FELYETONLAR
FƏTİNİN FƏNDİ, CƏLİLİN CƏDDİ
"Zati-aliləri sözə başladı:- Sizdən çox şikayət var, hətta elə şikayətlər var ki, sizi bu gördüyünüz işlərin üstündə asmaq da azdır.
- Acizanə rica edirəm ki, məni dinləyəsiniz. Əminəm ki, mən tamamilə təmizə çıxacağam; ancaq ki, adam içində danışmaqdan çəkinirəm.
Zati-aliləri İvan Petroviçin xahişinə əməl etdi: o biri otağa keçdilər. Düz bir saat orada söhbət etdilər. Nə barədə danışdıqları heç kəsə məlum deyil. Ancaq burası məlumdur ki, zati-aliləri oradan çıxanda çox şad və xürrəm idi. Hətta İvan Petroviçi öz yanına qulluğa da dəvət etdi..."
Fəti pıqqıldayıb qəşş etdi. Lakin dostunun hekayə oxumasına mane olduğundan tez özünü cəmləşdirib üzr istədi və ciddi görkəm alaraq qürrələndi:
- Cəlil, sən öləsən, Saltıkov-Şedrinin İvan Petroviçi o sahədə bu lələşin Fətinin yanından heç yel də olub ötə bilməz. Nə olsun... elə rayon milis şöbəsinin baş əməliyyat müvəkkili də ilk dəfə məni yanına çağıranda asıb-kəsirdi. Hətta qovluğu açıb mənə belə bir qərar da oxudu:
"İş materiallarından görünür ki, rayon mədəniyyət şöbəsinin kinomexaniki Fəti Fətiyev kolxozçu olmadığı halda, kolxozun ictimai torpağını zəbt etmişdir. Son üç ildə beş motosiklet, üç avtomaşın alıb-satmışdır. Möhtəkirliklə məşğul olmuşdur. Onun haqqında... cinayət işi qaldırılsın. Rayon prokuroru: ikinci dərəcəli hüquqşünas Məşdiyev".
- Qaldırdılar? - deyə Mircəlilin sualedici nəzərləri Fətinin üzündə gəzdi. Fəti isə istehza ilə gülüb:
- Xeyr a! Endirdilər! - dedi. - Əməliyyat mənim xeyrimə qurtardı. Təzədən qərar yazıldı ki, işdə cinayət tərkibi olmadığı üçün xətm edilsin. Dedim ki, yoldaş əməliyyat müvəkkili, Bakıdan alıb-satdığım "Moskviç" sənə qurban olsun, Moskvadan alıb gətirdiyim "Volqa" da prokurora!
Mircəlil yarızarafat:
- Soruşmaq ayıb olmasın, - dedi. - Bəs satdığın köhnə markalı "Pobeda" ilə "Zim"i kimə qurban edirsən!
- Onlar da mədəniyyət şöbəsi müdirinə qurban olsun. Canlara dəyən oğlandır, dar günümdə mənə xasiyyətnamə verdi ki, idarənin ən namuslu işçisidir. Doğrudan da, Cəlil, yaxşı deyiblər ki, adamın yüz manatı olmaqdansa, yüz dostu ola!
- Ə, dost adamın cibidir...
- Yox, Mircəlil, cəddin haqqı, yaxşı dost, yaxşı tanış ələ düşməz. Qulaq as, bir gün xaltura edib, beş sərnişin apardığım yerdə "Volqa"nın qabağını kəsib məni yaxaladılar. Rayon milis şöbəsinin rəisi, podpolkovnik Qulamhüseyn altı nəfərin iştirakı ilə akt yazdı. Dedim, ay podpolkovnik, sən saydığını say, gör vilayət daxili işlər şöbəsi rəisinin müavini nə sayır. Çox keçmədi ki, rəis müavini rayon milis şöbəsi rəisinin aktını nəzərdən keçirib, belə bir göstəriş verdi:
- Fəti Fətiyevin məsələsi ictimaiyyətin müzakirəsinə göndərilsin.
- Göndərildi?
- Yox canım... Əksinə, bir neçə gündən sonra vilayət milis idarəsindən arayış aldım ki, Fəti Fətiyevin maşınla adam daşıdığı, xaltura etdiyi barədə nazirlikdə heç bir sənəd, sübut yoxdur.
Mircəlil Fətinin kürəyinə əl vurub:
- Yaşa! Fəndgir oğlansan, - dedi. - İndi tapdığın çörəkdən bir tikə özün ye, birini də rəis müavininə nəzir elə.
- Eh, rəhmətliyin oğlu, nəzir-niyaz verməsəm, heç qaçarağıma tazı da çatmaz. Elə buna görə də işim düyünə düşmür. Düşəndə də tez açılır. Məsələn, vilayət prokurorluğu mənim işimə qəmiş qoyub, haqqımda olan qərarını ləğv edib geri qaytaranda, rayon prokurorluğunun müstəntiqi dadıma çatdı. Mənim haqqımda qovluqları bir az da qalınlaşdırdı. Əlbəttə, ziyanıma yox, xeyrimə. Heç pullu vəkillər də adama bəzi ittihamçılar kimi kömək etmirlər. Onların sayəsində işim ikinci dəfə xətm olundu. Görək vilayət prokurorluğu bu dəfə nə deyəcək... Bir də ki, insafla danışsaq, heç onları da qınamalı deyil. Bildirdən bəri adım iki dəfə qərara düşüb. Möhtəkirliklə məşğul olduğum üçün. Yığıncaqlarda möhtəkirlər barədə danışılarkən, birinci mənim adım çəkilir. Amma ay Mircəlil, baxtım orada gətirib ki, bizim rayonda qəbul olunan qərarların, deyilən sözlərin sonrasına çox bənd olmurlar. Sağ olsunlar...
Fəti Fətiyev susdu. Mircəlil həmsöhbətinə baxıb güldü və lovğa-lovğa dedi:
- Ə, bəs mənim yerimə olsaydın nə edərdin? Özün bilirsən ki, kənddə mağaza müdiri işləyirəm. Bütün rayon əhlinə bəllidir ki, altımdakı "Volqa" qeydiyyatda başqasının adınadır. Ancaq sahibi mənəm. Sağa da sürürəm, sola da. Bir adam cürət edib deyə bilmir ki, gözün üstə qaşın var.
- Bilirsən, ağa, sən cəddinə arxayınsan. Odur ki, heç kəs ürək edib sənin meydanına at sala bilmir.
- Eh, rəhmətliyin oğlu, cəddimin kəsəri olsaydı, bu arvadların əlində naçar qalmazdım.
- Bəyəm neçə arvadın var?
- Biri var idi, dilsiz-ağızsızın biri idi, ikinci arvada vurulanda heç cınqırını da çıxarmadı. Dedim, halal olsun səni doğan anaya. Sonra üçüncüsünə bənd oldum. Təzəsi gəldi bazardan, köhnəsi düşdü nəzərdən. Birinci arvadım lap yadımdan çıxdı. İki körpə balam sahibsizlikdən öldü. Rayon prokurorluğu tez işə qarışdı. İdarəmizə məktub yazdı ki, Mircəlil məişət pozğunluğu ilə məşğul olur. Elə bu vaxt dükanı yoxladılar. Xeyli də əskiyim gəldi. Yoxlama qurtarandan sonra dükan bir ay bağlı qaldı. Amma Fəti, adam bikar qalmasa, vəzifənin qədrini bilməz. Çox get-gələ düşdüm. Axırda İvan Petroviç kimi, zati-alilərdən birisini gördüm, işim düzəldi, dükanın qapıları taybatay açıldı. Amma mərdimazarlar yenə də məni dinc oturmağa qoymurlar.
- Ağa, bəs sənin cəddin?
- Deyəsən, bu dəfə cəddə baxan olmayacaq, çünki bu qəzet işçilərinin qələmi qarmaqdan pisdir. İlişəndə qurtarmaq olmur.
Qəzet və qələm adı çəkiləndə Fətinin canına üşütmə düşdü. O, başını qaldırıb qorxa-qorxa Mircəlilin üzünə baxdı:
- Ağa, sənin cəddin keçməyən yerdə, mənim fəndim heç kara gəlməyəcək...
1963-cü il
|