www.aliildirimoglu.az

OÇERKLƏR

TORAĞAYLI CIĞIRLAR

Şəfəqləri Arazın gümüşü sularını işıldadan qış günəşi üfüqdəki bulud laylarını al rəngə boyayıb bəyaz zirvəli dağların arxasına çəkilirdi. Ətrafa toran çökürdü. Qışlaqları dövrəyə alan alçaq təpələr, boz düzlərə yayılan ağlı-qaralı sürülər, müxtəlif səmtlərdə görünən çoban alaçıqları gecənin dərinliklərində əriyib yavaş-yavaş gözdən itirdi. Orda-burda uğuldayan yem yüklü avtomaşınlar qışlaq yollarına çökməkdə olan qaranlığı fənərlərindən süzülən gur işıqla qovub aralıdakı fermalara doğru şütüyürdü.

Çərkəzin sürüsü hələ yatağa qayıtmamışdı. Onun hənirtisi uzaqlardan gəlirdi:

- Mürşüd, subay qoyunların qabağını qaytar, hava xoşdur! Bu uzun gecədə heyvanları indidən yatağa doldurma!

Çərkəzin bir sözünü iki etmək olar?! Çoban həm­karları təcrübəli heyvandarı bir ata kimi sayıb eşidirlər. Çobanlar subay heyvanları yaşıl rəngini hələ də özündə saxlayan dərin dərənin boğazına tərəf endir­dilər. Mürşüd qara yapıncısının ətəyini geri çəkib üst-üstə yığılmış çırpıya od vurdu. Əvvəlcə tüstülənib sonra da çırtıltı ilə yanan quru çırpının gur alovu oçağı dövrəyə almış şən əhvali-ruhiyyəli çobanların təmiz çöl havasında qızaran çöhrəsini işıqlandırdı. İslanıb yumşalmış otlardan bəs deyincə yeyib doyan gümrah heyvanlar bir-birinə qısılaraq kiçik çilənin sazağını veclərinə almadan sakit-sakit gövşəyir və yatağa doğru axışmaq üçün sanki sahiblərinin işarəsini gözləyirdilər. Əlbəttə, burada sürülərin örüşdən yatağa qayıtması üçün dəyişilməz bir qayda yoxdur. Bu, hansı gün havanın necə olmasından asılıdır. Günəşli günlərdə bu yerlərin hüsnü baharın gəlin çağını xatırladır.

Çoban evlərində, qoyun damlarında, quzu küzlərinin qabağında İliç lampaları şölələndi. Əks tərəfdə güclü projektor yandı. Alçaq təpələrin arasındakı ferma şəhərciyi gündüzlər olduğu kimi işığa qərq oldu. Hər tərəf apaçıq göründü. Heyvandarlar gümrah qoyunları, dəcəl quzuları yerbəyer etdilər. Mütəxəs­sislər quzu küzlərini, qoyun damlarını axşam yoxlamasından keçirir, heyvandarlara lazımi məsləhətlər verirdilər.

Bir qədər aralıda Arazın soyuq sazağı adamın iliyinə işləyirdi. Burada isə külək heç hiss olunmurdu. Hava necə də sakit və mülayimdir. Bəli, Çərkəzin dili ilə desək, görüb-götürmüş heyvandar gərək qış yatağını harada salmaq lazım olduğundan baş çıxara bilsin. Əks təqdirdə...

Neçə il bundan əvvəlin söhbətidir. İstilər artır, düzlər dolub-saralır, elat yaylağa hazırlaşırdı. Ferma­larda köç tədarükü görülürdü. Baş Mil kanalından qurşaq tutan çınqıllı təpələrin üstündə inşaatçılar ipləölçü aparır, yerə mıxca çalır, tikiləcək binaların bünöv­rəsini müəyyənləşdirirdilər. Qış yatağının əra­zisində görülən bu işlər Çərkəzin diqqətini cəlb etdi. O, sinə yerə yayılan sürünü köməkçilərinə tapşırıb inşaatçılara tərəf yönəldi. Baş mühəndis adlı-sanlı çobanı qabaq­layıb vəcdlə:

- Çərkəz əmi, təbrik edirik, - deyib sonra yarı­zarafat: - El dağdan qayıdana qədər qoyun damları hazırdır. Bu il bəxtiniz yaman gətirib. Qamış damlardan, yeraltı pəyələrdən yaxşıca canınız qurtardı. İndi, de görək zəhmətimizin müqabilində bizə suluqdan-zaddan gətirmisən, ya yox?

Çərkəz dillənmirdi və bir qədər pərt kimi görü­nürdü. O, özünəməxsus təmkinlə gənc mühəndisə yaxınlaşıb düz onun qarşısında çomağına dirsəkləndi:

- Göstərdiyiniz qayğıya görə sizə minnətdarıq, - dedi. - Ömrünüz uzun olsun! Ancaq inciməsəniz, bir sualım var.

- Buyurun, Çərkəz əmi.

O, qıvrım saçları qalın qaşlarına tökülən iri papağını bir balaca alnından yuxarı qaldırdı:

- Burada qış yatağı salırsan, - dedi, -  yoxsa yay yatağı?

İnşaatçılar çaş qaldılar. Çərkəz istehza ilə gülümsünüb əlavə etdi:

- Əşi, bu istilərdə təpənin başında yel vurub yengələr oynayır. Külək az qalır adamı aparsın. Qışın sazağında burada duruş gətirmək olar?! Adınızı da incinar qoymusunuz. Oğul, biz çobanlara belə yataq lazım deyil. Burda yurd salmaq olmaz.

İnşaat briqadiri ilə mühəndis bir-birinin üzünə baxdılar. İnşaatçılar çobanın sözündən sarsıldılar. Sanki ayılan kimi oldular. Ancaq səhvlərini hələlik ağartmadılar...

Söz-söhbət böyüdü. Füzuli rayonunun müvafiq təşkilatları işə qarışdı. Partiyanın XXIII qurultayı adına kolxozun çobanları bu məsələdə haqlı çıxdılar. Onların rəyləri nəzərə alındı. Qışda sazaq tutmayan, günəvər, magistral yola yaxın, xəsil əkmək üçün münasib sahəsi olan bir yerdə binalar uçaldıldı...

Fermada mal-qaranı suvarmaq üçün heç də uzağa getmək lazım deyil. Yaxınlıqdan gecə-gündüz yarpız və su qıcısı ilə xəfifcə pıçıldaşan gur bulaq axır. Səmada dəstə-dəstə dövrə vuran quşlar da sanki qışlaq üçün bu dilbər guşəni münasib bilib, özlərinə məskən seçiblər.

Respublikanın əməkdar çobanı Çərkəz Şükürov deyir ki, qoyunçuluğun çoxlu sirri var. Gərək onu dərindən biləsən. Qışlaq yerini gərək külək tutmasın. Həm də gün döysün.

Fermanı dolaşdıqca buradakı səliqə-sahmana hey­ran qalmamaq olmur. Əyni xalatlı zoobaytar işçiləri daim heyvandarların arasındadır. Baytar həkimləri, zootexniklər ana heyvanları, körpə quzuları, cins qoçları mütəxəssis qayğıkeşliyi ilə dönə-dönə yoxlayıb müayinədən keçirirlər. Doğmaq məqamı çatan qoyunlar vaxtlı-vaxtında müəyyən olunur, əvvəlcədən təlimatlandırılmış təcrübəli dölçülərə təhvil verilir. Bu sahədə Qənimət Cəfərovun səriştəsinə söz yoxdur. Onun növbə çəkdiyi vaxtlarda bir baş belə qoyun-quzunun burnu qanamayıb. Ustalıqla hörülmüş isti və rahat küzlərə kətyan otu döşənib. Quzuların altı həmişə təmiz saxlanır. Fermada danışırlar ki, Məhər­rəm Şükürov, Qənimət Cəfərov, Xurşud Allahver­diyev quzuların dilini bilir, qayğısını çəkir, körpə heyvanların bəslənməsinə yüksək məsuliyyət hissi ilə yanaşırlar. Əlbəttə, bu, heç də təsadüfi hal deyil. Heyvandarlar təşviqatçıların aylardan bəri apardıqları söz-söhbətdən, fermanı bəzəyən şüar və plakatlardan, qırmızı guşəyə gələn gündəlik qəzet və jurnallardan yaxşı bilirlər ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qarşıdakı plenumunda məhz onların görüb-görəcəyi işlər yüksək tələblər baxımından təhlil olunacaqdır. Çərkəz deyir ki, gərək plenuma qədər gecəni-gündüzə qatıb elə çalışaq ki, əldə etdiyimiz nailiyyətlər partiya və hökumətimizin bu gün biz çobanlara göstərdikləri qayğıya, qoyduqları haqq-saya layiq olsun.

Fermanın cəmi bir neçə metrliyində hələ yayda biçilib yığılmış yem tayaları cərgələnir. Yan tərəfdəki senaj və silos qurğularında bəs deyincə şirəli yem vardır. Yüz hektarlıq yaşıl xəsil sahəsi təzə doğan, nisbətən arıq olan qoyunlar və körpə quzular üçün ayrılmışdır.

Mürşüd deyir ki, yem gərək heyvanın başının altında olsun. Bəzən görürsən, qar qapını kəsəndə heyvandarlar ayılıb əl-ayağa düşürlər. Ferma işçiləri kənddən qışlağa on kilometrlərlə mənzil kəsib ot daşıyırlar. Amma heç demirlər ki, çala-çuxur torpaq yollarda avtomaşın atılıb-düşdükcə, o otun, yoncanın qurumuş zərif çiçəklərindən biri də qalmır. Maşın silkələndikcə qəhr olub yollara ələnir. Biz bu cür məsələləri vaxtında ölçüb-biçib əncam çəkmişik.

Çoban Mürşüd ömrünün yarım əsrdən çoxunu ala­göz yaylaqların səfalı qoynunda, il boyu əlvan çiçəkləri əskik olmayan haramı düzlərində, Araz vadi­sindəki həmişəyaşıl dərələrdə keçirib. Elə il olmayıb ki, qoyunların sayını artırmaq, məhsuldarlığını yüksəltmak barədə idarə heyətinin, ilk partiya təşkilatının müəyyən etdiyi planları birə-iki qat ödəməsin. Mərd kommunist. görüb-götürmüş heyvandar kimi Mürşüd Vəliyev ötən beşilliyin qabaqcılıdır. İndi də yüksək şüurluluq nümunəsi göstərlr. Onun işi ilə tanış olduq, razı qaldıq. Hünərvər çobana ürəkdən - afərin! - dedik. Xudahafizləşib ayrılmaq istəyəndə ehtiramla qolumuza girdi:

- Gərək qonağım olasınız, - dedi. - Buraxmaram, yüz ilin başıdır. Bir çoban loxması kəsin.

Təşəkkürümüzü bildirdik, zəhmət vermək istəmə­dik. Həcər timsallı bir qadın əlindəki oxlovu dördayağın böyrünə qoyub təndirin üstündən qalxdı və Mürşüdün sözünə qüvvət verdi.

Çərkəz:

- Nubar bacıdır, - dedi, - Mürşüdün külfətidir. Sözlərini sındırmayın, inciyərlər.

Nübar bacı gümrah çöhrəsinə səmimi bir ifadə verərək:

- Xətrinizə dəyməsin, rayondan gələnlər elə çoban-çoluğa ötəri bir baş çəkib, tələsik də qayıdırlar, - dedi. -Bir demirlər ki, bəs bu çölçülükdə necə dolanırsınız...

Nübarın eyhamındakı incə və haqlı iradı etiraf etməmək olmaz. Daşdan tikilib üstü şiferlənmiş, geniş dəhlizi, iri və işıqlı pəncərələri olan otağa girdik. Sol tərəfdə televizor və radioqəbuledici qoyulub. Taxta dö­şə­məyə Nübarın sehrkar barmaqları ilə ilmələnib zinətlənən və milli naxışları olan rəngbərəng gəbələr sərilib. Baş tərəfdə yük qurulub, üstünə kilim çəkilib. İsti peçin ətrafında mütəkkələr qoyulub. Otağın başqa bir küncündə hələ tam sırınmamış ipək yorğan, üzü çəkilməmiş döşək, heybə və qatdalı cecim görünürdü. Çərkəz marağımızı hiss edib ürəkdən gələn bir sevinc­lə:

- Nubar bacı altdan-altdan toy tədarükü görür, - dedi. Mürşüd:

- Bəli, -  dedi. - Sağlığınıza doqquz övlad böyütmü­şük. Çoxu məktəb qurtarıb, sənət öyrənib, ailə qurub. Qızlar ana olub, oğlanlar ata. Mən də ki, babayam.

Nübar təntənə ilə:

- Çərkəz qardaş düz deyir, indi də Məhəmmədə toy tədarükü görürük, - dedi. - Ali təhsilli bir qızı gözaltı eləyib. Elə qız tərəfi də razıdır. Niyə də olmasınlar, Məhəmməddən yaxşı yeznətapacaqlar?! Qışı yola salıb, qoyun-quzunu sağ-salamat yaza çıxarıb sonra da toylarını edəcəyik. Çobanlar deyir ki, Mürşüd əmi, gərək aşıq gətirəsən. Sazlı-sözlü məclisdən yaman xoşları gəlir.

Haqqında danışdığımız adlı-sanlı çoban Çərkəz Şükürov hər gün sürüləri yerbəyer edib nigarançılıqdan çıxdıqdan sonra, yaxınlıqdakı evinə dönür. Ömür-gün yoldaşı Maral xalanın ağ samovarı da Çərkəzin gəlişindən sevinib şənlənirmiş kimi həzin-həzin züm­zümə edir. Daş pilləkənlərdən çıxıb evin ikinci mərtə­bəsinə daxil olanda onuncu sinifdə oxuyan Bədir­cahanın becərdiyi dağ çiçəklərinin valehedici rayihəsi duyulur. Çərkəz əvvəlcə bu dibçəklərə riqqətlə nəzər salır. Bəzən xəyallanır, fikri çiçəkli-çiskinli Sarıyurdu, Murovu dolanır. Vurğunu olduğu yaylaqların təsəllisini elə bil bu dibçəklərdəki çiçəklərdə tapır. Sevimli qızı Bədircahanın qayğısı ilk ətirlənən gül-çiçəklərində.

Çərkəzin qəlbində indi də ev-eşik, ailə qayğıları baş qaldırır. Səfər inşaatçı, İslam mühəndis-meliorator ixti­sası qazanırlar. Övladlarının hər ikisi ali məktəbdə təhsil alır. Öz çalışqanlıqları, ədəbli vəintizamlı olma­ları ilə fərqlənirlər. Necə deyərlər, hamı da onları barmaqla göstərir.

Şabalıdı rəngdəki stolun üzərinə qoyulmuş qara telefon zəng çalır. Çərkəz dəstəyi qaldırır. Telefonçu qızın səsi eşidilir:

- Bakıya cavab verin!

Çərkəzlə Maral oğlanları ilə danışdıqca özlərində bir yüngüllük hiss edirlər. Bacı-qardaşların məsum baxışlarına şən təbəssüm yayılır.

Hansı çobanın işi və məişət şəraiti ilə, ailə vəziyyəti ilə maraqlanırdıqsa, bu cür ürəkaçan faktların şahidi olurduq.

...Sübhün şəfəqləri sökülür, hava işıqlanır, günəş üfüqdən ağır-ağır baş qaldırır, gecənin soyuğu kəsər­dən düşür, yataqdan buğ qalxır, örüşlərin qırovu çəkilir. Çobanların hay-harayı axşamdan bu yerlərə hakim kəsilən sükutu pozur. Sürülər yamacların güney tərəflərinə yayılır. Ana qoyunlara təknələrdə qüvvəli yem verilir. Quzular küzlərdən çıxıb qarğı çəpərlə əhatə olunmuş meydançalarda atılıb-düşür vəsonra da özlərinə məxsus şıltaqlıqla yaşıl xəsil sahələrinə doğru hücum çəkirlər...

Çərkəz bu mənzərənin seyrinə dalıb qara yapıncısını çiyni ilə sinəsinə tərəf çəkdi:

- Əlim ağac tutandan bu sürülərin arxasındayam, - dedi. - Bir vaxt darısqal çoban daxmalarını işıqlandırmaq üçün hisli çıraq da tapa bilmirdik. Lampa yandırmaq hər adama müyəssər olmurdu. Yeganəyana­ca­ğımız olan kərmə və təzək tüstüsü gözlərimizi  acışdırıb yaşardırdı. Neçə-neçə məşəqqətli illər görmüşəm. Kim idi çoban-çoluğun qeydinə qalan? İndi zaman başqadır, heç bir şeydən korluğumuz yoxdur. İşimiz rəvan, günümüz xoşdur. Amma di gəl ki, belə bir gözəl şəraitin müqabilində əldə etdiyimiz nəticələr məni əsla açmır. Doğrudur, bizim bu kolxoz heyvandarlıqda    qonşu təsərrüfatların hamısını üstələyib. Keçən beşilliyi uğurla başa vurmuşuq.  Bildir plan və öhdəliyimizi yerinə yetirmişik. Bu ilin birinci ayında da keçən ilin həmin dövrünə nisbətən qoyunların sayını üç yüz baş artırmışıq. Hər yüz qoyundan da otuz baş çox quzu almışıq. Ölüm-itim də ki, yoxdur.

Əməkdar çoban qayğılı baxışlarına ciddi bir ifadə verərək:

- Yox, - dedi. - Bununla öyünə bilmərik. Taxılçılar hektardan əlli sentner məhsul götürüblər. Üzümçülərin işi qalxıb durub dağın başında. Bax, onların addımı ilə ayaqlaşa bilmirik. Ləng tərpənirik. Bu sözü yoldaşlarıma da demişəm. El arasında bir məsəl var, çobanın könlü olsa, təknədən pendir tutar. Gərək bu il qolumuzu çirməyib əməlli-başlı işə girişək. Ötən həftə kolxozumuzun sədri dedi ki, Çərkəz, təsərrüfatımızın ümumi xalis gəliri planda nəzərdə tutulduğundan dörd dəfə çox olub. Heyvandarlıqdan xalis gəlir isə plandan iki dəfə çoxdur. Doğru sözə nə deyəsən? Düzü, xəcalət çəkdim. Axı, niyə biz dəstədən geri qalaq? Bu il bu xəcalətdən çıxmalıyıq. Sözümüz söz, qərarımız qətidir...

Enişli-yoxuşlu, turaclı-torağaylı cığırlardan dolaylanıb Arazın sol sahili boyunca qıvrılan asfalt yola endik. Əyləşdiyimiz avtomaşının sürəti getdikcə artır, bayaqdan bəri dolaşdığımız qış yataqlarından aralanırdıq. Bu geniş çöllərin hər qarışında izi olan, hər dərəsindən hənirtisi gələn hünərvər çobanların sadə, səmimi, təbii söz-söhbətlərinin bizə bağışladığı bir dünya xoş təəssüratla...

 

22 noyabr 1982-ci il




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com