www.aliildirimoglu.az

OÇERKLƏR

DƏMİRÇİ

Batmaqda olan günəş zirvədəki bulud laylarını qızardıb Şah dağın arxasına çəkilir, ətrafa çökən toran getdikcə qatılaşır, kövşənlərdən əl-ayaq yığışır, mal-qara örüşlərdən kəndə qayıdırdı. Torpaq şumlayan, yer malalayan, yem daşıyan, taxıl gübrə­lə­yən, bağ becə-rən, arx çəkən mexanizatorlar xoş əhval-ruhiyyə ilə maşın-traktor parkına daxil olub, aqreqat-larını yerbəyer eləyir, sonra da növbəti tapşırıq almaq üçün iki-bir, üç-bir sovxoz idarəsinə yönəlirdilər. Sultanməcid qəddini düzəldib, alnında puçurlanan təri sildi və sübh tezdən qarşısındakı zindana qaldırıb-endirdiyi ağır çəkicini kənara qoydu. O, uzun maşanı götürüb bayaqdan bəri odlu kürədə qızardıb, zindanın üstündə döyəclədiyi və hələ də soyumamış kotan dəmirini o tərəf-bu tərəfə çevirdi. Gözünü qıyıb zərgər dəqiqliyi ilə düzəltdiyi hissənin lazımi ölçüdə olub olmadığını yoxladı. Onun mis çöhrəsi nurlandı. Dodaqları pıçıldadı: - Yaxşıdır, - dedi.

Sultanməcid arxa tərəfə keçib bayaqdan bəri fısıldayan körüyü dayandırdı. Kürədə közərib alovlanan kömür yavaş-yavaş qaralmağa başladı. Sultanməcid əynindəki kombinezonu çıxardıb, əlini yuya-yuya şagirdlərinə hazırladığı ehtiyat hissələrini işarə etdi:

- Traktorlarınkı da hazırdır, lafetinki də. Kotanın gavahınını sabaha demişdim, insafım götürmədi… Xəbər verin aparsınlar.

Emalatxana müdiri Məzahir Səfərov Sultanməcidin hazırladığı ehtiyat hissələrini diqqətlə nəzərdən keçirəndə gözləri işıqlandı:

- Əlin var olsun, usta! - dedi. - Heç zavodda da belə düzəltmirlər. - Məzahir bəzi hissələri əlinə götürərək: - Axı bu, nə matah şeydir ki, çətinliklə tapırıq?! Maliyyəti beş-on manat deyil, di gəl ki, sınanda gərək o boyda traktor bir həftə yanı üstə qala…

Sultanməcid təzə alınan, sahələrdən qayıdan, təmirdən çıxan, yaxın-uzaq səfərə hazırlanan maşın-traktorların cərgəsinə qayğılı nəzər salıb parkdan çıxdı. Onun fikir dünyasında neçə-neçə qayğılar dolaşırdı. Yenicə qədəm qoyduğumuz qış qayğıları, üzümüzə gələn bahar qayğıları.

Sovxoz idarəsinin qabağından ötəndə qulağı nə çaldısa ayaq saxladı. Yenə də mübahisə… o, başını buladı: - Hərənin ağzından bir avaz gəlir, - düşündü. Sovxozun direktoru Qeybulla Mehdiyev baş mühəndis Əlistan Mehyəddinovu günahlandırıb məzəmmət edirdi. Baş mühəndis də… Qocaman dəmirçi təəssüfləndi və öz-özünə: - Söz güləşdirməyə nə var ki…

Bir neçə günün söhbətidir. Direktorla həmkarın sədri fermada olanda sağıcı Şəfəq Əhmədova onlara giley vurdu: - Bizə deyiləni eləyirik, biz dediyimizi isə yel­lər aparır. Bəs o fermanın yolu nə vaxt düzələcək? Gedib-gəlmək olmur. İllahım da ki, yağış yağanda. Palçıq dizə çıxır…

Sovxoz başçıları pərt oldular. Haqq sözə nə deyəsən?!

Mexanizatorlar axşam bu barədə ciddi tapşırıq aldılar. Günü sabahdan işə başlandı. Maşınlar səs-səsə  verdi. Fermanın yoluna qum, çınqıl daşındı. İşin şıdırğı qızğın yerində Daşdəmir Harunovun idarəetdiyi ekskavatorun çalovu qırıldı. Yolun çəkilişi düyünə düşdü. Sovxozun nümayəndələri neçə gündür ki, baş vurmadıqları yer qalmadı. Ekskavatorun yükləyici hissəsi tapılmırdı. Gedənlər də əliboş qayıtmışdı. Odur ki, direktor hövsələdən çıxmışdı… Baş mühəndis: - Sa­bah Bakıya gedib, bir-iki yer var, oraya da dəyərəm, - deyib, söz-söhbəti bununla da yekunlaşdırdı.

Sultanməcidin qaşları düyünləndi. İrəli yeriyib baş mühəndisin qolundan yapışaraq: - Bakıya, Şəkiyə getmək lazım deyil. Bəlkə biz özümüz bir çarə qıldıq…

Sonra o, direktor tərəfə yönələrək: - Məsələni böyütməyin, - dedi. - Burada çətin bir iş yoxdur.

Sübhün şəfəqləri sökülməmiş Sultanməcidin qarşısındakı kürə alovlanıb onun o qədər də geniş olmayan dəmirçi emalatxanasında şölə saçır, ətrafa odlu qığılcımlar səpələnirdi. Usta şagirdlərinəarabir işgüzar məsləhətlər verir, köməkçisi Şərafəddinlə qabaq-qənşər dayanıb zindanın üstündəki qızarmış də­miri aramsız döyəcləyirdi. Elektrik qaynaqçısı Kamil Quliyev, çilingər Şakir Pirmuradov ustanın tapşırıq­la­rını bir dəqiqə belə yubanmadan yerinə yetirirdilər. Şərafəddin yükləyici hissənin düzəlib tamam-kamal başa gəldiyini görəndə ürəkləndi: - Sultanməcid əmi, - dedi, - ağzıgöyçəklər danışırdılar ki, bu, bizim xörə­yi­miz deyil, nahaq boynumuza çəkmişik. İndi qoy görsünlər ki…

Sultanməcid hər sözün başına ip salan adam deyil. O, sanballı çəkici ilə qarşısındakı zindana bir neçə dəfə güclü zərbə endirdi. Bu, elə şagirdinin dediklərinə tutarlı cavab oldu. Sovxozun üç gün qapı-qapı axtardığı, lakin tapa bilmədiyi ehtiyat hissəsi artıq hazır idi. Özü də zavoddan çıxan kimi. Daşdəmir Harunovu elə bil qaldırıb dağın başına qoydular. Onun ekskavatoru günün ikinci yarısında fermaya tərəf yollandı.

Üç il bundan qabaq Xaçmazda taxılçılığın inkişaf perspektivləri təhlil ediləndə bir nömrəli  Meyvəçilik sovxozunun əkinçiləri ağıllı-başlı məzəmmət olundular. Özü də haqlı yerə. Hektardan iyirmi sentner! Deməyə adamın dili də gəlmir. Bu kəndin adamlarına da yer eləmişdi. Onlar geriliyin daşını atmaq üçün insafən xeyli səy göstərdilər. Nəticəsi də pis olmadı. Hektardan otuz beş sentner məhsul hasil edildi. Sovxozun əkinçiləri, elə başda da Sultanməcid Məmmədov olmaqla sözü bir yerə qoydular ki, elmin, texnikanın tərəqqi etdiyi indiki əyyamda otuz beş sentner çox azdır. Belə bir göstərici iləsürətləndirmə dövrünün tələblərinə cavab vermək olmaz. Ölçüb-biçib hektardan qırx beş sentnerin üstündə dayandılar. Sözü tullamağa nə var! Gərək onun bünövrəsi də ola. Bu mülahizə ilə taxılçılığın intensiv texnologiya əsasında inkişafına dair tədbirlər müəyyənləşdirildi. Qızıl payızda ilk addımlar atıldı. Lakin sahələr səpinə hazırlananda ortalığa maneə çıxdı. Şumdan qabaq alaq otlarına qarşı profilaktiki mübarizə tədbiri olaraq, torpağa herbisid səpilməlidir. Bunun üçün müvafiq preparat lazımdır. O da yoxdur. Bəs nə etməli? Həmin məqamda yenə də qocaman dəmirçi sinəsini irəli verdi:

- A bala, o herbisid səpən nə olan şeydi? Yəni dəmirdən deyil? Harda var, onu mənə göstərin, işiniz yoxdur, çəkilin, durun qıraqda…

Qoca dəmirçi baş mühəndislə maşına oturub iyirmi kilometr aralıdakı "Azərbaycan" sovxozuna varid oldular. Sultanməcid herbisidsəpən preparatı görəndə əlini bığında gəzdirib gülümsündü: - A bala, bu, mənim əlimdə nədir ki?! - Onun nurani çöhrəsinə xoş təbəssüm yayıldı.

Köməkçiləri Sultanməcidin dəmirçixanasında cəm oldular. El gücü, sel gücü - deyibr. Gün-günorta yerinə qalxana qədər herbisidsəpən preparat tam hazır oldu. Əkinçilər naümid qalmadılar. Səpin vədəsində başlandı. Sultanməcidin köməyi ilə.

Vətənimizin hüdudlarında güllə səsi kəsilən gündən belədir. Sultanməcid əvvəldən-axıra qədər iştirakçısı olduğu Böyük Vətən müharibəsindən qayıdan gündən əsgər şinelini soyunub, dəmirçi qiyafəsi geyinib. Ata-baba sənətinə sadiq qalıb. Qocaman dəmirçinin sinəsini bəzəyən orden-medalların altından hərdən ağrı tutur. Zindanın arxasında yanıb-yaxılır. Kürədəki dəmir kimi. İri dəmir hissələr onun qarşısında mum kimi yumşalır, əriyir. Sultanməcidin kürəsinə, çəkicinə, zindanına tabe olur. Bir balaca qəlpə isə… onun ürəyinin həndəvərində qalıb, köhnə cəbhəçiyə qə­nim kəsilib. Cərrahlar da əncam çəkə bilmir. Deyi­r­lər, elə nahiyədədir ki, toxunmaq olmaz. Sultanməcid də aciz qalıb bu balaca qəlpənin əlində. Müharibədən söhbət açanda xoşu gəlmir. Çünki köhnə dərdləri qövr eləyir. Leninqrad mühasirəsində qaldığı çətin günlə­rinə qayıdır. İtirdiyi cəbhə dostlarını xatırlayır. Qəlpəli qəlbi əzab çəkir. Qocaman dəmirçi deyir ki, ağrımı-acımı onda unuduram ki, elimin, obamın dərd-sərinə yarıyıram, kəndimin karına gəlirəm.

Qapısı hamının üzünə açıqdır. Gəlib-gedəni də ki, əskik olmur. Qonaq-qara da öz yerində. Ehtiyacı olanlar Sultanməcidə üz tuturlar:

- Mənə təzə bir bel.

- Kətmənim sınıb.

- Peçimiz köhnəlib, tüstü eləyir…

Qocaman dəmirçi heç kəsin sözünü yerə salmır. Bacardıqca hamının möhübünü düzəldir. Kəndin sayılıb-seçilən ağsaqqalıdır. Oğul evləndirmək, qız köçürmək fikrinə düşənlər əvvəlcə Sultanməcidə gənəşirlər. Ondan ağıllı, xeyirxah məsləhətlər alırlar. Heç kəsin xeyir-şərindən qalmır. Bir dəfə eşitdi ki, yaxın qonşusu həyat yoldaşını dolandırmır. Ailədə xoşagəlməz söz-söhbətlər olur. Bir də onu eşitdi ki, qonşu ayrı yola düşüb. Ozü də qabaqcıl traktorçu, neçə uşağın atası ola-ola. Qonşu dərdi onu qəlpədən betər ağrıtdı. İşdən qayıdanda onlara döndü. Qonağın qabağına çay gətirdilər. İçmədi, əlinin arxası ilə geri itələdi. Bununla da incikliyini bildirdi. Onlara müdrik kəlamlarıyla öyüd-nəsihət verdi. Bir ata kimi. Qonşusu xəcalət çəkdi. Ağsaqqala olan dərin ehtiramı qarşısında baş əydi. Kimin nə həddi var, Sultanməcidin bir sözünü iki eləyə. Qonşunun ailə giley-güzarı bununla da bitdi. Arada mehribançılıq yarandı.

Evdarlığına da ki, söz yoxdur. Sultanməcid sinninin bu vaxtında elə ki, işdən qayıtdı, belini-dəhrəsini götürüb həyətyanı sahəsinə çıxır. Meyvə ağaclarına, gül-çiçəklərə əl gəzdirir. Tövləni irahlayır, sürü ilə saxladığı toyuq-cücəyə dən verir. İldə filan qədər yağ-pendir götürür. Fındıq, alma, armud yığır. Beşdə biri ailəsinə bəsdi, qalanını satır. Sultanməcid deyir ki, kəndli gərək satıcı olsun, alıcı yox.

Taxıl əkini sahələrində, meyvə bağlarında becərmə gedir. Tarlalarda əmək bulaq kimi qaynayır. Bu vacib işlərin uğuru texnikanın sazlığından çox asılıdır. Sultanməcid Məmmədov bu günlər: - Yoruldum - demir, dincəlmək bilmir. Kəndin mərdi kimi, sübhün gözləri açılandan qaş qaralanacan. Odlu kürə ilə üzbəüzdür. Bəstəboy bir gənc, əlində maşın hissəsi tez-tez ona yanaşır, nə barədə isə məsləhət alır. Dedilər Tahirdir. Sultanməcidin oğlu. Ata övladından o qədər də razı deyil. Deyir ki, mənə oxşamayıb, ləng tərpənir. Ancaq Tahir qoçaq təmirçidir. Neyləsin ki, atası ilə ayaqlaşa bilmir. Kənddə deyirlər ki, ot kökü üstə bitər. Tahir atasının layiqli xələfi olacaqdır. Təkcə Tahirmi? Xeyr. Sultanməcidin bu kənddə neçə-neçə yetirməsi var. Kamil, Şərafəddin, Şakir… Hərdən ustad dəmirçiyə qayğı göstərmək mənasında: - Sultanməcid əmi, bir az dincəl, - deyib, onun çəkicini əlindən almaq istəyirlər. Sultanməcid xətirlərini balası qədər əziz tutduğu şagirdlərinə zarafatyana: - Köhnə kötüklərin üstündə çoxlu çırpılar doğranıb, - deyib, onlara etiraz edir. Deyir ki, məni yaşadan bu kürənin istisi, çəkicimin səsidir…

 

3 yanvar 1987-ci il

"Kommunist" qəzeti



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com