www.aliildirimoglu.az

OÇERKLƏR

ELİN MƏRDİ OLSA…

Bu yerlər doğmadır Ramizə. Ayaq tutub yeriyəndə atası Balaqulu kişi onun əlindən ya­pışıb buradakı çiçəkli çəmənliklərə çıxardırdı. Ramiz Boz yalın üstündəki axar-baxarlı yerdə dayanıb ağlı-qaralı sürülərin yayıldığı yaşıllıqlara, Bakıdan Şama­xıya doğru qıvrılan magistral yolda şütüyən rəngbə­rəng avtomaşınlara heyranlıqla tamaşa eləyirdi. Ata sinədə gəzinə-gəzinə oğluna maraqlı əfsanələr, nağıllar danışırdı. Böyük Vətən müharisinin qanlı-qadalı illə­rində Balaqulunun sürücüsü olduğu generalın səmimiliyi, sadəliyi barədə dediklərini Ramiz ona dönə-dönə təkrar etdirirdi.

…Balaqulunun yaşı artıq səksəni haqlayıb. Ramiz də ailə sahibidi, neçə övlad atasıdı. Ata-bala yenə də hərdən bu doğma yerə güzar salırlar. Ramiz hər dəfə uzaq səfərdən qayıdandan, idarə etdiyi avtomaşını yerbəyer eləyəndən sonra Boz yala tərəf dikəlir. Rahat-lığını, dincliyini, elə gəncliyini də buradaca axtarır, buradaca tapır. Bəzən xəyallanır, məktəb illərini xatırlayır. Məxmər çəmənlikdə kitab açıb imtahanlara hazırlaşdığı anlarını yaşayır.

Ancaq… Deməyə adamın dili də gəlmir. Boz yal getdikcə gözdən-nəzərdən düşür. Bu yadlaşma Balaqulu kişiyə də, Ramizə də, Hökməli camaatına da dərd olur. Bu yerlərdə görünəndə sanki Boz yal küskünləşir, dilə gəlir. Balaquludan da, Ramizdən də üz döndərir. Onun gözəlliyinə qıyıb qəsd edən namərd insanlara  lənət deyir. Onların əlindən dad-həzar eləyib, fəryad qoparır.

Yazın burnu açılanda Ramiz yenə Boz yala tərəf dikəldi. Asfalt yolun kənarından tutmuş təpənin üstünə qədər yaşıllıqlar şəhər və qəsəbələrdən daşınıb tökülən dəmir-beton qırıntıları, maşın sınıq-salxaqları, üfunət saçan zibil komaları ilə örtülmüşdü. Yuxarı tərəfdə tək-tük gözə dəyən çiçəklərin yaz şehi muncuqlanmışdı. Ramizə elə gəldi ki, bu şeh damcıları yox, Boz yalın göz yaşlarıdır. Ramiz mütəəssir oldu, günahkar kimi qəddini əyib başını aşağı dikdi. Ona elə gəldi ki, bu yerlərə ayaq basmağa daha haqqı yoxdur. Boz yala etibarsız çıxıb. Qulağına hansı səmtdənsə sanki bir səda gəldi:

- Ay namərd! Dost-dosta nə gündə…

Boz yalın lal harayı onu sarsıtdı. Elə bil Ramizin ürəyinin başına od düşdü. O da bu dilsiz-ağızsız torpaqlar kimi "yanıb-yaxıldı". Bir dən verəndə neçə sünbül qaytaran torpaq. Başını yuxarı qaldırıb Boz yalın miskin görkəminə baxmağa üzü gəlmədi. Təqsirkar kimi geri döndü. Məlul-müşkül evə tərəf yönəldi. Torpağın dərdi, yaşıl-yaşıl çöllərin dərdi, xoş rayihəsi ətrafa yayılan gül-çiçək dərdi Ramizin qəlbindən ağır bir daş kimi asıldı. Nisgilini atasına danışdı. Balaqulu kişinin dəlil-dəlalətini dinlədi. Ata bu barədə oğlunu məzəmmət etdi. Ona neçə-neçə məsləhətlər verdi…

Sübhə kimi Ramizin gözünə yuxu getmədi. Dağı arana daşıdı, aranı dağa.  Nə qədər çalışdı, Boz yalın onu təhdid edən səssiz-səmirsiz naləsindən xilas ola bilmədi. Səhərin gözü açılanda yatağından cəld qalxıb, birbaş rayon mərkəzinə yollandı.

min gün Abşeron Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Cəlal İmamquliyevin kabinetinin qapısını birinci o açdı. Ramiz Quliyev - Hökməli kəndinin sayılıb-seçiləni. Axı kənddəki məscidin tikintisi də onun adı ilə bağlıdır. Bu inam, etiqad məbədinin cəfakeşi kimi uşaqdan-böyüyə hamı ona - halal olsun! - deyir.

Bu gün də ağıl-ağıldan üstün olar, mülahizəsi ilə Boz yala imdad əli uzatmaq üçün rayona məsləhətə gəlmişdi:

- Yoldaş İmamquliyev, - dedi. - Düzdü, çətin işdi, çox çətin. Ancaq ölçüb-biçmişəm. Qərarım da qətidir. Nəslən kəndliyik. Ata-babadan əkinçi olmuşuq. İnsafdı ki, qızıl kimi torpaqlar zir-zibilin altında qalıb məhv olsun?! Bunu Allah da götürməz! Heç olmasa əllicə hektarını bu il təmizləsək… Bircə siz - hə!, deyin, o zir-zibilləri gül-gülüstan eləmək mənim boynuma. Ramiz baxışlarına qayğılı ifadə verərək, mütəəssir görkəm aldı və əlavə etdi:

- İstəyirəm savab bir iş görüm. Bu dünyada iz qoyub, rəhmət qazanım. Amma ehtiyat eliyirəm ki, böyürdən biri çıxıb qəmiş qoya. Əziyyətim də özümə qala. Sizdən belim bağlı olsa, sonrası asandı.

İcraiyyə Komitəsi sədrini fikir götürdü. Onu düşündürən ayrı şey idi. Bu kabinetə neçə-neçə adam üz tutub müraciət edir. Müxtəlif yaşlı, müxtəlif xarakterli, müxtəlif məqsədli:

- Qonşumuz ev tikdirir, hardandı?!

- Direktorumuz niyə kənar yerdən olsun?!

- Gəlmələrə çox örüş-örkən verməyin!

 - Yedilər! Dağıtdılar! Yazaram! Yuxarılara gedərəm!..

Ramiz isə… İcrakom sədri onu dinlədikcə eyni açılır, özündə xoşhallıq hiss edir, təsəlli tapırdı. Düşünürdü ki, şükür, dünya xali deyil. Nə yaxşı ki, mərdlərimiz də var.

li, dünya yaxşı adamlardan xali deyil. Nə çoxdu savab iş tutub, elinə, obasına, şəhərinə, kəndinə və deyərdim ki, nəslinə-nəcabətinə baş ucalığı, üz ağlığı, könül xoşluğu gətirənlər. Mətləbdən kənara çıxsaq da, yerigəlib qoy deyim. Sultanməcid müəllim neçə ildi Respublika Maliyyə İnstitutunda müəllim işləyir. Görkəmli alimdir. Lakin kəndindən-kəsəyindən əlaqəsini üzmür. Qusar camaatından daim hal-əhval tutur. Doğulub boya-başa çatdığı Ənix kəndinin karına gəlir. Bir gözü də kəndin üstündədi. Bir dəfə doğma obasına gələndə kəndlisinin bir neçəsi ona incikli kimi göründü. Sultanməcid üstünü vurmadı. Ancaq ovqatı təlx oldu. Evə çatanda anası Güllü nənədən tez soruşdu:

- Qonşular gözümə bir cür dəydi…

Yaşı doxsanı ötən Güllü nənə oğluna bir az soyuq cavab verdi:

- Oğul, atın üstə sənək salıb çaydan su götürəndə, çər dəymiş hürküb, uşağı yamacdan atıb… Neçə gündü yasdayıq.

Sultanməcid müəllim tutuldu. Güllü nənə dərindən ah çəkərək:

- Oğul, - dedi, - elin mərdi olsa, dərdi olmaz. İndikilər keçmişi bəyənmirlər. Bax o de, kəndimizdəki Abumüslüm məscidini rəhmətlik atanın babası Hacıbəkir özcə əlləri ilə tikib. Formasını da Məkkədən özciyəzi gətirib. İnanmırsan get oxu. Günbəzində adı da var. Eh, ay oğul, bu zamanadakılar elə közü öz qabaqlarına çəkirlər. Kimdi el qeydinə qalan. Dörd bir tərəfimizdən buz kimi bulaqlar pıqqıldayıb gedir. Di gəl ki, bircə qeyrətli oğul tapılmır ki, döşünü irəli verib onun suyunu kəndə gətirsin. Nuh əyyamından qız-gəlin-lərimiz ulaq dalına düşüb əzab-əziyyətlə çaydan su daşıyırlar…

Ananın deyintili eyhamları oğula bərk əsər elədi… Sultanməcid müəllim bir həftədən sonra məzuniyyət götürüb Qusardan tutmuş Bakıya qədər döymədiyi  idarə qapısı qalmadı. Axı, Ənixdən yeddi kilometr aralıdakı bulağın suyunu sıldırım yamac-lardan keçirib kəndə gətirmək o qədər də asan deyildi. Bunun nə qədər əndişəsi vardı. Layihə-smeta sənədləri, maşın-mexanizator, dəmir borular… Sultanməcid müəllim gecəni gündüzə qatıb bütün bu çətinlikləri yoluna qoydu. Eli-obası üçün hər cür əzab-əziyyətə qatlaşdı. Axır ki, niyyətinə çatdı. Dağın sinəsindən süzülən bu bulağın səmtini dəyişib Ənix kəndinə yönəltdi. Sultanməcid bulağı kəndə rahatlaq, aydınlıq, həyət-bacalara yaşıllıq, yar-yaraşıq gətirdi. Ruhu şad olsun! Güllü nənə yerində deyib: "Elin mərdi olsa…"

Məgər belə mərdlər azdır?! Fizika-riyaziyyat elmləri doktoru Hüseyn Çəndirov Bakı Dövlət Universitetində kafeda müdiri. Macal tapan kimi Qazaxa yollanır. Qıraq Kəsəmən kəndinə baş çəkir. Dünyaya ilk dəfə göz açdığı kəndə. Elindən-obasından hal-əhval tutur, köməksizə kölgə salır. Dədə-baba qonşusu Hüseyn Məmmədov uşaq ikən ata-anasını itirəndə ona birinci pasiban duran Hüseyn Çəndirov oldu. İndi də ali məktəbdə oxutdurur. Öz övladı kimi. Alimin kənd qayğıları məgər birdir, ikidir?! Neçə aydır kənddəki orta məktəbə yeni bina tikmək üçün idarə və təşkilatları bir-birinəvurur. Axır ki, istəyinə nail olub. Bu müşkül işə əncam çəkilir… Bəs xəstəxana məsələsi necə olsun?! Axı kəndin tibb müəssisəsi uyğunsuz binada yerləşir. Hüseyn müəllimi indi də bu qayğı götürüb…

Şükür! Yaxşı ki qadınlarımız arasında da xeyirxahlarımız var. Natəvan timsallı, kişi qeyrətli, Həcər cütli. Qubanın Xanagah kəndində bir bulaq çağlayır. Üç il bundan qabaq çəkilib. Üstündəki yazını oxuyuruq: "Çələbiyeva Cahan Ağacalal qızından yadigar…" Bu adi yazı yox, milli tariximizin silinməz, yaddançıxmaz xeyirxahlıq səhifəsidir. Bulaq Cahan nənənin tələbi, təkidi, təqaüdü, xərci ilə çəkilib. Savab qazanmaq üçün. Eşidib-bilənlər səksən dörd yaşlı Cahan nənəyə - min əhsən! - deyirlər.

 çoxdu əməlləri elimizə ucalıq gətirən nəcabətli nəciblər. Yeri gəlmişkən, onların bəzilərini qısaca da olsa, qeyd etdik. Başladığımız söhbətin üstünə gələk. Ramizin xoş niyyəti rayon başçıları tərəfindən rəğbətlə qarşılandı. Həm də dönə-dönə təqdir olundu…

Eh! Üstünə on illərlə zir-zibil, dəmir, beton tullantıları qalanmış əlli hektardan çox torpağı bir neçə ayda təmizləmək məgər asan işdi?! Bir də ki, tək əldən nə səs çıxar?!

Ramiz çox ölçüb-biçib bu işdə kömək üçün Sayəddinə üz vurdu. Mexanizator həmkarına. Gədəbəydəki Arıqıran kəndinin ağsaqqalı İdris kişinin oğluna. Ata­lar nahaq yerə deməyib ki, hər şeyin təzəsi, dostun köh­nəsi. Əsrimizlə yaşıd olan Balaqulu kişi ilə İdris çox­danın dostlarıdır. Bu ənənəni indi onların övladları ya­şadır. Köhnə cəbhəçi Balaqulu kişi barədə yuxarıda bir neçə kəlmə demişik. İdrisin də haqqı-sayı az olma­yıb. Gədəbəyə gələn ilk traktorun sürücülərindəndir. Sək­­kiz oğul böyüdüb, iki qız. On övlad atasıdır. Oğ­lan­­larından bircə Natiq əmək fəaliyyətinə başlamayıb. Hələ orta məktəbdə oxuyur. Qalan yeddisi isə atala­rı­nın yolunu tutub. Müxtəlif idarə və müəssisələrdə me­xa­nizator işləyirlər. Sayəddin Xırdalandakı Yol Ti­kin­ti İdarəsində çalışır. Özü də namusla, qeyrət-lə. Səriştəli buldozerçidi. Ramizlə onun necə deyərlər bircə yatıb-duracaqları ayrıdır. Hamı onları qardaş bilir. Deyər­dim ki, elə hər bir nəcib, xeyirxah əməl dostluqdan, eti­bardan, etimaddan, ədəb-ərkandan başlayır. Onlar əl-ələ verib fermer təsərrüfatı yaratdılar. Boz yalın ətək­lərindəki əkinə yararsız hala salınmış torpaqları zir-zibil "təpələrindən" xilas etmək, yerində bağ salıb, bostan-tərəvəz məhsulları hasil etmək üçün.

Əlbəttə, halva-halva deməklə ağız şirin olmur. Bunun üçün ağıllı tərpənib, əzmkarlıq göstərmək gərəkdir. Onlar əvvəl-əvvəl texnikadan başladılar. Rayondakı təsərrüfatlararası yol istismar idarəsinin silgi aktı yazıb təkrar emal müəssisəsinə göndərmək istədiyi skreperi alıb bir ay ərzində əməlli-başlı təmir etdilər. Baş Enerji Təmir-Tikinti sahəsində istismar müddətini qurtarıb həyətin bir küncünə atılan köhnə, gərəksiz buldozeri götürüb səliqə-sahmana saldılar. Ramizlə Sayəddin bax beləcə hər cür əzab-əziyyətə qatlaşıb lazım olacaq maşın-mexanizmləri bir yerə cəm etdilər.

Torpağın təəssübkeşlərini bir məsələ düşündürürdü. Bəs min tonlarla zibili, tullantını daşıyıb hara tökmək?! Başqa bir sahəyə?! Bu ki, saqqaldan götürüb, bığa yaxmaq olar.

Ramiz ətrafa göz gəzdirib dərin fikrə getdi. Sonra əlini Sayəddinin çiyninə qoyaraq:

- Yox, əzizim - dedi. - Bu məsələyə ayrı cür əncam çəkməliyik.

Çəkdilər də. Yaxında dərin xəndəklər qazdılar. Metal tullantılarının gərəklisi təkrar emal müəssisəsinə göndərildi. Lazımsız tullantılar xəndəklərə doldurulub, üstü torpaqla elə örtüldü ki, yeri əkinəyarasın.

Çox çəkmədi ki, Boz yalın həndəvərində üfunət yayan zibildən, tullantıdan əsər-əlamət qalmadı. Bahar gələndə Boz yalın da bayramı oldu. Gül-çiçək, təmizlik, paklıq, yaşıllıq, gözəllik bayramı. El xeyir-xahları həmin torpaqlarla təmas tapdılar, əkin vaxtı gələndə Ramizlə Sayəddin polad köhlənlərinə süvar olub yerin səthini hamarladılar. Torpağın altını üstünə çevirdilər. Əlli hektarlıq sahədə bostan-tərəvəz bitkiləri cərgələndi. Yol boyu minlərlə ting salındı. Meşə zolaqlarının əsası qoyuldu. Bura beş kilometr məsafədən su kəməri çəkildi. Xeyirsiz, bərəkətsiz sahə kimi illərdən bəri kotan üzü görməyən bu yerlərətoxum sancılanda Balaqulu ilə İdrisin hənirtisi eşidildi. Müdrik atalar mərd övladlarına bu xeyirxah yolda uğurlar arzulayıb, xeyir-dua verdilər.

Batmaqda olan may günəşi su, bitki həsrətli torpaqlara xoş təbəssüm yayırdı. Ramizin mis çöhrəsi bu təbəssümdən işıqlanıb mərdlik ifadə edirdi. O, qəərdə dayanıb barından, bəhrəsindən Bakı, Sumqayıt camaatına maşın-maşın sovqat tutacaq torpaqlara gözü dolusu tamaşa edirdi. Müsahibim Rayon İcraiyyə Komitəsinin sədri onunla bu sahənin gəliri, çıxarı barədə söhbət edəndə Ramiz təmkinlə:

- Söz yox ki, bizim bu fermer təsərrüfatının yüz minlərlə gəliri olacaqdır - dedi. - Bu öz yerində. Lakin inanın ki, məni buranın qazancı, var-dövləti yox, yaşıllığı, bağ-bağatı, yar-yaraşığı düşündürür. Deyirəm ki, yurdumuzun bu doğma guşəsində mən də bir iz qoyum. Gözəllik, abadlıq, xeyirxahlıq izi.

 

13 iyun 1990-cı il

"Kommunist" qəzeti

Quba-Qusar-Abşeron



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com