www.aliildirimoglu.az

FELYETONLAR

PROKURORUN QƏRARI

Salam, əziz dost!

- Vay, əleyküməssalam! Əşi, səni görməyən gün­lərim olmasın, - deyib rayon prokuroru Məhərrəmzadə ilə həmin rayondakı Həsənəli kənd orta məktəbinin direktoru Alimov uzun müddət bir-birindən ayrı düşmüş iki dosta məxsus səmimiyyətlə görüşdülər.

Məhərrəmzadə ona əyləşmək üçün yer göstərdi. Alimov ağır bədənini yumşaq divanın üstünə sərərək:

- Sən özün yaxşı bilirsən ki, mən bir az ağırtəhər adamam, - dedi. - Zəhmətli işlə bir o qədər də aram yox­dur. Nə bilim, təlimin keyfiyyətini yüksəlt, tərbiyə işlərinə fikir ver, pedaqoji kollektivdə iş apar və sair… Düzü, bu cür cəncəl-məncəl işlərdən o qədər də xoşum gəlməz. Mənimki odur ki, dərsimi deyim, jurnalı yazım, ayın başında da cədvələ qol çəkib pulumu alım, vəs­salam. Ancaq bizim məktəbin müəlliməsi Zübeydə Zər­gərli məni işləməyə qoymur. Bir toyda deyir "Alimov yaxşı işləmir", bir vayda. Pedsovet olur - tənqid edir, ic­las olur - qabırğama döşəyir. Bilmirəm başıma nə çarə qılım.

Alimov kinayə ilə fısıldayıb dərindən nəfəs aldı.

Prokuror beş barmağını geniş açıb, o tərəf-bu tərəfə bulaya-bulaya:

- Ay-hay… Mən də deyirəm bu nə böyük məsələdir. Sənin axtardığın o çarə lələşin Məhərrəmzadənin əlində, - dedi.

Alimovun kefi duruldu. Məhərrəmzadə vəcdə gələrək əlini müsahibin çiyninə qoydu:

- Adə, müəllimi ilişdirməyə nə var ki! - dedi. - O da mənə bazarkom, dükançı, anbardar, xəzinədar, möh­tə­kir-zad deyil ki?!

Məhərrəmzadə Alimovdan bircə onu soruşdu:

- Zübeydə Zərgərlinin dayısı-zadı yoxdur ki?

Alimovun qaşları düyünləndi. O, əlini sifətinə çə­kə­rək, mollasayağı dodağının altında pıçıldadı və:

- Bircə dayısı var idi, o da bu günlərdə rəhmətə ge­dib, yeddisini veriblər, ancaq hələ qırxı çıxmayıb.

Hər ikisi bir ağızdan:

- Allah rəhmət eləsin!

Prokuror Alimova gülərək:

- Yoldaş direktor, - dedi. - Mən o dayını demirəm. Bilmək istəyirəm, görüm, müəllimənin yuxarılarda ada­mı, arxası var, ya yox?!

- Xeyr, xeyr, yoldaş Məhərrəmzadə, elə sən deyən, sayılan, sözü ötən adamı yoxdur. Bir qoca nənəsidi, bir də özü.

- Onda get, arxayın ol!

…Aradan bir neçə gün keçmişdi. Prokuror barmağını zəngin düyməsinə qoydu. Koridordakı zəng səslənən kimi katibə kəklik çolpası kimi səkə-səkə içəri daxil oldu. Məhərrəmzadə özünü cəmləşdirib vədinə əməl edən adamlara məxsus bir sevinclə katibəyə:

- Əyləş, yaz, - dedi. - Yaz ki, rayon prokurorluğuna daxil olan material ətrafında geniş, hərtərəfli yoxlama aparıb belə müəyyən etdim: "Zübeydə Zərgərli heç bir məktəb qurtarmayıb…"

Katibə yazısına fasilə verərək:

- Yoldaş prokuror, Zübeydə müəllimə ilə bir kəndliyik, həm də qonşuyuq. Axı o, məktəb qurtarıbdır, - dedi.

- Ay qız, sənə dəxli yoxdur, nə deyirlər, onu da yaz. Yaz ki, onun heç bir təhsil sənədi yoxdur və müəllimlər sırasına saxtakarlıqla daxil olmuşdur.

- Yoldaş Məhərrəmzadə, insafın olsun, o, gənc müəllimədir, özünün də ali təhsili var.

Katibənin bu sözləri prokuroru lap hövsələdən çıxartdı:

- Ay qız, əlimizdə daşdan keçən sübut var. Dövlət ar­xivi bizim sorğumuza cavab olaraq rəsmi qaydada ya­zır ki, Zübeydə Zərgərlinin texnikum qurtarmasına dair biz­də heç bir sənəd yoxdur. İndi başa düşdün?! - deyib pro­ku­ror əlavə etdi: - Yaz ki, Zübeydə Zərgərlinin əməl­lə­rində cinayətkarlıq var. O, ağır cəzaya məhkum edilməlidir…

Katibə başını yuxarı qaldıraraq:

- Yoldaş Məhərrəmzadə, - dedi. - Zübeydə Zərgərli Qazax Pedaqoji Texnikumunu bitirib. Siz isə Naxçıvan arxivinə bu barədə məktubla müraciət etmisiniz. Əgər Qazax rayonunun arxivinə müraciət etsəydiniz, Zübey­dənin pedaqoji texnikum bitirdiyi təsdiq olardı.

Prokuror dişini qıcayıb, ayağını bərkdən yerə vurdu və:

- Suss! - dedi.

Katibə bu dəfə nə demək istəyirdisə, prokuror yum­ruğunu stola çırpıb əsəbi halda ayağa durdu.

- Ağa deyir sür dərəyə, sən də sür. Mən dedim, qurtardı!

Katibənin sözü ağzında qaldı. Prokuror bu dəfə səsini bir az ucaldaraq:

- Yaz! Yaz ki, qərar verdim: Zübeydə Zərgərli saxtakarlıqla pedaqoji sistemə daxil olduğundan müəllimlikdən azad edilsin və qərarın surəti icra üçün rayon xalq maarif şöbəsinə göndərilsin. İmza: rayon prokuroru, birinci dərəcəli hüquqşünas Məhərrəmzadə.

…Yay məzuniyyətinin son günləri idi. Zübeydə müəlliməni maarif şöbəsinə çağırdılar.

Zübeydə Zərgərli maarif şöbəsinə gələndə onu şöbə­nin katibəsi qarşıladı. Katibə ona bağlı bir zərf verdi. Zü­beydə müəllimə zərfi açıb məktubdakı bu sözləri oxudu:

Həsənli kənd məktəbinin müəlliməsi Zübeydə Zərgərli yoldaşa: rayon prokurorluğunun filan tarixli qərarı ilə siz sentyabrın birindən etibarən müəllimlikdən azad edilirsiniz.

İmza:

Rayon xalq maarif şöbəsinin müdiri.

Zübeydə gözlərinə inanmadı, katibə yanıqlı halda dedi:

- Bəli, prokurorun qərarı ilə siz müəllimlikdən azadsınız.

Zübeydə maarif şöbəsi müdirinin yanına getdi.

 - Yoldaş müdir, hansı təqsirimə görə?.. Mənim günahım nədir? - deyib hönkürdü. - Bu, ədalətsizlikdir!

Müdir etinasızlıqla:

- Biz əzrayılla çilingağac oynaya bilmərik. Əlimizdə əsas var, prokuror qərar verib, vəssalam…

Zübeydə müəllimə rayon partiya komitəsinə müra­ciət etdi. Oradan cavab aldı ki, müəllimlərin işə təyin olunması və çıxarılması ilə Maarif Nazirliyi məşğul olur. Oraya müraciət etmək lazımdır.

Zübeydə Zərgərli respublika idarələrinin qapılarını döyməli oldu. Danışıq böyüdü…

***

Prokuror məzuniyyət vaxtının yaxınlaşması ilə əla­qədar olaraq idarə işlərini qaydaya salırdı. Katibə özünü təngnəfəs onun yanına saldı:

- Mən deyən oldu, olmadı? Dedim, yoldaş Məhər­rəmzadə, bu məsələdən vaz keç, dedin, keçə bilmərəm. Dedim, a kişi, şər iş ayaq tutar, ancaq yeriməz. Dedin, yox, yeridəcəyəm. İndi get, cavab ver!

Məsələ aydın idi. İşin üstü açılmışdı…

Məhərrəmzadə çənəsini iki ovcunun arasına alıb, yazdığı qərarın aqibətini düşünürdü:

- Qərarı geri qaytarıb izini itirərəm. Çox olar, deyə­rəm ki, heç belə qərar yazmamışam. Müəllimə də o yan-bu yan edər, ixtiyar əlimdədir. Belinə bir böhtançı maddəsi basıb hesabı çürüdərəm…

Prokuror bu sözləri deyib, zəngin düyməsini basdı. Katibə hazır oldu. Məhərrəmzadə əda ilə:

- Yaz! Maarif şöbəsinə! Həsənli orta məktəbinin müəlliməsi Zübeydə Zərgərlinin haqqında daxil olmuş materialı təkrar olaraq ətraflı, hərtərəfli yoxlayıb dəqiqləşdirmək üçün xahiş edirik, onun şəxsi işini və bizim qərarımızı geri qaytarasınız. İmza: Rayon proku­roru, birinci dərəcəli hüquqşünas Məhərrəmzadə…

Birdən prokurorun əyləşdiyi kabinetin qapısı açıldı. Poçtalyon gülə-gülə onun abunə olduğu qəzet və jurnalları verib, tez də geri döndü. Məhərrəmzadə maarif şöbəsinə yazdığı məktuba imza etməmiş, keçib yumşaq divanının üstünə yayxandı. Qəzet-jurnallara ötəri nəzər saldı. Onun baxışları qəzetdəki felyetonda donub qaldı. Burada Zübeydə Zərgərlinin başına gətirilənlər olduğu kimi qələmə alınmışdı… Həmin felyetona iri, qara hərflərlə belə bir başlıq qoyulmuşdu: Prokurorun qərarı.

 

1955-ci il

 

 

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com