www.aliildirimoglu.az

POVESTLƏR

NAZİR VƏ VƏZİR

 

Kamal sahibləri qarşısındakıları da dərrakəli bilib onlarla ədəbli davranırlar. Nadanlar isə hamını anlamaz yerinə qoyub onlara qarşı min cür hiylə işlədirlər. Elin gözündə birincilər ucalır, ikincilər isə əvvəl-axır gülünc vəziyyətə düşürlər.

Müəllifdən

 

Əvvəlki nazirin o cür əzazilliyini görüb-bilənlər indikinə min kərə şükür eləyirdilər. Deyir­dilər ki, daşı daş üstünə qoyan olmasa da, bizə elə bu cür əlindən mərdimazarlıq gəlməyən - dəymə mənə, dəyməyim sənə mülahizəsilə işləyən nazir lazımdı. Ancaq xəmir yeyənin fağırı olmaz. Bir tərəfə baxanda elə bu nazirin özü də azacıq aşın duzu deyildi. Altdan-altdan közü öz qabağına eşib, dost-tanışlarını, uzaq-yaxın simsarlarını yan-yörəsinə cəm eləyib, qanadının altına alıb, hərəsini də yağlıca bir vəzifəyə, dor-dolaşıqlı işə düzəltmişdi. Amma adamın üstündə Allah var. İmam üçün ağlayanda, gərək yezid üçün də ağlayasan. Tay əvvəlki kimi ağ eləmirdi.

Sözün müxtəsəri odur ki, əvvəlki nazirin yanında, bu toy-bayrama getməliydi. Allah yuxarıdan daş tökər, gərək haqqı-nahaqqa verməyəsən. O nazirə nisbətən, bu nazir lap murdar suya qoyulub içilməliydi.

Amma ulular demişkən, adamın yüz gün kotanı işləyincə, bircə gün bəxti işləyə. Kişinin bəxti gətirmədi, ağzı aşa çatanda başı da daşa çatdı. Ayın-şayın oturub işlədiyi yerdə qəfildən idarəni dibindən yoxlayıb, nə ki nöqsanı vardı, çıxardıb qoydular ortalığa. Kəm-kəsirin hamısını haqq-nahaq yoğurub yapdılar nazirin boynuna. Sonra da kürəyinə bir yarıtmaz damğası yapışdırıb atdılar bayıra. Durduğu yerdə oldu heçin tayı. Əslinə baxsan, elə haqqına elədilər. Sözə baxmamağın axırı, tez-gec belə də olmalı idi. Nazirliyin təsərrüfat işlərinə baxan müdiri həmişə daş atıb başını tuturdu. Və orda-burda oturub-durub qovrula-qovrula deyinirdi: "Nə bu xarabaya qalmış kombinatların sahibi var, nə də ki, o boyda nazirliyin! Allahsız yerdə otur, böyüksüz yerdə oturma! Əşşi, belə də başsız təşkilat olar?! Ay camaat! Baax! Mən ölü, siz diri, tez-gec bu nazirliyin bir xatası çıxacaq! Çıxmasa, atamın oğlu olmaram. Bilin ki, itdən əmələ gəlmişəm!" Təsərrüfat müdiri kirimək bilmirdi. Elə hey deyinirdi: "A balam, nazir olanda noolar ee! Məyəm nazir insan deyil! Adam nazir olanda söz eşitməz! Di get! Ağsaqqal-qarasaqqalın dediyini qulaqardına vuranda, özündən aşağıdakını saya salıb, sözünə qiymət qoymayanda da, bax elə axırı da belə olar. Vallah-billah, a kişilər, ürək süfrə deyil açasan. Onsuz heç kəs bir çöpü qaldırıb, bir çöpün üstünə qoya bilmir ki, qabaqda nazir var. Saqqalımı bu idarədə ağartmışam. İlahinin qismətidi, mənimki də belə gətirib. Hamı böyük vəzifədə olmaz ki! Bax, bu tifaqı dağılmış, aşağı işdə olanda quzu kimiydi, elə ki, yuxarı qalxdı, bilmirəm Allah almışlıqdı, nədi gözünü qan örtdü. Tanrısın tanımadı..."

Təsərrüfat müdirinin ağzını yummaq olmurdu. O biri işçilərin isə vecinə deyildi. Gecə-gündüz ağızları göydə idi ki, gedən getdi, çıxan da çıxdı. Əvvəlkilərdən gördüyümüzü görmüşük. Xudavəndi-aləm bu dəfə bizə bir əsli-nəsli olan, halal süd əmmiş başçı qismət eləsin. Biz də arın-arxayın başımızı aşağı salıb, bir tikə çörək pulu qazanıb yavaş-yavaş balalarımızı dolandıraq, görək bu dünyanın axırı hara çıxır!

Bircə nazirliyin bir gözü mayıf, Nadiri taxtda, Süleymanı bələkdə görmüş köhnə makinaçısı Zəridə sola çəkib deyirdi ki, aaz, getməsin o pis ki, yerinə yaxşısı gələ. Bu təzə gələn əvvəlkilərdən də betər olmasa, adımı dəyişib it qoyaram. Mən ölü, siz diri, baxarıq! Neçəsini yola salmışam! Yaxşısın da görmüşəm, pisini də! Hamısı bir bezin qırağıdı. Bacı, bütün günahlar o stoldadı. O stolda nə sirr varsa, illaf Allahın bacısı oğlunu gətir qoy! Üçcə gündən sonra dönüb olur əfi ilan. Allahını tanımır, bəndəsinə də təpik atır.

Nazirin şəxsi yazı-pozusunu aparan, əsas katibə Zəkiyyə təqaüdə çıxsa da, yenə də öz yerində qalıb işləyirdi. Deyirdi ki, üz-gözüm bura öyrəşib. O, makinaçının üstünə çəmkirərək:

- Kiri, aaz! Sən Allah kiri! Ağzını xeyirliyə aç! - dedi, - indidən nəhs-nəhs danışma... Dünya xali deyil ha, yəni bu ölkədə yönnü bir adam tapılmayacaq, gətirib nazir qoysunlar. Vallah papaq altında oğlanlar var ki, bizim nazirliyi yox ee, illaf Amerikanı da əlində fırlayar...

* * *

...Təzə təyin olunan nazirin fotoşəkli və altından da qısa tərcümeyi-halı dərc olunan qəzetlər əldən-ələ gəzirdi. Makinaçı gözlərini qıyıb təzə nazirin şəklinə baxanda, şəhadət barmağını yarıbükülü alt dodağına aparıb təəccüblə fısıldadı:

- Bıy az, az! Başıma xeyir! - dedi. - Bu Bəybala Sədirxanov hardan belə qəfil böyürdən pırtdıyıb çıxdı?! Vallah adam yatsa, yuxusuna da girməz.

Zəkiyyə də təzə nazirin şəklinə zəndlə baxıb dodağını büzdü və onu dövrəyə alanlara:

- Başıma xeyir! - dedi. - Az elə sən demiş, bu hardan pırtladı çıxdı?! Katibə əlavə etdi:

- Düzdü ee, kim ağadı, biz də quluq, kim ulaqdı, biz də çuluq. Amma...

Zəkiyyə qaşlarını dartaraq:

- Sədirxanov! Sədirxanov! - dedi və istehza ilə gülümsündü. - Hə, vaxtilə bizim nazirliyin sistemində işləyib. Çeşməlidə sex müdiri qoymuşdular. Amma ağa yarıdıb haqq alan zibil dəyil. Allahın var günü, bir əyrimçəsi vardı, onu da qoltuğuna vurub, vayennilərin qaradokunda, nə bilim orda-burda tans oynuyurdu. Axırda da sexi gözündən batırdı, huydu-huyduya götürüb qovarağın qopardılar.

Zəkiyyə qaş-gözünü oynadaraq:

- Az, nolsun diplomu var. Onu mənim kimi tanıyan yoxdu ha! Çox quşbeyin adamdı. Civanəzən ölən qardaşımın canı haqqı, onda ağıl deyilən şey yoxdu. O vaxt sexdən çıxardanda bir az da gəldi bizim nazirlikdə girələndi. Öz dilində də düz-əməlli danışa bilmir. Hamı onu lağa qoyub gülürdü. Axırda burdan da başını götürdü qaçdı.

Zəkiyyə barmaqlarının beşini də üzünə çəkərək:

- Aazz, hələ bunu qoyum, ona gedim. Bircə oğlu var, o da nə bilim ee vallah... Bizə nazir gələn bu Sədir­xa­no­vun həmin o Çeşməlidə qılıncının dalı da, qabağı da kə­sən vaxt oğlu birisinə qoşulub meşəyə ova gedib. Meşədə də tay orası necə olub, dürüst bilmirəm, əlindən xata çı­xıb. Həə, babalı deyənlərin boynuna, iç adamlarından bi­ri danışıb ki, meşəbəyini öldürən Sədirxanovun həmin o həl­ləhüş oğlu olub. İllaf görüblər də. Amma adamın üstə Allah var, qəsdən olmuyub. Tüfəng qəfil açılıb. Sədir­xa­no­vun da heyləliyinə baxma. Orda-burda adamı çoxdur, illaf Moskvanın özündə də girmədiyi deşik yoxdur... Hə, qurub, qoşub məhkə­mənin, prokurorun əliynən Sədir­xa­no­vun oğlunu aradan çıxarıflar. İşi başqasının üstünə yıxıb­lar. O da sübuta yetməyib. İş yuxarı məhkəmədə tə­zə­dən dağılıb. Tay sonrası necə oldu, bilmirəm. Bircə onu bilirəm ki, meşə­bə­yinin qanı ortada batdı. Arvad-uşağı da ora-bura çox yazdı-pozdu. Axırı bir yerə çıxmadı. Bir adam var, deyirdi ki, Sədirxanov Çeşməlinin nəçənni­yi­nən çox dostmuş. O canıyanmış nəçənniynən Sədirxa­­no­vun aralarından su keçmirmiş. Bircə yatıb-duracaqları ay­rıymış. Həmin qan işini də bünövrədən əyib-batıran elə o canıyanmış nəçənniy olub. Sədirxanov Çeşməlidən çıxıb, bizim bu nazirliyə gələndən sonra, həmin o qan məsələsi bir də qalxdı. Sədirxanov gördü ki, yoox, iş təzədən yoğunlayacaq, nə fənd işlətdisə, sivişib aradan çıxdı. İşini hansı yollasa düzüb, qoşub, harasa getdi. Oho-ho, mən bilirəm o nə yuvanın quşudur. Onda bir dil var, bir fel var ki, vallah nə deyim! Özü də o ilanların qənimi var e, bir göz qırpımında gürzəni də udur. Tülküyə də oxşuyur e, manqustdu, nədi, bax, tərpənişindən onun özüdür ki, var. Oturduğu yerdə on dəfə o tərəf bu tərəfə fırlanır. Oho-ho, mən bilirəm o nədi! Aaz! İyirmi il olar ki, adı batmışın səsi, sorağı yoxdu! Birdən-birə nətəhər oldu, böyürdən pırtdıyıb çıxdı. Zəridə tək gözünü qıyaraq:

- Ee sən də söz danışdın! Yəqin o vaxt cavanmış - dedi - indi ağıllanmış olar. Şəklini görmürsən, başı-zadı ağarıb.

Zəkiyyə əndamını yırğaladı.

- Bacı, məni qınama, vallah elə adam var ki, başı ağarsa da, ağlı ağarmır. Elə o cavanlıq xasiyyəti goracan gedir. Qozbeli qəbir düzəldər.

Zəridə gözünü qıyıb ittihamedici əda ilə:

- Sözüm onda deyil ha, - dedi, - harda görünüb ki, sex müdirliyinin öhdəsindən gələ bilməyən bir adamı, gətirib nazir qoysunlar?! Az, Bəybala Sədirxanovu maa tanıdırsan?! Nəyə desən and içərəm, onda ağıldan başqa nə desən var! 

Makinaçı çiyinlərini təəccüblə qaldırıb dodağını büzüb gözünü qıydı:

- Vallah elə söz var ki, açıb-ağartmalı deyil. Aaz, o heç bizim dildə danışa bilmir ki! Məktəbi ayrı dildə oxuyub. İdarədə işçiləriynən, adicə süpürgəçiynən elə evdə də öz doğma ata-anasıynan da ayrı dildə danışır. Aaz, ayrı dildə oxuyanda noolar. Adam öz dilini atar?! Qeyrəti olan, gərək elə birinci öz dilini yaxşı bilə.

Makinaçı sifətini ikrahla turşutdu:

- Özü də çox ee, çox! Nə qədər desən, yelbeyin adamdı! Düzü, eşidəndə ki, onu nazir qoyublar, aya­ğımın altından yer qaçdı. Onun bu şəklinə baxanda quruyub qaldım. Yəni dünyanın bu düz vaxtı, bir yön­nü, ağlı başında adam qəhətdi ki, o cür dəmdəməkini gətirib bu böyüklükdə nazirliyə başçı qoyurlar? Amma bacı, orası da var ki, xoşxasiyyət adamdı. Qaraqabaq-zad deyil.

Zəkiyyə müsahibinin sözünü təsdiqlədi:

- Ay Zəridə, - dedi, - sən də nəyi qoyub, nəyi axta­rırsan. Vallah belə-belə işləri görəndə matım-qutum quruyur. Adam bilmir ki, hansı zəmanədə yaşayır...

Nazir müavinlərindən, idarə rəislərindən, şöbə müdirlərindən isə təzə nazir barədə bir səs-səmir çıxmırdı. Onlar katibə ilə makinaçı kimi ağızlarını Allah yoluna qoyub, düz-əyri ağıllarına gələni tullamırdılar. Hərəsi hesabı öz-özlüyündə içəri vermişdi. Təzə nazir barədə kəlmə də kəsmirdilər. Danışanlar da, boğazdan yuxarı olsa da, ancaq və ancaq Bəybala Sədirxanovun yaxşı tərəfini deyirdilər. O da vardı ki, Bəybala Sədirxanovla əvvəllər az-çox yaxın olanların sümüklərində su oynayırdı. Amma onu dərindən tanıyıb, yaxından bələd olanlar bilirdilər ki, Bəybala Sədirxanovun çatısının üstünə odun yığılası deyil. Ələyəz otu kimi gündə bir tərəfə əsir.

Vaxtı ilə Bəybala Sədirxanovun ayağının altını qazıb onu buralardan didərgin salanların və ya dalınca danışıb, kölgəsini qılınclayanların da qarnına sancı dolmuşdu. Təzə nazirin kəndlisi, həm də onunla uzaqdan-uzağa bir balaca simsarlığı çatan arxiv müdiri də məsələdən hali olandan sonra inanıb etibar elədiyi həmsöhbətlərinə sözarası xırdalayırdı:

- Əə, iti sahibinə tanıtmayın - deyirdi. - Bu Bəybalaya mənnən yaxşı bələd olan yoxdu. O nəslin dabbaqda gönünə bələdəm. Nazir olsa da, gədə oğlu gədədir. İrəhmətlik atası deyərdi ki, Bəybala kimi oğuldansa, bir kor qız yaxşıdı. Baxdı bircə onda gətirib ki, çoxlu dil bilir. Urusucan, ermənicən, yəhudicən elə danışır ki, gəl görəsən. Özü də haracan desən, ütük gədədi. Di gəl ki, zalım oğlu zalımın müsəlmanca dili düz-əməlli dönmür. Amma bircə o var ki, çox alan da deyil. Başqalarına baxanda, tamahı bir az kəmdi. Tamahı var ee! Kim nə deyir, desin. Ə, indiki zəmanədə insan ola, tamahı olmuya?! Bu mümkün olan şey deyil. Bizim bu Bəybala o barədə bir az nəfsinə tət deyəndi. Hə ye, gərək düz danışasan, köpəyoğlunun gədəsi aza qane olandı.

Arxiv müdiri əlindəki qovluğu tikə-tikə başını buluyub gülümsündü:

- Amma qırışmalın dinindən-məssəbindən baş açmaq olmur. Bilmirsən, hansı dinə qulluq eləyir.

Arxiv müdiri əlindəki işi saxlayıb müsahiblərinə:

- Bunu qoyum, onu danışım, - dedi. - Bizim qonşu gürcü kəndində, bir quş tut arağı çəkilən yerə qonub, o zəhrimardan bir-iki damcı içirmiş. Sonra da gedib kilsənin üstündəki xaçın üstünə qonub, zınq çalarmış. Ev sahibi bu quşu pusub-pusub axır ki, bir gün tutur. Tutanda da ayağına döyə-döyə deyir ki, ay Allahın dilsiz-ağızsız heyvanı, əgər müsəlmansansa, araq içməyin nədi?! Yoox gürcüsənsə, xaçı niyə mundarlayırsan?!

Hamı gülüşdü. Arxiv müdiri:

- İndi ay uşaqlar, o Bəybala da həmin quş kimidi, nə dini bilinir, nə də ki, məssəbi. Günah onda deyil ee, onun kimisini gətirib nazir qoyandadı...

* * *

...Bazar gününün səhərisi Bəybala Sədirxanovu təntənə ilə gətirib əyləşdirdilər nazir stulunda. Hərə öz qınına çəkilmişdi. Hamı fikirləşirdi ki, görəsən, bu təzə nazir necə başlayacaq?! Adamlarla nə təhər rəftar eliyəcək? Əvvəlkilər kimi bu da özününküləri irəli çəkib, başqalarının döşündən geri itələyib, ögey-doğmalıq salacaq, yoxsa insan balası kimi hərəkət edəcək?!.Hələlik bu sualın cavabı heç kəsə bəlli deyildi.

Bəybala Sədirxanov əvvəl-əvvəl müavinlərini, kollegiya üzvlərini, idarə rəislərini, şöbə müdirlərini kabinetinə cəm elədi. Təzə nazir ağzını açanda ilk sözü bu oldu:

- Göndəriblər! Mən də gəlmişəm! İşləməliyik. O, yumruğunu bərk-bərk düyünləyib, dişini qıcıyaraq:

- Bu gündən deyirəm! Qulağınızı açın! Yaxşı-yaxşı eşidin. Hamımız bir olmalıyıq! Özü də təmiz işlə­mə­li­yik! Mən burda doğulub-böyüdüm... Kənarda olsam da, hər şeydən xəbərim var! Hamısını bilirəm! Kimin ada­mı olmuşdu, onu irəli çəkirdilər! Adamı! Pulu! Yox­du, kənarda qalmalı idi! Getsin, ölsün!!

Təzə nazir öz ana dilində səlis danışa bilmədiyi üçün, bəzi kəlmələri tam-dürüst tələffüz etməkdə çətinlik çəkir, sözlərin qol-qabırğasını qırıb-tö­kürdü. Ona görə də aşağı tərəfdə əyləşən gənc rəis müavini yerində qurcalanıb qımıldandı. Və sonra nazir hiss eləməsin deyə öskürüb, cib yaylığını çıxarıb ağzına tutdu və quru-quru öhö-öhö elədi. O biri işçilər altdan-altdan bir-birinə baxıb qımı­şırdılar. Təzə nazir qazdan ayıq adamdı, o, məsələni başa düşüb, bir qədər əsəbiləşdi və rusca danışmağa başladı:

- Bizim evimizi yıxan bilirsiniz nədi?! - deyib qəddini irəli əydi, çənəsini qabağa uzatdı və ittihamedici baxışları ilə əyləşənləri təqib etdi. Heç kəs cınqırını çıxartmırdı. Təzə nazir ortalığa atdığı müəmmalı sualını özü izah etdi:

- Bizim! Evimizi! Yıxan! Yerliçilik! Dostbazlıq!! Tayfabazlıq!! Sonrasını demirəm!..

Bəybala Sədirxanov ardı-arası kəsilmədən cır bir səslə cingildəyən telefonların dəstəyini qaldırıb, onu nazir vəzifəsinə keçməsi münasibətilə təbrik edənlərə cavab verib, təşəkkürünü bildirir və yenə də sözünə davam edirdi:

- Biz! Bu cür neqativ halların kö-kü-nü! Biryolluq kəsməliyik! Hamımız bir olmalıyıq!!

O, yenə yumruğunu gücü gəldikcə düyünlədi:

- Kim yaxşı işləyir! O, yaxşı yaşamalıdır! Kim bacarıqlıdı, buyursun irəli! O, yaxşı da vəzifə tutmalıdı!

Bəybala Sədirxanov simasına həlim bir ifadə verərək öz ana dilində danışmağa başladı:

- Mən əvvəlki nazirə demişdim! O, pis adam olmadı! Özü yaxşı bilir, xətrini istəmişəm! Ancaq! Bu vəzifəsi onun xörəyi olmazdı!

Bəybala Sədirxanov əyləşənlərin baxışlarında onun danışığına qarşı istehza hiss edib tez başqa dildə danışmağa başladı:

- Bax, gördünüz də! Məndən qabaqkı nazirin axırı da necə qurtardı!? İdarədə hərc-mərclik yarandı! Kombinatın o boyda sexləri yandı! İndi biz!

O, yenə yumruğunu düyünləyərək:

- Bütün bu biabırçılıqlara son qoymalıyıq! Na­zir­likdə möhkəm qayda-qanun yaratmalıyıq!! Bunun üçün nə lazımdır?!

Bəybala Sədirxanov qarşısında əyləşənlərə müraciət etdi. Kollegiya üzvləri elə bil əyləşdikləri stullarında donub qalmışdılar. Onlar gözlərini məchul bir nöqtəyə zilləyib, təzə nazirin dediklərinə diqqətlə qulaq asırdılar. Bə­ziləri göz qapağını yumur, bəziləri bu cür söz-söhbət­lərdən bezibmiş kimi hərdən ağızlarını geniş açıb yorğun-yoğrun əsnəyirdi. Təzə nazir qətiyyətlə dodaqlarını bir-birinə sıxıb, yumruğunu gücü gəldikcə düyünləyib, ortalığa tulladığı sualına yenə özciyəzi cavab verdi:

- Xalqla bir olmalıyıq! Bir nöqtəyə vurmalıyıq! Camaat bizə inanmalıdır! Adamlar bizə inanmasa, etibar eləməsə, heç vaxt arxamızca getməz!! Biz də təklikdə iş görüb, üz ağarda bilmərik! Poçemu?! Çünki tək əldən səs çıxmaz...

Birinci müavin çəkinə-çəkinə ayağa qalxıb nə isə demək istəyirdi. Təzə nazir onun ağzının üstündən vurub aman vermədi və gözlənilmədən:

- Elə sən özün də köhnənin adamısan! Hansı yolla gəlib bura çıxmısan, onu da bilirəm, - deyib müavini acıladı. Daha heç kəs cınqırını çıxartmadı. Əvvəldən axıracan nazir özü dedi, özü də eşitdi....

İkinci gün Bəybala Sədirxanov nazir köməkçisi Təvəkkülü yanına çağırdı.

Təvəkkülün iti, qartal gözləri əriyib çuxura düş­müşdü. Avazımış sifətindən yetimlik yağmasına baxmayaraq, baxışlarında qətiyyət, çəlimsiz görkəmində əyilməzlik hiss olunurdu. İçəri daxil olanda Bəybala Sədirxanov kiminləsə telefonla danışırdı. Köməkçi ədəblə baş əyib ona salam verdi. Lakin qarşısındakı mötəbər adamdan cavab çıxmadı. Təvəkkül daxilən sarsıldı, sonra öz-özünə: "Bu saymamazlıq deyil. Bəybala Bəşiroviç telefonla danışdığı üçün salamımı almadı. Yox, mən yanılıram. Başını yüngülvari tərpətməyə nə söz" - düşündü. Nazir telefon danışığını qurtarıb dəstəyi yerə qoydu. Təvəkkül ona ikinci dəfə salam verdi. Lakin daşdan səs çıxdı, nazirdən yox. Bəybala Bəşiroviç ona məhəl qoymadan ayağa qalxıb fikirli-fikirli pəncərəyə tərəf yönəldi və stolunun üstünə şığıyan günəşin qarşısını almaq üçün yuxarıdan sallanan ipin ucundan tutub sola dartdı. Pəncərənin ağ ipək pərdəsini aşağı endirdi və sonra qayıdıb stolunda əyləşdi. Sağ tərəfə burulub üst-üstə yığılmış kitabların birini götürüb vərəqləyə-vərəqləyə köməkçiyə dilucu:

- Qapının ağzında dayanma, yaxın gəl, - dedi və əlavə etdi, - özünü elə aparırsan ki, guya dünyanın ən fağır bəndəsisən. - Hii... hii... nazir kinayə ilə güldü.

Bu dəyintili sözün təsirindən Təvəkkülün onsuz da avazımış çöhrəsinə ölü sifəti çəkildi. O, nazirin əyləşdiyi stola tərəf bir-iki addım irəliləyib yenə dayandı. Bəybala Sədirxanov vərəqlədiyi kitabı qatlayıb bir kənara qoydu və üzünü Təvəkkülə tərəf tutaraq:

- Daa, əyləş də - dedi, - başa düşmədin?!

Təvəkkül divar boyu düzülmüş stulların birində əyləşdi. Nazirin ədalı hərəkəti və ona bu cür yuxarıdan baxması Təvəkkülü daxilən hiddətləndirdi. Təvək­külün miskin həyat sürməsinə baxmayaraq özünəməxsus mənəvi dünyası vardı. Əlindən əsla kitab düşmürdü. Elə nazirin kabinetinə daxil olanda da qoltuğunda kitab vardı. Onu bütün nazirlikdə dərin mütaliəçi kimi tanıyırdılar. Harda təzə kitab çıxsa, onu hamıdan qabaq Təvəkkül tapıb oxuyurdu. Tarixi kitablara daha çox maraq göstərirdi. Təvəkkülün mütaliəsi onun sərrast danışığında, nəzakətli hərəkətində, yoldaşları ilə davranışında da özünü büruzə verirdi. Ona mazutla işləyən qazanxananın qara hisini də, valideynlərinin faciəli aqibətini də, hər gün rastlaşdığı bəxtəvərlər və bəxtikəmlər dünyasının təzadlarını da, düçar olduğu mühitin ağrısını-acısını da yalnız kitablarda təsvir olunan real və fantastik aləmin romantikası unutdururdu. Təvəkkül bununla təsəlli tapır, onu düşündürən cavabsız sualların düyünü açılır,  bəzən qapıldığı ümidsiz­likdən uzaqlaşıb qəlbində közərən qətrə-qətrə inamın işığında nicat yolunun aşırımlarını görürdü.

Bəybala Sədirxanov isə onun cılız görkəminə baxıb Təvəkkül Mövlanverdiyevi nəinki nazirlik, cəmiyyət üçün köpük qədər dəyəri olmayan bir əvvam, avara hesab edirdi. O, üzünü pəncərəyə çevirdi və kömək­çisinə ilk sualı da bu oldu:

- Neçə yaşın var? Görürəm çox cavansan!

- İyirmi altı.

- Neçə ildi köməkçi işləyirsən?

- İki ildən çox olar.

- Səni bu gedən nazir gətirib? Onun nəyisən? Yerlisisən, yoxsa qohumu? Düzünü desən də, deməsən də onsuz da mən hər şeyi bilirəm.

Nazir köməkçisinin solğun sifəti qızardı və udquna-udquna:

- Onun heç nəyiyəm, - dedi. - Düzü köhnə nazirlə bir rayondanıq, ancaq ilk dəfə burda görüb tanımışam.

- Bir rayondanıq, ancaq tanımıram! - Bəybala Sədirxanov dodağını əyib Təvəkkülün dediyini lağ­lo­ğaz­la yamsıladı və: - Cavan olsan da, bic oğlana oxşa­yırsan, - dedi. Sonra siyirmədən əl boyda cib dəf­təri çıxartdı. Cib dəftərinə cavan köməkçinin adını, fami­liyasını qeyd edib və həmin qeydiyyatın qabağında da mötərizə açıb iri hərflərlə "KNA" yazıb, axırına da iki sual, bir nida işarəsi qoydu. Həmin tək-tək, böyük hərflər "köhnə nazirin adamı" demək idi.

Nazir cavan köməkçisi Təvəkküllə sorğu-sualını tamamlayıb ona tərs nəzər yetirdi və:

- İndi yaz! - dedi. - Nazir kimi, mənim adımdan bütün rəislərə! Baş direktorlara! Müdirlərə! Birinci növbədə müavinlərimə! Rəsmi qaydada göstəriş ver ki, sabahdan etibarən qəbul vaxtları ləğv edilir! Bütün qapılar şikayətçilərin üzünə hər gün səhərdən-axşamacan açıq olmalıdır!..

Bəybala Sədirxanov köməkçisinə üzünü tutaraq:

- Biz yeni qayda yaratmalıyıq!! - dedi. - Bir mənə izah elə görüm şikayətə gələnlər kimdi?! - soruşdu.

Təvəkkülün ifadəsiz baxışları nazirin zəhmli sifətində donub qalmışdı. Onun nə demək istədiyini bilmədiyi üçün dillənmədi. Nazir verdiyi sualı özü izah etdi:

- Şikayətə gələnlər, bizim analar! Bacılar! Atalar! Qardaşlar! Fəhlələr! Qoy onlar istədikləri vaxt öz dərdlərini deyə bilsinlər. Onlar olmasa, biz kimik?! Heç kim! Yoxsa ki, hərə qapısına qara, qırmızı, yaşıl hərflərlə lövhə yazdırıb, yapışdırıb ki, "qəbul vaxtı filan həftənin filan günündə, filan saatında!!."

Nazir əsəbi halda köməkçisinə:

- İnnən sonra, o cür yazıların biri də gözümə dəyməməlidir!!! Hərə öz yanından bir hoqqa çıxardır! Amirliyin, bürokratçılığın, süründürməçiliyin kökünü kəsməsək!! İrəli gedə bilmərik!

Bəybala Sədirxanov danışdıqca qızışırdı. Onun hökmlü danışığı qarşısında rəng verib, rəng alan cavan köməkçi alnında purçumlanan xəcalət tərini silməyə cəsarət etmirdi. O, yalnız nazirin dediklərini başının müti hərəkəti ilə təsdiq edirdi.

...Vətəndaşların qəbul olunmasına dair təzə nazirin qoyduğu yeni qayda dildən-dilə düşmüşdü. İqtidar sahiblərinə xidmət göstərmək fürsətini əldən verməyən sırtıq jurnalistlər qabağa düşüb bu barədə tələm-tələsik məqalə və reportajlar yazmağa başladılar. Nüfuzlu qəzetlərdə iri hərflərlə "Qapıları açın" başlığı altında iri məktublar dərc olundu. Bu yazılarda Bəybala Sədir­xanovun rəhbər işçilərlə sadə adamlar arasındakı bürokratik sədlərin qırılıb ləğv olunması sahəsindəki ideyası hər yerdə təqdir və təbliğ olunurdu. Bəybala Sədirxanova səmt olan qəzet işçiləri bəlağətli cümlələrlə buna daha dərin məna verib onun nüfuzunu qaldırmaq üçün dəridən-qabıqdan çıxırdılar.

...İki gündən sonra Bəybala Sədirxanov başqa bir göstəriş verdi. Qəti olaraq tapşırdı ki, nazirdən tutmuş baş direktorlara, rəislərə, müdirlərə qədər hamısının idarə və ev telefonları qəzetlərdə açıq-aydın dərc olunmalıdır...

Nazirliyin sistemində işləyən və qonşuluqda yerləşən idarə, müəssisələrdə Bəybala Sədirxanovun əsl xalq adamı olduğu barədə cürbəcür xoş söz-söhbətlər gəzirdi. Bu xoş söz-söhbətlər onun öz qulağına da çatmışdı. Ona görə də Bəybala Sədirxanov müavinləri ilə növbəti görüşündə adəti üzrə yumruğunu düyünləyib, qətiyyətlə dodağını bir-birinə sıxıb eyni sözləri yenə də dönə-dönə təkrar etdi:

- Biz bir olmalıyıq! Nazir də, müavinlər də! Mehribançılıq!.Etibar! Bax, belə olmalıyıq! Bu bizim əxlaq normalarımız olmalıdı!

Nazir işlətdiyi bu qırıq-qırıq kəlmələrdən sonra hirsləndi. Onun qaşları yana əyildi, nazik dodaqları üst-üstə sıxıldı, uzun kirpikləri gözlərinin üstünə sallandı, qalın qaşları çatıldı, sol cəngi qulaqlarına tərəf dartıldı və qeyzlənərək öz dilində:

- Sizə baxma! - dedi, - mən çox-çox kitablar oxumuşam! Siz Spartakı eşitmisiniz?! Müavinlər bir ağızdan:

- Bəli, bəli! Eşitmişik! - dedilər. - Qədim Roma qəhrəmanıdı.

Nazirin qəribə gülüşü vardı və onu hər adam hiss eləmirdi. Şən əhval-ruhiyyə ilə danışanda hərdən sol cəngi geri dartılır, çatma, qalın qaşları gözünün üstünə sallanır, dodaqları yan tərəfdən aralanır və bir-birinin üstünə minmiş kimi qaralmış dişləri görünürdü. Bəybala Sədirxanov bir balaca gülümsünüb müavinlərin ona verdiyi cavabı təkrar edərək:

- Bəli, bəli, Roma qəhrəmanı Spartak! - dedi və əlavə etdi:

- Bilirsiniz də, onun adına futbol komandası da var.

- Bəli, bəli, - deyib, onun sözünü təsdiq etdilər.

Qəzəbindən nazirin sifəti səyriyirdi. Sanki onu indicə iflic vuracaqdı. O, yenə düyünlənmiş yumruğunu silkələyərək:

- Spartak niyə məğlub oldu?! Ona görə ki, onun sərkərdələri arasında ayrı-seçkilik olmuşdu! Düşmən də ondan çox bacarıqla istifadə edə bilmişdi!

Nazir əyləşənlərin gözlərinə qətiyyətli nəzər salaraq:

- Bax! Bizdə ayrı-seçkilik olmamalıdır! Mən! Sən! Bizim rayon! Sizin rayon! Mənim adamım! Onun adamı!..

Nazir çənəsini sağa əyib, dodaqlarını bir-birinə sıxıb, barmağını silkələyə-silkələyə:

- İnnən sonra belə olmaz! Kim yaxşı işlədi, yaxşı yaşamalıdır! Kimin bacarığı var, buyursun!.. Birinci növbədə gənclərin! Cavanların qayğısına qalmalıyıq! Çünki onlar bizim gələcəyimizdi!

Nazirliyin çoxtirajlı qəzetində belə-belə möcüzə kimi görünən yeniliklərin yerlərdə rəğbətlə qarşılanması barədə ardı-arası kəsilməyən haylı-küylü, irili-xırdalı məqalələr, məlumatlar dərc edilirdi. Xüsusilə, qəbul qaydalarındakı yenilik... Telefon nömrələrinin açıq-saçıq qəzetlərdə dərc olunması... Bir də ki, mehribanlığa çağırış... Bütün bunlar böyük əks-sədaya səbəb olmuşdu. Hamı Bəybala Sədirxanovun bu cür sadəliyini, el adamı olmasını sidq ürəkdən bəyənib, ondan yerdən-göyəcən razılıq eliyirdi. Bircə arxiv müdiri qovluğa keçirdiyi uzun, ucu iti bizi hərdən bir kənara qoyub ayrı hava çalırdı. Gözündəki xırda sağanaqlı eynəyinin üstündən o cür danışanlara kinayəli nəzər salıb istehza ilə:

- Ay ağlıyox məxluq! - deyirdi. - Dünən bir, bu gün iki! İndidən küyə düşüb son sözünüzü əvvəl deməyin! Qoyun bu köpəyoğlunun gədəsi nazir stolunu isitsin sonra! O Bəybala bizim kənddəndisə, illaf nazir olmasın, nə olur olsun ə, çox kirdarsız adamdı. Kişinin də ki, kirdarı olmadı heç! A balam, indi siftə-siftə üzəngi parladıb özünə xal yığmağına baxmayın. Ə, nə telefon nömrəsi, nə qəbul vaxtı... Ay ağlıyox məxluq! Ə, adam bala­sısınız, arada heç nə olmamış, indidən küyə düşməyin! Onun əsli-nəslini mənim kimi tanıyan yoxdu. Ə, bir adam ki, ata-anasına yiyə durmaya, bir kişi ki, öz dilində düz-əməlli danışa bilməyə, onnan nə umursunuz?! Pah! Millət dərdini çəkənimə bax ee!?. Görəsən, gün hardan belə doğdu?! Bəşirin oğlu Bəybala nazir olub, millət dərdi çəkir! Ay-hay! -arxiv müdiri əlini yellədi və yenə əlavə etdi:

- Bizim evimizi Allah onda yıxıb ki, hər gədə-güdə, o cür yuxarı vəzifələrə yol tapa bilir. Arvadının ağzını yığa bilməyəni, gətirib başımıza ağa eləyirlər.

Arxiv müdiri təzə nazirin kəndlisi, bir az da simsarı olsa da, onun yan-yörəsinə üzükmürdü. Bir dəfə də işin axırında nazir adam göndərib, onu yanına çağırtdırmışdı. Arxiv müdiri tərsliyinə salıb kinayə ilə:

- Ona deyin əlində vacib işi var, bir az da nasazdı, - cavabını verib, təzə nazirin sözünü yerə salıb, çağırışından boyun qaçırmışdı. Arxiv müdiri həm də onu çağırmağa gələnə demişdi:

- Bir adamın ki, hansı dinə, hansı məssəbə qulluq elədiyi bəlli olmuya, nazir olmasın e, lap Allahın bacısı oğlu olsun, heyləsiynən mənimki tutmaz. Əlimdə bir bizim var, xoşu gəlməsə, onu da haçan desə, verməyə hazıram! Bəybalanın başı dağ olsa da, dibi qıldı. O kənddən, o nəsildən, o kökdən nazir çıxsa da, yönlü kişi çıxmayıb.

Arxiv müdiri kinayə ilə gülüb:

- Başağrısı olmasaydı, sizə bu təzə nazirimiznən bağlı bir əhvalat danışardım, - dedi.

-Buyur, Səyyaf kişi, - onu əhatə edən müsahiblər dilləndi.

Səyyaf:

- Onda cavan, bığıburma oğlandım, - dedi. - Muro-murov vaxtımdı. Hələ evlənməmişdim. Evlənməmiş­dim deyəndə, qonşu kənddən birinə ad eləmişdilər, həəsini-zadını da almışdılar. Bu gün, sabah nişan məsələsi olmalıydı. Həmin il də bağlar dolub durmuşdu. Nənəm deyirdi ki, təzə gəlinin ayağı uruzuludu. Ad eliyən gündən bəri evimizin bin-bərəkəti artıb. Ağacların burun-burağı yerə dəyirdi. Yediyimizi yeyirdik, yemədiyimizi də qonum-qonşuya, dost-tanışa cəvərən-cəvərən paylayırdıq. Denən meyvə qurtarmaq bilirdi? Ay tövbə yox! Payıza dönəndə atam dedi ki, ə, Səyyaf, elə bunun özü də bir uruzudu. Bu gavalı, alma, armud da elə şeydi ki, hərəsinin öz vaxtı, vədəsi var. Elə ki, saral­dı, gərək dərəsən, yığmadın, ötürdün, hamısı lalıxlayıb dibinə tökülüb qəhr olacaq. Allaha ağır gedər, alma-armudun əsl vaxtıdı, gəl maşın tut, qohum-qardaş tökülək, köçlü-köməkli beş-altı ton yığaq, apar Bakı bazarında dəyər-dəyməzinə sat, beş-on köpük elə gətir. Rəhmətlik Allah adamıydı. Sözünü iki eliyəndə xətrinə dəyirdi. Düzdü, incikliyini bildirmirdi, amma hesabı içəri verirdi. Görürdün ki, qəlbinə dəydi. Nə qədər də desən, nazik qəlbi varıdı. Xırda bir şeyin üstündə sınırdı. Kişinin sözünü yerə salmadım. Həmin günün səhərisi iki maşın behlədim. Yalan olmasın hərəsinə üç tondan çox yük vurdum. Almanın, qızıl armudun elə vaxtıydı ki, vallah bir köçlükdən ətri adamı vururdu.

Arxiv müdiri əlindəki qovluğu kənara qoyub müsahiblərinə yoxlayıcı nəzər saldı və:

- Deyəsən, axı çox çərənlədim, sizə başağrısı olmur ki, - soruşdu.

- Yoox, yoox, xoşdu-xoşdu, buyurun! Buyurun! - deyə onu maraqla dinləyən həmsöhbətləri dilləndilər.

Səyyafın baxışları səmimi ifadə aldı və bığaltı gülümsüyüb:

- Duzü, bu təzə nazir söz-söhbətini eşidəndən dərdim təzələndi. Çoxu onu maa yerli, qohum bilir. Sizdən nə gizlədim, həm bir kəndliyik, həm də onun atasıynan mənim anam dost-doğma əmiuşağıdı. Ancaq içi özümü yandırır, çölü özgəni. Çoxdankı əhvalat olsa da, yeri gəlib, qoy elə hamısını deyim ki, özünüz öz hesa­bınızı aparın, görün bu təzə nazir nə vücuddu.

Səyyaf kişinin başı daşdan-daşa dəyib. Kənd Sovetindən tutmuş ispalkomda müavinəcən, cürbəcür vəzifələrdə olub. Axırda da gəlib bu nazirliyə ilişib. Kişi burada adi arxiv müdiri olmasına baxmayaraq, nazirlikdə böyük hörməti varıdı. Sözü bütöv, görüb-götürmüş, hər kəsin yerini-yurdunu bilən adam kimi hamı onun yolunu saxlayıb, hörmətini gətirirdi. Çox da söhbətcil idi. Gələcəkdən, keçəcəkdən, hardan desən, ordan xəbər verirdi. Həmişə də xeyrə çalışırdı. Cavanların sözü biri-biriynən düz gəlməyəndə Səyyaf kişi ortalığa düşüb, aralıqda mehribançılıq yaradır, həmişə alovun üstünə su tökürdü. Birinin əli dara düşəndə, ya beş manat pul lazım olanda Səyyafın üstünə qaçırdı. Səyyaf kişi bu nazirlikdə hamının məsləhətçisi olmuşdu. Danışırdılar ki, Səyyafın öyüd-nəsihətinə qulaq asan peşman olmaz. Nazirliyin zirzəmidəki yeməkxanasına gedən yol, arxivin qapısının ağzından keçir. Odur ki, ötüb-keçən Səyyaf kişiyə baş vurub, ona salam verməsə olmaz. Çoxu Səyyaf kişinin şirin söhbətlərinə vurulmuşdu. Danışanda kişinin ağzından elə bir dürr tökülürdü. Onun bugünkü söhbəti də ətrafına toplaşanları yaman tutmuşdu. O, əyləşdiyi stuldan qalxıb bayaqdan bəri səliqə ilə tikdiyi qovluğu boş qəfəsələrdən birinə qoydu və geri döndü. Bu dəfə stulunda əyləşmədi. Elə ayaq üstündə söhbətinə davam elədi:

- Ee, başım nələr çəkməyib?! - deyib, dərindən ah çək­di. - Həə, meyvə dolu maşınlar düşdü yola. Avtoma­şı­nın birinin kabinəsində oturub o birini də saldım qabağa.

Səyyaf kişi söhbətin bu yerində fikrə getdi və:

- Sözümün canı başqadır, - dedi.  Amma yolda başıma gələnləri deməsəm, üstündən addasam, bağrım çat­lı­yar. Bakıya çatar-çatmaz bir nəfər QAİ işçisi qəfil pey­da oldu. Qabağımızı kəsib əl qaldırdı. Şoferlər mey­və yüklü maşınları yolun qırağına verib dinməz-söylə­məz saxladılar. Yanında oturduğum sürücü o birindən yaş­lıydı. Vallah əlli yaşı ya olardı, ya olmazdı. Avto­ins­pek­tor yanımdakı şoferə səmtiyib hökmlə - dokumenti bə­ri ver! - dedi. Yaşlı şofer çox ifallı adamdı. Onun sözünü qaytarmadı. Dinməzcə əlini qoltuq cibinə salıb doku­mentlərini ona uzatdı. Avtoinspektor gözü­nün bi­ri­­ni qıyıb diqqətlə şoferin dokumentlərini o üzünə, bu üzünə çevirib yoxlayandan sonra gördü əli ilişməyə bir şey yoxdur. Başladı keçi su bulandırması eləməyə. Nə bi­lim, maşının qabaq tərəfində əzik var, hara vurmusan?! Kimi vurmusan!? Yol hərəkəti qaydalarını poz­mu­san... Nə bilim, yüz dərənin suyunu qatdı bir-birinə, hamısı də şər-şəbədə! Şofer yönünü maa tərəf tutub - Səyyaf, bunların qarnının sancısı başqadır, - dedi. - Onu sən bilməz­sən, - deyib ehmalca yanımdan sürüşüb düş­dü aşağı. Av­to­ins­pektornan nə pıçıldaşdılarsa, hər ikisi keçdi maşının dalına. Qula­ğım çal­dı ki, cəhl eli­yir­lər. Şofer yalvarır ki, bu gün siftə elə­mə­mişəm, ola­nım da budu! Avto­ins­pek­tor da kəmfürsət-kəmfürsət aya­ğını diriyib ki, ə, beşlik nədir ki, ona bazarda heç semiçka da almaq olmur. Bunu eşi­dən­də özümü saxlaya bilmədim. Cin vurdu təpəmə. Maşının kabinəsindən tullanıb düşdüm aşağı.

Arxiv müdiri həmin vurub-tutan anlarını yaşayırmış kimi geri dartıldı və özünü şax tutaraq:

- Bayaq dediyim kimi cavan da vaxtımdı, - dedi. - Vallah əlim gicişir, dalaşmağa adam axtarıram. İstədim bu yolkəsən gədəni danaboyun eliyib, o ki var əzişdirim! Sonr­a fikrimdən daşındım. Dedim lənət şeytana! Qoy rədd olsun cəhənnəmə! Necə olsa, hökumət adamıdır, çiynində paqon var. Əlimi bulasam, sonra bunun zırıltısından qurtara bilmərəm. Atamdan da ayıbdı, kişinin qulağına çatar, onun əlindən qurtara bilmərəm. Nə isə, gördüm ki, avtoinspektor cənbər olub şoferin yaxasından əl çəkmir, ehmalca yeridim irəli, leytenantla düz üzbəüz dayandım. Dedim ə, əmioğlu səhər-səhər acqarına bu şoferə nə vermisən, ala bilmirsən. Balam düz yolnan getdiyimiz yerdə bizi niyə saxlayırsan?! Qoymazsan cəhənnəm olub gedək?! İmkan ver gün qalxmamış özümüzü bazara çatdırıb, küncdə-bucaqda bir yer tapıb bu zəhrimara qalmış mer-meyvəni dəyər-dəyməzinə verib rədd olaq, gedək xarabamıza! Leytenant qırımımdan gördü ki, yoox bu xına, o xınadan deyil! Daş qayaya rast gəlib. O, leytenantdırsa, mən də Səyyafam. Bədəbəddiynən bizdən bir şey qopara bilməyəcək. Saldı zarafata. Başladı ki, eloğlu, görürəm ötkəm cahıla oxşuyursan, adın nədir? Dedim adımı neyləyirsən, ə, Səyyafdı, sonra! Soruşdu ki, bu yük kimindir? Buyurdum ki, mənimdir, necə bəyəm?! Leytenant qırmızı papağının dalını qaldırıb peysərini qaşıdı. Bilirəm ki, qarnının ağrısı nədir. Subulandırması eləyib şoferlərin qulağını kəsmək istəyir. Bütün bu çək-çevirin hamısı, zəhrimara qalsın, beş-on manatın başındadı. Hə, bir də çevirdi ki, bu yolu bir belə gedib-gəlirsiniz, qayda-qanunu bilmirsiniz?! Özünüzü də qoymusunuz xamlığa! Mən də bilməzliyə vurub dedim: - o nə qayda-qanundu ə, əmoğlu?! Leytenant papağının dalını endirib üzünü şoferlərə tutdu - ə, bu Səyyaf görürəm yaman qazlıdı, özü də çox yuxarıdan gedir! Onnan söz güləşdirməyə dəyməz! Əlinizi salın cibinizə görün nəyiniz var. O beşliyin üstünü də düzəldin qurtaraq. Tərs kimi də bu axşam nəçənniyimizin ad günüdür.

Arxiv müdirinin stolundan bir az aralıda, buğ qalxıb otağı bürüdü. Səyyaf sözünü yarımçıq qoyub tez-tələsik o tərəfə yüyürdü və elektrik sobasını söndürdü. Əli yana-yana sobanın üstündə pıqhapıq qaynayıb daşan çaydanı götürüb kənara qoydu. Çaydanın isti qulpu qarsıyan sağ əlini silkələyə-silkələyə sifətini turşudub öz-özünə:

- Əşi, avtoinspektorun da atasına lənət! O birisinin də! Az qala əlim pörşələnmişdi. Yaxşı ki, yüngül keçdi, çox yanmayıb. Bir az göynüyüb keçər. Qorxulu bir şey yoxdur, - deyib onu dinləyənlərə tərəf yönəldi: -Harda qaldım?! - soruşdu. Axır vaxtlar yaman skleroz ol­muşam, hə, hə - deyəcəyini yadına salıb sözünə davam elədi: - Düzü özümü saxlaya bilmədim! Fikirləşdim ki, nə olar, olar! Yəni axırı ölüm deyil! Sakitcə yapışdım avtoinspektorun qolundan, dedim saa yaxşı bir məsləhətim var. Leytenant qolunu geri çəkib soruşdu ki, nə məsləhət ə, maa məsləhət lazım deyil e, beşliyin üstünü düzəldin, nəçənniyimizin...

Səyyaf kişi başını buladı:

- Dedim ə, altıaylıq olma e, hələ bir hövsələni bas, gör nə məsləhət eliyirəm. Beşlik məsələsi asandı. Neçə də desən, üstünə qoyub verəcəyəm. Özü də məndən çata­caq. Leytenant maddım-maddım üzümə baxdı. İnsaf­çünə boylu-buxunlu şumal da oğlandı. Təhər-töhüründən hiss olunurdu ki, çox da sırtılmayıb. O biri avtoinspektorlara nisbətən, bunun bir az abır-həyası qalıb. Dedim saa məsləhətim odur ki, onun-bunun qabağını kəsməkdənsə, yolun qırağına dəsmal aç. Gəlib-gedənlər də qədir əlməğdur nəzir-niyazı olanlar, tasaddıq çıxanlar, fitrə-sadağa verənlər, əl-qərəz Allah yolunda hərə beşdən-üçdən atsınlar o dəsmala. Birdəfəlik qurtarıb getsin. Nə düzəlsə, qənimətdi. - Allah bərəkət versin - de, apar yarısını qoy nəçənniyin ovcuna, yarısını da özün üçün binəgüzarlıq elə... Səyyaf əlini-əlinə vurdu:

- Həzrət Abbas haqqı, bunu dediyimi gördüm. Leytenant nətəhər tutuldu ə! - dedi. - Düz gözlərimin içinə baxdı! Dişini-dişinə qıcıyıb yumruqlarını düyünlədi! Sifəti qapqara qaraldı. Düzü dediyimə də peşman oldum. Leytenant əl atmaq istədi tapançasına. Xoşbəxtlikdən üstündə silah yoxdu. Boş kobur idi. O, bir addım geri çəkilib, yenə qayıtdı maa tərəf. Şübhələndim ki, ə köpəyoğlunu hirsləndirdim, birdən özünə və yaxud da mənə xəsarət yetirər. Onda da gəl ölünü qoy, dirini ağla. Düzü özüm-özümü söydüm. Fikirləşdim ki, beşliyin üstünü də düzəldim, verim ona rədd olub getsin. Pul ki var, əl çirkidi, tay beş-on manat­dan ötrü özümü zibilə salmayım. Əlimi cibimə atıb bir onluq da çıxartdım. Dedim ə, əmoğlu, səni sınıyırdım. Zarafat eləyirəm, yaşca tay-tuş olarıq, mən ölüm incimə. Pulu ona uzadanda, nə məsələydisə götürmədi, əlini geri çəkdi. Hirsindən gözləri doldu. Dedim ə, bu nə xataydı düşdüm.

Səyyaf kişi söhbətinə ara verdi. Balaca dəmir qutudan bir xışma quru çay götürüb çaynikə saldı və elektrik sobasının üstündə dəmə qoydu. Geri dönüb onu dinləyənlərə:

- Bağışlayın, - dedi. - Söhbət çox uzandı. Sizi də işdən-gücdən elədim. Bu məsələnin dalı hələ çox uzundu. Sonrası qalsın başqa vaxta. İşin axırında, yaxud səhərdə-zadda bekarçılıq olanda ətraflı danışaram.

- Yox, yox! Səyyaf əmi, maraqlı söhbətdi. Elə bir vacib işimiz-zadımız da yoxdur. Özümüz də darıxıb eləmirik. Danış görək, o leytenantın axırı nə yerdə qaldı?! - qabaqda ayaq üstə dayanıb çiynini qəfəsənin taxtasına söykəyən orta yaşlı mühasib köməkçisi dilləndi. Hamı da bir ağızdan onun dediyini təsdiq elədi. Səyyaf kişi söhbətinin maraq doğurduğunu hiss edib artırıb-əksilmədən əhvalatı təfsilatıynan danışmağa başladı: - Nə başınızı ağrıdım, özü burda yoxdu, Allahı burdadı. Leytenant geri dönüb aralıdakı su kranına tərəf getdi. Üzünə bir-iki ovuc su vurdu. Əl dəsmalını çıxarıb üz-gözünü silə-silə dübarə biz tərəfə döndü. Şoferlər kənarda dayanmışdı. Əliynən onlara işarə etdi ki, siz də yaxına gəlin. Mənim də ki, tay matım-qutum quruyub. Fikirləşdim ki, bu gədə nə eləmək istəyir. Ağlıma pis şeylər gəldi. Öz-özümə dedim ə, cahılın beyni qan olar. Birdən köpəyoğlunun gədəsi burda bir xata çıxardar! Məni qınamayın, insan ki var, çiy süd əmib. Ondan nə desən, çıxar. Bir tərəfdən də özüm-özümü söydüm ki, ə, çıxart   bir   əllilik ver, xata-balası səndən uzaq olsun. Tay beş-on manatdan ötrü bu yolun ortasında nə mərəkə açmısan. Qoy olmasın beş-on kilo alma-armud. Gün qal­xıb günorta yerinə. Maşınlar qalıb yük altında. Xülasə, ağlıma cürbəcür şeylər gəldi. Leytenant tərs-tərs üzünü bizə tutdu. Sifəti qapqara olmuşdu. Baxdım ki, çırtma vur­san qanı çıxmaz. Gözləri qan çanağına dönmüşdü. De­di Səyyaf, nə səni qınayıram, nə də ki, bu atam yer­dəki şoferi. Təqsir nə sizdədir, nə də məndə. Belə zama­nanın üzü qara olsun. Bir halda ki, söhbətimiz bu cür qəlizləşdi, deməliyəm. Bir-birimizi tanımasaq da, insanıq, el-oba adamıyıq, müsəlmanıq. Hamımız bir dinə, bir məsləkə qulluq eliyirik. Həyatda hərənin bir qisməti var. Mənim də taleyim belə gətirib. Ata üzü görməmişəm. Ana­mın ümidinə qalmışam. Yetimçiliklə böyümüşəm. Bu az yaşımda min bir əzab çəkmişəm. Anam toyuğun yu­mur­tasını, altımızın palazını satıb məni oxudub. Uni­ver­si­tetin ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. O vaxt anamın ucbatından rayona qayıtmalı ol­dum. Məktəblərdə də ki, müəllim çox, dərs az... Aldığım maaş çay-çörəyimizi görmürdü. Anam oturub-durub mə­ni danladı ki, a bala, sən də özünə yönlü bir peşə seç­mə­din. Gərək zəmanə ilə ayaqlaşasan. Bu zamananınkı müəllimlik deyil. Fərəməz! Bir vaxt hamının gözü müəllimlikdəydi. Hamı müəllimliyə qaçırdı. İndi dövran dəyi­şib. Tay o mən görən zamana deyil. İndi kefi bir raykomlar, bir qırmızı papaqlılar, bir də ki, qabağında tərəzi, əlində arşın olanlar görür. Biz ağılsız çıxdıq. Əvvəldən gərək düşünüb-daşınıb bu peşələrin birindən yapışeydin. Müəl­limin qazancıynan üz ağartmaq olmaz. Anamın de­di­yi bir yana qalsın, mən özüm də baxıb gördüm ki, indiki zamanda müəllimliklə baş girləmək çətindir. Nahaq yerə deməyiblər ki, dərya­can ağlın olsa, yoxsul olsan, gülərlər. Tarixən belə olub. Rəhmətlik nənəm deyərdi ki, mərifət mənqurə dəyməz, simuzər dövranıdır. Həmişə dövran simuzər sahiblərinin olub. Ehtiyac məni gülünc vəziyyətə saldı. Baxdım ki, adi milis işçisi gələndə ayağa qalxıb baş əyirlər. Müəllimi isə adam yerinə qoymurlar. Evlənmək istədim, gördüm ki, qızlar da məndən qaçır.

Səyyaf kişi söhbətin bu yerində özü də dilxor oldu: - Ə, cavan leytenantın sözü maa yaman əsər elədi. Dedi ki, Səyyaf, ehtiyac məcbur elədi, müəllimliyin daşını atdım. Ondan-bundan borc-xərc eliyib birtəhər politexnik texnikumun nəqliyyat fakültəsinə girdim... Bir il olmaz avtoinspektor işləyirəm. Buna da it kimi peşman olmuşam. Çörəyim irin-qanla yoğrulub. Hələ verdiyimi çıxarda bilməmişəm. Elə bilirsiniz bu vəzifə mənə asan başa gəlib?! Qapımızda dörd ayaqlıdan bir inək varıdı. Anam onun ağartısıynan uşaqları birtəhər ovudurdu. Bu vəzifəyə keçmək üçün pul lazım oldu. Inəyimizin başına çatı salıb bazara çıxartdım. Ordan-burdan da borc-xərc eliyib inəyin pulunun üstünə qoydum. Verib bu vəzifəyə gəldim. Elə bilirsən savadnan, biliynən iş düzəlir?! Yuxarılarda hamısı qurd kimi ağzını açıb. Adicə kağıza qol çəkdirmək üçün gərək filan qədər xərc çəkəsən. Bu işə girəndən bəri gün-dirriyim yoxdu. Abır-həyam da qalmayıb. Gündə nəçənniyimiz məni divara dirəyir. Danlıyıb, dansıyıb deyir ki, gətir! Ya piyan   şofer tut gətir, ya da ki, pul! Bacarmırsan ərizə ver, çıx get! Qalmışam iki daşın arasında. Heç öz nəçənniyimizi də qınamıram. Onu da öz nəçənniyi dinc qoymur. Oturub yuxarıda, həftə tamam olmamış deyir gör nəyin var, gətir! Bircə gün ki, gecikdin tufan qoparır. Aləm qarışır bir-birinə. Yəqin eşitməmiş olmazsan. Bizim o başda oturan nazirimizə meşok Xandadaş deyirlər. Siftə ona tozsoran deyirdilər. Bir az işləyəndən sonra oldu meşok Xandadaş. İndi uşaqlar adını konteyner Xandadaş qoyublar. Qardaş,  məni haqlı dilənçi elədin! Düz sözə nə demək olar! Zamananı dağılsın, dilənçiyəm! Diplomlu, paqonlu, tapançalı dilənçi!

Hamı susdu. Səyyaf kişi sobanın üstündə dəm alan çaydan bir stəkan töküb qoydu qabağına və onu dinlə-yənlərə:

- Məni bağışlayın, - dedi. - Bu əhvalat hər yadıma düşəndə özümdən asılı olmayaraq bədənim əsir. Ağzım qurudu. Bir qurtum çay içib özümə gəlim. Dalı çox maraqlıdı.

- Buyurun, Səyyaf kişi, buyurun için, - deyə həmsöhbətləri dilləndilər və əlavə etdilər: - Amma axıracan danış. Bizə də təsir elədi.

Səyyaf kişi çayı nəlbəkidə soyudub bir-iki qurtum içdikdən sonra:

- Hə, - dedi. - Leytenantın sözü məni yaman tutdu. Zalım oğlunun ağzından od-alov yağırdı. Danışdıqca qızışırdı. Elə bil dəli kimi olmuşdu. Birdən qəzəbləndi. O, Şekspirin Hamleti kimi dişlərini qıcıyıb əllərini irəli uzatdı. Elə bil üstümüzə atılıb bizi boğmaq istəyirdi. Axı siz kimsiniz, kim?! - dedi. - Biriniz meyvə dəllalı, ikiniz də qəbirdən də dar kabinəyə sığınıb ömrünü təkər üstündə keçirən paltarı mazutlu şofer! Dərdimi sizə deməyə dəyərmi?! Sizdə elə bir dərrakə, düşünmək qabiliyyəti varmı ki, sözümdəki mənanın dərinliyinə varıb oradakı mətləbi incəliyinə qədər duyub, başa düşə biləsiniz?!

Arxiv müdiri qabağındakı qovluğu əlinin arxası ilə geri itələdi. Ayağa qalxıb sol əlini şalvarının cibinə saldı. Sakit addımlarla arxivin o başına getdi və yenə qayıtdı:

- Leytenantın hərəkətlərini gözlərimin qabağına gətirəndə başımın tükləri biz-biz olur, - dedi. - Avtoinspektor ağzı köpüklənə-köpüklənə danışdığı yerdə birdən sərxoş adamlar kimi susdu, yumşaldı və dəlisayağı gülümsündü: - Yoox! - dedi, - necə olsa, insan­­­sınız! Bir də ki, qəlbimdə qövr eləyən yaraların elə yerinə toxundunuz ki, bu dəqiqə siz olmasaydınız belə, bu sözləri ətrafdakı qayalıqlara, bu bozumtul düzlərə, dörd bir tərəfə uzanıb gedən yollara, yal-yamaca səpələnən kol-koslara, başımızın üstündəki mavi, intəhasız çadıra, onun ənginliklərindən asılıb dünyanı nura qərq edən günəşin odlu kürəsinə deməliydim! Yaxşı ki, ürcahıma siz çıxdınız! Yəqin ki, biriniz məni başa düşərsiniz. Bu gün olmasa da, bir il, beş il, on il sonra sözlərimi dərk edərsiniz. Ey insan övladları, gözlərinizi açın, məni yaxşı-yaxşı dinləyin. Bax, budur sağlam canım, güclü qolum, iti gözlərim, dərin ağlım, ali təhsilim... Nə üçün halal zəhmətimlə qazandığım pul məni dolandırmasın ki, qorxa-qorxa, utana-utana, xəcalət çəkə-çəkə, alçala-alçala məcbur olub ona-buna əl açım?! Siz də məni dilənçi adlandırasınız?! Yoox, incimirəm! Siz haqlısınız! Amma onu da unutmayın ki, dilənçi bizdən min dəfə abırlıdı! Çünki onlar heç kimi incitmirlər! Ona-buna sadəcə olaraq əl açırlar, yalvarıb dil tökürlər! Verməyənlərə də hərbə-zorba gəlmirlər! Biz isə əzazil dilənçilərik! Verməyənin ciyərini çıxardırıq, yaxasından tutub silkələyirik, onu məhşər ayağına çəkirik! Zavallı yolçulara min cürə böhtan atırıq! Beşdən-ondan qopartmasaq, əl çəkmirik! Köpük-köpük yığırıq! Biz yolkəsənlər nəçənniyimizə, nəçənniyimiz də Bakıdakı meşok Xandadaşa ötürür!

Səyyaf kişinin səksəkəli baxışları arxivin qəfəsə­lərini dolaşdı. Ona elə gəlirdi ki, leytenant elə indicə qəfə­sə­lərin arasından peyda olacaq və yenə də arxiv mü­dirinin yaxasına çökəcək. Odur ki, səsini alçaldıb, xısın-xısın:

- Leytenant dəli kimi əlini-əlinə vurub şaqqanaq çəkdi və qəşş elədi. O, başına hava gəlmiş zavallı xəs­tələr kimi gülürdü. Sonra yenə özünü ələ aldı. Mənə tərəf yaxınlaşıb: - Səyyaf, əmoğlu, harda işlədiyini bil­mi­rəm, ancaq görürəm ki, sən də çörək pulu dərdindən bu yollara düşmüsən. Mən də kəndli bala­sıyam. Bərkə-boşa çox düşmüşəm.   Əkməyin-becərməyin əzablarını görmüşəm. Bilirəm, bağ salıb, bar götürmək nə demək­di. Bu meyvəni ağacdan bir-bir dərirsən, bazarlara apa­rır­san. İndi də yolda ilişmisən. Bayaqdan bəri əlimdən qurtara bilmirsən. Hələ qabaqda mənim kimiləri, məndən də əclafları, vicdansızları yolda pusquda dayanıb. Xəlvət döngələrin birindən çıxıb pələng ovunun üstünə tullanan kimi qəflətən başınızın üstünü alacaq. Ya verməlisən, ya yaxalanmalısan. Nədi-nədi sə­hər­dən-axşamacan günün altında dayanıb onnan-bunnan çənə vura-vura kilo-kilo alma, armud satıb pul qaza­nacaqsan. Axırda da pulları sayanda görəcəksən ki, qazanc qudurub mayanı yeyib. Gəlirin ona-buna ver­diyini ödəmir, ha... ha... Özünü çox da bic-ağıllı he­sab eləmə, Səyyaf əmoğlu. Bilmədiklərin çoxdur. Sən özün də Allahın aciz, səfeh bəndəsisən! Dərrakə sahibi olsaydın, meyvə əvəzinə vəzifə əkərdin, qardaş! İndiki zamanada ən defisit, gəlirli-qazanclı şey vəzifədir! Ba­batca bir vəzifənin məzənnəsi yüz min, yarım milyon, bir milyon, üç milyondu, hi... hi... özü də bizim pulnan yox, Amerika dolları, Nikolay qızılıynan. Sən məni sancdın, təhqir elədin. Mən isə əvəzində səni ayıl­dı­ram. Vəzifə bazarında dəllallıq da pis deyil. Onu da ba­car­maq gərəkdir. O da oğurluğun, dilənçiliyin başqa bir formasıdır. Bəli, bəli, Səyyaf əmoğlu! İlahi! Yaşadı­ğı­mız əsri ömrümə yazma. Məğribdən məşriqə kimi dilən­­çilərin, hiyləgərlərin, mənliyini  hərrac baza­rına qoyanların meydanıdır! Bəzi yerlərdə qaraçılar dilənməyi yaxşı bacarmayan qızı almırlar. Dilənçilərə güldüyümüz halda, özümüz dilənməkdə onlardan mahirik. Dilənçi payından feyziyab oluruq, ucalırıq, mən­­səbə, vəzifəyə çatırıq. Bu necə dövrandı, ilahi! Dilən­­çilik canımıza, qanımıza, sümüyümüzə işləyib. Mor­­fi­nistlər o zəhrimar narkotik dərmanlara öyrəncəkli olduğu kimi, bizim də əlimizə haram qəpik-quruş gəlməyəndə dəli vəziyyətinə düşürük. Hövsələdən çıxı­rıq, əsəbiləşirik, iştahdan kəsilirik, sir-sifətimiz ava­zı­yır. Ha... ha... Dilənçiliyi bacarmayanlar dəbilqələrdə lələk ola bilməzlər. Bu necə dövrandı ilahi! Alimlərin alimi olan pak, müqəddəs adamlar  atılıb unudulublar! Çünki müdriklik, nadir elmi kəşflər, istedadlar kara gəlmir. Yalnız mələk donuna bürünən iblislər əzizlənirlər. Sizi lənətə gələsiniz! Bu gün nə pis adamlara tuş oldum! Məni ləngitdiniz! İndi neçə adamın cibinə girmişdim. Ya da ki, yaxasından yapışıb darta-darta apar­mış­dım rəisimizin hüzuruna. Budur bədənim qaşınır, canı­ma vicvicələr düşüb! Çünki əlimə dilənçi payı gəl­mə­yib! Belə getsə, nəçənniyimiz də dəli olacaq. Yuxa­rıda oturan bütün nəçənniklər də, meşok Xandadaş da! Allahı sevərsiz çəkilin yolumdan. Leytenant qızdırmalı adam kimi əsdi, sanki canına üşütmə düşdü. Dişləri dişlərinə dəyirdi. Üzücü xəstəlikdən qalxan adamlar kimi əlləri əsə-əsə cibindən əzik bir üçlük çıxartdı. Üçlüyü sığalladı, öpüb qoydu gözlərinin üstünə. Sonra pulu bizə göstərdi. Baxın, neçə əldən-ələ keçib, əzilib əskiyə dönüb. Lakin bu əzik üçlükdə ecazkar qüvvə var. Dəbdəbəli, içərisi çil-çıraqlı evlər bax, sizə qəribə, köhnə, əzik görünən bu dilənçi payından yaranır. Bir saat bundan qabaq fağır yolçuların birindən çığırda-çığırda almışam. Mən dilənib dolanmalıyam, dolandırmalıyam, qardaş! Yoxsa əlindən bir şey gəlməyən aciz avara kimi məni it yerinə qoymazlar. Bəxtimdən dilənçilik də günbəgün çətinləşir. Çünki iyirminci əsrin sonu yaxınlaşdıqca məmləkətdə dilənçiliyin məzənnəsi qalxır, qardaş!. Dünənəcən iki yüzə alınan modalı paltarlar, indi beş minə, on minə başa gəlir. Biz də bacardıqca çox dilənməliyik ki, nəçənniklərimiz, mər­kəz­də əyləşən meşok xandadaşlar xoş gün-güzar keçirsinlər. Şikarnı geyinib, ətirlənib cəmiyyəti düzlüyə, halallığa, paklığa çağıran millət məclislərində və ya təmtə­raqlı ziyafətlərdə özlərini dartıb qoysunlar göyün yeddinci qatı­na. Dilənməliyik ki, onların övladları ildə bir "Vol­qa", "Mersedes" alsınlar, gündə bir modalı paltar gey­sin­lər, bu fani dünyada keyf çəksinlər. Bizi qınamayın, dilənməliyik,  qardaş!  İndi dünya dilənir, yer-göy dilə­nir. Dünənəcən insanlar dilənirdi, bu gün dövlətimiz ona-buna əl açıb, dilənçi payı alır.

Ha... ha... Siz düşündüyünüz qədər də axmaq, boşbo­ğaz deyiləm, qardaş! İnanın, hamı oğurluğu, dilənçiliyi lənətləyir, düzlükdən, təmizlikdən danışır. Böyük dilən­çi­lə­rin səsi daha gur çıxır. Siz yazıq, zavallı adamlarsınız. Çörə­yiniz daşdan çıxır. Necə də əzablı-əziyyətli, üzücü, çətin yol seçmisiniz. Bizim əsrdə vəzifə satmağa imkanı olanlar Allahına bəndəlik eləmək istəmirlər. Tanrılarına təpik atırlar. Hünəriniz varsa, çalışın, əlləşin, siz də torpaqdan vəzifə çıxardın. Onda tezliklə şöhrətlənərsiniz. Vəzifə bazarının dəllalları özlərini ali insan sayırlar. Bu bazarda böyük dilənçilər xırda dilən­çiləri təqib edir. Xır­da, imkansız dilənçilər isə dalda-bucaqda baş-başa verib xısın-xısın böyük dilənçilərin hesabını aparıb, qeybətini qırıb, onları lənətləyirlər. Səyyaf əlini ürəyinin üstünə qoy­du, nəbzini tutdu. Həyəcanlan­dı­ğın­dan onun ürəyinin döyüntüsü artmışdı. O, qabağındakı stəkanda soyuyub buza dönmüş çaydan bir qurtum da içdi. Nəfəsini dərib söhbətinə davam elədi:

- Qəlbimdə cürbəcür şübhələr baş qaldırdı. Deyə­sən, leytenantın başına hava gəlirdi. Sərxoşa da oxşu­yur­du. Bəlkə də o, vaxtilə ruhi xəstəlik keçirib. Dedik­lə­­rində az-çox həqiqət olsa da, hər halda normal adama oxşamırdı. Ağzına gələni çərənləyirdi. Danışdıqca da qızı­şırdı. Biz yerimizdəcə quruyub qalmışdıq. Tək ol­say­dım, deyərdim məni qara basır. Leytenant başındakı papağı çıxarıb ona şübhəli nəzər saldı, bərk-bərk bağrına basdı, sonra başından yuxarı qaldırdı, dəlisayağı papaqla danışmağa başladı. - Ey sarı ulduzlu, qırmızı zolaqlı şoğərib - dedi - Səni çox baha almışam. Ancaq tamahı mənliyinə, qeyrətinə hakim kəsilən nakişilərin başında çox ucuzsan. Fahişə qadınların ləçəyindən də. Ey sağanağına yumşaq, yaraşıqlı, bahalı mahud parça çəkilmiş qara dimdikli papaq. Səni başına qoyan general qiyafəli meşok Xandadaş hansı əməllərdən çıxmır?! Şöhrət, mənsəb düşgünləri sənin kölgəndə necə də kiçilirlər, cılızlaşırlar, alçalırlar, min sifətə düşürlər! Üzdə isə kişiləşirlər, lovğalanırlar, dahiləşirlər, iddiaları yerə-göyə sığmır! Mən səni başımdan yuxarı qaldırmışam! Sən isə xandadaşların tamah məngənəsində çapalayırsan! Məni ayaqların altına salırsan! Yerə soxursan! Yolçuların nifrətinə məhkum eləmisən! Onlar mənə dilənməyi təklif edir! Səni də qınamıram yazıq! Meşok Xandadaşların at oynatdığı zəmanəmizin hökmü belədi...

Arxiv müdirinin rəngi ağarmışdı. Elə bil leytenantla əlbəyaxa olmaq dərəcəsinə gəlmişdi. O, məğrur görkəm alıb özünü şax tutdu:

- İstədim irəli yeriyib leytenanta bir-iki çəkəm! De­yəm çərənləmə, sarsaqladığın bəsdir. Qoy yolumuzla ge­dək. Ancaq fikrimdən daşındım. Düşündüm ki, yalnız ağlı başında olmayan miskin adamlar bu cür hərə­kət edə bilər. Xəstə adama əl qaldırmaq kişilikdən de­yil. Leytenant daha papağı başına qoymadı. Onu yerə çırpdı. Çiynindəki paqonlarını, pencəyinin üstündəki sarı dəmir düymələri qırıb ovcunun içində sıxdı və hərəsini bir tərəfə tolazladı. Sonra bizimlə xudahafiz­ləşmədən nifrətlə üzünü əks tərəfə çevirdi. Maşınına əyləşib bir göz qırpımında aradan çıxdı. Sürücülər çaş qalmışdı. Onlar bir-birinin üzünə baxırdı. Leytenantın hərəkətləri bizə yuxu kimi gəlirdi. Üzümü şoferlərə tutub, - gedək, - dedim. - Bu avtoinspektorun ağlı ba­şın­da deyil. Beləsindən nə desən çıxar. Köpəyoğlu birdən qayıdıb gələr. Burdan tez əkilək. Şoferlər ma­şın­ları xoda saldılar. Elə tərpənmək istəyirdik, əks tərəfdən gələn "Volqa" maşını bizi görüb xırp saxladı. İçindən iki nəfər düşdü. Biri nəçənnik milisiyə, biri də bax, mənə qohum çıxardığınız bu Bəybala Sədirxanov. Onda komsomolda işləyirdi. Danışıqlarından belə başa düşdüm ki, harasa iclasa gedirlər. Sözüm onda deyil, Bəybalanı görəndə çiçəyim çırtladı. Necə olsa, əminəvəsiyik, dayna. Bir yerdə o qədər dirədöymə, çilin­gağac, eşşək-beli oyna­mışıq ki. Atamın hər dəfə şəhərə ayağı düşəndə sor­sov­qatla onlara baş çəkməsəydi, olmazdı. Bu dəfə də bir çəvərən ürəyin istəyən armud, şaftalı qoymuşdu ki, ver Bəybalagilə. Necə olsa, kənd payıdı. Nə isə, Bəybalanı burda görəndə sevindim ki, əvvəla atam göndərən payı elə burdaca verərəm. Necə olsa, qohumdu, onun yanında nəçənnik-zad bizə neynəyəcək? Həə, başınızı nə ağrıdım. Nəçənnik yolun qırağına atılmış qırmızı papağı, paqonları, sarı ulduzları görəndə hirs vurdu təpəsinə. Qoymadı ağzımızı açıb, kəlmə kəsək. Yaxamızdan yapışdı ki, yolun kənarındakı bu qırmızı papaq, paqon, ulduzlar nədir?! Yəqin milis işçiləri ilə əlbəyaxa olmusunuz! Başladı dokumentlərimizi yoxlayıb, bizi sorğu-suala tutmağa. Çatan kimi də mənə bir tərs sillə! Gözümün odu parladı. Şoferlərin də hərəsinə bir təpik! İstədim ağzımı açım ki, nəçənnik bizi niyə döyür­sən?! Təqsirimizi de, yenə nə bilirsən elə! Məgər dərə­bəy­likdir?! Siz öləsiz qoymadı ki, səsimi çıxardım! Tə­zə­dən hərəmizə bir-ikisini ilişdirdi ki, milis işçisini döyüb təh­qir eləmisiniz. Qışqırdım ki, ə, Bəybala, əmoğlu, bu nəçənnik tanımasa da, axı sən məni yaxşı tanıyırsan! Biz milis döyənik?! Əmoğlu deyəndə, nəçənnik karıxdı, tez Bəy­balanın üzünə baxdı. Soruşdu ki, Bəybala Bəşiroviç, bun­ları tanı­yır­sınız?! Bəybala qara oçkisinin üstündən nəçən­niyə baxıb acıqlı-acıqlı dedi: - Eto loj! Eto loj! Nado nakazat yevo! Vı vse juliki! Nəçənnik bu sözü eşidən kimi təzədən düşdü üstümüzə. Sonra da onların arxasınca gə­lən motosikletdəki milis işçilərinə əmr elədi ki, onları apa­rın basın dama, iclasdan qayıdanda danışarıq. İstə­dim yıxılam Bəybalanın aya­ğı­nın altına, deyəm ki, ə əmoğ­lu, insafın, mürvətin olsun, bizi bu qansız oğlu qansız nəçənniyin əlindən al, cəhənnəm olağ gedək. Axı, bi­zim burda nə günahımız var ki, qələt eləmədik ki, əzab-əziy­yətlə yetişdirdiyimiz mer-mey­vəni yığdıq ki, bazara aparıb beş-on qəpik qazanıb kasıbçılığımızı eləyək. Sizin mənə andınız yoxdur. Siz öləsiz, Bəybala Sədirxanov elə bil ömründə bizim kimi adamları nə görüb, nə tanıyır. Pah atonnan kişi! Tez qaçıb girdi maşına, bir qəzet də götü­rüb tutdu üzünə. Nəçənnik üçümüzün də yaxasını verdi iki milis işçisinin əlinə. Dedi ki, aparın basın qoduq­luğa, ağılları gəlsin baş­la­rına. Əlacımız nədir?! Qolubağlı qul kimi düşdük milisin qabağına. İlahi, başımıza nə müsi­bətlər gətir­di­lər!!! Apar­­dığımız iki maşın mer-meyvə oldu heç. Hamısını tökdük çölə. Atam duyuq düşüb dalımızca gəldi. Altı­mızın qəzil palazınadək satıb xata­dan birtəhər qurtardıq. Odu-budu, bu Bəybalanın adı gələn­də elə bil başıma bir qazan qaynar su tökürlər. Ə, ilanın zəhləsi yarpızdan gedər, o da gəlib bitər yuvasının ağzında. İndi mənim bu Bəybaladan zəndeyi-zəhləm ge­dir. O da gəldi oldu başımızın ağası. Onda gördüyümü gör­­müşəm. Balam, bəs qohum qohumun nə günündə gərək­dir. Gözünün qaba­ğında nəçənnik bizi mal kimi budu­yur, kişiliyi çatmır ki, dilindən qıfılı götürüb desin ki, onnarla işin olmasın. Biri əmim nəvəsidir, ikisi də kənd­limizdir. Yenə günahımız olsa, incimərəm. Deyə­rəm, cəzamızdır çəkirik. Qohum­lu­ğumuz, kəndçi­li­yimiz o tərəfə dursun, bəs vicdanına nə gəlib ki, gözünün qaba­ğın­da nəçənnik bizi o kökə salır...

Səyyaf kişini tər basmışdı. O, nəfəsini dərərək:

- Bunları deməkdə məqsədim odur ki, biləsiniz ki, mən kiməm, o kimdir, biz necə qohumuq. Və mən de­yən­də ki, Bəybala dini-məssəbi olmayan qeyrətsiz bir adam­dır, onda məni qınamayasınız.

Arxiv müdiri qəddini düzəldib kinayə ilə güldü və əlavə etdi:

- Çoxdanın söhbətidi, bir dəfə yanına getmişdim. Mən­­nən rusca qırıldatdı. Nə dediyini nə onda başa düş­düm, nə də sonra. O vaxt, ondan nə gördüm ki, indi də yanına gedim..                                               

* * *

Son günlər cavan köməkçi Təvəkkül gözə dəymirdi. Bir ay bundan qabaq işçilər yığışıb ona nişan məclisi düzəltmişdilər. Bəziləri elə başa düşürdü ki, köməkçi toya hazırlaşdığı üçün icazə-zad alıb idarəyə gəlməyib. Bu məsələnin doğru-düzgününü bircə işin içində olanlar bilirdi. O da Allahdan gizli deyil, bəndədən nə giz­lin. Dekabrın axırları idi. Abşeron bağlarının səs-küyü azalır, ağacların əlvan rəngi solur, adamın iliyinə işlə­yən soyuq külək yol-rizə səpələnmiş xəzan yarpaqlarını qabağına qatıb küncə-bucağa doldururdu. Nazirin birinci müavini Xaliq Nemətzadə adəti üzrə bu bazar günü də istirahətini bağda keçirirdi. İstirahət deyəndə, eyş-işrətə qurşanan kef əhli kimi yarım litr vurub sonra da dirsəyinin altına yastıq qoyub, qalın döşəkcənin üs­tün­də şellənmişdi. Bel, qayçı, dəhrə götürüb bağda işlə­məyi özünə istirahət bilirdi. Və elə əsl dincliyini də or­da tapırdı. O, ağacların quru budaqlarını kəsdi, bir-iki gü­lün yerini dəyişdi, təzə salınmış tinglərin dibini yumşaltdı...

Xaliq saatına baxdı. Tutqun səmada güclə işıldayan günəş qüruba doğru əyilmişdi. Onun dodaqları pıçıldadı və öz-özünə: - Vaxtdır, gedim, - dedi.

Xaliq Nemətzadə maşının sükanı arxasına keçib yolunu dəniz qırağından saldı. O, qumsal yolda maşın sürüb, hərdən dənizə baxmaqdan zövq alırdı. Xəzərin sahillərində bəni-insan görünmürdü. Sal qayalara ya­xın­laşanda onun gözünə qaraltı dəydi. Xaliq Nemət­zadə öz-özünə - yəqin balıqçıdı - dedi və ona məhəl qoy­madan ötüb keçmək istədi. Lakin irəlilədikcə fik­ri­ni dəyişirdi. Şiddətli külək şahə qalxıb qəzəblə qaya­­la­ra çırpınan suları sahilə səpələyir və yuxarıdakı daşın üs­tə dayanan çəlimsiz adamın üst-başını isladır, bəzən onun əynindəki nimdaş paltarın ətəyini qaldırıb başına çevi­rirdi. Həmin adam ikiəlli başındakı qulaqlı papaqdan bərk-bərk yapışıb dənizin ənginliklərindən gözünü çək­mirdi. Hiss olunurdu ki, itiyi itib. O, sanki kimisə göz­ləyir, kimisə axtarırdı. - Bəlkə yoldaşı var, - Xaliq Nemətzadə ona tərəf baxıb düşündü və tez də öz fikrinə etiraz etdi. - Bu mümkün deyil. Belə gündə dənizə yaxın durmaq ağılsızlıqdı, - fikirləşdi. Daxilən onda baş qal­dı­ran bu şübhələrdən çıxmaq üçün Xaliq Nemətzadə əyləşdiyi maşının sükanını sağa burub həmin adama tə­rəf istiqamət götürdü. Sonra maşından düşüb küləyin əks istiqamətilə ona yaxınlaşmağa başladı. Xaliq Ne­mət­zadə ilə həmin adamın arasında beş-on metr mə­safə qalmışdı. Qoca isə öz aləmində idi. Heç bir tərəfə baxmırdı. İkiəlli başındakı qulaqlı papaqdan bərk-bərk yapışıb, fikrən dalğalarla çarpışırdı. Küləyin sahildən qaldırdığı su leysan yağışı kimi qocanın başına ələnirdi. O islanıb əldən düşmüşdü. Ancaq geri çəkilib cilikləri onun başına ələnən dalğalardan uzaqlaşa bilmirdi. Göz­lərindən yaş süzülə-süzülə köpüklü sulara baxır, elə bil nəhəng dalğaların üstünə hücum çəkmək üçün fürsət ax­tarırdı. Xaliq Nemətzadənin fikri dolandı, ağlına cürbəcür şeylər gəldi, qayıdıb getmək istədi. Lakin bu sirdən agah olmaq qərarı, onun tərəddüdlərinə üstün gəl­di. Bir-iki dəfə qocanı çağırdı. Lakin daşdan səs çıx­dı, qocadan yox. Xaliq Nemətzadə məcbur olub qaya­nın üstünə çıxdı və qocanın ətəyindən tutub geri dartdı. Qoca geri qanrılıb səliqə ilə geyinib-kecinmiş abırlı adam­la üzləşəndə çaşıb qaldı. Lakin sərxoş adamlar kimi ona məhəl qoymadan yenə də üzünü əks tərəfə çevirdi, dənizə baxdı. Qoca yenə geri döndü. Onunla üzbəüz dayanan Xaliq Nemətzadənin qarşısında donub qaldı. Fikrə getdi, qocaya elə gəldi ki, qəfil peyda olan bu qalstuklu adam canlı məxluq deyil və onu qara ba­sır. - Bismillah, - deyib, üzünü göyə tutdu. Qoca əsla özün­də deyildi, key kimi olmuşdu. Xaliq Nemətzadə qocanın qolundan tutub silkələdi:

- Salam, əmi! - deyib, zorla onun əlini ovcuna alıb sıxdı. Qoca gözlərini geniş açıb, dodağı əsə-əsə - siz kim... siz kim... - sözlərini bir neçə dəfə təkrar etdi. Birdən ayılmış kimi oldu. Xaliq Nemətzadəyə diqqətlə nəzər saldı, xəyallandı. Qocanın soyuqdan göyərmiş dodaqlarına, qansız sifətinə acı təbəssüm yayıldı. Xaliq Nemətzadə onu dilə tutub qayanın üstündən aşağı endirdi, dənizin suyu sıçrayıb onu isladan yerdən aralaşdırdı. Qoca nə isə tez-tez geri qanrılır, dənizin təlatümünə baxırdı. Xaliq Nemətzadə öz-özlüyündə yəqinlik hasil eləmişdi ki, bu adamın ağlı yerində tam-dürüst deyil. Ancaq düşünürdü ki, hər halda insandı, qocadı. Onu bu kökdə atıb getmək insafsızlıqdı. Onlar iri qayanın arxa tərəfinə keçib az külək tutan yerdə dayandılar. Xaliq Nemətzadə onun kimliyini soruşdu. Qoca kürəyini daşa söykəyib xeyli susdu və nə fikirləşdisə hönkürdü. Xaliq Nemətzadə yolunu buradan salmaqda peşman olmuşdu. O, daxilən öz-özünü danlayırdı. Qoca ağlayıb yüngülləşdi və kədərli baxışları ilə qarşısındakı abırlı adama dərindən nəzər salaraq:

- Mən Mövlamverdiyəm, - dedi, - tanımazsan! Bir də ki, məni kim tanıyır ki, sən də tanıyasan! Elə tanımasan yaxşıdır. Maa bənd olma, yolunnan get.

Xaliq Nemətzadə ondan ehtiyatla soruşdu:

- Mövlamverdi kişi, dünya görmüş adamsan, uşaq deyilsən ki, özünü ələ al. De görüm, bu soyuq gündə dənizin qırağında niyə dayanmısan? - və əlavə etdi: -  Özü də yamanca islanmısan, sizə soyuq dəyər...

Qoca kinayə ilə gülümsündü və:

- Nə vəzifədə olduğunu bilmirəm, - dedi, - bu mənə lazım da deyil. Ancaq dərinə getsən, dərdin artar, qardaş! Yaxşısı budur, qayıt get! Mənim canım it canıdı, soyuq-zad kar eləməz.

- Yoox! Siz nə danışırsınız! Bəlkə, məni sınayırsınız! Sizi burda qoyub gedə bilmərəm. Gəl əyləş maşına, hara desəniz, aparım.

Qoca başını ağır-ağır bulayaraq:

- Yoox, - dedi və onun miskin çöhrəsinə acı təbəs­süm yayıldı, yenə kövrəldi, yalvarırmış kimi əlavə etdi: - Siz nə danışırsınız?! Mənim gözləməm var! Allah xati­ri­­nə mənə mane olmayın! Gedin, yolunuzdan qalmayın!

- Mövlamverdi kişi, kimi gözlüyürsünüz?! - Xaliq Nemətzadə ehtiyatla soruşdu.

Mövlamverdi islanmış qulaqlı papağını çıxarıb suyunu çırpa-çırpa:

- İki nəfər gözləyirəm, - dedi. -Biri dənizdədi, biri şəhərdə. Sən belə şeylərə qarışma, get! Dənizdəki gəlməsə də, şəhərdəki indilərdə gələr.

Xaliq Nemətzadə dənizə tərəf boylandı. Güclü qa­sır­­ğa qalxdığından uzaqlarda nöqtə kimi görünən xırda gə­milərin hərəkəti dayanmışdı. O, Mövlamverdidən soruşdu:

- Dənizdəki təkdi, yoxsa...

- Təkdi, - o, tərəddüdlə çiyinlərini çəkərək, - nə bilim, - dedi. - Bəlkə, özünə yoldaş da tapıb.

- Qayıqda gedib? - Nemətzadə soruşdu.

Qoca dillənmədi, Xaliq Nemətzadə verdiyi sualını bir də təkrar etdi. Mövlamverdi düyünlənmiş yumruğunu qayalara çırpa-çırpa hönkürdü:

- Soruşma! Soruşma! - dedi. - Səni and verirəm bizi yaradana soruşma! Çıx get burdan! Qoy özüm öz dərdimi çəkim!

Dünya binnət olandan bəri dənizlə çarpışan qaya­nın çopurları Mövlamverdinin damarları çıxmış qansız əlini sivirib qanatdı. Qoca yenə susdu, əlinin sızıltısını hiss etmədən ifadəsiz, lal baxışları ilə qarşısında dayanan şəxsə yalvarıcı nəzər saldı. Xaliq Nemət­zadə verdiyi suala peşman olub bir addım geri çəkildi. Qo­ca­nın gözləri birdən alacalandı. Səntirləyib üzü üstə yerə yıxıldı, əlləri-qolları əsdi, ağzı köpükləndi. Vəhşi bir bağırtı ilə qışqırdı, sonra boğulurmuş kimi xırıldadı.

Xaliq Nemətzadə - görünür, zavallı qocanın ürək­get­məsi var, - düşündü. Və özünü itirmədən tez qaçıb cib yaylığını dənizin ləpədöyənində suya saldı. Sonra tə­ləm-tələsik geri dönüb, yaylığını gücü gəldikcə sıxıb, suyu ilə qocanın alnını, üz-gözünü, sinəsini islatdı. Qoça handan-hana hıçqırıb gözlərini açdı və güclə özünə gəldi. Göz qapaqlarını geniş açıb Xaliq Nemətzadəyə yal­varıcı nəzər saldı. Sonra nə fikirləşdisə, baxışları sərt ifadə aldı:

- Çıx get! - dedi.- Görürəm, xeyirxah adama oxşu­yur­san. Bəlkə, mənə yaxşılıq eləmək istəyirsən?! - Qoca başını bulaya-bulaya dedi:

- Yoox! Əlindən bir şey gəlməz! Bu mümkün də deyil! Bacarmazsan!

Qocanın çuxura düşmüş gözləri şəhər tərəfdən yüyürə-yüyürə onlara tərəf gələn qaraltıya sataşdı. Bir balaca özünə gəldi. Gözləri işıqlandı. Saralmış sifəti durulan kimi oldu. Taqətsiz əlini Xaliq Nemətzadəyə tərəf uzadıb, "tut" dedi və sevinə-sevinə:

- Gəldi! Biri gəldi!

Xaliq Nemətzadə onun uzanılı əlindən yapışıb ayağa qaldırdı. Yüyürə-yüyürə gələn oğlan onlara çatan kimi: "Baba" deyib qocanı qucaqladı. Baba nəvə bir-birinə qarışıb hönkürdülər. Xaliq Nemətzadə özünü saxlaya bilmədi, kövrəldi, onun gözlərində yaş damcısı gilələndi. Mövlamverdi Xaliqə baxaraq gülümsündü:

- Bax, biri gəldi! - Təvəkkülü göstərdi, - nəvəmdi, - dedi. - Yuxarıda Allahdı, aşağıda bu tifil. Başqa heç bir söykəyim yoxdur. Gördün, gəldi! - Qoca sevindi. Titrək barmaqlarını Təvəkkülün gur saçlarında gəzdirdi. Onun üzünə-gözünə riqqətlə nəzər saldı. Xaliq Nemətzadə qocaya təsəlli verərək:

- Darıxma, darıxma, dənizdəki də gələr, - dedi. -O nəyindi?!

Baba və nəvə bir-birinə baxıb, yenə fəryad qopa­r­dılar. Mövlamverdi Təvəkkülü bağrına basdı. İxti­yar qo­ca ilə bığ yeri təzəcə tərləyən gənc oğlan qan-yaş tökdülər.

Xaliq Nemətzadə verdiyi suala peşman oldu. Bu sirr onu içəridən didib-parçalayırdı, daxildən: "bu nə işdir, düşdüm". - Öz-özünə sual verdi. Qoca toxdayıb yana çə­kil­di. Təvəkkülün solğun, arıq sir-sifəti qara hisə bulan­mış­dı. Qoca yorğun halda qayanın çopuruna söykənmişdi.

Təvəkkül gətirdiyi dəstərxanı açıb babasının qabağına sərdi:

- Acsan, səhərdən çörək yeməmisən, - dedi. - Bir tikə kəs, ürəyində qut olsun.

Qoca tox imiş kimi süfrəyə yaxın düşmədi. Nəvə onu dilə tutub məcbur etdi. Mövlamverdi əsə-əsə süfrənin kənarında bardaş qurdu və Xaliq Nemətzadəni də yeməyə dəvət etdi. Xaliq Nemətzadə ona "Sağ ol!" - deyib, qocanı sərbəst buraxmaq üçün kənara çəkilib aralaşdı. Təvəkkül də ona qoşuldu. Onlar bayaq qocanın çıxdığı ağ qayanın üstünə dikəldilər. Xaliq Nemətzadə Təvəkkülün qəlbini ələ alıb onu ustalıqla sorğu-suala tutdu:

- Bir yerdə işləyirsən, yoxsa oxuyursan?

- Bəli, gündüz işləyirəm, ali məktəbdə də gecə oxuyuram.

- Harda işləyirsən?

- Elə bir vəzifəm yoxdur, -dedi.-Ocaqçıyam, mazut yandırıram.

Xaliq Nemətzadə:

- Görürəm, - dedi, - üst-başın his-pasdı, üzün də qara­lıb.

Onlar söhbət etdikcə bir-birinə isinişirdi. Nemət­za­də çalışırdı ki, Təvəkküllə açılışıb, ondan şahidi olduğu bu müəmmalı əhvalatı öyrənsin. Təvəkkül də bu ba­rə­də onda baş qaldıran marağı hiss edirdi. Onlar qayanın üstündən enib az külək tutan, dalda yerə çəkildilər. Bir gözləri Mövlamverdidə qalmışdı. Mövlamverdi çörəyi ağır xəstəlikdən təzə qalxmış üzgün adamlar kimi ye­yir­di. Təvəkkül Xaliq Nemətzadəyə indi onların dər­di­nə qalıb, halına acıyan xeyirxahları kimi baxırdı. Tə­vək­kül düşünürdü: Başqası olsaydı, çoxdan ötüb keç­mişdi. Nə mənnən maraqlanardı, nə babamla. Yəqin bu Allahını tanıyandı, əsl adamdı, insafı var. Ona görə də Təvəkkül çəkinmədən ürəyindəkilərin hamısını Nemət­zadəyə açıb danışdı:

- Atam dənizdə üzməyi bacarırdı. Uşaqlıqdan də­nizə alışmışdı. Ötən yayın ortalarında, bazar günü dost­la­rı ilə bu yaxınlıqda çiməndə, bizim tuşumuzda bax o qa­yanın qabağında qışqırıq qopdu. Atam görür ki, üç nə­fər suda çapalayıb: - Kömək! Kömək! - deyə qışqırır. Heç kəs cəsarət edib irəli durmurdu. Atam paltarını belə soyunmadan özünü suya tullayır. İki nəfəri xilas edib, sağ-salamat sahilə çıxartdı. Üçün­cüsünün ardınca ge­dəndə, sən demə yorulubmuş. Yoldaşları atama nə qədər dedilər getmə, baxmadı, özünü dübarə suya atdı...

Təvəkkül kədərli bir ah çəkdi:

- Atam o gedəndi, geriyə dönmür, - dedi. - Atam xeyirxah, mərd adamdı...

Təvəkkül bunu deyib qəhərləndi. Nemətzadə ona toxtaqlıq verdi. Təvəkkül solğun yanağından yaşı silə-silə boğuq səslə:

- Anam bu xəbəri eşidən kimi kislata içib, elə o dəqiqə də keçinib. Babamın atamdan başqa heç kəsi yoxdur, ümid yeri bircə mənəm. Anamın yeddi uşağı olub, heç biri əlində ovcunda qalmayıb. Bircə məndən başqa. Ona görə də adımı Təvəkkül qoyublar.

Təvəkkül hüznlü görkəm aldı. Nə isə fikirləşdi. Sonra yazıq-yazıq Nemətzadənin üzünə baxaraq:

- Həmin o hadisələrdən sonra babamın başına hava gəlib. Hər bazar günü yalvarıb-yaxarıb məni məcbur edir ki, onu gətirim qoyum bu dənizin qırağında. Deyir bil­mək olmaz, bəlkə oğlum qayıtdı. O, yaxşı üzgüçüdür. Heç vaxt dənizə bac verməz. Babam inanır ki, oğlu gələcək.

Təvəkkül başını aşağı dikdi. Sonra diqqətini məchul bir istiqamətə yönəldib:

- Məhəlləmizdəki molla danışdı ki, ölüm Allahın əmridir. Ancaq atam öz əcəli ilə ölmədi. O öz əcəli ilə ölsəydi, nə dərdiydi. Torpağa tapşırardıq, torpağın üzü soyuqdur. Onda babam toxtaq olardı. Bir belə əzab-əziyyət çəkməzdi. Atam sulara qərq olub. Yeri-yurdu bilinmir. Ona görə də babamın nəzərində bütün dəniz onun qəbridir. Onu bura gətirəndə babam bir qədər sakitləşir, təsəlli tapır. Mən də hər bazar sübh tezdən babamı gətirib qoyuram burda, sonra işə gedirəm. Tərs kimi müdirimiz iş növbəmi bazara salıb. Bazar günü heç kəs işləmir. Müdirimizin də bircə mənə gücü çatır.

Xaliq Nemətzadə ondan soruşdu:

-Ayda nə qədər maaş alırsan?

- Ora-bura çıxandan sonra, əlimə yetmiş-səksən manat çatır.

- İkiniz də o yetmiş-səksən manata baxırsınız?

- Bəli.

- Sizi görürmü?

Təvəkkül Xaliq Nemətzadənin üzünə zəndlə və həm də yazıq-yazıq nəzər salıb yalnız çiyinlərini çəkdi...

Artıq qaş qaralmışdı. Külək ac canavar kimi ulayıb dənizin kimsəsiz sahillərindəki qayalıqlara zəhmli uğultu yayırdı. Qoca süfrənin üstündən qalxıb yenə nisgilli baxışları ilə dənizin şahə qalxan dalğalarını izləyirdi. Bəzən bu dalğalar qocanın gözündə canlı məxluqa dönürdü. Onda qocanın qəlbində ümid qığılcımı işıldayırdı. Dalğaların arasındakı canlı məxluq qeybə çəkilən kimi, qoca yenə ümidsizləşir, büzüşür, balacalaşır, miskin görkəm alırdı. Qoca onu qara basdığını başa düşüb vahimələnirdi.

Xaliq Nemətzadə əlini Təvəkkülün çəlimsiz çiynində gəzdirərək:

- Gedək, oğul, - dedi, -babanı da götür gedək, qaranlıq düşür.

Onlar qocanı zorla yola gətirib maşına əyləşdirdilər. Xaliq Nemətzadə baba və nəvəni evlərinin qabağında düşürüb, sonra Təvəkkülü geri çağırdı. Ona öz vəzifəsini bildirdi, işlədiyi idarənin ünvanını, telefon nömrəsini verdi və:

- Sabah işin axırında mütləq yanıma gələrsən, - dedi, - gözləyəcəyəm.

...Təvəkkül Xaliq Nemətzadə ilə vədələşdiyi vaxt onun yanında oldu. Nemətzadə Təvəkkülü əvvəlcə xır­da bir işə götürdü. Təvəkkül öz ədəb-ərkanı ilə, üzu­yo­la­lığı ilə az vaxtda bütün kollektivin sevimlisi olmuşdu. Köh­nə nazir onu tanıyıb xasiyyətinə bələd olandan son­ra özünə şəxsi köməkçi götürmüşdü. İki ildən artıq idi bu işdə çalışırdı. Hamı da başına and içirdi. Amma tə­zə nazirə kim nə demişdisə, cavan köməkçi haqqında hardan arğac keçmişdisə, o elə siftə-siftə qolunu çırmayıb işə başlayanda birinci Təvəkkülü qaralamışdı. Gələn gündən yetimi gözümçıxdıya salmışdı. Nədi-nədi köhnə nazirin rayonlusudur...

Bəybala Sədirxanov axırda dediyini də elədi... Birinci müavini Xaliq Nemətzadə neçə dəfə nazirin yanına girib Təvəkkülün əzvayışını yerli-yataqlı ona danışdı, köməkçidən ötrü çox üz vurdu, Bəybala Sədirxanov onu eşidib, saya salmadı...

Təvəkkül iki il olardı əlinə ali təhsil diplomu almışdı. Özü də gündüz işləyib gecə oxuya-oxuya. Min cür də əzab-əziyyətnən. Təzə-təzə ərsəyə çatıb borc-xərclə özünə toy tədarükü görürdü. Təzə nazir gələn­dən sonra hər şey alt-üst oldu. Mövlamverdi oğlunun təsəl­lisini Təvəkküldən alırdı. Onun işığında hərlə­nir­di. Onsuz da babasının başına hava gəlmişdi. Bu bəd xə­bəri də eşidəndə heç dözə bilmədi. Onu iflic vurdu. Dər­dinin üstə bir dərd də gəldi. Təvəkkülün toyu yasa dön­dü... Mövlamverdi elə həmin gündən - Təvəkkül nazirlikdən çıxandan yorğan-döşəyə düşmüşdü. Dili tutulmuşdu, nəfəsi də güclə gedib gəlirdi. Həkimlər demişdi ki, dirilməyinə güman yoxdu. O biri tərəfi də bilmək olmaz, bir il də çəkə bilər, iki il də. Təvəkkül yaman günə qalmışdı. Allahın ucuz ölümü də yox idi ki, Mövlamverdi bu əzab-əziyyətdən qurtara. Ancaq bu cür işgəncəli ölümü Allah heç kəsə qismət eləməsin. Mövlamverdi özü də özündən bezmişdi. Təvəkkül də lap başını itirmişdi, bilmirdi neynəsin?!

Bu əhvalat nazirlikdə ağızdan-ağıza gəzirdi.

İşin içində olanlar pıçhapıç danışırdılar ki, bu toy məsələsi deyil... Bəybala Sədirxanov cavan köməkçini əvvəlki nazirin adamı bilib başını əkib. Yerinə də öz yaxınını gətirib, İsaxan İsmiyevi. Ətli-canlı katibə ilə makinaçı bu müsibəti öz aralarında danışıb-danışıb sonra da tanrının dərgahına üz tutub deyirdilər ki, Təvəkkülün başına gələnlər, heç kafir bəndənin başına gəlməsin.

Təzə köməkçi yaşca nəinki zavallı Təvəkküldən, nazirin özündən də xeyli böyük olsa da, sir-sifətcə on­dan cavan görünürdü. Amma təpəsinin ortasındakı tüklər töküldüyündən başı daz qalmışdı. Ona görə də, saç­la­rını hər iki tərəfdən yana uzadıb, sonra da dola­yısına darayıb dazının üstünü birtəhər örtürdü. İsaxan İsmiyev əvvəllər də həmin bu nazirlikdə işləyirdi. Onda kadr işinə baxırdı. Hamı da onu mərdimazar adam kimi tanıyırdı. Bildiyini dədəsinə də verən deyildi. Quru və ətiacı adam olduğu üçün işçilərin ondan zəndeyi-zəhləsi gedirdi. Qaşınmayan yerdən qan çıxarmaqda bir can idi, əlindən pislikdən başqa heç zad gəlmirdi. Zalım ba­lası zəhər tuluğuydu. Dilindən qıfıl götürüb, ömründə bi­rinin xeyrini deməzdi. Özündən yuxarıdakının aya­ğının altında bir ovuc torpaq olmağa hazır idi. Özündən aşağıdakıların cəlladıydı. Ancaq arxalı köpək qurd basar. Arxası güclü olduğundan ona hələm-hələm batmaq olmurdu. Belə-belə xasiyyətinin üstündə, on beş il­dən çox olardı ki, nazirlikdən aralaşdırılıb kombinatın tabe­liyində olan idarələrin birinə rəis müavini göndə­ril­mişdi. O vaxtdan bu vaxta həmin aşağı işdə başını bir­tə­hər girləyirdi. Nazirlikdən gedəndən sonra çox yum­şa­l­mışdı. Əvvəlki kimi daha ona-buna buynuz göstərmirdi. Elə bil heç o nazirlikdəki İsaxan İsmiyev deyildi. Vaxtilə onun-bunun başına od ələyən İsmiyev yuxarıdan aşağı düşəndən sonra piləyə dönmüşdü. Hamıynan "hacan, qadan alım"la danışırdı. Təzə nazir onu yanına çəkən gündən İsaxan İsmiyev yenə də əvvəlki kimi quy­ru­ğunu qaldırmışdı. Tanrısına bəndəlik eləmirdi. Ona salam vermək istəyəndə də nə əlini uzadır, nə də ki, başını tərpədirdi. Gözünü qırpıb, qaşını endirib qal­dı­rırdı. Nəinki şöbə müdirlərinin, rəislərin, müavinlərin be­lə salamını qaşı ilə alırdı. Səhərdən axşamacan da Bəy­­bala Sədirxanovun çənəsinin altından o tərəfə durmurdu. Müavinlər, kollegiya üzvləri İsaxan İsmiyevin ya­nında yalan olmuşdular. Nazirlikdə uşaqdan böyüyə hamı bilirdi ki, İsaxan İsmiyev nə çalsa, Bəybala Sədir­xa­nov o cür oynayır. Bəybala Sədirxanov bu boyda na­zir­­likdə yalnız İsaxan İsmiyevin dediyiynən oturub-du­rur, ona inanıb etibar eləyirdi. Bunu da müavinlərdən tutmuş bütün idarə və kombinatların işçilərinə qədər hamı açıq-aşkar bilib, hesablarını aparırdılar. İsaxan İs­mi­yevin adı gələndə böyükdən-kiçiyə hamı özünü yığış­dı­rırdı. Son vaxtlar işçilər onun adını ağ Vəzir qoymuşdular. Çünki ağ Vəzirin dedikləri nazir üçün qanun idi. Bəybala Sədirxanovun qohum-əqrəbası onun ətrafına fırlanmaq istəyəndə İsaxan İsmiyevin daxilən paxıllığı tu­turdu. İsmiyev dəridən-dırnaqdan çıxıb onların hərə­si­ni bir cür yolla nazirin gözündən salmağa çalışırdı. Fik­ri-zikri də o idi ki, bu nazirlikdə Bəybala Sədir­xa­no­va İsmiyevdən başqa səmt adam olmasın. Son günlər müa­vinlərin, kollegiya üzvlərinin də ixtiyarı alınıb İs­mi­yevə verilmişdi. Nazir əsas məsələləri İsmiyevin əli ilə həll eləyirdi, onun dəlil-dəlalətiynən oturub-dururdu.

Günün ikinci yarısı İsmiyev nazirlə qulaqlaşanda onu başa saldı ki, kabinetləri bir-bir gəzib, işçilərlə ay­rı-ayrılıqda görüşüb, onlarla söhbət eləsin. Adamlardan hal-əhval tutsun. Ağ Vəzir nazirə quş dili oxuyub bu­nun mənasını belə yozub, izah edirdi ki, onda kollektiv ara­sında hörməti bir az da yuxarı qalxar. Eşidib-bilənlər deyər ki, Bəybala Sədirxanov sadə adamdır, özü iş­çi­lərinin ayağına gedir, uşaqnan uşaqdı, böyüknən bö­yük. Hamının qəlbinə girib dərd-səri ilə maraqlanır. Ağ Vəzirin məsləhət-məşvərəti o saat nazirin qulağına batdı...

İsaxan İsmiyev bir göz qırpımında nazirin adından idarəyə car çəkib, göstəriş verib, işçiləri xəbərdar elədi ki, hər kəs öz yerində olsun. Nazir kabinetləri gəzib, onlarla görüşəcək.

Bu xəbərdən sonra nazirlikdəkilər bir-birinə dəy­mişdi. İşçilərin hamısı əl-ayağa düşüb stolların üstünü yır-yığış eləyir, oturduqları kabinetlərini səliqə-sahmana salırdılar. Nazir hərlənib-fırlanıb bir gözü işıq üzü­­nə həsrət olan makinaçı ilə ətli-əndamlı köməkçinin otaqlarına daxil oldu. Bəybala Sədirxanovun arxasınca İsaxan İsmiyev, ondan sonra müavinlər gedirdi. Nazir­lik binnət olandan bəri, burada işləyən Zəridə ilə Zə­kiy­yə təmkinlə ayağa qalxıb, ağarmış saçlarını baş­la­rın­dakı nazik tül yaylığın altına tərəf sığalladılar. Nazir Zə­kiyyəni görəndə sol cəngi geri dartıldı, qalın və çat­ma qaşları gözünün üstünə sallandı, dodağının bir tərəfi bala­ca aralandı və üst-üstə minmiş əyri dişləri göründü. O vəcdlə:

- Katibə, eto Zinduşka?! - deyib əlavə etdi. - Sən hələ burdasan?!

Nazir qəddini əyib ona mənalı nəzər saldı:

- Eh Zinduşka, Zinduşka?! Gör haçandan tanıyıram səni! Burda neçə ildi işləyirsən? - soruşdu. Zəkiyyə üzü­nü pəncərəyə tərəf çevirib:

- Otuz ildən çox olar. - Çəkinə-çəkinə cavab verdi. Na­zir Zəkiyyənin ətli qolundan yapışıb üzünü onu müşa­yiət edənlərə tutdu:

- Mən bizim bu Zinduşkanı o vaxtdan tanıyıram,- dedi və Zəkiyyədən soruşdu. - Sən yenə rəqsə gedirsən?

Zəkiyyənin nuraniləşmiş çöhrəsinə xəfif qızartı çökdü və utana-utana başını bulayaraq:

- Yox, - dedi, - tay indi o vaxtım deyil. - Bəybala Sə­dir­­xanovun cəngi yana dartıldı və onu dövrəyə alanlara:

-İndi baxmayın ki, Zinduşka belə utanır! Onda bilir­sən necə tans oynuyurdu! Heç kəsdən utanıb-çəkinmir­di, - dedi. Nazir Zəkiyyənin əlini buraxmadan qolunu qaldırıb, yançağını sağa-sola burcudub, ayaqlarını irəli-geri atıb, ortalıqda dövrə vuraraq:

- Bax, belə oynuyurdu, - dedi,

Hamı gülüşdü. İsaxan İsmiyev tez müavinlərin qulağına pıçıldadı:

- Bizim bu nazir çox sadə adamdı, - dedi. - Görür­sü­­nüz də, adicə katibə ilə necə açıq-saçıq səmimi rəftar eləyir. Hamısı sadəlilikdəndi. Rəhbər işçi gərək təkəbbürlü olmasın.

Nazir bu dəfə makinaçıya tərəf yönəldi və:

- Zinaa! Sən də burdasan? - soruşdu.

Zəridə başını aşağı dikdi.

Nazir gülümsüyürmüş kimi cəngi geri dartıldı, qaşları aşağı sallandı və Zəridədən soruşdu:

- Sən ərdən getdin?

Makinaçı nazirin sualını başa duşmədi. Xəcalə­tin­dən başını aşağı dikdi. Nazir sualını bir də təkrar etdi:

- Deyirəm sən ərdən getdin?

Zəridə başını yuxarı qaldırmadan, ayağının ucuynan döşəməni qurdaladı.

Lalın dilini anası bilər. İsaxan İsmiyev tez söhbətə qarışıb nazirin nə soruşduğunu makinaçıya izah etdi:

- Zəridə xanım! Sədirxanov yoldaş soruşur ki, ərə getmisən, ya yox? O vaxtdan subaysan?

Zəridənin gözlərindən iki damcı yaş süzülüb yana­ğın­dakı qırışlarda muncuqlandı və: "Yox ərə getməmi­şəm. Bir gözü mayıf qızı kim alar. Mən Allahın bədbəxt bən­dəsiyəm" - demək mənasında ağır-ağır başını buladı.

Nazir onun qəlbindən keçən bu niskili başa düşə bil­məzdi. Ona görə də makinaçının lal sükutuna məhəl qoymadan:

- Nu xoroşo, xoroşo, ne plaç, - deyib geri döndü.

Müavinlər pərt oldular. Bircə İsaxan İsmiyev yan-yörəsindəkilərə pıçıltı ilə:

-Bizim bu nazir çox alicənab adamdır, - dedi, - gö­rür­sünüz də, adi işçilərlə necə davranır, çox xalis adamdı, halal olsun.

İsaxan İsmiyevin nazirin hərəkətlərini bu cür yozmasını və bununla da onun hansı simə vurmasını müavinlər yaxşı anlayırdı. Bilirdilər ki, o hansı havanı çalır. Buna baxmayaraq müavinlər onun sözünü üzdə təsdiq eləyirdilər.

Nazir bu dəfə valı o biri üzünə çevirdi:

- Mən istəyirəm hamı bir olsun! - dedi. - Nazirlə fəhlənin, sizin kimi sadə işçilərin arasında divar olmasın! Gördünüz bütün telefonların nömrəsini qəzetlərdə dərc etdirdim! Köhnə qəbul qaydalarını dəyişdirdim! Qoy kim nə vaxt, kimə istədi, zəng vursun. Qapılar da həmişə, vaxt-bivaxt, gecə-gündüz şikayətçilərin üzünə açıq olsun! Bunu sizin üçün eləyirəm!

Nazir yenə qızışıb yumruğunu düyünlədi və dilin­dən düşməyən eyni sözləri dönə-dönə təkrar etdi:

- Biz hamımız bir olmalıyıq! Bacı kimi! Qardaş kimi! Ata-ana kimi! Kim yaxşı işlədi, yaxşı da yaşamalıdı! Kimin bacarığı var buyursun, meydan onundu! Xü-su-si-lə, gənc-lə-rə! Hər yerdə! Yaşıl işıq olmalıdır! Bu ən vacib məsələdir! Niyə? Çünki gənclər bizim gələcəyimizdir.

Nazir barmaqlarını geniş aralayaraq:

- Görürsünüz, bu barmaqlar tək-tək gücsüzdü, - dedi və sonra əlini bükərək,-indi birləşdi oldu güclü! Ha­mı­mız bir olmalıyıq! Nazirdən tutmuş süpürgəçiyə kimi! Ay­rı-seçkilik olmamalıdır! Yoxsa qabaqlar deyirdilər bu qarabağlıdır, bu naxçıvanlıdır, bu şirvanlıdır... Belə olma­yacaq! Məni göndərdilər, belə şeylərin kökü kəsilsin.

Nazir başının dəstəsiynən otaqdan çıxanda katibə ilə makinaçı hər ikisi qoşa əliynən, arxadan ona:

- Ala e! - elədilər.

Katibə makinaçıya tərəf yönəlib kinayə ilə:

- Aaz, o dedi, sən də inandın?! Ee bacı! Onu dünyada mənim kimi tanıyan yoxdur. Min cürə sifəti var, dili bir cürdür, ürəyi o biri cür! O Ağ Vəzir də ki, ilişib yanına, vay bizim nazirlikdəkilərin halına!

Hələ təzə bardaq suyudu, qoy bir az keçsin, gör nə pəstahlar çıxardır. Makinaçı:

- Aaz Zəkiyyə, ölən günəcən sən də mənim bacım. Qeybət deyil e, söhbətdi. Otuz ildən çoxdu sən də, mən də bu nazirlikdə ömür çürüdürük. Bax bu Bəybala Sədirxanov elə Çeşməlidə sex müdiri olanda necəydisə, elə o xasiyyətində də qalıb. O qürbət eldəki qardaşımın canı üçün, bir tikə də dəyişilməyib. Aaz, onu lap cavanlıqdan tanıyıram, e, çox dingiş xasiyyəti var, adam gərək ağır oturub, batman gəlsin. Gördün də, sən Allah, biznən necə danışdı?! Saa deyir tans oynuyurdun, mənnən soruşur ərə getmisən - getməmisən! Bıy ətin tökülsün, heç denən yeridi?!

Zəridə təəccüblə başını buladı və müsahibinə:

- Zəkiyyə, səni bilmirəm, vallah nazir o cür danışanda ölüb yerə girdim. Zəkiyyə:

- Zəridə, düz deyirsən, - dedi. - Elə mən də sənin ki­mi. Vallah o danışdıqca xəcalətimdən başımı soxmağa yer axtarırdım.

Zəridənin hirsi soyumamışdı:

- Aaz, məndən soruşur ki, ərdən getdin? Kişi olan kəs də ağzına o cür söz alar?! Hamı bilir ki, mən Allah-taalanın bədbəxt bəndəsiyəm, kimdi məni alan?! İkincisi də axı o nazir sözüdü?!

Zəridə üzünü otağın tavanına tutaraq:

- Şükür kərəminə ilahi! Gör kimləri nazir qoyurlar?!

Bəybala Sədirxanov kabinetləri bir-bir gəzib axırda birinci mərtəbəyə endi və arxiv sənədləri saxlanan otağa daxil oldu. Arxiv müdiri yerindən çox ağır qalxdı və nazirin salamını dilucu aldı. Nazir isə yaşına və vəzifəsinə uymayan şit bir hərəkətlə:

- Saşa! Salam, salam! Nu kak nastroyeniye?!

Arxiv müdirinin qaşqabağı açılmadı. O, qürurunu pozmadan:

- Mən Saşa deyiləm, Səyyafam!, - dedi və saymazyana üzünü əks tərəfə çevirib, tikib tamamladığı qovluğu boş qəfəsələrin birinə qoyub qayıtdı.

Bəybala Sədirxanov Səyyafın verdiyi dəyintili cava­bı nəzərə almadan:

- Daa, Səyyafçik, Səyyafçik! Bu Səyyafçiklə bir kəndliyik, çox olub ki, at çapmışıq! O yaxşı çapırdı, mən tez-tez yıxılırdım. Bir dəfə də mənim qolum çıxdı. - Nazir sol qolunu göstərdi və sonra soruşdu.

- Səyyaf! Sən niyə yanıma gəlmədin?

- Əlimdə vacib işim var idi,-cavab verdi və kinayə ilə əlavə etdi. - Bir də ki, sən böyük adam, Allah bir az da artıq eləsin, mən də fəhlə baba! Bu de, barmaqlarımı biz deşik-deşik eliyib, - o əlini göstərdi.

İsaxan İsmiyev ağzını yanındakıların qulağına yaxınlaşdıraraq:

- Mən ömrümdə bu sadəlikdə nazir görməmişəm - dedi.- Bəybala Sədirxanov barəsində çox eşitmişdim. Amma onu tay bu cür sadə, səmimi bilməzdim. Halal olsun onu doğan anaya. Gör adi bir arxiv işçisiynən necə danışır?!

Nazir arxivi gəzib bəzi-bəzi məsləhətlər verdikdən sonra işçilərlə xudahafizləşdi. Arxivin qapısından çıxa-çıxa Səyyafa:

- Saşa! Do svidaniya, belə olmaz! Bir görün! Gələrsən yanıma, - dedi.

Arxiv müdiri dillənmədi və nazir gedəndən sonra başını bulaya-bulaya:

- Yüz il də qalsa, gədadan bəy olmaz, küllükdən təpə - dedi.

...Nazir öz kabinetinə qayıdandan bir neçə dəqiqə sonra İsaxan İsmiyevi yanına çağırıb dərin maraqla soruşdu:

- Hə, işçilərlə görüşümüz necə təsir bağışladı? Skaji çestno!

- Əlaa! Əlaa! - deyib İsaxan İsmiyev cavab verdi və əlavə etdi. - Xüsusilə, katibə ilə makinaçını o cür dindirdiniz, hamımıza ləzzət elədi. Müavinlər lap mat-məəttəl qalmışdı. Arxiv müdiri ilə olan söhbət xüsusilə, xoş təsir bağışladı.

İsaxan İsmiyev itaətkar görkəm alaraq:

- Sizdən sonra işçilərin hamısı danışırdı ki, hələ indiyə kimi bizə belə nazir gəlməyib. Çox sadə, sanballı, dərin adamdı, - dedi və əlavə etdi: - Bəybala Bəşi­ro­viç, o ki o katibənin qabağında qol götürüb oynadınız e, o xüsusilə, yerinə düşdü. Əşşi nə danışırsan! Əvvəlki nazir­lər nəinki texniki işçilərin, heç şöbə müdirlərinin qapısını bircə dəfə də olsun, açıb onlardan hal-əhval tutmuyublar.

İsmiyev yana meyllənən uzun və seyrək, yarıağ, yarıqara saçlarını başının ortasına tərəf aşırıb, üstünə də sığal çəkə-çəkə:

- Bəybala Bəşiroviç, - dedi, - o əvvəlki nazirlər hara, siz hara?! Onlar nazirlik eləmirdi ki, prosto başlarını girləyirdilər. Bunu təkcə mən demirəm, bütün camaat danışır ki, təşkilatçılıqda da, adamlarla dil tapmaqda da əvvəlki nazirlərlə sizin aranızda zəmin-asiman fərq var.

Ağ Vəzirin sözləri Bəybala Sədirxanovun canına yağ kimi yayıldı. O, İsaxan İsmiyevi heyrətlə süzərək:

- Mejdu proçim, səni yaxşı ki, köməkçi gətirdim. Çox vnimatelnisən, hər xırda şeyə göz qoyursan. Malades! Malades! Belə deyirlər ki, ağıl yaşda yox, başdadı. Ancaq sənin ağlın da, yaşın kimi çoxumuş. Çünki məni hər adam sənin kimi duyub başa düşə bilməz.

İsaxan İsmiyev nazirin qarşısında əzilib-büzülüb yaşına uymayan itaətkar görkəm aldı və ona olan sədaqətini nümayiş etdirirmiş kimi çiyinlərini qısıb qəddini əydi:

- Bəybala Bəşiroviç,-dedi, - nə danışırsınız! İstə­yi­rəm ki, sizin ayağınıza dəyən daş, mənim başıma dəy­sin. Atılıb, unudulub, gözdən, nəzərdən salınmışdım. Sala­mımı da alan yoxudu. Bu yaşımda məni arayıb-ax­ta­rıb, quyunun dibindən çəkib çıxardan adama qarşı ne­cə olmalıyam?! Hələ onu demirəm ki, mənə o qədər də ehtiyac olmadan nazirliyin təzə tikdirdiyi daş bina­dan dördotaqlı mənzil vermisiniz. Arvad hərdən mənə deyir ki, ay İsaxan bir sənsən, bir də mən. İkimizin də başı gora titriyir, bu gün-sabahlığıq. Bircə də şikəst oğlu­muz var. Bir belə otağı neynirsən?

İsaxan İsmiyev sözünə fasilə verib dərin bir razılıqla:

- Mən də arvada deyirəm ki, ağzını xeyrə aç, bir də ki, başa düş, belə girəvə həmişə ələ düşməz. Bəybala Bəşiroviçin sağlığına otaqların birində ayaqqabımı çıxardıb, birinə papağımı qoyub, o birilərində də ayaqlarımı gen-bol uzadıb kefə baxacağam. Öləndə də gərək adamın qəbri geniş olsun.

Bəybala Sədirxanov təəccüblə:

- Oğlun, şikəstdi?!

İsaxan İsmiyev:

- Yoox əşşi, elə-belə dedim. Ali məktəbə düzəlt­miş­dim yarımçıq qaçıb. Oxuyub eliyən zibil də deyil.

Gündə də nə bilim, biriynən çuqquldaşır. Sizdən nə gizlədim, son vaxtlar da uymuşdu bizim bu nazirliyin bufetində bir hallıca-dulluca qabyuyan var, ona. Mən də bilən kimi göstəriş verib qabyuyanı qovdurdum. Çünki bir dəfə evə zəng vurmuşdu. Dəstəyi götürəndə, səsindən tanıdım. Bildim ki, o həyasız qabyuyandı. Ona görə də, anası hər dəfə oğluma deyir ki, hərə bir şeydən şikəst olar, sən də ağıldan şikəstsən. İsaxan gülümsünərək:

- Oğlumuzun qolu-qıçı salamatdı, elə bir şikəstliyi yoxdu,- dedi. -Başdan bir az,- İsaxan şəhadət barmağının ucu ilə kicgahını oyaladı və: Hə, -dedi,-başdan bir az seyrəkdi. Arvad da elə ona görə ona şikəst deyir.

İsaxan İsmiyevin ətsiz sifətinə xoş bir təbəssüm yayıldı və:

- Bəybala Bəşiroviç,-dedi,-onların hamısı saa qurban olsun. Allah-taala hamımızın ömründən kəsib sizinkinə calasın. Siz çox qənimət adamsınız. Amma, əlbəttə, hər adam sizi mənim kimi duyub başa düşə bilməz. Hamının şüur səviyyəsi eyni deyil, çoxu həyatdan geri qalıb. Onlar makinaçıynan, katibəynən, arxiv işçisiynən o çür davranmağınızın mənasını çətin ki, dərk etsinlər.

Bəybala Bəşiroviçin köməkçisinə olan əvvəlki hörmət-izzəti bir az da artdı. Nazirin kefi xeyli duruldu və:

- Tərs kimi sənin də başında tük olmadı,-deyib onu ərklə ələ saldı.

Nazir dediyinə qəşş edib və birdən-birə də özünü yığışdırdı. Stulunda ciddi görkəm aldı. Uzun qalın qaşlarını xumarlanmış gözlərinin üstünə sallayaraq quru rəsmiyyətçiliklə soruşdu:

- İsaxan Süleymanoviç, bir məni başa sal görüm, bizim bu birinci müavindən ağlın nə kəsir?! Sən bu Xaliq Nemətzadə barəsində nə fikirdəsən? Özünü belə bir cür aparır ee, o necə adamdı?! - nazirin sərt baxışları narazı ifadə aldı.

İsaxan İsmiyev ağzını ikrahla yana əydi və qaşqabağını tökərək:

- Bəybala Bəşiroviç,-dedi.- Belədi dəə, o uzun müddətdi birinci müavin işləyir. Nə qədər desən də, bic, hiyləgər adamdı. Cürbəcür yollarınan da burada özünə hörmət qazanıb. Çox adam da xətrini istəyir. O qədər də tamahı-zadı olan deyil. Bir də ki, nəyinə lazımdı, qızlarını ərə verib, oğlanlarını da evləndirib. Evdə bir arvadıdı, bir də özü. Ancaq bir müavin kimi sizə əl verməz. Əgər mümkün eliyə bilsən, başını ək getsin. Siz də açıq-saçıq danışan, o da qaraqabaq, lal-dinməz. Elə onun barəsində düz fikirləşmisiniz. Mən bu barədə sizə çoxdan demək istəyirdim, ancaq ürək eləmirdim. Fikirləşirdim ki, Bəybala Bəşiroviç həssas, uzaqgörən adamdı. Tez-gec onun özü, birinci müa­vinin kimliyini bilib başa düşəcək. Elə yaxşı oldu ki, söhbəti özünüz açdınız. Mən də o rəydəyəm ki, sizinki bir yerdə tutmaz. Görmürsən, kollegiya iclaslarında özünü necə aparır. Elə bil ki, o nazirdi, siz də müavin. Həə, çox qəliz xasiyyəti var! Birtəhər elə, burdan uzaq­laşdır...

- Nə yolnan? Əsas nə qoyaq? - nazir soruşdu. Köməkçi bir qədər fikrə getdi və sonra:

- Düzü əsaslı bir şey tapıb, onun ayağına yazmaq çətindir. Çünki hər bir işi ağılınan, ehtiyatınan görən adamdı. O, suyu da pülüyə-pülüyə içir.

Nazir susdu, köməkçi dillənmədi. Kabinetə ağır sükut çökdü. İsaxan İsmiyev birdən:

- Hə, yaxşı yadıma düşdü, - deyib vəcdlə ayağa qalx­dı: - Burda bir dələduz qaraj müdiri olub. O vaxt bu Xa­liq Nemətzadə birinci müavin kimi naziri əvəz eliyəndə həmin qaraj müdirini avtomaşınların ehtiyat hissələrini satdığının üstündə, bir də ki, mexanikə bıçaq çək­di­yi­nə, dispetçeri də döydüyünə görə işdən qovub, hətta qa­raj müdirini o vaxt tutmaq da istiyir­dilər. Xaliq Ne­mət­zadə prokurordan xahiş edib qoymadı. Dedi ki, bi­rə­nin ya qabığın aldın, ya da ki, canın. İşdən çıxartmaq kifayətdi. Şikayətçiləri də çağırıb başa saldı ki, qaraj müdirindən əl çəksinlər. Həmin qaraj müdiri, son vaxtlara qədər, bu birinci müavindən yazmadığı yer qoymamışdı. Amma bir neçə ay olar səs-səmiri çıxmır. Niyəsini bilmirəm.

Nazir özü də əyləşdiyi stulundan dik qalxdı:

- Vot! Vot! Onu tap!.. Qaraj müdirini tap! -dedi. -Özün də çağır başa sal... Aydındı da nə demək istə­yirəm? Amma mənim adım olmasın. Guya bu işlərdən xəbərim-zadım yoxdur. Sən özün çağır, yaxşı-yaxşı dərsini ver, qoy işində olsun... Bildin?!

İsaxan İsmiyev tükü tükdən seçən adamdı. O, sözü göydə alıb, nazirin eyhamından, onun hara vurduğunu başa düşdü və:

- Aydındır! - dedi.- Məşğul olaram. Çalışıb birtəhər düzüb-qoşarıq... Nazir köməkçisinə:

- Bizim tərəfin adamlarını mənnən yaxşı tanıyırsan. On­lardan birini tap gətir, ağlım kəsən olsa, Xaliq Ne­mət­zadənin yerinə götürərik. Amma səmt adam olsun. Biz deyəni desin.

İsaxan İsmiyev:

-Baş üstə, Bəybala Bəşiroviç oldu! - deyib kabinetdən çıxdı.

...Onların qulaqlaşmasından bir həftə keçməmişdi ki, çoxtirajlı qəzetin dördüncü səhifəsində iri qara hərf­lərlə "Haqsızlıq" başlığı altında geniş bir məqalə dərc edildi. Məqalədə birinci müavin Xaliq Nemətzadənin çir­kin əməllərindən və vaxtilə vicdanlı, əzabkeş bir qa­raj müdirini günahsız olaraq işdən çıxarmasından bəhs olu­nurdu. Məqalədə həmçinin, Təvəkkül Mövlam­ver­di­yev adlı birisini təsadüfi olaraq nazirliyə işə götürməsindən danışılırdı. Məqalənin müəllifi eyham vururdu ki, Təvəkkül Mövlamverdiyevin ocaqçılıqdan bir­dən-birə nazirliyə işə gətirilməsində Xaliq Nemətza­də­nin şəxsi təmənnası olub... Qəzetin həmin nömrəsi əldən-ələ gəzirdi.

Məsələdən hali olan oxucular məqalə müəllifinə nif­rət edirdi, hali olmayanlar isə "Afərin! Düz yazıb! Yax­şı eləyib, elə nazir müavininin anasını ağladıb!" deyirdilər.

Çox keçmədi ki, qəzetin növbəti nömrələrinin birində "Ədalət zəfər çaldı" sərlövhəli cavab məktubu verildi. Burada Xaliq Nemətzadənin vəzifəsindən sui-istifadə etməsi, işdə kobud səhvlərə yol verməsi və buna görə də onun tutduğu vəzifəsindən azad olunması, işdən günahsız çıxarılan qaraj müdirinin əvvəlki yerinə bərpa edilməsi və sair... qeyd edilmişdi. Həm də göstərilmişdi ki, ocaqçı vəzifəsindən birdən-birə nazirliyə işə gətirilmiş Təvəkkül Mövlamverdiyev də işdən qovulmuşdur...

* * *

İş vaxtının qurtarmasına az qalırdı. Nazir bu dəqiqələrdə şad, xürrəm idi və özündə   qəribə yüngüllük hiss eləyirdi. O gah stolunun arxasına keçib təzə gə­ti­rilmiş çaydan bir qurtum içib ötəri televizora baxır, gah da qalib sərkərdə kimi kabinet boyu o baş-bu başa var-gəl edirdi. Onun kefi bugünkü kimi duru olma­mış­dı. Gözləmə otağında isə səhərdən bəri yaşlı bir kişi da­yan­mışdı. O, əlindəki çəliyinə söykənib mağmun baxış­la­rı ilə gəlib-gedənləri müşayiət edir və öz-özünə deyinirdi:

- Bu sistemdə neçə il can çürütmüşəm, indi gərəksiz olmuşam. Kimdi məni itirib-axtaran?! Neçə dəfə ərizə yazmışam, teleqram vurmuşam, baxan var?! Zəng də vuranda heç kəs telefonu götürmür. Götürəndə də elə hey deyirlər, zanitdi! Zanitdi! Bir günlük maşın yoludu. Hər gün də gəlib-getmək olmur. Bu de, səhərdən da­yan­mışam. Nə nazir qəbul eliyir, nə də ki, müavinlər. Bil­mirsən dərdini kimə deyəsən. Bu təzə gələn naziri də cavanlığından tanıyıram. Deyirəm, bəlkə o məni eşi­dib insafa-mürvətə gələ... Onun da yanına buraxırlar ki?!

İsaxan İsmiyev qocanın çərənlədiyini eşidib onun ağzını yummaq üçün öz kabinetinə dəvət elədi. Şikayətçi gördü ki, İsmiyev onu tovlayıb müavinlərin qəbuluna salmaq istəyir. Qoca razı olmadı. Dedi ki, onlardan ağzım çoxdan yanıb, mən təzə naziri deyib gəlmişəm. Ondan başqa heç kəsin yanına ayaq basmaram. İsmiyev nazirin kabinetinə daxil olub Bəybala Sədirxanova:

- Burda bir şikayətçi var, - dedi. - Yaşlı adamdı, bayaqdan ağzına gələni tulluyur.

İsmiyev təəccüblə çiyinlərini çəkdi:

- Nə bilmək olur, bəlkə Xaliq Nemətzadənin adam­la­rındandı. Yəqin qocanı o qızışdırıb, bura göndərib. Çox qəliz danışır. Güman ki, onun bu işdə barmağı var. Qocanı qəbul elə gör nə qırıldadır. Sir-sifətindən murdar adama oxşuyur. Görünür axmağın biridi. Hər halda görüşüb, söhbət eliyib, ağzını yummaq lazımdır. Bayaqdan bəri sərsəmliyir.

İsaxan İsmiyev duruxub zəndlə nazirə baxdı və başını yana əyərək:

- Bəybala Bəşiroviç, bilirsiniz, qoca mənə və ya sizə neyləyə bilər? Heç nə, amma necə olsa, yenə də... Bir də ki, bir tulanın hürməyinən bir şey çıxmaz, amma bə­zən onun səsinə yüz köpək oyanır. Bildiniz də nə deyirəm?

Nazir vəzirin sözü ilə razılaşdı... Şikayətçi içəri daxil olanda Bəybala Sədirxanov əvvəlcə ona diqqətlə nəzər saldı və o dəqiqə də tanıdı. Ayağa qalxıb yaşlı adamı kabinetin ortasında qarşıladı:

- Ohoo! Paseluyu tebya! - dedi. - Mərdan Ağayeviç, bu­yurun, buyurun! Sadites pojaluysta, - qolundan yapı­şıb əyləşmək üçün ona yer göstərdi. Bəybala Bəşi­ro­viçin uzun, qalın qaşları yana əyildi. Cəngi geri dartıldı, nazik dodaqları aralandı və qaralmış dişləri göründü:

- Sizdən nə əcəb? Buyurun! Buyurun! Dinləyirəm sizi, - deyib Mərdan kişinin dediklərini yaxşı eşitmək üçün əlini qulağının ardına tutdu. Mərdan kişi həyəcanlandı:

- Eşitdim nazir olmusan, çox sevindim! Dedim necə olsa, bizim də üstümüzə bir kölgə salar. Atalar deyib ki, uman yerdən küsərlər. Bildiyin kimi o vaxt ki, Çeşməli tərəfdə sex müdiriydin e, mərdimazarlar qoymadı, hərə bir tərəfdən arının yuvasına çöp uzatdı. Səni gözüm­çıx­dıya saldılar. Sən də neyniyəsən - Mərdan çiynini çək­di. - Canının dərdindən, başını götürüb getdin. Elə yax­şı da elədin. Su bir yerdə çox qalanda iylənər. Amma Bəybala, səndən sonra başıma çox müsibətlər gəldi. Ha­mı­sını deyib başını ağrıtmaq istəmirəm. Görürəm işin-zadın da çoxdu. Bilirsən dayna, qabaqcıl fəhlə ol­mu­şam. Neçə dəfə raykoma plenum üzvü seçilmişəm. Or­den, medallarımı da özün görmüsən. Hə, bəxtəvər günlərim varıdı. Amma yaxşı deyiblər ki, kiminin əv­və­li kiminin də axırı. Mənim axırım bəd gəldi. Maa çoxlu bəd­bəxtlik üz verdi. Mən çəkəni heç kafir bəndə çəkməsin. Bu sol qolum dirsəkdən aşağı qaldı maşının ara­sın­da. Həkimlər ha çalışdılar, bir yana çıxarda bil­mə­dilər. Axırda məcbur olub qolumu biləkdən yuxarı kəsdilər.

Mərdan kişi bunu deyib pencəyinin qolunu geri çəkdi və protez əlini stolun üstünə qoyub nazirə göstərdi.

Nazir tez qələm götürüb qabağına ağ kağız qoydu və marığa yatırmış kimi sinəsini stola söykəyərək:

- Buyurun! Buyurun! Mişa, eşidirəm, - dedi. Mərdan kişi nazirin ona Mişa deməsindən sarsıldı. Ancaq üzə vurmayıb sözünə davam elədi:

- Sonra da başıma çox qəzavü-qədər gəldi. Gözümüzün ağı-qarası bir gədəmiz varıdı, o da getdi, əsgərlikdən qayıtmadı. Arvad da tay əldən düşmüşdü. O da gədənin ucbatından ağladı-ağladı, axırda da dözmədi. O da ömrün belə tapşırdı. Qaldım yurdda tək-tənha. Qapımda da dörd ayaqlıdan, bircə itdən başqa heç nə yoxdu. Az-maz pensiya kəsiblər, o da heç çörək puluna çatmır. Əslinə qalsa, heç pensiya işimi də düzgün eləməyiblər. İnsafsızlar çox az verirlər. Əşi indiki adamlarda insaf nə gəzir?! Sexdə gözətçi işliyib qəpikdən, quruşdan bir tikə çörək pulu qazanırdım, Allah-taala onu da maa çox gördü. Bir dədəsindən xəbəri olmuyan nadürüstü gətirib sex müdiri qoyublar. O da Allahına bəndəlik eləmir. Gələn gündən iki ayağını bir başmağa diriyib ki, Mərdan kişi, iti görüm, qurdu görüm, səni görmüyüm. Nə qədər yalvarıb-yaxardım, zalım oğlu ipə-sapa yatmadı. Əmrimi verib, məni beüzmü yola saldı. Dərdim açılıb, qoy elə deyim. Sonra da işdən çıxmaqdan betər, maa o ağır gəlir ki, arxamca tərs-tərs baxıb dedi ki, get əlin hara qəlbidi ora qoy. İstədim qaydıb deyəm ki, ə, nanəcib oğlu na­nə­cib, əlim var ki, onu da qaldırıb qəlbiyə qoyum. Ona baş qoşmaq istəmədim, dedim bu vaxtımda hər gədə-güdəyə ağız vermiyim, qoy xatası mənnən uzaq olsun.

Mərdan Əlixanov miskin görkəm alıb sükuta daldı. Sanki gizli bir arzu onun yaxasından yapışıb harasa dartıb aparırdı. O, nə fikirləşdisə, yenə də üzünü nazirə tutub:

-İndi neçə ildi sərasər yazıram. Tay yazmadığım yer qalmayıb. Əlimi hara atıram boşa çıxır. Saa da əlim yetmirdi. Bir dəfə soraqlayıb soruşdum, dedilər xaricə işə göndəriblər. Onu deyəndə elə bil başımdan bir qazan qaynar su tökdülər. Öz-özümə dedim ki, ə dünyanın işinə bax ee! Bu Bəybalaya bu boyda ölkədə bir vəzifə tapılmadı ki, kişini dağa-daşa salıb xaricə göndərdilər. Səbəbkara qarğış elədim, dedim mərdimazarın evini Allah yıxsın. Kişini oturduğu yerdə niyə yerindən, yurdundan didərgin saldılar. Amma o günü ki, eşitdim qayıdıb gəlmisən, özü də səni nazir eliyiblər, sevindim. Dedim Allahım gətirib. İndi Bəybalanın əlinin üstündə əl yoxdu. Əşi insafdı ki, bir sexdə qırx il Fərhad kimi külüng vurasan, axırda o qaravolu da saa çox görələr. Mərdan Əlixanov hövsələdən çıxdı:

- Ə, qaravol elə it sənətidi dayna! Bir belə orden,  medalın qabağında yanı o itcən də olmadım!..

Bəybala Sədirxanov daxili telefonların düyməsini basıb müavinlərin hamısını yanında cəm elədi. Onun səyriyən sifəti ciddiləşdi, qaşları çatıldı və qarşısında əyləşən şikayətçini müavinlərinə işarə edərək:

- Bizim bu Mərdanı tanıyırsız? - soruşdu.

Heç kəsdən səs çıxmadı. Nazir sualın cavabsız qalmasından təəssüflənirmiş kimi başını buladı və sözünə davam etdi:

- Harda ki, mən qabaq Çeşməlidə işləyirdim. Bu kişi o sexdə qırx ilə yaxın fəhlə olub. İndi!.. Heç kəs onu eşidib saya salmaq istəmir! Şikayətinə baxan yoxdu! Çox nahaq yerə! Biz bu gün, bu cür yaşlılara fikir verməsək, gələcəkdə gənclər bizi daşa basar! Gərək hamıya diqqətlə qulaq asaq! Qayğı göstərək! Hörmət eliyək! Kömək eliyək! Amma biz ona öyrəşmişik ki, öz adamlarımızı axtaraq! Qohumbazlıq! Dostbazlıq! Yerliçilik! Mənim adamım! Onun adamı!..

Nazir düyünlənmiş yumruğunu stola çırparaq:

- Bəsdi! Buna son qoymalıyıq!!

Nazir səsini aşağı salıb mehriban tərzdə:

- Hamımız bir olmalıyıq! - dedi. - Bu Mərdan kişi də, siz müavinlər də, mən nazir də bir olmalıyıq! Hamı­mız bir nöqtəyə vurmalıyıq! Hamıya bir gözlə baxmalıyıq.

O, təəccüb və təşvişlə Mərdan Əlixanovu göstərib:

- Görün, özünü nə kökə salıb! Ancaq ona fikir verən yoxdu! Prosto stıdno! - dedi.

Bəybala Sədirxanov üzünü Mərdan kişiyə tutaraq:

- Bu müavinlərimin əvəzindən, sizdən mən üzr istəyirəm. Özü də min dəfə! - dedi.

Müavinlər pərt olub başlarını aşağı dikdilər.

Bəybala Sədirxanov sözünü tamamlayıb müavinlərə kinayə ilə:

- Siz gedə bilərsiniz, - dedi.

Müavinlər suyu süzülmüş kabinetdən çıxdılar. Nazir qarşısındakı ağ vərəqi yaza-yaza dodaqaltı mızıldanır­dı: "Ən geci üç gün müddətində öz köhnə qarovulçuluq vəzifəsinə qaytarmaq. Bekar qaldığı günlərin pulunu sex müdirinin hesabına ödəmək. Nazirliyin yardım fondundan bir aylıq maaşı həcmində pul vermək..."

Nazir qələmi yerə qoyub qəddini düzəltdi. Və Mər­dan Əlixanova qayğılı nəzər salıb xoş əhval-ruhiyyə ilə:

- Mişa! Nu kak?! Razı qaldın?

Mərdan başını sinəsinə endirib qaldırdı və:

- Səni görüm dünya durduqca durasan! Sən ki, məni kimilərə bu cür əl tutub, qayğı göstərirsən, görüm Əli köməyin olsun...

Bəybala Sədirxanov ayağa qalxıb ehtiramla onun qolundan yapışdı. Qapının ağzında onun boynunu qucaqladı. Və o üzündən, bu üzündən marçamarç öpərək:

- Nu, Mişa, do svidaniya, poseluyu tebya, - deyib onu ədəb-ərkanla yola saldı.

Mərdan kişi şikəst əlini böyrünə qısıb arxasına baxmadan şən əhval-ruhiyyə ilə pilləkənlərdən aşağı enirdi. Uçmağa bircə qanadı yox idi. Kim də qabağına çıxırdı, tanıdı-tanımadı deyirdi:

- Allah bu nazirin balasın saxlasın. Məni qaldırıb qoydu göyün yeddinci qatına. Onu görüm, Tur dağına dön­sün. Dünya xali deyilmiş, yaxşı adamlar hələ çoxdu...

Nazir barədə Mərdanın dili ağzına sığmırdı. Mər­dan Əlixanov yolda tanışlarının biri ilə rastlaşıb, har­dan gəlib hara getdiyini ona yerli-dibli danışandan sonra:

- Vallah, - dedi, - iş düşməsə, adamı tanımaq olmaz­mış. Bu Bəybala Sədirxanov o vaxt bizim Çeşməlidə sex müdiri olanda hamı onu yüngül, bambılı kimi tanıyırdı. Elə doğrudan da heyləydi. İşini-gücünü buraxıb gündə-günaşırı tanslara gedirdi. Balam, indi nə yaman dəyişib, elə bil, heç o adam deyil! Lap ağıllı-başlı adam olub! Siftə eşidəndə ki, onu nazir qoyublar düzü qulaqlarıma inanmadım. Amma bu gün ki, məni o cür qarşıladı, öz-özümə dedim, yoox kişinin nazir olmağa layığı varmış.

Mərdan Əlixanov alnını qırışdırıb bu barədə narazılığını da büruzə verdi və müsahibinə:

- Söz burda qalsın, Bəybala Sədirxanov o dəmdəməkliyindən hələ əl çəkməyib, bir az da üstə qoyub. Ə, danışığının şirin yerində, tez-tez deyir ki, Mişa belə oldu, Mişa filan oldu. İstədim deyəm ki, əşi, o nazir sözü deyil axı. Uşağam ki, maa Mişa deyirsən. Mərdan hara, Mişa hara! Düzü bir az da xətrimə dəydi. Buna baxmayaraq, sağ olsun. Məni lap haracan desən, yaxşı qarşıladı. Ömrü uzun olsun onun!

Mərdan Əlixanovun müsahibi:

- Mərdan kişi, mən də onu azdan-çoxdan tanı­yıram. Cavanlığında da bir-iki dəfə bir yerdə olmuşuq, -dedi. -Əmisiynən də, atasıynan da çox oturub-durmuşuq. Yüngüllük elə onların nəslində var. Amma indi ki, deyirsən, səni o cür qarşılayıb, o cür də ki, möhübunu düzlədib, hörmətinən, izzətinən yola salıb, halal olsun! Yəqin yaşlaşdıqca xasiyyəti dəyişib. Ə, dünya gör-götür dünyasıdır! Bir heylə ölkə gəzib, deyirsən, yəni, ağlı başına gəlməsin?!

* * *

Nazir Mərdan Əlixanovu yola saldıqdan sonra İsaxan İsmiyevə daxili telefonla:

- O kadr sənədlərini də götür, gəl yanıma, - dedi.

- Baş üstə!

İsaxan İsmiyev asılqanın yanındakı balaca güzgüdə özünə baxıb yana sallanan tək-tük, seyrək saçlarını işıldayan dazının üstünə aşırıb, əyin-başını səliqəyə salıb, şəstlə nazirin kabinetinə daxil oldu. Bəybala Sədir­xa­nov köməkçisinin daz başını görən kimi xarakterinə xas olan tələsikliklə:

- Gəl, gəl! - dedi. - Qapını da tez ört!

İsaxan İsmiyev ədəblə salam verib əyləşdi. Bəybala Sədirxanov qarşısındakı stola tərəf əyilib sol əlindəki karandaşı əlində oynada-oynada:

- Camaat nə danışır? Mənim barəmdə nə deyirlər? - soruşdu.

İsaxan İsmiyev cavab verdi:

- Hamı yerdən göyəcən razılıq eliyir. İşçilər danışır ki, hələ nazirliyə bu cür bacarıqlı adam gəlməyib, gəlmiyəcək də. Bayaq sizin yanınızdan çıxan bir əli yox, yaşlı şikayətçinin üstündə müavinləri o cür danlamağınız bütün idarəyə yayılıb.

Köməkçi təmkinli görkəm alaraq:

- Səhərdən axşamacan camaatın içindəyəm, - dedi. -Məndən də heç kəs söz gizlətmir. Deyirlər ki, bu nazir kasıb-kusubun adamıdı. Yetim-yesirin dərdinə qalan­dı. O, bir əli yox kişinin qabağına kim çıxırdı, sizin ba­rə­­nizdə dili ağzına sığmırdı. Elə onun duası sizə bəsdi...

Köməkçinin sözləri naziri palaz kimi açdı. O, xeyli xoşhal oldu. İsaxan İsmiyev fikrini tamamlamamış nazir tələm-tələsik:

- Otur, otur! - deyib onun sözünü ağzında yarımçıq qoydu. İsmiyev susdu. Bəybala Sədirxanov onun əlindəki kadr sənədlərini alıb vərəqləməyə başladı və vərəqləyə-vərəqləyə də köməkçisinə:

- Anya Timofeyevna məndən boşanmaq istəyir, -dedi və gülümsündü. O, diqqətini qarşısındakı qovluqdan ayırmadan:

- Deyirlər ki, yaxşı kişi gərək arvadın sözüynən oturub-durmasın, - dedi. - Amma axmaq sözdü! - Bəybala Bəşiroviç təslim olurmuş kimi çiyinlərini çəkdi. - Etiraf edim ki, mən onu bacarmıram. Bir də ki, nə danışırsan! Anya Timofeyevnanın əmrlərini yerinə yetirməsəm, tükümü didər! Axşam xırda bir sözün üstündə dikdaban ayaqqabısının bir tayını götürüb üstümə bir cumdu ki! Az qala məni birtəhər eləmişdi.

Bəybala Bəşiroviç kadr sənədlərindən diqqətini ayırıb, qəddini düzəltdi və kürəyini əyləşdiyi stulun arxa­sına söykəyərək:

- Oo, vı menya izvenite, bizim Anya Timofeyevnanı bilirsiniz necə sevirəm?! O da məni.

Bəybala Sədirxanov sözünə fasilə verib duruxdu. Və sonra təəssüflə:

- Mən qabaqlar papanı, mamanı, çox istəyirdim. Ancaq onların Anya Timofeyevnadan xoşları gəlmədiyi üçün gözümdən düşüblər. Axı, Anya Timofeyevnanın məndən başqa heç kimi yoxdur. Mən ölsəm, Anya Timofeyevnaya kim baxar? Mama, papa bizə gələndə Anyanın üzü gülmürdü, əsəbiləşirdi. Evdə qalmaqal olurdu. Mən də mamaya, papaya açıq demişəm ki, bizdən uzaq gəzsinlər. Nu çto je mamadı, papadı! Axı mən də insanam! Svobodnı yaşamaq istəyirəm!

Bəybala Sədirxanov:

- Əh, - deyib, əlini stola çırpdı və ayağa qalxıb kabi­netin o başına getdi. Geri dönəndə, - onlar sözləşəndə - əlavə etdi: - Mən həmişə Anya Timofeyevnanın tərəfini sax­layırdım. Papa, mama da məndən ağızlarını əyirlər. Daha bizə tərəf gəlmirdilər. Mama deyirdi ki, mən dö­zə­rəm. Amma papa oçen perejivaet. Mamanı başa sal­dım ki, naprasno! Bəşir kak otsa ya yeqo uvajayu. Jalko on oçen otstal. Anya Timofeyevnadan xoşu gəlmirdi. Anya Timofeyevna oçen sovremennaya dama.

Bəybala Sədirxanov güldü:

- Vı znaete, poçemu? Anya Timofeyevna oçen kulturnaya jenşina. Papanın, mamanın yanında başını qoyur dizimə, üzümü sığallayır, məni öpür. Da! Da! Qocalar­ da bundan obijatsya olurlar. Eh, oçen jalko! Sonra papa öldü! Mama ostalas odna. Onu yanıma gətirdim ki, kak mama bir yerdə qalaq. Ancaq hər gün evdə skandal olurdu. Mama Anya Timofeyevnaya deyirdi ki, radi boqa, evdə it saxlama! Mne ne priyatno. Anya neskolko raz yeyo udarila. Ya ostalsya nevıqodnom polojeniyi. Koroçe, mamanı qovdum. Mama daha bizə gəlmir. Mən hərdən ona baş çəkirəm. Anya Timofeyevna eşidib biləndə ki, mamulyanı görməyə getmişəm, burnunu sallayır. Üzümə yaxşı baxmır. Məni az öpür, evdə qalmaqal olur. Vı znayete, Anya xəstədir, oçen nervnaya. İncikli söz deyəndə hirslənir, əhvalı po­zu­lur. Bir balaca ürəkgetməsi də var. Dəli kimi başını ora-bura çırpır. Skorı pomoşla həkim çağırtdırıram. Ona iynə vurdurandan sonra ayılıb özünə gəlir. Ox, otkra­venna skaju, Anya Timofeyevna moya jizn. Bez neqo ya ne moqu jit.

Bəybala Bəşiroviç:

- Ancaq Anya çox hirslidi, - dedi. - Gərək onu əsəbiləşdirməyəsən. Elə ki, hirsləndi, üzünü görmə. Evdə qab-qacaq qalmır. Əlinə keçəni vurub qırır. Onda heç məni də tanımaq istəmir. Özü də çox itbazdı. Mənə deyir ki, bir itsiz, bir də sizsiz yaşaya bilmərəm.

Sədirxanovun baxışları duruldu:

- İti Moskvadan tapıb gətirmişəm, - dedi. Bəybala Sədirxanov qəddini aşağı əyib əlini döşəmədən bir qarış yuxarı tutaraq:

- Gətirəndə bu boyda idi, - dedi. - Lap bapbalacaydı. Özü də ingilis parodasıdı. Dok çağırırıq! Dok! - O, itin adını ağızdolusu təkrar etdi: - Qapqara da rəngi var. Anya Timofeyevna onu ki, vannaya salıb, sabunla tər­­­təmiz yuyub, qurudub tumar çəkir, onda tükləri qa­ra məxmər kimi parıldayır. İndi bilirsən, nə boyda olub?!

Bəybala Bəşiroviç ayağa qalxıb kəmər yerini göstərdi və:

- İndi sıpa boydadı, - dedi. - Mənnən yanaşı duranda qalstukumun ucu onun belinə toxunur.

Bəybala Sədirxanovun sifəti narazı ifadə aldı və gileylənməyə başladı:

- Ancaq mamulyanın itdən xoşu gəlmir, - dedi, - iyrənir. Bunun üstündə də anamla Anya Timofeyevna gündə-günaşırı mübahisə edib dalaşırdılar. Anya neçə dəfə milis idarəsinə zəng vurub, mamulyadan şikayət eliyib. İş o yerə çatdı ki, ya iti rədd eləməliydim, ya da ki, mamulya evdən getməli idi. Anya Timofeyevnaya yazığım gəldi. Axı, o itsiz yaşaya bilməz!

Sədirxanov:

- Məcbur olub anam üçün Əhmədlidə birotaqlı ev tapdım, - dedi. Mamulya orda qulağı dinc dolanır.. Bəx­tindən qonşuları da yaxşı çıxıb. Ondan muğayat olur­lar. Mən də Anyadan xəlvət hərdən şoferimlə ona ba­zar­lıq göndərirəm. Xəstələnəndə həkim də çağı­rı­ram. İndi mamulyanın kefi kökdü. Anya Timofeyevna çox tərsdi. Anamı görmək belə istəmir. Mən isə ohoo... Nə danışırsan! Mamulyanı atmaram. İşim az olanda, azı ayda bir-iki dəfə baş çəkirəm. Özü də çoxunu Anya Timo­feyevnaya bildirmirəm. Çünki Anyanın ma­mul­­yadan zəhləsi gedir. Mən də bu barədə ona bir söz de­mirəm. Axı Anya Timofeyevna məndən inciyər.

Bəybala Bəşiroviç sevinc hissilə:

- İsaxan Süleymanoviç, Anya Timofeyevna bilirsiniz necə qadındı!? - dedi. - Doka bir qulluq göstərir ki, gəl görəsən. Gündə üç dəfə xüsusi yemək hazırlayır. Vanna otağında tərtəmiz çimizdirir. Vaxtlı-vaxtında gəzintiyə çıxardır. Tez-tez də həkimə göstərir.

Bəybala Sədirxanov köməkçisinə baxıb:

- Dok çox sədaqətlidir. İçəri bir nəfər yad adam buraxmır. Axşam da düz Anyanın çarpayısının yanında yatır. Anya onsuz dura bilmir. Amma mən on gün evə gəlməsəm, Anya Timofeyevnanın vecinə deyil. Doku isə bircə gün görməyəndə...

Bəybala Bəşiroviç Dok haqqında söhbətini bitirib rəsmi görkəm aldı və üzünü köməkçisinə tutub çeçələ barmağı ilə son vaxtlar qaşının üstündə əmələ gələn sızağı qurdalaya-qurdalaya:

- Anya Timofeyevnanın yaxın bir padruqası var, - dedi. - Bizə də tez-tez gəlir. Özü də yaxşı dərzidir, An­ya­nın bütün paltarlarını o tikir. Əlləri qızıldır. Həmin dər­zinin qardaşı oğlu rayonda işləyir. Gərək ki, ispalkomun yol şöbəsində. Anya dirənib ki, onu nazirliyə gətir. Bir yaxşı da iş ver.

Nazir yenə diqqətini əlindəki kadr sənədlərinin üzərində cəmləşdirdi və qələminin ucunu siyahının üzərində gəzdirib ortada dayandı:

- Onu bu ixtiraçılar və səmərələşdiricilər bürosuna gətirsək, necə olar? - soruşdu.

- Çox yaxşı, çox yaxşı! - İsaxan İsmiyev cavab verdi. Nazir:

- Hə, düzgün tapmışam, - dedi və köməkçisindən soruşdu:

- İxtiraçılar və səmərələşdiricilər bürosunun sədrini dərindən tanıyırsan?

- Bəli.

- Bizim tərəflərdən deyil ki?

- Yox, Kürdüstan tərəfdəndi...

Nazir sifətini turşutdu və:

- İdi k çortu! Sabah, ya da birisi gün çağır yanına ərizəsini al. Anya Timofeyevnanın padruqası, anam-bacım olsun, yaxşı qadındır. Onun qardaşı oğlunu da onun yerinə hazırla. Anya Timofeyevnanın xahişi bir tərəfdə qalsın, həm də necə olsa, bizim tərəfin adamıdı. Pisimizi deməz. İxtiraçılar və səmərələşdiricilər bürosu da elə yerdi ki, orda öz adamımız olsa, yaxşıdı. Kürdüstan tərəfin adamı bizə əl verməz.

İsaxan İsmiyev:

- Çox ağıllı fikirdir, - deyib ayağa qalxdı və qapıya tərəf yönələndə, nazir:

- Dayan, dayan! - deyib onu bir də geri qaytardı və əlavə etdi:

- Əyləş, əyləş. Bir məsələ yadımdan çıxdı.

Nazir fikirli-fikirli alnındakı sızağı qurdalayaraq:

- Bizdə huş-zad qalmayıb ki, - dedi. - Hə, yaxşı yadıma düşdü, da, da!

Bəybala Sədirxanov xəyallandı. O, əlini üzünə qoyub, sallaq qaşlarını bir az da aşağı endirərək:

- O vaxt, mərdimazarlar məni sex müdirliyində do­laş­­dırıb çıxartdılar. Güc-bəla ilə bu nazirlikdə xırda bir işə düzəldim. Onu da mənə çox gördülər. Başladılar sı­xış­dırmağa. Məni gözümçıxdıya saldılar. Gündə-gü­na­şırı dartdılar prokurorluğa ki, sexdə işləyəndə zibil qay­nat­­mısan, gəl cavab ver. Baxdım ki, yoox, işim şuluqdu...

Hii... hii... - Bəybala öz-özünə gülərək:

- Koroğlu belə yerdə nə deyib?! Hi... hi... İgidlik ondusa, onun doqquzu qaçıb qurtarmaqdı. Həə! Çalışıb birtəhər aradan çıxdım.

Bəybala Sədirxanov köməkçisinə:

- Bilirsən İsaxan, necə olsa, sən özümünküsən, - de­di. - Biz bir-birimizin ətini yesək də, sümüyünü atmarıq. Ona görə sənə etibar eliyib ürəyimi açıram. Sənnən hər sözü açıq-saçıq danışıram. Moskvada bizim bu Anya Timofeyevnanın qohumları, bir də ki, Cavanşir adlı canlara dəyən bir oğlan məni spasat elədilər. Həmin o Cavanşirin əsli bizim rayondandı. Amma çoxdan Moskvada yaşayır. Özü də xaricdə, ticarət attaşesində işləyir. Onda Cavanşirin mənə böyük köməyi dəyib. Onun vasitəsilə mütəxəssis kimi xaricə işləməyə getdim.

Bəybala Sədirxanov fikrə getdi:

- Daa, - dedi, - o Cavanşir çox qoçaq oğlandı. Təy­ya­rə qəzasına düşüb həlak oldu. Cavanşirin Teymur ad­lı bir xalası oğlu var. Teymur elə onda da zapravşik işləyirdi, indi də. Özü də çox əliaçıq adamdı. Pula da, pul demir. Dəyirmanın boğazından sal, ayağından sağ-sa­la­mat çıxasıdı. Ona ölüm yoxdu. Teymurun hesabına Cavanşirlə Moskva restoranlarında o qədər kefə baxmışıq ki.

Bəybala Bəşiroviç köməkçisinə:

- Əlbəttə, bu söhbət öz aramızda qalmalıdır, - dedi. - Səni özümə məhrəm bilib deyirəm. Teymur axşam gəlmişdi bizə, hardasa beş-on da turac-qırqovul vurdurub gətirmişdi. Elə indi də zapravşik işləyir. Vaxtilə atama da çox köməyi dəyib.

Bəybala Sədirxanov gözlərini qıyıb ani fikrə daldı və sonra həlim bir səslə köməkçidən soruşdu:

- Bizim bu beş nömrəli kombinatda neçə nəfər adam işləyir?

- Fəhləli, qulluqçulu iki min nəfər olar, - İsaxan Süleymanoviç cavab verdi.

Nazirin rəngi duruldu və köməkçisinə:

- Avtoritetni komissiya təşkil edib beş nömrəli kombinatda istehsal mədəniyyətini, məhsulun keyfiyyətini dərindən yoxlatdırıb, kollegiyada da müzakirə edib, direktorunun mitilini bayıra atmaq lazımdır - dedi. Sonra da bizim o Teymuru çağır, sənədlərini yavaş-yavaş hazırlasın. Diribaş adamdır! İxtisası olmasa da, fərasəti var! Direktorluq elə əsl onun boynuna biçilib. Bir də ki, yaxşı-pis necə olsa, bizim tərəfin adamıdı. Yadın yaxşısından, qohumun pisi...

İsaxan İsmiyev nazirin dediklərini sidq ürəkdən təsdiqlədi və başının ortasındakı tükləri bir yerə yığıb, sı­ğal­laya-sığallaya qoltuğunda da kadr sənədləri kabi­netdən çıxdı...

* * *

Bəybala Sədirxanovun nazir işlədiyi bir il olmazdı, idarəyə dığdığa düşmüşdü. Hansı kabinetə girirdin, Bəybala Sədirxanovla İsaxan İsmiyevdən danışırdılar. Gözdən şikəst olan makinaçı ilə dolu bədənli katibə bir balaca bekarlayan kimi başlayırdılar idarədə olub-ke­çən­ləri vərəqləyib xırdalamağa. Makinaçı müsahibinə:

- Aaz Zəkiyyə, vallah qeybet deyil e, söhbətdir. Bu təzə nazir illaf ağ eləyib. Bilmirəm bunun axırı nə ola­cek? Görmürsən, nazirin kadr üzrə müaviniynən, bu işə baxan şöbə müdiri yalan olublar, İsmiyev doğru. Hamı bilir ki, bu dağılmışda kadr üzrə müavinlə, şöbə müdiri elə yaraşıq üçün oturublar. Nə ölüyə hay verirlər, nə də diriyə pay. Allah kəssin, heylə işləməyi! Nazir gələn gündən ixtiyarlarını əlindən alıb qoyub orda. Elə quruca kağıza qol çəkmələri qalıb. Ağ Vəzir qabaqlarına nə sənəd qoyur, kadr işinə baxanlar da utanmaz-utanmaz ağına-bozuna baxmadan gözlərini yumub altından qolluyurlar. İxtiyarları nədi ki, qollamasınlar! Aaz, qolluyanda birinin qeyrəti çatmır ki, soruşa, balam, çıxan kimdi, onun yerinə qoyulan kim?! Allah kəssin o cür çörəyi ki, onlar yeyir.

Zəkiyyə balaca və dəyirmi güzgüyə baxıb əl boyda daraqla ağarmış saçlarını geri daradı və:

- Ee, ay Zəridə, sən də nəyi qoyub, nəyi axtarırsan! Vallah-billah bu dünya düzələn deyil, - dedi. - Aaz, maa gülmə, indiki adamların işi Allaha qalıb. Hansı ki, təzə-təzə ata minir, düzlükdən, təmizlikdən, halallıqdan dəm vurur! Üstündən bircə ay keçməmiş dönüb olurlar ac qurd!

Zəridə bir gözünü qırpa-qırpa Zəkiyyənin sözünü kəsib:

- Aaz, bəsdi, sən Allah, bəsdi! - dedi. - Danışıb dərdimizi təzələmə. Heç öz dərdimi çəkə bilmirəm. Qadam onların hamısının ürəyinə. Hamısı da bir bezin qırağıdı. Vəzifə verəndə elə bil ağlını-kamalını, ədəb-ər­kanını əllərindən alırlar. Allahın quruca salamını da verməyə can çəkirlər. Elə ki, yuxarıdan sürüşüb düş­dülər aşağı, yumşalıb olurlar ipək kələfi.

Katibə ürəkdən güldü və güləndə onun ətli bədəni titrədi:

- Aaz, Zəridə, - dedi, - yəqin yuxarı qalxdıqca orda ədəb-ərkan, adamlıq azalıb, kasada çıxır. Elə xətir-hörmət, abır-ismət aşağıdakılardadır.

Onların hər ikisi ürəkdən qəşş etdi. Katibə xısın-xısın:

- Zəridə, bir söz deyim, amma sən o madar qardaşının canı, bax burda qalsın. Hamı danışır ki, bütün ixtiyarat o ağ Vəzir deyirsən, nə deyirsən e, İsaxan İsmiyev, onun əlindədi. Kimi irəli çəkib, vəzifə başına dikəltmək, kimin döşündən o tərəfə itələmək lazımdı, hamısının arğacı İsmiyevdən keçir. Nazir yağlı əlini beş yaxın adamının başına çəkmək istəyəndə, ağ Vəzir də özünün iki qotur qohumunu onun gözünə qatır. Bu işlərin də hamısını göydə bir Allah, yerdə də nazirlə onun ağ Vəziri bilir.

Makinaçı:

- Yavaş danış, bacı, yavaş danış, - dedi. - Bunları bircə adam ağzına alıb orda-burda danışsa, qan düşər. O saat şipyonlar üstünə də beşini artırıb ya nazirin, ya da ki, onun vəzirinin ovcuna qoyurlar. Allah göstərməsin, on­lar da o saat həvirləşib, onların barəsində deyib danı­şanın əhədini kəsirlər.

Katibə:

- Düzdü, bacı, düzdü! - dedi. - Gözümüzün qabağında neçəsi heylə bədbəxt olub.

Makinaçı qaşlarını çatıb gözünü qıyaraq:

- Tələsmə Zəkiyyə, - dedi. - Heylələrinin axır aqi­bə­tini çox görmüşük. Allah ölənlərinə rəhmət eləsin. Rəh­mət­lik qoca nənəm belə-belə şeyləri eşidib-görən­də de­yir­di ki, a bala, darıxmayın. Aşağıda yıxan varsa, yu­xarı­dan da baxan var. Bu nazirnən onun vəziri ki, belə başlayıblar çox getməz. Allah kərimdi. Kərəmin qu­yusu da çox dərindi. Ora düşən hələ çıxmayıb. Bir də ki, çalış yuxarıdan ipin üzülməsin. O cür cızığından çı­xıb Allahına bəndəlik eləmək istəməyən nazirlərin, vəzirlərin əvvəlini də, axır-aqibətini də çox görmüşük.

İsaxan İsmiyevin hənirtisi gələndə elə bil qurbağa gölünə daş atdılar. Katibə ilə makinaçı kiriyib qınlarına çəkildilər. Zəkiyyə tez əlinə qələm alıb qarşısındakı kağız-kuğuzu yazıb-pozmağa başladı. Zəridə makinasını çaq-çuqla işə saldı. Ağ Vəzir şübhələnməsin deyə, onların hər ikisi başlarını aşağı salıb, dinməz-söyləməz öz işləri ilə məşğul olmağa başladılar.

İsaxan İsmiyev katibə və makinaçının əyləşdiyi otaqdan dörd qapı o tərəfdə olan kabinetin qabağından keçəndə onun qulağı nə isə çaldı. İsaxan İsmiyev o dəqiqə devikib ayaq saxladı və başının ortasını yana sallanan uzun saçları ilə örtə-örtə qulağını şəklədi. İçəridən plan şöbəsinin müdiri Nəbi Cabbaroviçin hənirtisi gəlirdi. Hiss olunurdu ki, kiminləsə telefonla danışır. Özü də gur və əsəbi bir səslə. Nəbi Cabbaroviçi hamı abırlı, ismətli adam kimi tanıyır. Nazirlikdə işlədiyi bu iyirmi il müddətində heç kəsə güldən ağır söz deməyib. Kiçikdən böyüyəcən bütün işçilər onun hörmətini saxlayır. Elmlər namizədi, kollegiya üzvü olmasına baxmayaraq, özünü hamıdan aşağı tutur, sadə aparır. İşini də bilən adamdı. Lakin dünən onun özündən iki yaş kiçik olan qardaşı Bəybalanın hərəkəti Nəbi Cabbaroviçə bərk əsər eləmişdi. Kişi dünəndən bəri özünə gələ bilmirdi. Kabinetinə girib-çıxanlar təəccüblə bir-birinə deyirdi:

- Nəbi Cabbaroviçdən çıxmayan iş, həmişə adamı gülərüzlə qarşılayır. Bu gün ona nə olubsa, qaşqabağı yernən gedir. Adamın salamını da almaq istəmir. Nəbi Cabbaroviç ürəyini hər adama açan deyil. Xoşagəlməz bir hadisə ilə üzləşəndə, onu içinə salıb ürəyində çəkir. Özündən iki yaş kiçik qardaşı Bəybalanın xoşagəlməz hərəkətləri son vaxtlar onu lap üzüb əldən salmışdı. Bəybala gündə, günaşırı bir litr gillədib, sonra da düşür arvad-uşağın canına. Gündə bir pəstəha çıxardır. İndi də keflənib döşəməsilən ağacla arvadını nə yemisən turşulu aş! Necə vurubsa, iki qabırğası sınıb. Mitilinə o qədər çırpıb ki, bir gün özünə gələ bilməyib. Arvadın da qohum-əqrəbası sürüynən tökülüb Bəybalanın üstünə. O ki var əzişdiriblər. Ona görə də iş düşüb milis idarəsinə. Məsələ yoğunlayıb. Nəbi Cabbaroviçin anası telefonla ona zəng vurub, yalvar-yaxar eləyib ki, ay oğul, pis, yaxşı necə olsa, qardaşındı. Arvad eldəndi, oğul beldən. Qardaşın yerin verən olmaz. Bəybala da sənin ata bir, ana bir doğma qardaşındı. Əlac nədi, atmalı deyil, satmalı deyil. Telefonu götür, o milisə bir dil bula. Qoy Bəy­balanın işini bir yönə qoysun. Noolsun arvada bir şapalaq vurub. Kişi arvadı sevər də, söyər də. Onnan ötrü gədəni diri-diri tutub salsınlar dama?!...

Nəbi Cabbaroviç anasıynan danışa-danışa içəridən qovrulur və qardaşının qarasına dişinin dibindən qopanı deyirdi:

- Mən o vaxt demişəm, indi yenə də deyirəm və de­yə­cəyəm də - Bəybaladan adam olmayacaq. Çünki onun boynu qoltuq görmüyübdü. Ana, incimə, incisən də deyəcəyəm. Elə bunun bir günahı da səndədi! O vaxt ipini buraxıb, ərköyün böyütmüsən, indi də nə sən qa­bağın ala bilirsən, nə də ki mən! İndiyə kimi neçə yerdə işləyib, elə o cür xasiyyətin üstündə başı daşa dəyib! Ai­lədə hörmət qazana bilməyən adamın, kollektivdə də hörməti ola bilməz. Onun adı gələndə başım ağrıyır...

İsaxan İsmiyev guya Nəbi Cabbaroviçin əyləşdiyi kabinetin qapısına yaxın vitrindəki qəzetləri oxuyurmuş kimi gözlərini divara zilləyib, içəridəki danışığa diqqətlə qulaq asırdı: "Bəybaladan kişi çıxmayıb, çıxmayacaq da..."

Bu kəlmə elə bil İsaxan İsmiyev üçün göydəndüşmə oldu. O, iş vaxtının axırına yaxın qoltuğuna da bir qovluq vurub, sol əli ilə seyrək tüklərini başının ortasına yığa-yığa özünü saldı nazirin kabinetinə...

Ağ Vəzir sözü təhərində deməyin ustasıydı. O, əvvəlcə söhbəti ordan-burdan gətirdi. Sonra yağlı dilini işə salıb ustalıqla idarə işçilərinin onun barəsində dediyi xoş sözləri nazirə çatdırdı:

- Bufetin qabağında danışırdılar ki, indiyə kimi nazirliyə belə uzaqgörən adam gəlməyib, gəlməyəcək də, - dedi. - Tay, əvvəlki kimi başlı-başınalıq deyil. Hə­rə öz bildiyi kimi hərəkət eləmir. Hamının əl-ayağını yığıb bir yerə. Çox ciddi adamdı. Müavinlər ondan tük salır. Yuxarılarda da böyük hörməti var, hamı başına and içir. Bir sözü iki deyil...

İsaxan İsmiyev nazir barəsində bu cür xoş söz-söhbətlərin getdiyini ona çatdırdıqca Bəybala Sədirxanov stulunda o tərəf-bu tərəfə yırğalanır, gərnəşir, tez əlinə qələm alıb stolun üstünə əyilir və nə isə tələm-tələsik yazırdı. O qəddini düzəldib İsaxan İsmiyevə amiranə bir nəzər saldı:

- Daa, daa! Belə də olmalıdı, - dedi və soruşdu:

- Sonra? Sonra? Daha nə deyirlər?! İsaxan İsmiyev əlini dərin qırışlar düşmüş sifətində gəzdirərək qayğılı görkəm aldı:

- Sonrası da odur ki, - dedi, - nazirliyi bu zir-zibillərdən hələ tam təmizləyə bilməmişik. Özün neçə dəfə şahidi olmusan ki, kollegiya iclaslarında Nəbi Cab­ba­ro­viç həmişə sola dartır. Əlbəttə, başqa cür də ola bilməz. Hamı bilir ki, o sizi istiyən adam deyil. Əlbəttə, istiyə də bilməz. Bu mümkün də deyil. Elə məsələlər vardır ki, onu açıb-ağardıb qanınızı qaraltmaq istəmirəm. Fi­ki­r­ləşirəm ki, Nəbi Cabbaroviçdi də pis, yaxşı, birtəhər yola verək getsin. Özü də çox ətiacı adamdı. Eləsini gə­rək qurdalayıb üstümüzə qaldırmayaq. Onsuz son vaxtlar da ayağımızdan çəkən çoxdur.

İsaxan İsmiyev dediklərinə düzəliş verərək:

- Bir şey var ki, onun qabağından qaçanda ayağı yer alır. Eləsinin gərək, yeri gəldikcə ağzının üstündən vurasan.

Köməkçi nəyi isə deməyə çətinlik çəkirmiş kimi duruxub sonra təəssüflə başını buladı:

- Bəybala Bəşiroviç, sizə demək istəmirdim, ancaq görürəm yox, bıçaq sümüyə dirənib. Daha gizlədə bilmərəm. Bayaq onun ağzından elə sözlər eşitdim! Elə sözlər eşitdim! Düzü deməyə dilim gəlmir! Onun tük üzü içəri olduğunu çoxdan bilirdim, amma tay bu dərəcədə yox. Mənə kənardan desəydilər, dünyasında inanmazdım. Özcə qulağımla eşitdim. Onun dediklərini eşidəndən bəri özümə gələ bilmirəm. Elə qələtlər eliyir ki, başından on dəfə yekə.

Bəybala Bəşiroviçin qalın və uzun qaşları aşağı dartıldı, nazik dodaqları bir-birinə sıxıldı:

- Nu, nu skaji, skaji! Ox! Podles! - deyib qəzəblə əllərini ovuşdurdu.

İsaxan İsmiyev hiyləgərcəsinə gülümsündü: - Əşşi, deməli sözdü ki, deyəsən. Səsi bütün kabineti başına almışdı. Bircə mən deyildim ki, hamı onun dediklərinə qulaq asırdı. Qəsdən qışqıra-qışqıra danışırdı ki, hamı eşitsin. "Mən demişəm! Deyəcəyəəm! Bəybaladan kişi çıxmayıb! Çıxmayacaq! Onun şəxsiyyətinə  tüpürüm..." İsaxan İsmiyev dayandı  və ciddi görkəm alaraq:

- Bir istədim qapını açam, deyəm: Nəbi Cabbaroviç, adamın qanacağı olar, Bəybala nədi?! Nəzakətin olsun! Heç olmasa, Bəybala Sədirxanov, Bəybala Bəşiroviç de! Nə Bəybala! Bəybala, salmısan. Bəybala Bəşiroviç sənin uşağındı, nədi onu adı ilə çağırırsan.

Bu gözlənilməz xəbər elə bil iti xəncər olub, sancıldı Bəybala Bəşiroviçin ürəyinin başına. O, çılğın bir qəzəblə:

- Vot bessovestnıy! Neqodyay! Kimnən danışırdı! - soruşdu.

İsaxan İsmiyev tərəddüdlə ağzını büzdü və:

- Kimliyini bilmədim, ancaq sözlərindən belə başa düşdüm ki, Nəbi Cabbaroviçlə danışan böyüklərdəndi, yuxarılardandı - deyə cavab verdi.

İsaxan İsmiyev duruxa-duruxa əlavə etdi:

- Mənə belə gəlir ki, Nəbi Cabbaroviçin, mötəbər dairələrdən beli bağlı olmasa, sizin ünvanınıza o cür açıq-saçıq təhqiramiz sözlər işlədə bilməz. Deyəsən, Mərkəzi Komitədən kiminləsə danışırdı. Yəqin katiblərdən, şöbə müdirlərindən biri olar dəə...

İsaxan İsmiyev kinayə ilə:

- Bəlkə Nəbi Cabbaroviçin könlündən nazir olmaq keçir, - dedi.

Hirs vurdu Bəybala Bəşiroviçin təpəsinə. O, əyləşdiyi stuldan dik qalxıb baş barmağını o biri barmaqlarının arasından çıxararaq şıltaqcasına:

- Bu de, görər! - deyib təntik bir hərəkətlə kabinetdə o baş-bu başa var-gəl elədi. Sonra pəncərənin qaba­ğına keçib Xəzərdə sakit-sakit mürgü vuran gəmilərə ötəri nəzər saldı. Yenə də qayıdıb stolunun arxasına keçdi və görkəminə ciddi ifadə verdi:

- Bizdə onsuz da planlaşdırma işi biabırçı vəziyyətdədir, - dedi. -Mənim adımdan yoldaşlarla danış! Yox­lat­dırıb, o Nəbi Cabbaroviçdi, nə zibildi! Növbəti kolle­giya iclasında müzakirə edib sonra da... Qoy yuxarıdakılar onu müdafiə eləsin!! Bildin?!

- Bəli, bildim! - deyib köməkçi ayağa qalxdı. Bəybala Sədirxanov:

- Hə, hə! Yaxşı yadıma düşdü! Yaxşı yadıma düşdü,- dedi, - Otur, otur!

İsaxan İsmiyev təzədən əyləşdi. Bəybala Sədirxanov ona müəmmalı bir nəzər salaraq:

- Bizim o Vazgen Xaçaturoviç çoxdan məndən bir xahiş eliyib, - dedi və əlavə etdi: - Böyük bacımın ərini deyirəm də! Vazgen Qalustyanı. Onun xalası oğlu Suren iki nömrəli kombinatda növbə rəisi işləyir. Bacımla Vazgen neçə dəfə ondan ötrü evə gəliblər. Əmim də ki, gündə dəngimi tökür. Deyir, Suren kimdən əskikdi, çək gətir, yanında yaxşı bir iş ver, qoy işləsin.

Bəybala Bəşiroviç köməkçisinə:

- Bir yerdə qeyd elə, təcili o Sureni də aformit elə Nəbi Cabbaroviçin yerinə. Surenin mənnən qohumluğu heç kəsin ağlına gəlməz. Sən də çalış heç yerdə ağzından çıxartma. Maraqlanıb, soruşan olsa, de ki, Suren Arutyunyanı yuxarıdan məsləhət görüblər.

İsaxan İsmiyevin əhdi yerini alıbmış kimi gözləri işıqlandı və:

- Vazgen Xaçaturoviçlə bir yerdə çox durub-oturmuşuq, - dedi. Sizin bacınızın əri olduğuna görə demi­rəm. Haracan desən, mərifətli adamdı. Suren Arut­yun­yanı da mənə çox tərifləyiblər. O da canlara dəyən oğ­lan­dı. Plan şöbəsi elə əsl onun yeridir. Bu elə yerinə düş­du. Qoy nazirlikdə bizi istəyib, sözümüzü deyənlərin biri də artıq olsun.

Nazir köməkçinin fikrini bəyəndi:

- Malades! Soverşenno verno! Tı prosto geniy, - dedi və fikrə getdi. Sonra qaşlarını çatıb çənəsini irəli uzadıb, nəzər-diqqətini İsaxan İsmiyevin dərisi sallanan sifətində cəmləşdirdi:

- O, çoxtirajlı qəzetin redaktoru barədə də bir şey fikirləşmək lazımdır, - dedi. - Düzdü e, pis redaktor deyil, prinsipial adamdır. Ancaq özümüzünkü olsa, yaxşıdı. İndikinə nə etibar var?! Sabah arşınımız əyilsə, ayağımızdan çəkənin biri də elə o olacaq. Yada bel bağlamaq çətindir. Bir az da dəqiq desək, ağılsızlıqdır.

İsaxan İsmiyev nazirin fikrini təsdiq etdi və:

- Bəybala Bəşiroviç, üzünüzə demək olmasın, mejdu proçim çox tədbirli, uzaqgörən adamsınız, - deyib, onun fikirlərini təqdir etdi.

Bəybala Sədirxanov köməkçisinin sözlərindən vəcdə gələrək:

- İsaxan! Biz indi ayrı aləmdə yaşayırıq! Mənim bir dostum var. Uzun müddətdi raykom katibi işləyir. Özü də elmlər namizədidir. Boydan da bir az balaca. Nə qə­dər yerin üstündədisə, bir o qədər də altındadı. Gülən­də də qarnında gülür. Hərdən mənə deyir ki, indiki za­man­da raykom katibi gərək artist olsun, gündə yüz sifə­tə düşsün. O dostumun sözü olmasın, deyərdim ki, tək­cə raykom katibi yox, elə nazir də gərək artist kimi hə­rə­kət eləsin. Doğrudan da, bu zaman elədir ki, gərək artist olasan, artist! Başa düşdün!? Əks təqdirdə baş girləmək çətindir.

Köməkçi:

- Tamamilə doğru deyirsiniz, Bəybala Bəşiroviç, - dedi, - Sizi başa düşürəm.

Nazirlə köməkçinin bədənləri yırğalandı və hər ikisi ürəkdən qəşş etdi.

* * *

...Nazir neçə dəfə işçilərə növbəti tapşırıq verib, özü də rayonlara çıxıb, yerlərdə sənaye müəssisələrinə baş çəkəcəyini bəyan eləmişdi. Lakin hər dəqiqənin bir hök­mü var və gündə ortalığa yüz qəmbərqulu çıxırdı. Ona görə də hər dəfə onun yerlərə çıxması təxirə düşür­dü. Buna görə də nazir öz-özünü danlayıb-dansayır və üstəlik də yerlərə zəng vurur, onun yolunu gözləyənlərə dönə-dönə üzrxahlığını bildirirdi. Nəhayət, nazir həftənin beşinci günü birtəhər girəvə tapıb kabinetinə ayaqüstü baş çəkdi, şöbələrə bəzi-bəzi tapşırıqlar verib yola düzəldi.

Bəybala Sədirxanov "Volqa" maşınının qabaq kabi­nə­sində oturub, əlində də açıq-şabalıdı rəngli və iri dənə­ləri olan təsbeh çevirirdi. Özüynən bir İsaxan İsmi­yevi, bir də plan şöbəsinin təzə rəisi Suren Arutyunyanı götürmüşdü. Köməkçi ilə, təzə şöbə müdiri arxa tərəfdə dinməz-söyləməz oturub hərdənbir nazirin sorğu-sualına cavab verirdilər. Nazir yol boyu sürücünü hey danlayıb-dansayırdı. Ona imkan vermirdi ki, maşını öz bildiyi kimi sürsün. "Qabaqdan maşın gəlir - sağa, çıx!", "Ötmə qaydasını pozma!", "Burda yavaş get!", "Hə indi dabanın qaldır!.." Sürücü lap çaşbaş qalmışdı. Nazir də tez-tez hövsələdən çıxıb geri qanrılır və İsaxan İsmiyevi ağızucu məzəmmət eləyirdi:

- Bütün bunların günahı səndədir, - deyirdi. -Qabaq­kı şofer ağıllı-başlı maşın sürürdü. O qədər dedin-dedin, onu rədd elə getsin, söz aparıb-gətirir. Axırda gözüm­dən saldın. Mən də qovdum. Bu da sənin sirr saxlayan, eti­barlı əmin nəvəsi. Tərifini göylərə qaldırmışdın. De­yir­din ağzıynan quş tutur! Buyur, bu da onun maşın sürməyi. Çox əfəl şoferdir. Sükanı düz-əməlli də tuta bilmir. Qabaqdan maşın gələndə əli titrəyir.

İsaxan İsmiyev nazirin qılığına girib onu sakitləşdirməyə çalışaraq:

- Bəybala Bəşiroviç, nə danışırsınız, - dedi. - Vallah, billah elə deyil. Bu yaxşı bir kişinin oğludur. İntəhası əlinə sürücülük vəsiqəsi alan gündən traktorda, buldozerdə, bir də ki, ağır yüklü maşınlarda işləyib. Ona görə də "Volqa"ya hələ əli düz-əməlli yatmayıb. Təzədi, qoy bir əli rula alışsın, onda görərsən. Vicdan haqqı yaxşı şoferdir, qoy bir az işləsin, özünüz görəcəksiniz...

Bəybala Sədirxanov bu barədə köməkçisilə razılaşmır və yol boyu hey deyinirdi:

- Ət yeyən quş elə dimdiyindən bilinər. Bu şoferdən ağlım bir şey kəsmir. Zalım oğlu elə bil keydir. Əşşi maşını təmiz saxlamağa nə söz?!

Nazir sürücünün barəsində deyindikcə İsaxan İsmiyev dilxor olur, lakin özünü onda qoymurdu. Ortalığa yerli-yersiz suallar atıb nazirin diqqətini sürücüdən yayındırmağa çalışırdı. Plan şöbəsinin təzə rəisi Suren Arutyunyan isə bu söz-söhbətdən kənarda durmuşdu. İstər nazirin, istərsə də, köməkçinin sözünə nə "hə" deyirdi, nə də ki, "yox". Sürücü ilə əlaqədar mübahisənin ona qətiyyən dəxli yoxmuş kimi lal-dinməz oturub, hərdən sola burulub maşının pəncərə­sin­dən yol boyu cərgələnən ağacları, çöl-bayırı seyr edirdi. Sürücü isə sükandan bərk-bərk yapışıb sağa-sola baxmadan maşının sürətini gah azaldır, gah artırır və nazirin tənəli sözlərini bəzən qulaqardına verir, bəzən də rəngdən-rəngə düşürdü.

Vaxtilə Bəybala Sədirxanovun sex müdiri işlədiyi və həmin vəzifəni də yarıtmadığına görə papağını qoyub qaçdığı rayonun ərazisinə daxil olanda nazir xəyallandı və bir qədər də mütəəssir kimi oldu. Sürücünün necə maşın sürməsi də yadından çıxdı. İrəlidə yol haçalandı. Sağa dönüb sonradan salınmış çinar meşəsinin arasından keçəndə maşının ağzı enişə düşdü. Dərədən qal­xan­da irəlidəki otuz-qırx evli kənddən, sakit-sakit on­la­ra tərəf irəliləyən insan axını ilə rastlaşdılar. Bu axının arxasınca müxtəlif markalı yük və minik maşınları irəliləyirdi. Qabaqdakı dörd nəfərin çiynində, üstündə qara kəlağayı çəkilmiş cənazə görünürdü. Başı əmma­məli, uzun qara çuxalı mollalar əllərində Quran, xorla Yasin oxuyurdular. Hamısı ağlayıb yorulmuşdu. Or­dan-burdan tək-tük yanıqlı ağı səsləri eşidilirdi. Məlum mə­sələ idi ki, kənddə ölü düşüb və onu yaxınlıqdakı qəbiristanlıqda dəfn eləməyə aparırdılar. Nazir də vaxtilə elə bu yaxınlıqdakı kənddən bir qədər aralıda istehsal sexində müdir işləmişdi. Ancaq bu axının içərisində onun gözünə tanış adam dəymirdi. Nazir də heç bu ar­zuda deyildi ki, onu burada tanıyan olsun. O, sürücüyə:

- Maşını sola çıxart, - dedi və irəlidə - dibindən su arxı keçən söyüd ağacının kölgəsini göstərdi.

Matəm dəstəsi ağır-ağır irəliləyib onlardan sovuşdu. Kəndin girəcəyindəki misgin daxmanın qabağında­kı peyin təpəsinin üstündə bir it şöngüyüb gah zin­gil­də­yir, gah da burnunu dik tutub ulayırdı. Bir nəfər gözü nəmli ahıl qadın nəfəsini çiyinlərindən ala-ala matəm dəstəsindən təklənib yanını basa-basa dibindən göz yaşı kimi duru su axan söyüd ağacının kölgəsinə tərəf yönəldi. Qarı qara yaylığını çiynindən geri aşırıb on iki taxtalıq tumanının ətəyini sol əlində dəstələyib qəddini aşağı əydi və üzünə bir-iki ovuc su vurdu. Ətrafdakılara məhəl qoymadan sakitcə ayağa qalxıb yönünü qibləyə tutdu, dodaqaltı pıçıldadı. Allaha dua eliyirdi. Hiss olu­nur­du ki, qarı yorulub, dəstə ilə ayaqlaşa bilmir. O, ma­təm dəstəsinə tərəf hüznlü nəzər saldı. Cənazə xeyli ara­laşmışdı. İrəlidə avazla yasin oxuyan mollanın səsi güc­lə eşidilirdi. Qarı aralıda oturub əlini başına qoymuşdu və dincini alırdı. Bəybala Bədirxanov dolaylanıb qarıya tərəf səmtidi. Əsabələri də onun ardınca. Nazir ehtiramla qarıya salam verdi və əlavə etdi:

- Görürəm,  ölünüz  düşüb,  Allah  rəhmət  eləsin, - dedi.

- Sağ olun, Allah-taala sizin də dünyadan gedənlərinizə qəni-qəni rəhmət eləsin.

Nazir yenə soruşdu:

- Bu ki, ölü getdi, sizə qohum oldu? Necə qohum oldu?

Nazir öz dilində əməlli danışa bilmədiyi üçün qarı onu yaxşı başa düşmədi. Və başa düşmədiyinə görə də cavab vermədi, duruxdu. Nazirin sualını dürüstləşdirib, qarıya başa salmaq üçün köməkçi irəli yeridi:

- Ana, yoldaş Sədirxanov soruşur ki, bu rəhmətə gedən nəyinizdir? Qohumunuzdur?!

Qarı kədərli ah çəkərək kal və boğuq səslə:

- Yox, - dedi. - Qohum deyil, çəpər bir qonşuyuq. Nazirlə köməkçisi, hər ikisi bir ağızdan:

- Allah rəhmət eləsin!

- Sizinkilərə də Allah rəhmət eləsin.

Bəybala Sədirxanov sinəsindən sallanan uzun, enli və tünd qırmızı rəngli qalstukunun ucunu qabaq tərəfdən kəmərinin altına keçirib pencəyinin düy­mə­sini bağladı və mütəəssir görkəm alaraq:

- O ki rəhmətlik oldu, dalında adam qaldı? - soruşdu.

Qarı onun nə demək istədiyini yenə də anlaya bilmədi və ona elə gəldi ki, qara "Volqa"lı, uzun qals­tuklu adam başqa millətdən olduğundan kəkələyir, öz dilində yaxşı danışa bilmir. Ona görə də ona cavab verməkdən vaz keçdi. İsaxan İsmiyev yenə kara gəlib söhbətə qarışdı və qarını dilə tutaraq nazirin nə demək istədiyini ona izah etdi:

- Bəybala Sədirxanov yoldaş soruşur ki, bu rəhmətə gedənin yurdunda oğlundan, qızından nəyi var?

Qarı nəmli gözlərini geniş açıb, qaşlarını yuxarı qaldırdı və kədərli bir ah çəkərək:

- Həə, - dedi, - indi başa düşdüm. Görürəm maraqla­nır­sınız, qoy elə dibdən deyim. Bu Mərdan ki var, qəlləc kimi oğuldu. Rəhmətlik haracan desən, yaxşı adam­dı. Allahın da tanıyanıdı. Tay bizim kolxozun sədri ki­mi harınlayıb tanrısına təpik atan adam deyildi. Qəbri nur­la dolsun. Gözünü açandan elə o köhnə sex var e, bəl­kə siz də eşidib-tanıyırsınız?

Qarı Bəybalanın vaxtilə işlədiyi, aralıda tüstülənən və hasara alınmış binaları göstərdi və sözünə davam etdi:

- Bax, orda işləyirdi. İşləyirdi deyəndə o qədər sa­va­dı-zadı yoxdu ha. Adını gücnən yazırdı. Anadan olandan fəhləydi. Amma yaxşı ad-san çıxartmışdı. Hö­ku­mət orden-zad da vermişdi. Şəkli tez-tez qəzetlərdə çıxırdı. Durduğu yerdən Allahın qəzəbinə gəldi.

- Qarı üzünü göyə tutub, əllərini yuxarı qaldırdı:

- Şükür onun dərgahına, - dedi və əlini aşağı salıb sözünə davam etdi:

- Ehtiyatsızlıqdan qolun verdi maşının ağzına. Sa­vad­sız adamıdı dayna, nə bilsin. Maşından nə başı çı­xırdı?! Heyləcə maşın qolunun birini xırp apardı. Hə­kim­lər tökülüb gəldi, nə qədər dava-dərman elədilər, çarəsi olmadı. Kişinin qolunu biləkdən, kəsdilər. Qarı yenə üzünü yuxarı tutdu:

 - Kiş-kişlər olsun, qulaqlara qurğuşun, Allah heç düşmənimə də göstərməsin, - dedi. Qarı yenə dərdli-dərdli:

- Nə, başınızı ağrıdım, - dedi. - Kişi  durduğu yerdə, oldu bir qolu şikəst. Onnan sonra bir müddət qoydular gözətçi işlədi. Penisəsi bəs eləmirdi, elə ordan çax-çux eliyib beş-on manat qazanıb başını birtəhər girliyirdi. Adamınki gətirməyəndə, gətirmir! Təzə gələn müdir ordan da çıxartdı. İndi ay qardaş! Yıxılana kim qahmar durur?! Çalış büdrəmə! Büdrədin, getdin!

Nazir onun sözünü kəsib soruşdu:

- Mərdan ki dedin, onun famili nə olmuşdu? Kak eqo familiya?

Nazir sözünü düzgün tələffüz eliyə bilmədiyi üçün qarı yenə onu anlamadı. Xüsusilə də, o axırda işlətdiyi "kak eqo familiya" kəlməsini.

İsaxan İsmiyev yenə söhbətə qarışıb nazirin sualını qarıya izah elədi:

- Xala, Bəybala Bəşiroviç yoldaş bilmək istəyir ki, o Mərdanın familiyası, yəni ata-babasının adı nədir!

Qarı dedi:

- Başına  hərlənim, Mərdanın  famili, gərək ki, Əli­xa­­­nov ola, hə, hə Əlixanov, Əlixanov... Qarı əsəbiləşən kimi oldu:

- İndi ki soruşursuz, qoy axıracan deyim dayna, aman vermirsiz axı, - dedi və sözünə davam elədi:

- Sonra da bu rəhmətlik nə qədər yazdı-pozdu ki, şikəstəm, əlimdən bir şey gəlmir. Sexdə qaravola nə söz?!

Qarı dizinə vurub yana-yana başını buladı:

- Ee ay oğul! - dedi, - indi yazı-pozuya baxan kimdi?! Bu zamanada ya gərək sözü ötən adamın ola, ya da ki çoxlu pulun. Yoxdu canın çıxsın! Get öl! Həə, nə deyirdim, yadımdan çıxdı?! Qoyursunuz kii... Nə ba­şı­nızı ağrıdım. Mərdanın arvad-uşağı da qırıldı-qıpıldı, qaldı yurdda tək.

Birdən qarının gözləri alacalandı və simasına xoş təbəssüm yayıldı:

- Hə indi gəlməsin, bir gün gəldi, gördüm kişinin qırışığı açılıb. Dedim ay Mərdan, xeyir ola?! Dedi Tavat xala, şərə lənət, xeyirdi! Adamınkini gərək Allah gətirə! Mənimki gətirib! Soruşdum ki, ay Mərdan necə gətirib, bir de görüm?! Dedi Tavat xala çoxdan e, çoxdan, bizdə bir sex müdiri varıdı Bəybala adlı. Hə, Bəybala Sədirxanov. O vaxt kişini dilə-dişə saldılar, sex müdirliyin qoyub qaçdı. İnsafçünə pis adam da deyildi. Bir az başdan seyrəy idi, camaat içində özünü bambılı kimi aparırdı. Vaxtını elə tansda zadda oynamaqda keçirirdi. Hə, rəhmətlik Mərdan indi deməsin, deyirdi ki, Tavat həmin o sex müdiri Bəybalanı indi nazir qoyublar. Gedib özümü isnad versəm, işim düzələcək. Rəhmətlik nejə demişdisə, elə də oldu. İndi o haqq dünyadadı, biz nahaq. O əziz başınız haqqı birin də alt-üst demirəm. Niyə deyim! O dünyamız var!

Tavat xala nəfəsini dərib qayğılı görkəm aldı və sözünə davam etdi:

- Hə, rəhmətlik necə demişdisə, elə heylə də oldu. Ge­dib qayıdandan sonra məni gördü. Dedi Tavat xala, na­zir məni bir qarşıladı, bir qarşıladı ki, özüm də xəca­lət çəkdim. İndiki zamanada, heç adamın özcə dost-doğ­ma qardaşı o cür danışmaz ki, o, mənnən heylə da­nış­dı. Müavinlərini çağırıb, mənim üstümdə hamısını be­üzm elədi, sifətlərinə tüpürdü. Üzlərinə də itin sözünü dedi...

Bəybala Sədirxanov məsələni başa düşüb dilxor oldu. Fikirləşdi ki, birtəhər qarıdan yaxasını qurtarsın. Odur ki:

- Tavat xala aydındı, çox sağ olun! Çox sağ olun! Bizi bağışla, tələsik işimiz var, - deyib maşına tərəf yönəl­mək istəyəndə Tavat xala hövsələdən çıxdı və:

- Bıy, a qardaş! Görürəm savadlı adama oxşuyursan, yəqin vəzifən-zadın da var. Bir heylə də məktəbdə oxumusan. Bəs adamın sözün yarımçıq kəsərlər?! Sən soruşdun, indi qoy mən də axıracan deyim dayna. Sözümü yarımçıq qoyub, hara gedirsən?!

Nazir qızardı. O, məcbur olub ayaq saxladı və kö­mək­çisi İsaxan İsmiyevlə təzə şöbə rəisi Suren Arut­yun­yanın üstünə çəmkirərək:

- Gedin maşının yanında gözləyin, gəlirəm, - dedi. Sonra da üzünü əks tərəfə çevirib öz-özünə deyindi:

- Hardan buna ilişdik, qoy, görək nə çərənləyir. Tavat xala onun nə dediyini eşitmədi və sözünə davam etdi:

- Hə, görürəm tələsirsən, sizə də başağrısı verdim. Neynim, soruşursuz, mən də dibindən deyirəm dayna. Hə, rəhmətliyin day dili ağzına sığmırdı. Deyirdi o nazirin Allah ömrün uzun eləsin. O ki məni o cür mehriban qarşıladı, camaat içində yerə vurmadı, onu görüm min budaq olsun. Tay Mərdanın dili ağzına sığmırdı ki, sığmırdı! Rəhmətlik danışırdı ki, Bəybala Sədirxanovu ki, nazir qoyublar, innən sonra heç bir dərd-səri yoxdu. Elə bilirəm bütün dünyanı maa veriblər.

Qarı sözünə fasilə verib məlul-müşkül dayandı. Gözünün qorasını tökə-tökə:

- Yazıq Mərdan! Sevindi, sevincək oldu! O nazirin yanından qayıdandan sonra bir gün gözlədi, iki gün gözlədi, üç həftə gözlədi, beş həftə gözlədi, axırda il tamam oldu, hələ bir az da ötdü. Nazirdən bir səs çıxmadı ki, çıxmadı! Getdi sexə, dedilər Mərdan, buralara üzükmə. Bizə nazirlikdən söz-zad deyən olmuyub. Nazirin üç günü, düz bir il oldu. Təzədən bir-iki dəfə də ərizə yazdırdı. Elə bil o ərizələr də batarğana düşdü. O canı da qalmamışdı ki, dübarə nazirin yanına getsin. Sən demə nazir də nənəsinin əmcəyini kəsən, hüllük­çü­nün biri. O boyda kişiyə söz verib, arın-arxayın yola sa­lıb, sonra da sözünün dalından qaçıb. Oğul, başına pa­paq qoyub kişi olan kəs gərək ikibaşlı danışmasın. Kişi olan kəsin sözü də, sifəti də bir olar.

Qarı Bəybala Sədirxanova tərəf yönələrək:

- Ee ay qardaş, qarın sırfa deyil ki, açasan, - dedi, -səni də tanımıram, xətrinə dəyməsin, indi dünyada tək-tük kişi qalıb. Hər başına papaq qoyan özünü kişi hesab eliyir. Qadam o cür kişilərin ürəyinə olsun ki, adın nazir qoyub, hərəyə bir yalan satır. Heyləsindən bir zənən xeylağı min dəfə yaxşıdır! Elə getsin başına yaylıq bağlasın!

Tavat arvadın dediklərini Bəybala Bəşiroviç eşitsə də, söhbətin nədən getdiyini bilsə də, onun halına o qədər də təfavut eləmirdi. Elə bil qarı sözü daşa deyirdi. Axırda Bəybala Sədirxanov ikrah hissi ilə ona:

- Nu, nu xvatit, xvatit! Qolovu ne moroç! - deyib yola düzəlmək istədi. Tavat xala:

- Bıy ay bala, o nə kəlmədi ağzından çıxardırsan?! Xvat-xvat nədi?! Nə demək istəyirsən? Bəlkə biədəb sözdü? Birdən maa söyərsən e! Sizi kimilərindən nə desən, çıxar! O xvatı bilmirəm axı nədi! Bir də ki, hardan bilim, savadsız arvadam. Sən soruşdun, mən də illaf dibindən danışdım ki, bu işdən agah olasan. Həm də dedim, sən də biləsən ki, dünyada o cür dədəsindən xəbəri olmuyan, vələduzna nazirlər var. Ayıb olmasın utanmazlıq eliyirəm, kim bilir nənəsi onu kimdən tutub?! Yoxsa halal adam olsa, yüz il qala o şikəst kişini o cür tovluyub, başınnan eləməzdi. Sən kişiyə söz ver! Sonra da dalından qaç! O da, rəhmətlik neyləsin!? Əli hara çatırdı!? Ürəyində çəkdi, axırda da o cür... Ölüsü də urvatsız oldu. Amma, budu, bu məhlimli gündə deyirəm, o naziri Mərdan bağışlasa da, Mərdanın torpağı heç vaxt bağışlamayacaq. Axırına da baxarsan... Tavat xala torpağın üstə iki çarpaz xətt çəkərək:

- Bu bir, bu da iki! - dedi. - Sən də şahid ol, burda, gözünün qabağında cızıq çəkdim. Mən ölü, sən diri. O nazirin axırını, aqibətini görərsən...

Tavat axırda Bəybala Sədirxanova dil-ağız elədi:

- Siz Allah bağışlayın, - dedi. - Səni də yolundan elədim. Qardaş, sonra gedib deməyin e, o savadsız arvad danışıb baş-beynimi apardı. Vallah o cür şeyləri eşidəndə adamı içəridən od tutub yanır.

Bəybala Bəşiroviç maşına tərəf yönələndə Tavat xala:

- Dayan, dayan, bir söz yadımdan çıxdı, - dedi. - Ayıb olmasın sənnən bir şey soruşum:

- O xvat-xvat nəydi ağzınnan çıxartdın?! Vallah birinci dəfədi eşidirəm. O boyda irilmisən, məəm öz dilində danışa bilmirsən!? Bıy başıma xeyir, balam adın Bəybala ola-ola ə, niyə öz dilində danışa bilmirsən?!

Bəybala Sədirxanov qarının sözünün cavabında:

- Vot tebe na, - deyib maşının yanında onu gözləyən köməkçisi İsaxan İsmiyevlə plan şöbəsinin təzə rəisi Suren Arutyunyana tərəf yönəldi. Qarının sualı cavabsız qaldı.

Qənşər yerdəki peyin təpəsinin üstündə şöngüyən itin tükürpərdici ulartısı hələ də getməmişdi. Onlar maşına əyləşib yanındakı otuz-qırx evli kəndi keçib açıqlığa çıxanda İsaxan İsmiyev yerində qurcalanıb yan tərəfə tökülən uzun saçlarını başının ortasında bir yerə yığa-yığa:

- Bəybala Bəşiroviç, -dedi, -siz qarı ilə danışanda bilirsiniz bizim bu Suren Poqosoviç nə deyirdi?

- Nə deyirdi? - nazir maraqlandı. İsaxan İsmiyev arxa­dan irəli əyilib, ağzını nazirin qulağına yaxınlaşdıraraq:

- Suren Poqosoviç deyirdi ki, mən çox adamla işləmişəm və çox nazir görmüşəm. Birinci dəfədir ki, Bəybala Sədirxanov kimi sadə adamla rastlaşıram. Bizim bu nazir nə qədər diqqətcil adammış. Gör kakoy nibud bir otstalıy qarıynan necə səmimi rəftar eliyir.

Nazir, köməkçisinin sözlərindən xoşhal oldu. O, qürurla özünü dartıb əlindəki təsbehi şaqqıldadaraq:

- Bilirsiniz, Suren Poqosoviç, -dedi, -Bizim vəzifəmiz elədir ki, gərək hamıynan dil tapaq. Tavat xaladı dəə, savadsız kəndli qadındır. O nə bilir dünyada nə var, nə yox. Tavat xalanın da öz aləmi var. Həyatı o cür başa düşür.

İsaxan İsmiyev nazirin sözünə qüvvət verdi:

- Əlbəttə, əlbəttə, -dedi, -Tavat qarıdı də. Təzək qurutmaqdan, tövlə təmizləməkdən, qazan altı qalamaqdan başqa nə bilir?!

Onların üçü də istehza ilə güldü.

İsaxan İsmiyev söhbətin istiqamətini dəyişdi:

- Bəybala Bəşiroviç, o peyinlikdə uluyan itin səsini eşidirsiniz?! - soruşdu.

- Bəli, eşidirdim, necə?

- İtin o cür ulaması pis əlamətdi, ziyanlıq eləməsə, yaxşıdı, - dedi. - Yəqin bədbəxt hadisə olacaq. Sahibinin başında çatlasın.

Bəybala Bəşiroviç:

- O cür iti bir gün də saxlamaram, - dedi. - İt deyən­də bizim Dokdu. Hürməyinə hürür, hərdən zingildəyir də, ancaq o cür uladığını görməmişəm.

O gülümsünərək:

- Anya Timofeyevnanın o cür qayğısından gəlsin ulasın da?! - əlavə etdi.

Sürücü özündən asılı olmayaraq söhbətə qoşuldu:

- Siz qoca arvadla söhbət edəndə, mənim yanımdakı buzov otaran dedi ki, o ulayan it rəhmətə gedənindi. Görünür, it sahibsiz qaldığını hiss edib o cür ulayır.

Bəybala Sədirxanovun sürücüyə acığı tutdu:

- Özündən söz quraşdırma, - dedi. - Düz əməlli maşın sürə bilmir, amma hər şeyə burnunu soxur! Sənin ittən başın çıxmaz!

Sürücü dillənməsinə peşman olub susdu. Maşının kabinəsinə sükut çökdü. Onlar bir neçə kilometr dinib danışmadan getdilər. Bəybala Sədirxanov sükutu pozaraq:

- Bizim Anya Timofeyevna burda olsaydı, itin o cür ulamasının səbəbini deyərdi. Çünki gözünü açandan it saxlayır. Ancaq kənd itlərindən o qədər də xoşu gəlmir. Lakin hər halda it itdi.

İsaxan İsmiyevlə, Suren Poqosoviç nazirin sözünü təsdiq etdilər. Nazir birdən İsmiyevə tərəf yönələrək:

- Sən də yönlu mövzu tapdın, -dedi.

- Buraxın getsin bu it söhbətini, Dok olsaydı, ayrı məsələ, bu kənd itindən bir belə danışmağa dəyməz.

Bəybala Bəşiroviç sonra üzünü Surenə tutdu:

- Suren Poqosoviç, yeri gəlib qoy deyim. Burda özgə adam yoxdu, özümüzünkülərsiniz hamınız. Bilirsən ki, Vazgenin xatirini çox istəyirəm. Necə olsa, bacımın yoldaşıdır. Mənim üçün ya bacım, ya da ki, Vazgen. Bu Vazgen Xaçaturoviçin sözünü sındırmadım. Anam da mənə o barədə çox üz vurmuşdu. Sizi adi bir vəzifədən, o boyda şöbəyə rəis gətirdim...

Nazir köməkçisinə tərəf yönələrək zarafatyana:

- Əlbəttə, - dedi. -Bizim bu İsaxan İsmiyevin köməyi ilə. Ona minnətdar olmalısan. Nazir fikirləşərək:

- Ancaq nə badə bizim qohumluğumuzu bilən olmasın haa! Bilsələr də, bir şey çıxmaz ey-e. -Nazir do­dağını əydi və əlavə etdi: -Ancaq niyə bilsinlər. Düz­dür, bu heç kəsin ağlına gəlməz ki, bizim qohumluğumuz çatar. Ancaq bilməsələr, yaxşıdır.

Suren Poqosoviç:

- Aydındır, aydındır. Bəybala Bəşiroviç. O barədə məndən yüz faiz arxayın ola bilərsiniz. Düzdür, çox adam maraqlanıb. Hamısına demişəm ki, nazirlə heç bir qohumluq əlaqəm yoxdur və ola da bilməz. Əksinə, Bəybala Bəşiroviç məni yaxın qoymaq istəmirdi. Onu yuxarıdan məcbur elədilər.

- Malodes! Malodes! - Nazir onun cavabından razı qaldığını büruzə verdi və əlavə etdi:

- İndi bildim ki, səndən nəinki plan şöbəsinin rəisi, lap nazir müavini də olar.

Nazir məmnun halda başını yırğalayaraq:

- Tələsmə, hələlik işlə görək. Sağlıq olsun, müavinlik də öz əlimizdədir. Bir də ki, yəni müavin işləyənlərin qaşı-gözü səninkindən qaradır!? Sizi müavinlərimin beşinə də dəyişmərəm.

...Bəybala Sədirxanovun anadan olduğu rayonun kəndləri görünürdü. Onların əyləşdiyi maşın rayon mər­kəzinə daxil olub, partiya, icraiyyə komitələrinin yer­ləşdiyi beşmərtəbəli binanın qabağında dayandı. Üçü də maşından düşüb yuxarı qalxdılar. Bəybala Bəşi­ro­viçi burada tək-tük adam tanıyırdı. Yerli camaatın ək­səriyyəti Bəybalanın adını uzaqdan-uzağa eşitmişdi. Bəziləri də bir-iki dəfə onun üzünü televizor ekranında görmüşdü. Təhsilini, tərbiyəsini başqa yerdə aldığı üçün xasiyyəti bambaşqa idi, camaata əsla yovuşmurdu. Buna baxmayaraq camaat onu yaxşı, pis, öz yerlisi kimi qarşılayırdı. Amma Bəybala Sədirxanovun oturuşu, duruşu bəzilərinə xoş gəlmirdi. Onun vəzifəsinə, yaşına uymayan yüngül davranışı Bəybalanın yaxın qohumlarına belə xəcalətlik gətirirdi. Ancaq heç kəs çəkdiyi bu xəcaləti büruzə vermirdi. Əksinə, üzdə fəxr edirdilər ki, bu el-obadan da nazir çıxıb.

Nazir onu dövrəyə alan sayılıb, seçilən adamlarla xoş-beş eləyib xüsusi səliqə-sahmanı, rahatlığı olan qo­naq otağında gecələyib, səhərisi qabaqcadan müəyyən olun­muş plan üzrə işə başladı. Onlar nazirliyin tabe­li­yin­də olan müəssisələri o ki var gəzib, dolaşıb, yorulub əldən düşəndən sonra buradakı kombinatın mədə­niy­yət sarayına yığışdılar. Qonşu rayonlardakı müəssisə­lə­rin başçılarına da əvvəlcədən telefonla zəng vurub, bəzi­lərinə teleqram göndərib, nazirin gəlişi müna­si­bə­tilə onları bu gün keçiriləcək müşavirəyə dəvət etmiş­dilər. Köhnədən tikilmiş mədəniyyət sarayının iclas zalı ağzınacan adamla dolmuşdu.

Ara-bərədə, qapının ağzında, pəncərənin qabağında ayaq üstə dayananlar da vardı. İki nəfər, ehtiyatla aradan keçib sıraları dolaşır və əyilib əyləşənlərin qulağına nə isə pıçıldayırdı. Ancaq o iki nəfər nə qədər yavaşdan pıçıldasa da, "İsmiyev... nazir... çəpik..." sözləri aydınca eşidilirdi. Sonra bu söz yumşaq stullarda əyləşənlərin arasında müzakirə edilirdi:

"İsmiyev tapşırıb ki, nazir danışdıqca çəpik vurmaq lazımdır".

Axırıncı sırada əyləşənlər başqa tapşırıq almışdılar. Nazirin sözündən sonra sürəkli alqışlar başlananda, o axırıncı sıradakılar yerdən gur səslə - ura! - deyib hay verməliydilər. Əynində zil qara kostyum, ağ saroçka olan və işıldayan saçlarını yana daramış bir gənc səhnədə ora-bura vurnuxurdu. O, qırmızı mahud parça çəkilmiş uzun stolun üstünə mədən suları doldurulmuş butulkaları düzürdü. Hər butulkanın yanına büllur stəkan qoyulmuşdu. Cavan oğlan xitabət kürsüsündə çıxış edəcək natiqlərlə üzbəüz dayanan diktafona barmağı ilə bir-iki dəfə çırtma vurub, ağzıynan - püf-püf - elədi və sonra bir-iki, bir-iki! - deyib səhnənin arxasına keçdi. Orta sırada kombinatın dörd mötəbər işçisi, iki nəfər yaşlı adamı araya almışdılar. Çünki o yaşlı adam­ları başına buraxmaq olmazdı. Bir də gördün ayağa qal­xıb danışanların  birinin sözünü kəsib qırmızıca dedilər  ki, bunu düz danışmırsan. Nazir olmasın, istəyir lap Allahın bacısı oğlu olsun. Belə yerdə ehtiyat­sızlıq edib o nəzarətdə saxlanan iki nəfəri başlı-başına buraxmaq olmazdı.  Gərək yeri gəldikcə onların  ətə­yi­ni çəkəsən. Yoxsa durub ağzıbaşına danışar, naziri də, onun həndəvərindəkiləri də rüsvay-cahan eliyə bilərlər. Bu da el-oba arasında yaxşı səslənməz. Rayonun adı­na yaxşı deyil. Onda qıraqdan baxanlar adama nə deyər?!

Bir sözlə, əvvəlcədən hər şey yaxşı-yaxşı ölçülüb biçilmişdi. Bəybala Sədirxanovun iştirak edəcəyi yığıncaq yaxşı təşkil olunmuşdu.

Əyləşənlərin intizar dolu nəzərləri səhnəyə dikilmişdi. Hələ iclas başlanmamışdan, onların arasındakı bəzi yorğun-arğın fəhlələr arabir mürgü vururdular. Qara kostyumlu, ağ saroçkalı və saçları yana daranmış şivərək oğlan səhnəyə çıxıb bayaqkı yoxlanışı bir də təkrar edib diktafonu dönə-dönə nəzərdən keçirdi. O, qayıdan kimi İsaxan İsmiyev səhnədə göründü. O da hər ehtimala qarşı zalı diqqətlə nəzərdən keçirdi. Hər şeyin yerbəyerində olduğunu görüb, yəqin eləyəndən sonra arxayın geri qayıtdı.

Qaranlıq düşmüşdü. Çöl işıqlarının hamısı yanmışdı. İclasın başlanması şam yeməyinəcən uzandı. Əvvəl nazir göründü, onun ardınca əsabələri səhnəyə daxil oldular. Özlərindən asılı olmayaraq hamı ayağa qalxdı və adəti üzrə canı-dildən çəpik çalındı. Əvvəlcə nazir çəpiyin arasını kəsib əyləşdi, sonra yanındakılar və zaldakılar əyləşdilər. Salona ani sükut çökdü. Qara kostyumlu, ağ saroçkalı və yağlaçov saçı yana daranmış şivərək oğlan bu sakitliyi pozmamaq üçün dabanını qaldırıb ayaqlarının ucunda səssiz-səmirsiz, heç bir tərəfə baxmadan səhnəyə daxil oldu. Və xitabət kürsüsünə ehmalca bir stəkan ilıq su qoyub, dalı-dalı da geri çəkilib gözdən itdi.

Kombinat və zavodların direktorları, sex rəisləri, istehsalat qabaqcılları bir-bir söz alıb xitabət kürsü­sü­nün arxasına keçdilər və o ki var danışıb sinələrini bo­şalt­dılar. Yarış şərtlərinin, istehsalat planlarının yerinə yetirilməsi vəziyyəti, keyfiyyət, kəmiyyət, görülən və görüləcək işlər, elmi-texniki nailiyyətlərin tətbiqi barədə xeyli danışıq getdı. Nazirin sağ tərəfində İsaxan İsmiyev, solunda plan şöbəsinin təzə rəisi Suren Poqosoviç əyləşmişdilər. Suren dillənmirdi, İsaxan isə tez-tez nazirin qulağına əyilib nə isə xısın-xısın pıçıldayırdı.

Çıxışlar qurtarandan sonra Bəybala Sədirxanova söz verildi. Hamı ayağa qalxdı, gurultulu alqışlar qopdu. Lap axırıncı cərgədən ura səsləri gəlirdi. Nazir özündən razı halda, xitabət kürsüsünün arxasında dayanıb, məmnun baxışları ilə zalı seyr edirdi. Alqış səsləri kəsildi. Nazir bu gün müəssisələri gəzərkən gözü ilə gördüyü, qulağı ilə eşitdiyi xoşagələn və qanqaraldan faktların üzərində müfəssəl dayandı. Sonra mətləbdən kənara çıxıb bəzi məsələlərə toxundu. Rayon yeri olduğu üçün məcburiyyət qarşısında qalıb öz ana dilində danışırdı. Ona görə də bəzi sözləri tam, dürüst tələffüz eləyə bilmirdi. Tez-tez dili topuq vururdu. Onda da salonda pıqqapıq qopur, orda-burda hırıldayırdılar.

Nazirin isə vecinə deyildi. O danışdıqca qızışır və hərdənbir də əsəbiləşib səsini daha da qalqırırdı:

-İşlərimizdə nöqsanlar çox-çox olmuşdu! Mən bu nöqsanları xaricdən gətirdim?! Deyin də, deyin?! Xaricdən gətirdim?! Yox! Məndən çox-çox qabaq oldu, bu biabırçılıqlar! İndi gəlin əl-ələ verib, hamımız birlikdə onu aradan qaldıraq! Bunun üçün nə etmək lazımdır?!

Nazir verdiyi suala əyləşənlərdən cavab gözləyirmiş kimi zala göz gəzdirdi və sonra sözünə davam edib ağızdolusu:

- Gərək xalqla bir olaq! Hamımız bir olmalıyıq! Bilirsiniz Romadakı xalq qəhrəmanı Spartak niyə məğlub oldu?! Çünki sərkərdələrin arasında birlik yoxudu! Ayrı-seçkilik əmələ gəldi. Kras da, Pompey də ondan istifadə elədi.

Nazirin qalın çatma qaşları yana əyildi, cəngi geri dartıldı, dodaqları bir-birinə sıxıldı. O, qəzəblə yumruğunu düyünləyərək:

- Gəlin hamımız bir olaq! - dedi. -Bax! Bu yumruq kimi! Kim yaxşı işlədi, o yaxşı da yaşamalıdır! Kimin bacarığı var buyursun! Gözüm üstə yeri var! Amma qabaqlar necəydi?!

Nazir yenə zala müraciət etdi. Heç kəsdən cınqır çıxmadı. Bəybala Sədirxanov:

- Yoox! - dedi. - Qabaqlar, kimin pulu çoxdu, adamı da vardı, irəli gəlirdi! Böyük vəzifələr tuturdu! Kimin pulu olmamışdı, qıraqda qalmışdı!

Nazir dişlərini qıcıyıb simasına sərt ifadə verdi və əlini sağa-sola buluyaraq:

- İndi! Heç kəs onu görməyəcək -dedi. - Kim yaxşı işlədi! Namusludu! Onun hörməti olacaq! Onun! Gözü­mün üstündə yeri var! - Nazir əlini gözünün üstə qoydu və iş heyətində əyləşən plan şöbəsinin təzə rəisinə işarə etdi:

- Suren Poqosoviç burdadı. Nazirliyin plan şöbəsinə rəis lazım olmuşdu. Mənim müavinlərim də, bizim burda iştirak edən İsaxan İsmiyev yoldaşın özü də mənə dedilər ki, Suren Poqosoviç çox vicdanlı adamdı! Bütün işçilər ümumi şöbənin qabaqkı müdirindən narazılıq edirdi, haqlıydılar! Baxdım gördüm o çox murdar adamdır. İnandım ki, o yaramazdır! Qoymadım! Çıxartdıq! Yerinə adam axtaranda mən qarışmadım. Müavinlərə, kollegiya üzvlərinə dedim özünüz tapın.

Nazirin sol cəngi geri dartıldı. Əyyaş adamlara xas olan süzgün gözləri güclə təbəssümləndi və:

- Sonra köməkçi yanıma gəlib dedi ki, Suren Po­qo­soviç adlı birini tapmışıq. Müavinlər söhbət eli­yib, razı qalıblar. Mənə dedi: sən də qəbul et, tanış ol, fikrini de.

Zaldakıların maraq dolu nəzəri nazirə yönəlmişdi. Bəybala Sədirxanov da bunu hiss edib, nitqinə vəcdlə davam edirdi:

- Mən nə dedi?! - Nazir üzünü İsaxan İsmiyevə tutdu. İsaxan itaətkar bir görkəm alıb ayağa qalxdı və yerində də qurudu. Lakin ondan cavab çıxmadı. Nazir özü izah etdi:

- Dedim raz Suren Poqosoviçi sən tanıyırsan! Müavinlər tanıyır! Kollegiya üzvləri tanıyır! Bu kifayət oldu! Siz çoxluq oldunuz, mən də çoxluğa tabeyəm! Qoyun işləsin!

Nazir qəddini zalda oturanlara tərəf əyərək:

- Bax kadrı belə seçərlər! Suren Poqosoviç özü burdadı. Mən heç vaxt onun üzünü görmədim! Ancaq əksə­riyyətinin fikrinə razı oldum! İndi çox da yaxşı başlayıb. Ondan olduqca razı qalmışdıq. Çünki onu tək bir adam yox, kollektiv seçdi! Ya qorjus, Suren Poqosoviç bizim kollektivdə işləyir.

Nazir gülə-gülə təkrar etdi:

- Düzü Suren Poqosoviç gələndə mən çox-çox sevindim, - dedi.

Hamı əl çaldı. Arxa cərgədə ura səsləri qopdu. Nazir əlinin işarəsi ilə:

- Kimin adamı var! Kimin pulu var? Kim qohumdu... Yox! Belə olmayacaq! - dedi. O cür kadr seçmək qurtardı!

Mən nazir -o sol əli ilə pencəyinin yaxasını tutaraq bax budur - deyirəm! Kim yaxşı işləyir! Kim namusludu! O yaxşı olacaq! Birinci, fəhlənin dərdinə qalmalıyıq! Rəhbər işçi gərək yalan satmasın! İkiüzlü olmasın! Mən çox görmüşdüm, kim düz danışır, sözü əməlinə düz gəlmişdi, onun hörməti olacaq...

Alqış səsləri qopdu.

Nazir:

- Məndən qabaq bilirsiniz kadrlar nə kimi çirkin niyyətlərlə seçilirdi?!

Bəybala Sədirxanov özündən qabaq yol verilmiş kobud səhvlərin ona gətirdiyi ağır dərdə dözə bilmirmiş kimi qəddini əydi. Kinayəli baxışlarıyla əyləşənlərə ittihamedici nəzər saldı. Zaldakıların günahkar kimi görünən baxışları ona dikilmişdi. Bəybala Sədirxanov ortalığa atdığı müəmmalı sualın cavabı üçün qarşısındakıların keçirdiyi gərginliyi hiss edib, onların halına acıyırmış kimi başını ağır-ağır endirib-qaldırdı:

- Mən sizdən! Xalqımdan! Heç bir şeyi gizlədə bil­mə­dim, - dedi. - Burda açıq danışmalıyıq. Nə qədər təəc­cüblü olsa da, belə bir faktı olduğu kimi sizə deməliyəm.

Bəybala Sədirxanovun səsi birdən-birə mülayimləşdi:

- Bir baxın, yoldaşlar! -dedi. - Özbaşınalıq o həddə çatmışdı ki, Təvəkkül Mövlamverdiyev adlı niqad­ya­yın, dələduzun, nəşəxorun, əyyaşın birini gətirib o boy­da nazirlikdə məsul vəzifəyə qoymuşdular, - dedi.

Bəybala  Bəşiroviç zala sualedici nəzər salaraq:

- Gülməli faktdır, ya yox?! - soruşdu. Yerdən səslər:

- Həm də biabırçı faktdır!!

-Doğru deyirsiniz! Həm də biabırçı faktdır, - deyə nazir deyilənləri təkrar və təsdiq etdi.

- Kaçaqarı nazirliyə! Özü də məsul vəzifəyə gətirməkdə məqsəd nə idi?! - Bəybala Bəşiroviç yenə də zaldakılara müraciət etdi.

Hamı susmuşdu. Milçək uçsa, eşidilərdi. Heç kəsdən səs çıxmadı. Nazirin qəzəbli baxışlarında acı təbəs­süm dolaşdı. O, istehza ilə gülüb, şəhadət barmağı ilə baş barmağını bir-birinə sürtərək:

- Buna görə! Ancaq buna görə! Arada pul vardı! Tamah vardı! İkincisi də Nemətzadə kaçaqarı ona görə nazirliyə işə gətirmişdi ki, Təvəkkül keçmiş nazirin yerlisiydi. Bununla da müavin bir güllə ilə iki ov vurmuşdu. Əvvəla nazirin bığının altından keçib onun xoşuna gəlmək, ikincisi də qaz vurub qazan doldurmaq... Bax, məsələ belə olmuşdu, - dedi. Və əlavə etdi: - Nəticəsi də gördünüz də necə oldu?!

Nazir özünü şax tutub ötkəm əda ilə:

-İşin üstü açıldı. Təvəkkül Mövlamverdiyevi qovduq. Yoldaşlar! Xaliq Nemətzadə! Mənim, o vicdansız birinci müavinim! Utanmaz-utanmaz Təvəkkül Möv­lam­­verdiyev kimi təsadüfi bir gədədən ötrü düz üç dəfə yanıma minnətə gəldi. Guya o yazıqdı, kimsəsizdi... Hi... Hi... Nazir güldü və yenə də sözünə davam etdi: -Am­ma kişi kimi cəsarət eliyib deyə bilmədi ki, o keçmiş nazi­rin yerlisidi, həm də ondan rüşvət almışam! Təvək­külə borcluyam! Onun yanında gözü kölgəliyəm! O, kişi kimi bunu boynuna alsaydı! Mən Təvəkkülü qovmaz­dım. Nazirlikdə aşağı bir vəzifədə saxlayıb işlədərdim.

Bəybala Sədirxanovun siması təmkinli ifadə aldı:

- Axırda da elə vəziyyət yarandı ki, Xaliq Nemət­za­dənin özünü də müdafiə edə bilmədim! Qəzetdə onun saxta, natəmiz əməlləri ifşa olundu! Əlbəttə, vaxtında bilsəydim, qarşısını alardım! Hər halda nazirliyin də adına yaxşı deyil. Ancaq iş-işdən keçmişdi. Düzü, qəze­ti oxuyanda ürəyim ağrıdı... Axı o, uzun müddət müa­vin olub, özü də bi-rin-ci müavin!

Bəybala Bəşiroviç əsəbiləşərək:

- Yoldaşlar, bu cür biabırçı faktlar məyər birdi? İkidi! - dedi. - Amma! Hamısına son qoymalıyıq! Nazir­lik­də haqq-ədalət bərpa olunmalıdır! Bu gün, sizin qar­şı­nızda söz verirəm! Nazir kimi! Kommunist kimi! Vətəndaş kimi!

Yerdən səslər:

- Halal olsun!!

- Əyrilərə yer olmamalıdır!! Arxa cərgədən ura ilə:

- Yaşasın Bəybala!!

- Sədirxanova eşq olsun!! .        '

- O, bizim fəxrimizdir!!

Nazir iki saatlıq nitqini yekunlaşdırıb xitabət kürsüsünü tərk etdi. Cib yaylığını çıxarıb alnının tərini silə-silə keçib İsaxan İsmiyevlə Suren Poqosoviçin arasında əyləşdi. Orta cərgədə bir nəfər ayağa qalxıb əlini irəli uzatdı və təkidlə:

- Mənə də söz verin! - dedi. - Danışmaq istiyirəm, mənə də söz verin!

İclas beş saatdan artıqdı davam edirdi. Hamı yorulub əldən düşmüşdü. Çoxunun səbri tükənmişdi. Ona görə də ordan-burdan - çıxışlar kəsilsin! Çıxışlar kəsilsin! - deyə etiraz səsləri ucaldı. Nazirlə İsmiyev qulaq-qulağa verib nə isə pıçıldaşdılar. İsaxan İsmiyev ayağa qalxıb:                       

- Qoyun danışsın, yoldaşlar! - dedi. - Mən icazə verirəm! Bu bir nəfəri olar! Qoyun danışsın!

Etiraz səsləri kəsildi. Hamı susdu. İsmiyev çıxış etmək istəyəndən soruşdu:

- Yerindən  danışmaq  istəyirsən,   yoxsa   kürsüyə...

- Yox, yox! Yuxarı çıxmaq istəyirəm.

- Onda, buyurun.

Əynində nimdaş pencək olan və şalvarının dizinə əl boyda yamaq salınmış əlli-əlli beş yaşlı çəlimsiz və sarışın kişi əyləşənlərə toxuna-toxuna hərlənib düz xitabət kürsüsünün arxasına keçdi. Hiss olunurdu ki, o, ömründə bəlkə də ilk dəfə idi ki, xitabət kürsüsünə qalxırdı. Gözləri dörd olmuşdu. Bilmirdi üzünü yuxarıda oturanlara çevirib danışsın, yoxsa aşağıda əyləşənlərə:

- Yoldaşlar!

Suçu udqunub, bir də təkrar etdi: - Yoldaşlar! Mən özüm bizim kombinatın yardımçı təsərrüfatında, suçu işləyirəm, - dedi. - Düzünü axtarsanız, danışmıyejeydim! O qədər də qanacaqsız-zadsız deyiləm ha! Bilirəm ki, nazirdən sonra danışmaq düz iş deyil, ədəbsizlikdi! Ancaq Bəybala Sədirxanov yoldaş! Bizim bu eloğlumuz o cürə ki, ürəynən danışdı, öz-özümə dedim ki, halal olsun onu doğan anaya! Elə deyilmişkən də varımış!

Əyləşənlər yerlərində qımışdılar. Suçu bunu hiss edib onlara hirsləndi:

- Ə, nə gülürsünüz! Öz torpağımızın adamıdı dayna! Kaş eləsindən yüzü ola! Bizim fəxrimizdi! O ki gələn gündən bu dostbazlığın, qohumbazlığın, yerliçiliyin, rüşvətxorluğun kökünü kəsib, nənəsindən əmdiyi süd ona halal olsun. Sağ olsun hökuməti ki, o cür doğru-dürüst, halal, bacarıqlı adamı arayıb, axtarıb tapıb, gətirib bizə nazir qoyub!

Suçu üzünü Bəybala Sədirxanova tutaraq:

- Baax!! Yoldaş Bəybala, burada oturanların ha­mısı, içi də mən qarışıq sənnən fəxr eliyirik! Gecə-gün­düz canaa duaçıyıq ki, gələndən bəri nazirliyi düzəltmi­sən! Bax, o bayaq dedin ee, Xaliq Nemətzadədi, nə kö­pək oğludu, sonra da birinin adını çəkdiz e, o gədə oğlu gədə Təvəkküldü nədi! Heylələrini ki, bir-bir qovub, na­zirliyi təmizliyirsiz! Onu heç kim eliyə bilməz! Halal olsun saa! Əə, balam suçu olanda nə olaar! Biz də özü­müzə görə adamıq! Harda, kim nə barəsində,  nə deyib-danışır hamısını bilirik!..

Yığıncaqdakılar bir-birinə dəydi, hamı əl çaldı. Su­çu­nun çıxışından sonra elə bil Bəybala Sədir­xanovun çiy­nindən ağır bir yük götürdün, onun çiçəyi çırtladı. hələ indiyə kimi onu bu cür şən əhval-ruhiyyədə görən olma­mışdı. Suçu isə kirimək bilmirdi. Danışdıqca qızışırdı:

- Sənin tayların, o de! Kəndin aralarında küllənir. Saa halal olsun ki, gedib o əlçatmaz yerə çıxmısan. Biz də baxıb fəxr eliyirik. Hər yerdə də deyirəm ki, bax bi­zim rayondan o cür adam çıxıb. Respublikada yox e, dün­yada beş adamın birisən! Sözumün canı odur ki! Biz əli qabarlı fəhlələr! Biz suçular arxanda dağ kimi da­yan­mışıq, qorxma! İnnən sonra sənin xətraa bir az da cannan-başnan işləməliyik ki, səni ora çıxardan hökumətin qabağında üzün ağ olsun! Biz də saa baxaq, fəxr eliyək...

Hamı əl çaldı. Suçu sözünü qurtarıb xitabət kür­sü­sün­dən aralanmaq istəyəndə Bəybala Sədirxanov aya­ğa qalxıb ona tərəf yeridi. Suçu da nazirə tərəf yönəldi. Hər ikisi qollarını gərib qucaqlaşdılar. Bayaqdan bəri hələ bu cür çəpik vurulmamışdı...

Nazir suçunun qolundan yapışıb onu ehtiramla səhnədən aşağı endirdi. Və özü qayıdıb bir də xitabət kürsüsünün arxasına keçdi. İclas salonuna sakitlik çökdü. Əyləşənlər suçunun çıxışından sonra nazirin nə deyəcəyini gözləyirdi. Bəybala Sədirxanov təbəssümlü baxışlarıynan zala mənalı-mənalı göz gəzdirib əli ilə suçunu işarə etdi:

- Bax, o cür olmaq lazımdır! - dedi. - Mən çox cavan oldum ki, onun bu cür sözlərini eşitdim! Təmiz ürəyi var! Zəhmətkeşdi! Malades! Belələrinin qədrini bilmək lazım olmuşdu! Nazirlə fəhlə bir olmalıdır! Belə sadə qəlbli, ürəyi düz adamlara bel bağlamaq lazımdır!

…Bəybala Bəşiroviç səhər rayonda işlərini yekunlaşdırıb günün ikinci yarısında geriyə qayıdırdı. O, qabaqda əyləşib taleyindən razı halda və həm də şən əh­­val-ruhiyyə ilə əlində təsbeh şaqqıldadırdı. İsaxan İs­mi­yevlə Suren Poqosoviç arxada yan-yana əyləş­miş­dilər. Nazir geriyə baxmadan onlardan soruşdu:

- Hə, bizim bu poyezdkamız necə təsir bağışladı?

- Çox yaxşı! Əla! - İsaxan İsmiyev cavab verdi və əlavə etdi:

- Bəybala Bəşiroviç, mən deyəndə ki, xalq sizi sevir, bəzən görürəm sözlərimə şübhə ilə yanaşırsınız. İndi özünüz gördünüz də! Gördünüz, o suçu necə danışırdı?! O təkcə suçunun fikri deyildi, bütün orda əyləşənlərin, bütün sizi tanıyanların sözüydü.

 Bəybala Bəşiroviç köməkçinin cavabından məmnun oldu və İsaxan İsmiyevə:

- Doğru deyirsən, mən özüm də belə başa düşmüşdüm, - dedi.

İsaxan İsmiyev:

- Düzdü ee, - dedi, - meşə çaqqalsız olmaz. Sizdən də, elə mənim özümdən də, bax bizim bu çox hörmətli Suren Poqosoviçdən də xoşu gəlməyənlər var. Ancaq o cür bədxahlar çox azdı, əsas xalqdı. Onun da özün şahidi oldun dəə!

Nazir təəccüblə boynunu yana əyərək:

- Udivitelno, - dedi. - O suçunun çıxışı mənə çox dərin təsir bağışladı.

İsaxan İsmiyevlə Suren Poqosoviç hər ikisi bir ağızdan:

- Elə bizə də, - dedilər. - Özü də o suçunun dedik­lə­ri­nin hamısı ürəkdən gəlirdi. Camaat da ürəkdən əl çalırdı.

İsaxan İsmiyev yerində qurcalanıb bir qədər yana çəkildi və yarızarafat:

- Bəybala Bəşiroviç, - dedi, - elə bilirsiniz sizi təkcə Suren Poqosoviçlə mən çox istəyirəm. Yoox, inanın ki, beş-on nəfəri çıxandan sonra nazirliyin aparatında işləyənlərin hamısı başınıza and içir.

- İsaxan İsmiyev bu dəfə nazirdən cavab ala bil­mədi. Çünki o, xumarlanıb yuxuya getmişdi. Təzə alınmış rahat "Volqa" onu yüyürük kimi yırğalayırdı. Sü­rü­cü də var gücü ilə çalışırdı ki, maşın çala-çuxura düşüb onu bərk silkələməsin. Nazir keçən axşam yaxşı yata bilməmişdi. İndi az da olsa, gözünün acısını almaq istə­yir­di. İsaxan İsmiyevlə Suren Poqosoviç naziri narahat elə­məmək üçün bir-biri ilə kəlmə kəsmədən, kürək­lə­rini sakitcə arxaya söykəmişdilər. Onların özü də yavaş-yavaş huşa gedirdi. Ayıq qalan yalnız sükançıydı. Onun əlacı olsaydı, əlavə bir açıq göz də satın alardı...

* * *

...Maşın Bakıya çatanda Bəybala Sədirxanov qəddini düzəltdi. Çallanmış saçını barmaqlarının arasında geri daradı. Əli ilə yuxulu gözlərini ovuşdurdu. Ciblərini, yan-yörəsini qurdalayıb axır ki, təsbehini tapdı. Taleyindən razı halda, Xəzərin qaşında sayrışan çilçıraqlara nəşə ilə nəzər saldı. Maşın şəhərin küçə­lə­rin­dən dolanıb, əvvəlcə nazirin yaşadığı binanın qaba­ğında dayandı. Bəybala Sədirxanov qabaq kabinədən düşüb yorğun-arğın, yoldaşları ilə dilucu xudahafizləşdi və onlara tərəf baxmadan ümumi qapıdan içəri daxil oldu. Liftin düyməsini basdı. Lakin şəhadət barmağının altındakı düymənin işığı közərmədi. Nazir dilxor olub başını buladı və liftyorların ünvanına pis söyüşlər söydü. Deyinə-deyinə yeyilmiş, daş pilləkənlərlə yuxarı qalxdı. O, iki  pilləkən çıxıb dayanır və nəfəsini dərirdi. Həm də sağ əlini sol tərəfdəki döş qəfəsinin üstünə qoyub hər ehtimala qarşı ürəyinin döyüntüsünü yoxlayırdı. - Şər deməsən, xeyir gəlməz, - düşünürdü ki, ürəklə zarafat eləmək olmaz. Dayandı, dayandı! Beşinci mərtəbəyə qal­xıb yaşadığı mənzilin mebel rəngi çəkilmiş dəmir qapısını taqqıldatdı. İçəridən səs çıxmadı. Boyu qısa olduğu üçün dabanını qaldırıb ehtiyatla zəngin düy­mə­sini basdı. İçəridə bildirçin cəh-cəh vurdu. Lakin yenə də hənirti gəlmədi. Səsə qonşuluqdakı professorun ar­va­dı çıxıb evin açarını ona uzadaraq:

- Anya Timofeyevna Doku gəzintiyə aparıb, - dedi: -İndilərdə gələr. Uşaqlar da Anyanın anasıgildədi.

Bəybala Sədirxanov qapını açıb içəri daxil oldu. Ev paltarını təzəcə əyninə almışdı ki, qapı döyüldü. Axşam gəzintisindən qayıdanlar idi. Bəybala əvvəl Anya Timo­feyovna ilə salamlaşıb, üzünü onun üzünə söykədi. Sonra Dokla görüşüb onun elektrik lampasının gur işığı altında parıldayan zil qara belinə, uzun və sallaq quy­ru­ğuna, tərtəmiz baş-gözünə dönə-dönə sığal çəkib, özü ilə yanaşı divanda əyləşdirdi. Dokun boynunu qoltuğuna alıb başını dizinin üstünə uzatdı. Dok enli qırmızı dilini çıxarıb səfərdən yenicə qayıdan sahibinin əlini, üzünü könülsüz-könülsüz yaladı. Anya Timofeyevna yemək süfrəsini düzəldə-düzəldə əzilib-buzüldü və Bəybala Sədirxanova:

- Oo! Bançik! Bilirsən Doku necə çox istəyirəm?? Çox etibarlıdı! Bir gün mənsiz... Amma sən üç gündə gedib-gəlmirsən. Dünən Doku yenə də təzə aldığım ətir­­li sabunla o ki var çimizdirmişəm. İki saatdan da çox­du dəniz qırağında gəzdirirəm. Yanımızdan ötüb keçənlər bilirsən Doka necə həsədlə baxırdılar?! Dok on­ları heç vecinə də almırdı. - Anya Timofeyevna bunu de­yib qırmızı pamadalı dodağını əydi.

Bəybala Sədirxanov Anya Timofeyevnanın sözünə qüvvət verərək təkəbbürlə:

- Bəs nə bilmişdin! - dedi. - Nazirin iti də gərək yekəxana olsun! Heç kəsi saymasın!

Ər-arvad gülüşdülər. Dok da sahiblərinin gülüşünü və onun adının çəkildiyini hiss edib, başa düşürmüş ki­mi iki dəfə ham... ham... elədi. Dokun qalın zəhmli səsi geniş otağın güllü ipək parça çəkilmiş divanını titrətdi. Bəybala Sədirxanov "nu... nu..." deyib Dokun  boynundan yapışıb özünə tərəf çəkdi və iti sakitləşdirdi. Anya Timofeyevna ərinin üstünə çəmkirdi və:

- Doku incitmə,-dedi. - İnsafsız! O, hikkəli-hikkəli itin boynunu ərinin qoltuğundan çıxarıb özünə tərəf çəkdi.

Dok yenə də bir neçə dəfə - ham... ham... eləyib hür­dü və sonra ağzını yumub içində qırıq-qırıq zin­gil­dədi. Anya Timofeyevna Dokun dilini bilirdi. O, ərinə yanmışlıq verərək:

- Bax, sən onu incitdin, - dedi, - bessovestnıy! Ona görə də hirslənib hürdü. İndi bax gör mənnən necə ra­zılıq eliyir. Bax də, bax! Gör necə zingildiyir! Gözlərinə su ver!

Ər-arvad gülüşdülər. Telefon zəng çaldı. Bəybala Sədir­xanov ayağa qalxıb telefona tərəf getmək istə­yəndə Anya Timofeyavna ondan qabağa düşüb əlini bərk-bərk telefonun üstünə qoydu və sonra da xısın-xısın:

- Telefonu götürmə, - dedi və əlavə  etdi:

- Bilirsən niyə?! Bu dar vaxtı, deyib qanını qaraltmaq istəmirəm. Anan naxoş kimidi. Qonşular dünən­dən azı on dəfə bura zəng vurublar ki, arvad xarabdı. Oğlunu istiyir.

Anya Timofeyevna ərinə qəmzəli nəzər salaraq:

- Qorxma, ona heç zad olmaz! - dedi. - Canı bərkdi. Yəqin yenə qrip-zad olub. Yanından yel ötməmiş qonşulara haray-həşir salır ki, qoymayın ölürəm. Yəqin yenə özünü əzdirir. Bançik, radi boqa, telefonu götürmə. Yəqin yenə qonşulardır. Qoy rədd olsunlar cəhənnəmə!! Səhər açılar baxarıq. Şoferi göndərərsən, gedib baş çəkər. Lazım olsa, dərmandan-zaddan alıb verər. Bir az da yal hazırlayaram aparar. Kaftar! Günümüzü qara eliyib! Gecənin bu vaxtında da qoymur dinc oturaq!..

Bəybala Sədirxanov:

- Nu... nu... Xoroşo! Xoroşo! Yasno! Yasno! Onda da­­vay telefonu tez o biri otağa keçir! - dedi. - Baş-beyni­mi­zi aparmasın! Mamaşa da xəstələnməyə vaxt tapıb, ə-?! Qocalıq belədi də! Qoymazlar yaşayaq!

Bəybala Sədirxanov anasının arxasınca xeyli deyindi, üstəlik də bir-iki söyüş söydü. Anya xanım həyat yoldaşının anası barədə dediyi incikli sözləri, harfa söyüşləri eşitdikcə onun Bəybalaya olan hörməti daha da artırdı. Çox vaxt ərini Dok qədər belə sayıb, onu vecinə almayan Anya xanım bu təhqirəmiz sözlərdən sonra Bəybalanın başına pərvanə kimi fırlanırdı. O, şən əhval-ruhiyyə ilə yan otağa keçib aynanın qabağında daranıb, bəzənib özünə sığal verdi. Sarışın sifətini təkrar-təkrar pudraladı. Qalın dodağına təzədən pomada vurdu, xəsislik etmədən fransız ətrilə başdan ayağa ətirləndi. Sonra xüsusi bir həvəslə yemək süfrəsi düzəltdi. Stola ləziz xörəklər, müxtəlif içkilər, şokolad qutuları düzdü. Bəybala qaşığı ağzına aparanda bir balaca çeçidi. Onun ağ və ütülü saroçkasına bir-iki xörək qırıntısı çırtdadı. Anya xanım dərhal yerindən qalxıb ərinin kürəyini yüngülvari yumruqladı və canıyananlıqla əlini onun alnına qoydu, saroçkasına düşən xörək qırıntılarını təmizlədi. Bəybala Sədirxanov ona göstərilən bu nəvazişin müqabilində Anya Timofeyevnaya dönə-dönə təşəkkür etdi. Ər-arvad şad-xürrəm şam edib ayağa qalxdılar.  Bəybala Sədirxanov adəti üzrə televizorun qabağındakı yumşaq divanın üstündə sərələnib, ayaqlarını da gen-bol uzatdı. Anya Timofeyevna üzərində təzə qəzet-jurnal olan alçaq və kiçik stolu divana tərəf sürükləyib, Bəybalanın baş tərəfinə yaxınlaşdırdı. Sonra jurnal stolunun üstünə limonlu çay, qoz, fındıq ləpəsi, cürbəcür şirniyyatlar qoydu və özü də keçib ərinin yanında ədəb-ərkanla əyləşdi. Dok onun qabağı yarıq yubkasının arasından görünən ağ və açıq baldırına baxıb bir-iki dəfə hürdü. Bəybala Sədirxanov Anya Timofeyevnaya tərəf yönələrək qolunu onun boynuna saldı və üzünü həyat yoldaşının təzəcə pudralanıb, ətirlənmiş sifətinə söykəyərək zarafatyana:

- Anya xanım, Dok da az bilmir ha! Görürsən, necə bic-bic hürür! - deyib bərkdən güldü.

Anya Timofeyevna ipək yubkasının ətəyini aşağı dartaraq, açıq baldırını örtməyə cəhd etdi və naz-qəmzə ilə:

- Ti çto, elə bilirsən məndən təkcə sənin xoşun gəlir?! Cazibədarlığımı bu Allahın dilsiz-ağılsız heyvanı Dok da duyub, başa düşür, - cavab verdi. - Məndən xoşu gəlməyən tapılmaz! Bircə o, başı gora titrəyən ağ yal mamulyaşkandan başqa. Allah vurmuşdu onu! Plevat xotela!

Ər və arvad nəşə ilə bir-birinə qısılıb televiziyada ge­dən "Qara eynək" ərəb filminə baxırdılar. Dok on­la­ra həsəd aparırmış kimi divanın yanında şöngüyub, hər­dən bədheybət ağzını geniş açıb dilini çıxardır və əsnəyirdi.

Yan otaqdakı telefon hər beş-on dəqiqədən bir aramsız zəng çalırdı. Onların hər ikisinə elə gəlirdi ki, bu telefon zəngi yox, Bəybalanın Əhmədlidəki birotaqlı mənzildə tənha həyat sürən və bu gün qızdırmanın içində olan xəstə anasının hənirtisidi. Ona görə telefonun dəstəyini nə Bəybala Sədirxanov qaldırdı, nə də ki, Anya Timofeyevna. Bəybala üzünü telefon olan otağa tərəf çevirib anasının ünvanına o ki var deyindi və bir-iki kəlmə nalayiq söz işlətdi. Anya Timofeyevna Bəybalanın başını bəyaz sinəsinə sıxıb onun alnındakı təri silə-silə:

- Radi boqa, qoy cəhənnəm olsun! Hər xırda şeydən ötrü əsəbiləşib, ürəyinizə salmayın! - dedi və bir balaca mingirlənib əlinin arxası ilə gözlərini ovuşdurdu:

- Dilim qurusun, sizin başınıza bir qəza-qədər gəlsə, bilmirəm bu dünyada necə yaşayaram?! Mənə kim sahib durar?! Axı sizdən başqa mənim heç bir ümid yerim yoxdu, - əlavə etdi.

Bəybala Bəşiroviçin qəlbi yuxaldı və:

- Nu, ne plaç, paşla ona k çortu! - deyib Anya Timofeyevnanın könlünü aldı.

Sanki Dok da sahibəsinin dilxorçuluğunu hiss edib, onun qarşısında quyruq bulayır və enli dili ilə Anya Timofeyevnanın xoş rayihə saçan əl-ayağını yalayırdı.

Saat ona az qalırdı. Anya Timofeyevna yataq otağına keçdi. Bəybala Sədirxanov adəti üzrə evin bir küncündə qoyduğu şahmat kompüteri ilə qabaq-qənşər dayanıb bir neçə oyun keçirdi. Lakin məğlub olduğundan kompüteri söyüb yamanladı və pərt halda ayağa qalxdı. Anya Timofeyevnanı səksəndirib yuxudan oyatmamaq üçün dabanlarını qaldırıb, pəncəsinin üstündə ehtiyatlı addımlarla çarpayısına tərəf yönəldi...

Sübhün şəfəqləri söküləndə Sədirxanov yenə də ehtiyatla çarpayısından qalxıb paltarını geyindi. Anya xanım hələ yuxudan oyanmamışdı. Bəybala mətbəxə keçib özünə çay qoydu, soyuducudan yağ-pendir çıxartdı. Dok da onnan hərlənirdi. Bəybala zavallı itə bir-iki tikə kolbasa uzatdı. Dok sahibinin verdiyi yeməyi hə­vəslə marçıldatdı. Bəybala Sədirxanov gözucu saatına bax­dı. İş vaxtının başlanmasına az qalırdı. Bəybala An­ya xanımla xudahafizləşmək üçün onun yataq otağının qapısını ehtiyatla aralayıb başını içəri saldı. Anya yanı üstə yatmışdı. Onun rənglənmiş qısa, qıvrım saçları üzünə dağılmışdı. Bəybala onun əsəbləşə biləcəyini nəzərə alıb, qadını yuxudan oyatmağa cəsarət etmədi və yataq otağının qapısını ehmalca örtüb, geri döndü. Asılqandakı papağını başına qoyub, içərisində idarə sənədləri olan qara papkasını qoltuğuna vurdu. Dok onu ümumi qapıdan çıxana qədər müşayiət etdi...

Bəybala Sədirxanov liftlə beşinci mərtəbədən aşağı enib, bayaqdan bəri onu gözləyən sürücüsünə salam vermədən, "Volqa"nın arxa qapısını açıb, maşının kabinəsinə keçdi və şoferə dilucu:

- Davay, gedək, - dedi.

Maşın tərpəndi. Sürücü məsələdən halı idi. Bilirdi ki, nazirin şəhərin ucqarındakı tək otaqlı mənzildə tənha həyat sürən anası ölüm ayağındadır. Turac da ki, bir Turacıdı! Cavanlığında aya deyirdi sən çıxma, mən çıxım, günə deyirdi sən çıxma, mən çıxım! Küllü aləm onun gözəlliyinə həsəd aparırdı.

Cahıl-cuhul Turacın qəddi-qamətinə hayıl-mayıl ol­muş­du. Di gəl ki, axırı bəd gətirmişdi. Birçəyinin bu ağ vaxtı yaman günlərə qalmışdı. Ona-buna lağ loğaz yeri olmuşdu. Əlində, ovcunda böyüdüb, boya-başa çatdır­dığı bircə madarı Bəybala idi, o da bax beləcə bivec çıx­mışdı. Oğlu evlənəndən sonra ondan soyumuşdu. İllah da ki, yuxarı vəzifəyə keçəndən bəri, hələm-hələm onun həndəvərinə üzükmürdü. Bəybalanın özünə qalsa, bəlkə də anasına pis olmazdı. Məsələ orasındaydı ki, o gecə mollası Anya Timofeyevna başbir yastığa  qoydu­ğu­nun qulağını necə doldurmuşdusa, Bəybalanın Tu­ra­cı görən gözü yox idi. Bəybala   el-obanın töhmət tənə­si­nin dərdindən hərdən anasına baş çəkəndə və ya ona köh­nədən-kültədən bir şey göndərəndə evdə qan düşür­dü. Anya cin atına minib Bəybalanın gününü göy əskiyə düyüb, həftələrlə onun yediyini-içdiyini zəhrimara dön­də­rirdi. Oğulun anaya göstərmək istədiyi bir balaca xoş sifət ailədə qanqaraçılığı yaradırdı. Onun dərdindən Bəybala anasından gen qaçırdı ki, qulağı dinc olsun. Ayda-ildə bir dəfə Bəybalanın saatının  xoş vaxtına düşəndə, xəlvətə salıb anasına tələm-tələsik baş çəkirdi və onda da Turacı dilə tutub, onunla bu cür təsa­düf­dən-təsadüfə görüş­mə­si­nin səbəbini guya ki, işinin çox­luğu, başının bərk qarı­şıq olması ilə izah edirdi. Sonra da onun könlünü al­maq üçün çəlimsiz, zəif anasını qucaqlayıb, o üzün­dən, bu üzündən öpərək:

- Mamulya, bilirsən səni necə çox istəmişəm! - deyib üstəlik də "Ana" mahnısını yamsılayıb, zümzümə edirdi ki, onu yumşaldıb könlünü alsın.

Turac oğlunun hənirtisini eşidəndə üzdə bir balaca eyni açılsa da, içəridən qovrulurdu. Bir dəfə Turac oğluna nisgilli nəzər salıb, dərindən ah çəkdi:

- Eh, ay oğul! Ay oğul! -dedi, - üzdə dediyin bu söz­lər­dən bir şey çıxmaz! Uşaq üzü əlləmirsən ha! İndi­yə­cən annamaz olmuşam! Sən demə, əsl anan Turac yox. Anya xanımmış! Səni Anya doğub-böyüdüb! Sənə An­ya döşlərindən süd verib! Beşiyin başında yuxusuz gecələr keçirən elə Anyaymış, mən yox!..

Onda Bəybala yenə özünü bilməzliyə vurub, anasını qucaqlayaraq:

- Nu! Nu! Sən düz deməmişdin, - cavabını verib əla­və etmişdi: - Mamulya, bilirsən nə var?! Mən axmaq, ağıl­sız oğul olmamışdım! Yaxşı bilmişəm ki, arvadı də­yiş­mək olar, ananı yox! Başıma bir iş gəldi! Ölüb elə­dim! Ömrümün axırınacan məni sən ağlamışdın, arvad yox! Arvad ya birinə gedəcək, ya da ki, özünə məşuqə ta­pacaq! Mən çox diplomat vəzifələrdə işləmişdim, bu­nu yaxşı başa düşmüşdüm. Sən mənim əziz, mehriban anam olmusan! Anya Timofeyevna, idi k çortu! Sən istədin, onu bu gün qovaram!

Gənclik və gözəllik təravətindən əsər-əlamət qalmayan Turac oğlunun qeyrətinə, onun hərdəmxəyallığına əzəldən bələd idi. O, dərin qırışlar düşmüş qansız sifətinə tökülən ağ saçlarını barmaqları arasında nimdaş kəlağayısının altına tərəf darıya-darıya titrək səslə:

- Sağ ol oğul! Hörmətin artıq olsun! Mənim üstümdə də heç kəsi döyüb, söymə! Elə ayda, ildə üzünü bir dəfə görürəm, indiki zəmanada maa o da bəsdi! Buna da çox şükür! Mənim də ki, ömrumə nə qalıb?! Günortadan əyilmiş günəş kimiyəm. Yuxumu da görmüşəm. Elə bu gün-sabahlığam. Təki sizin gününüz xoş keçsin.

Turac xəyallanıb dəyintili-nisgilli sözlərinə fasilə verdi və sonra oğlunun üzünə baxmadan:

- Ay oğul, - dedi, - atalar məsəlidir: ağacı kəsərsən, səmtinə yıxılar, axı Anyalar, Tanyalar hara, mən hara?! Aparıb sümüyümüzü it sümüyünə caladın. Axırda da səni necə çöndəribsə, maa gündə üç dəfə sığal çəkib, o evin yuxarı başına keçirdiyin itcən də hörmət qoymadın. İndi də başlamısan ki, mamulya! Mamulya! Bu sözlərin hamısı boğazdan yuxarıdır. Mamulya zad deyiləm! Mamulyaların o de evdədir. Mən mamulyan olsaydım, kölgəndə hərlənərdim, tay tək-tənha gəlib bu itin quduran yerində ömür çürütməzdim! Get oğul! Get! Dərdimi tərpətmə! Saçımın bu ağ vaxtında tay maa o cürə dillər lazım dəyil. Oğul, onsuz da əlimi səndən üzmüşəm.

Bu sözləri elə bil daşa deyirdin. Bəybala anasının ona vurduğu giley-güzarı bu qulağından alıb, o qulağından ötürürdü. Əslində Bəybala anasının işlətdiyi dəyintili sözlərin çoxunu anlayıb dərk edə bilmirdi. Çünki Bəybala rus dilində oxuyub danışmağı vərdiş eləmişdi. Öz ana dilində nə düz əməlli danışırdı, nə də ki deyilənləri tam dürüst başa düşürdü.

Ananın bu cür giley-güzarı Bəybalanı daha da bezikdirirdi. Bəybala axır vaxtlar heç aylarnan anası tərəfə üz çevirmirdi. Eyninə belə gətirmirdi ki, Turac acdı, yoxsa toxdu. Hökumətin ona verdiyi beş-on manat pensiya pulunun ümidinə idi. Bir də ki, qonum-qonşu insafa gəlib süfrənin artıq-urtuğundan nə versəydilər, o idi. Buna baxmayaraq, yenə də necə olsa, ana qəlbi idi. Turacın gözü yoldaydı, qulağı səsdə. Ci­yər-parasının boyunu görmək, səsini eşitməkdən ötrü bur­nunun ucu göynəyirdi. Ancaq tale elə gətirdi ki, bu dəfə Turacın qapısını əzrayıl Bəybaladan qabaq açdı... Lakin Turac əzrayıla can vermirdi. Onun yastığının ba­şına toplaşıb ağı quran qonşu arvadlar öz aralarında pıçıl­daşırdılar ki, yəqin oğlunu gözləyir. Bəybalanın quruca qaraltısın görsəydi, canını çoxdan tapşırmışdı. Tay əcəllə bir belə əlləşib, əzab-əziyyət çəkməzdi.

Bəybalanın evinə neçə dəfə sifariş göndərmişdilər ki, anan ölüm ayağındadı, bircə səni deyib durub. Gəl ayaq üstə beşcə dəqiqəliyə gözünə görük, halallıq ver, bir belə əzab çəkməsin. Sonra da ölüm Allah əmridir. Sənni, bizli yığışaq, köməkli cənazəsini yerdən qal­dı­raq. Aparıb torpağa tapşıraq qurtarıb getsin. Di gəl ki, bu sözü Bəybalaya kim çatdırırdı?! Telefon zənglərinə də ki, cavab verən yox idi. Həkimlər neçə gün qabaq xəs­təyə baxıb demişdilər ki, bu dəfə onunku sağalmaqdan keçib, üzü o tərəfədi. Həkimlərin sözündən sonra ha­mı Turacdan əlini üzmüşdü. Arvadlar xısın-xısın da­nı­­şırdılar ki, yəqin gözləməsi var, gəlməsə, keçinən deyil. Oğlu bircə dəqiqəliyinə gözünə görüksəydi, canını çoxdan tapşırmışdı.

Sürücü də, Anya xanım da əllərinin içi kimi bilir­di­lər ki, Turacın ələyi ələnib, xəlbiri də göydə fırlanır. Onun­ku artıq o dünyalıqdı. Turacın ölümlə əlləşdi­yin­dən bircə Bəybala Sədirxanov xəbərsiz-ətərsiz idi. Sü­rü­cü də Anya xanımdan gözü necə qorxurdusa, dilin­dən qıfıl götürüb nazirinə bu barədə bircə kəlmə də ol­sun söz demirdi. Daxilən öz-özünə düşünürdü: "Nəyimə gərəkdi! Səhər-səhər nazirə bəd xəbər verim, onun da qanı qaralsın. Sonra da gözünü yumub, ağzını açıb, dili­nin zəhərini üstümə töksün. Qabırğama bir "vaşumat" kəl­məsi də ilişdirib, sonra ölümü-dirimi yağlayıb qoysun orada". Odur ki, dinməz-söyləməz sükandan ya­pı­şıb, gözlərini qırpmadan qabağa baxır və çalışırdı ki, ma­şını çala-çuxurdan elə sapdırsın ki, Bəybala Bəşi­ro­viç hirslənib ona dişinin dibindən qopanı deməsin.

Bəybala Sədirxanov maşının arxa kabinəsinin sağ kün­cündə bəxtindən, taleyindən razı halda sakitcə əy­ləş­mişdi. Maşın hündür binaların arasında qıvrılan as­fa­lt yolla irəlilədikcə hərdən qəddini irəli əyib ətrafa tə­şəxxüslə nəzər salırdı. Dünənki iclasda onun barə­sin­də deyilən xoş sözlərin, təsiri ilə hələ də nəşələnirdi. Ma­şın irəlidəki döngədən sağa burulanda sürücü ilə məzələnməyə başladı və ona yarızarafat bir atmaca tulladı:

- Nu, batya! Səndən bir söz soruşum!

- Bəybala Bəşiroviç buyurun, eşidirəm sizi - sürücü ona tərəf baxmadan dilləndi.

- Qulağım çalmışdı ki, orda-burda mənə bambılı deyirlər, bu düzdür?! Sən belə söz eşitdin?!

Sürücünün sifətinə xəfif qızartı çökdü və başını bulayaraq:

- Bəybala Bəşiroviç, -dedi, - vicdan haqqı öm­rümdə belə söz eşitməmişəm! Ancaq onu bilirəm ki, hamı siz­dən yerdən göyəcən razıdır. İşçilər deyir ki, hələ indi­yə­nə­cən bizə belə yaxşı nazir gəlmiyib.

Bəybala Sədirxanov vəcdlə:

- Nu! Ne padlizıvaysya, skaji çestno! Sürücü dillənmədi, müti görkəm alıb çiyinlərini çəkdi. Bəybala Sə­dir­xanov yenə soruşdu:

- Ya niznayu, çto takoy bambılı! Bəlkə balvan demək istəyirlər?!

- Bəybala Bəşiroviç, nəyə deyirsiniz and içərəm, bu sözün mənasını dəqiq bilmirəm. Axı yalandan sizə nə de­yim. Ancaq camaat arasında danışılana görə oturu­şu­­nu, duruşunu, sözünün yerini bilməyən, yüngül adam­lara bambılı deyirlər. Allaha şükür, respublikada iki sayılan-seçilən adam varsa, onun biri sizsiniz. Xalq da sizi sevir... Bambılı sözünün sizə nə aidiyyəti ola bilər?!

- Vot! Malades, "batya". Sən əsl mənim adamım ol­mu­san! Səni yanıma şofer gətirməkdə səhv eləməmişdim!

Nazir söhbətin istiqamətini dəyişərək,  bir qədər həyəcanla:

- Hə! hə! Yaxşı yadıma düşdü, piririvə yaxın bəlkə səni ticarət bazalarının birinə, ya da ki, kubinka bazarına göndərdim, - dedi, - yadıma salarsan. Eşitdiyimə gö­rə yaxşı şubalar gəlib. Mütləq danışıb birini götürmə­li­yik. Anyanın şubası köhnəlib. Nazir sifətini turşudaraq:

- Köhnəlib deyəndə, təptəzədi, elə bu il almışam. Ancaq Anya hər gün deyinir ki, bu moddan düşüb. Bir də ki, indi şəhərdə hamı onnan geyinir. Ona görə də aldığım şuba Anyanın gözündən düşüb, tay əyninə almır.

Nazir istehza ilə gülərək oturduğu yerdə sağa-sola burulub gərnəşdi:

- Anyanı da qınamıram, elə düz deyir də, - dedi. - Nazir arvadının geyindiyindən hər adam geyinirsə, tay bu olmadı ki!!

Sürücü diqqətini qarşıdan gələn maşınlardan yayın­dır­madan, nazirin dediklərini təsdiq etmək mənasında, yün­gülcə gülümsünüb başını yırğaladı, ancaq dillənmə­di. Maşın nazirliyin yerləşdiyi binanın qabağına çatanda şuba söz-söhbəti kəsildi.

Seçkilərə hazırlıqla əlaqədar olaraq binanın nəzərə çarpan yerlərində müxtəlif şüar və plakatlar asılmışdı. Bəybala Sədirxanovun baxışları tünd-qırmızı parçanın üzərinə iri, ağ hərflərlə yazılmış - "Vətənin ən ləyaqətli övladlarını ali xalq hakimiyyətinə..." sözlərinə, bir də ki, özünün şəkli və qısa tərcümeyi-halı olan rəngli plakata sataşanda onsuz da xoş olan ovqatı daha da duruldu. Onun elektrik ülgücü ilə təzəcə qırxılıb ətirlənmiş gümrah sifətinə xəfif təbəssüm yayıldı və ümumi qapıdan şəstlə içəri daxil olub ayaqlar altında sürtülüb, bülövlənmiş daş pilləkənlərlə yuxarı mərtəbəyə qalxdı.

Nazirin imkanı olsaydı, bu günlər qanad açıb uçar­dı. Tay ayağının birini götürüb, o birini qoya-qoya sü­r­tül­müş daş pilləkənlərlə addımlamazdı, çünki ara-bə­rə­də söz-söhbət gəzirdi ki, onu bu gün, sabah baş nazir qoyurlar və iş adamlarının dediyinə görə yuxarılarda bu məsələ artıq həll olunub...

Nazirin sərəncamını gözləyən sürücü isə bir kənarda lal-dinməz dayanıb öz xəyal dünyasına qapılmışdı. Yad­daşındakı təzadları getdiyi və gedəcəyi enişli-yoxuşlu yollara çözələyib, gərdişi-dövranın belə-belə işlərini saf-çürük eliyirdi. Həm də ona elə gəlirdi ki, nazirliyin ağ mərmərdən üzlük çəkilmiş möhtəşəm binası şəhərin ucqarındakı tənha komada ağı deyənlərin yanıqlı səsini duyub və binəva Turaca qoyulacaq başdaşı kimi qəbir sükutuna dalıb...

Bəybala isə başqa aləmdəydi. O, taleyindən razı halda geniş və rahat kabinetində əyləşib, gah qarşısındakı armudu stəkanda buğlanan çaydan bir qurtum içir, gah da ara vermədən cingildəyən telefonların dəstəyini qaldırıb onunla danışanların mövqeyindən asılı olaraq bəzən mütiləşir, bəzən də hökmran bir görkəm alıb, hansı zavallınınsa heysiyyətini alçaldıb ayaq altına salırdı. Onun qarşısında əyləşən İsmixan İsmiyev itaətkar baxışları ilə nazirin bu cür ədalarını təqdir edirdi.

Günorta fasiləsinə yaxın elə bil hardansa bir müxalif ruzgar əsdi. Şəhərin küçə və meydanlarında qarışıqlıq başlandı. Adamlar bir-birinə dəydi. Müxtəlif səmtlərdən yanğın söndürən maşınların həyəcan siqnalları eşidildi. Bu, xoş keçən isti yaz havasında qəflətən başlayan qar çovğununu xatırladırdı. Minlərlə adam iqtidar sahiblərini lənətləyə-lənətləyə:

"İstefa! İstefa" - deyib, küçələrdə haray çəkirdilər. Bu insan seli orda-burda şahə qalxıb, bəzi hökumət ida­rə­lərini bürüməkdəydi. Bəybala Sədirxanovun əy­ləş­di­yi möhtəşəm bina, səbr kasası dolmuş saysız-hesabsız adam­lar tərəfindən əhatəyə alınmışdı. Həyatından bez­miş bir dəstə gənc binanın qarşısında dar ağacı dü­zəl­dirdi. - Bəybala Sədirxanova ar olsun!!! İstefa! - ni­da­ları bu ağ binanın divarlarında əks-səda doğururdu. Bütün nazirlik lərzəyə gəlmişdi.

Bəybala Sədirxanovun bayaqkı şən əhval-ruhiy­yə­sindən əsər-əlamət qalmamışdı. Onun dil-do­dağı təpimişdi. O, qorxa-qorxa başını pəncərədən çölə çı­xardıb həyəcanlı baxışları ilə nazirliyi dövrəyə alan say­sız-hesabsız adamlara ikrahla nəzər saldı. Onların dilin­dən qopan həqarətli sözləri eşidəndə udqundu. O, daz başını çiyinlərinin arasına qısmış İsmixan İsmiyevə həmin izdihamı işarə edərək, boğuq bir səslə:

- İsmixan Süleymanoviç, çto takoy mustafa! Mustafa! - soruşdu.

İsmiyevin dizləri əsə-əsə:

- Bəybala Bəşiroviç, - dedi. -O vicdansızlar Mustafa demir, sizi istefaya çağırırlar!

Bəybala Bəşiroviç bu sözü eşidəndə özünə gələn kimi oldu. Bu sərxoş adamın birdən-birə ayılmasına bənzəyirdi. Nazir qalın qaşlarını aşağı sallayıb düşündü: "Paho, nə pis yerdə axşamladıq!" Sonra o, qəzəbləndi və əsəbi halda kabinet boyu tələsik addımlarla o baş-bu başa var-gəl edərək, onu istefaya çağıranları söyüb yamanlamağa başladı və birdən ayaq saxlayıb üzünü İsmixan Süleymanoviçə tutaraq baş barmağını şəhadət barmağı ilə orta barmağın arasına keçirdi:

- Vot!!! Mustafa!!! Bircə onu görməzlər!!! Qoy nə qədər bacarırlar Mustafa! Mustafa! - deyib bağırsınlar! Ölsəm də, ölsələr də, bu vəzifədən gedən deyiləm!

Ancaq belə bir ağır məqamda inad etmək əbəs idi. Çünki istefa çağırışları dünənki iclasdakı alqışlardan qat-qat gur səslənirdi. Təngə gəlmiş məxluqun qəzəbindən xilas olmaq çətin idi...

 

1992-ci il

 

                                                             

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com