www.aliildirimoglu.az

OÇERKLƏR

MAŞINLARIN NƏĞMƏSİ

Mexanik maşın-traktor parkına baş çəkib, təmirçilərə lazımi məsləhətlər verdi və sonra da köhnə traktorun üstündə əlləşən pəhləvan cüssəli mexanizatora yanaşaraq:

- Həsən, inad eləmə, - dedi. - Sədrlə partkom da elə dünən bu barədə danışırdılar. Təzəsini verirlər götür, hələ onlara bir çox sağ olun da de. Əşi, əl çəksənə bu sınıq-salxaqdan.

Traktorçu onun dediklərini eşitmək istəmirmiş kimi diqqətini motordan yayındırmadan müxtəlif öl­çülü açarların birini götürüb, birini qoyurdu. Baş mexanik onu həvəsləndirib, fikrindən daşındırmaq üçün əlavə etdi:

- Özü də təzə buraxılışdır. Bir kabinəsi var ki, gəl görəsən. "Volqa"nın içindən rahatdır. Adam oturanda düşmək istəmir...

Həsən tövrünü pozmadan maşının yanacaq sis­te­mini nizamlayıb qəddini düzəltdi və bayaqdan işlətdiyi təmir alətlərini səliqə ilə yerbəyer etdi. Sonra o, benzinli nəm əski ilə əlini silib mexanikə tərəf yönəldi:

- Ötən partiya iclasında deyilənlər yadındadır?!

Mexanik dillənmədi və ona istehza edirmiş kimi xəfifcə gülümsündü.

Həsən Səfərov görkəminə ciddi bir ifadə verərək dilləndi:

- Yerindən qalxan deyirdi ki, maşınların qədrini bilək, yanacağa, ehtiyat hissələrinə qənaət edək, istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərini aşağı salaq, xalis gəlirin artırılması üçünəlimizdən gələni əsirgəməyək...

Düzdür, kommunistlərin tələbi haqlıdır. Biz bu barədə qərar da qəbul etmişik. Ancaq yoldaş mexanik, iclasda o çür ağzıgöyçəklik edib, sonra da ildə bir maşın dəyişdirib, gündə də ehtiyat hissəsi ardınca qaça bilmərəm. Razı ola bilməram ki, əlimdəki maşın işə qadir olduğu halda, kolxoz bir ətək pul xərcləyib mənə təzə maşın alsın. Bir də ki, istər şəxsi, istərsə də ictimai təsərrüfatda israfçılığın, bədxərcliyin əleyhinəyəm...

Baş mexanik:

- Ay Həsən, bir barədə doğru deyirsən. Ancaq hər şeyin həddi var,- dedi. - Axı, sizin bu traktorun altı il bundan qabaq çıxdaş idi...

- Qorxma, sahədə ilişib qalmaz! Mən ali məc­lisi­mizdə irəli sürülən vəzifəmi başa duşürəm. İstəyirsən əsas istiqamətlərdə yazılanları əzbərdən danışım. "...Maşınlardan istifadə olunması xeyli yaxşılaşdırılsın, bunların vaxtından tez hesabdan silinməşnə yol verilməsin".

Mahir traktorçu bunu deyib, özünəməxsus çevikliklə sükanın arxasına keçdi. Traktorun gur səsi ətrafa yayıldı.

* * *

Altı il bundan əvvəlin söhbətidir. Sahilləri büllur kimi şəffaf buzla haşiyələnmiş Arazın gecə-gündüz layla çaldığı Balabəhmənli kəndi qış yuxusundan yeni­cə ayılmışdı. Günəşin ilıq ziyası kiçik çillənin soyuq nəfəsini güclə  yumşaldıb isidir, dəmir taxtapuşlardan, telefon məftillərindən düşən damcılar həyət-bacanın ağ örpəyinə iri nöqtələr düzürdü. Kəndin adamları gözəl qış mənzərəsinə baxdıqca vəcdə gəlir və onların nikbin çöhrəsi ilhamla işıqlanırdı. Kolxozçular şən əhvali-ruhiyyə ilə işə tələsirdilər. Maşın-traktor parkına, heyvandarlıq fermalarına, üzümlüklərə...

Təzə alınan və təmirdən çıxan maşın, mexanizmlər talvarların altında səliqə ilə cərgəyə düzülmüşdü. Metalluma göndəriləcək traktorlar, kotanlar, dəmir qırıntıları parkın çıxacağındakı küncdə üst-üstəyığılmışdı. Kənd təsərrüfatı maşınlarına texniki baxış keçirən komissiyanın sədri əlindəki silgi aktına baxaraq:

- Bircə Məmmədin imzası qalır, - dedi və onu bir neçə gün əvvəl yazılmış akta imza etməyə çağırdı.

Məmməd kişi əvvəlcə metal yığınına diqqətlə nəzər saldı. Onun gözləri aralıdakı sökülmüş traktora sataşdı. Qocaman mexanizatorun gümrah baxışlarındakı xoş təbəssüm bir andaca yox oldu. Onun şən çöh­rə­sinə sanki qalın bir kölgə çökdü və alnındakı qırışlar daha da dərinləşdi. Məmməd özünəməxsus təmkinlə irəliləyib maşının üstündəki qarı sildi. Traktorun islanmış yaşıl rəngi parıldadı. Təcrübəli mexanizator loğman əlini aqreqatın iş orqanlarında gəzdirib təbdən çıxdı. O, dən düşmüş qaşlarının altındakı sərt baxışları ilə komissiya üzvlərini süzərək:

- Sizi qınamıram, - dedi. - Cütün maçından yapışıb, səhərdən axşamacan öküzlərin arxasınca sürünsəydiniz, bu traktorun qədir-qiymətini bilərdiniz. Başa düşmürəm ki, əliniz necə var gəlir?!

Buludlar sıxlaşır, səma getdikcə bozarır, göydən tək-tək qar düşürdü. Hələ bığ yeri tərləməmiş ucaboy oğlan əlindəki balaca radioqəbuledicini ehtiyatla silib son dəbdə olan paltosunun altında gizlətdi. Onun bu hərəkəti Məmməd kişinin diqqətindən yayınmadı:

- Oğul, - dedi. - Xətrinə dəyməsin, o balaca "pryomnikin" üstündə əsirsən. Amma bu boyda maşının silgi aktı gələndə ağınan -bozuna baxmadan tez cibindən avtomat qələm çıxarırsan.

Məmməd kişi silgi aktını alıb universal traktorun, bir də ki, öz adının üstündən qələm çəkdi və sonra da: - Həsən, Həsən, - deyə aralıda işləyən gənc mexanizatoru səslədi.

Həsən atasının önündə valideyninə olan ehtiramı qarşisında baş əyirmiş kimi sakitcə dayanmışdı. Məmməd kişi amiranə bir səslə:

- Cibində də partiya bileti gəzdirirsən, - dedi. - Amma gözlərinin qabağında belə bir traktoru... Sənin maşının təzədir, ver növbədə dayananların birinə, qolunu çırmala, bu traktoru...

Bakı - Yerevan qatarı fit verib Mirbəşir Qasımov  adına kolxozun tarlalarını yarıya bölən dəmir yolundan sürətlə keçdi və kənddən aralanaraq irəlidəki ağacların arasında gözdən itdi. Parovozdan qalxan bənöv­şəyi tüstü kəndin səmasından hələ də asılı qal­mışdı. Məmməd Abdullayevin qəlbindəki nisgilli hisslər yenə də baş qaldırdı. Xəyalı onu neçə il bundan əvvələ qaytardı. Ayağı təzəcə yer tutanda ata-anasını itirib tənha qaldığı illərə. O, hərdən bu qatarı gördükcə maşinistlərin yanında gecələyib ocaqçılarla dostluq etdiyi, daş kömür daşıdığı, dəmiryolçu olmaq arzusunun onun qəlbinə hakim kəsildiyi illəri xatırlamaya bilmir. Ancaq yaşıllıqlara qərq olan axar-baxarlı kənd­də yaşamaq, kolxoz həyatının qaynar qoynuna atılmaq, əmək adamlarının cərgəsinə qoşulmaq həvəsi onun bu ilk arzularını alt-üst etdi. Araz vadisinin mehi dolu sünbüllü zəmilərə sığal çəkəndə, turaclar bu yerin hüsnünə nəğmələr qoşanda Məmməd gecə-gündüz başında dolaşan gənclik arzularının hökmü ilə qatardan atıldı... O, özünə gələndə məhzun gözləri başının üstündə dayanan adamın xeyirxah baxışları ilə rastlaşdı. Onun donmuş dodaqları pıçıldadı:

- Zəngilan rayonundanam, - dedi. - Heç kəsim...

Balabəhmənli torpağını titrədib əsrlərin yuxusundan oyadan ilk traktorun sükanından birinci o yapışıb. Mədəd əmi. Kəndin adamları ona ehtiramla belə müraciət edirlər - Mədəd əmi. O, qərib və kimsəsiz gəncin qolundan yapışıb ayağa qaldırdı. Məmmədə ha­yan oldu, atalıq etdi. Onu öz arxasınca apardı, peşə­sini öyrətdi. Məmməd Abdullayev tarla qızlarının önündə gedən Sitarəni gözaltı etdi. Hər gün polad köhləninə süvar olub bu geniş və bərəkətli tarlalara meydan oxuyan hünərvər mexanizatoru kim sevməz. Mədəd kişi onlara xeyir-dua verdi, ailə səadəti arzuladı. Onlar həyat qurdular. Ev-eşik sahibi oldular. Kəndin ağsaqqalı Mədəd Əliyev onun estafetini uğur­la aparan xələfinin qədd-qamətinə baxdıqca, ədəb-ərkanını gördükcə riqqətə gəlir. Məmməd Ab­dullayev həyatda ona yar olan xeyirxah ustadının ibrətamiz sözlərini heç vaxt unutmur:

- Məmməd, elin rəğbətini qazanmaqdan böyük səadət, onun nifrətinə məhkum olmaqdan ağır cəza yoxdur. Çalış, camaatın ehtiramına layiq ol.

On birinci beşilliyin ilk baharıdır. Füzulinin üzüm bağlarında, taxıl zəmilərində, heyvandarlıq ferma-larında umumxalq sosializm yarışı yeni vusət almışdır. Hamı ölkə kommunistlərinin ali məclisində deyilən müdrik sözlərin, qəbul olunan tarixi qərarların unudulmaz təsiri altında əmək fəallığı, ruh yüksəkliyi ilə çalışır. Dünən verilən vəd, deyilən söz bu gün əmək meydanında əməli işə çevrilir. Heyvandarlar gerilik­dən çıxmaq üçün cari ilin ilk günlərindən uğurlu addımlar atırlar. Əkinçilər hektardan on-on beş sentner məhsul götürməyi öz taxılçı adlarına yaraşdırmırlar. Mirbəşir Qasımov adına kolxozun əmək bahadırları hektardan əlli sentner məhsul götürməyi qarşılarına qəti məqsəd qoymuşlar. Onların bu nəcib təşəbbüsü Füzuli rayonunun bütün taxılçıları arasında əks-səda doğurub. Rayon partiya komitəsinin birinci katibi tə­sər­rüfat başçıları ilə sahələri gəzir, taxılçıların verdikləri vədə necə əməl etdiklərini nəzərdən keçirir, mütə­xəssislərlə bu barədə fikir mübadiləsi edir. Kol­xoza otuz üç il sədrlik edən Barat İsmayılov Jda­nova doğru gedən asfalt yolun sağ kənarı boyunca bərq vuran məxmər zəmilərə, yaşıl yoncalıqlara işarə edərək:

- Bu yerləri bizim Məmmədin traktoru cənnətə döndərib, - dedi. - Bir vaxt buralardakı sıx qamışlıqdan, tikanlı kol-kosdan keçmək mümkün deyildi.

Sədr ətəkləri Araza doğru sallanan alçaq təpənin aşı­­rımındakı maşına işarə edərək:

- Məmməd Abdullayevin traktorudur, - dedi. - Haramıya gedir, şum qaldırmağa. Balabəhmənli torpağının elə bir parçası yoxdur ki, orada Məmmədin idarə etdiyi traktorun izi olmasın. Yaş onu haqlasa da, sükandan ayrılmaq istəmir. Taxıl biçir, yer şumlayır, arx çəkir. Əhsən  ustadına, Məmməd nə tökubsə, o da yığıb. Elə oğlu Həsən də atasının yolu ilə gedir. Halal olsun, kolxozumuzun dayaqlarıdır. Maşın-traktor parkına dönəndə günorta fasiləsi hələ qurtarmamışdı. Kənd təşviqatçısı İbadulla Əsədov Sovet İttifaqı Kommunist Partiyası XXVI qurultayının, Azərbay­can Kommunist Partiyası XXX qurultayının qərarları ilə əlaqədar olaraq kənd mexanizatorlarının görüb-görəcəyi işlərdən danışırdı. Gənc mexanizator Həsən Səfərovun istismar müddəti altı il bundan qabaq qurtaran universal traktoru hələ də məharətləişlətməsi sovet adamına xas olan yüksək kommunist şüurluluğunun əyani nümunəsi kimi izah edildi. Mədəd Əliyevin, Məmməd Abdullayevin gənc mexanizatorlara örnək ola biləcək nəcib    keyfiyyətləri, onların işi və əməli kənd əməkçilərinin mənəvi kamilliyinin, siyasi yekdilliyinin timsalı kimi mənalandırıldı. İşdəki nöqsanlardan, gerilikdən, onun aradan qaldırılması üçün növbəti vəzifələrdən ətraflı söhbət getdi.

Beşilliyi dörd ildə! Kənd adamlarının fikrini ifadə edən bu çağırış, təşviqatçının səfərbəredici söz-söhbəti mexanizatorları iş başına tələsdirirdi. Təşviqatçı fikrini tamamlayıb qurtaranda hamı bir nəfər kimi ayağa qalxdı...

Onların timsalında qurultayda deyilən: - Ölkə yeni onilliyə işə sədaqətli kadrların çoxmilyonlu ordusu ilə qədəm qoymuşdur - sözlərinin əyani sübutunu görür­dük. Qərib Qardaşxanov ağır çəkicini qaldırıb-endirdikcə odlu kürədən çıxan gözərmiş dəmir zindanın üstündə mum kimi əyilir, qatlanır və ətrafa qığılcımlar səpələnirdi. Elbrus Əhmədov bu gün-sabah sü­var olacağı kombayna dönə-dönə əl gəzdirirdi. Tey­mur Məmmədov yük maşınını uzaq səfərə hazırlayır­dı. Texnikumu yenicə bitirən Kərəm İsmayılov görüb-götürmüş mexanizatorlardan öyrənib təcrübə toplayır, arabir təmirdən çıxan aqreqatları silib təmizləyirdi. Traktor briqadiri Veysəl Mirzəliyev universal traktorların sürücülərinə lazımi tapşırıqlar verib müxtəlif istiqamətlərə yola salırdı...

Araz vadisində cövlan edən maşın və traktorların gur səsi dalğa-dalğa ətrafa yayılırdı...

 

1979-cu il




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com