügədi sovxozunda yeddi yüz hektara yaxın sahədə yeni məhsuldar bağ salındı. Geniş düzlərdə yüksək məhsul verən alma, armud, ərik, şaftalı tinglərinin mü­tə­rəqqi üsulla əkilmiş qoşa cərgələri göründü. Nügədi camaatı dedi ki, gərək meyvəistehsalını birə-beş qat artıraq. Ölkəmizin şəhərlərinə, uzaq-yaxın ellərə Quba bağ­larının ətirli nemətindən bolluca sovqat tutaq. Gö­rüb-götürmüş bağbanlar bu nəcib işə cani-dildən qoşul­dular. Yeni bağların bir hissəsi də kəndin sayı­la­nı, təcrübəli bağban və suçu Mövlanın öhdəsinə düşdü. Mövlan heç vaxt çətin işdən geri durmayıb. Elinin, obasının karına gəlib. Söhbətində belə bir kəlam da işlətdi: "Ağsaqqalı az olan kəndin, dedi-qodusu çox olar".

Bağbanların yarış bəhsi başlandı. Mövlan sübhün şəfəqlərini bağlarda qarşıladı. İti dəhrəsi, qayçısı ilə artıq budaqları kəsdi, ağaclara görkəm verdi, cərgə aralarını əl-ayağa dolaşan kol-kosdan təmizlədi. Suvarmada, becərmədə, ağacların azar-bezardan qorun-masında gənc xələflərinin xeyirxah məsləhətçisi oldu. El ağsaqqalı, bilici bağban kimi. Ancaq qora bişirən ayların isti nəfəsi dağların qarını əridib yoxa çıxaranda, dərələrin suyu quruyub qəhət olanda Mövlanı dərd götürdü. Bağbanların əzabı əlində, sevinci gözündə qaldı. Susuzluqdan ağaclar saralıb-soldu, gətirdiyi bəhrə bürüşüb yerə töküldü. Mövlan Baharov bu barədə sovxozun başçılarına çox giley-güzar elədi. Rayondan gələn nümayəndələrə neçə dəfə ağız açdı:

- Bağlara bir çarə qılın, - dedi və hər dəfə də eyni cavab aldı:

- Layihə-smeta sənədləri tərtib olunur. Qaraçayın qabağı kəsiləcək, iri suvarma qurğusu yaradılacaq, bağlara kanal çəkiləcək…

Mövlan kişi istehza i gülümsündü:

- Ay oğul, - dedi, - bəs su çəkilməmiş bağ əkərlər?! Hərəniz də cibinizə bir diplom qoymusunuz. Axı, Ba­kı­dakılar layihə düzəldincə, bağlar quruyub sıradan çıxır…

Qış ömrünü başa çatdırıb. Bahar, sonra da yayın cırhacırı… Mövlanı yenə də fikir götürmüşdü. O, əlindəki belə dirsəkləndi. Ətrafa mütəəssir nəzər saldı. Şah dağın zirvəsindəki buludların arxasına enməkdə olan günəşin qızartısına tamaşa elədi, xəyallandı. Atası ilə burada çox süfrə açır, sübh, bir də ki, qürub çağı təpədən bu doğma diyarın əsrarəngiz mənzərəsini seyr etməkdən həzz alırdılar. Elə o vaxtdan bu adət atadan oğula keçib.

Mövlan burada dayandıqca hərdən onun qəlbində kövrək xatirələr vərəqlənir. Bu dəfə də nəsə yadına düşdü. Hə, o vaxt atası deyərdi ki, oğul, Babadağın ətəklərindən süzülüb gələn sular Cağacıq çayının boğazındakı qumsallıqlara hopub yox olur. Əgər o başdan arx çəkib dağ sularının səmtini dəyişən olsa, əkinlərimizə böyük xeyri dəyər…

"Ağıl ağıldan üstün olar" mülahizəsi ilə Mövlan ağlına, fərasətinə bələd olduğu bir neçə adamla öz fikrini, qayğısını bölüşdü. Axşamçağı özündən otuz yaş bö­yük olan Oruc baba ilə görüşdü. Ötən əsrin şahidi olan, dünyagörmüş bu qoca bağbanla məsləhətləşdi. Oruc:

- Babadağın ətəklərinə mənim də azdan-çoxdan bələdçiliyim var, - dedi. - Ağlabatan məsələdir, Mövlan, o suyu kanalla gətirmək olar. Ağıllı fikirdir. Orada arx yeri də var. Qədimdə su gəlirmiş…

Mövlan rayondan qayıdan günün səhəri Cağacuq çayının yaxasında mütəxəssislər göründü. Quba-Qusar Suvarma Sistemləri İdarəsinin rəisi, respublikanın əməkdar irriqatoru Əli Salahov uçurumun üstündə dayanıb kanalın keçəcəyi sıldırım yamaclara, sərt dərələrə baxırdı. Onu qırx ilə yaxındır tanıyıram. Şərur rayonundakı Şəngilay kanalının çəkilişində iş icraçısı işləyirdi. Arpaçayın suyunu Şərur düzlərinə axıtmaq problemləri ilə əlləşirdi. Onda ali məktəbi yenicə bitirmişdi. Baş Tikinti İdarəsinin rəisi Kazım Bəşirov ata qayğıkeşliyi ilə hərdən onu məzəmmət edirdi: "Bəsdi, subaylığın daşını at…" - deyirdi. İndi artıq saçları ağa­rıb. Naxçıvandakı Uzunoba, Sədərək, Nehrəm, Ordubad, Culfa, Yayca düzlərinin suvarma qurğularında silinməz izlər qoyub. Otuz il rəis! Bir igidin ömrüdür. Həmin subay oğlan indi babadır. Meliorasiya işlərində də püxtələşib. Sinəsini neçə-neçə orden-medal bəzəyir.

Əməkdar irriqator uçurumun üstündən aşağı boylananda gülürdü. O, şən əhval-ruhiyyə ilə:

- Burada nə çətin iş var?! - dedi.

Bu şad xəbər ildırım sürəti ilə bütün Nügədiyə yayıldı:

- İnşaatçılar kanalın çəkilişinə boyun olublar. Bağlara su gələcək!

Axşamdan başlayan qar sübhə kimi ara vermədi. Yol, riz örtülmüşdü. Suvarma Sistemləri İdarəsinin qabaqcıl işçisi Teymur Nağıyev buldozerinə süvar olanda kəndin ağsaqqalı-qarasaqqalı irəli yeriyib ona:

- Tələsmə, belə gündə yamac yerdə iş görmək sənə asan gəlməsin, - dedilər.

Pəhləvan cüssəli buldozerçi gülümsündü:

- Atalar deyib ki, bu günün işini sabaha qoyma!

O, sükanı sola burdu. Buldozer nərə çəkib, səmaya qara tüstü buraxdı. Teymurun buldozeri dərələrə, təpələrə səs sala-sala irəliləyib gözdən itdi. Sinəsi ordenli Ağadadaş Həmzəyevin idarə etdiyi ekskavator da onun ardınca.

Bozumtul buludların arasında işıldayan günəşin ziyası təpələrin bəyaz qarını parıldadırdı. Hava ayazıdıqca şaxta da şiddətlənirdi. Aşağıdakı qayalardan buz lülələri sallanırdı. Teymurla Ağadadaşın güclü aqreqatları dağın quzey tərəfində iri daşları yerindən oynadır, yarğanları uçurur, kanalın çəkilişini davam etdirirdi. Sahə gözətçisi Məhəmməd aşağıdakı kahada tonqal yandıraraq, onları bir az qızınıb dincəlməyə səsləyirdi. Teymurla Ağadadaş qışın soyuğuna məhəl qoymadan, bu sərt dağlara meydan oxuyurmuş kimi hey irəliləyirdilər. Kənardan baxanlar onların hünərinə heyran qalır: "Sizə halal olsun!" - deyirdilər.

Yarım ilə başa gələcək iş, ay yarımda tamamlandı. Baharla Babadağın suyu Nügədiyə eyni vaxtda gəldi. Kəndə bir dünya sevinc gətirdi. Xeyir-bərəkət gətirdi. Kanalın çəkilişində hünər göstərənlərə mükafatlar verildi.

Mövlan Baharov vəcdlə arxları sahmana salır, suyu cərgələrə paylayır, sonra da kənara çəkilib belə dirsəklənir və ağaclara diqqətlə nəzər salırdı. Düşünürdü ki, daha sudan qəhətliyimiz olmayacaq. Olmadı da. Becərdiyi bağlarda məhsuldarlıq dörd dəfə artdı. Mövlan deyir ki, bu da mənim yetmişimdə, yetmişilliyimə töhfədir…

31 mart 1987-ci il

"Kommunist" qəzeti

Quba



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com