www.aliildirimoglu.az

OÇERKLƏR

MEŞƏLƏRİN MEMARI

Kənddə əl-ayaq yığışır, səs-küy azalır, hamı ev-eşiyinə çəkilirdi. Gülzaman xala inək, camışları yer­bəyer eləyib əlində süd dolu sərnic alt otağa tərəf yönə­ləndə, həyət darvazası açıldı. Hələ də əynində boz əs­gər şineli, başında ulduzlu papaq olan Qeybəli həyətə daxil oldu. İxtiyar ananın lətif baxışları cilvələndi. O, bayaqdan bəri yolunu gözlədiyi pəh­lə­van cüssəli oğlunu riqqətlə süzərək:

- Bu gün nə dedilər, Qeybəli? - soruşdu.

Qeybəli nikbin əhval-ruhiyyə ilə:

- Hə, danışdıq - dedi. - Gecə milisində də yer var, tica­rətdə də, meşə idarəsində də. Axır sözləri də o oldu ki, get yaxşı-yaxşı fikirləş, hansı ürəyincə olsa…

Həmin gecə Qeybəlinin yuxusu ərşə çəkildi. Elə bil yerinə qor dolmuşdu. Başında cürbəcür fikirlər dola­şırdı. Tərk etdiyi ordu həyatı, öyrəşdiyi əsgər yoldaş­ları, bir də ki, rayon başçılarının ona təklif olunan vəzi­fələrin hansını seçmək məsələsi. Ölçüb-biçib qəti qərara gələ bilmirdi. O, şinelini çiyninə salıb ayna­bəndə çıxdı. Doğma Qəçrəş qalın meşələrin "yaşıl divar­ları" arasında sükuta dalmışdı. Dərənin dibində coşub çağlayan Qudyalçay gecənin dərinliyinə həzin nəğ­mə yayırdı. Qeybəlinin gözü elektrik lampasının işıqlandırdığı armud ağacına, bir də ki, evin əyri diva­rına sataşdı. Xəyallandı, neçə il bundan əvvəlki əhvalatı xatırladı. Atası Manaf kişinin o vaxt dediyi sözlər onun qulağında səsləndi: - Ağacı kəsməzlər! O da təbiətin varlığı, yaraşığıdır. İnsan bu gözəlliyi yaşat­maq üçün yaranıb, tay məhv etmək üçün yox.

Həmin əhvalat kino lenti kimi gəlib durdu gözü­nün qabağında. Elə bil o söz-söhbət bu yüzillik ağacın pıtır­laşmış gövdəsinə sətirlənmişdi. Qeybəli sanki ağa­cın örkən dolanmaz gövdəsinə həkk olunmuş həmin sözləri oxuyurdu. Səyyar xəyal Qeybəlini o illərə qaytardı. Həmin anlarını yaşadı. Onda bu ikimərtəbəli binanın bünövrəsi qoyulurdu. Divar bir adam boyda qalxmışdı. Bənna gözünün birini qıyıb neçə dəfə ip tutdu, yuxarıdan şaqul salladı. Gördü yox, mümkün deyil. Ya ağac kəsilməlidi, ya da ki, divar sökülüb təzə­dən hörülməlidi. Ustalar əziyyətlərini artırmamaq üçün birinci fikrin üstündədayandılar. Ağac kəsil­mə­lidir, vəssalam… Elə ilk baltanı endirəndə Manaf kişi böyürdən çıxdı - ay namərdlər! - dedi, - əl saxlayın! Əşi, bəs ağlı olan kəs də bu cür ağaca qıyar?! - O, gör­kə­minə ciddi ifadə verərək inşaatçıları danlayıb, dansadı: - O divarı söküb, təzədən tikməyə nə var ki?! Bunu bircə həftəyə etmək olar. Bu ağac əlli ilə başa gəlmir. Qolumu kəsməyə razı olaram, ağacı yox!

Məgər Manaf kişinin bir sözünü iki eləmək olar?! Ağac kəsilmədi… Evin qabaq divarı bir az əyri çıxdı.

Manaf kişi həmişə oturub-durub övladlarına öyüd-nəsihət verəndə dönə-dönə deyərdi ki, oğul, ağac dağın da, bağın da, həyət-bacanın da yaraşığıdır. İn­san olan kəs, gərək həmişə onu qorusun.

O vaxt bu ağaca endirilən baltadan kiçik çapıq qalmışdı. Qeybəli hər bu çapığı görəndə atasının təb­dən çıxıb, bənnanın qarasına deyindiyini xatırlayır…

Qeybəli elə bu andaca nədən başlamaq, harada işləmək barədə daxilən qərarını seçdi… Bir neçə gün­dən sonra o, meşəçi qiyafəsində göründü. Bu xüsusi geyim forması onun enli kürəyinə, mütənasib boy-buxununa necə də yaraşır, Qeybəliyə ciddi görkəm verirdi.

Qeybəli kəhər atana süvar olub ona tapşırılan iki min hektardan artıq meşəni neçə gün qarış-qarış gəzib-dolaşdı. "Ağacı kəsməzlər", bu söz onu əsla tərk etmirdi. Bir də ki, əyri divar və qapılarındakı yaralı ar­mud ağacı… O, cib dəftərini çıxarıb meşələrin seyrək yerlərini qeydə aldı. İnsafsızcasına kəsilən ağacların kötüyünü gördükcə öz-özünə: - ay namərdlər! - deyib təəssüfləndi. Qeybəli cilovu təkqanad eləyib atın başını sağa döndərdi, Şah dağın baxarındakı təpənin üstünə tərəf dikəldi. Meşəbəyinin bu şux və səliqəli geyimi ilə onun xidmət etdiyi yaşıllıqlar səltənəti arasında bir həmahənglik duyulurdu. O, Haram Talaya çatanda yəhərdən aşırılıb atı yedəyinə aldı. Vaxtilə qaçaq-quldur yuxarı dağ kəndlərindən Quba şəhərinə gedib-gələnlərin buradaca qabağını kəsib, onlara olmazın divanlar tuturdular. Bunu yaşlı adamlar yaxşı xatır­layır. Haram Tala adı da o vaxtdan qalıb. Qeybəli iri palıd ağacının qalın kölgə saldığı çiçəklikdə qəddini əyib yerdən qaynayıb çıxan bulağın gözünü təmizlədi. Sərin sudan bir ovuc götürüb üzünə vurdu. Eyni açıldı. Səhərisi kənddən qum, sement götürüb yenə həmin yerə qayıtdı. Gətirdiyi bellə palçıq qarışdırdı, hamar daşlar tapdı, bulaq düzəltdi. O, alnında purçumlanan təri silərək öz-özünə: -Yaxınlıqlarda su yoxdur, qoy bu bulaqdan insanlar da içsin, ceyran-cüyür də. Savab iş görmək elə ata-babamızdan qalıb. - Qeybəli, bax, beləcə Haram Talaya halallıq gətirdi. Bununla özündə qəribə bir yüngüllük, rahatlıq hiss etdi. Daşlı dərədəki durna gözlü bulaq da Qeybəlinin adı ilə bağlıdır. Ötüb keçənlər bu bulaqların başında əylənib süfrə açır, dincəlir və hər dəfə bu sərin sudan içdikcə: - Allah səbəbkarın atasına qəni-qəni rəhmət eləsin - deyirlər.

Qeybəlinin atasıgil on bir qardaş, bir bacı olublar. Hamı onları elin, obanın xeyirxahı kimi tanıyır. Həmişə yetim-yesirə əl tutublar, kasıb-kusuba dayaq olublar. Kənddəki bulaqlar onların adı ilə bağlıdır. Ata­lar yaxşı deyib ki, ot kökü üstə bitər. Qeybəli də savab iş görməkdə ata-babalarına çəkib. Yüz iyirmi ildən artıq ömr eləyən Gülzaman nənənin həmişə oğlu­na öyüd-nəsihəti bu olardı: - Qeybəli, çalış dünyada elə iş tut ki, eşidib-bilənlər bizə rəhmət oxusun. Ta elə əməl işlətmə ki, nəhlətlik olaq.

Qırılan ağaclar, seyrəlmiş talalar ona daxilən əzab verirdi. Meşələrin "yarasını" özünə dərd eləyirdi. Onun sızıltısına tab gətirmirdi. Çox gəzib dolaşdıqdan sonra meşəli dağların Qudyalçaya sallananətəyindəki açıq­lıqda dayandı. Burda işarə qoydu. Səhəri meşə ida­rə­sindən fısdıq, vələs, palıd və sair toxumlar alıb gətirdi. Həmin bir parça açıqlıqda tinglik yaratdı. Çox keç­mədi ki, ağacı qırılan, getdikcə seyrələn meşə sahə­lə­rində Qeybəlinin əkdiyi tinglər qol-qanad atdı… Çıl­paq talalar keçilməz meşəliklərə çevrildi.

Otuz ildən artıq Rayon Meşə İdarəsinə başçılıq edən Şövkət Ağasiyev, baş mühəndis Adil Gülməm­mə­dov Qeybəlinin saldığı yeni meşələrin ölçüsünü apa­ran­da məmnun oldular. Meşə memarının qadir əlləri ilə əkilib-becərilən meşələr doxsan hektarı keçmişdi. İda­rənin kollektivi ona bir ağızdan - əhsən! - dedi. Meşə təsərrüfatı idarəsinin qərarı ilə onun xidmət et­diyi sahə "əla meşə dolayısı" adlandırıldı. Dövlət meşə mühafizəsi işi sahəsində fasiləsiz olaraq göstərdiyi fəaliyyətinin otuz beş ili tamam olanda onun sinə­sindən neçə-neçə orden, medallar asıldı.

Mahir meşəçi bir qədər yaşa dolsa da, - yoruldum - demir. Əkdiyi ağacların qamətinə fəxrlə nəzər salıb, kölgəsində sərinlədikcə elə bil ömrünə yeni bir ömür calanır. İndinin özündə becərdiyi tinglikdə bir milyona yaxın şitil vardır. Qeybəli deyir ki, gərək bunları da əkəm. Meşə "yaşıl ciyərdir". O, insana çörək qədər lazım­dır. Bir də ki, çörəksiz ancaq insan məhv olur. Yaşıllıqsız, meşəsiz isə tək insan deyil, başqa canlılar da yaşaya bilməz. - Onun şəhər və kəndləri yaşıllaş­dırmaq üçün yaratdığı tinglik sahəsi ayrıdır. Qeybəli bax, bu nəcib arzu və amallarla yarım əsrə yaxındır ki, meşələrin bakirəliyini qoruyur. Şirin də söz-söhbəti var. Deyir ki, meşənin bir kvadratmetrini birinci dəfə tapdalayanda torpaq ağrıyır, ikinci dəfə xəstələnir, üçüncü dəfə həmin sahə ölür. Onda meşələr də insanlardan incik düşür.

Qeybəli bizə otuz vərəqə yaxın olan bir məqalə göstərdi. - Rəisimiz tapıb gətirib, Şövkət Ağasiyev. De­yir ki, gərək bunu bütün meşəçilər oxusun. H.Daniyel-Bekov adlı bir nəfərin 1899-cu ildəPeter­burq meşəçilik departamentindəki məruzəsidir - dedi. - O vaxt "meşəçilik" jurnalında çap olunub. - O, diq­qə­tini rəngi solub-saralmış vərəqlərin birində cəmləş­di­rərək - görün, nə yazır - dedi: - "Qafqaz (Quba) meşə­ləri qırılsa, dağlarda və təpəliklərdə axma, uçurumlar yaranar. Düzən rayonlarda isə sahələr qum və daşla örtülər, daşqınlar zamanı çay məcraları yuyular… "O, həmin məqalədəki faktlara istinad edərək - bax, elə onda Qafqazda, xüsusilə, Qubada meşəçiliyin yaxşı­laşdırılması barədə reforma keçirilməsi təklif olunurdu…

Qeybəli bizə bir qədər yuxarıdakı nəhəng ağacın budaqları arasında taxtadan düzəltdiyi meşəçi koma­sını göstərdi. Özü demişkən çox vaxt, bax, bu balaca komadaca gecələyir. Buradan Qudyalçayın sahil­lə­rindəki yalçın qayalardan başlamış, Şah dağın qarlı zirvələrinə qədər, hər yer apaçıq görünürdü. Komadan baxanda gözlərimizin önündə əsrarəngiz mənzərələr açıl­dı. Qeybəli bizi içəri dəvət edib, sonra xarakterinə uyğun nikbinliklə: - Yəni Rabinzon Kruzonunkundan pisdir - dedi, - buyurun içəri. Komanın darısqallığına bax­mayın, qəlb geniş olsun. - O, bizə tərəf yönələrək:

- Bir şair dostum var, Hüseyn Arif. Yəqin tanı­mamış deyilsiniz? - soruşdu. - Bu komada çox olub. Qeybəli küncdəki albomunu açıb şairlə birlikdə çəkdirdiyi foto-şəkilləri göstərdi və əlavə etdi: - ondan xoşum gəlir. Sadə, yapışıqlı adamdır. Xeyli vaxtdır görmürəm, yəqin başı yazı-pozuya qarışıb, - ondan ötrü darıxmışam.

 Qeybəli nə isə xəyallandı. Budaqdan-budağa qo­nan quşun səsi onu daxili fikirlərindən ayırdı və həmin quşa işarə edərək yarızarafat:

 - Mənim kökçimdir - dedi. - Bizlərdə ona qoca zığ­zığ deyirik. Meşədə ki, bir inni-cinni gördü, tez qışqırıb, haray-həşir salır. Yəqin yenə nə isə görüb.

Mahir meşəçi ətrafa göz gəzdirib yenə sözünə davam etdi: - Meşələrin də gözəlliyi quşlardır - dedi. - Bir vaxt buralarda ceyran, cüyür sürü ilə gəzərdi. Ax­şam-səhər kəklik, qırqovul, səs-səsə verərdi. İndi kökü kəsilib. Niyə? - O, verdiyi sualı özü də izah edərək, əks tərəfdəki güneyləri, quzey yerləri, çılpaq yamacları göstərdi və əlavə etdi: - Vaxt var idi, o sinə yerlərdə arpa, buğda, darı pərinc, noxud əkilirdi. İndi oralara traktor çıxmır, cüt də aradan götürülüb. O cür bin-bərəkətli torpaqlar ağzı günə qalıb. O vaxtdan çax-çaxlı dəyirmanlarımız da susub, indi heç yeri də bilinmir. Gör nə günəqalmışıq ki, cavanlarımız pərinci tanımır.

Qeybəli yaxınlıqda dayanan on beş-iyirmi yaşlı gənci göstərərək:

 - A bala, darı, pərinc, sünbül nədi? - soruşdu.

Cavan oğlanın sifətinə xəfif qızartı çökdü və başı­nın hərəkəti ilə - bilmirəm, - dedi.

Qeybəli istehza ilə gülümsündü və sonra baxış­larına qayğılı ifadə verərək:

 - Bax, cavanlarımız sünbülü də tanımır. Quşlar da elə o gedəndi gedib. Nə kəklik gözə dəyir, nə də qır­qovul. Düzdü, orda-burda tək-tək qalıb, o da heç. Bu yenidənqurma söz-söhbətindən bəri bizim bu yal-yamacdakı taxıl yerlərini əkib-becərməyə başlayıblar. Əlləri boşalmasa, bunun çox xeyri var. Elə cama­atı­mıza da, meşələrə də, canlı nə var hamısına.

Qeybəlinin ürək yanğısı ilə dediyi sözləri din­lə­dikcə hiss olunurdu ki, yenidənqurmanın qığılcımları bu ucqar dağ kəndlərində də, meşələrlə üz-üzə daya­nan əkin həsrətli yamaclarda da getdikcəşölələnir. Onun işığında kəndindən-kəsəyindən didərgin düşən­lər, meşə nəğməkarları, təbiət gözəlləri də doğma yuvalarına dönür.

Qaşda şax dayanan at bu yerlərə meydan oxu­yurmuş kimi, yay kimi dartınıb kişnədi. Köhlənin üstündə məğrur görkəm alan cavan oğlan qaraltımızı görüb atını dolaylarda səyirdərək bizə tərəf gəldi. Qey­bəli onu ata nəvazişi ilə süzüb: - Böyük oğlumdur - dedi, - Cəfərdir, tanış olun. Övladlarımın hamısı qızdı, elə bircə oğlum budur. Düzdü, atalar deyib ki, bir öküzlü ilə, bir oğullunun ürəyində yağ olmaz. Am­ma bir olsun, pir olsun! Ata əlini çallanmış bığında gəz­di­rə­rək sözünə davam etdi: - Mən əkirəm, o da qoruyur. Bizim bu Cəfər özünə peşə seçəndə dedim, oğul, çalış elə yerdə işlə ki, əlin mənə çatsın. Əkib-becər­diyim bu meşələrə göz ola biləsən. Sağ olsun, sözü­mü yerə salmadı. Neçə ildi Rayonlararası Təbiəti Mühafizə İdarəsində işləyir. İndi arxayınam ki, mən­dən sonra, qoyub getdiklərimi qoruyub saxla­yacaq. Məni qına­mayın, bu meşələrdə yarım əsrə yaxın əməyim var.

Qeybəli kişi dərin qırışlarla haşiyələnmiş gözlərini qıyıb dayandığımız təpənin aşağı tərəfindəki açıq yaşıl, bir qədər də gümüşü rəngə çalan şam ağacı meşə­lərini göstərdi və - qırx hektardır - dedi. - Bax, bu bar­maq­larımla salmışam - o, əllərini göstərdi. - Yeri gəlib, qoy elə onu da deyim. Düzü qışda bizim yerli ağaclar yar­pağını tökür, meşə çılpaqlaşır. Nə gizlədim, onda darıxıram. Bir də ki, neçə ildi gözlərim yaşıllığa öyrəşib. Həmin o ağacların toxumunu Karpat meşə­çi­lə­rindən aldırıb gətirmişəm. Yay, qış rəngi dəyişmir, həmişə yaşıldır. Bu meşəliyi salmaq fikrinə düşəndə çox adam dedi ki, toxumu od qiymətinədi. İdarəni xər­cə salma. Karpatın ağacları Şah dağın ətəyinə övc elə­məz. Ancaq onun-bunun dediyinə baxmadım. Öz ağlım­la getdim. Torpaq da belədir də, əkib-becərəninə baxır. Sahibi necəyanaşsa, torpaq da o cür bitirər.

Kamil meşəçi qabağa düşüb bizi irəlidəki təpənin üstünə çıxartdı və oradan Qudyalçay tərəfə dolay­landıq. Payız günəşinin ilıq ziyası altında bərq vuran küknar ağaclarına işarə edərək vəcdlə: - Türkiyədən Cəmil Ata adlı bir alim bura qonaq gəlmişdi - dedi. - Trabzon universitetində dərs deyir. Dağlarımıza, meşələrimizə baxanda çox xoşhal oldu. Əlini çiynimə qoyub dedi ki, Qeybəli, bizim Qaz dağı meşələrində küknar var, ha baxıram sizin meşələrdə o cür ağac gözümə dəymir. Toxumunu göndərsəm, əkib əmələ gətirə bilərsənmi? - Bu sözdən çox şad oldum. Cəmil Ata əlimi sıxdı - sözümüz sözdü ha - dedi və beləcə də əhd-peyman elədik. Sözü bütöv adammış, ilqarına düz çıxdı. Respublikamızın Botanika İnsutitutu vasitəsilə bizə bir ovuc toxum göndərdi. Əkdim, çox adam bitə­cə­yinə şəkk elədi. Ancaq görürsünüz də necə boy atıb?! Qeybəli küknar ağaclarını saydı: - Hələlik cəmi-cümlətani yüz altmışdır - dedi, - amma qəsd qoymu­şam ki, çoxaldım. Çox böyüyən ağaclardı. Hələlik səkkizillikdirlər. - O, dərindən ah çəkdi, - pis cəhəti odur ki, əlli-altmış ildən sonra toxum verir. Görək, ya qismət. Əcəl aman versə… - O, Cəfərə baxanda nurani çöh­rəsi duruldu və - bax, bu oğluma da demişəm, nəvələrimə də, gərək bu ağacların sayı artsın. - Qeybəli qürur hissilə: - Bir də ki, axı özümə nə gəlib?!  Bu meşə­lər ki, var, yüzü haqlayıb, bir az da o tərəfə keçəcəyəm. Bu küknarların toxumunu, özüm yığıb əkəcəyəm.

Adətən, qızıl payızda Qubanın səması tutqun olur. Çiskin yağış ara vermir. Lakin bu son günlər ma­vi göy qübbəsi tərtəmiz idi. Qeybəli bu sakit, təmiz hava­da mütəkkəyə söykənib televiziya verilişlərinə tama­şa eləyəndə Dağlıq Qarabağ barədəki xoşagəlməz söz-söhbətləri eşidib əsəbləşdi. Qocaman meşəçi həyətə çıxıb uca Şah dağının əzəmətinə baxdı, riqqət­ləndi və öz-özünə: - Yox! Belə məqamda xəstəliyə bac verib, yorğan-döşəyə düşmək kişilikdən deyil - düşündü. Qoltuq ağacına söykənib ayağa qalxdı.

Meşələri dolaşanda qulağına balta səsi gəldi. Onda hövsələdən çıxdı - yenə namərdlər ağac kəsirlər - deyib ahıl çağında həmin tərəfə yüyürdü. Tələsdi­yin­dən yıxıldı, ayağı burxuldu. Həkimlər dedi: çatəmələ gəlib. Neçə gün xəstəxanada yatdı. Ancaq orada qərar tutmadı, kəndə qayıtdı. Lakin evdə də qərar tut­murdu. Qohum-əqrəbasını başına yığıb, qoltuq ağa­cına söykənə-söykənə Şah dağın baxarında, Karpat və Qaz dağlarının yadigarları yanında yeni meşə zolağı salırdı: - Qoy bu da Topxanamızın bir parçası, onun nişanəsi olsun - deyirdi…

 

1990-cı il

Quba




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com