www.aliildirimoglu.az

OÇERKLƏR

İYDƏ ÇİÇƏYİ

Yaxınlıqdakı Atatürk parkına gəzməyə çıx­mış­dım. Buradakı yaşıllıqları seyr etmək, rəngbə­rəng ağaclarla təmasda olmaq, yazı-pozudan sonra bir qədər dincəlib istirahət etmək üçün. Hardansa iydəçiçəyinin ətrini hiss etdim. Xəyallandım. Bu xoş rahiyə mənə əsirlikdə qalan kəndimizi xatırlatdı. Dünyaya göz açdığım Əli­qu­luuşağı kəndini. Torpağındandı, suyundandı-nədi, Qubadlıda ortasına örkən dolan­ma­yan, iri, qollu-budaq­lı iydə ağacları çox olur. Hətta kəndimizin yaxın­­lığında iydəlik adlı dərə var idi. Ona görə də iydə çiçəyi həmişə mənə kəndimizin axar-baxa-rını, bərə­kət­li torpağını, çayını, çeşməsini xatırladır. Və fikrən, xəya­lən o yerlərə gedib çıxıram.

Parkda iydə ağacını dəli həsrətlə axtardım... Axır ki, tapdım. Küknar, zeytun, çinar... ağaclarının ara­sı­na sığınıb. Özü də tək-tənha. Qol-budağı adamların gəzinti meydanına sallanıb. Son vaxtlar, burada xeyli ağac parkda peyda olan pavilyonların, kababxana­la­rın, çayxanaların, nə bilim nələrin-nələrin ... güdazına gedib. İydə ağacı isə zavallardan sovuşub. Görünür, Tanrı bu gümüşü ağacı hifz edib ki, yaratdığı məxluqat onun sarı, salxım çiçəklərinin ətrindən feyzyab olsun­lar. Qırmızı rəng çəkilmiş uzun skamyaların birinə yaxın­laşıb iydə ağacı ilə qabaq-qənşər əyləşdim. Bir anlığa özümü kəndimizin həndəvərindən axan lacivərd suların kənarındakı iydələrin arasında hiss etdim. Di­nə-imana gəldim!.. Lakin son dəbdə geyinib-kecinmiş, ötkəm davranışlı oğlan buradan keçəndə damağında tüstülənən siqareti ayağının altına atıb, dabanını qaldırdı. Saymazyana iydənin qanadından qoparıb qoxladı. Və tez də kənara tolazladı. sonra da əynində şalvar olan əndamlı qadın... Sonra da bir başqası... Ovqa­tım korlandı. Onsuz da yerində olmayan əsəb­lərim tarıma çəkildi. Elə bil iydənin yox, mənim qol-qanadımı sındırdılar.

- İlahi! Bəzi insanlar onlara ətir bəxş edən tənha, qərib ağacla necə də insafsızcasına rəftar edirlər, - öz-özümə düşündüm. Mərhum prezidentimiz Heydər Əliyevin bir kəlamını xatırladım... "Ağacları qıranda, elə bil qolumu kəsirlər". Torpağın yaşıl incisi, şəhər və kəndlərin yaraşığı, yayın sərinkeşi olan ağaclara qarşı, bəzən niyə bu cür etinasız, biganə, qəddar, amansız oluruq?!.

Vaxtilə Quba zonasında xidmət edərkən, Xaçmaz rayon prokuroru Abbas Əliyevlə vacib bir iş üçün Gən­cəyə getmişdik. Qayıdanda yolumuz qaranlığa düş­dü. Ağsuya çatanda müsahibim dedi ki, incimə­səy­diniz, buradakı qohumlarıma bir neçə dəqiqəliyə baş çəkərdim. Etiraz etmədim. Yolüstü Ağsu şəhərinə dön­dük. Ancaq çox ləngimədik. Tələm-tələsik bir stəkan çay içib, yolumuza davam etdik. Şəhərin çıxacağın­dakı, çilçıraqların bərq vurduğu pavilyonun həyətində beş-altı nəfər yemək-içmək düzülmüş stolu dövrəyə alıb, necə deyərlər, kefə baxırdılar. Ayaq üstə dayanıb əlində qədəh tutan yaşlı kişi tost deyirdi. Onun nə dediyi aydın eşidilmirdi. Lakin "Vətən", "torpaq" kəlmələri təkrar-təkrar, həyəcanla, xüsusi bir ehtirasla səslənirdi. Və vətən, torpaq, millət fədaisi olduğundan fəxrlə danışırdı. Bir neçə metr aralıda cərgələnən çinar ağacının dibindəki zibil qutusundan qalxan alov isə çinarın qol-qanadını yandırıb külə döndərirdi. Yaşıl libas məşum alovla, tüstü-dumana bürünən çinar ağaclarından qulağıma qə­ribə səslər gəlirdi. - Yəqin kölgəsində sərinləyən insan­ları köməyə, haraya, imda­da çağırır! - öz-özümə düşündüm. Və tez maşını saxladıb, kabinədən düşdüm. Pavilyonun həyətində yeyib-içənlərə yanaşıb salam verib tez də soruşdum:

- Yəqin ki bu şəhərin sakinlərisiniz?!

- Bəli.

- Şübhə etmirəm ki, milləti, torpağı, yaşadığınız şəhəri sevən adamlarsınız?!

- Əlbəttə, əlbəttə! O nə sözdür! - Hamı bir ağızdan cavab verdi.

- Bəs onda bu torpağın dilsiz-ağızsız sakinlərinin yanıb kül olmasına biganə qalmağı özünüzə necə rəva bilirsiniz?! O çırtıltını eşidirsinizmi?! O ağacların həyəcan təbilidir, insanları köməyə çağırır. Siz isə...

Bu sözləri deyib təəssüflə başımı buladım və incikli geri döndüm.

İnsafən, onlar iradımı qəbul etdilər. Və tez ayağa qalxıb pavilyonun həyət-bacasında əllərinə beldən, su dolu vedrədən götürüb yanğına tərəf cumdular.

Maşına əyləşib arxayın yoluma davam etdim. Müsahibim tanıdığım hüquqşünasların əksəriyyə­tindən fərqli olaraq intellektual səviyyəsi yüksək olan insandır. Boş vaxtlarını mütaliəyə sərf edir, gündəlik qəzet və jurnalları müntəzəm olaraq izləyir və oxuduq­la­rından ağıllı nəticələr çıxarır. Bizi də ən çox birləş­dirən onun bu cür ziyalı keyfiyyətləridir. Gecənin bu vədəsi mənim bu cür hərəkətim onu həm təəc­cüb­ləndirdi, həm də məmnun etdi. Və dedi:

- Əslində hər bir vətəndaş ölkəsinin başçısı, jurnalisti, hüquqşünası, həkimi, müəllimi, sərkərdəsi, əsgəri, nökəri, nəzarətçisi, qarovulçusu, fəhləsi... olmalıdır. Əks təqdirdə... Təəssüf ki, rast gəldiyimiz, gördüyümüz, şahidi olduğumuz kəm-kəsirlərin, yanlış­lıqların düzəlməsi üçün ya yuxarıdakıları cavabdeh bilirik və ya - "mənə nə!" - deyib ondan yan keçirik...

Qarşımızdakı iydə ağacına baxdıqca yenə köhnə xatirələrim vərəqləndi. "Bağların, parkların təbəssü­mü, ətirlərin ətri, meyvəsi can dərmanı olan gümüşü qiyafəli iydə ağacı, indi sənə nə kömək edim, necə kömək edim?!." Öz-özümə düşünürdüm. O vaxtkı ya­zıb-pozan dövrüm də deyil ki, qələmimi işə salım. İndi başımın üzərində ahıllığın buludları cövlan edir. Heç bir ixtiyar, iqtidar sahibi də deyiləm. Məndən nə umur­san, ey iydə ağacı?! Rüstəm kişinin ("Böyük dayaq") şapalağı da yoxdur ki, qanadını qıran naqis, nadan cavana ağsaqqalyana bir sillə çəkim... Eh, o xətir-hörmət hanı?! Bir deyəndə beş eşidirsən! Düzdür, saqqal qoyanlarımız yaman çoxalıb, ağsaqqallarımız isə...

İyirmi il bundan əvvəl Quba rayonundakı Qəçrəşi kəndinə getmişdim. Mənə ikimərtəbəli bir ev göstərdilər. - Qeyibəlinin evidir-dedilər, atası Manaf kişi tikdirib. Yan bivarın əyrisi aydınca nəzərəçarpırdı və deyərdim ki, binanı eybəcər göstərirdi-yəqin bənnası naşıymış - dilləndim. Ancaq izah etdilər ki, o vaxt bu bina tikiləndə bünövrəsi qoz ağacına dirənib. bənnalar məsləhət görüb ki, ağac kəsilməlidi. Manaf kişi etiraz edib. - Qoy divar əyri çıxsın, lakin o ağaca toxunmayın-deyib.

İndi isə... adi bir çayxana, dükana görə neçə-neçə ağaclar badifənaya gedir. Bunları düşündükcə dərd yüküm ağırlaşırdı.

Ayağa qalxıb iydə ağacından uzaqlaşdım. Lakin onun rayihəsi məni hələ də tərk etmirdi. Düşünürdüm ki, yəqin zavallı ağac məndən kömək umur. Ona görə də evə çatanda fikirləşdim ki, baltaya, dəhrəyə, mişara düçar olan ağacların dərdini mətbuatımızın dili ilə car çəkim. Bəlkə əyləşdikləri vəzifə kürsülərindən bəs deyincə bəhrələnən şəhər məmurları diksinib insafa, mürvətə gəlib bağları, parkları alver meydanına çevrilənlərin bəd əməllərinə əncam qılalar.

Yazıya başlamamışdan əvvəl televiziyanı açdım. Kanalları dəyişdim. Sonra aldığım təzə qəzetlərin bəzilərini nəzərdən keçirdim.

- Amerikada güclü qasırğa baş verib.

- İspaniyada qatarlar qəzaya uğrayıb.

- Fələstində İsrail ordusu ilə yerli sakinlər arasında qarşıdurma olub, yaralananlar var.

- Hansısa şəhərin kənarında qadın meyidi tapılıb.

- Filan rayonda oğul atanı qətlə yetirib...

- Müxalifətin dəbdən düşmüş köhnə bayatıları...

Ağır-ağır dərdlərimizə məlhəm olmayan, qəlbimizə sevinc gətirməyən, millətdə xoş ovqat yaratmayan yerli-yersiz, qanqaraldan, ikrah doğuran xəbərlər... Millətimizin maddi-mənəvi maraqlarından uzaq olan bayağı, lazımsız, lüzumsuz məqalələr...

Yazı masamın arxasına keçdim. İyirmi ilə yaxındır məqalə yazmıram. Yadırğamışam məqalə yazmağı. Lakin iydənin fəryadı, kəsilən ağacların göz yaşı məni tərk etmirdi. Böyük yazıçı Süleyman Rəhimovla olan bir söhbət yadıma düşdü.

Ötən əsrin 60-cı illəri idi. Süleyman deputat kimi seçiciləri ilə görüşmək üçün Ağcabədiyə gəlmişdi. Rayonun həyatından yazdığı məktubu mənə göstə­rərək:

- Balam, məqalə yazmaq nə çətin imiş. Mənim üçün hekayə ondan asandır. Oxuyum qulaq as. Əgər-əskiyi olsa...

Süleyman Rəhimovun sözünə qüvvət. İndi məqalə yaz­maq mənə çətin gəlirdi. Buna baxmayaraq, ağacların, parkların, bağların xəcalətindən çıxmaq üçün qısa da olsa, yazdım. Və uzun fasilədən sonra qələmə aldığım məqaləmə belə bir başlıq qoydum: İydə çiçəyi. Fikirləşdim ki, onun rayihəsi bu sətirlərə hopub insanları ağaclara, gül-çiçəklərə qarşı nəvazişli, insaflı olmağa sövq edər.

 

«Xalq qəzeti»

25 iyun 2004-cü il




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com