|
FELYETONLAR
AĞCAQANAD
Bu barədə elmi söhbət açmaq fikrində deyilik. Məsələn, bəzi-bəzi məxəzlərə əsaslanıb deyək ki, ağcaqanad ikiqanadlıların uzunbığlılar yarımdəstəsinin bir fəsiləsidir. İki mindən çox növü var. Sancıb soran tiplidir. Yumurtasını suya tökür. Erkəkləri əsasən çiçək şirəsi ilə qidalanır. Dişiləri heyvan və insan qanını sorur və s. və i.a. Bir də ki, axı ağcaqanadın yör-yöndəmi nədir ki, onun biologiyası barədə yerli-yersiz mərəkə qurub, müzakirə açasan. Hamı bilir ki, son illər kənd rayonlarında kökü bir qədər kəsilib, fəsadları aradan qaldırılıb. Amma... Amma di gəl ki, şəhər yerlərində xeyli-xeyli artıb. Xüsusilə, Bakı şəhərində. Uşaqdan tutmuş böyüyəcən ağcaqanadın necə vızıldadığına, necə sancdığına və nə kimi həngamələr törətdiyinə yaxşı bələddirlər. Odur ki, bu haqda uzun-uzadı izahat verməyə dəyməz. Bircə onu əlavə edə bilərik ki, respublikamızda hələlik vur-tut 24-cə növü məlumdur. Amma indi sən gəl, bu başı darıdan kiçik, ayaqları tükdən nazik, uzunbığ, iynəxortum şoğəribin həmləsinə bax də?! Axşam ki düşdü, qoşun çəkib hücum edir parklara, bağlara, uca-uca binalara! Hünərin var eyvana çıx və ya bir balaca qapı-pəncərəni açıq qoy! Zurna-balaban çala-çala biri yapışacaq qulağından, biri qonacaq boynuna... Oğulsan, tab gətir. Əgər əlbəyaxa olub beşinə dov gəlsən, on beşi yenidən peyda olacaq. Gəl görüm, necə duruş gətirirsən?! Belə yerdə deyiblər - igidlik ondursa, doqquzu qaçıb qurtarmaqdır, biri də gözə görünməmək. Bəli, şəhər ağcaqanadlarından yaxa qurtarmaq üçün başqa çarə yoxdur. Bu qoşaqanad, uzunbığ, başı balaca müzürlər gecələr dönürlər şiri-nərə. Yaşlılar az-çox dözürlər. Tifil uşaqların isə çığırtısını qaldırırlar ərşə. Pəhləvan cüssəli, yaraqlı-yasaqlı adamların şirin yuxusuna haram qatıb, rahatca yorğan-döşəklərindən qaldırırlar ayağa. Əlqərəz, bu lənətə gəlmiş ağcaqanadların özləri bapbalaca olsa da, söz-söhbətləri çox böyükdür. Axırda iş o yerə çatıb ki, qəzetçilər də bu şoğəribin söz-söhbətinə qoşulublar. Necə qoşulmayasan?!
Əlbəttə, burada küçəbəküçə: - Stari veş, stari veş! Ay stari veş! - deyib, sübhün şirin yuxusuna haram qatanlardan və ya taxtabitilərin, birələrin gecələr yatmağa macal verməməsindən danışıb, "Molla Nəsrəddin"in neçə il bundan əvvəl yazdıqlarını təkrar etmək istəmirik. İnsafən, indi buna o qədər də ehtiyac yoxdur. Lakin son vaxtlar Bakıda peyda olmuş bu özü balaca, fitnə-fəsadları böyük şəhər ağcaqanadlarından yazmağa dəyər və lazımdır. Məsələn, iş vaxtının qurtarmasına az qalmış bir nəfər hündür boylu, orta yaşlı, ağır çəkili, ərşin addımlı adam təpildi içəri və:
- Ağcaqanad! Ağcaqanad! - deyib əl uzatdı və özünü tələm-tələsik təqdim etdi.
Mat qaldım. Düzdür, belə ad eşitməmişdik. Dedik ki, yəqin adı Ağcadır, çaşıb "qanad" kəlməsini də əlavə edib. Sonra da düşündük ki, nə çoxdur bizim şəhər və kəndlərimizdə əcaib-əcaib adlar: Medal, Nazir, Şair, Pəhləvan, Malçı, Pobeda, Volqa, Traktor, Yolçu... Yəqin bu adamın da adı elə Ağcaqanaddır. Lakin məlum oldu ki, onun adı nə Ağcadır, nə də Ağcaqanad. Aslandır! Ağcaqanadlar o boyda Aslanı necə zinhara gətiriblərsə, cücəyə dönüb. Görün başına nə gəlib.
- Dəniz kənarında dördotaqlı ev aldım. Dost-tanışlarım xeyir-dua verdilər. Arvad dedi ki, a kişi, yaz gəlsəydi, bu axar-baxarlı balkonda qabaq-qənşər əyləşib, ilk sevişdiyimiz çağları yadımıza salardıq. Pürrəngi çay içə-içə Xəzərin maviliklərini, Dənizkənarı parkı, fəvvarələri doyunca seyr edərdik... Bəli, qış ötdü, yaz-yay gəldi. Bürkülü bir havada axşamçağı balkona çıxdıq. Çıxmağımıza da peşman olduq. Ağcaqanadlar yarımca saat oturmağa aman vermədi. Yeddi uşaq, iki də biz. Doqquz adam ağcaqanadlara qalib gələ bilmədik. Təslim olub geri çəkildik. Otağa keçib qapı-pəncərəni də bərk-bərk bağladıq. Gecənin yarısı vızıltı başlandı, nə başlandı! Sonra hər otaqdan bir vahiməli səs: "Papa, qulağım getdi!", "Mama, üzümü dişlədi!", "Nənə, burnum göynədi!"
Aslan alnının tərini silib nəfəsini dərdi. Və həyəcanla sözünə davam etdi:
- Başınızı nə ağrıdım! Yuxumuz qaçdı. İşıqları yandırıb birimiz papaq, birimiz jurnal, birimiz qovluq, birimiz döşəmə ağacı götürdük. Döyüş başlandı! Uşaqlar kiş-kiş edib küncdə-bucaqda gizlənənləri uçurdur, mən, arvad, bir də böyük gədələr göydə vurub salırdıq. Bir irisi çilçırağın asıldığı yerə qondu. Fürsəti fövtə vermədim. Döşəmə ağacını necə qolazladımsa, arvadın cehiz gətirdiyi büllur çilçıraq çilik-çilik oldu. Kaş özcə qolum sınaydı. Ağcaqanad döyüşü yaddan çıxdı. Arvadla mənim vuruşmam başlandı. Arvad başını yolub dedi ki, qəsdən eləmisən!!! Elə çoxdan deyinirdin ki, atam başını aldadıb, büllur çilçıraq verib! İndi bogema moddadır! Mən də nə qədər and içib, aman etdim ki, qəsdən eləməmişəm, inanmadı. Axırda arvad düz üç ay, üç gün, üç saat, üç dəqiqə atası evində küsülü qaldı. Çox get-gəldən, minnət-sünnətdən sonra yola gətirdim, barışdıq. Bu hadisə təkrar olunmasın deyə, dəniz kənarından aralaşdım, dördotaqlı mənzilimizi Nərimanov prospektində üçotaqlıya dəyişdim. Ancaq yenə də faydası olmadı. Yağışdan çıxıb yağmura düşdük. İndi də Nizami, Nəsimi, Binəqədi, Suraxanı rayonlarında ağcaqanad olmayan bir yer tapa bilmirəm ki, üçotaqlı mənzilimi ikiotaqlıya dəyişim. Həmin rayonlarda vəziyyət daha gərgindir. Gözlər olsun görməsin. Ağcaqanad intensiv yolla artır.
O, əyləşdiyi stulu irəli çəkib, bir az da mənə tərəf yaxınlaşdıraraq:
- Bir xahişim var.
- Buyurun.
- Buyurmağım odur ki, axşamlar ailəlikcə keçmişik ağcaqanaddan özünümüdafiəyə. Hər ailə başına iki milçəköldürən almışam. Ancaq o qədər də kara gəlmir. Çünki zərbə təsiri azdır. Vuranda tam öldürmür, yarıcan edir. Çoxu da sonradan dirilir. Əgər milçək yox, ağcaqanad öldürən istehsalına başlansa, əla olar. Həm də nəzərə almaq lazımdır ki, indi ağcaqanadın artımı milçək artımını üstələyib. İkincisi də, müxtəlif adlı həşəratları məhv etmək üçün müxtəlif adlı da əşya lazımdır. Sapı azı bir metr yarım olmalıdır. Tavana qonan ağcaqanadlara səmərəli həmlə edib, sərrast zərbə endirmək üçün bu çox sərfəlidir. Onda istehsalatçılar da qazanar, istehlakçılar da, ağcaqanadların əlindən axar-baxarlı eyvanlarından didərgin düşən mənim kimi zavallı şəhər sakinləri də...
Bu cür giley-güzarlar məgər birdir, beşdir?! Bir nəfər şəhər sakininin dedikləri Bakının idarələrində dildən-dilə düşüb:
- Nənəm kənddə yaşayır. And içib ki, yayda Bakıya ayaq basmaram. Deyir ki, ağcaqanadlar doyunca yatmağa qoymur. Amma necə olsa nənə ürəyidir. Dözmədi, yayın cırhacırında gəldi. Xeyli də sor-sovqat gətirmişdi. Motal pendiri, dəri yağı, sac arası... Ancaq bağlamanın birindən nə çıxsa yaxşıdır?! Odun qırıntısı, təzək, gərmə. Təəccübləndim. Nənəm dedi ki, bııııy, ay bala! Elə ağcaqanadın qənimi budur, dayna! Qədimdə imkanı olanlar ağcaqanadın əlindən gecələr ya talvara dırmaşar, ya da miçətkənə girərdilər. İmkansızlar da gərmə, təzək tüstülədərdilər. Ağcaqanadın qənimidir! Tüstü olan yerə qəti səmt düşməz. Gələndə fikirləşdim ki, nə çoxdur, şəhər eyvanlarında ocaq qurub, kabab bişirənlər. Balam da olsun onların biri. Axşam balkonda ocaq çatıb kabab bişirər, sonra da yerində təzək, gərmə tüstülədərik. Balamın da, balamın balalarının da canı ağcaqanadlardan qurtarar. Elə mənim də...
Düzü, bu tüstü məsələsi məni açmadı. Şəhər elə onsuz da zavod, fabrik, avtomaşın tüstüsünə məruz qalır. Bu təzək tüstüsü də bir yandan. Ancaq nənəmin sözünü yerə sala bilmədim. Dediyi kimi də elədim... Gecənin bir vaxtı üzümə su çiləndi. Səksənib yerimdən qalxdım. Nə gördüm?! Yanğına qarşı mübarizə maşınları binanı mühasirəyə alıb. Su şlanqları düz balkonumuza tuşlanıb. Onlar elə biliblər ki, binada yanğın baş verib. Qonum-qonşular tamaşamıza çıxdılar. Lap biabır olduq. Xəcalətimdən başımı aşağı dikdim. Görüm lənətə gəlsin bu ağcaqanadları!..
El ağzı - yel ağzı, deyiblər. Kimin ağzını yumasan?! Son günlər hansı məclisə düşürsən, söz-söhbət ağcaqanaddandır. L.N.Tolstoyun bir təmsilindən ağcaqanadın şiri vuruşa çağırmasını və ona qalib gəlməsini bilirdik. Amma tay bu boyda yox! Səhər ki açılır, Bakının metro qatarlarında, tramvaylarda, avtobuslarda qəribə-qəribə mənzərələr, əcaib-əcaib əhvalatlar... Mürgü vuran kim, işə gecikən kim, ağcaqanadların döyüş səhnəsini həyəcanla təsvir edən kim... "Uşağın dırnağını gündə tuturam. Uzananda ağcaqanadların sancdığı yeri qaşıyır, yeri yara olur"; "Mən tənziflə sarımışam ki, üz-gözünü didib dağıtmasın"; "Ətriyyat dükanlarında Allahın bu "Qvozdika"sıdır-nədir, o da qəhətə çıxıb. Olanda da satıcılar özləri götürür. Az bilmirlər ha, əl-ayağa, üz-gözə sürtəndə ağcaqanad yaxın düşmür".
Əlqərəz, əcaib-əcaib söz-söhbətlər, qəribə-qəribə qeybətlər, müxtəlif-müxtəlif giley-güzarlar.
Ancaq bu məsələdə kimi və necə günahlandırasan?! Bax, bu barədə dərindən götür-qoy etmək gərəkdir. Əgər qabağımıza sayğac qoyub hesablama aparsaq, görərik ki, bu məqsəd üçün donluq alanların sayı, ağcaqanadların sayından heç də az deyil. Burada onların siyahısını dərc etməyin nə mənası?! Onsuz da bu işdə heç kəs təqsirini boynuna götürmür. Hamısı obyektiv və subyektiv dəlillərlə sübut etməyə çalışır ki, təqsir məndə yox, başqasındadır. Düzdür, burada həlli çətin, həm də uzun vaxt tələb edən bəzi məsələlər var. Bununla yanaşı, özümüzə borc bilib soruşuruq: Bəs mümkün tədbirlərin görülməsi necə? Təəssüf, min təəssüf! Alınan cavablar ağcaqanadlardan yaxa qurtarmağa təminat vermir. Bakının sanitar-epidemioloji stansiyalarındakı bəzi sənədlərə nəzər salanda elə təsəvvür yaranır ki, həkimlər və dezinfektorlar dəridən-dırnaqdan çıxıb, qan-tərə batıb hər cür həşəratlara, gəmiricilərə, xüsusilə ağcaqanadlara qarşı ciddi mübarizə edirlər. Hər yerdə vaxtlı-vaxtında, özü də keyfiyyətli dərmanlama aparılır. Bu hesabla gərək ağcaqanadların kökü çoxdan kəsilmiş olaydı və məktəblilər bu ada yalnız dərsliklərdə rast gələ biləydilər. Söhbətin bu yerində elə ki ağcaqanadlar başlayır vızıldamağa, şəhər sanitar-epidemioloji stansiyasının mütəxəssisləri söhbətin istiqamətini dəyişib deyirlər ki, Bakıda zirzəmisi su ilə dolu iki mindən çox bina qeydə almışıq. Beş yüzdən artıq saz nasos lazımdır ki, vaxtlı-vaxtında bu suyu çəkib bir kənara axıtsın, beləliklə də, ağcaqanadların törəmə mənbəyi ləğv olunsun. Ancaq bu boyda şəhərdə vur-tut ikicə yüz nasos var. Onun da çoxu həkimlərin dili ilə desək, qızdırmalıdır. Yəni, tez-tez xəstələnir, axsayır, asqırır, öskürür... Bir sözlə, nasoslar nasazdır. Təzəsi çətin tapılır, köhnəsini də təmir etmək üçün maddi-texniki baza yoxdur. Başqa bir məsul başbilən də burnunu dik tutub, qaşlarını çatıb, sifətini turşudub, dodağını büzüb iddia edir ki, bunun bir səbəbi də budur ki, təzə tikilib istifadəyə verilən binalarda su izolyasiyasının normal vəziyyətdə olmasına əhəmiyyət verilmir! Bu məsələ ilə nə sifarişçi təşkilatlar maraqlanır, nə də ki, icraçılar!
Xülasə, hamı fikir yürüdür, söz güləşdirir. Zəhmətə qatlaşıb, qəddini əyib işin qulpundan yapışan isə... Ağcaqanadlar da belə fürsətdən istifadə edib, həndəsi silsilə yoluyla artır və şəhər camaatına meydan oxuyurlar. Qaranlıq çökəndə də uşaqlar başlayırlar orda-burda avazla xor deməyə:
Gün ki batdı, hər yanda cövlan edər ağcaqanad,
Qan sorar, gözə girər, canı didər ağcaqanad.
Nə yatar, nə yorular, nə dincələr ağcaqanad,
Nə qoyar bizi yataq, sübhə qədər ağcaqanad.
Yəqin ki, bu nəqarət nəhayət bir gün Baksovetdə, Bakı rayonlarının icraiyyə komitələrində və ya Səhiyyə Nazirliyində əyləşib, qıçını qıçının üstünə aşıran məsul və ya məsuliyyətsiz işçilərin qulağına çatacaq və onlar bu müşkül məsələyə əməlli-başlı bir əncam çəkib, şəhər camaatının xəcalətindən çıxacaqlar.
1984-cü il
|
|