www.aliildirimoglu.az

OÇERKLƏR

SEVİNC

Son günlər havalar şıltaq keçsə də, bu yerlərdə bahar yetirhayetirdədir.Özü gəlməmişdən qabaq fındıq-zoğal ağaclarının çiçəklərində ətir göndərib, bağ-bağata xoş təbəssüm yayılıb. Gündə­yən­lərdə tək-tək bənövşə də gözə dəyir. Ancaq Qafar kişi deyir ki, qış qayğılarımız hələ qurtarmayıb. İndidən aldanıb, arxa­yınlaşmaq olmaz. İli nə bilmək olur?! Atalar na­haq yerə deməyib ki, martda mərək, apreldə gərək. Ot-avar dizə çıxmayınca gərək çoban-çoluq ayıq-sayıq olsun, mərəklərdən yem üzülməsin. Tövlələrin səliqə-sahmanı pozulmasın. Yoxsa, gönü suya verərik, qış boyu çəkdiyimiz zəhmət hədər gedər…

Qafar kişinin nəsihətamiz söz-söhbətini dinləyir, həm də təzə tövlədə axur boyu cərgələnən gümrah inək­lərə baxırdıq. Çevik hərəkətləri ilə diqqətimizi cəlb edən ağ xalatlı qadın axırıncı inəyin altından qalxıb, əlində sağım aqreqatı emal otağına keçdi. Qafar marağımızı hiss edib söhbətin istiqamətini dəyişdi. - Bizim Solmazdır, - dedi. - Bax, o, Şərəf lövhəsində iri şəkli olan, adı dildən-dilə düşən Solmaz Şeydayeva odur. Heç Qızbəst də, Zərifə də, Nənəqız da, Kubra da, Zöhrə də ondan geri durmurlar. Halal olsun, qo­çaq qızlardır. - Qafar üzünü bizə tutub səsinin tonunu qaldıraraq yarı ərk, yarı zarafatyana:

- Bax, onlardan deyim, onlardan yazın ee… Üzü­müzü ağ eləyən, bax, bu qızlardır - dedi. - Tək Qafar­dan nə çıxar? Bir adamnan kar aşmaz. - Quş qanadla uçar - deyiblər. Bizim qolumuz da, qanadımız da, bax, gördüyünüz gənclərdir. Fermamızın dirəyi­dirlər.

Qafar geri dönüb fermanın uçot işçisini səslədi:

- A bala, o dəftər-kağızı bir bura gətir!

 Hesabat işçisi bizə yaxınlaşdı. Qafar kişi: - Bax, gör bildir və bu ilki süd fərqiniz nə qədərdir?! İrəlilə­yi­rik, yoxsa geriləmişik?!

Hesabat işçisi: - Qafar əmi, - dedi, - bu iki ayda sü­dü on ton artırmışıq.

Qafar bizə xitabən: - Hamısı o cavan-cavan qız­ların hesabınadır, - dedi. - Heç bilirsiniz necə can-dil­dən çalışırlar?

 Sağıcılar tövləni dolaşır, axurlara baxır, suvarma xətlərinə diqqət yetirir, dolaşan zənciri açır, düşən zibili götürürlər. İnəklər öz qayğıkeşlərini necə də tanı­yır, necə doğmalaşırlar. Qadınlar əllərini şəf­qətlə inək­lərin elektrik lampalarının işığı altında məx­mər kimi bərq vuran qəşəng boyun-boğazında, şiş buynuzla­rında, ağlı-qaralı xallarında, ala göz­lə­rində gəzdirir. Hey­vanlara dönə-dönə tumar vu­rurlar. Onların arasında qəribə bir ünsiyyət yaranıb. Sağıcılar sanki inəklərin tərpənişindən hiss edirlər ki, bəslədikləri hey­vanlar sahiblərindən nə istəyir… Qırx ilə yaxın bu fer­maya başçılıq edən Qafar Kərimova bu barədə söz de­mək lazım deyil. O, sağıcıların kiçik eyhamından başa düşür ki, iş nə yerdədir, nə etmək lazımdır… Söhbətinə fasilə verib aralıda dayanan qartal baxışlı oğlana: - Nə olub, a bala, o düymələri bas, qoy tövlə təmizlənsin. Ha­­va dəyişilsin, yemin vaxtıdır, - deyir.

Bir andaca təmizləyici qurğular uğuldayıb hərə­kətə gəldi. Çox keçmədi ki, bayırda traktorlar siqnal verdi. Əli ilə Əzizin yem dolu maşınları qapının ağzında dayandı. Qafarın sərəncamını gözləyirdilər. Qafar lafetlərdə buğlanan silosu, səliqə ilə doğranmış çuğunduru göstərdi: - Yem sarıdan korluğumuz yox­dur - dedi. - Vaxtında bəs deyincə qüvvəli, şirəli, qaba yem toplamışıq. Lap bu ilə də çatar. Fermanın ki, ye­mi bu qışdan o qışa qalmadı, heç. Yem birinci şərtdir. İnəyin südü elə boğazından keçir…

Tövlədən müxtəlif səmtlərə qapılar açılır. Sağıcı otağına, emal müəssisəsinə, zoobaytar kabinetinə. Qır­mızı guşədə nə yoxdur?! Televizor, radioqəbule­dici, tə­zə qəzet-jurnallar, fermanın ayrı-ayrı sağıcılarının plan və öhdəliklərini əks etdirən müxtəlif diaq­ram­lar…

Rayonda Mirzədavud Hüseynov adına sovxozun ferma müdiri Qafar Kərimovu tanımayan yoxdur. Əl­bəttə, namuslu əmək adamı kimi. Rayonun başçısı Zakir Abdullayevlə söhbət edəndə onun barəsində iftixarla danışdı: - Böyük hörməti var, onu hamı sayıb-sevir. Qırx ilə yaxındır ferma müdiri işləyir. Üç il bun­dan əvvəl direktor müavini qoyublar. Ancaq nahaq yerə. Bu səhv xoşagəlməz nəticələr verib. Fermada geri­lik əmələ gəlib. Raykom işə qarışıb, Qafar yenə də əvvəlki yerinə qaytarılıb.

Əlbəttə, kollektiv rəhbərinin ixtisası, təhsili ilə ya­naşı, gərək el arasında xətir-hörməti də ola. Qafara böyükdən kiçiyə hamı hörmət edir. Yüksək  mənəvi keyfiyyətlərinə, xeyirxahlığına, işgüzarlığına görə. Məgər onun bir sözünü iki etmək olar?! Bu nüfuz Qa­fara kənd ağsaqqalı kimi tapşırılmış hər bir sahədə hə­mişə fərəhləndirici nailiyyətlər qazandırır, baş ucalığı gətirir. O, həm də səkkiz övlad atasıdır. Ot kökü üstə bitər, deyiblər. Qafarın övladlarını da özü kimi hər yerdə barmaqla göstərirlər. Ancaq Qafar səkkiz övlada durmur. Söz düşəndə deyir ki, bu kollektivdə çalışanların hamısı mənim balalarımdır. Başımı el içində ucaldan da onlardır.

Xaçmazlıların tapdığı uğur neçə-neçə Qafar timsallı hünərvər adamların, işgüzar, səmimi kollektiv­lə­rin hesabınadır. Onların hamısını bir məktubda gös­tər­mək mümkün olmasa da, bəziləri barədəsöhbət açmağa dəyər.

Çkalov adına sovxozda Nizaminin haqqında razı­lıqla danışırlar. Xanlar rayonunda doğulub boya-başa çatıb. Ali məktəbi qurtarıb təyinatla bu sovxoza zoo­texnik göndərilib. Bəzən gənclər ali məktəbi bitirəndə təyinatı üzrə getməkdən boyun qaçırır. Yüz cür bəhanə gətirir, saxta sənədlər düzəldir, yaxın yer, yüngülvari vəzifə axtarır. Təəssüf! Nizamigil beş qardaşdırlar. On­ların əkinçisi də var, inşaatçısı da, mühəndisi də. Hərəsi xalq təsərrüfatının vacib bir sahəsində çalışır. Nizami Ələsgərov da zərbəçi cəbhənin mübarizlərinə burada qoşulub. Qalın meşələrlə mavi Xəzərin döv­rəyə aldığı bu axar-baxarlı kənddə. Az vaxtda peşə­sinin çəmini tapıb, adamların qəlbinə girib. Gəlişi fer­mada xeyli dönüş yaradıb.

Otuz il bu sovxoza başçılıq edən Şamil kişidən tə­sər­­­rüfatın bəzi iqtisadi göstəricilərini soruşanda o, Ni­zamiyə tərəf yönəldi. Baxışları səmimi ifadə aldı:  - İn­di söz cavanlarındır - dedi. - Qoy zootexnik danış­sın. O, məndən yaxşı bilir.

Nizami heç bir yazılı kağıza baxmadan:

- Heyvandarlıqda işlərin təşkili ötən ildəkindən qat-qat yaxşıdır, - dedi. - Ümumi süd istehsalı otuz tona yaxın artıb. Fermada heç bir kəm-kəsir yoxdur. Vədə əməl olunacaq.

Direktor nikbin əhval-ruhiyyə ilə əlavə etdi: - Si­zin kimi əli diplomlu cavan mütəxəssislər, qoçaq işçi­lər, müasir tövlələr, bol da yem. Bunun müqabilində plan­lar, öhdəliklər niyə yerinə yetirilməsin?! İspalko­mun da, Bakıdan gələnlərin də gözü həmişə üstümüz­dədir. Əslinə baxsan, sağıcılar heç bu ilki öhdə­lik­lər­nən razılaşmırlar. Deyirlər azdır. Düz də de­yirlər. Bu məsələdə bir az tələsmişik. Zootexniklərlə götür-qoy etmişik. Öhdəliyə gərək təzədən baxaq. Bu il lap yu­xa­rıdan yapışmalıyıq. İndi kənddə də, şəhərdə də ha­mı ellikcə çalışır ki, hünər göstərsin, öz ad-sanına layiq qələbə qazansın. Belə bir məqamda dəstədən geri dura bilmərik. Bizim də özümüzə görə adımız-sanımız var.

Alçaqboylu ixtiyar qoca bizi əhatə edən, söh­bət­lə­rimizi dinləyən heyvandarların arasından irəli çıxıb əlindəki dəmir yabanın ucunu yerə vurdu: - Direk­tor lap ürəyimdən xəbər verdi - dedi. - Gücü­mü­zün ha­mı­sını qoymuşuq.

Şamil məmnun oldu: - Bizim Mütəllimdir - dedi. - Elə onun yan-yörəsində hərlənənlərin çoxu öz arvad-uşaqlarıdır.

Mütəllim yanındakı ağ xalatlı oğlan-qızlara baxıb xarakterinə uyğun tələbkarlıq və ciddiyyətlə: - Tövlədə telefonu qaldırırsınız, rayon cavab verir. İstirahət elə­mə­yə isti otaq. Qəzet-jurnal oxumağın yeri ayrı. Tele­vi­zora baxmaq üçün xüsusi otaq. İnəklər cins. Yemdən də korluq yox. - Mütəllim kişi Mustafa İskəndərovla Məmmədağa Bağırovu işarə edərək: - Bax, onların hərəsi sovxozda məsul bir vəzifədaşıyır, gündə bizə baş çəkir, soruşurlar: - Nəyiniz əskikdir?! Nə çatış­mır?! Tay güc necə olar?! Amma belə bir böyük gücnən sovxoz hər inəkdən sağdığı südü üç mindən yuxarı qaldıra bilmir. Bu il nə olur-olsun üç mini keçməliyik. Deməyin ki, Mütəllim uşaqların zəhmətini yerə vurur ha, sağ olsunlar. Zootexnik də bayaq dedi. İrəliləyiş var. Sözümün canı odur ki, hamı, bax, bizim bu Nadej­da, Tamilla, Hökumə, Güllü, Naibə kimi işləsin. Bu il hər inəkdən dörd minə söz veriblər…

Onu dinləyən ferma işçilərinin baxışlarında Mütəl­limə dərin bir ehtiram duyulurdu. Klavdiya ilə Tanya başlarını aşağı dikmişdilər. Mütəllim onlara göz ucu nəzər saldı. Lakin bir söz demədi. Adlarını da çək­mədi. Həmişə belədir. Çox vaxt Mütəllimin Klav­diya, Tanya deməyə dili var gəlmir. Nə sirrdir. Bunu bircə kəndin adamları bilir…

Qanlı-qadalı müharibə illəri. Mozdok, Ukrayna, Polşa - Mütəllim Muxtarovun uğrunda dörd il vuruş­du­ğu, altı dəfə yaralandığı neçə-neçə şəhər, kənd, şax­talı qış. Göydən qardan çox güllə yağırdı, mərmi tökü­lür­dü. Medvedyev bu səngərdə birtəhər ona tərəf çev­rildi. Qoltuq cibindəki üçkünc məktubu çıxardıb tələm-tələsik gözdən keçirdi və Mütəllimi düm­süklədi:

- Klavdiyadandı - dedi. - Sənə salamı var. Yazır ki, Mütəllimi gözdən qoyma. Yaman günün ömrü az olar. Bizə bağlama hazırlayır. Göndərəcək. Sənə də yun corab toxuyub…

Mütəllimdən qabaq göydən millənən bombanın səsi eşidildi. Mütəllim gözünü açanda onu yavaş-yavaş çəkib aparan arabanın mənhus cırıltısını eşitdi. Bir də nəm­li gözlərini yaralılara zilləyən şəfqət  bacısı Tanyanı gördü. Yanında da bir neçə adam yaralı. Medvedyev yox idi.

Mütəllim qızların ikisinə onların adını qoymuşdu. Klavdiya, Tanya. Bu adlar ona bir təsəllidir. İndi hər ikisi fermada sağıcı işləyir. Kollektivin qabaqcıllarıdır.

Fermanı gəzdikcə direktor rast gəldiyimiz adam­ları bizə təqdim edirdi: - O sağıcı qadın Zeynidir. Mütəl­limin külfətidi. Çox intizamlı, təcrübəli, işə can­yandıran işçidir. O yem paylayan da Rafiqdi. Ramiz də mexanizatordur. Hər ikisi Mütəllimin oğlan­larıdır. Mütəllim də ki, müharibə, əmək veteranı olmasına baxmayaraq sovxo­zun hər işinə yarayır. Yemə nəzarət edir, səliqə-sahmana göz qoyur, lazım gələn­də inək sağır. Təsərrüfatın təəssübünü hamıdan çox o çəkir. Yaxşı da el ağsaqqalıdır.

Fermaları gəzib-dolaşdıqca yeni tikilən tövlələri, müasir yem sexlərini görür, arzularının cığırları ilə zərbəçi cəbhəyə axışan gənclərdən başlamış yaşlılara qədər hamının öz işinə ruh yüksəkliyi, qələbə əzmi ilə yanaşdığının şahidi olurdum. Nöqsanlar da yox deyil. Ancaq azdır. O da getdikcə aradan qaldırılır. İndi qa­lib­­lərin fəaliyyəti daha gur səslənir. "Rusiya" sov­xo­zunda Nənəxanım Şabanova hər inəkdən beş min kiloqrama söz verib. Onun bu cəsarətli sözü bütün təsər­rüfatlarda əks-səda doğurub. Gülcənnətlə Bənöv­şə də analarının yolu ilə gedir. Nənəxanımın layiqli xələfi olmağa can atırlar…

Belə qabaqcılların qədir-qiyməti bilinir, əməyi mənalandırılır, şəkilləri görkəmli yerlərdən asılır. Onlara neçə-neçə ordenlər, dövlət mükafatı lauretı, Mər­nisə İmamhüseynova adına təsis edilmiş priz, fəxri fərmanlar, dəyərli hədiyyələr verilir. Qaliblərin şərə­finə şənliklər düzəldilir. Bu diqqət, qayğı, mükafatlar əmək cəbhəsində yaşayıb-yaradan işgüzar kollek­tiv­lərə bir dünya sevinc olur. Burada adlarını çəkdiyimiz və çəkmədiyimiz əmək bahadırlarının mənəvi daya­ğına çevrilən sevinc.

 

6 mart 1985-ci il

"Kommunist" qəzeti

Xaçmaz



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com