www.aliildirimoglu.az

OÇERKLƏR

BÜLLUR BULAQ

Kəndin girəcəyindəki mamırlı qayaların arasından bir bulaq süzülüb gəlir. Gur, saf, duru, buz kimi. Büllur bulaq. Kənd də həmə belə ad­lanıb. Büllur bulaq kəndi. Haçansa burada bir müddət məskən salan malakanlar kəndə Çistiy klyuç deyiblər. Ancaq nahaq yerə. Rayonlarımızda nə çoxdu Ağ­bulaq, Qarabulaq, Buzbulaq kəndləri. Yaxşı ki, rayon mət­buatında bu kəndin adı qorunub saxlanıb. Yeri gəldikcə, Büllur bulaq yazılıb. Adı təhrif olunub baş-qa­laşdığı kimi, özü də gözdən uzaq, könüldən qıraq düşüb. Əlli ildən çoxdur nə gedəni var, nə gələni. Yol-rizini kol-kos basıb. Büllur bulağa getmək üçün gərək Altıağacı keçib sərt yoxuşlarla üzü yuxarı dikəlib, neçə-neçə dağ, təpə aşasan. Qabaqda da bələdçi. Bu il kəndə geniş, əsaslı yol çəkilib. Bəzi kəm-kəsiri nəzərə almasaq, deyə bilərik ki, indi Büllur bulağın yollarında avtomaşın qoşa gedər.

Kənd deyəndə, kalafa yerləri, yarıuçuq divarlar, bir də ki, kimsəsiz yurdlara keşik çəkirmiş kimi məlul-müşkül söyüd, armud ağacları gözə dəyir. Göylərə baş vuran ulu dağlar vaxtı ilə köhlənləri şahə qalxan mərd, müdrik babaların əbədi məskənlərini, sehrli, sirli daş kitabələrini, yurd yerlərini, acılı-şirinli tariximizin əmanəti kimi bax beləcə sinəsinə sıxıb. Qədim kəndin vaxtı ilə sal daş döşənmiş küçələri ilə yuxarı qalxanda xarabalıqların yerində ucaldılan kərpic evlərin cərgəsi görünür. Bu yeni, yaraşıqlı yaşayış binalarının beşini Suraxanı rayonundakı NORD Elmi-İstehsalat Birliyi tikib. Özü də zövqlə, həvəslə. Dedilər ki, birliyin direktoru bizdən bir neçə saat qabaq burada olub. İnşa­atın keyfiyyətini, gedişini yoxlayıb, fəhlələrdən hal-əhval tutub, tikintilərin sürətini artırmaq üçün tədbirlər töküb. - Sabahdan bura əlavə qüvvə göndəriləcəkdir, - deyib.

İstirahət günü olmasına baxmayaraq tikinti işi dayandırılmamışdı. Bənnalar hörgünü başa çatdırmışdı. Binaların üstünə ağ dəmir vurulmuşdu. Mürvət Qasımovla şagirdi divarlara suvaq çəkir, binanındaxilini və xaricini yaraşığa salırdılar. Onlar hiss edirdilər ki, burada ayaq saxlamaqda məqsədimiz onlarla görüşüb söhbət etməkdir. Ancaq işdən ayrılmaq istəmirdilər. Nəhayət, çöl pəncərənin kənarlarını suvayıb səliqə-sahmana saldıqdan sonra bizə tərəf yönəldilər. Mürvətin qayğılı baxışları dağların başında sıxlaşan buludlarda dolaşdı. O, görkəminə təmkinli ifadə verərək:

- Bizi bağışlayın - dedi. - İndi elə bir məqamdır ki, işi bir an dayandırmaq olmaz. Dağ yeridir, bu gün hava xoşdur, sabah nə bilmək olar. Bir də gördün leysan başladı. Bu yerlərin qışı arana nisbətən bir ay, ay yarım tez başlanır. Odur ki, gərək fürsəti fövtə verməyək.

Mürvət xəyallandı. Ömrünün qırx ilini ev ucaldıb, yurd-yuva salmağa sərf edən təcrübəli inşaatçı kədərli bir köks ötürərək:

- Ev-eşiyini atıb Ermənistandan bizə pənah gətirən neçə-neçə azərbaycanlı ümidini bizə tikib. Gözləyirlər ki, bu binalar nə vaxt tikilib qurtaracaq ki, gəlib sığınsınlar.

Mürvətin mərd baxışlarında xoş təbəssüm işıldadı:

- Düzünü deyim ki, idarədəkilərdən çox, evdəkilər məni dinc qoymurlar. Paltarımı dəyişmək üçün bircə günlüyə evə qayıdıram, uşaqların anası…

O, həyat yoldaşının adını çəkməyə utanırmış kimi duruxdu. Qızaran kimi oldu. Yenə də sözünə davam etdi:

- Bizim Sitarəni deyirəm. Başlayır ki, Mürt, yaman günün ömrü az olar. Ermənistandan qaçıb gələn evsiz-eşiksizləri görəndə elə bil ürəyimin başına od düşür. Bəs insan-insana nə gündə gərəkdir?! İndi dincəlmək vaxtı deyil! Gədələr də anasının sözünü deyir. Ələkbərlə Hüseynalı çilingərdirlər. Neçə dəfə vaxt tapıb bura köməyə gəliblər. Əli də əsgərlikdən məktub göndərəndə ürək yanğısı iləilk cümləsi o olur ki, ata, köçkünlər üçün tikdiyiniz evlər nə yerdədir?!

Mürvət həyəcanlandı:

- Əşi, bazar nədi, istirahət nədi, - dedi, - qeyrəti olan kəs gərək bir dəqiqə Bakıya, Sumqayıta, Abşerona gəlib tökülən köçkünlərin gün-güzəranını gözünün qabağına gətirsin. Özünü bir anlığa onların yerinə qoysun.

Usta Mürvətin cavan şagirdi əlavə etdi:

- Qulaqlarına çatsa da, çatmasa da deməliyəm. Bəzi nazirliklər, idarə və təşkilatlar Xızı-Altıağac zonasındakı kəndlərdə köçkünlər üçün yör-yöndəmsiz yaşayış binaları tikirlər. Həmin binaları tikənlərdən bir soruşun görək, onların özü o sayaq evlərdə yaşamağı özlərinə rəva bilərlər?! Kişi olan kəs gərək adına layiq iş görsün.

Mürvət Qasımov şagirdinin sözünə qüvvət verdi:

- Tərif olmasın, bax, bu binaları özümüzünkü kimi ürəkdən tikirik. Gəlin, baxın, bircə əgər-əskiyi olsa, deyin ki. Başınızdakı papaq deyil.

Müsahibim, köhnə jurnalist, rayon sovetinin deputatı Elmixan Mehrəliyev onların sözünə haqq verib əlavə etdi ki, doğrudan da Büllur bulaq kəndində köçkünlər və ya ata-baba yurduna qayıtmaq istəyənlər üçün tikilən bu evlərə söz yoxdur. İşi keyfiyyətli görürlər.

Neçə-neçə mühəndis, bənna, suvaqçı, dülgərlə görüşüb söhbət etdik. Hamısı da hünərlə çalışır. Başqa bir binanın tikintisində çalışan Ellaz Mütəllimov, Rafael Məmmədov dedilər ki, beş yaşayış binasının tikintisi bizim payımıza düşüb. Hamısını qurtarhaqurtardayıq. Düzdü, burada işləmək növbəmiz qurtarıb. Ancaq on beş gün də artıq qalıb işləməyi idarədən xahiş etmişik. Axı, yaşayış binalarını sentyabrın axırına kimi tamam-kamal başa çatdırmalıyıq.

Kimi dindirirsən neftçi Qurbandan yerdən-gö­yəcən razılıq edir. - Yaxşı igid bərkdə-boşda sınanar - deyiblər. Nə çoxdur əmək qəhrəmanı, ad-san sahibi. Ötən onilliklərdə neçə-neçə keçici qırmızı bayraq qaldıranlar, döşünə qızıl ulduz düzənlər olub. Ancaq çoxu elin qəlbində halallıq tapmayıb. Neftçi Qurbana isə bu gün hamı: - halal olsun! - deyir. Həm əmək qəhrəmanı, həm də elinin, obasının təəssübkeşi kimi. Onun başçılıq etdiyi Xəzər Dəniz Neft Birliyinin kollektivi Büllur bulaqda neçə yar-yaraşıqlı binalar ucaldıb. Hamısı da arxitekturanın müasir tələblərinə uyğun. İçərisində də hər cür məət şəraiti. Otaqları gen-bol. Elmixan Mehrəliyev dedi ki, respublika hökumətinin müvafiq qərarına uyğun olaraq Xızı-Altıağac zonasındakı dağ kəndlərində aparılan tikinti və abadlığa hamı Qurban Abbasov kimi qayğı göstərib, can yandırsa, nə dərd idi. Elə gün olmaz ki, rayon təşkilatları ilə əlaqə saxlamasın. Buradakı tikintilərdən hal-əhval tutmasın. Qarşıya hər hansı çətinlik çıxan kimi dərhal alır başının üstünü. Vaxtında tədbirini töküb, çarəsini qılır.

Büllur bulaq tikintisinin inşaatçıları Neft Nasoslarının Təmiri zavodunun gənc fəhləsi Rafiq Əhmədovdan iftixarla danışırlar. Deyirlər ki, atası Sayad Suraxanıda qabaqcıl fəhlə kimi tanınır. Ot kökü üstə bitər. Rafiq də atasının yolu ilə gedir. Sübhün şəfəqləri söküləndən qaş qaralana kimi inşaatçı qiyafəsindədir. Dörd nəfər fəhlə onun hördüyü divarın palçığını, kərpicini güclə daşıyıb yetirir. Fəhlə həmkarlarından Murad eyham vurdu ki, işdə bir az tələsəndi. Muxtar: - Tüstüsü düz çıxsın - dedi. - Onun hördüyü divarın, gördüyü işin keyfiyyətinə hələ irad tutan olmayıb. Murad zarafatyana, - məsələbaşqadır - dedi, - tələsməsin neyləsin. Qabaqda xeyir işi var. Evləndirmək istəyirik. Bəlkə toybaşısı da elə Muxtar özü oldu - dedi və gülüşdülər. Müxtəlif millətlərdən olan Neft Nasosları Təmiri zavodunun fəhlələri bax beləcə şən əhval-ruhiyyə ilə, əlbir-dilbir bu ucqar dağ kəndində köçkünlər üçün yaşayış evləri ucaldırlar.

Kənd təzələndiyi kimi, mədəni-məət şəraiti də yeniləşir, başqalaşır. Qabaqlar qız-gəlin işdən yorğun-arğın qayıdıb çiyinlərinə mis səhəng, kuzə alıb kəndin ayağındakı bulaqdan su gətirərdilər. Çoxu da suyu ulaqla daşıyırdı. İndi duman-çəni əskik olmayan yuxarıdakı dağların ətəyəndəki buz bulağın suyu dəmir borularla neçə kilometr məsafədən kəndə gətirilir. Xəndək qazılır,borular bir-birinə calanır. Kəndin küçələri boyunca hər əlli metrdən bir su kranı qoyulur. Hələlik kəndi müvəqqəti olaraq elektrik dizeli işıqlandırır. Bu gün-sabah yüksək gərginlikli elektrik xətti çəkiləcək. Məktəb, mədəni-maarif, ticarət, ictimai-iaşə obyektlərinin tikintisi, qaz xəttinin çəkilişi də diqqət mərkəzindədir. Bu problemlər də tezliklə həllini tapacaq. Ancaq bir qədər tezləşsə yaxşıdır. Əlbəttə, respublika hökumətinin dağ kəndləri barədəki müvafiq qərarında müəyyən olunmuş vəzifənin mahiyyətini dərindən başa düşüb, onun tezliklə yerinə yetirilməsinə çalışan təşkilatlar az deyil. Elə Dövlət Yanacaq Komitəsini götürək. Qaz kəməri çəkiləcək o üç kənddən biri də Büllur bulaqdır. Planda nəzərdə tutulduğuna görə komitə cari ildə bu sahədə yüz min manatlıq iş görməlidir. Həmin vəzifəyə üçqat artıqla-masınca əməl olunub, dəqiq desək, üç yüz min manatlıq tikinti-quraşdırma işi aparılıb. Gələn il görülməli olan işin xeyli hissəsi bu il başa çatdırılıb. Komitənin əsaslı tikinti idarəsinin kollektivi bu dağlar diyarında yüksək şüurluluq, vətənpərvərlik, təəssübkeşlik nümunələri nümayiş etdirirlər. Qaynaqçılardan Nüsrəddin Səfərov, Ədalət Şixəliyev, traktorçu Aslan Həsənov, avtomaşın sürücüsü Əli Adilov… Onlarn adı bu dağ kəndlərinin dirçəliş salnaməsinə qızıl hərflərlə yazılmağa layiqdir. Təəssüf ki, kəndlərin qazlaşması yolunda giley-güzara səbəb olan maneələrə də rast gəlirik. Tərtib olunmuş qrafikə görə, Azərnəqliyyat İstehsalat Birliyi sentyabrda qaz tənzimləyici stansiyanın tikintisini başa çatdırıb istifadəyə verməlidir. Lakin bu işə hələ başlanmayıb. Bu səbəbdən də hazır xətlərə qaz buraxılması yubanır. Bu xoşagəlməz faktdır və təəssüf doğurur.

fadar Muradov Altıağac sovxozuna cəmi bir neçə aydı direktor gəlib. Hələ bir ili tamam deyil. Ancaq ötən görüşümüzdə verdiyi sözə bu az müddətdə əməl edib. Kəndə uzaq məsafədən su və qaz kəməri çəkdirib. Kəndin küçələrinə asfalt saldırıb, Ermənistandan gələn iyirmi qaçqın ailəsini işlə, evlə təmin edib. Halal olsun! Əlbəttə sərkərdə qoçaq olsa… İndi də gündə-günaşırı Büllur bulaq kəndində görünür. İnşaatçıların dərd-sərinə qalır, onları pulsuz kartof, meyvə, tərəvəz və sair kənd təsərrüfatı məhsulları ilə təmin edir. Büllur bulaqda tikinti-abadlıq işi aparan bütün idarə və təşkilat başçılarının xidməti və ev telefonlarının nömrəsi onun cib dəftərindədir. Bakı və rayon təşkilatları Büllur bulaqla bu zonanın ağsaqqalı, kara gələni kimi Vəfadar Muradov vasitəsilə əlaqə saxlayırlar. Vəfadar məgər burada iş gördürənləri dinc qoyur? Əlbəttə, yaxşı idarə, təsərrüfat başçısı olmaq azdır. Gərək hamıya əl tutub, el-obanın qeydinə qalıb, qayğıkeşi olasan. Yeri gəlmişkən, belə bir səhvimizi etiraf etməliyik ki, yaxşı kadrlara ehtiyac duyuruq. Müəyyən mənada kara gələ bilən, el qayğısı çəkən ağsaqqalları isə az yada salırıq. Bəzən heç itirib axtarmırıq da.

Büllur bulağın pərgarı pozulandan bəri onu əhatə edən dağlar da qəribsəyib. İndi-indi yamaclarına iz düşüb, insan hənirtisi eşidilir.

Dağın ortasına kəmər kimi dolanan seyrək dumanın altından nərmənazik bayatı süzülüb gəlirdi. Bu səsdən elə bil bütün çöl-çəmən sevinir, qayalıqlarda dolaşan quşlar vəcdə gəlirdi. Kənd təsərrüfatı mütəxəssisi Üzeyir Bayramov həmin səmtə işarə edərək:

- Oxuyan Şamildir - dedi, - Tahirov. Ermənistandan gələn qaçqınlardandır. Büllur bulaqda kolxoz yaradırıq. Orenburqdan beş yüz baş cins keçi gətirmişik, onu otarır. Bu keçilər bizimkilərə bənzəmir. Yunu çox qiymətlidir. Dərisindən hasil olan xəz əvəzsizdir.

Üzeyir dedi ki, kəndin sakinləri də məlumdur, yaratdığımız kolxozun məşğuliyyəti də. Evlər hazır olan kimi…

Kəndin kənarındakı təpənin üstünə çıxdıq. Xeyli aşağıda, üz-üzə dayanan dağların dibində çağlayan çayın gümüşü suları işıldayırdı. Müvafiq elmi müəs­sisələr tərəfindən suyunun tərkibi dönə-dönəyoxlanıb və analiz göstərib ki, farel balığı yetişdirmək üçün bu diya-rın iqlimi də, təbiəti də, suyu da əvəzsizdir. Müsahibim dedi ki, çayın qabağı kəsilib, iri göl yara­dı­lacaq, milyon manatlıqlarla gəlir verə bilən balıqçılıq təsər­rüfatı fəaliyyət göstərəcəkdir. Elmixan Meh­rə­li­yev dağın kəndə sallanan ətəyindəki meşələri göstərdi:

- Mütəxəssislərlə götür-qoy edib belə qərara gəl­mi­şik ki, bu ilin payızında, gələn ilin baharında həmin me­şə­lərin on hektarında cır zoğalı, armudu, almanı pey­vənd edək. Yeni yaradılacaq kolxoz meşənin bir his­­səsində meyvə istehsal edib gəlir götürə bilər - dedi.  - Atalar na­haq yerə deməyib ki, dama-dama göl olar.

Elmixan kənddə bu gün həyata keçirilən real tədbirlərdən iftixarla danışırdı:

- Ordubadlılar bizə qoz tingi göndərməyə söz verib. Buradakı bütün sututarlarda qoz ağacları əkiləcək. İsmayıllıdan Qızıləhməd alma tingi almaq üçün razılıq əldə etmişik.

Rayonun başçısı yönünü başqa səmtə çevirərək:

- O düzlərdə vaxtı ilə buğda, arpa, darı, pəric əkilib. Həmin sahələr kol-kosdan təmizlənir, əkin yerləri bərpa olunur…

Aydın müəllimin də başqa bir məramı var. Özü də xoş və xeyirxah məram. Ermənistanın Sisyan rayonundandır.  Ev-eşiyini atıb gəlib. Ancaq qoçaq tərpənib. Varidatını da gətirib. Təqaüdə çıxsa da, bekar-behtin dura bilmir. Arı saxlayır. Büllur bulağı məskən seçənlərdən biri də odur. Təzə kolxoza bəri başdan əvəzsiz-təmənnasız olaraq on arı ailəsi bağışlayıb. Bu da Büllur bulağın görüşünə bir hədiyyədir. Aydın müəllim burada arıçılıq təsərrüfatının qoyulması barədə təşəbbüs irəli sürüb. Boyun olub ki, arı ailələrinin sayını beş yüzə çatdırsın və bu işə özü başçılıq eləsin. Əlbəttə, "niyyətin hara, mənzilin də ora" deyiblər. Biz də bu xoş məramlı adamlara xeyir-dua verib, uğurlar diləyirik.

Bayaqdan bəri Büllur bulağı əhatə edən dağların zirvəsinə lay-lay sıxlaşan buludlar öz karvanını hiss olunmadan uzaqlara çəkib aparırdı. Kəndin səması təmizlənir, kərpic evlərin qırmızısı damların gümüşü rənginə qarışıb sentyabr günəşinin şəfəqləri altında çilçıraq kimi bərq vurur və sanki təbiətin bu səfalı guşəsinə səxavətlə sevinc yayırdı. İnsan, kənd, dağ sevinci…

4 oktyabr 1989-cu il

"Kommunist" qəzeti

Abşeron



















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com