|
FELYETONLAR
QAR..., YOXSA QARĞIDALI
İdarənin rəisi Nəcib Nəcibullayev baş mühəndisin dediklərini təəssüflə təkrar etdi:
- Deməli, beləə! Otuz beş rayonda milyon yarım dəyərində istifadə olunmayan yeni texnika! Çoxu bağlamalarda pas atıb. Lap biabırçılıqdır. Yaxşı ki, bu məsələni hələlik açıb-ağardan yoxdur.
Rəis bir anlığa ağır sükuta dalıb, əlavə etdi:
- Ancaq son vaxtlar yeni texnikanın, texnologiyanın tətbiqi yaman dəbdədi, - dedi. - İdarəmizdəkilər isə hələ çillə yuxusundadır. Bir gün bizi zurna-balabanla oyadacaqlar.
Baş mühəndis çiyinlərini çəkib, boynunu sola əyib, dodağını büzdü, özünü və qarşısında mütəəssir görkəm alan müsahibini duruluğa çıxartmaq üçün:
- Yoldaş Nəcib Nadiroviç, - dedi, - burada bizim nə günahımız?! Bunun obyektiv tərəfini də nəzərə almaq lazımdır, subyektiv tərəfini də, Elə götürək Tovuz rayonundakı Günəşli sovxozunu. Nə olsun ki, on il bundan qabaq göndərdiyimiz qartəmizləyən maşının bağlamasını açıb işlətmirlər! Gərək insafla danışasan, burada nə bizim günahımız var, nə də ki, aqrar-sənaye birliyinin rəisi Bəbir Aslanlının. Heç sovxozun direktorunu da qınamalı deyil. Əgər qalın qar yağıb Tovuzun yol-rizini bassaydı və qartəmizləyən maşın da cuppacupla işləyib, kənd-kəsəyi lərzəyə salsaydı, onda ayrı məsələ. Qalın qar yağmayandan sonra maşını işlətməyin axı nə mənası? Neçə ildir Tovuzun səmasından nəinki qar, heç əməlli-başlı bir yağış da düşmür.
Baş mühəndisin onlara haqq qazandıran dəlil-sübutları rəisin ağlına batan kimi oldu və o, özündə bir qədər yüngüllük hiss etdi. Lakin müsahiblər belə bir ümumi rəyə gəldilər ki, qış uzunu qarın, buzun altında qalan dağ kəndlərini qoyub, qartəmizləyəni Tovuza göndərməkdə böyük səhv ediblər və onu gec də olsa, düzəltmək lazımdır...
Dağlıq rayonlarda qartəmizləyən maşına neçə-neçə müştəri çıxdı. Qubadan Tovuza tələm-tələsik telefonla zəng vurub, birtəhər Bəbir Aslanlını tapdılar:
- Bəbir qağa, mümkün olsa, o Günəşli sovxozundakı qartəmizləyən maşını bizə... Alma payın da öz yerində. Özü də lap qırmızısından. Cırhacı da ki, can dərmanıdır, bir yeşik də ondan... Heç kəsin yaxşılığı yerdə qalmayıb. Ancaq təvəqqe edirik, qartəmizləyən maşın məsələsində əlimizi ətəyinizdən üzmə...
Bəbir Aslanlı telefonda and-aman etdi ki, ay canım, ay gözüm, nə qar, nə qartəmizləyən maşın?! On il bundan qabaq Günəşli sovxozuna qartəmizləyən yox, üç min manat dəyərində bir qarğıdalı təmizləyən maşın gəlmişdi. O da, o qədər bağlamada qaldı, qaldı, axırda gördük pas atıb və işlətmək mümkün deyil, silgi aktı tərtib edib metalloma göndərdik..
Müştərilər məyus oldular. Məsələni ələk-xəlbirdən keçirəndə bəlli oldu ki, respublikanın təsərrüfatlarında polad magistrallarla, taqqatuqla neçə gün, neçə gecə yol gələn və od qiymətinə alınan, lakin istifadəsiz qalan təptəzə, müasir texnikanın sayı o qədər artıb ki, kağız-qələm götürüb onun bir-bir hesabını aparmaq müsibətdir. Ona görə də respublikanın baş təchizat, texniki xidmət, mexanikləşdirmə, nə bilim nə... idarələrinin başında duran mötəbər-mötəbər şəxslər işlərini asanlaşdırmaq üçün maşınların adını ixtisarla yazırlar. Bu minvalla uşaqlara qoyulan Xosrov adını sonradan Xosu, İzzəti - İzi, Həsəni - Həsi, Pənahı - Pəsi çağıran kimi, "qarğıdalı təmizləyən" kəlməsi də "qar" olub. Mexanikləşdirmə və texniki xidmət idarəsində də göydən düşən və torpaqdan çıxan iki cismin və ya ismin, səhvən bir-birinin yerinə düşməsi və beləliklə də, qrammatik dolaşıqlıq yaranması rəislə baş mühəndisi çaşbaş salıb. Əcəb gülməlidir! Lakin bu komik yox, dramatik səhnədir. Ağıryüklü qatarların gündə, günaşırı fit verib, tövşüyə-tövşüyə uzaq-yaxın diyardan respublikaya gətirdiyi, amma... Amma illərlə açıq və örtülü şəraitdə qalıb pas atan texnikanı görəndə, gülmək nədir?! Gərək qız-gəlinlərin zərif barmaqları ilə haşiyələnmiş ipək dəsmal götürüb ağı deyəsən və hönkür-hönkür ağlayıb, leysan kimi yaş tökəsən.
Yəqin Bəkir Aslanov bu felyetonu oxuyanda bizdən inciyib küsəcək və deyəcək ki, Tovuzun təsərrüfatlarında vur-tut ikicə milyon manatlıq istifadəsiz qalan texnika var. Bundan ötrü bizi bir belə dilə-dişə salıb rüsvay-cahan etməyə dəyərmi?! Cəbrayıl kimi kiçik rayonun təsərrüfatlarında üç milyon manatlıq bu cür texnika yatıb qalır.
Əlbəttə, Aslan Bəbirlinin belə bir etirafına haqq versək olar. Lakin bu barədə Cəbrayılın rayon başçılarını və ya aqrar-sənaye birliyinin rəisini də qınamalı deyil. Təsərrüfatlara göndərilən, lakin hələ bağlaması açılmayan dayaq basdıran, soğan əkən, tənək ucu budayan və sair maşınlar kəndləri götürüb başına. Di gəl ki, bu maşınların dilini bilən, səsini eşidən yoxdur. Əkinçilər hələ də baş aça bilmirlər ki, bu maşınların səsi qalındı, coddu, kaldı, cırdı, boğuqdu?!
Ax! Ax! Çexovun "Liberal" hekayəsindəki quberniya katibi Ponimayev indi sağ olsaydı... Ponimayev maşını yamsılayıb maşın kimi də səs çıxarardı: Pş! Pş! Pş! Pş! Fit verər, ayağını da yerə vurardı. Çox da təbii çıxardı... Ponimayev dursaydı nə dərd idi. Lal-dinməz küncə-bucağa qısılan maşınları yamsılayar, cəbrayıllılar da bir ətək xərc çəkib aldıqları bu yeni texnikanın plantasiyalarda yeriyib-yortduğunu görməsələr də, onların səsini eşidib xeyli-xeyli feyzyab olardılar.
Əlbəttə, texnikanı Ponimayev kimi yamsılamaq çətin olsa da, gərək özünü respublikanın maşın-mexanizm bilicisi hesab edən ixtiyar sahibləri hansı aqreqatın nə məqsədə istehsal olunduğundan və onun iş sistemindən doğru-dürüst baş çıxarıb, xəbərdar olalar. Əks təqdirdə... Məsələn, səs yayıldı ki, Ordubadda daş, qaya çıxardan maşınlar peyda olub. Az vaxt ərzində altı yüz hektardan artıq çaylaq yeri daşdan təmizlənib. Yerinə də yaşıl yonca, ətirli meyvələr əkilib. Əhsən! Başqa rayonların təsərrüfat başçıları yeni texnikanın möcüzələrindən xəbərdar olub vəcdə gəldilər. Sevindilər ki, bu texnika onların sovxozlarında tətbiq edilsə, əsrlərlə əkin üzü görməyən torpaqlar daşdan-kəsəkdən təmizlənib bin-bərəkətə gələr. Yəni çiçəkli yoncalar, dadlı meyvələr burada da ətir saçıb, bərq vurar. Bəh! Bəh!
Bu məsələdə qutqaşenlilər fərasətli tərpənib hamı-dan qabağa düşdülər. Respublikanın müvafiq idarələrinə sifarişlər verildi. "Azərbaycan" kolxozuna on min manat dəyərində daşyığan maşın gətirildi. Amma bu qiymətli texnika torpaqları daşdan təmizləmək əvəzinə, dörd ildi ki, özü də daşa dönüb. Niyə? Məgər rayon və təsərrüfat başçıları, mexanizatorlar Ordubaddakılardan fərasət-sizdir ki, bu maşını işlədə bilmirlər?! Yox canım, məsələ ayrı cürdür. Sən demə, Ordubaddakı aqreqatlar torpağı bir-iki tonluq qayalardan təmizləmək üçündür. Qutqaşen torpaqlarının məruz qaldığı daşların isə ağırlığı iki-üç kiloqramdan artıq deyil. Özü də Ordubaddakı maşınlar Yerevanda buraxılır. Qutqaşenlilərə isə Estoniyada istehsal olunan daşyığan maşınlar sərf eləyir.
Texnika "sərrafları" sonradan ayılıb başa düşüblər ki, qaya nədir, daş nədir və onu təmizləyən maşınların adı eyni olsa da, markası, gücü, qüvvəsi, tutumu başqa-başqadır.
Ağıl ağıldan üstün olar, - deyiblər. Respublikada yeni texnikanın tətbiqini təmin etməyə borclu olan ağıl dər-yaları yeri gələndə elmi idarələrin ağıllı mülahizələri ilə hesablaşmağı özlərinə rəva bilsələr, qar təmizləyənlə qarğıdalı təmizləyəni, daşla qayanı ayırd etməkdə çətinlik çəkməzlər. Və işləri də bu sayaq dolaşığa düş-məz. Neçə ildir ki, elmi-tədqiqat eroziya bölməsinin rəh-bəri Bəkir Bəybalayev qoltuğunda sürtülüb əldən düşmüş iri-iri qovluqlar, açmadığı qapı, olmadığı kabinet qalmayıb. O, dəridən-dırnaqdan çıxıb, bu barədə sərən-cam vermək səlahiyyətinə malik olan mötəbər şəxsləri inandırıb razılığa gətirməyə çalışır ki, respublikada daş altında qalan üç yüz min hektardan artıq torpaq sahəsi vardır. Gör-götür əyyamıdır. Əgər Estoniyada olduğu kimi, biz də özümüz daşyığan maşın istehsal etsək, torpaqlar bu bəladan qurtarıb, külli ərzaq məhsulları verər. Bir də ki, axı nə qədər onun-bunun əlinə baxarlar?! Çox get-gəldən, çənə-boğazdan sonra işıq ucu tapıldı. Daşyığan maşınların istehsalını təşkil etmək barədə respublika Dövlət Aqrar-Sənaye Birliyi sədrinin imzası ilə əmr, plan komitəsində də razılıq verildi. Baş Texniki Təchizat İdarəsinin rəisi isə bu barədə hələlik tərəddüddədir. Bir sözlə, daşyığan maşınların istehsalı məsələsi düyünə düşüb. Qolunu çırmayıb bu tilsimli düyünləri açan yoxdur ki, yoxdur. Bəbir Bəybalayevin dedikləri isə Bakının küləklərinə qərq olub.
Xanlar rayonunun bəzi-bəzi sovxozlarında uşaqlar yan-yörədəki göy, yaşıl, mavi rəngli, təptəzə maşınları görəndə valideynlərindən maraqla soruşurlar:
- Bu rəngli dəmirlər nədir? Oyuncaq deyil ki?!
- Yoox, bala, oyuncaq deyil, bunlar yeni texnikadır. Gübrə səpir, məhlul hazırlayır, taxıl təmizləyir...
- Bəs onda niyə yerimirlər?!
Babalar istehza ilə gülümsəyərək:
- Onları köhnəldib, sonra da zavodlara qaytarıb əridəcəklər, bala. Həə, Bala, ondan yenə də maşın düzəldib sovxozlarımıza göndərəcəklər.
Nəvələr nənələrin, babaların sözündəki dərin mənanı tam dərk etməsələr də, əllərini əllərinə vurub gülürlər.
Dəvəçidə bu cür söz-söhbətin mənasını başa düşür və texnikaya "böyük qayğı" göstərirlər. Bunu etiraf etməmək insafsızlıqdır. Məsələn, yeddi il bundan əvvəl "Sovet Konstitusiyası" kolxozuna nə az, nə də çox, otuzca min manat dəyərində toxumtəmizləyən və qurudan maşın verilib. Maşın işləməsə də, onun böyür-başını elə örtüblər ki, heç yanından yel də keçmir. Taxıllar tel-tel olanda, toxumun qurulub təmizlənməsi vaxtı gələndə, əkinçilər dədə-baba qaydasında əllərinə xəlbir, kürək, şana alıb canı-dildən işə girişirlər. Hamı da sovxozun direktoru ilə baş mühəndisə "Əhsən!" deyir. Çünki müasir texnikanın qədir-qiymətini bilirlər, "saxla samanı, gələr zamanı" mülahizəsi ilə sovxoz başçıları bilirlər ki, bu aqreqat da nə zamansa işə düşüb kara gələcək. Ona görə də bu barədə tələsmək lazım deyil. Tələsən təndirə düşər, - deyiblər. Bir də ki, direktor demişkən, yüngülvari şananı, kürəyi, xəlbiri qoyub, o boyda ağır aqreqatı işə salmaq nə lazım!
Xaçmaz təsərrüfatlarında da həmçinin. Nahaq yerə deməyiblər ki, qonşu qonşuya baxar. Rayon aqrar-sənaye Birliyinin rəisi xitabət kürsülərindən ağızdolusu car çəkir ki, indi kosmos əsri, sürətləndirmə dövrüdür. Yeni texnikanın və texnologiyanın tətbiqini təmin etməsək, tərəvəzçiliyin inkişafına nail ola bilmərik. Rəisin avazı yaxşıdır. Ona görə də hamı bu barədə ona əl çalır. Ancaq on il bundan qabaq alınmış, hələ bağlaması açılmamış pomidoryığan maşınları görəndə qalırsan mat-məəttəl. Bilmirsən eşitdiyinə inanasan, yoxsa gördüyünə.
Bütün bu həngamələri açıb-ağardanda və ya bir qədər də dərinə gedəndə kələfin ucu gedib elə mötəbər-mötəbər adamlara çıxır ki... Ona görə də söhbəti elə buradaca yekunlaşdıraq. Axırda bircə onu əlavə edək ki, bu məsələlərdə yalnız təkrar metal emalçılarının bəxti gətirib. Onlar sovxoz və kolxozlarda silgi aktı yazılan, köhnəlmiş kimi qələmə verilən hələ rəngi solmamış təptəzə maşınların hesabına ərinti və təkraremal planlarını vaxtında ödəyir, tez-tez də mükafatlandırılır, hələ üstəlik yuxarıda adlarını çəkdiyimiz məsul, həm də məsuliyyətsiz şəxslərə minnətdarlıq edib, "ay bərəkallah!" - deyirlər.
1988-ci il
|
|