www.aliildirimoglu.az

OÇERKLƏR

NAZİLƏ

Nazilə gözlərini açdı. Hələ heç kəs oyan­ma­mış­dı. Yağlı boya çəkilmiş divardan asılan saatın dəyi­rmi kəfkiri tıqqıldayır və sübhün sükutunu pozur­du. Qaranquşlar səhəri Nazilədən tez qarşıladıqları iləsevi­nirmiş kimi otaqda bir neçə dövrə vurub sonra dəhlizə çıxır və səliqə ilə düzəltdikləri yuvalarına qonurdular. Nazilə onların nəğməsində sanki nəcib bir çağırış duyurdu: - Vaxtdır, tarlalar səni çağırır!..

Nazilə çarpayısından qalxıb kombinezonunu geyi­nəndə nəzərləri anasının orden və medallarına sataşdı. Leyla xala hələ də yaz səhərinin şirin yuxusunda idi. Balaca nəvəsi başını yastığa deyil, nənəsinin sinəsinə qoymuş, totuq əllərini onun qoynunda daraqlamışdı. Nəfəsi ətir saçan bu qayğısız körpə Leyla xalanın iyirmi iki nəvəsindən ən kiçiyi idi. Qəhrəman ananın alnındakı qırışlar və sarışın sifətinə düşən nazik cizgilər Leyla xalanın böyütdüyü on dörd uşağın onun nurani çöhrəsinə həkk olunmuş həyat salnaməsi kimi Nazilənin qəlbini riqqətə gətirdi. O, - ana, mən tarlaya getdim, - deyə dillənmək istədi. Lakin tərəddüd etdi, fikrindən daşındı və öz-özünə: - Qoy doyunca yatsın, onun yuxusuz gecələri çox olub, - dedi.

Nazilə qapını ehmalca aralayıb həyətə düşdü. Armud ağacının dibindəki su kranını açdı, əl-üzünü yudu və sonra da qaraja keçib «Zaporojets» maşınına əyləşdi. Kəndin küçələrindən burulub geniş tarla yolu­na çıxanda maşının sürətini artırdı. Maşının kabi­nəsinə dolan sərin meh onun qıvrım saçlarını geriyə darayır, başındakı ipək yaylığını dalğalandırırdı. Yol boyu cərgələnən söyüd, çinar ağacları, yüksək gərgin­likli elektrik xətlərini tarım saxlayan hündür dəmir-beton dirəklər bir-bir arxada qalırdı. Yaşıllıqlar arasında qıvrılıb gedən tarla yoluna ilk izi Nazilənin maşını salırdı. Nazilə irəlidəki arxda suyun aşıb-daşdığını və sahədə gölməçə əmələ gəldiyini görəndə qaşları düyünləndi, sifətindəki ifadə onun daxili narazılığını büruzə verdi. Maşından düşüb arx və bərələri düzəltdi, suyun istiqamətini dəyişdi.

O, ot basmış arxın qırağında dayanıb bir anlığa suyun xəfif şırıltısını dinləyir, yaşıl tarlalara səpələnən ağ, çəhrayı çiçəkləri seyr edir və düşünürdü:

- Tarlalar barlı-bəhərlidir. İli qələbə ilə başa vur­ma­lıyıq. Ancaq hələ harasıdır. Gərək məhsuldarlığı artı­raq, sahələrin kənarını səliqə-sahmana salaq, yığıma hər­tərəfli hazırlıq görək…

Nazilə şirin xəyala dalmışdı. Zöhrə ilə söhbətini xatır­layırdı. Özbəkistanın Nəməngan vilayətindəki Ukray­na kolxozunun adlı-sanlı pambıqçısı Zöh Hüsey­novanı. Onlar gənc sürücü-mexaniklərin Bakıda keçirilən yığıncağında tanış olmuşdular:

- Neçə tona söz vermisən, Nazilə?

- Bu il maşınla üç yüz ton məhsul toplamağı qət etmişəm.

- Mənim öhdəliyim beş yüz tondur.

- Bilirsən Zöhrə, özüm əkirəm, özüm becərirəm, özüm də yığıram.

Nazilənin bu cavabından Zöhrə tutulan kimi oldu. Ona qibtə edirmiş kimi, yüngülcə köksünü ötürdü və titrək bir səslə:

- Mən ancaq yığıram, lakin çalışıram ki, sənin kimi əkib becərməyi də öyrənim, buna söz verirəm, Nazilə.

Rəfiqələr əlaqə saxlayacaqlarına, bir-birinə qonaq gedəcəklərinə söz vermişdilər. Özbəkistan və Azər­baycan tarlalarının əmək bahadırları söz vermişdilər ki, planı və öhdəliklərini ödəyən kimi bir-birlərinə teleqram vurub, qələbə müjdəsi yetirsinlər.

İndi Nazinin gözləri yolda, qəlbi intizarda qal­mışdı. Elə bil bu mavi sular Zöhrənin qısa və mənalı sözlərini öz gur səsinə qatıb Nazilənin gözləri önündə gedən geniş tarlalara yayırdı. Sanki özbək ellərindən Nazilənin qəlbinə sevinc, qollarına qüvvət gəlirdi. Nazilə başında dolaşan bu xoş fikirlərin, nəcib arzuların təsiri altında maşınına əyləşib yoluna davam etdi. Sahənin o başında işləyən suçulardan başqa heç kəs görünmürdü. Maşını düz onların yanına sürdü, sahənin kənarında belinə dirsəklənib, şırımlarda axan suya nəzarət edən Qurban kişiyə mehribanlıqla salam verdi. Nazilə nəzakətlə:

- Qurban əmi, su tarlanın ayağına çıxmışdı. Su şırımlardan sel kimi axırdı. Yaxşı ki, özümü vaxtında yetirdim.

- Sağ ol, qızım, Nazilə, - deyə Qurban kişi razılığını bildirdi.

Onlar tarlanın içərilərinə doğru irəlilədilər. Kulti­vasiya çəkiləcək və bitkilərin ucu vurulacaq sahələri, kolların inkişaf vəziyyətini birgə nəzərdən keçirdilər. Orda-burda pambıq qurdu gözə dəyirdi. Qurban kişi beli torpağa sancıb gənc mexanizatora baxdı:

- Bax, qızım, bu gün buradan başlamaq olar, - dedi. - Artıq cərgə araları quruyur, kultivasiyanı ləngitmə, elə əsl vaxtıdır, gərək yubanmayasan.

Nazilə tarla düşərgəsinin yaxınlığında dayanan kultivatorun yanına gəldi. Aqreqatın qabaq tərəfinə bərkidilmiş ucvuranın bıçaqlarını və maşının işlək hissələrini yoxladı. Kisələrə doldurulmuş zəhərli kimyəvi dərmana baxdı.

«Universal» maşın cərgələrin arasında irəlilədikcə kolların dibi yumşaldılır, bitkilərin ucu vurulub, aqreqatın arxasında quraşdırılmış «Mənsur Kərimov aparatı» sahələrə dərman püskürürdü.Nazilə maşını böyük bir ustalıqla idarə edir eyni vaxtda üç iş görürdü. O, arabir kultivatoru saxlayır, maşından düşüb apardığı becər­mənin keyfiyyətini yoxlayır və yenə də sükan arxasına keçib çiçəklənən kolların arasındaca irəliləyirdi.

Üfüqdə qızaran buludlar seyrəkləşdikcə səma açılır, günəşin parlaq şəfəqləri Ağcabədinin geniş düzlərinə yayılır, sular ayna kimi parlayır, meşə zolaqlarının dövrəyə aldığı yaşıl tarlalar bərq vururdu. Qarağaclı kəndindən tarlalara, biçənəklərə, örüşlərə, bağ-bağata doğru baş alıb gedən avtomaşınların, lafetlərin, traktorların ardı-arası kəsilmirdi. Ağacların budağını ağır-ağır titrədən meh maşınların təkəri altında qalxan bozumtul tozu qabağına qatıb yoldan uzaqlaşdırırdı. Tarlalara tərəf burulan avtobuslardan kolxozçıların şən qəh-qəhəsi eşidilirdi. Qız-gəlinlər bəstəkar Süley­man Ələsgərovun Naziləyə həsr etdiyi mahnını ucadan oxuyaraq rəfiqələrini sevindirirdilər.

Tarla düşərgəsindəki iri ağ samovardan tüstü qa­rı­şıq alov qalxır, mis qazandakı xörək qaynayıb buğla­nır­dı. Vəzifə xanım düşərgədəki stol-stulları nizam­la­yır, stəkan-nəlbəkiləri təmiz ağ dəsmalla silib, günorta fasiləsi üçün çay-çörək hazırlayırdı. Tarla­lar­da iş getdikcə qızışırdı. Pambıqçılar yenə də Nazilədən söh­bət salır, onun qoçaqlığından iftixarla danışırdılar…

Ömrünün otuz beş ilini yük avtomaşınının sükanı arxasında keçirən Mehdi kişinin qızına bərk acığı tutdu:

 - Açarları götürür, vintləri bərkidir, motoru silir, sürət qutusunu qurdalayır, - dedi. – O günü özümü gec yetirsəydim, az qala maşını aparıb divara vurmuşdu. Maşın sənin üçün oyuncaq deyil, hələ sənin ağzından süd iyi gəlir.

Nazilə bir küncə qısılıb etdiyi hərəkətlərin peşman­çı­lı­ğını çəkirmiş kimi başını aşağı dikmişdi. Qorxurdu ki, atası dedikləri ilə kifayətlənməyib, hirsini soyut­maq üçün ona üstəlik bir qulaqburması da versin. Yax­şı ki, səs-küyə Leyla xala içəridən çıxdı. O, vəziyyətin nə yerdə olduğunu görüb ərini məzəmmət etdi:

- Qızın qəlbinə dəymə, a kişi, maşına həvəsi var. Bir də ki, axı nə pis iş görür, sənə kömək edir. Maşını silib təmizləyir, təkərləri yuyur, hələ ona sağ ol deməkdən…

- Silir, yuyur, kömək edir! - deyə Mehdi kişi istehza ilə Leylanı yamsıladı. - Nahaq yerə, onun xörəyi deyil, qızdır, öz işinə qarışsın!

Leyla xala ərini dilə tutdu, onu yumşaltmağa çalışdı:

- Sən görən zamana deyil, ay kişi, - dedi, - indi qadınlar göyə qalxır, kosmosda uçurlar. Tereşkovanı görmədin. Artıq altmışı haqlamısan. Gərək səni bir əvəz edən olsun, ya yox?!

Mehdi kişidən düşmüş qalın qaşlarının altından zəhmli gözlərini qıyaraq Leylanı tərs-tərs süzdü və istehza ilə başını buladı.

Nazilənin bu cür hərəkətləri ailədə kiçik narazılıq yaradırdı. Lakin Nazilə heç nəyə əhəmiyyət verməyib fürsət düşən kimi atasının idarə etdiyi maşına əyləşib, sürür və kolxozun traktor parkında təmirçilərə bir növ «şagirdlik» edirdi. Buna görə də onu az danlamırdılar. Ancaq nə fayda, onu bu yoldan çəkindirmək olmurdu.

Tarlalarda anasına kömək edəndə kətmən vur­ma­ğın, əl ilə pambıq yığmağın əzab-əziyyətini görmüşdü. Onda Nazilə anasına demişdi:

- Ay ana, sahələrə kultivasiya çəkməyi, maşınla pambıq yığmağı öyrənəcəyəm. Gündə yüz ananın işini görəcəyəm - demişdi.

Leyla xala qızının sözlərinə o qədər də əhəmiyyət vermədi. Ancaq qızına olan məhəbbəti xatirinə zahi­rən razılığını bildirib gülümsündü. Bu fikir Nazilənin qəlbində getdikcə güclənib böyük bir arzuya, aydın məqsədə, qəti qərara çevrildi. Nazilə səkkizinci sinfi bitirib Ağcabədi kənd texniki-peşə məktəbinə daxil oldu. Mexanizatorluq peşəsinə yiyələndi.

İlk gündə heç kəs bu alçaq boylu çəlimsiz qıza maşın etibar etmək istəmədi. Bəzi briqada başçıları Naziləyə dodaq büzüb ona etibar etmək istəmədilər. Lakin kolxoz partiya təşkilatının katibi Dadaş Əliyev Naziləyə qayğı göstərdi, ona inandı. Geniş qəlbli, qayğıkeş kommunist olan partiya təşkilat katibi komsomolçu Nazilənin əlindən tutdu. Surxay Tağıyevin başçılıq etdiyi briqadada əkin və becərmə işləri Naziləyə tapşırıldı.

Nazilə daha böyük həvəslə işə girişdi. Doqquzuncu beşilliyin ilk baharında səpin aqreqatı ilə sahələrə çıxdı. Pambıq əkinində görüb-götürmüş səpinçiləri geridə qoydu. Bitkilər torpaqdan baş qaldıranda kulti­va­­torunu işə saldı. Cərgə aralarına neçə dəfə kulti­vasiya çəkdi. Əməyi hədər getmədi. Əkib-becərdiyi sahələr barlı-bəhərli oldu. Qozalar açanda, tarlalar yaşıl donunu soyunub ağ örpəyəbürünəndə Nazilə «mavi gəmi»sinə əyləşdi. Birinci il onun idarə etdiyi maşının bunkerindən yüz otuz ton «ağ qızıl» boşal­dıldı. Üzeyir Həcıbəyov adına kolxozda Nazilənin hünəri dildən-dilə düşdü. Beşilliyin ikinci ilində maşınla pambıq yığımını iki yüz otuz tona çatdırıb respublikanın mexanizator qızları arasında birinciliyi qazandı, Sevil Qazıyeva adına mükafatın qalibi oldu. Nazilənin sinəsində «Şərəf nişanı» ordeni parladı. Nazilə Mehdiyeva kənddəki kommunistlər ordusunun fəal əsgəri oldu. Respublika komsomolu Mərkəzi Komitəsinin üzvlüyünə layiq görüldü. Ümumittifaq komsomolunun və SSRİ Xalq Nəzarəti Komitəsinin fəxri döş nişanlarını aldı.

nc mexanizatorun sevinci aşıb-daşdı, sinəsinə sığmadı. O, yeni və yüksək zirvələrə doğru qanad açdı. Beşillin üçüncü ilində hər hektardan qırx sentner məh­sul götürmək Nazilənin çalışdığı briqadanın şüarı ol­du. Səriştəli pambıqçı bu yüksək öhdəlik uğrunda mübarizənin önündə getdi, kollektivə qələbə qazan­dırdı. Briqada vətən qarşısında hamıdan tez raport verdi. Nazilənin xəyalı Özbəkistanın «ağ qızıl» çöllərində dolaşdı, sevincini rəfiqəsi ilə bölüşdürmək üçün Zöhrəyə məktub yazdı.

 «Əziz bacım, briqadamız planı birinci ödədi. Maşın­la yığım barədəki şərtimizi unutmamışam. Üç yüz ton! Mən bu arzuma 1974-cü ildə çatacağam…»

… Qarabağın düzləri getdikcə öz görkəmini dəyişir. Bağlar, meşələr qızılı don geyinir. Bir sözlə, payız ayları başlayır. Günlər qısalır, havalar get-gedə soyuyur, tez-tez yağış yağır. Lakin bütün bu maneələr əmək bahadırının qələbə həvəsini qıra bilmir. Onun «mavi gəmi»si cərgə aralarından çıxmaq bilmirdi, elə hey irəliləyirdi.

Nazilənin səhra gəmisi ağ cərgələrin arasında ləngər vurduqca yarpaqsız kollarda salxımlanan lopa-lopa pambıq bunkerə yığılır, sonra da coşqun dağ şəlaləsi kimi lafetlərə axırdı. Qızının köməyinə gələn Mehdi kişi bir ata qayğıkeşliyi ilə Nazilənin idarə etdiyi ikinci maşının yivlərini bərkidir, şpindelləri yuyub təmiz­ləyirdi…

18 oktyabr 1973-cü il




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com