www.aliildirimoglu.az

OÇERKLƏR

SİLİNMƏZ İZLƏR

O vaxt irəli durub təsərrüfatın bünövrəsini qoyan qocaman əmək fədailəri bu yerlərin keçmişini acı xatirə kimi hələ də unuda bilmirlər. Bataq­lıqların arasındakı uçuq, miskin daxmalarda hə­yat sürən məzlum kənd adamları kasıbçılıqdan betər düçar olduqları qızdırma xəstəliklərinə məruz qalmış­dılar. Yaşı doxsanı haqlayan Mariya Litov­çinko və onun həmyaşlıları olan Tağı Babakişiyev, Mixail Qazayev həmin çətin anları xatırladıqca, bugünkü xoş günləri ilə təsəlli tapır və həmişə gənclərə dönə-dönə deyirdilər:

- Bu günün qədir-qiymətini bilin.

Bahar rayihəli xoş aprel səhərində həmin yerə güzar saldıq. Üzərində əlvan boyalarla "XVIII partiya konfransı" sovxozu sözləri yazılmış geniş darvazadan içəri daxil olanda həmin bataqlıqların yerində yaranan əsrarəngiz mənzərə ilə üzləşdik. Bura sovxoz mali-kanəsindən çox şəhərlərdəki mədəniyyət və istirahət parklarını xatırladır. Kənarlarında ağ, çəhrayı çiçəkli meyvə və həmişəyaşıl cərgələnən  asfalt yol Böyük Vətən müharibəsində həlak olan igidlərin abidəsi önündən keçib bir baş sovxoz idarəsinə gedir. İkimərtəbəli inzibati binanın ətrafındakı bağ təzə rənglənmiş şəbə-kəli dəmirlə əhatəolunmuşdur. Qapı və pəncərələrə yaşıl çətir tutan ağacların dibində gözümüzə bənövşə dəydi. Bu baharda bənövşəni ilk dəfə burada görürdük. Dedilər: - Meşədən gətirib əkmişik. Gül-çiçək çoxdu. Həyət-bacamızda qoy bənövşə də olsun. Gül-çiçək rayihəsi kimə xoş deyil? - Bu, kiçik fakt olsa da, buradakı səliqə-sahmandan, adamların təsərrüfatçılıq mədəniyyətindən, sovxozda görülən böyük işlərdən xəbər verir, ilkin təəssürat yaradır.

Sadə kargüzardan başlamış sovxoz direktoruna qədər bütün idarə işçilərinin əyləşdiyi və işlədiyi kabinetlərə diqqətlə nəzər saldıq. Hər şey yerbəyerindədir. Hər kəs öz işi ilə məşğuldur. Otaqlar geniş, işıqlı, isti, təzə stol, stullar, göz oxşayan limon ağacları, gül dibçək-ləri… Heç yerdə odun və ya elektrik sobasına rast gəlmədik. Buna ehtiyac da yoxdur. Buxar sobaları normal istilik verir. Şəhərdəki bir çox idarələrə ibrət ola biləcək bu faktla maraqlandıq. İqtisadçı  Valentina Novikova:

- Təkcə idarə binası deyil, - dedi. - Məktəb, mədəniyyət evi, fəhlə yeməkxanaları, bütün mağazalar, qo­naq evi, uşaq bağçaları və sair - iyirmidən artıq müəs­si­sənin hamısı buxar sobaları ilə qızdırılır.

Valentina Novikova sayğacı qarşısına qoyub bəzi iqtisadi hesablamalar apardı və əlavə etdi:

- Qabaqlar soba, odun, kömür, ocaqçı üçün ildə bir ətək xərc çəkməli olurduq. İndi həmin xərc on dəfə azaldılıb.

Ocaqçı Seyidi Əzizovla Andrey Posnikov gülümsünərək Valentina Novikovanın sözünə qüvvət verdilər:

- Elektrik enerjisinə qənaət etməkdən ötrü çağırış yox, idarə və müəssisələrdə normal istilik olmasını təmin etmək lazımdır - dedilər.

Sovxoz təsərrüfatı çox şaxəlidir. Gərək ən kiçik sahədə də ictimai fayda, səmərə, qənaət barədə ağıllı düşünəsən. Atalar demişkən, dama-dama göl olar, dada-dada heç. Sovxozda bunu yaxşı başa düşürlər.

Çoxillik təcrübə göstərir ki, sovxozun da, kolxo­zun da, rayonun da iqtisadi-sosial vəziyyəti ona baş­çılıq edənin səriştəsi, öz vəzifəsinə nə dərəcədə məsuliyyətlə yanaşıb-yanaşmaması ilə əlaqədardır. Nahaq yerə deməyiblər ki, sərkərdə qoçaq olsa… Müdrik kəlamdı. Qoçaqlardan yapışmaq lazımdır.

Məvculla Nurullayev ali təhsilli zootexnik ixtisası qazanıb Qusara qayıdanda ailədə də, qonum-qonşuda da, hətta tay-tuşları arasında da onun fikrinə etiraz edənlər oldu: - Xaçmaz hara, sən hara? - dedilər. - Ağacı kəsərsən səmtinə yıxılar. Öz rayonumuzun təsər-rüfatlarına nə gəlib?! Yenə də qabaqcıl, varlı-hallı sovxoz olsa, dərd yarıdı. "XVIII partiya konfransı" sovxozunda kim üz ağardıb?! - Bircə anası Cığa xala:

- Hər deyilənə baxma, oğul - dedi. - Elə öz bildiyinlə get. Balıq dəryada böyüyər. Hökumət hara məsləhət görür, orda da işlə. Adam həmişə asanlığa qaçmaz. Neynək, sovxoz geridir, sən də bir qulpundan yapış, qabaqcıl olsun. Karlı oğul tayın ağırından yapışar.

…Rayon mərkəzində keçirilən yığıncaqda "XVIII partiya konfransı" sovxozunun başçılarını yaxşıca danlayıb-dansamışdılar. Xüsusilə, heyvandarlıq təsərrüfatını. Sovxozun direktoru Vasili Volubuyev darısqal kabinetin bir küncündə qoyulmuş köhnə stolun arxasında əlini çənəsinə söykəyib, fikrə dalmışdı. Gənc zootexnikin nik­bin səsi kiçik otağa çökmüş ağır sükutu pozdu:

- Vasili Alekseyeviç - dedi. - Yüz fikir bir borcu ödəmir. Vəziyyətdən çıxmaq üçün bir yol arayıb-axtarmaq lazımdır.

Zootexnikin cəsarətli tərpənişi direktoru düşüncələrindən ayırıb, onu xeyli yüngülləşdirdi. O, başını yuxarı qaldırıb, qəddini düzəltdi və düz Məcvullanın üzünə baxaraq:

- Vəziyyətdən çıxış yolumuz nədi, oğul? - soruşdu. - Sən de, mən də eləyim.

Onlar qaramalın cinsini yaxşılaşdırmaq imkanlarını götür-qoy etməyə başladılar. Mühasib istehza ilə:

- Birdən-birə altmış baş düyə almağa o qədər pul hardadı? - dedi. - Siz avadanlıqdan danışırsınız. Heç borclardan yaxa qurtara bilmirik…

Direktor susdu. Məcvulla isə mühasibə etirazını bildirdi:

- Bizə altmış düyə yox, ikicə baş cins buğa lazımdır - dedi. - Buna nə söz?!

Mühasibin bəhanəsi bununla da kəsildi və:

- Bu ayrı məsələ - dedi. - İki-üç buğanın pulunu düzəltməyə nə var ki?!

cvulla qovluğun arasından çıxartdığı qəzetdəki iri məqaləni direktora göstərdi:

- Gör, Estoniya heyvandarlarının işindən nə yazıblar?! - dedi. - Bacarıb ordan iki-üç baş cins buğa ala bilsəydik…

cvulla Nurullayev Xaçmaz dəmir yol stansiyasında qatara əyləşdi. Birbaş Estoniyaya. Uzaq eldə özü yaxın həmdəmlər tapdı. Dünya xali deyil. Ona iki buğa, əlavə də on cins düyə verdilər. "Dostu darda sınayarlar", - deyiblər. Bu çətin məqamda Estoniyalı dostlar xaçmazlı həmkarlarının dadına yetdilər. Məcvullanın möhübünü düzəldib, onu razılıqla yola saldılar.

Sovxozda qaramalın cinsi ilbəil yaxşılaşdı. Geridə qalan təsərrüfat ət və süd istehsalında xeyli irəlilədi. Bu diribaş zootexnikin səsi-sorağı qonşu təsərrüfatlara yayıldı. Rayonda on qoçağın biri oldu…

İllər keçdi. Məcvullanı çevik, ümidverən kadr kimi sovxoz direktorluğuna irəli çəkdilər. Cavan oğlanın qayğıları birə-beş qat artdı. Dünən təkcə heyvandarlığa cavabdeh idi. İndi taxılçılıq, tərəvəzçilik, kəndin sosial-problemləri… O, gecəni-gündüzə qatdı. Hamıdan gec yatdı, hamıdan tez oyandı. Axşam fermalarda, gündüzlər plantasiyalarda dolaşdı. Mütəxəssislərlə, əmək və müharibə veteranları ilə fikir mübadiləsi etdi. Görüb-götürmüş ağsaqqallardan ağıllı məsləhətlər aldı. Bir axşam təsərrüfatın bəzi iqtisadi göstəricilərini balaca cib dəftəəsinə qeyd etdi: - "Ümumi gəlir milyon yarım… - "İyirmi il bundan əvvəl üçün bu yüksək hədd hesab olunurdu. Lakin yeni direktor əldə edilən iqtisadi nəticələri təsərrüfatın imkanları baxımından təhlil edəndə mütəəssir oldu. Məcvullanı indi yeni sınaqlar gözləyirdi. O, köksüdolu nəfəs alıb, stulunda təəssüflə yırğalandı. Özlüyündə düşündü: "Nədən, necə başlamalı?!". Dağı arana köçürdü, aranı dağa.

 

* * *

İlin son gecəsində hərə öz evinə çəkilmişdi. Hamı yeni il şənliyinə hazırlaşırdı. Sovxozun direktoru Məcvulla Nurullayev, həmkarlar təşkilatının sədri Dmitri Udalov, gənclər təşkilatının katibi Qalina Marnopolskaya isə hələ də idarədə narahat idilər. Bu əziz axşamda onları bir məsələ düşündürürdü. Hansı fəhlənin ailəsində nə çatmır? Kimə əl tutmaq lazımdır? Bir də ki, axı kollektivin üzvlərindən çoban Əlirza Rəsulov, naxırçı Vəkil Əlibəyov xəstəxanada yatırlar. Sovxoz başçıları bu gecə xəstələrə baş çəkməsələr,onlara hədiyyə verməsələr, sabah camaat onlara nə deyər?!

Onun seçdiyi rəhbərlik üsulu belədi. Məcvulla Nurullayev vəzifə başına keçdiyi ilk gündən, bax, bu yolla gedir. Adamlara əvvəlcə qayğı göstər, sonra tələb et, mülahizəsilə. Fəhlənin qəlbinə girməsən, ürəklə işləməz…

Nadir Sultanov neçə ildi sükan arxasındadı, yük maşınında sürücü işləyir. Deyirlər, üzüyola adamdır. Özü də hər işə-gücə yarayandı. Həyat yoldaşı Tahirə isə təcrübəli tərəvəzçidir. Gördüyü işə canidildən yanaşır. Onlar bir çətən külfətin sahibidirlər. Elə onca uşaqları var. Kollektivdə həm qabaqcıl fəhlə, həm də yaxşı ailə başçısı kimi tanınırlar. İki il bundan qabaq ev bünövrəsi qoydular. - Varlığa nədarlıq - dedilər. - Gəlirimiz çox, imkanımız geniş. Uşaqların rahatlığı üçün təzə ev tikək. - Həmin anlarda sovxoz direk-torunun maşını gündə, günaşırı onların inşaat meydançasında dayanırdı. Məcvulla tikintidən hal-əhval tutur və tez-tez soruşurdu:

- Daşdan, qumdan, nəqliyyat sarıdan nə çətinliyiniz var?

Nadir təvazökarlıq edib:

- Məvculla əmi, sağ olun, elə bir ehtiyacımız yoxdur - desə də direktor razılaşmırdı, çatışmayanı öyrənir­di. Fəhlə evinin tikintisinə inşaat materialı, kömək üçün nəqliyyat göndərirdi. Ötən il ev tikilib başa gəldi. Na­dirlə Tahirəyə: - Sağlığınıza qismət, içində övlad to­yu görəsiniz - deyib ilk xeyir-duanı verən direktor oldu.

Burada adamlara humanist münasibətin bu cür, buna bənzər yüzlərlə timsalını eşitdik. Ancaq bir-ikisini qələmə aldıq.

Bunlar heç də adicə misal deyil. Sovxozda yaranan xoş əhval-ruhiyyənin, möhkəm intizamın, işə şüurlu münasibətin başlıca amilləridir. On yeddi millətdən olan mehriban adamların əmək stimuludur.

Direktor iyirmi il bundan əvvəl Sovxozun iqtisadiyyatına dair qeydlər etdiyi cib dəftərini açdı: - Ötən ilin təsərrüfat göstəriciləri belədir - dedi. - Ümumi gəlir 2,5 milyon. - Bu rayonda ən yüksək göstəricidir və təqdir olunmağa layiqdir. Lakin direktorda işinə qarşı xatircəmlik, razılıq hiss etmədik. Onun baxışlarında dərin qayğılar dolaşırdı. Məcvulla Nurullayev: - Biz özümüzü geridə qalanlarla müqayisədə yoxlamırıq, ölkənin qabaqcıl təsərrüfatlarına çatmağa çalışırıq.

Sovxozda hamı, məhz, bu amalla yaşayıb-yaradır. Əlamətdar ilin cığırlarında hünər göstərmək. On beş ilin zootexniki Bəşarət Novruzova qələbə əzmi ilə danışır:

- Ötən il səkkiz yüz ton süd istehsal edib satmışıq, bu il min tona söz yoxdur. Lumunat, Gülbəs, Ramazan, hansını deyim, qoçaqlarımız məgər birdi, beşdi?! Onların gücü ilə dağı-dağ üstə qoymaq olar.

Əhməd Orucov on ildən çoxdu ferma müdiri işləyir. Özü də bacarıqla. Onun başçılıq etdiyi sahədə hər şey müasirdi, fərəhləndiricidi. Sözarası Əhmədin təhsilini soruşduq: - ortadı - dedi.

Direktor bizim sual-cavabımıza münasibətini bildirdi: - Kadrı seçəndə əvvəlcə onun dərrakəsi ilə maraqlanırıq, sonra diplomu ilə - dedi. - Bizim Xaçmazda da, elə qonşu Qubada da bəzi alimlərin başçılıq etdiyi təsərrüfatı görürük, gözündən batırıblar. Adamda gərək dərin məsuliyyət hissi, təpər olsun…

Günəş mavi Xəzərdən ağır-ağır baş qaldırıb ilk şəfəqlərini Nabran meşələrinə yayanda məxmər zəmilərdə iki nəfər dolaşırdı: baş aqronom Heydər Şahbazov, taxılçılıq briqadiri Qarabəy Kiçibəyov. Onlar tez-tez ayaq saxlayıb nə isə məsləhətləşir, malala-manın keyfiyyətini yoxlayır, təkrar yemləmə gübrəsi veriləcək sahələri nəzərdən keçirir, alaq otlarına qarşı herbisid səpiləcək yerləri araşdırırdılar. Qarabəy Kiçibəyov sovxoz fəhlələrinin məclisində bu il  hər hektardan əlli sentnerə söz verib. Hamı bilir ki, o, briqadir işlədiyi on beş il ərzində hələ bir dəfə də olsun dediyini yerinə yetirmədiyi olmayıb. Camaat onu özünə, sözünə düz adam kimi tanıyır. Neçə-neçə ordenlər alıb. Deyir ki, bu ilki vədimə əməl etməsəm, gərək el içinə çıxmayam. Ona görə hər gün sahələrin hər qarışında becərmənin necə getdiyindən hali olmasa, gecələr gözünə yuxu getməz. Qarabəy deyir ki, kişi olan kəs gərək verdiyi sözün arxasında dursun. Ona əməl etsin. İclaslarda qızışıb, yuxarıdan gedib, məqam ayağında meydandan qaçıb, bəhanə axtarmasın.

Əynində nimdaş kombinezon olan, pəhləvan cüssəli bir gənc təmir emalatxanasındakı kombaynın sökülmüş hissələrini zərgər dəqiqliyi ilə yerbəyer edirdi. - Rövşəndir - dedilər. - Qarabəyin oğlu. Atasının əkdiyini, oğlu biçib yığmalıdır. Heç vaxt bu günün işini sabaha qoyan deyil. Yaxşı deyiblər ki, ot kökü üstə bitər. Atası nə tökübsə, oğlu da onu yığıb.

Bir sözlə, hamı canı-dildən çalışır. Sanki mavi Xəzər də vəcdə gəlib öz ağ qırçınlarını səxavətlə əmək bahadırlarının qarşısına sərir. Dəniz sovxozun iki addımlığındadır. Bəzən şahə qalxıb sahillərinə meydan oxusa da, bu yerlərin qadir adamlarından xoş ab-havasını, sərin mehini əsirgəmir.

Burada kənd əməkçilərinin mədəni-məişət şəraiti, onlara ictimai-iaşə xidmətləri də təsərrüfat məsələlərilə eyni dərəcədə diqqət mərkəzindədir. Qaş qaralanda adamlar iki-bir, üç-bir şəhərlə bəhsə girə biləcək sovxoz qəsəbəsinin seyrinə çıxırlar. Üç yüz əlli nəfərlik tamaşa salonu olan mədəniyyət sarayı bir yaraşıqdı. Mədəniyyət evinin müdiri Bəybalı Qılıcov gündüzdən öz işini görüb. Hamı bilir ki, bu axşam hansı konsert veriləcək… İkinci mərtəbədə kitabxanaçı Gülnarə Bəyova oxucular arasında iş aparırdı. O, təzə oxuduğu romanların məzmunu, yeni alınan kitablar barədə maraqlı məlumatlar verirdi. Fəal oxucuların adı burada hörmətlə çəkilir: - Sürücü Seyfəddin Bəyov, fəhlə Sergey Popov, Dmitri Udalov…

Müxtəlif ağaclarla əhatə olunmuş bina diqqətimizi cəlb etdi. Yüz əlli nəfərlik uşaq bağçasıdır. Hara baxırsan səliqə-sahman, yar-yaraşıq. Bəli, analar körpələrindən nigaran deyil. Onlar Reyhan Əzizovanın, Antonina Semenoviçin, Bəsti Muradovanın, Gülcahan Ahmədiyevanın nəvazişi ilə pərvazlanırlar. Burada uşaqların səksən faizdən çoxunun yeməyi pulsuzdur. Həmin xərci sovxoz özü çəkir.

Başqa bir binada ağ xalatlı həkimlər, tibb bacıları görünür. Sovxozun əlli çarpayılıq xəstəxanasıdır. Tofiq Əmrəliyev, Aleksandr Semyonoviç, Mirzəbala Xəlilov adamların cansağlığı keşiyindədirlər. Neçə-neçə xəstə onların əllərilə şəfa tapıb.

Orta məktəb, saatda əlli nəfərə xidmət edən hamam rabitə qovşağı, qonaq evi, neçə-neçə ərzaq və sənaye malları mağazaları, cərgə ilə salınan iki və üç mərtəbəli fəhlə evləri… Kəndin yetmiş illik tarixinin silinməz izləri.

cvulla Nurullayev qarşıdakı binaları göstərdi: - Bu birmərtəbəli fəhlələrin qış yeməkxanası, təzə tikilən ikimərtəbəli bina isə yay yeməkxanasıdır - dedi. - Hər ikisi əlli nəfərlikdir. Günorta fasiləsindəsağıcılar, mexanizatorlar, tərəvəzçilər üzərinə təmiz süfrə çəkilmiş yemək stollarını dövrəyə alırlar. Nina Proninanın dadlı xörəklərini kim bişirə bilər?! - Mətbəxdən onun gur səsi gəlir və zarafatyana: - Yaxşı işləməyənə, dişlə­mək də yoxdur - deyirdi. O, dünənki divar qəzetində tərifi göylərə qaldırılan Anatoli Terlyanski ilə Mədət Tan­rıverdiyevin adlarını fəxrlə çəkərək: - Sizə halaldır - dedi. - Bax, əsl traktorçu onlar kimi olar, gör necə qoçaqdırlar! Hamı güldü. Nina Mədətlə Anatoliyə ayrıca pay çəkdi… Yeməkxanaya gələnlər şad-xürrəm yeyib-içdikdən sonra ayağa qalxdılar. Sağıcılar əllərini cibinəsalmadı. Onların yeməyi pulsuzdur. Mexanizatorlar isə kənd təsərrüfatı işlərinin həlledici çağlarında pulsuz yeməklə təmin olunurlar. Bağ-bağatın arasında ucalan qırmızı taxtapuşlu evdən şən musiqi sədası gəlirdi. - Xeyir iş var - dedilər, - toy eləyirlər. Sevindik: - Xoşbəxt yaşasınlar, oğullu-qızlı olsunlar - dedik. - Qoy bu mehriban el-obanın toy-düyünü əskik olmasın!

 

10 may 1987-ci il

"Kommunist" qəzeti



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com