www.aliildirimoglu.az

OÇERKLƏR

SUVAR NƏNƏNİN ÜMİD İŞIĞI

Gecədən xeyli keçmişdi. Qonum-qonşu günün qulağı batandan yatmışdı. Talabı meşələ­rinin ətəyində uyuyan kənd, uzun qış gecəsinin lal sükutuna dalmışdı. Alt otaqda cəhrə buluyub, yun əyirən Suvar nənənin həzin, kövrək bayatısında çözələnən bu nisgilli sözlər qərib gecənin soyuq qoynuna yayılırdı:

 

Artıra-artıra o çərxi fələk,

Döndərdi dəryaya, selə dərdimi.

 

Dəryalarca dərdi vardı Suvar nənənin. Boya-başa çatdırdığı səkkiz övladın çoxu gözdən uzaq, könüldən iraq düşmüşdü. Hərəsinin sorağı bir qərib diyardan gəlirdi. Bu ayrılıq dağ boyda dərd olmuşdu anaya. Başqa nisgilləri də vardı nənənin. Əsrə yaxın yaşında bu kəndin bəxtəvər günlərini də görüb, çətinliklərini də. Bir vaxt adamlar özü əkir, özü də biçirdi. Taxılı yığıb-yığışdırmaq olmurdu. Bir köçlükdən çörəyinin ətri gələn sarı buğda anbarlarda bu ildən o biri ilə qalırdı. Camaat cəfasını necə çəkirdisə, o cür də səfasını görürdü. Yazın burnu açılanda at ilxıları ayğırların qabağında dağlara çəkilirdi, payızın axırlarında ətəklərə enirdi. Qoyun-quzu sürülərinin ucu-bucağı görünmürdü. Dəri yağından bişən əldən süzmə plovun ətri adamı kənardan vururdu. Kənddən min bir çiçəkli örüşlərə neçə-neçə inək, camış naxırı çıxırdı. Bazarlarda yağ, pendir su qiymətinəydi. Mer-meyvəni yığıb-yığışdırmaq olmurdu. Qar düşməyincə ağacları al rəngə qərq edən və qubalıların can dərmanı bildiyi cırhacıya əl vurulmurdu. Kəndin gəlhagəl vaxtları vardı. Hay düşəndə qolu bükülməz cavanlar bir göz qırpımında özünü yetirib, sinələrini irəli verirdilər. Ağsaqqalın, ağbirçəyin sözü qanun idi. Böyük-kiçiyin yeri bilinirdi. Kənddə ucalan məscid uşaqdan böyüyə hamının inam, etiqad məbədiydi. Allahın evi hər kəsin addımına, əməlinə göz qoyurdu. Yolunu azanlar - Allaha acıq gedər - mülahizəsi ilə cızığına qayıdırdı. Namaz qılanların Allahu əkbər avazı adamları bəd əməllərdən çəkindirib düz yola, düz ilqara səsləyirdi. Suvar nənə bunları gözüynən görüb. Sonra onu da görüb ki, kolxoz quruldu. Kəndlinin cütünü, kotanını, öküzünü zorla əlindən aldılar. Elin, torpağın taleyi iki ulağın arpasını bölməyi bacarmayan, ağzı qatıq kəsməyən nadanlara tapşırıldı. Danışığının yerini, evinin qibləsini bilməyən lüt gədə-güdələr kəndə ağalıq etdi. Dövranın gərdişi igidləri gədələşdirdi. Peyda olan cibi biletli muzdurlar Allahını tanımadı, peyğəmbərdən üz döndərdi. Molla, seyid lağ-loğaz yeri oldu. Namaz qılıb, oruc tutub Allaha ibadət eləyənlərin külü göyə sovruldu, məscid yerlə yeksan edildi. Böyük-kiçiyin arasındakı xətir-hörmət götürüldü. Elə o gündən də kəndin xeyir-bərəkəti göyə çəkildi. Hökumət nümayəndələri, maliyyə agentləri əzrayıl olub gündə, günaşırı qapıları kəsdirdilər. Kəndlinin qapısında az-çox nişanə qalan inəyin yağını, qoyunun yununu, keçinin qəzilini, toyuğun yumurtasını aldılar. Dinənin dilini kəsdilər, görənin gözünü çıxardıb işıq üzünə həsrət qoydular. Zülm əə dayandı. Adamlar pərən-pərən düşdülər. Ayağı yer tutanlar, dor-dolanışıq dərdindən uzaq-yaxın şəhərlərə üz tutdular. Kəndin pərgarı pozuldu. Neçə-neçə evin tüstüsü kəsildi. Əsilli-nəsilli igidlərin yurdunda bayquşlar uladı…

Respublikanın, ölkənin başbilənləri bir vaxt ayıldılar ki, kənddə kəndli qalmayıb. Bu dəfə başqa hoqqa çıxartdılar. Yuxarıdan rəsmi, qeyri-rəsmi qərarların, göstərişlərin  axını başlandı. Partiya məsləhət gördü, hökumət təsdiq etdi ki, dövlət təsərrüfatı kollektiv təsərrüfatdan fərzdi. Adamları kolxoz yox, sovxoz ağ günə çıxarda bilər… Neçə-neçə dağ kolxozunu ləğv eləyib bir sovxozda birləşdirdilər. Bu dəfə kəndlilər, necə deyərlər, yağışdan çıxıb, yağmura düşdü. Kəndlilər sovxozun əndişələrini görəndə - kolxoza min şükür! - dedilər. Əkinçilər, heyvandarlar yeni-yeni müsibətlərə düçar oldular. Suvar nənənin köhnə yaraları təzədən qövr elədi. Dərdi bir az da dərinləşdi. Nisgilini gah ağılarda, gah da tək-tənha qalıb cəhrə bulayanda, düyçə sarıyanda, corab hörəndə hüznlü laylalarında kəndin xarabalıqlarına car çəkdi. Dəryaya dönən dərdinə çarə qılmağa əhli-təbib axtardı ağılarında. Çərxi-fələkdən imdad ummasa da, gizlincə qıldığı namaz, tutduğu oruc ümid işığını sön-məyə qoymurdu nənənin. Düşünürdü ki, hər gecənin bir gündüzü var. Bir yandan bağlayan, bir yandan açar, - deyirdi Suvar nənə.

O, düyçəni iydən çıxardıb qəddini düzəltdi. Ayağa qalxanda qulağına bir hənirti gəldi. Nənənin səksəkəli baxışları yola tərəf olan pəncərəyə yönəldi.  Darvaza qapısı döyülürdü və kimsə - Ana! Ana! - deyə çağırırdı. Nənənin çalın-çarpaz qırışlar düşmüş çöhrəsi duruldu. Çuxura düşmüş nəmli gözlərinə qeybdən nur gəldi. Ürəyində - hə, - dedi, - Qafarın səsinə oxşuyur. Çoxdan onu görmürəm. Nəyaxşı gəldi. Dünya ölüm-itimdir. Bu gündən sabaha ümid yoxdur. Dağdan aşmış günəm. Mənimki də elə bu gün-sabahlıqdır… Gözü dolusu baxsam, bu da maa bəsdi, düşündü.

Ana titrək əlilə qapını açdı. Yanılmamışdı, Qafarıdı, böyük oğlu. Kor qalsın belə zəmanə. Səkkiz uşa­ğın hərəsi bir tərəfə pərən-pərən düşmüşdü. Ana bunu özünə dağ boyda dərd eləsə də, dözürdü. Amma kəndi tərk etməyi, hardasa yaxşı gün-güzəranı olan övladının birinə sığınmağı özünə rəva bilmirdi dünya görmüş nənə. Qafarı bağrına basdı, sonra bir addım geri çəkil­di. Ona riqqətlə nəzər saldı, doyunca tamaşa elədi nə­nə. İlk övladının dünyaya göz açdığı gündən bəri ciyər­pa­rasının yolunda çəkdiyi zəhməti, onunla keçirdiyi asanlı-çətinli anları xatırladı. Damarları çıxmış əlini oğlunun ağarmış saçlarında gəzdirdi:

- Sən də qocalmısan, Qafar, - dedi. - Eşitdim baba olmusan, çox şükür.

Gecə yarıdan keçənəcən dərdləşdilər ana-bala. Suvar nənə qəhərləndi:

- Məni dərd alıb ki, belə getsə, Pirvahid dünya üzündən silinəcək, oğul, - dedi. - Bir qeyrətli kişi tapılmır ki, irəli çıxıb bu kəndə sahiblik eləsin, kəndin gedənlərini qaytarsın.

Nənəni qəhər boğdu, kirpiklərini yumdu. Quyunun dibinə düşən gözlərindən abi-leysan kimi yaş süzüldü. Dərd oldu oğluna ananın sözləri. Ağır bir daş kimi Qafarın qəlbindən asıldı Suvar nənənin nisgilli kəlamları. Fikrə getdi oğul, öz-özünə düşündü: "Bu dünyada bircə ölümə çarə yoxdu. O nə dərddi ki, anam ona çarə qılınacağından əlini üzüb". - Beləcə iki gün baş-başa verdi ana-bala.

Qafar kəndi dolaşdı. Qocalar ömür köçünü sürmüşdü, təzə əmələ gələn cavanlar da onu tanımırdı. Doğma kənd yadlaşırdı Qafara. Uşaqlığının, gəncliyinin izlərinə düşdü. Bulaqlar səmtini dəyişmişdi. Elə bil üz döndərmişdi Qafardan. Meyvə bağları qırılıb seyrəlmişdi. Qafar təqsirkar baxışlarıyla əsrin məşəqqətlərinə tab gətirən yüzillik ağaclara riqqətlə nəzər saldı, xəyallandı. Kölgəsində sərinləndiyi, meyvəsindən bəhrələndiyi bu ağacların lal giley-güzarını dinlədi: "Etibarsızsan, Qafar, dostu bərk ayaqda sınayarlar, sən isə… naxələf çıxdın. Bizim  kökümüz dərindi. Bitdiyimiz, bəhrələndiyimiz, qol-qanad atdığımız bu torpaqdan heç vaxt üzülmərik, ayrılmarıq. Torpaq bizə həyandı, biz də torpağa".

Qafarı təhdid edən bu tənələr ona dinclik vermədi… Bir sübh çağı rayon mərkəzinə yollandı. Məqsədini, məramını Qubanın başçıları ilə götür-qoy etdi. Qolundan yapışanlar da oldu, döşündən itələyənlər də. Xeyirxahlıq güc gəldi axırda… Qafar şəhərlə üzülüşdü. Ana nəfəsi ilə rayihələnən doğma yuvasına qayıtdı. Kənd, kəsəyinə etibarlı çıxan, dəyanətli adamları başına yığıb, sovxozda təsərrüfatdaxili icarəpodratı yaratdı. Pirvahid bir balaca dirçəldi. Lakin sovxozdan asılılıq sərbəst qol-qanad açmağa tam imkan vermədi. Pirvahidi  müstəqil təsərrüfat etmək zərurəti yarandı. Qafar bu yolda da dəridən-dırnaqdan çıxdı. Niyyətin hara, mənzilin də ora, - deyiblər. Axır ki, məqsədinə nail oldu…

İndi kəndin öz əlidi, öz başı. Təsərrüfatı hamı özününkü bilir. Adamlarda yeni inam, işlərində düzlük var. Qafar Cəfərov görəcəyi hər bir işdə əvvəlcə kəndin ağsaqqallarına, xeyirxahlarına gənəşir. Deyir ki, böyü­yün sözünə baxmayan xeyir tapmaz. - Müdrik qoca-ların da birinci məsləhəti odur ki, gərək kəndin taxıl sarıdan nigarançılığı olmasın. Çörək müqəddəsdi, Qurandan irəlidi. Dünyagörmüş qədirbilən adamlar süfrə başında əyləşib çörəyə əl uzadanda - bismillah, - deyib Allahın adını çəkirlər. Axırda da süfrəyə üz tutub: "Allah, bizi çörəklə imtahana çəkmə", -deyirlər. Əkinçilər də öz işlərinə bax bu əhval-ruhiyyə ilə yanaşırlar. Ön il rayon üzrə hər hektardan vur-tut iyirmi sentner taxıl əldə edilib. Hektardan yeddi sentner taxıl götürən təsərrüfatlar da az deyil. Pirvahid kəndinin əkinçiləri isə tərəziyə hər hektardan otuz beş sentner məhsul qoyublar. Necə deyərlər, yoxdan Allah da bezardır. Var əli, Kərəm əli.

Qafar ailələrdən hal-əhval tutub, adamların əz­va­yi­şini öyrənib. Yüz nəfərə yaxın imkansız adam ol­du­ğu müəyyən edilib. Onlara pulsuz, parasız on tondan çox taxıl verilib. Hər işçiyə də yarım ton dən paylanıb. Bir sözlə, burada kəndli taxıla möhtac deyil. Pir­va­hid­li­lər ərzaq qıtlığını nəzərə alıb, taxılçılığa diqqəti daha da artırıblar. Baş aqronom Fikrət Hacıbalayevlə söh­bət etdik. Ağıllı, nikbin mütəxəssisdir. Sübhün şəfəq­ləri söküləndən qaş qaralana kimi taxıl əkini sahə­lə­rin­də olur, şumun keyfiyyətinə, toxumun təmizliyinə, sə­pi­nin gedişinə cani-dildən göz qoyur. Deyir ki, gələn il hər hektardan qırx-sentnerdən çox buğda götürmə­li­yik. Boş söznən, quru vədnən mətləb hasil olmur. Bol məh­sul uğrunda mübarizəyə gərək bünövrədən başla­ya­san. Bütün taxılçılar bu fikirdədir. Mexaniza­tor­lar­dan Əmrağa Musayev, Tofiq  Əhmədov dərin şum apa­rıblar. Qərib Əhmədov səpini nümunəvi keçirir. Toxumluq taxılı anbardan sahəyə Tahir Bacanov təkcə daşıyır. Qafar Pirvahidin şöhrətini özünə qaytarmaq yolunda onlara arxalanır. Deyir ki, quş qanadla uçar. Uğurlarımız onlardan asılıdır.

Pirvahidə arxa duran meşələr qızıl payızın əlvan lib­a­sına bürünüb. Ağlı-qırmızılı meyvələrlə bəzənən bağ­lar sanki təbiətin bu füsunkar gözəlliyinə meydan oxu­yur. İndi-indi sahibini tapıb, bol-bol məhsul gəti­rən bağlardan satış məntəqələrinə doğru baş alıb ge­dən meyvə yüklü avtomaşınların ardı-arası kəsilmir. Şa­ir demişkən - nə xoşbəxtdir, bar yetirib dərənlər…

İllik meyvə satışı planlarının yerinə yetirilib-yetirilməyəcəyindən söhbət açılanda Qafar duruxdu və sərt cavab verdi:

- Məni qınamayın, xoşunuza gəlsə də, gəlməsə də deməliyəm. Ölkə bir-birinə qarışıb. Qarabağda qan tökülür. Respublikamızın böyükləri bir tərəfdən bu qanı yatırmaq, digər tərəfdən müstəqilliyimizi bərqərar etmək üçün qalıblar Bakıynan Moskvanın arasında… Namusu, qeyrəti olan kəs gecəni gündüzə qatıb, belə bir məqamda özünü bir az da əziyyətə salır, vicdanla işləyir. Nanəciblər isə bu qarışıqlıqda fürsətdən istifadə eliyib gününü keflərdə keçirir, yalnız öz mənfəətini güdürlər.

O, əlavə etdi:

- Meyvənin istehsal planı da, satışı da artıqlaması ilə yerinə yetiriləcək. Belə ağır gündə imkanı olub, plan doldurmayan kişi gərək başına papaq qoymasın.

r şey bolluğun başındadır. Təsərrüfatın gəliri artdıqca kəndin sosial-iqtisadi problemləri də tədricən həllini tapır. Məscidin bərpası üçün tədbirlər tökülür. Yeni-yeni mədəni məət obyektlərinin bünövrəsini qoymağa hazırlıq görülür. Yaman gündə kənddən üz döndərənlər bu xoş səs-sədanı eşidib yurd-yuvalarına dönürlər. Pirvahid köhnə sakinlərini tapdıqca, sanki uçuq daxmalar da təbəssümlənir. Otuz cavan ev tikdirmək üçün ərizə yazıb. Hamısının da arzusu onların ürəyincə həll olunub. Kəndin tənəzzüldən çıxıb, tərəqqi yoluna düşməsinə hamıdan çox yaşı yetmişi haqlayan Ramazan kişi sevinir və bu xeyirxah səbəbkarı, təşəbbüsçüsü olan Qafar Cəfərova - oğul ömrün uzun olsun! - deyir. Niyə də deməsin. On nəfər balası didərgin düşmüşdü. İndi-indi uzaq-yaxın ellərdən qayıdıb başına toplaşır.

Ramazan kişi həsrətli baxışları ilə ətrafa göz gəzdirib, sonra üzünü bizə tutdu:

- Gədələr neçə ildi dolanışıq dərdindən baş alıb Rusiyaya getmişdilər. Min şükür ilahinin kərəminə. Gördüm ki, kənd düzəlir, burda vəziyyət yaxşılaşır, yazmışam gəlsinlər. Kamalla Rüstəm qayıdıb. Gələn kimi də elçi gedib kənddəki gözəl-göyçək qızlardan alıb toylarını eləmişəm. İndi ev-eşik sahibidirlər. Qafarı da sağ olsun. Əl tutmaq Əlidən qalıb. Bu xeyir işdə köməyini əsirgəmədi. Kamranla Əskərə də tel vurmuşam. Yəqin bu gün, sabah gələrlər. Kamran o Sibirstanda poyuz sürür. Əskər elə-belə xırda işdədir.

Ramazan gümrah baxışlarına təmkinli ifadə verib: oğul, - dedi, - qürbətin quzu-plovundan, Vətənin şor-çörəyi fərzdir. Bir də ki, sağ olsun bu azadlığı yaradanlar, əl-qolumuz indi-indi açılır. Kənd də ki, Allaha şükür, əvvəlki həddinə düşür. Hələ desən bir az da ondan artıqdır. Çünki Niqalay vaxtı çörək bol olsa da, nə qaz vardı, nə də işıq. İndi kənddə çörək də bollaşıb, gün-güzaran da yaxşıdı. Dövran da dönüb. Şəhərdən kəndə gəlirlər. O de, qonşumuz Araz iyirmi ildən çoxdu getmişdi. Qayıdıb kəndə. Torpaq da götürüb, ev də tikdirib. Özünə münasib güzəran düzəldib. Bir də ki, o məscidi yıxan gündən sonra elə bil Allahın bizə qəzəbi tutdu. Kəndin dəfi döndü. İndi məs-cidimiz qayıdır, deməli, dinimiz də qayıdır, imanımız da, ümidimiz də. Allahın bizə rəhmi də qayıdır. Şükür! Bu günümüzə!

Suvar nənənin dəryacan dərdi oğul qeyrətiynən bir dünya sevincə dönüb. Həmişə balalarımın boy-buxununa sevindikcə, ana nəvazişi ilə deyir:

- Gözümün işığı! Evimin yaraşığı!

Neçə ildir ki, sinədəftər nənənin ümid işıqları onun gözündən iraq düşmüşdü. İndi təzədən hamısı həndəvərində cəm olub. Təkcə Suvar nənə yox, neçə-neçə miskinləşən koma sahibini tapıb, həsrətlər qovuşub, bütün Pirvahid işıqlanıb.

 

16 oktyabr 1991-ci il.

"Həyat" qəzeti

Quba



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com