www.aliildirimoglu.az

OÇERKLƏR

ŞİRİN XATİRƏLƏR

Bu əhvalat dörd il bundan qabaq olmuşdu. O za­man payız fəsli idi. Yaşıl yarpaqlar ağacların budaq­la­rında qızılı rəngə çalırdı. İstilərin şaxı sınmışdı. Ətrafa bir sərinlik çökmüşdü. Belə bir vaxtda Qarabağ üzüm­çülük sovxozuna getmişdim. Boz dağın sinəsindəki aqre­qatlar susur, karxanadan sovxozun tikinti obyek­tinə ağ daş aparan avtomaşınlar seyrəlirdi. Yolun alt tərəfindəki üzümlüklərə təyyarələr axırıncı dəfə dərman çiləyib geri dönürdü. Üzümçülər üç bir, beş bir sahələrdən çıxıb dincəlməyə gedirdilər. Bağban Atəş əyilib sərin sudan bir neçə ovuc üzünə vurduqdan son­ra qəddini düzəldib üzümlükləri seyr etdi. Fərəhindən köksü qabardı. Öz-özünə:

- Bu il tənəkləri ziyanvericilərdən yaxşıca qoruduq, - dedi, - məhsulumuz keçən ilkindən çox olacaq.

Məcid kişi də sevincini bildirdi:

- Salxımlar xal salıb, - dedi, - bundan sonra qorxusu yoxdur. Mərəndi, Zeynəbi, Ağadayı şirələnib.

Bu zaman şöbə müdiri Yusif Səfixanovun səsi eşidildi:

- Kino başlanır! Ləngiməyin!

Söhbətin istiqaməti dəyişdi. Hamının nəzəri alçaq və yastı təpənin üzündəki ağ binaya tərəf yönəldi. İliç lam­palarının geniş pəncərələrdən süzülən gur işığı ya­xın­­lıqdakı çəmənliyə yayılan mavi sularda bərq vu­rur­du. Yaraşıqlı binaya tərəf gələn fəhlələr şöbə müdi­ri­nin səsini eşidən kimi addımlarını bir az da yeyin­lət­di­lər. Bir neçə dəqiqədən sonra elektrik zən­gi­nin ahəng­dar səsi eşidildi. Qadınlar və kişilər istirahət otaq­la­rın­dan çıxıb kino salonuna toplaşdılar. Fəh­lə­ləri kəndə apa­racaq avtomaşınlar asfalt meydançada dayan­mışdı.

* * *

… Yanılmıram. Elə həmin yer idi. Dörd il bundan qabaq gəzdiyim yerləri, eşitdiyim sözləri bugünkü kimi xatırlayıram. O vaxt kəndin qocaman sakini Məmməd baba dağdağanın iri və saf gövdəsinə işarə edib fikrə getdi və sonra:

- Oğlum, - dedi, - bu dağdağanın yüzdən artıq yaşı olar. Çünki gözümü açıb ilan mələyən düzlərdə bu dağdağanı görmüşəm. Düzü, yaşımı özüm də dəqiq bilmirəm. Çünki o vaxtlar indiki kimi dəftər, qələm, yazı-pozu yox idi. Mənim yaşım bir mis məcməiyə yazılmışdı. Onu da kəndimizə gələn bir qalayçı it-bata saldı. Amma Qaçaq Nəbi bizə gələndə cavan oğlan idim.

Söhbəti davam etdirmək üçün marağımız artdı. Soruşduq:

- Məmməd baba, siz Nəbini görmüsünüz?

O, tövrünü pozmadan:

- Bəli, - dedi və sonra əlini Kəlbəcər dağlarına tərəf tutdu:

- Sarıyer deyilən yaylaqda idik. Sürülər örüşdən təzəcə qayıtmışdı. Qoyun-quzunu yerbəyer edirdik. Tüfəng qarovuldan düşəndə itlər hürüşüb alaçığa tərəf irəliləyən atlıların qabağını kəsdilər. Əmim İsmayıl irəli çıxdı. Harın atlar cilovunu gəmirirdi. Əmim, -  yəqin Nəbigildir, - deyib cəld atların qabağına yeridi.

Deyilən kimi də oldu. Nəbi atdan enib keçə döşən­miş boz alaçığa girdi. Yoldaşları da arxasınca. Anam onlar üçün yumşaq mütəkkə qoydu. Çay içib, çörək yedikdən sonra burada gecələdilər. Eləbil gözlərinə yuxu getmirdi. Çox səksəkəli idilər. Anam qonaqların yoluna bir quzu soyutması hazırladı. Səhərin gözü açılmamış qonaqlar obanı tərk etdilər. Əmim: «Belə tezdən hara?..» - deyə soruşdu. Nəbi boz atının belinə qalxıb «İsmayıl, - dedi, - mən qaçağamsa, sən də azad deyilsən, hökumət adamları burada qalmağımızı bilsələr yuvanızı dağıdarlar».

li, oğul, o vaxt bu yerlərdə zülm əlindən qardaş qardaşa, dost dosta, ana balaya həsrət qalmışdı. O vaxt «hökumət adamı» deyəndə adamın gözünə ev yı­xan, ocaq söndürən gəlirdi. Ona görə də hamıya deyi­rəm ki, Sovet hökumətinin qədrini bilin. Bir sevir­si­nizsə, yüz sevin. Ev tikir, şəhər salır, kim üçün?! Sənin üçün, onun üçün!

Söhbətin axırı bu günə gəlib çıxdı. Yeni sovxozun direktoru Qazax Nəbiyev qoca dağdağan ağacından aralıdakı təpəciklərin arası ilə uzanan cəngəllikləri işarə edərək, Məmməd babanın sözünə sanki qüvvət verdi:

- Buralarda bir neçə ildən sonra üzümlüklər sa­lı­na­caq­dır, - dedi. - Artıq Xaçın çayı cilovlanıb. O, daha yaz­da daşıb, yayda qurumayacaqdır. Onu ram et­mişik. Xaçın çayının üstündəki ayna göldən çəkilən beton kanal bizim sovxozun da min hektardan çox xam torpağını suvaracaq.

Məmməd baba hələ ömründə bu boş düzlərdə ada­mı ilan sancan sarı tikandan və zəhlə tökən qanqal­lar­dan başqa bir şey görməmişdi. Bu gün direktorun de­dik­ləri ona bir yuxu kimi gəlsə də, o, bu yuxuya şübhə ilə yanaşmırdı. Bilirdi ki, Sovet hökumətinin sözü ilə işi birdir, dediyini eləyəcək.

Məmməd baba ilə ikinci dəfə yenə də bu yerdə gö­rüş­düm. Bir vaxt ona yuxu kimi gələn sözləri artıq hə­qiqətə çevrilmişdi. Nəinki cəngəlliklər, hətta təpə­cik­lə­rin üstü də üzümlüyə çevrilmişdi. Düzüm-düzüm cərgə­lə­nib gedən beton dayaqlar yaşıl üzümlükləri daha da cazibədar göstərirdi. Sanki bu yerlər ta qədimdən üzümlük olmuşdu.

Şimal tərəfdən qalxan xəfif külək Boz dağın ətə­yin­dəki bürkünü dağıdır, səma tərtəmiz görünür, hava get-gedə sərinləyirdi. Kanalın suyunda bədirlən­miş ay İliç lampaları ilə birlikdə oynaşırdı. Bayaqkı səs-küy­dən əsər-əlamət qalmamışdı. Tam sakitlik idi. Üzüm­lüklərdə axan suyun şırıltısı, suçuların deyib gülməsi beton dirəklərə dəyən belin cingiltisi uzaqdan gələn isaq-musaq quşunun səsinə qarışıb gecənin sükutunu pozur və bir simfoniya kimi dalğa-dalğa ətrafa yayılırdı.

Öyrəndim ki, Məmməd baba təqaüdə çıxsa da, tez-tez bu dağdağan ağacının altına gəlir, təpədən göz işlədikcə uzanan üzümlüklərə heyranlıqla tamaşa edir. Onun çoxlu nəvəsi var. Çoxlu ona görə deyirik ki, Məmməd baba sovxozun bütün yeniyetmələrini özünə nəvə sayır. Cavanlarla söhbət etməyi çox sevir.

- Gəncliyim bax, bu Boz dağın kol-koslu, miskin ətəklərində keçmişdir, - deyir. - Buraların xeyrini, bəh­rəsini təzəcə görürəm. Sizin gəncliyinizi görəndə sevinirəm, amma öz cavanlığımı yadıma salanda qəhər məni boğur, keçmişin qara günlərinə nifrətim artır. Siz necə də xoşbəxtsiniz, balalarım. Keçmişdə bizim qırx ilə görə bilmədiyimiz işi indi siz dörd ilə görürsünüz.

Təsəvvürünüzə gətirin ki, dörd ildə min hektara yaxın üzümlük salınıb. Sahələr genişlənir, məhsul çoxalır, gəlir artır. İnişil beş yüz ton, bildir iki min ton, bu il beş min ton üzüm. İnkişaf belədir, sürət belədir.

Ancaq bu rəqəmlər sovxozun adamlarını qane et­mir. Onlar deyirlər ki, üzümlüklərin yarıdan çoxu yeni salınıb, hələ kifayət qədər bar vermir. İllər keçəcək, məhsul istehsalı on min tonu ötəcək…

Qarabağ üzümçülük sovxozu gəncdir. Lakin bu sovxoz təkcə Ağdamın yox, respublikamızın ən iri üzümçülük sovxozları ilə yarışa bilər.

Sovxozun gəlirinin hesabına tikinti və abadlıq işləri görülür. Sovxozun daş karxanası vardır. Çox uzaqda yox, Boz dağın sinəsində. Buna görə də sovxozun əha­tə etdiyi kəndlər ilbəil, həm də sürətlə öz simasını dəyi­şir. Yeni-yeni yaşayış binaları ucaldılır, mədəni-məişət və sənaye obyektləri tikilir.

Burada hər növbədə üç yüz ton üzüm emal edən yeni bir zavod istifadəyə verilmişdir. Sovxozun baş­çı­ları gələcəyə nəzər salıb, öz işlərini götür-qoy edəndə gördülər ki, hazırkı zavod çox balacadır. Buna görə də beş yüz min manat vəsait ayırıb hər növbədə min ton üzüm emal edən ikinci zavod tikmək lazımdır. Bu işə hazırlıq görülür. Zavod üçün xüsusi anbar da tikiləcəkdir. Bu anbarda yüz tonlarla üzüm saxlana­caqdır ki, ilin bütün fəsillərində fəhlələrin, kolxozçu­ların, ziyalıların süfrəsindən təzə üzüm əskik olmasın. Hər kənddə mağaza, mədəni-məişət ocağı var. Bu günlərdə sovxozun əhatə etdiyi kəndlərin üçünə yeni su kəməri çəkilmişdir. Hər küçədə, hər tində su kranı qoyulmuşdur.

Papravənd kəndində dörd yüz nəfərlik yeni məktəb binası tikilmişdir. Məktəb üçün dörd hektar sahə ayrılmışdır. Təcrübə sahəsi.

Ağdamda deyirlər ki, Qarqardan keç, Qabartıdan iç. Qabartı suyu Papravənd kəndinin ortasından axır. Doğrudan da içməli, şirin sudur. Qabartının axdığı dərənin güney tərəfində sovxozun idarə binaları yerləşir. Bu gözəl qəsəbə Qaraman meşələri ilə üzbəüz dayanır. Buradakı asfalt meydançalar, enli səkilər, yara­şıqlı binalar, bəzək ağacları, müxtəlif güllər və çiçəklərlə əhatə olunmuşdur. Sovxoz parkında fəhlə­lərin istirahəti üçün səliqə ilə stullar düzülmüşdür. Bura­da qəzet vitrinləri, qırmızı guşə, şərəf lövhəsi xüsusi bir zövqlə düzəldilmişdir. Şərəf lövhəsini sağıcı Zeynəb Kərimovanın, inşaatçı SüleymanAbdulla­yevin, bənna Əhməd İsmayılovun, üzümçü Mustafa Hüsey­novun, mexanizator Allahverdi İsmayılovun, bri­qadir Sultan Muxtarovun şəkilləri bəzəyir. İlk par­tiya təşkilatının katibi Abbasəli Abbasov onlara işarə edərək deyir:

- Bu adamlar sovxozumuzun fəxridirlər. Əmək onları ucaltmışdır. Təkcə sovxozda deyil, rayonu­muz­da da onların böyük hörməti var.

Parkdakı yaraşıqlı kluba daxil oluruq. Klubun müdiri Şövkət burada gözəl səliqə-sahman yaratmış­dır. O, pəncərələrə düzülmüş dibçəklərdəki çiçəklərə su verirdi. Klub bayramsayağı bəzədilmişdi. Müşavirələr, yığıncaqlar, tamaşalar, tarixi bayramlar hər il bu klubda keçirilir. Bəli, Qarabağ üzümçülük sovxozunun klubunda mahnı-mahnıya, gülüş-gülüşə qarışmışdır. Pirani Məmməd baba və onun həmyaşıdı İsa kişi də nəvə və nəticələrinin sevincinə şərik olur, onlarla birlikdə deyib-gülür, şadlanırlar.

 

1976-cı il

Ağdam




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com