FELYETONLAR
NAZİR GƏLİR
Stolun üstündəki qara telefon aramsız zəng çalırdı. Zavod direktorunun kabinetində heç kəs olmadığına görə, katibə makinanın arxasından qalxıb deyinə-deyinə içəri cumdu. O, dəstəyi ehtiyatla götürüb, qulağına sıxaraq:
- Alloo-alloo! - deyə cavab verdi.
- Cığ.. cuğ... du... du...
Katibə dəstəyi nə qədər qulağına bərk sıxdısa da qarmaqarışıq səslərdən bir şey anlamadı. Güc-bəla ilə bir "nazir" sözünü eşitdi, bir də "gəlir" kəlməsini.
Ara kəsildi. Katibə dəstəyi yerə qoyub özünü cəmləşdirdi və:
- Bəli, deməli, nazir gəlir, - təkrar etdi.
Bu xəbər ildırım sürəti ilə bütün zavoda yayıldı.
- Nazir gəlir!!
Hamı çaşbaş qalmışdı. Əvvəla, bilinmirdi ki, nazir nə vaxt gəlir. İkincisi də gələn hansı nazirdir? Yüngül sənaye naziri, yoxsa kənd tikintisi naziri?
Əslində hər iki nazirin zavoda gələcəyi gözlənilirdi və vacib idi. Çünki zavodun sifarişçisi olan Yüngül Sənaye Nazirliyinin rayonda işi çox ağır gedir. "Ağır" kəlməsi də yüngül sözünə uyuşmur. Lakin söhbət tikintidən getdiyi üçün buna o qədər də təəccüblənmək lazım deyil. Ağır-yüngül, tez-gec, ucuz-baha, keyfiyyətli-keyfiyyətsiz. Kənd Tikintisi Nazirliyində onun fərqinə varan kimdi?! Məsələn, üç milyon manata yaxın smeta dəyəri olan metizfurnitur zavodu iki il yarımda tamam-kamal tikilib istifadəyə verilməli idi. Amma zavodun bünövrə daşı qoyulan gündən nə çox, nə də ki az, düz səkkizcə il keçir. Deməli, zavod altı il bundan əvvəl fit verib, səmaya tüstü buraxıb, işə düşməli idi. Fit çalınan kimi min nəfərə yaxın adam qolunu çırmayıb zavodda işə girişməli idi. Dəzgahların da guppultusu ətrafı titrədib lərzəyə gətirməliydi. Burada ildə altı min tona qədər müxtəlif növ metal məmulatı istehsal edilməli idi və yük qatarları da tövşüyə-tövşüyə bu məhsulları ölkənin müxtəlif guşələrinə dartıb aparmalıydı.
Bir sözlə, Kənd Tikintisi Nazirliyinin ləng tərpənişi Yüngül Sənaye Nazirliyinin işini ağırlaşdırıb. Odur ki, bu ağır hərəkətə yüngülcə bir təkan vermək lazımdır ki...
İnsafən təkan verənlər çox olur. Məsələn, hər iki nazirlikdən rayona tez-tez müavinlər, rəislər, mütəxəssislər ezam olunur. Onların özlərindən qabaq sədaları gəlir və hamı da əl-ayağa düşür. Mehmanxanada xüsusi nömrələr ayrılır, qonaq üçün tədarük görülür. Mehmanxana işçilərini başa salırlar ki, ehtiyatlı hərəkət etsinlər. Xülasə, nazirliklərin nümayəndələri yerbəyer olduqdan sonra eynəklərini taxıb, papiroslarını tüstülədib, girişirlər işə, Tikintinin kəm-kəsiri öyrənilir. Geriliyi doğuran səbəblər araşdırılır. Nöqsanları aradan qaldırmaq üçün rəylər deyilir, təkliflər irəli sürülür. Operativ planlar tərtib olunur. Sifarişçilərlə icraçılar arasında qarşılıqlı protokollar yazılır. Zavodun istifadəyə verilməsi üçün konkret vaxtlar təyin edilir...
Əgər bu ezamiyyətlərin xərcini üst-üstə yığıb, yanında bir cəm işarəsi qoyub, altından da cızıq çəksək, alınan məbləğ smeta xərcinə bərabər olar. Onda da gərək "tez və ucuz" kəlməsinin qulağından ehmalca yapışıb qoyaq kənara və yazaq:
- Gec və baha!
Sonra da soruşaq:
- Səbəbi nədir? Təqsirkar kimdir?
Bu suala da doğru-dürüst bir cavab almaq çətin məsələdir. Çünki hamı, obyektiv və subyektiv səbəblərin ətəyindən ikiəlli yapışıb, özünü duruluğa çıxarmağa çalışır. Tikinti idarəsi günahı tikinti trestinin üstünə atır. Tikinti trestində də deyirlər ki, "balıq başdan iylənər, təqsir Kənd Tikintisi Nazirliyindədir". Tikinti Nazirliyində də toz basmış qovluqları açıb, qalaq-qalaq məktub, teleqram və ezamiyyə sənədlərini göstərib deyirlər:
- Biz vaxtlı-vaxtında tikintiyə təkan verib borcumuzdan çıxmışıq.
Bu, doğrudur. İnsafən, nazirliyin bu cür təkanları çox olub. Ancaq təsiri tezcə də yox olub.
Bütün bu qanqaraldan söhbətlərə son qoymaq üçün tikinti trestinin rəisi Səməndərov ölçüb-biçib, dönə-dönə baş sındırıb, axırda qəribə bir fənd işlətdi. Dördüncü kvartal başa çatanda rəis işçilərini yığıb dedi ki, bir güllə ilə iki dovşan vuran adamlar tək-tək olur. Mən bir güllə ilə düz üç dovşan vurub adımı lap tarixə saldıracağam. İşçilər rəisin kəramətinə bələd olduqları üçün buna o qədər də inanmadılar. Səməndərov isə fikrini onlara izah edib dedi:
- Gəlin əvvəl-əvvəl zavodun birinci növbəsini istifadəyə verək. Onda nazirimizin də, nazirliyimizin də qarşısında dilimiz uzun, başımız uca olar. İkincisi, Yüngül Sənaye Nazirliyi yeni il münasibətilə bu ağır hədiyyəmizi qəbul edib bizə "afərin!" deyər. Üçüncüsü də yerli camaatın xəcalətindən çıxarıq. Trestimizin də ki, tərifi göylərə qalxar...
Rəis vəcdə gələrək bu barədə hər iki nazirliyə şad xəbər verdi:
- Zavodun birinci növbəsini istifadəyə verməyə hazırıq.
Nazirlər "hazır" sözünü eşidib məmnun qaldılar.
Xülasə, Yüngül Sənaye Nazirliyində əmr hazırlandı, dövlət komissiyası yaradıldı. Nazirin müavini və nazirliyin müvafiq şöbə müdirləri komissiyanın tərkibinə daxil edildilər. Onlar rayona varid olanda trestin rəisi dedi ki, gərək əvvəlcə mismar sexini istifadəyə verək. Mismar əsas məsələdir. Səkkiz il ərzində bu zavodun tikintisinə gəlib-getməkdən çox adamın ayaqqabısının mıxları yeyilib, altı qopub. Onların xəcalətindən çıxmaq üçün gərək birinci ayaqqabı mismarının istehsalından başlayaq...
Sonra?
Sonrası mübahisəyə çevrildi. Sifarişçilər iki ayaqlarını bir başmağa cütləyib dedilər ki, bir belə kəm-kəsirin qarşısında zavodun nəinki birinci növbəsini, bir sexini belə işə salmaq müşkül işdir.
Bu dəfə icraçılar yağlı dillərini işə salıb yalvarmağa başladılar... Sifarişçilər də yumşalıb, necə deyərlər, üz üzdən utanar, razılığa gəldilər. Nəhayət, qəbul aktına yüz qüsurdan cəmi beşi yazıldı. Trestin rəisi and içib aman edib dedi ki, aktı imza etmək sizin boynunuza, beş qüsuru on beş günə cağbacağ düzəltmək də mənim.
Ay ötdü, il dolandı. On beş gün uzanıb on beş ay oldu. İndi nə zavodun birinci növbəsinin kəm-kəsiri düzəlir, nə də ki, ikinci növbənin tikintisi başa çatır.
Əlqərəz, söhbəti uzadıb nazirin gəlməsini unutduq. Amma insafən, metizfurnitur zavodunun direktoru Nayıbzadə, baş mühəndis Ququşov, trestin rəisi Səməndərov, rayondakı tikinti idarəsinin rəisi Əsgərxanov, baş mühəndis Şərifzadə nazirin gəlməsi xəbərini eşidən dəqiqədən ayaq üstə qalmışdılar. Onlar zavod direktorunun ikinci mərtəbədəki kabinetinin geniş pəncərəsindən tez-tez başlarını çıxardır, boğazlarını uzadır və səksəkə ilə ətrafa boylanır, nazirin yolunu gözləyirdilər.
Nayıbzadə qanı qaralmış halda köksünü ötürüb tikintinin icraçılarına eyhamla gileyləndi:
- Birinci növbənin qüsurları aradan qaldırılmadığı üçün bildir iki yüz əli min manatlıq əvəzinə vur-tut altmış min manatlıq məhsul istehsal olundu. Bu ilin beş aylıq istehsal tapşırığı otuz faiz belə ödənilmədi. Şüşə bloklar su buraxır, beton örtüklər damır, yağış pəncərədən içəri dolur, havatəmizləyici qurğular hazır deyil, kanalizasiyanı başa çatdıran yoxdur. İki yüz min manat vəsait sərf edib çəkdirdiyimiz su kəməri zay olduğundan işləmir...
O, bunları deyib kədərli bir ah çəkdi. Səməndərov Nayıbzadə ilə razılaşmadı:
- Bütün bunların günahı bizdə yox, podratçı təşkilatlardadır, - dedi. - Onların da başında respublika quraşdırma və xüsusi tikinti işləri üzrə baş idarənin rəisi Nəsirzadə durur. Trestin də o boyda nəhəng idarəyə gücü çatmır.
Şərifzadə trest rəisinin fikrinə qüvvət verdi:
- Nəsirzadəyə batmaq çətindir, - dedi. - Podratçı təşkilatlar da ona arxalanır.
Səməndərovun ayağı bir az da yer aldı:
- Əlbəttə, - dedi, - yüz dərənin başın bir tap kəsər. Nəsirzadə əlini Bakıdan Gəncəyə, Mingəçevirə və yaxud Xankəndinə uzadıb, tabeliyində olan podratçı təşkilatların başçılarına yüngülcə bir qulaqburması versə, zavodun tikintisi bir belə söz-söhbətə səbəb olmaz.
Əsgərxanov baltanı lap kökündən vurdu:
- Yoldaş Nayıbzadə, - dedi, - əvvəla, tikinti beş dəfə əldən-ələ keçib, mən axırıncısıyam. Qanacağın olsa heç köhnə biabırçılıqları təzə rəisin üzünə vurmazsan. İkincisi də, bütün bu günahların çoxu sifarişçilərdədir. Tikintiyə buraxılan vəsait ilbəil azaldılır. Maliyyə sənədləri vaxtında təqdim olunmur. Bir də ki, birinci növbə hazır deyildirsə, nə üçün sifarişçilər gözlərini yumub qəbul aktına qol çəkirdilər?
Nayıbzadə nazirlikdən yenicə aldığı əmri oxuyub istehza ilə gülümsündü:
- Zavodun ikinci növbəsini təhvil götürmək üçün nazirlik dövlət komissiyası yaradıb, bu barədə əmr göndərib. Ancaq belə getsə, o söz...
Nayıbzadə hövsələdən çıxmışdı. Səməndərovun əsəbləri gərginləşmişdi. Sifarişçilərlə icraçılar əlbəyaxa olmaq dərəcəsinə çatmışdılar. Birdən qapı açıldı. Katibə içəri daxil olub həyəcanla:
- Nazir gəlib! Nazir gəlib! - dedi.
Elə bil ki, qurbağa gölünə bir daş atıldı. Hamı susdu. Mübahisə kəsildi. Onlar vəziyyəti büruzə verməmək üçün özlərini yığışdırıb, heç bir söz-söhbət olmayıbmış kimi təmkinli görkəm aldılar. Rəislər pırpızlanmış saçlarına daraq çəkdilər. Trestin, tikinti idarəsinin və zavodun başçıları naziri ədəb-ərkanla qarşılamaq üçün bir-bir kabinetdən çıxdılar.
Gözləmə otağında hələ bığ yeri tərləməyən gənc bir oğlan dayanmışdı. O zavod və trestin başçıları ilə əl tutub, özünü təqdim etdi:
- Nazir!
İnstitutu yenicə bitirib, bu zavodda işləmək üçün təyinat alan cavan oğlanın vəzifəsi yox, adı Nazir idi...
1973-cü il
|