www.aliildirimoglu.az

OÇERKLƏR

SULTANAĞA

Geniş düzləri sükuta qərq edən soyuq və uzun qış gecəsinin sakit qoynunda neçə-neçə fer­ma­lar uyuyur. Bir-birindən aralıda sayrışan işıqlar, qa­ranlıq çöllərin dərinliklərindən süzülüb gələn həzin ney səsi, çoban hay-harayı yataqların yerini isnad ve­rir və bu yerlərdən ötüb keçənlərə xoş ovqat bəxş edir.

Sultanağa əmlik quzuları əmizdirib, qoyunları yerbəyer edəndən sonra qara yapıncısını çiyninə salıb, qəər bir yerdə çomağına dirsəklənmişdi. Qış gecəsinin özünəməxsus sehrkar nəğməsini dinləyirdi. Qoyun dərisindən tikilmiş iri papağının təzəcə qırış düşmüş alnına sallanan saçaqlarından tək-tək damcılar düşürdü. Bayaqdan bəri başlayan quşbaşı qar torpağa düşən kimi əriyib yox olsa da, hələ də kəsməmişdi. Sultanağa tutqun səmaya göz gəzdirib özündə yüngüllük hiss etdi.  Daxilən düşündü: "Qoy yağsın, belə qa-rın zərəri yoxdur. Əksinə, xeyri var. Örüşlərin otu islanıb, yumşalacaq. Nəinki qoyun, lap quzular da ləzzətlə yeyəcək".

Sultanağa fikrə daldı. Xəyalı Kürün gümüşü sularından qurşaq tutan və hər il məskən saldığı düz­lər­də, Şah dağın bəyaz çalmasında, yalçın qayaların zirvəsində, doğma kəndi Xınalıqda dolaşdı. Qəlbindəçoban həyatının mənalı salnaməsi vərəqləndi. Boz sürülərin arxasında, bin-bərəkəti tükənməyən səfalı yaylaqlarda keçən çoban ömrünün enişli-yoxuşlu, çətinli-asanlı, lakin uğurlu anlarını xatırladı. Sonra da… Sonra da bu ilin ilk ayından onun həya-tında baş verən unudulmaz hadisəni.

"Quba  rayonundakı Xınalıq sovxozunun baş çobanı Sultanağa Xəlilova Vətənin yüksək ordeni verilsin".

Respublika Ali Sovetində onun əlini minnətdarlıqla sıxıb təbrik etdilər. Sultanağaya təzəcə qədəm qoyduğu yeni ildə qalib addımlar arzuladılar.

Sultanağa neçə gün idi ki, onu yeni zirvələrin fəthinə sövq edən yaddançıxmaz hadisələrin xoş təsirindən ayrıla bilmirdi: təcrübəli çobanın narahat baxışları gecənin dərinliklərində dolaşır, görüb-görəcəyi işləri götür-qoy edirdi. Fikirləşirdi ki, qoyun-quzu böyük çillədən sağ-salamat çıxıb, bircə toğlunun da burnu qanamayıb. Ancaq qışa etibar yoxdur. Belə məqamda gərək arxayınlaşmayasan, ayıq-sayıq olasan. Kiçik çillənin namərd üzünü çox görmüşük. Gündə min dona girir. Gah mülayimləşir, gah da sərtləşib tüğyan edir.

Şam süfrəsi bayaqdan açılmışdı. Ancaq arvad-uşaq kənarda dayanmışdı. Hamı ailənin başçısını gözləyirdi. Tez-tez qapı açılır, Sultanağanın ömür-gün yoldaşı Gülsaranın qayğılı səsi eşidilirdi:

- Çayın soyudu, uşaqlar səni gözləyir, Sultanağa! Sazağın qabağında az dayan!

Sultanağa bu şəfqətli səsi eşitsə də, fermanın dərd-səri onu tərk etmirdi: "Qışa bel bağlamaq olmaz. Hər dəqiqənin bir hökmü var. Birdən qar-çovğun qapını aldı, bəs onda?" Sultanağa onu təhdid edən bu üzücü sualların cavabını düşünür, fermadakı əgər-əskiyi gö­tür-qoy edir, hər şeyi əvvəlcədən yüz dəfə ölçüb-biçirdi. Axı, el içində kişi kimi söz verib. Ötən il yüz qoyundan yüz on bala götürüb. Qədəm qoyduğu yeni ildə bu rəqəmi yüz on beşə çatdırmağı vəd edib. Hamı da Sultanağanı sözübütöv, ilqarına düz adam kimi tanıyır.

Sultanağa yapıncısını çiynindən aşırıb içəri keçdi. İsti peç, döşəli ev, baş tərəfdə keçə, üstündən də Xınalıq xalısı. Süfrədə də nə yoxdur?! Sacda təzə bişmiş isti yuxa, dağda tutulmuş motal pendiri, bozartma, hər cür də mer-meyvə. Qabağında güllü padnos olan ağ samovar da ki, bayaqdan bəri hey nazik simə vurub, alaçığa həzin nəğmə yayır…

Süfrə yığışan kimi Sultanağa böyründəki məxmər mütəkkəyə söykənib yenə də qayğılı görkəm aldı və üzünü  Hüseynağaya tutaraq:

- Oğul, - dedi, - o qələm-kağızı götür görüm. Mən deyim, sən də yaz.

Hüseynağa sovxozda komsomol işində çalışır. Məzuniyyətə çıxanda ona Soçidə, Kislovodskda isti­rahət etmək üçün putyovka təklif ediblər. Hüsey­nağa ata-anasının çoban komasını seçib. Sulta-nağa vəGülsaranın nəfəsi ilə rayihələnən komanı. O, burdan rahat, burdan geniş, burdan doğma yuva təsəvvür etmir. Ata-ananın hənirtisindən  bir dünya zövq alır, şirin yuxu tapır. Hər il belədir. Hüseynağa məzuniyyətini bax, bu qışlaqda, valideynlərinin həndəvərində keçirir. Həm də qışın məşəqqətli günlərində ferma işlərinə əl atır, atasının karına gəlir.

Hüseynağa qələm-kağız götürdü. Sultanağa:

- Oğul, yaz, - dedi. - Altı yüz ana qoyundur. Bu­nun beş yüz başı doğub. Beş yüz başdan da bu gün­künü də üstünə gəlsək, düz altı yüz otuz quzu almışıq. O günkü iclasda da hər yüzə, yüz on demişəm. Gərək üstündə də dayanam. Öhdəlik götürəndə bəzi adam­ların döşü qızır, çox yuxarıdan gedir. Ancaq sonrasını fikirləş-mir. Axırda da dediyini yel aparır. Camaat arasında da xar olur. Bax, orasını da düşün haa. Özümüzə görə adımız-sanımız var. Gərək dediyimizi eləyək.

Hüseynağa atasının dediyi rəqəmləri hesablayıb gülümsündü və başını yuxarı qaldıraraq şən əhval-ruhiyyə ilə: "Öhdəlikdən də bir az yuxarıdı", - dedi.

Sultanağanın qaşqabağı yenə açılmadı. O, eyni təmkinlə:

- Atalar deyib ki, cücəni payızda sayarlar. Ancaq çobanın "cücəsini" gərək payızda yox, yazda-yayda sayasan. Qoyun-quzunun ağzı yazın çiçəyinə çatanda. İndi, ay oğul, doğulan qoyun-quzu əlimizdə-ovcumuzda sağ-salamat qalsa, sən deyəndi. Heyvanları axıracan qışın zavalından qoruyub yaza çıxartmaq hünər istəyir. Hələ arxayın ola bilmərik. Kiçik çillə, boz ay qabaqdadır.

Hamı yatmışdı. Nəvələrin xəfif mışıltısı eşidilirdi. Sultanağa adət etdiyi kimi, bir balaca yuxuya gedib tez də ayıldı. Qulağına hənirti gəldi. Cəld yerindən qalxıb qoşalüləni götürdü, həyətə çıxdı. Qar getdikcə şiddətlənirdi. Ətraf ağ örpəyə bürünmüşdü. Qəlbində yenə də narahat hisslər baş qaldırdı. Yataqları dolandı. Əlində fənər qoyun damlarını, quzu küzlərini diqqətlə yoxladı. İçəridən buğ qalxırdı. Gümrah quzulara baxdıqca çöhrəsi duruldu. Öz-özünə: "Qoy nə qədər yağır-yağsın, - dedi. - Qorxusu yoxdur"…

Sultanağa qışın ehtiyatını vaxtında görüb. Çiçəkli yoncadan tayalar vurdurub. Anbarlara o ki, var, qüvvəli yem yığıb. Ot-ələfdən nigarançılığı yoxdur. Qışlaq yoluna çınqıl döşədib. Yatağa elektrik xətti çəkdirib. Bir də ki, yerin dibindən "qara qızıl" çıxaran, kanal çəkib susuz çölləri sirab edən Rafiq, Qadir, Bayram, Rəhim kimi neftçi və meliorator dostları var. İş bərkə düşəndə çobanlara köməyə gəlir, arxa dururlar. Bu çöllərdə çox vaxt çobanlarla neftçilərin xeyir-şəri də bir olur. Bu binaların çoxu Şirvanneftin xeyirxah adamlarının əli ilə başa gəlib.

Bir vaxt Xınalıq camaatı arasında Sərkara çobanların sərkərdəsi deyirdilər. İndi də, yüz ilin kişisidir, - deyirlər. Quba dağlarının, Kürsahili qışlaqların hər qarışında izi görünür. Hələ dizi taqətdən, çomağıəlindən düşməmiş hey ölçüb biçirdi ki, görəsən, övladlarımın hansı mənim yolumu tutub gedər. Oğlanlarının oturuşuna-duruşuna, tərpənişinə göz qoyurdu. Sualına cavab axtarırdı. Onda Sultanağa hələ təzəcə yeriyib-yüyürürdü. Bir dəfə quzunun dalınca qaçanda ilişib ocağa düşdü. Əlinin yanmasına baxmayaraq, yenə də quzuya tərəf dartındı. Neçə dəfə də buynuzlu qoçla üzləşdi… Alnındakı çapığın yeri indi də bilinir. Körpəliyindən onu qoyun-quzudan ayırmaq olmurdu. Bunun üstündə də anası Sultanağaya neçə dəfə tövbələtmə vermişdi. Ancaq öhd olmurdu. Sərkar kişi əlini çallaşmış bığında gəzdirərək gülümsündü: - Hə, özüdür ki var, - dedi. - Ət yeyən quş elə dimdiyindən bilinir…

rkarın zənni düz çıxdı. Ağalar ali məktəbə getdi, həkim oldu. Sultanağa atasının yolunu tutdu. Sərkar kişi Sultanağanın yanına tez-tez güzar salır. Ancaq Ağalara tərəf o qədər də üzükmür. Deyir ki, həkim oğlumla qalanda gözüm dava-dərmana sataşır. İstər-istəməz adamın yadına xəstəlik, xəstəxana düşür. Mənim həkimim də, loğmanım da təmiz ab-havalı, boz sürülü yaylaqlardır.

Bu sovxozda əlli minə yaxın qoyun-quzu bəslənir. Əli çomaqlıların əksəriyyəti Sərkar məktəbinin yetirmələridir. Bir-birindən qoçaq, bir-birindən igid. Hamısı Sərkar timsallı.

Bu oçerkdə Xınalıq qartallarının biri barədə söhbət açdıq. Ordenli çoban Sultanağa Xəlilov  barədə. Onun qonağı olduq. Halal çörəyini kəsdik. Ürəkdən gələn səmimi sözlərini dinlədik. Keşməkeşli həyatı ilə maraqlandıq. Övladlarını soruşanda Gülsara həyalı  sifətini yana çevirib o biri alaçığa keçdi. Sultanağa papağını bir balaca yuxarı qaldıraraq:

- Əzəl onu deyim ki, oğlanlarımın hamısının adını özümünkünə yaraşdırıb qoymuşam, - dedi. - Böyük oğlum Əlağa həkimdir.

- O, duruxdu və əlavə etdi: - Ona da çoban qızı almışam. - Bu sözdə nə isə gizli bir məna varmış kimi bizi əhatə edən çobanlar qımışdılar. Sultanağanın da dodağı qaçdı. O, həmkarlarına işarə edərək:

- Bilirsən niyə gülürlər? Elə yeri gəlib qoy onu da deyim. O vaxt xeyir iş eləmək istəyəndə bu Gülsara məni çox təntitdi. Hər gün dedi ki, gədəni evləndir. Qoy bir oğul toyu görək. Mən də dedim, neynək, daşımız da var, divarımız da. Qəhrəmanın qızını alarıq. O çoban, mən çoban. Əlaltdan öyrəndik ki, elə uşaqların da bir-birinə meyli var. Böyük çillənin oğlan vaxtıydı. Qarlı bir gündə getdim Qəhrəmanın qapısına. Dedim hələ bir ağzını arıyım, görüm nə deyir! Getməyimə də peşman oldum. Düzü, yaxşı qarşılamadı. Dedi, ə, Sultanağa, qar qapını kəsib, yem qurtarır, qoyun çölə çıxa bilmir. Mən başımı itirmişəm, sən də gəlmisən gəl, toy vuraq… Elə yaxşı deyiblər ki, keçi can hayındadı, qəssab piy axtarır.

Peşman geri qayıtdım, dedim bir də o tərəfə üz çevirmərəm. Yaza dönəndə dədəm işə qarışdı. Elə onu da o ki, var danladı, məni də. Rəhmət düzənə, lənət pozana, - deyiblər. Dağda yaxşıca bir toy elədik. Qəhrəmanla məni zorla ortalığa çəkib oynatdılar da.

Sultanağa əlavə etdi:

- Əlağadan xırdası da Raziyədir. Onu da bir həkim oğlana ərə vermişəm. Xoşbəxt olsunlar. Mirağa ali məktəbi bu il qurtarır. Zootexnik olacaq. Hüsey­nağa bu yanımdakıdır. Sovxozumuzda həmkar işinə baxır. Məzuniyyətə çıxanda yanıma gəlir. Sənan da əsgərdir. Tez-tez məktubu gəlir. Keçən həftə teleqram vurmuşdu. Ordenimi təbrik elədi. Yazıb ki, dədə, çox sevindim.

Sultanağanın bu cür sevincləri çoxdur. Neçə dəfə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin iştirakçısı olub, mükafatlarını alıb. Orden-medallarla təltif edilib.

Çoban evinin bir küncündə səliqə ilə üst-üstə yığılmış kitablar diqqətimizi cəlb etdi. Sultanağa maraqlandığımızı görüb: - Hamısını oxumuşam, - dedi. - Çingiz Aytmatovun, Rəsul Həmzətovun, Bayram Bayramovun yazdıqları kitabların çoxunu oxumuşam. Nizami, Xosrov Pərvizi, "Kəlilə və Dimnə"… Bu günlərdə kəndə sifariş eləmişdim ki, "Ərzrumun gədiyinə varanda" kitabını göndərsinlər. Göndərdilər, oxudum. Daha çox xoşuma gələn təbiətlə bağlı kitablardır.

- Bəs bu ərəb əlifbası ilə yazılmış kitabları kim oxuyur? - deyə soruşduq. Sultanağa təmkinlə qəddini əyib kitabların birini göiürüb vərəqləyə-vərəqləyə Nizaminin sözlərini sinədən deməyə başladı:

 

Yaxşı iş də görəsən, pis iş də, inan

Unutmaz onları  bu qoca dövran.

 

Sultanağa xəyallandı. Bir anlığa Böyük Vətən müha­ribəsi illərinin qanlı-qadalı günlərini xatırladı. - Cəmi cümlətani beşinci sinfəcən oxumuşam. Mü­ha­ribə qoymadı. - O, dərindən köks ötürdü. Sonra nikbin əhval-ruhiyyə ilə öz-özünə pıçıldadı:

- Hər şey adamın özündən asılıdır. Əsgərlikdə  az-çox rusca öyrənmişəm. Bu çöllər məktəbim, kitablar da müəllimim olub. Düzdür, ərəbcə oxumamışam, amma əlifbasını öz üzərimdə təkbaşına öyrənmişəm. Burda çətin bir şey yoxdur. Hərf birləşmələrini öyrənəndən sonra elə bir çətinlik qalmır…

Söhbət başqalaşdı. Sultanağa:

- Hələlik sürülərdə on min baş quzu doğulub, - dedi. - İşlərimiz bildirkindən yaxşıdır. Sürülərdə tələfat yoxdur. Niyə də olsun?! Əlhəddin, Yəhya, Şadbəy, Xasməmməd kimi igid çobanlarımız var.

Sultanağanın maraqlı dünyası ilə tanış olduqca, vaxtilə qələmə aldığımız çoban aləmi kino lenti kimi gözlərimiz önündə canlanır, onların timsalında bu günkü heyvandarların həyatındakı sosial inkişafın kosmos sürətini görürdüm.

…Qar şiddətlənir, göz oxşadıqca uzanıb gedən bozumtul düzlər ağ örpəyə bürünürdü. Örüşlərin boz otu getdikcə gözdən itirdi. Erkəclər dil bilirmiş kimi sürüləri çobanların istədiyi səmtəyönəldirdi. Yataqlar səliqə-sahmana salınırdı. Yerin sinəsində əriş-arğac kimi çarpazlanan torpaq yollarda yem yüklü avtomaşınlar uğultu ilə ora-bura şütüyürdü…

 

1987-ci il.

"Kommunist" qəzeti

Quba



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com