www.aliildirimoglu.az

FELYETONLAR

FİT SƏSİ

Axşamdan başlanan iclas gecə yarısı qurtardı. Bayaqdan bəri içəridə acından əsnəyib, yorğunluqdan mürgü vuran yığıncaq iştirakçıları təmiz havada ürək dolusu nəfəs alıb, xeyli-xeyli yüngülləşdilər və sonra da tələm-tələsik maşınlara əyləşdilər. Motorlar guruldayıb, xırıldayıb səs-səsə verdi. Müxtəlif rəngli "Volqa", "Moskviç", "Jiquli", "QAZ-69" markalı maşınlar əyri-üyrü döngələrlə şütüyüb bir anda rayon mərkəzini tərk etdilər.

İrəlidəki körpüdən keçəndə Şalan Şamxalov cibindən bir "Kazbek" çıxarıb alışdırdı və papirosun tüstüsünü hərisliklə ciyərlərinə çəkib başını bulaya-bulaya gileyləndi:

- Əşşi, bu qədər də iclas olar?!

Kalan Kələntərli müsahibinin fikrinə etiraz etdi:

- Boş-boşuna danışma, əəə, - dedi, - iclas geridə qalanlar, tənbəllər, tənqid edilənlər üçün xoşagəlməz olur. Biz ki qabaqcılıq! Kəlməbaşı adımız iftixarla çəki­lir, çəpik çalınır, alqış qopur! Ha… Haa… - O güldü və əlavə etdi: - Bütün bunlar adamın canına sarı yağ kimi yayılır.

Şalan yerində yırğalanaraq:

- Tərif doğrudan da yaxşı şeydir e, - dedi, - ancaq bəzən adamın başını gicəlləndirir. Qorxuram bu tərif­lərdən o qədər məst olaq ki, axırda bir gün bizi tənqid atəşinə tutalar.

Tənqid sözünü eşidəndə elə bil Kalanın əlinə gicitkən toxundu. Acı dərman içirmiş kimi, sifətini turşutdu. Amma özünü o yerə qoymayıb, xüsusi bir əda ilə dedi:

- Nöqsan olmayandan sonra nə tənqid əə?! Başına söz qəhətdi?!

- Kalan!

- Bəli.

- Bəlin şirin, heç qəzet-jurnal oxuyursan?

Kalan Kələntərli əsnəyə-əsnəyə:

- Eh, rəhmətliyin oğlu, sən də danışmağa söz tapdın. Dördüncü sinfi bitirəndən sonra elmin daşını birdəfəlik atmışam. Gözümə qəzet-jurnal sataşanda məni yuxu basır, - dedi.

- Kalan, qəzet, jurnal oxusaydın, görərdin ki, son vaxtlar mədəniyyət, məişət, abadlıq işlərinə xüsusi fikir verirlər. Biz isə hələ çillə yuxusundayıq. Əgər vaxtında oyanmasaq, bizi zurna-balabanla oyadacaqlar. Onda da gec olacaq.

Kalan güldü:

- Şalan, xətrinə dəyməsin, avam adama oxşayırsan. Mən hələ görməmişəm ki, bizim rayon partiya və ic­ra­iyyə komitələrində belə məsələlərin üstə adamı tənqid edələr. - O, səsini qaldıraraq: - Ə, heç görmüsən ki, ray­kom katibi, ispalkom sədri kəndə gələndə məktəbə, kitabxanaya, hamama üz çevirsin?! Hamısının gecə-gündüz fikri-zikri pambıq, plan, öhdəlik… pambıq, plan, öhdəlik… Odur ki, xala oğlu, xam olma, həmişə üzünü külək əsən tərəfə çevir. Rayondan gələnlər nə ilə maraq­lanırlarsa, sən də əsas gücü ona ver.

Şalan ərklə müsahibinə:

- Kalan!

- Bəli!

- Bəlin şirin, kəndinizdə hamam var?

- Var, özü də düz on il bundan qabaq tikilib. Amma adını çəkməsən yaxşıdır. Divarları sökülür, pəncərələri sınıb dağılır, həyəti də zibil içindədir. Ancaq hərdənbir tüstüləyib fit verir.

Şalanın dərdi tərpəndi və o, dərindən ah çəkdi:

- Bizim kəndimizdə hamamın tüstüsü çoxdan kəsilib, - dedi. - Odur ki, hamamı anbara çevirib, içərisinə cür­bə­cür gübrələr, kimyəvi dərmanlar yığmışıq. Gözətçisinə də zəhmət haqqı olaraq hər ay filan qədər pul veririk. Ona tapşırmışam ki, hamamın həyətində demisini fıs­qır­dıb tüstüləsin və hərdənbir də fit çalsın. Qoy kənardan ba­xan­lar deməsinlər ki, Şalan hamam məsələsini unudub.

Kalan Kələntərli müsahibinə təsəlli verdi:

- Bəxtimiz onda gətirib ki, bizim rayonda belə məsələlərə əməlli-başlı fikir verilmir. Yoxsa, el içində rüsvay olardıq.

Maşın irəlidəki yolayrıcına çatanda, "Şəfəq" kol­xo­zunun sədri Şalan Şamxalovla "Tərtər" kolxozunun sədri Kalan Kələntərlinin fikri eyniləşdi. Onların hər ikisi bir ağızdan:

- Doğrudur, qardaş, doğrudur. Bu barədə günahkarıq, - dedilər.

Qonşu kolxozun sədri Zalan Zamanov isə belə məsə­lələrdə özünü əsla günahkar bilmir. Özünü dartıb qoyur dağın başına və deyir ki, mənim sədr olduğum kolxozda məişət xidmətinə söz ola bilməz. Əgər inanmırsınızsa, kəndimizə gəlin. Yüz dəfə eşitməkdənsə, bir dəfə gör­mək yaxşıdır. Özü də əvvəlcə hamamdan başlayaq.

Sədrin sözünü yerə salmadıq, getdik. Hamamın qazan­xanasına daxil olanda Zalan Zamanov qabağa düşdü. Amma içəridə gözünə nə sataşdısa, rəngi qaçmış halda tez geri döndü və təşvişlə gözətçidən soruşdu:

- Ocaqda nə isə işıldayır! Yandırmamısan ki?!

- Xeyr! - deyib sədrin şübhəsini aradan qaldırmaq üçün bu dəfə gözətçi irəli yeridi və içəri daxil oldu. Qara ma­zuta bulaşmış boz pişik öz balaları ilə birlikdə pə­n­cərədən çölə tullanıb gözdən itdi. Hamı şaqqanaq çəkib gülüşdü.

Hamamın qapısına tərəf hərləndik. Çəkic, balta işə düşdü. Hamamın qapısına pərçim edilmiş uzun mis­marlar yerindən çıxarıldı. Zalan Zamanov hamamın nömrələrində üst-üstə yığılmış tut çubuqlarına, vannadan və su kranlarından asılan barama liflərinə işarə edərək qürrələndi:

- Bura baramaqurdu üçün əlverişli yerdi, - dedi. - Neçə ildir ki, istehsal etdiyimiz baramanın hamısı birinci növ kimi qəbul edilir. İndi başa düşürəm ki, doğrudan da hamam yaxşı şeydir. Özü də hesablamışam, bir adamın çiməcəyi yerdə mindən çox barama qurdu bəsləmək olar. Əlbəttə, əsl təsərrüfatçı gərək kolxozun iqtisadiy­ya­tını, gəlirini, çıxarını dərindən dərk etsin.

Zalan Zamanov təvazökarlıq edib açıq danışmasa da, eyhamla özünə işarə vururdu. O, sübut etməyə çalışırdı ki, hasil olan baramanın gəliri, çimməkdən götürülən gəlirdən çoxdur. Elə buna görə də hamam kümxanaya çevrilmişdi. "Əhsən" belə iqtisadçıya!

Bu günlərdə Lənbəran, Xəsilli, Əliyanlı, Muradxanlı, Qarıqışlar, Dəymədağıldı, Borsulu kəndlərində fit səsi eşidildi. Qətfəsini qapan, tas və vedrəsini götürən adamlar hamama tərəf cumdular.

Ancaq onların sevinci özlərinə qaldı. Hamam gözətçiləri çimməyə gələnlərin qabağını kəsib, onları başa saldılar ki, eşitdikləri hamam fiti deyil. Bakı-Ağdam yolunun çəkilişi bu günlərdə başa çatıb, minik və sərnişin qatarları işə düşüb. Bu həmin ilk qatarın fit səsidir. Hamı kor-peşman geri qayıtdı.

Hamamdan söhbət düşəndə başqa bir kolxozun sədri deyir ki, əlli min manat smeta dəyəri olan yeni bir hamam binasının bünövrəsini qoymuşuq. Amma inşaat işini tezliklə başa çatdırmaq üçün bizə kömək edən yoxdur. "Birlik" kolxozunun sədri də gileylənir ki, hamam tikmək üçün üç il bundan qabaq ümumi iclas qərar qəbul edib. Pulumuz cibimizdə, ağlımız başımızda, qərarımız da qüvvədə. Amma bir tikinti təşkilatı tapa bilmirik ki, sifarişimizi qəbul edə.

Xülasə, tikilən və tikilməyən məişət müəssisələrinə gö­rə kolxoz başçılarının yaxasından yapışanda, onlar da əl­lə­rini atırlar rayon kənd təsərrüfatı idarəsi rəisinin ətəyinə. Rəis isə yaxasını kənara çəkib deyir ki, biz istehsalçıyıq. Yalnız təsərrüfat planları ilə məşğul oluruq. Hamamların qayğısına qoy rayon icraiyyə komitəsi qalsın. Bəli, bu dəfə işin bir ucu gəlib çıxır icraiyyə komitəsinə. Onda da rayon icraiyyə sədri özünəməxsus bir təmkinlə şəhadət barmağını qoyur zəngin düyməsinə. Katibə də kəklik çolpası kimi səkə-səkə daxil olur kabinetə. Sədr enli kürəyini yumşaq kreslonun arxasına söykəyib, əlinin işarəsilə katibəyə:

- O qərarlarımızı qurdala, gör bu məişət məsələlərinə dair nə kimi tədbirlər görmüşük?! - deyir.

Katibə günün qulağı batana qədər toz basmış qovluq­la­rın arasında eşələndikdən sonra, nəhayət,belə bir qərar tapır: "Bütün kolxozlara məsləhət görülür ki, hamam, bərbərxana, dərzilik, pinəçilik üçün yeni-yeni binalar tiksinlər..."

Rayon icraiyyə komitəsi sədrinin kefi durulur və katibənin cavabından vəcdə gələrək özündən razı halda bildirir:

- Elə bilməyin ki, ispalkom məişət məsələlərinə ciddi fikir vermir. Biz borcumuzdan çıxmışıq. İspal­ko­mun vəzifəsi vaxtlı-vaxtında iclas çağırıb qərar qəbul etməkdi, onu da vaxtında etmişik.

Yəqin ki, bəziləri narazı qalıb deyəcəklər:

- Bu hamam, pinəçi, bərbərxana... nə şeydir ki, qəzet işçiləri ondan ötrü bir belə diliacılıq edirlər?! Heç bir belə böyük-böyük idarəni və mötəbər-mötəbər işçini bir-birinə vurmağa dəyərmi?! Hamamdır, pinəçidi, bərbər­xanadı... bu il işləməsə, gələn il və ya beş ildən, on ildən sonra işləyəcək. Tikdirmək istəyənlər də, həmçinin, bir gün daşı daş üstə qoyacaqlar... Belə məsələlərdə gərək səbirli olasan. Tələsmək nədi?! Ağır otur ki, batman gələsən. Bir də bu kəndlər bir-birinə o qədər yaxındır ki, hərəsində bir hamam dikəltsək, fit səsindən durmaq olmaz. Heç Kürün sahilində turac, qırqovul qalmaz. Hamısı perikib meşələrdən didərgin düşər. Bəli, bu məsələdə yenə də səbir lazımdır. Çünki dünyanın işini bilmək olmaz. Bəlkə yaxın və ya uzaq gələcəkdə elə hamamlar icad elədilər ki, onun nə hisi oldu, nə tüstüsü, nə də ki, fit çala bildi. Bax, bu ayrı məsələ! Elə əslinə qalsa, rayon və təsərrüfat başçılarının da qabağını kəsən bu şoğərib fit səsidi...

1968-ci il

 

















 

© 2011. Bütün hüquqlar Əli İldırımoğluna məxsusdur.
www.aliildirimoglu.az və ya www.aliildirimoglu.com