www.aliildirimoglu.az

OÇERKLƏR

QARTALLAR UÇAN YERDƏ

Məlikəhmədli və Əliquluuşağı kəndlərinin arasındakı yalın qayalarla üzbəüz dayanan hender dağların sinəsinə çökmüş boz duman tənbəl-tənbəl sürünüb uzaqlaşır, səmadakı buludlar hiss edil­mədən çəkilir, mavi göy qübbəsi tərtəmiz görünürdü. Səlkin ağ və çəhrayı çiçəklərə qərq olmuş yaşıl meşə­ləri bərq vurur, aşağıdakı sıldırım yamacların arasında sıxılaraq coşub cağlayan Bərgüşad cayının gümüşü suları işıldayırdı. Dərin dərələrdən axıb gələn həzin tütək səsi bu yerlərin füsunkar gözəlliyini öz ecazkar nəğ­məsində tərənnüm edən xınalı kəkliklərin qaqqıl­tı­sına, koldan-kola qonan bülbüllərin cəh-cəhinəqarı-şırdı. Nikbin əhvali-ruhiyyəli çobanların nərmə-nazik bayatısı ulu dağlarda əks-səda verirdi.

Könlüm qaranquştək uçub qoynuna

Gəzir hər yamacı, hər yanı, yaylaq

Ruhum təzələnir, məst olur ürək,

Görəndə bu çağı, bu halı, yaylaq!

Adamın qəlbi riqqətə gəlir. Bir anlığa ayaq sax­la­yırıq. Bu əsrarəngiz aləmin seyrinə dalırıq. Təbiətin dilbər guşəsinə yayılan xoş təranələri dinləyirik. Müsa­hibim irəlidəki yastı təpənin çiçəkli ətəklərinəyayılan ağlı-qaralı sürünün qabağında çomağına dirsəklənən məğrur görkəmli çobana işarə edərək:

- İbrahimdir, - dedi. - İgid çobandır.

Görüşüb tanış olduq. İbrahim söhbətimizin uzanacağını hiss edib gözucu qoyunlara tərəf boylandı və sürünü mamırlı qayanın arxasına çəkən erkəcin qabağına bir daş atdı. Uzun buynuzları yanlara tərəf burulan ala erkəc sahibinin eyhamını başa düşürmüş kimi səksənib geri döndü. Qoyunlar da onun ardınca.

Heyvandarlığın vəziyyəti, çobanların həyatı, onların görüb-görəcəyi işlərlə maraqlandıq. İbrahim təmiz çöl havasında qızarmış mərd çöhrəsinə səmimi bir ifadə verib gülümsündü və qıvrım saçaqları qaşlarına sallanan papağını bir balaca yuxarı qaldırdı. O, geniş alnının dərin qırışlarında puçurlanan təri silərək:

- Elə bir-iki həftə bundan qabaq Mirzalı oğlu Teymur da gəlib qəzet gətirmişdi, - dedi və fikrini dürüstləşdirmək üçün əlavə etdi:

- Bizim Teymur müəllimi deyirəm, əlli ilə yaxındır uşaqlarımıza dərs deyir. Partiyamızın qurultaylarından xeyli danışdı. Teymur müəllim də ki, sağ olsun, yaman söhbətcil adamdır. Dediklərinə diqqətləqulaq asdıq. - Heyvandarlıq bu gün kənddə zərbəçi cəbhədir, - deməsi, elə bizə bəsdir. Çox dərin sözdür. Biz çobanlar bu sözdən öz payımızı götürmüşük. İnanın ki, on­dan bəri gecəni gündüzə qatıb işə can-dildən giriş­mi­şik. Əgər əvvəl bir işləyirdiksə, indi ikiqat artıq çalı­şırıq. Çalışırıq ki, rəhbərliyimizin dediyinə əməl edək, beşilliyi vaxtından tez qabaqlayaq. Respublikamızın başı üstündə neçə-neçə qırmızı bayraq dalğalanır, gərək əlimizdə möhkəm saxlayaq. Hələ desən, beş də üstünə gətirək. Bax, biz çobanların fikri-zikri budur.

Qənşərdə dayanan çoban itləri hənirti aldıqları səmtə tərəf hürüşüb, necə deyərlər, özlərini didib-tö­kür­dülər. İbrahimdə daxili bir nigarançılıq baş qal­dır­dı. O, söhbətinə ani faşilə verib hələ bığ yeri tərləmə-miş cavan oğluna təmkinlə:

- Malik, tez ol çıx o dikə, birdən meşə tərəfdən qurd-quş...

Malik dillənmədən atasına baş əyib tələsik addımlarla sürünün qabağına dolaylandı. Yaxınlıqdakı örüşlərdə qoyun-quzunu haraylayan çobanlar sürünü köməkçilərinə tapşırıb bizə yaxınlaşırdılar. Yuxarıda at kişnədi. Üstündə ağ çalmalı qadın olan kəhər at yazının qaşında başını şax tutub cilov gəmirir və yay kimi dartınaraq sanki qüdrətdən səngərli, qalalı dağlara meydan oxuyurdu. Əzizgül kişi çəsarəti ilə yəhərdən aşırılıb, tərkindəki naxışlı qırmızı xurcunu göy otun üstünə endirdi və əlini alnına qoyaraq oğlu Maliki səslədi. Hamının diqqəti ona yönəldi. Yaşı yetmişi ötən ağsaqqal çoban Cəlil kişi özünəməxsus zarafatcıllıqla:

- Bizim İbrahimin Həcəridir, - dedi.

İbrahimin səmimi baxışlarında xəfif və utancaq təbəssüm gəzdi. O, başını bulayaraq:

- Ay Cəlil əmi! - dedi. - Elə gərək bu qonaqların yanında da...

Çobanlar gülüşdülər. Bu atmacadan daxilən utanıb incidiyini büruzə verməmək üçün İbrahim də onlara qarışdı və özünü o yerə qoymadan:

- Cəlil əmi mənə sataşır, - dedi. - Bizim külfətdi, çay-çörək gətirib.

Sözün düzünü elə zarafatla deyərlər. Əzizgül səkkiz övlad böyüdüb. Qəhrəman anadır. Bir də ki, iki kötük baş-başa verməsə, tüstüsu gur çıxmaz, - deyiblər. Qışlaqları qar alanda, fermalar uzun köç yoluna çıxanda, qoyunlar çiskinli-çiçəkli yaylaqlara qalxanda, boz alaçıqlar yan-yana düzüləndə Əzizgül ömür-gün yoldaşını gözdən qoymur, ona hayan olur, arxa durur. Bu axar-baxarlı dağların Nəbi və Həcər timsallı mehriban, cəfakeş övladlarına:

- Qoşa yarıyın, qoşa qarıyın, - deyirik. Altı kəndi əhatə edən Sabir adına sovxozda Sərxanovlar ailəsinin işgüzarlığından iftixarla danışırlar. Məlikəhmədlinin sayılan, əsilli-nəsilli adamlarından Sədətqulu və Gəray Məmmədov qardaşları danışırlar ki, bu kənd    neçə-neçə igidlər yetirib. Bir vaxt Məlikəhmədli kəndində Qəhrəman ad-san sahibi idi. Əmək bahadırı kimi neçə dəfə Vətənimizin paytaxtı Moskva şəhərinə gedib, Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin iştirakçısı olub. Ölkəmizin göylərini qara  buludlar alanda Qəh­rə­man dəhrəsini, yabasını, dəryazını yerə qoyub, silaha sarılıb. Böyük Vətən müharibəsində düşmənə qarşı anasının ona qoyduğu ada layiq döyüşüb, qəhrəman kimi də... İbrahim, bax, onun oğludur. Atalar yaxşı deyiblər ki, ot kökü üstə bitər. İndi İbrahimin ardınca Malik pərvazlanır.

Dağlar oğlunun  mənalı söz-söhbətini, sadə və sə-mi­mi danışığını diqqətlə dinləyir və hərdənbir bu yerlərə keşik çəkirmiş kimi ucalan qranit qayaların zirvə-sinlə qıy vurub, sakit qanad çalan qartalların rəvan uçuşuna baxırdıq. Peşəsinin vurğunu olan çoban İbra-him necə də vəcdlə danışır!

- Əlbəttə, indi keçmiş  əyyamdakı  kimi deyildir, bu gün çoban adımla, çoban həyatımla    fəxr edirəm. Xoş gün-güzəranım, abad ev-eşiyim, məktəblərdə təlim-tərbiyə görmüş xoşbəxt övladlarım, nəyim əskikdir?! Sağ olsun Sovet hökuməti. Televizora baxanda görü­rəm ki, respublikamızın Mərkəzi Komitəsinin katib­ləri tez-tez kəndlərə çıxır, el-obanı gəzir, fəhlənin, kol­xoz­çunun, çoban-çoluğun qeydinə qalır. Düzü, urəyim dağa dönür. Ona görə də öz şəxsi qoyunlarımın yunu­nu da, südünü də sovxozunkuna qatıram. Deyi­rəm ki, qoy elin mağduru çox olsun.

O, rayon partiya komitəsinin birinci katibinə müraciətlə:

- Yoldaş Məmmədov, düz deyirəm, ya yox?! Rayon partiya komitəsinin birinci katibi İbrahimin sözünə haqq verərək:

- Doğrudur, - dedi. - Elə Nəsir də...

Bizim Nəsir. Ona belə deyirlər... Bir neçə gün əvvəl rayon partiya komitəsinin binasından yanaqları pörtmüş bəstəboy bir qız çıxıb, həyətdəki bulağın sərin suyundan iki ovuc üzünə vurdu. Sonra o, həyəcanlı baxışları ilə ətrafı seyr etdi. Sanki bu yerləri birinci dəfə idi ki, görürdü. Elə bil nə isə indi başqa bir aləmə atılmışdı. Tanıyanlar onun əlini hörmətlə sıxıb:

- Təbrik edirik, Sevil, - dedilər.

Sevil. Milin göylərində bir ulduz parladı, bir ulduz söndü. Sevil adlı. Eşidib bilənlərə nisgil oldu. Ömrü­nün otuz beş ilini səfalı yaylaqlarda, çiçəkli çəmənliklərdə keçirən Nəsirə də. O gün bu çoban alaçığında bir qız dünyaya göz açdı. Mildən qara xəbər gələn gün. Adını Sevil qoydular...

 Sevil boya-başa çatdı, məktəbdə təhsil aldı, ixtisas qazandı, komsomol putyovkası ilə həyat yoluna çıxdı, atasının ardınca irəlilədi. İndi sovxozun adlı-sanlı sağıcısıdır. Onu Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə namizədliyə qəbul ediblər. Sevinci sinəsinə sığmır. Gənclik salnaməsində yeni, qızıl səhifələr açılıb. Kəndin avanqard adamlarının cərgəsinə qoşulub. Dostları onu təbrik edirlər.

Bu tərlanlar oylağının Sevil adlı, Sevil əməlli qoçaq qızına - Afərin! - deyib, ona Şamamalar, Qızqayıtlar, Tərlanlar yolunda uğurlar arzulayırıq.

Raykomun katibi İbrahimlə yanaşı dayanan alçaqboylu çobana işarə edərək:

- Bax, həmin Nəsirdir, - dedi. - Sevilin atasıdır. Özləri də yarışırlar: - "Beşilliyi dörd ildə!" - şüarı altında. - Ata-balalıq öz yerində, şərtimiz şərtdir, -deyirlər. Görək bu cıdır meydanında kim-kimi qabaqlayacaq?! Bu ilin May bayramına kimi sovxozda ötən ilin müvafiq dövründəkinə nisbətən hər inəkdən sağılan süd iki dəfə artıb. Xeyli çox quzu alınıb. Qoyunların sayının artırılmasına dair müəyyən edilmiş illik plan yerinə yetirilib. Çobanlar deyir ki, bildir hər qoyundan vur-tut iki kiloqram yun qırxılmışdı, bu il dörd kiloqrama söz yoxdur. Bax, bu da zərbəçi cəbhədə atalarla oğullar, analarla qızlar arasında başlanan yarışın ilk nəticələridir.

Ancaq Cəlil də, İbrahim də, Nəsir də, Əzizgül də başqa cür danışırlar. Deyirlər ki, düzdür, son vaxtlar heyvandarlıq sahəsində xeyli dönüş var. Lakin irə­li­ləyi­şimizin surəti günün tələblərinə cavab vermir, bizi qənaətləndirmir. Odur ki, bu barədə düşünüb-daşınıb, yeni yüksəlişə nail olmaq üçün yollar araşdırırıq. İbrahim:

- Elə tədbirimizin biri odur, göz qabağındadır, - deyib aralıdakı yaşıllıqların dövrəyə aldığı ağ binalara işarə etdi.

Xinzirək təpələrindən başlamış Qubadlını mavi qolları arasına alan Bərgüşad və Həkəri çaylarının qovuşduğu vadiyə qədər ucu-bucağı görünməyən bir düz uzanır. Neçə mil hektar sahəsi olan Yazı düzü. Di gəl ki, kölgələnməyə bir ağacı, içməyə bir ovuc suyu qəhətdir. Az bir hissəsində dəmyə taxıl əkilir, o da yağdı, gətirir, yağmadı... Otlaqları isə kəndlərdən uzaq olduğundan heyvandarların karına o qədər də gəlmir. Qubadlı camaatı əsrlər boyu bu yerlərə həsədlə baxır, onun fəth ediləcəyini xəyallarına belə gətirmirdilər. Raykomun katibi Qubadlı camaatının ürəyindən keçən sözləri ifadə edərək bu barədə minnətdarlıqla danışır:

- Respublika partiya təşkilatının kəndə, onun təsər­rüfatlarına göstərdiyi qayğı bu cür dağlıq rayonun da torpağını bəhrələndirir, adamların çoxdankı arzusu çiçək açır.

li, çayların üstündə əsaslı körpülər salınır, güclü sudartan qurğular qoyulur. İnşaatçı-melioratorlar Bərgüşadın və Həkərinin çılğın sularını ram edib onu Yazı düzünə yönəldirlər. Bunun üçün dövlət külli vəsait ayırıb...

Raykom katibinin bu yerlərin gələcəyi haqdakı söz-söhbətini dinlədikcə Yazı düzlərini sirab edən iri boruları, beton kanalları, göz işlədikcə uzanan üzüm plantasiyalarını, cərgə ilə salınan yaraşıqlı evləri, şəhər tipli qəsəbələri və burada yaşayıb-yaradan xoşbəxt adamları görürdük. Əlbəttə, bu, quru söz yox, İbrahimin bizə göstərdiyi yüksək gərginlikli elektrik xətlərinin, ucalan binaların timsalında, görüb şahidi olduğumuz və artıq həyata keçirilən bir həqiqətdir.

Bu günə kimi Balahəsənli kövşənlərində kim bir tikili görüb?! Qədim günbəzdən başqa heç bir qaraltı gözə dəymirdi. İndi burada ferma şəhərciyinin ağ mişar daşından tikilmiş üstü şiferli binalarıcərgələnir. Yüz illərdən bəri dərin dərələrdəki qaranlıq daş kahalarda saxlanan qoyun-quzu bu gün geniş düzlərə, rahat və işıqlı binalara çıxıb. Dünən nə Cəlilin, nə də ki, İbrahimlə Nəsirin - bizim fermalara gəlin, - deməyə dilləri gəlmirdi. Bu gün onlar  bizi öz şəhərciklərinə fəxrlə dəvət edirlər.

İkimərtəbəli çoban evlərində İliç lampaları bərq vu­rur. Müasir qaydada qoyun-quzu damları inşa olunub. Bir kənarda elektriklə işləyən qırxım aqreqatları dayanıb. Özühərəkətedən yemyığan kombayn start xəttindədir...

Günəş üfüqə yayılan boz buludları öz al rənginə boyayıb, uzaqdakı dağların arxasına enir, qoyun-quzu yatağına dönür, fermada iş aşıb-daşırdı. El ağsaqqalı Cəlil kişi çobanlara lazımi göstərişlər verirdi. Məgər onun bir sözünü iki etmək olar?! Xeyr, çölçülüyün də öz qanunları var. Hər bir naxırçı, çoban ona əməl etməlidir. İbrahimlə Nəsir quzuları ana qoyunlardan ayırıb öz ağılına yığırdı. Səttar fermadan aralıda başqa bir sürünün qabağında dayanmışdı. Bir qoyun belə tərpənib irəliləmirdi. Səttarın sərəncamını gözləyirdi. Gərək sürünün yatağa qəbul edilməsi növbəsi çatsın. Əks təqdirdə nizam pozulur, sağmal, subay, şişək, toğlu bir-birinə qarışar...

Belə anlarda on beş-on altı yaşlı Mədinə ilə Güləsər də kənarda müşahidəçi kimi dayanıb baxmağı özlərinə rəva bilmirlər. Rəfiqələr əllərindəki çiçək dəstələrini bir kənara qoyub, ata-analarına kömək edirlər. Süd dolu qablar maşınlara yüklənib yola salınır... Çox keç­mir ki, burada hər şey öz qaydasına düşür. Bayaqkı səs-küy kəsilir. Bircə Əzizgül dincəlmək bilmir. O, saçaqları sinəsinə sallanan güllü yun şalı çiyinlərindən geri aşırıb, gündüzdən sərdiyi sumağı gəbələri, yüküstü kilimləri çırpıb yığışdırır, yatıb-duraçağa ağ üz çəkir, fərməşləri qabqarırdı. İbrahim:

- Köç tədarükü görürük, - dedi. - Vaxt çatır, bu gün-sabah sürüləri yaylaqlara qaldırmalıyıq. Hava­ların düzəlməsini gözləyirik. Bizim çoban adətimizə görə gərək qoyun-quzu aranda gilasın qızartısını görməsin. Ancaq bahar bir qədər şıltaq keçir, odur ki, hələlik...

Artıq tüfəng qarovuldan düşur, toran qovuşurdu: çiyinlərindən qalın duman yapıncısı əskik olmayan Üçtəpə dağlarının qarlı zirvələri gecənin dərinliklərində əriyib gözdən itirdi. Burada ilk dəfəşölələnən İliç lampalarının gur işığı əsrlərdən bəri Yazı düzünə hakim kəsilən qatı qaranlığın tilsimlərini qırıb onu ferma şəhərciyindən uzaqlaşdırırdı. Çobanlar şam süfrəsini yığışdırıb onlara musiqi təranələri gətirən rayon mədəniyyət evi bədii özfəaliyyət kollektivinin konsertinə baxdıqdan sonra bahar rayihəli yaraşıqlı evlərində rahatca uyuyurdular.

Bir İbrahim yatmamışdı, bir də ki, Əzizgül. Əzizgül hələ də ev-eşiyi səliqə-sahmana salır, qırxılan yunu xarallara yığır, pendir vurur, bişirdiyi südü mayalayıb qatıq çalır, qoyunları yaylıma çıxaracaq çobanlara dəstərxan bağlayırdı. Əzizgül mışıl-mışıl yatan körpələrinə nəvazişlə nəzər salıb üstlərinə bir adyal da örtdü, sonra o, pillələrlə ikinci mərtəbəyə qalxdı, dəhlizin hələ rənglənməmiş təzə sütununa söykənib dincini alırmış kimi intəhasız düzlərə çökmüş qaranlığın ənginliklərinə həzin bir nəzər saldı. Fermanın keşi­yində ayıq-sayıq dayanan İbrahimin hənirtisi, örüşə buraxılmış çoban atlarının ayağındakı dəmir buxovların cingiltisi, isaq-musaq quşlarının sual-cavabı eşidilirdi. Bu səslər Əzizgülə hələ bəstələnməmiş sehrkar bir musiqi təsiri bağışlayırdı.

 

1976-cı il




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com