www.aliildirimoglu.az

OÇERKLƏR

POÇTALYON

Hava qaralır, tüfəng qarovuldan düşürdü. Gah Baba dağının zirvəsində sıxlaşan, gah da Yer­fi kəndinin səmasına yayılan çiskinli buludlar uzun payız gecəsinin zülmətini daha da artırırdı. Küçələr­dəki beton dirəklərdən asılan elektrik lampaları bəyaz tülə bürünübmüş kimi zəif şəfəq saçıb, ətrafdakı işıq və telefon məftillərindən büllur muncuq kimi asılan damlaları güclə işıldadırdı. İbrahim öz-özünə: - hava­dan qar iyi gəlir - deyib atın yəhərini aldı, beli yün-gülcə tumar vurub, tərliyini dəyişdi. Öz-özünü məzəm­mət edirmiş kimi: - bu gün ağıllı-başlı yormuşam, - dedi və təəssüflə başını buladı. Dəhlizin bir küncündəatın qabağına ələf qoyub, əlini yalmanında gəzdirdi. O, təzəcə ovxarlanmış baltasını götürüb, həyətdəki quru kötükləri ciliklədi və otaqdakı peçin yanına yığdı. Sonra da stolun üstünə qoyduğu meşin poçtalyon çantasının içərisini bir də diqqətlə nəzərdən keçirdi. Səhərdən  axşamacan kəndbəkənd, qapı-qapı dolaşıb hər kəsin qəzetini, jurnalını, məktubunu, bağlamasını öz sahibinə çatdırmışdı. Çiynində gəzdirdiyi çantanın içərisində abunə yazıldığı qəzet-jurnalları qalırdı, bir də ki, nəvələri üçün aldığı üstü qırmızı, ağ, sarı güllü şirni qutuları. İbrahim özündə qeyri-adi yüngüllük hiss etdi. Nurani baxışları duruldu. Geniş alnına, qətiyyətli sifətinə düşən qırışlar da elə bil İbrahimin qəlbində baş qaldıran nikbin hisslərin təsiri altında əriyib yox oldu. Ancaq... O, çantanın üstündəki balaca cibə baxanda... sanki bir  andaca kiminsə tənəli giley-güzarına məruz qaldı. Özünü itirən kimi oldu. Dən düşmüş qaşları çatıldı, tutqunlaşan çöhrəsindəki çalın-çarpaz qırışlar yenidən dərinləşdi. Ona canlı məxluq görünən meşin çantasının qarşısında təqsirkar görkəm aldı. Çantanın balaca yan cibindən çıxan əl boyda teleqram kağızını ehtiyatla qatlayıb götürdü. Çantanı ikrahla kənara itələdi.

İbrahim fikirli-fikirli sobaya bir neçə odun atdı. Közərmiş ocağın qızartısı onun nigarançılıq ifadə edən yanağında şəfəqləndi. Ancaq o, bu istini hiss etmirdi. Qarşısındakı qızmar soba da ona soyuq görünürdü. Ömür-gün yoldaşı Mədinə xalanın bayaqdan süzdüyü kəklikotu çayı da soyuyub buza dönmüşdü. Bəzilərinə kiçik görünən bu məsələ İbrahimin qəlbini ağrıdırdı. Bu ağrı onun sadə peşəsinə olan vurğunluğundan, vəzifəsinə bəslədiyi dərin məsuliyyət hissindən, xidmət   etdiyi kəndlərin, hər gün qarşılaşdığı adamların xoş xəbərlər müjdəsinə göstərdikləri ehtiram və etimaddan doğurdu.

İntizarın atasına ehtiyatla verdiyi sorğu-suallar bəzən cavabsız qalırdı. Mədinənin dedikləri də... İbra­him narahat hisslər keçirirdi.  Fikrə dalmışdı.  Sabah yaranacaq xoşagəlməz mənzərəni təsəvvür etdikcə... Sübh tezdən Moskva - Bakı sürət qatarı Xaçmaz də-mir­yol stansiyasına yaxınlaşdığını car çəkirmiş kimi fit verir. Tamara perrona yan alan qatarın pəncərəsindən boylanır,  sonra kupedəki şeylərini götürüb aşağı enir. Ancaq onu heç kəs qarşılamır. Vağzalda qaynaşan adamların arasında ora-bura yüyürür. Səksəkəli baxışları atasını gəzir. Kamal kişi görünmür ki, görünmür. Sərnişinlərin vəonları qarşılayanların hərəsi bir tərəfə üz tutur. Qatar ağır nəfəs ala-ala yerindən tərpənib Tamaranın dalğın nəzərlərinin müşayiəti ilə göz­dən itir. O, vağzalda tək-tənha qalır. Köməyinə çatan olmur. Öz-özünə deyinir: - Axı, teleqram vurmuşdum! Yəqin çatmayıb! Niyə gələn olmasın?! Bəlkə evdə hadisə baş verib?!" Onun simasında incə qadın qəlbinə  xas olan həzin bir kədər dolaşır, qəhərlənir, gözləri dolur...

İbrahim sabah baş verə biləcək bu xoşagəlməz əhvalatlar üçün daxilən öz-özünü mühakimə edir, günahlandırır, danlayırdı. "Bizim Qubanın rabitə qov­şa­ğında yüzdən artıq poçtalyon var. Mən hamısından yaşlıyam. Dünyalar görmüşəm. Kollektivdə məni ağsaqqal sayırlar, hörmətimi saxlayırlar. Yeri düşəndə nizam-intizam mücəssəməsi kimi başqalarına misal çəkirlər. Bunun müqabilində gərək bir nəfəri də incik salmayam. Yox, məsələni belə qoymaq olmaz. Sonra Kamal kişinin üzünə çıxa bilərədimi?!"

- İbrahim, xörək soyudu, bir tikə...

Bu xəfif və şəfqətli səs, onu bayaqdan təqib edən düşüncələrdən ayırdı. Tələsik bir loğma çörək kəsib, yaşına uyğun olmayan cəldliklə ayağa qalxdı. Teleq-ramı döş cibindən çıxarıb qoltuq cibinə qoydu. Daha etibarlı yerə. Həyətə çıxdı. Tək-tək qar yağırdı. Təzəcə başlayan dağ sazağı adamın iliyinə işləyirdi.

Quba rayonunun mərkəzindən Baba dağının ətə­yin­dəki Yerfi kəndinə neçə saatlıq at mənzilidir. Avto-maşınla bir günə güclə gedib qayıtmaq olur. Xüsusilə yağanda..Bu yol neçə-neçə dərin dərələrdən, sıx meşə­lik­lərdən, sıldırım yamaclardan keçir. Neçə-neçə al-çaq, qəlbi dağlardan aşır. Kəsmə yollarla yalnız piyada getmək mümkündür. Mənbəyini durnagözlü buz bulaqlardan alan Çimi və Baba çaylarının qovuşduğu yerdən başlayan gül-çiçək haşiyəli cığırlar qarşıdakı dağların sinəsində qıvrılır, çözələnir, şaxələnir. Sıx kollarla örtülmüş quşqonmaz qayaların arasından Yerfi­yə doğru dikəlir. Poçtalyon İbrahimin 72 il bundan  qabaq  dünyaya göz açdığı kəndə. Hələ Qayadalı və Nohurdüzü kəndləri buradan nə qədər aralıdır. Saf ab-havalı, sərt yollu kəndlər. Gəl görüm, bu dağ kəndlə-rinə poçt xidmətinin öhdəsindən necə gəlirsən?! Payı-zın ortalarında qışı başlanır, yazın  axırlarında baharı. Ancaq İbrahim qəzet, jurnal, məktub, teleqramla dolu poçtalyon çantasını çiyninə salanda elə bil ona yenilməz bir qüvvə gəlir. Qarlı aşırımlarda qanad açır, kəndləri bir-birinə vurur. Meşin çantasından ellərə, obalara xoş müjdələr yayır. Bir dünya sevinclə geri dönür.  At  belində  uça-uça, sevindirə-sevindirə, sevi-nə-sevinə. Məgər çətinliklər onun peşəsinə olan məhəbbətdən aldığı mənəvi gücün qarşısında hiss olunur?!

Mətləbdən uzaq düşməyək. İbrahim gecənin zül­mə­tinə, dağın qarlı sazağına məhəl qoymadan yəhərin qaşından yapışıb, köhləninin belinə qalxdı. - Mədinə, o tüfəngi mənə, - deyib, hər ehtimala qarşı qoşalüləsini çiyninə saldı.

- Ata, bu dar vaxtı...

İntizarın, atasının bivədə səfərə çıxmasına etirazının cavabı, İbrahimin, altındakı ata endirdiyi qamçının şaqqıltısı oldu.

Cəmi on iki evdən ibarət olan Qayadalı kəndi təpə­lərin arasına çökmüş bulud laylarının altında sakitcə uyuyurdu. Hamı payız yuxusuna dalmışdı. Bacaların tüstüsü də seyrəlmişdi. Bircə yalın belindəağaran bina­dan Sarımtıl işıq gəlirdi. İbrahim cilovu təkqanad edib atın başını sola tərəf döndərdi. Kamal kişinin qapısına dolaylandı. Kamal ayıq-sayıq yatan adamdı. O, gecənin dərinliyindən gələn hənirtini alıb həyətə çıxdı. Tanış səsi eşidən kimi:

- Ə, İbrahim, gecənin bu vaxtı xeyir ola?!

- İbrahim:

- Şərə lənət! Kamal, addımını bəri qoy, - deyib əlini teleqram olan qoltuq cibinə uzatdı...

Qayadalı kəndi arxada qalmışdı. Yerfinin işıqları görünürdü. Atı tər götürmüşdü. İbrahimin əyni-başı da o ki, var islanmışdı. Ancaq poçtalyon əzab-əziyyəti, yorğunluğu barədə düşünmürdü. Xəyalının ekranında Xaçmaz dəmiryol vağzalına doğru irəliləyən sərnişin qatarına, atanın çoxdan yolunu gözlədiyi övladını ne-cə qarşıladığına tamaşa edirdi. Bu xoş mənzərənin şahidi olduqca sevinirdi, gülümsünürdü. Kamalla Tamaranın həsrətli görüşü ona bütün yorğunluğunu unutdurmuşdu. Qəlbi intizarda qoymağa, könül sın-dırmağa nə var ki?! Gərək könül tikəsən. Poçtalyon İbrahim həyatdakı insani və xidməti vəzifəsinin məna-sını bax, bu cür başa düşur.

- Ay İbrahim! Bir parça kağız nədir ki, ondan ötrü özünü dağa-daşa vurursan... Əlbəttə, bəzən belə deyənlər də olur. İbrahim elələrinə istehza ilə baxır. - Hər bir qəzet, jurnal, məktub, teleqram... bir qəlbin istəyi, sevinci, kədəri, nisgili, intizarıdır, - deyir. -İnsan qəlbinin. Gərək ona son dərəcə diqqətlə, həssaslıqla, dəqiqliklə yanaşasan.

Kədər, intizar... Poçtalyon İbrahimin qəlbini göy­nə­dən neçə-neçə ana nisgili, Qırx il bundan əvvəlin acılı-şirinli xatirələrini kim unudub?! Böyük Vətən müharibəsinin qanlı-qadalı illərini. -Poçtalyon İbra-him gəlib, çoxlu kağız gətirib! - Bu xəbər həyəcan siqnalı kimi bütün Yerfi kəndinə yayıldı. İxtiyar qocalar, ağbirçək nənələr, nişanlı qızlar, toyu yasa çevrilən gəlinlər həyət-bacaya çıxır, çəpər arxasından boylanır, qənşər bir yerdə dayanıb həsrətli baxışlarını poçtal­yonun yoluna dikirdilər. Kimə xoş xəbər nəsib olur, kimə bəd.

Süsən nənə sinəsinə sallanan yun şalının ucunu çiynindən geri aşırıb yaşmağını üzünə tutdu. Tərəd-düdlü addımlarla poçtalyonun qabağına yeridi. Əv-vəlcə səksəkəli baxışlarla ona gizli nəzər yetirdi. Poç-talyonun gəlişinin səbəbini elə onun səsinin ahən­gindən, sifətinin ifadəsindən, danışığındakı eyhamlardan başa düşürdü. Amma yenə ümidini üzmədi. Nəmli gözləri poçtalyon çantasında donub qaldı. Həyətdəki tut ağacının kölgəsində İbrahimin altına stul qoydu.   Qabağına çay gətirdi. Ana düşünürdü ki, bəlkə İbra-him insafa gəldi, mürvət elədi. Ona bir xoş söz dedi. Bəlkə çantasını açıb hər dəfə cəbhəyə yola salarkən arxasınca su atdığı altı balasının birindən soraq ver-di... Süsən nənəyə bəlkə də elə gəlirdi ki, bu poçtalyon İbrahimin öz əlindədir. İstəsə yaxşı kağızını gətirər. Süsən nənəni sevindirib ondan   muştuluq da alar.

Poçtalyon İbrahim də ananın keçirdiyi dəhşətli hissləri başa düşürdü. Süsən nənənin pak və müqəddəs siması qarşısında özünü xəçalətli kimi aparırdı. Gü-nah­kar görkəm almışdı. Suçlu görünürdü. Danışığının rabitəsi pozulurdu, sözü qırıq-qırıq deyirdi.

İbrahim çantasını könülsüz-könülsüz açdı. Əlləri titrəyə-titrəyə Süsən nənənin ünvanına göndərilən bir kağız çıxartdı. Altıncı kağız. Qara kağız. O, bu kağızı üç gün əvvəl almışdı. Verməyə əli, deməyə dili gəl­mirdi. Cəsarəti çatmırdı. Süsən nənənin axırıncı ümidi də üzüldü. İbrahim başını yuxarı qaldırmadı. Ananın üzünə baxa bilmədi. Həmişəki kimi təsəlliverici dilini işə saldı:

- Süsən xala, ümidini üzmə, Allah kərimdir, - dedi. - Bəzən bu cür kağızlar dəyişik düşür, yalan çıxır. Qon-şu Nohurdüzü kəndində də birinin öldü kağızını vermişdim. Düz çıxmadı. Sonra həmin adamın özü gəldi. Dünyanın işini bilmək olmaz, səbir elə...

İbrahim o gündən bu həyətin həndəvərinə dolanmır. Təqsirkar kimi. Kənardan ötüb keçir. Ömrünü son­suz başa vuran Süsən nənənin daxmasını görəndə ona elə gəlir ki, bu həyət-baca dillənəcək, İbrahimdən altı igidin iddiasını edəcək: - Altısından birinə nə söz?! Heç olmasa Məmmədəlidən xəbər ver! Kağızı gəlib! Sağdır! - de. Niyə dillənmirsən?! Bəs sən niyə namərd çıxdın?! Axı, bütün bu el-oba səni xeyirxah bəndə, xoş xəbərlər müjdəçisi kimi tanıyır. Bizim bu Baba dağı da...

Bu da İbrahimin yarım əsrə yaxın poçtalyonluq dastanının saralıb-solmuş vərəqindəki kədərli sətirlər. O, hər dəfə bu sətirləri oxuduqca çiynində poçtalyon çantası Baba dağında pərvazlanan altı Yerfi qartalının pərgarı pozulmuş soyuq yuvası qarşısında hüzn və ehtiramla baş əyir.

İbrahim gözü yolda qalan neçə-neçə ananın intizarını həssas poçtalyon qəlbinin dərin guşələrində gəzdirir, öz sonbeşik qızının adında yaşadır. Bir dəfə muştuluqçu onun qabağına yüyürüb:

- İbrahim, gözün aydın, qızın olub! - dedi. Ata sevindi. Ancaq qızın adını Sevinc yox, İntizar qoydu. Qohum-əqrəba etiraz etdi:

- Ağır, nisgilli, nəhs addır, - dedilər. Hamı bilir ki, İbrahim məsləhətə yatan, sözeşidən adamdır. Ancaq bu barədə inadından dönmədi...

Qocaman poçtalyon hərdən taxta çarpayının üstündəki mütəkkəyə dirsəklənəndə, məgər nəvələri ona dinclik verir?! Kövrək addımlar atan nəvələri. Qırmızı qalstuk bağlayanı da var, sevib-sevilmək həvəsinə düşənləri də, ailə quranları da.

Arzu, Mehriban, Elşad, Mübariz... Bu adlar Yerfi camaatının keçirdiyi indiki xoş günlərin rəmzi mənasıdır. İntizarlı və intizarsız günlərin.

Bu ucqar dağ kəndində kolxoz quruluşunun bünöv­rəsi qoyulanda pəhləvan çüssəli bir gənc irəli yeridi. Qəti inamla: - Məni başdan yazın, - dedi. Xışı, cütu Baba dağının ətəyində donub daşa dönən torpaq həsrətli babaların  əkinçilik estafetini çiyninə qaldıran igidlərin cərgəsinə qoşuldu. Onun: - Doo! Çee! - deyən əkinçi hənirtisi sərt yamaclarda tənbəl öküzlərin güclə çəkib apardığı cütün, kotanın arxasından gəldi. Üzv olduğu əmək kollektivində ad-san çıxartdı. Staxa­novçu oldu. Böyük Vətən müharibəsi başlananda ra­yon hərbi komissarlığında göründü. Qəzəblə yumru­ğunu düyünləyib: - Mən də gedirəm, - dedi. Getdi. İgid­lik sorağı Vitebsk, Smolensk cəbhələrindən gəldi. Onun pulemyotundan çıxan güllələr hədəfdən yayınmadı. Düşmənin neçə-neçə tankını, təyyarəsini susdurdu. İki dəfə yara aldı. Müalicə olundu. Sağaldı. Yenə də boz əsgər şinelini soyunmadı. Silahını yerə qoymadı. Üçüncü dəfə...  yarası ağır oldu. Yerfiyə qayıtdı. Sinəsində də neçə-neçə orden, medal. Amma təsərrüfatın çətin işlərindən yapışmağa gücü çatmadı. Yüngül zəhmət ardınca qaçmağı da qüruruna sığışdırmadı. O gündən çiyninə poçtalyon çantası saldı.

Ağ çalmalı Baba dağının əsrlərdən bəri kəşik çəkdiyi Yerfi, Qayadalı, Nohurdüzü kəndləri. Bu kənd­lərdən, bu kəndlərə, uzaq-yaxın ünvanlara neçə-neçə məktublar, teleqramlar qanad açır. Bu məktublar ailələrə fərəh gətirir, bir dünya sevinc olur. Uzaq Sibi-rin fatehlərindən, Vətənimizin sərhədlərində ayıq-sa-yıq dayanan keşikçilərdən, on birinci beşilliyin fədai­lərindən gələn məktublar.

Bu yaxınlarda kommunist əməyi zərbəçisi, beşilliyin qvardiyaçısı poçtalyon İbrahimin ünvanına bir məktub gəlib. General-leytenant A.Rubinçikdən. Təşəkkür məktubu. - "Oğlun Şəmsəddin öz hərbi an­dını sədaqətlə yerinə yetirir. Əsgər yoldaşları, koman­dirləri arasında hörmət qazanıb..."

Bu da keçmiş döyüşcünün, əmək veteranının cə-miyyət qarşısındakı atalıq haqqı, valideynlik borcu. Əhsən! İbrahimə də, Mədinəyə də.

Quba şəhərində əməkçilər tarixi bayramların nüma­yişinə çıxanda, ənənəvi məhsul bayramlarını qeyd edəndə rayon rabitə qovşağının işçiləri bu təntənələrdə poçtalyon İbrahimsiz iştirak etmirlər. Gərək İbrahim kollektivin ağsaqqalı, intizamlısı, qoçağı kimi rabitəçilər dəstəsinin önündə getsin. Qırmızı lent bağladığı poçtalyon çantası da çiynində.

Yaş öz hökmünü versə də, Baba dağı qocalığı İbra­himə yaxın buraxmır. Odur ki, əmək və müharibə vete­ranının dilinə təqaüd kəlməsi gəlmir. Deyir ki, nə qədər ki, ürəyimdə təpər, dizimdə taqət, qolumda qüv-vət var, çalışmalıyam. Elimə, obama gərək olmalıyam. Bir də ki, mənə vüqar bəxş edən Baba dağıma.

 

1983-cü il

Quba




















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com