|
FELYETONLAR
BATAQLIQ...
"Qənbər Quliyev sədr seçilib!" Bu xəbəri eşidənlər çaşbaş qaldılar. Çox adam buna inanmadı. Hətta bəziləri qulaqlarından şübhələnib özünü həkimə göstərmək fikrinə düşdü. Amma... Amma deyilənlər düz çıxdı, eşidilənlər doğru oldu. Qənbər Quliyev "Araz" kolxozu kimi böyük bir təsərrüfata sədr seçilmişdi...
"İndi işə nədən və necə başlamalı?" Yeni sədrin qarşısında belə bir sual dururdu. O düşünürdü ki, əvvəl evin içi, sonra çölü. Odur ki, əvvəlcə kabinetini səliqə-sahmana saldı. Bədrəng telefonları qırmızısı ilə əvəz etdi. Avtomüfəttişlərlə birtəhər dil tapıb minik avtomaşınının nömrələrini dəyişdi. Dəqiq desək, rəqəmləri az, sıfırları çox olan nömrə vurdurdu. Maşının içərisini öz zövqünə uyğun təzələdi. Sonra da görüb-götürmüş, yıxılıb-durmuş, düşüb-çıxmış, ilişib-qurtarmış, iş bilən, söz anlayan "arif" adamları topladı ətrafına. Qənbər Quliyev kolxozun baş mühasibinə arxalandı. Xəzinədarla əlbir oldu. Ferma müdiri ilə dil tapdı. Yan-yörəsini bərkidəndən sonra qolunu çırmayıb başladı fəaliyyətə...
İnsafən, kolxoz ilbəil geri getsə də, Qənbər Quliyevin hörmət-izzəti çoxalırdı. Hər yerdə də özünü irəli dürtürdü. Bəli, bəli... Çox keçmədi ki, kişi beş adamın biri oldu. Rayon başçılarından bəziləri onun barəsində danışırdılar ki, Qənbər Quliyevin təhsili orta olsa da, təcrübəsi böyükdür. Ali təhsilli, adlı-sanlı sədrləri kölgədə qoyub. Bir sözlə, kişinin xətrini dağlarca istəyirdilər. Ələlxüsus da ki, rayondakılar. Məsələn, rayonda bir iclas keçiriləndə Qənbər Quliyev adətən ya ortada əyləşər, ya da ki, lap arxada. Ancaq bunun dəxli yoxdur. Bir də görürdün iş heyətindəkilərdən biri ayağa qalxdı, zala gözucu nəzər saldı və şəhadət barmağı ilə Qənbərə işarə vurdu:
- Yoldaş Quliyev, siz qabağa buyurun, - deyib, ona xüsusi ehtiram bəslədiyini nümayiş etdirdi.
Qənbər Quliyev də əvvəlcə yerində qurcalanır, təvazökarlıq edirmiş kimi özünü naza qoyur, sonra da əziz-xələf adamlara məxsus əda ilə ayağa qalxıb sağına, soluna baxmadan ağır addımlarla qabaq cərgəyə keçirdi.
Çox adam ona qibtə edib həsəd aparır və bir-birinə pıçıltı ilə deyirdi:
- Kişinin böyüklərin yanında əcəb hörməti var.
- Əlbəttə, əlbəttə, yəqin ki...
Rayona ezamiyyətə gələn bir mətbuat işçisi raykom katibinin, ispolkom sədrinin bərli-bəzəkli kabinetinə varid olub və xoş-beşdən sonra qələmini çıxarıb, cib dəftərini qarşısına qoyub soruşanda ki, "sizdə ən qabaqcıl, hörmətli, izzətli, səriştəli təsərrüfatçı kimdir?" Dərhal belə cavab verirdilər:
- Qənbər Quliyev. Kişinin zəngin təcrübəsi, böyük gələcəyi var. İşgüzarlığına da söz yoxdur.
Kimin nə həddi var idi ki, "Araz" kolxozunun həndəvərində dolaşsın və ya onun işinə qarışsın, Qənbər Quliyevə "bunu düz eləməmisən" və ya "gözün üstə qaşın var", - desin. Əlbəttə, buna cürət eləyən adamın gərək iki başı olsun. Çünki kişinin rayon başçılarının yanında böyük nüfuzu vardır. İş rəsmiyyətə düşəndə, hamı onun sözünü deyəcək. Əslində rayonda çox adam elə Qənbər Quliyevdən məsləhət alırdı. Məsləhət verənə də dəlil-dəlalət edib, ağıl öyrətməyin özü böyük qəbahətdir. Keçən təsərrüfat ilinə yekun vurulanda, fermada qoyun-quzuların sayı araşdırılanda "bir neçə" baş əskik gəldi. Bir neçə baş deyəndə, çox yox, cəmi-cümlətanı beşcə yüz qoyun çatışmadı. Baş zootexnik Ağalarov iki ayağını bir başmağa cütləyib, ferma müdiri Fətiquluya dedi ki, aşkar edilən çatışmazlıq olduğu kimi sənədləşdirilib, rayona verilən hesabatlarda göstərilməlidir. Ferma müdiri baş zootexnikə etirazını bildirib istehza ilə:
- Ya sənin başın xarab olub, ya da ki, qızdırman var, - dedi. - Biz bu boyda həngaməni açıb-ağartsaq yoldaş Qənbərin şəstinə toxunar, el içində rüsvay olarıq. Ə, bir də ki, Qənbərə nə var ki! Bütün rayon onun dalındadı. Bizim yaxamız əldə qalacaq.
Ağalarov inadından dönmədi ki, dönmədi... Amma söz-söhbət bir balaca uzanıb əndazədən çıxanda, baş zootexnikin sağ qulağından sədr, sol qulağından baş mühasib yapışdı. Necə dartdılarsa, baş zootexnikin burnunun körüklərindən tüstü qalxdı. Kişi dilinin bəlasına düşüb, dediyinə peşman oldu. Ferma müdiri belə məsələlərdə arif olduğu üçün hələ bir dəfə də olsun qulağını ələ verməyib. Odur ki, özündən razı halda kənarda dayanıb, baş zootexnikin başına gələnlərdən ləzzət alırdı. Onun kefi indiki kimi kök olmamışdı. Ağıl dəryasının - yəni sədrin məsləhəti onu lap açdı. Qənbər Quliyev sifətini turşudaraq:
- Gedin, düzəldin!
Baş zootexnik yenə də dilini dinc qoymadı:
- Necə və nə cür?
Sədr kinayə ilə başını bulayaraq:
- Günah səndə yox, sənə diplom verəndədir, - dedi. - Ay dil bilməz, söz anlamaz! Adını da zootexnik qoymusan! Bu il ölüb-itən qoyunları məlumatda göstərməyin. Gələn il də doğulan quzuları uçota almayın. Onda ümumi say orta hesabla, öz-özünə gəlib düzələcək. İndi anladın?!
Ferma müdiri tez çənəsini sinəsinə endirib "baş üstə!", "baş üstə!" dedi. Zootexnik isə könülsüz-könülsüz başını tərpətdi.
Ağalarovun başına bu cür qəzavü qədər az gəlməyib. Keçən il fermanın yüz boğaz qoyunu bircə gündə pambıq yerində zəhərlənib öldü. Baş zootexnik onda da istədi dillənsin. Amma ağzını mumladılar. Cınqırını da çəkə bilmədi. Çəksə də xeyri olmadı. Onsuz da hesabat sənədlərini dindirəndə, imzalı-möhürlü kağızlar dilə gəlib deyir ki, həmin yüz baş qoyun Kürün sahilində otlayır, gümrahdır və yüz quzu doğub. Bəli, yüz ölü qoyundan yüz quzu. Əlbəttə, bu zoobaytar elmində yeni bir möcüzədir. Məsəl var ki, "çobanın könlü olsa, təkədən pendir tutar". Qənbər Quliyevin isə el sözünə yeni bir əlavəsi var:
- Əgər sədrlə ferma işçilərinin sözü, sirri bir olsa, ölü qoyun lap əkiz də doğar.
Qəribə möcüzədir!
Yəqin ki, felyetonu buradaca tamamlayıb, cümlənin axırına yumru bir nöqtə qoysaq Qənbər Quliyev bizdən gileylənəcək. Deyəcək ki, müəllif sözə xəsislik edib, kağız-qələminə qıymayıb. Mənim yaratdığım möcüzələrin vur-tut birini qələmə alıb. Biz də onun incik qalacağını nəzərə alıb, bunu da əlavə edirik ki, Qənbər Quliyev özünü kassa əməliyyatında da bilici hesab edir. Qənbərin təbirincə sədrin hörmət çeşməsi kolxozun xəzinəsi və xəzinədarıdır. Əgər xəzinə dolu, xəzinədar səxavətli, yəni əliaçıq olsa, sədrin hörməti kosmosa qalxar və üzərində qərar tutduğumuz yerin peykinə çevrilər. Ancaq xəzinədar Kərəmov bu barədə naxələflik edir. Sədr yarımca litr gillədib, cibişdanına da bir qaragöz yüzlük paçkası qoyub göylərə pərvazlanmaq istəyəndə, Kərəmov onun ətəyindən ikiəlli yapışıb deyir ki, düş aşağı! Tutaq ki, sən kosmosa qalxıb yaxanı qurtardın. Bəs mən yerdə qalıb xəzinədən əskik gələn yarım milyon manatdan artıq pulu kimdən və nə üzlə alım? Bu zavallı kolxozçulara nə cavab verim?! Yoldaş Quliyev, axı bu pulları kolxozun baş mühasibi Əsmərovla birlikdə həzm-rabidən keçirmisiniz!
Əlqərəz, sədr qanad açıb kosmosun ənginliklərinə qalxmaq fikrinə düşəndə, Kərəmov açıb sandığı, tökür pambığı. Çənəsini boş qoyub cuşa gəlir və ağlına gələnləri çərənləyir... Deyir ki, sədr kolxozçular üçün tikilmiş evin çoxunu öz dədə malı kimi, təsərrüfatla əlaqəsi olmayanlara satıb. Onlardan alınan əlli minə yaxın pul kassaya yox, sədrin cibinə mədaxil edilib. Əlqərəz, Qənbər Quliyevin güman etdiyi hörmət çeşməsi, indi üfunətli bir bataqlığa çevrilib. Kişi kosmosa hazırlaşdığı yerdə xəzinədar onun ayaqlarından dartıb salıb bu bataqlığın dərin yerinə. Baş mühasiblə ferma müdiri də ilişiblər ona. İndi hər üçü də qalıb çapalaya-çapalaya.
Hi-hi-hi... "Ulduz" kolxozunun sədri Misirxanov onların xırıldaya-xırıldaya necə boğulduğuna baxanda, əlini əlinə vurub gülür və döşünə döyüb öyünür, deyir ki, Qənbərin cibi dolu olsa da başı boş adamdı. Əgər o kassa əməliyyatını mənim kimi bilsəydi, heç bu cür də dimdiyindən ilişməzdi. Doğrudan da Misirxanov bu barədə Qənbər Quliyevdən fərasətlidir. Yəni bu sədr, o sədrdən çoxbilmişdir. Məsələn, "Ulduz" kolxozunda yüz min manatlıq bir əmək haqqı cədvəli barədə müəmmalı söz-söhbətlər gəzir. Dili dinc durmayanlar orda-burda danışırlar ki, həmin pullar kolxozçuların adına yazılsa da, dadını Misirxanov görüb. Ad və dad. Birinci kəlmə kolxozçuya, ikinci kəlmə sədrə aiddir.
İş rəsmiyyətə düşəndə xəzinədarla baş mühasib bunu təsdiq edib, boyunlarına alırlar. Kolxozçuların da çoxu and-aman edib deyir ki, həmin pullardan xəbərimiz yoxdur. Xəzinədar etiraf edir ki, düzdür, cədvəli kolxozçulara imza etdirmişəm. Ancaq həmin pulların düz altmış min manatını Misirxanovun ovcuna nağd sanamışam. Kolxozçular pul yox, yalnız cədvəl üzü görüblər. İstintaq orqanları bu məsələyə o qədər də dərindən girişə bilmirlər. Ona görə ki, Misirxanov Qənbər Quliyev kimi, kassadan götürdüyü pulların yerini boş qoymur. O, kassadan beşcə manat pul çırpışdıranda əvvəlcə yerinə altı manatlıq sənəd hazırlayır. Bir də ki, kolxozda kimin cürəti var ki, Misirxanovun bir sözünü iki eləsin?! Onun zəri də var, zoru da. Əldən də itidir. Kim bir balaca sözünü qaytardı, yumruğunu havada tovlayıb, endirir təpəsinin ortasına. Kimin həddi var Misirxanovdan şikayət etsin?! Etsələr də öz başlarında çatlayar. Ancaq atalar deyib ki, hər şey nazikliyindən sınar, insan qalınlığından.
Yusifzadə bütün bu söz-söhbətləri eşidəndə lovğalanır. Danışır ki, Qənbər Quliyevlə Misirxanov aciz və boşboğaz adamlardı. Amma Yusifzadə nahaq yerə özünü bir belə öyür. Bu əhvalatlardan sonra onun da bədəninə vicvicə düşüb. Kişini tez-tez titrətmə tutur. Di gəl ki, onu xəstəxanaya qəbul etmirlər. Həkimlər deyir ki, Yusifzadəninki qoyun-quzu azarıdır. Belə xəstələrə mal həkimləri əncam çəkə bilər. Baytar həkimləri də Yusifzadəyə izah edirlər ki, düzdür, bu qoyun-quzu xəstəliyidir. Lakin xroniki hala keçib.
Onların hər üçü bir-birinə qoşulub tez-tez rayon kənd təsərrüfat idarəsi rəisinin başına toplaşır. Dörd cüt kədərli göz bir-birinə zillənir. Rəis də kədərli bir ah çəkib, ümidsiz halda üç cüt gözə baxır və:
- Heç özümə umac ova bilmirəm, sizə necə əriştə kəsim, - deyir. - Əgər keçəl dərman bilsə, əvvəlcə öz başına yaxar. Elə mən özüm də siz dərddəyəm.
Şəkixanova gəldikdə onun dərdi başqadı. Başqa deyəndə nə gizlədək, təvəllüd dərdidir. Düzdür, o öz yaşını nə artırıb, nə də əskildib. Burada söhbət quzuların təvəllüdündən gedir. Keçən il idarənin mütəxəssisləri ilə birlikdə gözlərini bərk-bərk yumub. Bəzi kolxoz başçıları da bundan istifadə edib, min başa yaxın ölmüş qoyunu rayona verilən hesabatda diri kimi göstəriblər. Ona görə də bu il doğulan quzuların təvəllüdü bir il artırılıb. Yəni keçən il doğulubmuş kimi göstərilib. Keçən ilki tələfatın üstünü ört-basdır etmək üçün. Bəli, bu təvəllüd dərdi lap ağırdı... Onun sağalacağına ümid də azdır...
Nə tökərsən aşına, o da çıxar qaşığına. İndi onları gündə, günaşırı məhşər ayağına çəkib soruşurlar:
- Sizi bu pis əməllərə, əyri yollara vadar edən kimdir və nədir?
Onlar da məzlum-məzlum boyunlarını büküb, başlarını aşağı salırlar. Dörd cüt gözün önündə miskin bir mənzərə canlanır.
Bataqlıq...
1974-cü il
|
|