FELYETONLAR
YARMƏMMƏDİN YUXUSU
Mühasib telefonun dəstəyini yerə qoyduqdan sonra nə qədər çalışdı, səsi çıxmadı. O, lal adamlar kimi əli ilə nitqinin tutulduğunu işarə etdi. Mühasib köməkçisi Xudaqulu işin nə yerdə olduğunu anladı. Tez əlini bardaqdakı təzəcə gətirilmiş sərin kəhriz suyuna batırıb, Yarməmmədin üzünə çilədi. Yarməmməd bir qədər özünə gəldikdən sonra kəkələyə-kəkələyə dedi:
- Xu-da-qu-lu, işim şu-luq-dur!..
- Axı sənə nə oldu, Yar-məm-məd?!
- Nə olacaq, rayondan kolxoza komissiya gəlir!
- Bunun mətləbə nə dəxli var, qoy gəlsinlər də…
- Ə, necə gəlsinlər? Keçən gecə qarmaqarışıq yuxular görmüşəm.
Xudaqulu Yarməmmədi başa düşmədiyi üçün laqeydcəsinə çiyinlərini çəkdi. Yarməmməd işin nə yerdə olduğunu ona izah etdi:
- Müstəntiqin bizim rayona gəldiyi yerdə dizi qırılaydı, haqqımda qərar yazdığı yerdə qələmi sınaydı.
- Ə, müstəntiq kimdir?
- Necə yəni müstəntiq kimdir? Vilayət prokurorluğunun mühüm işlər üzrə müstəntiqini deyirəm də. İşimizi yoxladıqdan sonra uzun-uzadı bir qərar yazıb. Yazıb ki, kolxozda qanunsuzluqlara yol vermiş Yarməmməd Yetimov bu günə kimi nəinki cəzalanmamış, hətta vəzifəsindən də kənar edilməmişdir. Sonra da qərar verib ki, Yarməmməd Yetimovun inzibati qaydada cəzalanması üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılsın.
Hesabdar köməkçisi dostunun sözünü kəsib soruşdu:
- Səni vəzifədən çıxarıblar?
- Xeyr.
- İnzibati cəza veriblər?!
- Xeyr.
- Qanacağın olsun, bu "xeyr"lərin qabağında adam şər danışmaz. Müstəntiq mərdimazar adam olsaydı, verdiyi qərarın arxasınca düşüb icrasını təmin etdirərdi. Kişinin oğlu bir il bundan qabaq qərar verib, o gedəndir ki, gedib. O vaxtdan indiyə kimi bir adam sənə gözün üstə qaşın var demir. Daha nə istəyirsən?! Adam naşükür olmaz!
- Yox, Xudaqulu, yoldaşların bu dəfəki gəlişindən gözüm su içmir, mən yuxuya inanıram.
- Ay Yarməmməd, rəhmətlik nənəm deyərdi ki, yuxuda nə görsən, onun tərsi olar. Səni bir az da böyüdəcəklər.
Xudaqulunun bu cür yuxu yozmasından Yetimovun kefi bir qədər duruldu. Bunu görən Xudaqulu dostuna bir az da yaxın oturdu:
- Yarməmməd, - de. - İndi mənə qulaq as. Bir dəfə Molla Nəsrəddin bardağı qızına verir və üzünə iki sillə çəkib deyir:
- Gözlə, sındırma ha!
Bunu görənlər:
- Molla, bu günahsız qızı nə üçün döyürsən? - deyə soruşurlar.
- Vurdum ki, bardağı sındırmasın. Yoxsa sındırandan sonra nə etsəm, faydası yoxdur, - deyə Molla cavab verir.
Bu sözləri eşidən Yarməmmədin qaşları yenidən çatıldı:
- Bu nə deməkdir, Xudaqulu?
- Onu deyirəm ki, biz də bardaq sınmamış, vəzifə əldən getməmiş gərək tədbirimizi tökək. Dili dinc durmayanlar hey danışırlar ki, guya sən məişətcə pozğun adamsan, altı uşağın ola-ola, Sonuşqa adlı ikinci bir arvadla da qeyri-qanuni evlənmisən. Ondan da üç uşağın var. Dostum, şər deməsən, xeyir gəlməz. Birdən kənd Sovetindəki sənədləri yoxlasalar…
- Sən də saqqal tərpədib söz danışdın, - deyə Yetimov lap hövsələdən çıxdı. - Qoy yoxlasınlar! Kənd Sovetinin sədri də, onun katibi də bizim adamlardı. Gözlərinə döndüklərim ikinci arvadımdan olan uşaqları atasız kimi qeydə alıblar.
- Bəlkə "qadası" ilə söhbət etdilər, bəs onda?
- Bura bax, ə, sən hardan bildin ki, mən ikinci arvada "qadası" deyirəm?
- Telefonla danışanda eşitmişəm.
- "Qadası"nın qadasın alım. Onu da başa salmışam. Dərsin əzbər bilir. İşim bərkə düşəndə daş atıb başını tutur, deyir ki, mən Yarməmməd Yetimov kimi adamı nə görmüşəm, nə də tanıyıram…
…Xülasə, səhər açıldı. Rayon mərkəzindən gələn nümayəndələrin maşınları bir-bir hərlənib kolxoz idarəsinə yan aldı. Ancaq onlar yoxlamaya yox, kolxozu gerilikdən çıxarmaq üçün gəlmişdilər.
Artelin münbit torpağından, bol suyundan, geniş əkin sahələrindən, işgüzar adamlarından, texnikasından uzun-uzadı danışdılar. Təsərrüfatın geridə qalma səbəblərini götür-qoy etdilər. Nəhayət, belə bir nəticəyə gəldilər ki, bütün bu geriliyin, təsərrüfatsızlığın səbəbi odur ki, kolxozun rəhbərliyi etibarlı əllərdə deyildir və görüb-götürmüş, səriştəli bir sədr tapıb seçmək lazımdır…
Bir neçə gündən sonra rayona xəbər yayıldı ki, komissiya üzvləri mühasib Yarməmməd Yetimovu kolxoz sədrliyinə məsləhət görüblər.
Çoxları bu xəbərə inanmayıb qeyzləndi:
- Yetimovun haqqında aparılan yoxlamalar, verilən qərarlar, onun məişətcə pozğun adam olduğu bir yana dursun, kənddə deputatlığa layiq görülməyən adamı kim iri bir artelə sədr seçər? Heç mümkündürmü, artel demokratiyasını pozasan, yəni idarə heyətinin üzvü olmayan bir adamı həmin heyətə sədr qoyasan? Elə bir adamı ki, nə ixtisas sahibidir, nə də ki, adicə orta təhsili var?!
Rayon başçıları bu cür müəmmalı söz-söhbətlərə bəraət qazandıraraq deyirdilər:
- Yetimov müvəqqəti sədrdir. Yaxşısını tapanda, onu azad edəcəyik.
Kolxozda nöqsanlar getdikcə artır, artdıqca da müvəqqəti sədrin vəzifəsi daimiləşirdi. O, əlini dostunun çiyninə vuraraq deyirdi:
- Afərin! Sənin nənən lap peyğəmbərmiş. Allah ona qəni-qəni rəhmət eləsin, yeri behişt olsun. Yuxum doğrudan da əksinə çıxdı…
- Bəs necə, ay lələ, kaş o komissiya kolxoza bir də gələydi.
- Necə bəyəm?
- Necəsi odur ki, bir az da böyüyərdin! Lap yuxarılara dartardılar!
Deyirlər, Xudaqulunun bu sözləri Yetimovu elə tutub ki, o, indi də fikirləşir: "Aya, məni daha hansı böyük vəzifəyə çəkə bilərlər?" Bəli, o, indi daha böyük ümidlərlə yaşayır.
Ancaq son günlər söz-söhbət başqalaşıb. Danışırlar ki, Yetimovun yuxusu özünün gördüyü kimi çin çıxıb… Odur ki, Yarməmməd Xudaqulunun nənəsinə rəhmət yox, dönə-dönə lənət oxuyur…
1963-cü il
|