 |
FELYETONLAR
TƏRİF PƏRDƏSİ
Hər oxucunun bir məcazı var. Yəni hərə oxuduğunu bir cür yozur. Ola bilsin ki, bəziləri ilk dəfə bu başlığa baxanda başlarını bulayıb öz-özlərinə gileylənəcəklər: - Bu da bir hoqqa! Tərif pərdəsi haradan peyda oldu?! Səhnə, qapı, pəncərə, nə bilim avtoinspektorların son vaxtlar asmağa icazə vermədiyi avtomaşın pərdəsi eşitmişdik, amma tərif pərdəsi… Gündə bir moda çıxır. Yəqin bu tərif pərdəsi də təzə modadır və hansı xarici ölkədənsə bizə də addayıb.
Bəzi moda düşkünləri də məktubu diqqətlə oxumamış, məsələdən hali olmamış, əllərindəki vacib işlərini bir kənara qoyub, durub qaçacaqlar dükan-bazara. Başlayacaqlar özlərini oda-közə vurub tərif pərdəsi axtarmağa. Yoox, əzizlərim, bu pərdə… o pərdədən deyil. Nə sintetikadır, nə ipəkdir, nə yundur, nə də ki, pambıq. Gözə görünmür. Amma kənardan baxanların gözünü qamaşdırıb, çaşbaş salır. Məsələn, elə adamlar var ki, bir rayonun, sovxozun, kolxozun, idarənin başına keçən kimi əvvəl-əvvəl başlayırlar özlərini gözə soxmağa. Ancaq necə və nə cür?! Nə cürü odur ki, ilk günlər gözə görünən yerlərə bir neçə şüar, plakat asdırır, idarə pəncərələrinin sınan bir şüşəsini saldırır, həyətdə beş-altı bəzək ağacı əkdirir (o da bitə, ya bitməyə). Gediş-gəliş yoluna da iki maşın çınqıl tökdürür və s. və i.a. Başlayırlar gecəli-gündüzlü, orda-burda bu cüzi işləri üfləyib, şişirdib böyütməyə. Axırda da bu xırda-mırda yeniliklərdən əməlli-başlı, allı-güllü pərdə yaradırlar. Adı da olur tərif pərdəsi. Bu tərif pərdəsi də kənardan baxanların gözünü elə qamaşdırır, elə qamaşdırır ki, gəl görəsən. Onun arxasında lap min cür pəstah aç, hoqqa düzəlt, hələm-hələm nə bilinər, nə görünər.
Bəlkə yenə aydın olmadı?! Qoy onda bu barədə olmuş bir əhvalatı təfsilatı ilə danışaq.
Tahir Talıbzadə sovxoz direktoru stolunun arxasına keçəndən neçə gün sonra, onun barəsində tez-tez xoş xəbərlər eşidilirdi:
- Möhkəm götürüb! Qoçaq işçidir!
- Bax, kadrı belə seçərlər!
- Çörəyi ver çörəkçiyə, birini də artıq!
- Heyvandarlıqda böyük dönüş yaradıb! Tikinti işləri də qaydaya düşüb!
Raykom katibləri, icraiyyə komitəsinin sədri, xüsusilə kənd təsərrüfatı idarəsinin rəisi sovxozun yerləşdiyi Xanlıq kəndinə varid olanda Tahir Talıbzadə onları yalnız ehtiramla qarşılamaqla kifayətlənmir. Direktor öz barəsində gəzən, "əfsanəvi" söz-söhbətlərin doğruluğunu əyani olaraq təsdiq etmək üçün rayon mərkəzindən gələn nümayəndələrin qabağına düşüb əvvəl-əvvəl kənddə yaratdığı "yenilikləri", baş verən möcüzələri nəzərə çarpdırır. O, küçələrin birindəki elektrik dirəyinin dibində dayanıb təəssüflə başını bulayaraq:
- Axşam ki düşdü, buradan keçmək qeyri-mümkün idi, - deyir. - Qaranlıqda göz gözü görmürdü. Düzü, bərk əsəbiləşdim. Mantyor-zad gözləmədim! O dəqiqə sağ əlimi sol cibimə salıb bir manat pul çıxartdım. Dərhal sürücünü mağazaya göndərib lampa tapdırdım. Elə həmin dəqiqə də pilləkən qoydurub lampanı dəyişdim. İndi gecələr buralar süd kimi olur.
Direktor özündən razı halda əlini belinə qoyub kəndə qayğılı nəzər salır və müsahiblərini özü barədə daha da heyrətləndirmək üçün fəxrlə əlavə edir:
- Bilirsiniz kənddə nə danışırlar?!
O, sualına özü də cavab verir:
- Hamı deyir ki, bu təzə direktorun da, onu bu sovxoza göndərənlərin də ömürləri uzun olsun. Həəə, camaatın dili ağzına sığmır. Hamı işimizdən yerdən-göyə qədər razıdır.
Məsul işçilər də özlərinin ciddi hərəkəti və təmkinli eyhamları ilə direktora hiss etdirirlər ki, camaatdan çox, biz rayon rəhbərliyi səndən razıyıq, əhsən! Əhsən! Elə deyilmiş kimi də varmışsan.
İcrakomun sədri daha da canfəşanlıq göstərərək:
- Tahir, - deyir, - əslinə baxsan, adamı üzünə tərifləmək günahdır. Amma mən bu günahı boynuma götürürəm. Xanlıq camaatı üçün tapıntısan. Allah səni bu kəndin üstündən əskik eləməsin.
Tahir Talıbzadə başqa bir vaxt kəndə gələnləri bulağa baxmağa dəvət edir. O, ayağının birini irəli, birini geri qoyaraq, əli ilə bulağa işarə edir:
- Bax, bu bulağın suyu axıb, o evlərin qabağında gölməçə əmələ gətirirdi. Ətrafa üfunət yayılırdı. Direktor olan günün səhərisi maşınımda gəzdirdiyim gödək saplı beli çıxardıb sürücümlə birlikdə arxı düzəltdim. Paltarım işdən çıxmışdı. Dedim, eybi yoxdur, qoy el yolunda hər nəyim var, tərk olsun. - O, sözünə ara vermədən: - Bulağın tağbəndindən bir daş qopub düşmüşdü, - dedi, - onu dərhal yerinə qoydurdum...
Direktor sovxoza gələn rayon başçılarına az vaxt ərzində gördüyü və görəcəyi belə-belə işlər barədə fəxrlə söhbət açırdı:
- Kluba təzə stullar almaq istəyirəm. Yeni idarə binası tikdirmək fikrindəyəm. Kəndin mədəni simasını dəyişdirməliyik. Heyvandarlıqda rekord nəticələrə nail olmalıyıq. Qoyunçuluqda birinci yeri tutmalıyıq...
O danışdıqca rayon başçıları tez-tez təkrar edirdilər:
- Bax belə!!! Əhsən! Bu təhər işləmək lazımdır.
Rayonda keçirilən yığıncaqlarda, geridə qalan təsərrüfat başçılarını danlayıb məzəmmət edərkən Tahir Talıbzadəni nümunə göstərirlər:
- Gedin! Gedin! Ucqar dağlıq sovxozda...a! Çətin şəraitdə...ə! Nələr yaradır! Cibindən pul qoyub kənddə xarab olan lampaları təzələyir! Bulağın axarına da fikir verir! Əlinə bel alıb kəndin arxını düzəldir! Klubun qeydinə qalır!
Tahir Talıbzadə çox vaxt belə iclaslara gəlmir. Gəlsə də içəri hamıdan sonra daxil olur və yığıncağı hamıdan qabaq tərk edir. Bəzən də çalışır ki, hər adamın gözünə görünməsin. Əlbəttə, "igidin adını eşit, özünü görmə" deyiblər. Tahir də bu mülahizə ilə cəhd edir ki, çox yerdə görünməsin. Talıbzadənin təbirincə, qırx min başa yaxın qoyunu olan böyük, həm də tərifli bir sovxozun başçısı məhz bu cür hərəkət etməlidir. Yəni, ağır oturub, batman gəlməlidir.
Bəli, böyük təsərrüfat, hörmətli direktor. Nə qədər tərif vursan yapışır. Nöqsanlardan danışmaq isə... Bu bir qədər qəliz məsələdir. Çünki bəzi-bəzi müəmmalı məsələləri açıb-ağartmağın düşər-düşməzi olar. Bu barədə gərək asudə vaxtda, səbirlə papağını qabağına qoyub, çənəni ovcuna alıb, gözünü bir nöqtəyə zilləyib, düşünüb-daşınıb əməlli-başlı götür-qoy edəsən. Dərin-dərin fikir dəryalarına qərq olasan. Yəni yüz ölçüb, bir biçəsən. Məsələn, bir il bundan əvvəl direktorun əmisi oğlu Mövlamverdiyə sovxozun qabaqcıl çobanı kimi bir "Volqa" satılıb. Çox əcəb, çox pakizə! İndi nə çoxdur altında maşın olan çoban, naxırçı, malabaxan. Ancaq məsələdən agah olan ayıq-sayıq adamlar bilirlər ki, Xanlıq dağ kəndidir. Bura yalnız ikidiferli maşınlarla dırmaşmaq olur. İkincisi də, maşın Mövlamverdinindirsə, niyə şəhərdə onun-bunun qapısında qalıb toz basır? Və ya niyə bircə dəfə Mövlamverdini bu maşında görən olmayıb? Nə üçün bir ildə rayona gələn dörd "Volqa"nın hamısı bu sovxozun işçilərinə satılıb, hamısı da direktorun əmisi oğlu, dayısı oğlu, qardaşı oğlu... Əlqərəz... Tanrı sirr açmayıb, biz də açmayaq. Hələlik üstüörtülü qalsın.
Əgər bu cür məsələlər qurdalansa, ortalığa qəribə həngamələr çıxar. Maşın-hesablama stansiyasının mütəxəssisləri, istehsalat idarəsinin rəisi, baş zootexnik heyvandarlığın vəziyyətini əks etdirən müvafiq idarə sənədlərini vərəqləyəndə çaşbaş qalırlar. Düzdür, göz gördüyünə inanar, qulaq eşitdiyinə. Lakin onlar gözlərinə şübhə edir, gördüklərinə inana bilmirlər. Rəqəmlərə nəzər salıb, bir-birini əvəz edən yelqanadlı illəri tutuşdurub müqayisə edəndə lap hövsələdən çıxırlar. Sovxozda qoyunların dörd il bundan əvvəlki sayı Tahir Talıbzadənin dövründə əlli min başdan otuz min başa enib. Amma bu axırıncı rəqəm də bir qədər müəmmalıdır. Yəni örüşdəkilərlə dəftər-kağızdakılar arasında yerlə göy qədər fərq var. Xeyr, ifrata varmaq olmaz. Cəmi-cümlətanı, onca min baş fərq var. Heyvanların istifadəli-istifadəsiz, səbəbli-səbəbsiz tələfatını təhlil edib, daha doğrusu, ucundan tutub ucuzluğa gedib qan qaraltmağa, əsəbləri gərginləşdirməyə dəyməz. Bu barədə də düşünüb-daşınan var. Ancaq dilindən qıfıl götürüb danışan yoxdur. Əgər icrakomda əyləşənlər rayonun böyük qoyunçuluq təsərrüfatlarındakı bu cür kəm-kəsirləri dillərinə gətirib danışmaq istəsələr, kənd təsərrüfatı idarəsindəki ağıl dəryaları başlayacaqlar öyüd-nəsihətə. Deyəcəklər ki, əmioğlu, çox bilirsən, az danış. Yaxşı olar ki, heç yerli-dibli danışmayasan. Atalar deyib ki, danışmaq gümüşdürsə, danışmamaq qızıldır...
Bir də ki, qaranlıq yerə daş atmazlar. İnsan çiy süd əmib. Əgər kənd təsərrüfatı idarəsi qabaqcıl sovxozun paxırını açıb tərifli direktoru dilə-dişə salsa, Tahir Talıbzadə də açar sandığı, tökər pambığı. Deyər ki, üçcə il ərzində rayonda qoyunların sayı yüz əlli min başdan doxsan min başa enib. Öz gözünüzdə tiri görmürsünüz, Tahir Talıbzadənin gözündə qıl axtarırsınız.
Söz-söhbət çözələnib uzananda da qoyunların ildə iki dəfə qırxılması həngaməsi açılıb-ağardılacaq. Əgər əlifba dərsinə başlayıb təzəcə "a", "b" hərfi öyrənən məktəblidən soruşsalar ki, ana qoyunları soyuq dağların zirvəsində, həm də qışlağa enmək ərəfəsində qırxmaq olarmı?! Məktəblilər xorla bir ağızdan deyəcəklər:
- Yoox! Olmaz!! Əl-ayağı bağlı, qırxım aqreqatının altında çapalayıb, özünü ora-bura çırpan qoyun nə qarnında bala saxlaya bilər, nə də ki, qışın şaxtasına, sazağına tab gətirər.
Rayonun və respublikanın kənd təsərrüfatı ilə məşğul olan idarə və nazirliklərində əyləşən əli diplomlu, qoltuğu portfelli alimlər, qoyun-quzu biliciləri isə bu cür söz-söhbətə başqa mövqedən yanaşırlar. Deyirlər ki, ağlınız başqa rayonlara getməsin, bura Qubadır, hər yerin öz dəbi var. Qubalıların adətincə, ana qoyunlar ildə iki dəfə qırxılmalıdır. Onlar öz qoyunçuluq ənənələrinə sadiq olduqları üçün, biz də bu məsələyə müdaxilə edib, köhnə bazara təzə nırx qoya bilmərik.
Əlqərəz, sovxozu bir balaca silkələsən məsələnin ucu gedib başqa-başqa ünvanlara dirənəcək. Və işin içindən özgə həngamə çıxacaq. Kənd təsərrüfatı idarəsinin rəisi ilə baş zootexniki ona görə həmişə yaxalarını yırtıb uzaqgörənliklə deyirlər ki, atam balası, çox bilirsən, az danış. Dillənmək gümüşdürsə, dinlənməmək qızıldır. Dilini dinc qoy.
Çox gözəl, çox pakizə. Ağıllı sözə nə demək olar. Ancaq şər deməsən xeyir gəlməz. İşdi-şayət, bir nəfər, rəisin öyüd-nəsihətini nəzərə alıb dilini yox, əlini işə salsa... Məsələn, deyək ki, direktorun allı-güllü tərif pərdəsinin qırağından ehmalca yapışıb, bir balaca yuxarı qaldırsa necə? Onda da başqa bir acınacaqlı mənzərə yaranacaq. Sərin yaylaqlar, göy çəmənli qoyun-quzu bazarı. Gözlər olsun görməsin. Özü də bazar, nə bazar. Qulağı nömrəli qoyun-quzu su qiymətinə. Ancaq bu yaylaq bazarı olduğu üçün nırxı yoxdur. Qoyunların qiyməti alıcılarla satıcıların çənə-boğaz etməsindən asılıdır. Bir də görürsən ki, belindəki enli kəmərdən iti bıçaq asılmış Şirvan qəssabları və sürünü səxavətlə onlara peşkəş edən əli dəyənəkli sovxoz çobanları dayanıblar üz-üzə. Alver, nə alver! Qəssab Kazım yağlaçov əlini çoban Xanoğlanın çiyninə qoyaraq:
- Ə, Xanoğlan, çox yuxarıdan getmə! Ə, dədənin malı deyil ki! Sovxozunkudu dayna! Ə, mərifətin olsun, ayağını bərk-bərk yerə dirəmə! Bir az aşağı en! Bir də ki, başa düş ki, erkək əti moddan düşüb! Yaxşı yeyilmir! Əsas əmlik quzu ətidir. Balam, son vaxtlar keçi ətinə də yaman dadanıblar. Deyilənə görə dübür, çəpiş əti can dərmanıdır. Ələlxüsus payıza dönəndə.
Çoban Xanoğlan yumşalır:
- Ə, Kazım, sən ki Şirvandan bizim bu Şah düzü yaylağına təşrif gətirmisən, sovxozun bütün sürüsü sənə qurbandır. Ancaq ana qoyundan vaz keç. Bu gün-sabah doğacaqlar. Erkək nə qədər deyirsən...
Şirvan qəssabları əllərindəki kəhrəba təsbehləri şıqqıldadaraq:
- Ə, Xanoğlan, bizi dağa-daşa salma. Subayı neyləyirəm, ə! Ə, başa düş ey, elə bizə də bu gün-sabah doğan qoyun lazımdır dayna. Dedik ki, Şirvanın kababxanalarında əmlik ətindən ötrü sinov gedirlər.
Bəli, bu dəfə qoyunçuluq briqadiri Ağalar "rəhmət düzənə, lənət pozana" deyib onları barışdırdı. Üç yüz başdan artıq boğaz qoyundan, quyruğu yerlə gedən erkəklərdən, qoşabuynuz keçilərdən ibarət bir sürü qəssabların qabağında Şirvana doğru yönəlir. Qəssab Kazım ovcunu geniş açır. Ağalar, nəhayət, onların sevdasının baş tutmasına şükür edib şaqqıltı ilə əlini onun əlinə vurub xeyir-dua verir:
- Gedin! Halalınız olsun! - deyir. - Nə vaxt Şirvan kababxanalarının tüstüsü seyrəlsə, qulluğunuzda hazırıq...
O, zarafata salaraq:
- Ə, ildə on min baş satsaq da, bizim direktor Tahir Talıbzadənin qarnını doydurmaq olmur...
Qəssablar və çobanlar gülüşürlər. Onlar əllərini bir-birinə çox bərkdən vurduqları üçün şappıltısı mətbuat işçilərinin qulağına çatıb... Orda-burda pıçıldaşırlar ki, əgər müxbirlər cürət edib qələmlərinin ucu ilə bu tərif pərdələrini bir balaca da yuxarı qaldırsalar, bundan da betər nırxlı-nırxsız bazarların üstü açılar...
1984-cü il
|
 |