www.aliildirimoglu.az

FELYETONLAR

TƏŞVİŞ

Belə bir xəbər hardan çıxıb?! Bilən yoxdur. Dili qurusun deyənlərin! Guya hansı qəzetdə, jurnaldasa neçə il bunda qabaq bünövrəsi qoyulan və tikintisi yarı-ya­rım­çıq qalan inşaat obyektləri barədə bərk yazıblar. Lap biabır eləyiblər. İnşaatla əlaqəsi olan bəzi-bəzi mötəbər adamların kürkünə birə düşmüşdü. Amma kimdən yazılıb, nə yazılıb? Bilinmirdi. Çünki Sumqayıtda mət­buat abunəçilərə bəzən gec çatdırılır. Ona görə də özündən bədgüman ixtiyar sahibləri qəzet köşklərinə varid olur və ya orda-burda poçtalyonların qabağını kəsib soruşurdular:

- Əmioğlu, təzə qəzet gəlib?!

- Xeyr.

- Xalaqızı, bugünkü qəzet-jurnallar...

- Hələ almamışıq, gözləyirik.

Qəzet köşklərinə, poçtalyonlara ümidlə üz tutanlar kor-peşman geri qayıdırdılar. Odur ki, bu bəd xəbəri hərə bir cür yozurdu. Xəzər sahilinin seyrinə çıxan iki nəfər yaşlı adam irəlidəki idman kompleksini görəndə dayandılar. Hündür boylu Həmidulla kişinin yadına nə düşdüsə, hövsələdən çıxdı və müsahibinə:

- Həşim, bu katoku görürsən?! - həyəcanla soruşdu. - Dəqiq yadımda deyil. Onu bilirəm ki, bünövrəsi qo­yu­landa bizim o, sonbeşik var e, Hacıqulu, bildir ali mək­təbə gedən, onun qolundan tutub təzəcə birinci sinfə apa­rırdım. Həşim, onda burada bir qızğın iş gedirdi ki, gəl görəsən! Uşaq məndən soruşdu ki, dədə, bu nədi?! Dedim, oğul, katok tikirlər. Ay dədə, katok nədi? Başa saldım ki, oğul, idman dəsgahıdır. Burada yay, yaz, qış konki sürənlər məşq edib, yarış keçirəcəklər... Bax, Qaza­xıstandakı Medeosayağı. Hacıqulu o saat başa düşdü ki, nə deyirəm. Zəmanə uşağıdı dayna, o dəqiqə sözü aldı. Dedi, dədə, televizorda çox görmüşəm. Uşaq elə sevindi, elə sevindi!.. Qanadı olsaydı uçardı. Ə, dədə-baba dağlarda böyümüşük dayna. Gözümüzü açandan qarla, buzla pərvəriş tapmışıq. Nə olsun ki, indi gəlib şəhərə düşmüşük. Hacıqulu dedi ki, dədə, mən də konki sürən olmaq istəyirəm. Həşim, o başın üçün, uşaq yaman sevindi.

Həmidulla gur səslə:

- Təkcə Hacıqulu yox ee, bütün Sumqayıt camaatı sevindi. Bizim o dağ rayonlarından gələnlər də dedilər ki, bu işin səbəbkarı kimdirsə, onun ömrü uzun olsun. Respublikamızda birinci dəfə bizim bu Sumqayıtda buz meydançasının olması bilirsən nə deməkdir?! Bilirsən nə qədər xeyirxah işdir?! Zavodumuzun iclasında da neçə dəfə demişəm. Demişəm ki, gəlin bu tikintiyə hamımız ellikcə qoşulaq. İnsafən qoşulduq da. Camaat bu tikintiyə həvəslə girişdi. Hacıqulu hər dəfə məktəbdən qayıdanda onun ilk sualı bu olurdu: "Dədə, buz meydançası hazırdı?!" Deyirdim, darıxma Hacıqulu, adam hövsələsiz olmaz. İş şıdırğı gedir. Deyirdi, dədə, istəyirəm mən də köməyə gələm! Acıqlanırdım ki, orda sənlik iş yoxdur! Sağ olsun şəhər camaatı, nə lazımdı eliyir. Nə başını ağrıdım, Həşim, bu katokun içi də düzəldi, üstü də. Ancaq kimdən, hardan nə azar keçdisə, bu tikinti birdən-birə dayandı. Atalar yaxşı deyib ki, əldən qalan, əlli il qalar. On il olar ki, bu tikinti elə bil tilsimə düşüb. Hacıqulunun da həvəsi gözündə qalıb. O vaxtdan uşağa yaxşıca konki, şayba, xokkey ağacı almışdım, heyf!..

Həmidulla yanıqlı ah çəkib, bir addım irəli yeridi:

- Ə, Həşim, o minskli İqor Jelezovski var e, konki sürən. Başın üçün ötən mövsümdə iki dünya rekordu qazanıb. Halal olsun! Hələ mən olimpiya çempionlarını demirəm. Yəni, bizim Hacıqulu onlardan əskikdir?! Ə, onların qaşı-gözü bizimkilərdən qaradı?! Vallah, billah, Sumqayıtda papaq altında oğlanlar var ki... Neyləsinlər, ortalığa çıxaranları yoxdur. Nə at var, nə meydan. Pəhləvan biləkli poladəridənlərimizin, kimyaçılarımızın səsi-sorağı dünyanın o başından gəlir. Konki sürənlərimiz isə...

Həşim təəssüflə başını buladı və müsahibinə:

- Həmidulla, - dedi, - yanmasa tüstü çıxmaz. Bu de­dik­lərin elə əsl qəzetlikdi. Sən öləsən, ürəyimə damıb. Yəqin elə bu mətbuat da bu katokun başına gətirilən macəralardan döşüyüb. Doğrudan da açıb-ağardılması dərd deyil.

Həmidulla duruxdu və:

- Həşim, - dedi, - eşitdiyimə görə son günlər qor­kom­dakılar, qorispolkomdakılar bir balaca hərəkətə gəliblər. Katokun dərdinə çarə qılacaqlar.

Həşim sevindi:

- Təki sən deyən olsun, - dedi. - Kor nə istər, iki göz... Ancaq Həmidulla, bu katok barədə o qədər quru vəd, yalan söz eşitmişik ki... Qulağım lap döyənək olub. Daha deyilənlərə inamım qalmayıb. - O, dərindən kök­sünü ötürərək: - Neynək, - dedi, - ölməz Xədicə, görər nəvə-nəticə. Biz də hələlik səbir edək. İlə dözən, aya da dözər. Bəlkə elə sən deyən düz çıxdı. Katok bu il başa gəldi. Sən öləsən, onda biz də Hacıquluya qoşulub, buzun üstündə o tərəf-bu tərəfə süzüb, məşq eləyərik...

Həmidulla vəcdə gəlib ayaqlarını cütlədi və qollarını qartal kimi gərib konkisürənləri yamsılamaq istəyəndə, Həşim ona göz ağartısı verdi:

- Əvvəla, kənardan görüb eləyərlər, ayıbdı. Bizi qınayırlar. İkincisi də bu cür sevinməyin düşər-düşməzi olar, - dedi. - Arxı addamamış hop eləmə. Haçan mey­dan­ça buz bağladı, onda...

Əlqərəz, mal bir yerə, iman min yerə. Şəhərə yayılan bu qəfil xəbərə hərə bir cür don geyindirdi. Tikinti tres­tinin rəisi Qənbər Qaragözov səhərdən özünə gələ bilmirdi. Ancaq o, daxili dilxorçuluğunu büruzə ver­mə­mək üçün işçilərlə təmkinlə danışır və bəzən də süni gü­lüşü ilə özünü həmişəkindən də şən və nikbin gös­tər­məyə çalışırdı. Baş mühəndis Ataxan Alagözov isə qaz­dan ayıqdı. Rəisinin içəridən nə çəkdiyini yaxşı başa düşürdü. Qaragözov onu işarə ilə kabinetinə çağırıb, qapı­nın arxasını vurdu və ikilikdə:

- Gördün də, Ataxan, - dedi. - Bu yeni ilə təzə qədəm qoyduğumuz yerdə mərdimazarlar başımıza nə oyun açdı!

- Nə olub, Qənbər?!

- Bundan artıq nə olacaq?! Qaradan da artıq rəng?! Trestimizi rüsvay eləyiblər. Ötən beş il ərzində tikinti tap­şırığını on iki manatlıq kəsirdə qoymuşuq. Elə vacib tikinti obyektlərimiz var ki, illərlə daş daş üstə qoyul­mur. Yeddi milyon manatlıq şəhər xəstəxanasında bildir tikinti planı vur-tut əllicə faiz ödənilib. Yaşayış bina­larını ləng və keyfiyyətsiz tikirik. İstifadəyə verdiyimiz evlərin də ətrafını əməli-başlı abadlaşdırmırıq. Adamdan soruşarlar ki, bəs ətək-ətək pullar hara gedib?! Hansını deyim?! Günahımız məgər birdi, beşdi?!

Qənbər Qaragözovun səsi birdən kallaşdı:

- Ataxan Alagözov?!

- Bəli!

- Bu həngamələri yazıb-pozan olsa işimiz fırıqdı. Vəzifədən çıxartsalar dərd yarıdı! Özümüzə harda olsa iş taparıq. Cinayət məsuliyyətinə cəlb etməsələr yaxşıdı. Amma Ataxan, adam gərək haqqı itirməsin. Bu barədə şəhər xalq nəzarəti komitəsindən, milis və prokuror­luq­dan yerdən-göyəcən razıyam. Əgər onlar dükan-tərə­zilərdə qəpik-quruş artıq-əskikliyini güddükləri kimi, tikintilərdəki milyonların necə xərcləndiyini izləsələr. Onda körpü qalar suyun o tayında.

Onların hər ikisi başını aşağı dikdi. Rəisin kabinetinə darıxdırıcı sükut çökdü...

Şəhər icraiyyə komitəsi əsaslı tikinti idarəsinin rəisi Nurullah Nurbalayev əsassız danışıqlara o qədər də bənd olan deyil. Ancaq səhər-səhər idarəyə kefi duru, damağı çağ gəldiyi yerdə nə eşitmişdisə, ovqatı təlx idi... Dünən qoydurduğu təzə və yumşaqca stulunda qərar tuta bil­mirdi. O, tez-tez ayağa qalxıb kabinet boyu var-gəl edir və öz-özlüyündə düşünürdü: "Neçə ildi bu idarədə başımı birtəhər girləyirdim. Ancaq bu xına o xınadan deyil. İndi sürətləndirmə, yenidənqurma dövrüdü... Mən isə hələ çillə yuxusundayam. Dilə-dişə salıb stolumu laxlatsalar yaxşıdı. İki il bundan qabaq kimyaçılar üçün bir mədəniyyət sarayı tikib istifadəyə vermişik. Onun da kiçik konsert zalı hələ qurtarmayıb. Yeddi ildir milyon manat qiyməti olan uşaq idman məktəbinin bünövrəsini qoymuşuq. Axırını bir yana çıxara bilmirik. Son üç ildir burada daş daş üstə qoyulmur. Valideynlərin də, onların gül balalarının da qarşısında dilimiz gödək, başımız aşağıdır. Telefonlaşdırma sahəsində şəhərimiz respub­li­kanın ümumi orta göstəricisindən qat-qat geridə qalır. Ona görə də telefon üçün yazılan ərizə və şikayətlərin içində itib batmışıq. Dövlət ehtiyacımızı nəzərə alıb, milyondan çox pul ayırıb. Di gəl ki, bizim fərsiz­li­yi­miz­dən... Otuz min nömrəlik avtomat telefon stansiyasının tikintisinə başlamışıq. Başlamasaydıq, bundan yaxşıydı. Bu obyekt bizə göz dağı olub. Bildir üç yüz min manatlıq əvəzinə on min manatlıq iş görülüb. Hansını deyəsən?! Yarı-yarımçıq obyektlər, keyfiyyətsiz tikintilər birdi, beşdi?! Yaxşı deyiblər ki, ağası gülüm olanın, başına külüm olar. Bütün bu biabırçılıqlara görə, yaxşı ki, bizi daş-qalaq eləmirlər...

Kabinetin pəncərəsinə bir sərçə çırpıldı. Nurullah Nurbalayev səksənib onu təhdid edən qara fikirlərdən ayrıldı. Bu dəfə özü-özünü məzəmmət etməyə başladı: "Darını kola tökmə, Nurullah! Özü yıxılan ağlamaz. Günahlarını boynuna al, ancaq dilinə gətirib orda-burda danışma. Bəlkə bunlar heç başqalarının ağlına gəlmir. Gəlsəydi çoxdan xoruzumu qoltuğuma vermişdilər..."

Nurullah Nurbalayev bu fikrinə də etiraz etdi: "Yoox! - dedi. - Həmişə mənim ağlıma gələn, elə başıma da gəlir. Yəqin bu qəzet yazı-pozusu məndən olacaq. Çünki işi görənlə gördürən yarıdır. İkiynən iki dörd eliyir. Bu adicə arifmetikadır. İdarəmizlə hesab çəksələr, çətin yaxa qurtararam..."

Sumqayıt dəmiryol vağzalında yel vurub, yengələr oynuyurdu. Bir tərəfdən də sulu qar. Qatardan düşənlər kürkünü başlarına çəkib, divarların uçuq bir küncündə avtobus, taksi gözləyir və vağzal tikintisini bu kökə sa­lan­lara lənət deyirdilər. Şəhərdən gəlib qatara minməyə hazırlaşan sərnişinlər isə onlara toxtaqlıq verib izah edir­dilər ki, yarımçıq tikintiləri bərk tənqid eliyiblər. Yəqin elə bu vağzala da bir əncam çəkilər.

On ildən çoxdu bünövrəsi qoyulub. Bu müddətdə, iki milyon manatlıqdan artıq işin vur-tut dörddə bir hissəsi belə görülməyib. Respublika Dəmiryolu İdarəsində əy­lə­şənlərin məsuliyyətsizlikləri üzündən altı il olar ki, inşaat işi dayanıb. Tikilənlər də sökülüb-dağılır... Sər­nişinlər də güman edirlər ki, yəqin, elə bu vağzal məsələsini yazıblar...

Xülasə, hərənin ağzından bir avaz gəlir, hərənin gü­manı bir yerə gedirdi. Səhlənkar tikinti sahibləri, başı­so­yuq inşaatçılar, yarım-yarımçıq binalar barədə müxtəlif şayiələr gəzirdi. Nəhayət, günün ikinci yarısında qəzet və jurnallar gəlib çatdı. Bayaqdan biri nigarançılıq çə­kən, təşviş keçirən və özündən bədgüman olan mötəbər adamlar oxuyub şad-xürrəm oldular. Çünki həmin gün on­ların şəstinə toxunan heç nə yazılmamışdı. İnşaatla əlaqəsi olanlar özlərində qeyri-adi yüngüllük, xatir­cəmlik hiss etdilər.

Nurullah Nurbalayev təzəcə qoyulan yumşaqca stulunda rahatca əyləşib nəşə ilə telefonun dəstəyini qaldırdı və Qənbər Qaragözova zəng vurdu:

- Qənbər, privet, - dedi. - Sizi təbrik edirəm. Bu xata­dan da yaxşıca sovuşduq. Kaş elə bütün deyilənlərin axırı bu cür qurtara.

Onların hər ikisi şaqqanaq çəkib güldülər. Ancaq nahaq yerə. Cidanı çuvalda gizlətmək olmaz. Nəhayət, bütün bu qanqaraldıcı əhvalatlar barədə felyeton yazıldı, belə də bir başlıq qoyuldu:

- Təşviş.

 

 1987-ci il

 


 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com